1
Aşiq olmaq günahdırmı? Sadəcə o duyğunu içində yaşamaq günahdırmı?
Aşiq olmaq günah deyildir. Bir hədisdə, bir qadına aşiq olub onu gizlədən və kimsəyə söyləmədən ölən birinin şəhid olacağı ifadə edilir. [(Bax. Kənzu'l ummal, h. No: 7000; hədis haqqında geniş məlumat almaq üçün bax. Acluni, 2/263). Səxavî, hədisin səhih olduğuna işarə etmişdir (bax. Əl-Məqasidu'l-həsənə, 1 (220)].
Bildiyiniz kimi, eşq, nəfsani olan duyğusallıqdan çox, qəlbə aid olan ifrat sevginin adıdır. Bu səbəblə aşiq olmaq insanın əlində olan bir şey deyildir.
Sizin də onu düşünməniz, əlinizdə olmadan ağılınıza gəlməsi caizdir. Ancaq müqəddəs şeyləri fəda edəcək qədər sitayiş edər (bütləşdirmə) kimi sevmək doğru deyil.
Əgər evlənmə imkanınız və onu dini ölçülər dairəsində istədib almanız mümkündürsə, dərhal istədməyinizi məsləhət görürük. Əgər bu mümkün deyilsə, deməli haqqınızda xeyirli deyilmiş deyib, Allahdan halal süd əmmiş yaxşı bir həyat yoldaşı nəsib etməsini istəyib axtarmaq lazımdır.
Haqqımızda nəyin xeyirli olduğunu bilə bilmərik. Bəlkə də mütləq olmasını istədiyimiz bir şeyin sonradan "kaş ki olmasaydı" demə ehtimalı vardır. Bu səbəblə istəyərkən xeyirlisini istəmək, olmazsa səbir ilə gözləmək ən gözəlidir.
Hz. Məryəmin anası bir oğlan övlad istəmişdi. Allah ona bir qız verdi. O çox kədərlənmişdi. İndi o anamızdan soruşsaq "Sən kişilərdən onlarla amma qızlardan bir dənə Məryəm hansını istəyərsən?" Əlbəttə tək Məryəmi istəyəcək. Çünki qızı peyğəmbər anası oldu.
Məhz biz də buna görə hərəkət etməliyik.
Biz Allahın qullarıyıq. O necə istəsə elə hərəkət etmək məcburiyyətindəyik. Nişanlı belə olsa nigahları yoxdursa qadın və kişinin bərabər yalnız qalması haramdır. Çünki nişan nigah deyildir. Şahidlər yanında nigahlanmalıdır ki, oturub qalxmaq halal olsun.
Məsələn, sənin bir baxçandakı meyvəni biri səndən icazə alsa yesə nə gözəldir. Səndən icazə almadan yesə və nə fərqi var desə nə edərsən?
Allah bizə icazəsiz gəzməyi qadağan etmişdir. İcazə almaq da nigah qıymaqla olur.
2
Zövq nədir? Nə üçün verilmişdir?
Deyirlər ki: Dünyaya bir dəfə gəlirsən. Sonun başlanğıcı yoxdur. Gülün, əylənin, bir ildırım sürətilə keçən ömrünüzü zövq və səfa içində keçirin. İman, axirət, ibadət, halal, haram, ölüm kimi sizə məsuliyyətlərinizi xatırladacaq və zövqlərinizi məhdudlaşdıracaq ifadələri düşünməyin. Siz bir kəpənək qədər azad və sərbəst olmalısınız. "İç badə, gözəl sev, var isə ağlı-şüurun / Dünya var imiş, ya ki yox imiş nə umurun."
Bu bir həyat fəlsəfəsidir və adına Hedonizm deyilir. Dilimizdə "Həzçilik" və ya "Zövqçülük" deyə ifadə edilə bilər. Kökü Qədim Yunanıstana qədər gedib çıxır. İlk filosofu Epikürdür. Fəlsəfə tarixləri hər nə qədər Epikürə "ilk" desələr də, bu məni qane etmir. Qənaətimə görə ilki şeytan, ikincisi nəfsdir; Epikür ancaq üçüncü ola bilər! Daha sonra bu fikirlərin bir bənzərini Ömər Xəyyamda da görürük.
Fəlsəfə Nədimin "Gülək, əylənək, kam alaq dünyadan," misrası ilə şüar halına düşüb. Dövrümüzdə maddəçi (pula,mala və s. çox əhəmiyyət verən) toplumları zövq “qısqacının” qurbanı oldular. Bu yoluxucu xəstəlik bəzi şər qüvvələrin cəhdləri ilə vətənimizi hədəf alıbdır. Gənclərimizin beyinləri sözdə sənətlərlə yuyulur; mahnı sözlərinə qulaq verin, kifayətdir.
Əvvəlcə, Hedonizmin iç üzü üzərində durmaq istəyirəm. Bir sistemin qəbul edilməsi üçün cəmiyyətin bütününə, yaxud əksəriyyətinə xitab etməsi lazımdır.Lakin Həzçilik azlığı içinə alıb çoxluğu xaricində qoyur. Çünki cəmiyyətin əksəriyətini uşaqlar, xəstələr, yoxsullar, yaşlılar və bəlaya düşənlər təşkil edir. İstədiyi kimi əylənmək, hər arzusunu təmin etmək, hər zövqü dadmaq ancaq bəlli bir qruba vergidir.Həm gənc , həm sağlam, həm varlı olmalısan ki, kef arxasınca düşəsən. Qarnını doyura bilməyən kasıba, ağrılar içində inləyən xəstəyə, qəbir qapısında ölümü gözləyən yaşlıya "Ye, iç, əylən, kef elə," demək gülünc olmaz mı? Yoxsul ancaq bu dünyada dada bilmədiyi ləzzətlərə, axirətdə qovuşacağını düşünüb ümid edərək təsəlli ola bilər. Xəstələr acizliyini anlayıb Yaradanına dua etməklə mənəvi rahatlıq tapar.
Beli bükülmüş, fani zövqlərdən əlini çəkmək məcburiyyətində qalmış yaşlılar isə ölümün yoxluq olmadığını, əbədi bir aləmə getmək üçün vasitə olduğunu düşünməklə ifadəsi qeyri-mümkün kədərlərdən xilas ola bilər.
Şərq təfəkkürünün abidələrindən olan Sədinin də dediyi kimi; "İnsanlar bir vücudun əzalarıdırlar." Orqanların qarşılıqlı yardımlaşmalarıyla həyat davam edər. Toplum həyatı da fərdlərin birliyinə və bir-birləriylə müsbət mənada ünsiyətinə bağlıdır.
Ağıl, qəlb və vicdan sahibi hər insan digər həmcinslərinə mərhəmət edər, etməlidir. Ətrafındakı şəxslərin dərdlərinə, kədərlərinə, izdırablarına laqeyd qala bilənlər insani xüsusiyyətlərini itirənlərdir.
Ağlayan yetimlərə, qıvranan aclara, inləyən xəstələrə və titrəyən yaşlılara rəğmən zövqünü düşünənlərə, sadəcə kef üçün yaşayanlara insan mı deyilir?
Həzçilər çalışmağı da sevməzlər. Qazanmaq üçün tər tökmək belə istəməzlər. İş zamandan və kefdən fədakarlık etməyi tələb edir. Onda, zövq üçün xərclənəcək pulu hardan təmin edəcəklər? Şübhəsiz saf və məsum insanların çiynindən. Bu səbəblə, cəmiyyətdə zövqçülük artdıqca, möhtəkirlik da çoxalır. Bir tərəfdə qeyri-qanuni qazancı vərdiş halına salanlar, digər tərəfdə çalışdığı halda kifayət qədər qazana bilməyənlər. Dünya zalım “parazitlərlə” məzlum vətəndaşların dünyasıdır.
Zövq qayə olarsa, ailə zəyifləyər. Çünki cəmiyyətin çəyirdəyi olan ailə ancaq fədakarlıqlarla ayaqda dura bilər. Qadını "qadağa zövqlərin aləti"qəbul edən zehniyyət "şəfqət qəhramanı ananı" tanımaz. Uşaq isə kef vasitəsi olan pulu paylaşaraq azaldan düşməndir; doğulmadan öldürülməlidir.
Qəbilələri dövlət edənlər qəhrəmanlardır. Əsir millətləri əfəndi halına gətirənlər ideal adamlarıdır. Ölüm yuxusuna yatmış cəmiyyətləri oyadan, coşduran və ali məqsədlərə tərəf aparanlar alpərənlərdir. Şəxsi arzuları arxasınca sürüklənənlər qəhraman ola bilməzlər. Səfahət döşəyinə rahatlıq üçün yatanlar fədakarlıq etməyi bacarmazlar. Eqoistlər ölümə gülümsəyən, məna üçün yaşayıb məfkurə üçün ölənləri anlaya bilməzlər. Bunlardan meydana gələn toplum daxildən çürümüşdür.
Həyatın məqsədini zövq hesab edənlərin beyinləri mədələrinə enmişdir. Maddi zövqdən başqa zövqlərin də ola biləcəyinə ehtimal verməzlər. Acı doyurmağın, yetimi oxşamağın, yaşlıya əl tutmağın həzzinə yaddırlar. Gurultulu musiqidən, “qasıqları partladan” zarafatlardan, şəhvət qoxan ədəbiyatdan xoşlanarlar. Günləri yeni zövqləri xəyal etməklə keçər. Zövqün sərhəddi yoxdur. Təkrarlanan ləzzət dadını itirər. O zaman yeni və fərqli zövqlərin ardına düşərlər. Tapmadıqda, sıra ağlı uyuşdurmağa gəlir. Artıq yeni dostları tiryək, heroin və alqokoldur. Yatan, uyuşan və sızan bir cəmiyyət ortaya çıxar. Belə bir cəmiyyət dostu düşməndən ayıra bilməz. Azadlıq qapısı qapanmağa əsarət qapısı açılmağa başlayar. Ruhun cüzamı olan bu qorxunc xəstəliyə tutulanlar mənən ölüdürlər. Ölülər isə mülklərini qoruya bilməzlər. Bax bunun üçün xarici mərkəzli materyalistlər və onların içərdəki “kukla”ları zövqü və həzzi qayə olaraq göstərirlər!
Zövq vasitədir. Fərdi həyatın və nəslin davamı üçün yaradılmışdır. Ərzaqlarda ləzzət olmasaydı, yemək-içmək bir əzab olardı. Yeyə bilməz, içə bilməz və zəruri ehtiyacımız olan qidaları qəbul edə bilməzdik. Həyat davam etməzdi. Həmçinin, evlilikdə həzz olmasaydı, ailə qura bilməz, çoxala bilməz, yerüzünü şənləndirə bilməzdik. İnsan nəsli kəsilərdi. Halbuki, biz iman və ibadət üçün yaradıldıq. Bu uca vəzifələri yerinə yetirmək üçün yaşamalı, nəslimizi davam etdirməliyik. Yanlış olan vasitəni qayə yerinə qoymaqdır. Zövq üçün yaşayanlar ulağını doyurub özü aclıqdan ölənlərə bənzəyirlər.
Zövq və ləzzətin yaradılmasındakı bir hikmət də budur: Biz bu dünyaya bir imtahan üçün göndərildik. Bura maaş və mükafat yeri deyildir. Hər padşah kimi bu dünya mülkünün maliki olan Allahın da bəzi əmrləri və qadağaları var. Haram zövqlər də bu imtahanın bir parçasıdır. Bizdən məşru dairədə qalmağımız istənilir. Azad iradəyə sahib olaraq yaradılmışıq. Halal dairədə yaşayıb cənnəti qazanmaq da əlimizdə, haram zövqlərə qapılıb cəhənnəmə getmək də.
Əslində, Allahı tanımayan, axirəti bilməyən və qulluq şüuruna çatmayan şəxs dünyada da xoşbəxt ola bilməz. Çünki dünya ləzzətləri müvəqqətidir. Zövqün tükəndiyi yerdə dərd başlayar.Bunlar ölümə qədər növbələşərək davam edir. Həzlərin fani olduğunu düşünmək belə həyatı zindan etməyə kifayətdir. Həyatdan tam zövq alanlar ancaq inananlardır. Onlar bilirlər ki, ləzzətlər müvəqqətidir, amma nemətləri verən Allah əbədidir. Tükənən nemətlərin davamını da yaratmağa qadirdir. Bu dünyada verməsə belə əbədi səadət yeri olan axirətdə verə bilər. Onda, ləzzətin sonunu düşünüb kədərlənmək mənasızdır. Evindəki bir yeşik almanın bitəcəyini düşünərək kədərlənən yoxsul adam bilsə ki, padşah onu almasız qoymayacaq, hər nə zaman alması qalmasa, o, yenə verəcək, sevinər və ləzzətini tam alar.
İnsanı heyvandan ayıran ən mühüm xüsusiyyət ağıldır. Ancaq bu müstəsna qabiliyyət yerində işlədilməzsə, bəla olar. Çünki ağıl sayəsində keçmişi və gələcəyi düşünmək mümkündür. İnanmayan adam keçib gedən gözəl günlərini xatırlayaraq təəssüflənir. Gələcək zaman isə məchul təhlükələrlə doludur. Ölümü hər şeyin sonu bilən üçün keçmiş bir “yoxlar ölkəsidir”. Gələcək isə onu udacaq bir divin ağzıdır. Allaha təslimiyyəti olmadığı üçün hər hadisə ruhunu titrədir. Zahirən xoşbəxt görünür, lakin daxili dünyası acılarla cəhənnəmə çevrilib. Ancaq inanan şəxs üçün ölüm yoxluq deyil, bir başlanğıcdır. Nurani axirət aləminə keçid üçün vasitədir. Gələcək isə sonsuz mərhəmət sahibi olan Allahın əmrindədir. Dünya da, içindəkilər də fanidir, amma O, daimidir.
Əgər insan bu dünyada əbədiyyən qalacaq olsaydı, bəlkə zövqünə gərəyindən daha çox əhəmiyyət verə bilərdi. Ancaq yerüzündə hər an ölüm küləyi əsir. Çevrəmizdə ölümlü həyatın mübarizəsinə şahid oluruq. Hər məxluqda ölümün üzünü görürük. Dünən sapında gülümsəyən çiçəklər bugün ayaqlar altında. Yazda və yayda yaşıl paltarları olan ağaclar, qışda kəfənlər içində. Göylərdə uçan quşlardan geriyə qalan bir ovuc tük yumağı. Əlif kimi dik duran gənclər, bir də baxırsan ki, budaq kimi əyilmişlər. Zövq cilasıyla parıldayan gözlər torpaqla dolur. Sevdiklərimiz bizi bir-bir tərk edirlər. Bütün yollar qəbrə çıxır. Şübhəsiz, bilirik ki, bizim də axırımız qocalıq və ölümdür. Onda, hakimiyyət mübarizəsində həyatdan heç də geri qalmayan ölümün bizdən bir istəyi olmalıdır. Bax insanın ən öndə gələn məsələsi budur və heç kimsə bu həqiqətə laqeyd qala bilməyəcəkdir. Zövqpərəst ölüm qarşısında titrəyərkən, müsəlman rahatdır. Çünki ölüm torpağa girib çürümək deyil, sevgili Peyğəmbərinə (s.ə.s) və digər sevdiklərinə qovuşmaq deməkdir. Başqalarını dəhşətə salan Əzrail etibarlı bir əmanətçidir. Və onlar üçün dəfn mərasimiylə, düyün alayı eyni şeydir. Gediş Rəhman və Rəhimə olduqda qəbir gülüstana dönər.
“Həyatın qayəsi zövq deyildir”. Onda nə üçün yaradıldıq? İndi də bu suala cavab tapaq:
"Çoxluqda birlik" deyə tərif edilən ahəngin ən mükəmməlini kainatda görürük. Hər məxluq öz üzərinə düşən vəzifəni əksiksiz yerinə gətirir. Cansızlar həyata xidmət edir. Həyatın ən ülvisi də insana verilmişdir. Heç tərəddüd etmədən deyə bilərik ki, kainat insan üçün çalışır. Bitkilər heyvanların, heyvanlar isə insanların əmrində. Hər məxluqun bir qayəsi olduğuna görə insan da bir məqsəd üçün yaradılmışdır. Əksini düşünmək əbəs olar. Onda bu necə bir qayə olmalı? Bu sualın cavabı, Rəbbimizin kəlamıdır. Bütün ilahi kitablar eyni nöqtəyə toxunaraq deyirlər ki: Təməl vəzifəniz sizi yoxdan var edən və hədsiz nemətlərlə yaşadan Allahı tanıyıb, qulluq etməkdir. Sonsuz gənclik, əbədi səadət və tükənməz zövqlər istəyirsənizsə, Onun əmrlərinə itaət edib, qadağalarından uzaq durun. Dünyanın zövqləri aldadıcı ilğıma bənzəyir. Fani ləzzəttlərin cazibəsinə qapılaraq gerçək hədəfinizi unudarsanız, əzaba uğrayanlardan olarsınız. Üsyan və küfr nankorluqdur.
Qonaq ev sahibinin sözünə itaət etməlidir. Onu yedirdən, içirdən, istirahətini təmin edən zatı dinləməyərək öz istədiyini edən adam nankordur. Vəzifəsi təşəkkür ikən evin sahibini tanımaq istəməyən qonaq əzaba layiqdir. Bax, dünya qonaq evinə gəlib nemətlərə məzhər olan, ancaq Allahı bilməyən qulun halı bu misala bənzəyir.
Yeri gəlmişkən, bir mövzuya daha toxunmaq istəyirəm: Qərbli psixoloqlar daima nəfslə ruhu bir-birinə qarışdırmaq kimi əfv edilməz bir xəta edirlər. Təbii olaraq, bizdəki təqlidçilər də eyni xətanı təkrar edirlər. Nəticə, nəfsin istəklərini, sanki ruhun arzularıymış kimi qəbul etmək və psixolojik sistəmləri bu yanlışa dayandırmaq olur. Tövsiyələri isə: "Heç bir arzunuzu basdırmayın, içinizə atmayın, dərhal doyurun." Bu fikirlər qəbul edilir də. Günahlar elmi “paltarlara” bürünərək məşrulaşdırılır. Beləliklə,azğın ehtiraslarına sədd çəkə bilməyən "elmi əxlaqsızlar" və "ziyalı zalımlar" çoxalır. Zəiflər əzilir, məsumlar ləkələnir, quzular qurdların öhdəsinə buraxılır.
Halbuki, ruh ayrı, nəfs ayrı varlıqlardır. İkisi eyni şəxslərdə olmaqla yanaşı, xüsusiyyətləri daban-dabana ziddir. Birinin zövq aldığından, digəri diksinir. Nəfs pisliklərə məftundur. Lüğətində "doymaq" deyə bir kəlmə yoxdur. Həmişə daha çox istəyər. Ərköyündür, üsyankardır, üzsüzdür. Aldıqca daha çox qüvvətlənir. Nəhayət elə bir dərəcəyə gəlir ki, insana "həyatın qayəsi zövqdür" hökmünü qəbul etdirir. Məsuliyyətdən qaçar. Qaydalar, qanunlar və qadağalar onun ən sevmədiyi ifadələrdir. Dini və əxlaqı da sırf bunun üçün sevməz. Çünki bunlar insana başıboş olmadığını, heyvan kimi istədiyi yerdə “otlaya bilməyəcəyini”, ibadət üçün yaradıldığını xatırladır. Ona Allaha üsyanın nankorluq olduğunu söyləyir.
Ruhun da özünəxas qidaları vardır. O, elmlə kamilləşir, ibadətlə tənəffüs edir və təfəkkürlə ucalıqlara yüksəlir. Məxluqlardakı möhtəşəm sənətləri görərək Rəbbini düşünmək, əhatələndiyi nemətlər üçün minnət duyaraq şükr etmək ən mühüm qayəsidir. Bu yolla keçmişin dərdlərindən və gələcəyin sıxıntılarından xilas olur. Təslimiyyət və təvəkküllə mənəvi rahatlığa qovuşur. Orqanlar etdikləri işə görə qiymət alırlar. Sadəcə maddi zövqlər üçün işlədilən qabiliyyətlər dəyərlərini itirərlər. Ruh bu həqiqəti bilir. Ağlını və digər mənəvi cihazlarını mədəsinə və şəhvani istəklərinə xidmət etdirənlərin xoşbəxt olmaları mümkündürmü? Sahibin qulluqçularına kölə olduğu yerdə səadətdən söz gedə bilərmi?
Həzçiliyin sonu pessimizm, yəni bədbinlik fəlsəfəsidir. Çünki "Davam etməyən şeydə ləzzət yoxdur." Dünya nemətlərinin və özünün fani olduğunu bilən insanın məsud olması mümkündürmü? Ağlı uyuşduran maddələrin səfahət toplumlarında çoxalması da bu həqiqəti göstərir. Yenə maddi ləzzətlərə doymuş Qərb cəmiyyətlərində intahar hadisələri daha çox görülür ki, bu vəziyyət xoşbəxt olmadıqlarının ən açıq dəlilidir. Məsud bir insan nə üçün ağlını uyuşdursun və niyə intahar etsin!
Buna daim inanmışam: əgər zövqünə düşkün olanlar, cənnətdəki ləzzətlərə şübhəsiz inansalar, hamıdan çox ibadətlə məşğul olardılar. Çünki hər ləzzətin əsli ordadır. Dünya zövqləri isə bir kölgədən ibarətdir. Hedonistlərə bunu demək istəyərdim: Zövq və səfa içində sonsuza qədər yaşamaq istəyirsənizsə, heç durmayın; iman ab-i həyatından və ibadət şərbətindən için. Sabah çox gec ola bilər. Birigünə isə heç güvənməyin.
Sözün qısası, "Həqiqi zövq və ələmsiz ləzzət və kədərsiz sevinc və həyatdakı səadət yalnız imandadır və iman həqiqətləri dairəsində olur." Bundan dolayı zövq və səadət istəyənlərə deyiləcək söz budur: "Həyatın ləzzətini və zövqünü istəyirsənizsə, həyatınızı iman ilə həyatlandırın və fəraizlə zinətləndirin və günahlardan çəkinməklə mühafizə edin."
Ömər Sevincgül
3
Hislərə hakim olmaq...
Hislərə hakim olmaq deyərkən nəfsə hakim olmaq (nəfs tərbiyəsi) başa düşülür.
Bunun ən qısa yolu, haramlardan çəkinmək və fərzləri yerinə yetirməkdir. Bunları tam olaraq yerinə yetirməklə bərabər, məkruhları da tərk edərək, sünnələri etməkdir.
Bir tarladan yaxşı məhsul almaq üçün, tarlanı ziyan vericilərdən yaxşıca təmizləmək, qazıb-belləmək lazımdır. Əgər tarlaya yaxşı baxılmazsa, yabanı otlar və tikanlar hər tərəfi zəbt edər. Məhz, insanın nəfsi də tarla kimidir. Əgər tərbiyə edilməzsə, pis qabiliyyətlər bitməyə başlayar. Əgər yaxşı bir tərbiyədən keçsə, ondan çox istifadə edilir.
Xam neftin təmizlənməsi kimi, nəfsin də təzkiyəsidir (pis sifətlərdən təmizlənilməsi) mövzumuz . Bir qisim təsəvvüf əhli, nəfsin yeddi mərtəbəsindən bəhs edirlər. Bunlar:
1. Nəfs-i əmmarə
2- Nəfs-i ləvvamə
3. Nəfs-i mutmainnə( aram tapan, doyan nəfs)
4. Nəfs-i radiyyə
5. Nəfs-i mardıyə
6. Nəfs-i mülhəmə
7. Nəfs-i zəkiyyə. (1)
Nəfsin, tərbiyədən keçməmiş halı, nəfs-i əmmarədir. (2) Bu haldakı nəfs, şiddətlə pisliyi əmr edir. Günahlara batmaq istəyir.
Özünü qınayan nəfsə isə, nəfs-i ləvvamə deyilir. (3) Bu mərtəbədəki nəfs, günahlardan ötəri özünü qınamağa başlayır, peşmanlıq duyur.
Tərbiyənin irəliləməsiylə, nəfs mütməinnə mərtəbəsinə çıxır; Allahdan gələn hər şeyi razılıq ilə qarşılayır. Allahın razı olduğu bir vəziyyət qazanır. İlahi ilhamlara məzhər olur. Təmizlənmiş bir nəfs halına gəlir. İlk halı, tərbiyə edilməmiş vəhşi bir ata, son halı isə tərbiyə edilmiş və sahibinə çox faydalı itaətli bir ata bənzədilə bilər.
Bilindiyi kimi, sirklərdə nümayişdə istifadə edilən şirlər daha balacalığından tərbiyə edilirlər. Nümayiş əsnasında, ara sıra ağızlarına sakitləşdirici həb verilir. Ta ki, meşədəki günlərini xatırlamasınlar, sahiblərini parçalamasınlar. Onun kimi, nəfsin tərbiyəsinə də kiçik yaşlardan başlamaq; bundan başqa hər gün, nəfsə xitab edən və onu sakitləşdirən həqiqətlərdən oxumaq lazımdır. Yoxsa, illərcə tərbiyədən keçmiş bir nəfs, fürsət tapanda təkrar köhnə halına dönməyə uyğundur. Necəki, bir pedala basanda, onu yerə qədər əyirik. Lakin, ayağımızı boşaltdığımız ölçüdə, o başını qaldıracaqdır. Nəfs də belədir. Yaxşı bir tərbiyə ilə səsini kəsir. Uyğun bir mühit tapanda, təkrar hökmünü icra edir.
Bəzi şəxslər, "nəfsi öldürmək" təbirini istifadə edirlər. Bunun da bir nəfs tərbiyəsi olduğunu qəbul etməklə bərabər, nəfsin mahiyyətində yer alan duyğuların, qabiliyyətlərin xeyrə istiqamətləndirilməsinin daha məqsədəuyğun olacağı qənaətindəyik. Məsələn, hər kəsdə şiddətli bir hərislik var. Hərisliyin səsini tamamilə kəsmək yerinə, bu hərisliyin xeyirli işlərə istiqamətləndirilməsi daha faydalı olacaqdır. O zaman, etdiyi ibadəti, xidməti yetərli görməyəcək, daha sonrasını əldə etməyə çalışacaqdır. (4)
Nəfs, tərbiyəni qəbul etməyə uyğundur. Məsələn, hər kəsin fitrətində xəsislik vardır. İslami bir tərbiyə ilə, xəsis bir insanın çox comərd bir insan halına gəlməsi mümkündür.
Nəfsin fitri halı, dəli dolu axan bir çaya bənzəyir. Tərbiyə edilmiş halı isə, bu çayın önünə bir bənd tikilib ətrafının həm işıqlandırılması, həm də sulanması kimidir.
Qaynaqlar:
1. Elmalili Hamdi, VIII, 5817.
2. Yusuf surəsi, 53.
3. Qiyamət surəsi, 2.
4. Bu mövzuda bax. Nursi, Məktubat, s. 33-34.
4
İnsandakı Fabriklər ...
İnsanın içində çalışan mənəvi fabriklər, xaricindəki maddi fabrikdən, yəni bədən fabrikindan daha çox qəribədir. İnsan ruhunun mahiyyətini ancaq Xaliq-i Zülkəmâl bilir. Biz yalnız ruhumuzun bəzi fəaliyyətlərinə təşbih və təmsil durbiniylə uzaqdan uzağa baxmağa çalışacağıq:
Cənâb-ı Haqq, beyni qəribə bir fabrik olaraq yaratmışdır. Bu fabrikə zahirî və batini duyğularla, xammal kimi mənalar və məlumatlar gəlməkdə, ağıl bunları elm halına gətirib yaddaşda toplamaqdadır. Beyni bir tikiş fabrikinə bənzədəsi olsaq, bu fabrikin qulaq dediyimiz kanalından girən yunlar ağılda parçaya çevrilməkdə və yaddaşda saxlanmaqdadır. İstədiyimiz zaman bu parçalar saxlandığı yerdən(anbardan) alınmaqda və fabrikin ağız deyilən kanalından çölə ixrac edilməkdədir.
Burada işarə etməyimiz lazımlı olan çox mühüm bir xüsusiyyət də, anbardakı parçaların ağızdan çıxmasına baxmayaraq, parçalarda heç bir əksilmə olmamasıdır. Bu fabrikin digər gözəl bir tərəfi də fabrikin giriş və çıxış kanallarının müxtəlif olmasıdır. Belə ki:
Yuxarıdakı misalda giriş kanalı qulaq, çıxış kanalı isə ağız olaraq izah edilmişdi. Bununla yanaşı, fabrikə göz kanalından da yunlar girə bilməkdə və ağılda parçaya çevrildikdən sonra yaddaşda saxlanmaqda və istənildiyində əldən yazı surətiylə və ya yenə ağızdan söz surətiylə çölə tökülə bilməkdədir. Belə bir fabrik düzəltmək bəşər iqtidarının çox fövqündə olduğu kimi bu fəaliyyətlərin mahiyyətini anlamaq da mümkün deyildir.
Ağla məlûmat gətirən digər bir alət də dildir. Yediyimiz bir almanın vitamini bədənimizdə yerini alarkən, dadı dil vasitəsilə ağla və oradan da yaddaşa keçib özünə məxsus məqamında oturmaqdadır.
Beyin fabriki göz pəncərəsiylə də, seyr etdiyi şeylərin surətlərini, oxuduğu şeylərin mənalarını alır və yaddaşa həvalə edir. Daha əvvəl oxuyub yaddaşımıza yerləşdirdiyimiz qısa, gözəl bir söz yazmağımız istənilsə, yenə təxmin və təsvir edə bilməyəcəyimiz möcüzə bir fəaliyyətlə o söz yaddaşdan alınır və əl vasitəsiylə qələmimizin ucundan tökülür. Eyni gözəl sözləri söyləmək istədikdə isə, bu dəfə səs olaraq dilimizdən axmağa başlayır. Bu misalda fabrikə yun misalı girən gözəl söz, yaddaşda oraya məxsus bir halda saxlandıqdan sonra, istəni zaman yenə yun olaraq yəni birbaşa özü heç bir dəyişikliyə məruz qalmadan çölə çıxmış olur.
Xəyal isə, şəkər fabrikinə çox uzaq məsafələrdən şəkər çuğunduru gətirən vaqonlar kimi, yükləndiyi təxəyyülləri (xəyal) ağılın əlinə təslim edir. Ağıl bunların içərisindəki mənaları süzüb, lüzumsuz şeyləri çölə atır.
Digər alət və cihâzlarımızı bunlara müqayisə edə bilərsiniz.
Ağıl belə müxtəlif kanallarla aldığı məlumatı və mənaları elm halına gətirdikdən sonra, ancaq mərifətullah və muhabbətullah ilə mutmain (doyan, qane olan, aram tapan) olan qəlb fabriki, bu elmlərdən mərifətini və məhəbbətini artıracaq olanları almaqda və Cənâb-ı Haqqın lütfü ilə yenə ağıl almaz bir fəaliyyətlə feyzə, mənəvi zövqə çevirməkdədir.
Bu qədər möcüzə fabriklərlə dolu olan insan, bu dünyaya əlbəttə bu qısacıq dünya həyatını qazanmaq üçün göndərilməmişdir. Əbədi səadət fabrikləri olan bu cihâzlarımızı axirətə aid olmayan hansı işdə sərf etsək zərər etmiş olarıq. Dünyada qazandığımız cüzi sərvət, məqam, şöhrət kimi şeylər bu fabriklərin məqsədi və nəticəsi ola bilməz.
Bir insanın əlində qızıldan düzəldilmiş antik bir çəkic olsa, o insan bu çəkiclə daş yonub pul qazandığı təqdirdə, mənfəət qazandığını iddia edə bilməz. Çünki, çəkici daşa hər vuranda beş qəpik qazanmağa bədəl bəlkə beş yüz manat zərər etməkdədir. Bizlər də hər hansı bir dünyəvi mənfəət əldə etdiyimiz zaman sevinərkən, nəyi itirdiyimizi və hansı alətləri köhnəltdiyimizi bilmirik.
Bu xariqə alətlərlə təchiz edilən insan, sərf etdiyi ömür nəticəsində Xaliq-i Əzəl və Əbədin razılığı və dolayısıyla da əbədi səadətdən başqa nəyi qazansa zərər, hətta iflas etmiş sayılır.
Yazıçı: Məmməd Qırxıncı, 02-7-2010
5
Aşiq olmaq mövzusunda dinimizin ölçüləri nələrdir? Eşqini gizləmək şəhid savabı verərmi?
Hədisi-şəriflərdə buyuruldu ki:
"Eşqini gizləyib, iffətini mühafizə edərək ölən şəhiddir." (bax. Kənzul-
Ummal, h. No: 6999-7000; Hakim, Xatib)
"Eşqini gizləyib, iffətini mühafizə edərək, səbr edənin günahlarını, Allahu
Təala bağışlayıb Cənnətinə qoyar." (İbni Asakir)
Demək ki, dinimizdə iffəti mühafizə etmək və sevgisi səbəbiylə günah işləməməyə səbr
etmək çox savablıdır. Çünki ümumiyyətlə sevgi insanı kor etdiyi üçün, insanın özünü
günah işləməkdən saxlaması çətindir. Çətin olan işləri bacarmag savabı da böyük olur.
Hədisi-şərifdə buyuruldu ki:
"Ümmətimin üstün olan kəsləri eşq bəlasına məruz qalınca iffətini
mühafizə edənlərdir." (Deyləmi)
"Eşqini gizləyib iffətini mühafizə edərək ölən şəhiddir" məalındakı hədis, Hz. Aişə (ra) və
İbn Abbasdan gələn rəvayətlərə əsaslanır. Bu mövzudakı rəvayətləri zəif görən
alimlərdən əlavə səhih qəbul edən alimlər də vardır (bax. Əl-Məqasidul-Həsənə, 1/658).
Bilindiyi kimi eşq deyilən həddindən artıq sevgi duyğusu, duyğusal şəhvani arzulardan
çox fərqli bir gerçəkdir. Ümumiyyətlə eşq, adamın iradəsi xaricində, insanın ürəyinə-
dəvətsiz qonaq olaraq- gəlib yerləşən bir faktdır. Bu işdə qarşı tərəfin gerçək
gözəlliyindən çox, könlün qəbuluna görə nisbi bir gözəllik sözün mövzusudur. Gözü kor
olan eşqin cazibəsinə qapılan adamın gözündə, sırf sevgilisinin gözəlliyi vardır. Bəzən
ağlını itirməyə qədər çatan bir haldan söhbət gedə bilər və ağıl tamamilə blok edilə bilər.
İnsanın iradəsi xaricində gəlib qəlbini deşən eşq faktı eyni zamanda -imtahanın bir
versiyası olaraq- bir növ qəlbi / ruhi bir xəstəlik olaraq da qəbul edilə bilər.
Bir hədis-i şərifdə
"İç xəstəliklərindən ötəri ölən kəs şəhiddir." (Kənzul-Ummal, h.no: 11191)
buyurulmuşdur. Deyim yerində isə, bu hədisdəki daxili xəstəliklər orqan xəstəlikləridir.
Eşqdən ötəri əmələ gələn daxili xəstəlik isə ruhi / qəlbidir. Eşq qəlbi / mənəvi olmaqla
birlikdə bəzən insanın sümüklərini əridəcək qədər daxili xəstəliklərə da səbəb ola bilər.
Bəzi rəvayətlərdə "gizləmə" qeydi yoxdur. Lakin bütün rəvayətlərdə "iffəti qoruma"
qeydi vardır. Bu da göstərir ki, eşqin ən diqqətə çarpan xüsusiyyəti nəfsani deyil, qəlbi
olmasıdır.
Maddi və mənəvi "daxili xəstəliklər" ortaq məxrəcində birləşən bu iki xəstəliyin da eyni
nəticə doğurması ən məqbul olanıdır. Eşqin bu xüsusiyyətinin əhəmiyyətli bir səbəbi də,
iffətlə davam etdiyi təqdirdə, zamanla sahibini gerçək vüslətə qovuşduran bir vasitə
olmasıdır.
Bir çox aşiq məşuqunun üzərindəki fanilik damğasını gördükdən sonra Hz. İbrahim (ə)
kimi "Mən bir az görünüb arxasından qeyb olan fani məşuqları sevmərəm." deyib,
məcazi sevgililər yerinə həqiqi sevgili olan Allaha yönəlmişdir. İnsanın könlünü fani
sevdalardan alıb, əbədi bir yara sevdalandıran eşq kimi nurani bir iksir (sehirli içki),
içində şəhadət şərbətini saxlamağa layiqdir.
Bundan başqa eşq, ümumiyyətlə, həmsöhbətin gözəlliyinə baxmadan və insanın iradəsi
xaricində könüldə meydana gələn coşğun bir sevgi potansialıdır ki, bir baxımdan -imtihan
üçün verilən- bir müsibətdir. Belə bir sevgi potensialını həzm edərək onu nəfsin pis
əməllərinə alət etmədən səbr edən bir kəsin bu rəftarı Allaha olan hörmətinin bir
təzahürüdür.
Allahın rizasını qazanmaq üçün, bəlkə də ən çətin bir müsibətə qatlanmış, ən çətin bir
imtahana tabe tutulmuş, ən məşəqqətli bir həyata dözmüş bir kəsin bu fədakarlığına
qarşı Rəhman və Rəhim olan Allahın özünü bir cür şəhadət (şəhidlik) rütbəsiylə təltif
etməsində qəribə görsənəcək bir şeyin olmadığını düşünürük.
Suda boğulan, uçqun altında ölən, daxili orqanların xəstəliyindən ölən kəslər də bir növ
şəhid qəbul edilmişdir. Şübhəsiz ki, bu kimi kəslərin şəhidlik mərtəbəsi, Allah yolunda
cihad edərkən öldürülən kəsin qazandığı şəhidlik mərtəbəsiylə eyni deyildir. Vəlayətlər
arasında mərtəbələr olduğu kimi, şəhidliklər arasında da dərəcələr vardır.
6
Sevdiyinə sevdiyini söyləmək...
Və aleykum Salam. Bir insana aşiq olmaq və ona sevdiyini söyləmək haram deyildir. Ancaq sevdiyi xanım ilə yalnız qalması və dolaşmaları caiz deyildir. Bundan başqa o insan ilə evlənməmək də günah deyildir.
Bəli, birinə aşiq olduğunu söyləmək haram olmaz. Amma bunu söyləməkdən qəsdi onu incitməmək və halal olan bir evlilik niyətiylə söyləmək olmalıdır.