Əbu Hənifə və hənəfi fiqhinin üstünlüklərinə dair görüşlər nəql edə bilərsinizmi?

Əbu Abdullah əl Maqdisi coğrafiya sahəsində yazdığı "Əhsanut Təqasim fi Mərifətil Əqalim" adlı kitabında İraq haqda danışarkən oranın fiqhi mühitinə də toxunur və fəqih Əbu Muhəmməd əs Siyrafi ilə arasında keçən bir dialoqu bu cür nəql edir:

"Bu bölgənin (İraqın) fəqih və qazilərinin çoxu Əbu Hənifənin əshabıdır.

Günlərin bir günü Əbu Muhəmməd əs Siyrafinin məclisində idim. Mənə belə dedi: "Sən şamlı birisisən. Sənin diyarının insanları fiqhi şafii məzhəbi üzərə öyrənirlər. Sən nə əcəb hənəfi fiqhini mənimsəmisən?" Belə dedim: "Fəqih sağ olsun, üç səbəbə görə." Bu zaman mənə onların nə olduğunu sordu və mən də belə cavab verdim: 

Birinci səbəbə gəlincə, Əbu Hənifənin Əlinin -radiyAllahu anhu- sözünə meyl etdiyini gördüm. Allah Rəsulu -sallAllahu aleyhi və əlihi və səlləm- belə buyurmuşdur: "Mən elmin şəhəri Əli isə onun qapısıdır". Həmçinin "Sizin ən gözəl hökm edəniniz -yəni ən güclü fəqihiniz- Əlidir" buyurmuşdur. Eləcə də İbn Məsudun sözünə meyl etdiyini gördüm. Peyğəmbər -sallAllahu aleyhi və əlihi və səlləm- onun haqda "Mən ümmətim üçün İbn Məsudun razı olduğu şeyə razıyam" buyurmuşdur. Həmçinin o elmlə dolu bir qab olmaqla vəsf edilmiş və onun haqda "Dininizin üçdə ikisini İbn Məsuddan öyrənin" deyilmişdir. Məlum məsələdir ki, Kufənin elmi bu iki nəfərdən (Əli və İbn Məsud) qaynaqlanır. 

İkinci xislətə gəlincə, Əbu Hənifə digər fəqihlər arasında ən qədimi və səhabələrə ən yaxın olanıdır. Vərası ən çox olan və ən çox ibadət edən birisidir. Bizlər də qədimlərə uymaqla əmr edilmişik. Peyğəmbər -sallAllahu aleyhi və əlihi və səlləm- də bir hədisində belə buyurur: "Ən xeyirlilər mənim əsrimdə olanlardır. Sonra onlardan sonra gələnlər, sonra da onlardan sonra gələnlərdir. Sonra isə yalanın yayıldığı bir dövr gələcək". Əbu Hənifə də sidq və sadiqlər zamanında yaşamışdır. 

Üçüncü xislətə gəlincə, gördüm ki, açıq aydın düz dediyi bir məsələdə digərləri ona müxalif davranmışlar. Lakin onlar bu məsələdə xata etmişlər. 

Bu zaman Əbu Muhəmməd əs Siyrafi belə dedi: O hansı məsələdir?

Belə dedim: Fəqih də (Siyrafini qəsd edir) çox gözəl bilir ki, Əbu Hənifəyə görə xeyir əməllər müqabilində ücrət almaq olmaz. Mən həccə gedərkən ücrət ödəyənlərin qəlblərinin nə qədər qırıldığına şahid oldum. Döndükləri zaman qanları daha da qaralırdı. Bəzən iki üç həcc etsələr də bərəkətini dadmırdılar. Əllərinə bir şey də keçməyibdir. İmam müəzzin və bənzərlərini də əcrlərini Allahdan istəmələri yerinə məxluqatdan aldıqları üçün bu cür gördüm.

 Bunları dinlədikdən sonra Siyrafi belə dedi: "Ey qüdslü! Dəqiq düşünmüsən və ehtiyatlı davranmısan!". [1]
 ________
 [1] Əbu Abdullah əl Maqdisi, Əhsənut Təqasim, 127.

Read 12 times
In order to make a comment, please login or register