"Əgər Rəbbim mənə güc yetirərsə, heç kimsəyə vermədiyi bir əzabı mənə şübhəsiz verəcəkdir." hədisini izah edərsinizmi?

Əbu Hureyrə (radiyallahu anh)'dan rəvayət edildiyinə görə, Allah rəsulu (sallallahu aleyhi və səlləm) belə buyurmuşdur:

Bir adam özünə israf etdi (yəni ifrat dərəcədə günahlar işlədi). Sonra ölüm döşəyinə düşdüyündə, oğullarına vəsiyyət edərək:

"Mən öldüyüm zaman, cəsədimi yandırın, sonra kül halına gətirin və məni(m külümü) küləyə və dənizə saçın. 

Çünki Allaha and olsun ki, əgər Rəbbim mənə (yəni külümü toplamağa) güc yetirərsə, heç kimsəyə vermədiyi bir əzabı mənə şübhəsiz verəcəkdir." dedi.

Allah rəsulu (sallallahu aleyhi və səlləm) buyurdu ki:

Onlar da adama elə etdilər (yəni vəsiyyətini yerinə gətirdilər). Bunun üzərinə (Allah) yerə:

"Aldığını (geri) ver." buyurdu. 

Adam da o anda qalxdı və Allah ona:

"Səni bu etdiyinə sürükləyən nədir?" dedi. Adam:

"Sənə olan qorxum, ey Rəbbim!" dedi. 

Allah da onu bu səbəbdən dolayı bağışladı.

İbn Macə, Sünən tərcümə və şərhi, Kitabü'z-Zühd (Zühd kitabı): "Tövbə(ni xatırlamaq) babı", hədis no: 4255

--------------------

İzahı:

Bu hədisi:

• Buxari: "Tövhid", "Riqaq" və "Bəni İsrail" kitablarında; 

• Muslim də: "Tövbə" kitabının 4-cü babında rəvayət edir.

-----------------

Adamın: 

"Rəbbim mənə güc yetirərsə..." 

sözünün zahirinə görə, özü ölümdən sonra dirilməyə və Allahın ölüləri diriltməyə qadir olduğuna inanmamışdır. 

Belə inkarçı bir kimsənin bağışlanması halı necə izah edilə bilər? diyə insanın xatirinə bir sual gəlir. 

Elm adamları bu suala fərqli cavablar vermişlərdir:

•1• İmam Sindi (əl-Hənəfi) belə deyir:

• Adamın belə deməsinin səbəbi bu ola bilər:

Adam, cəsədi yandırılıb kül halına gətirildikdən sonra, küləyə və dənizə saçılan bir kimsənin zərrələrinin birləşdirilərək dirildilməsinin mümkün olmadığı, muhal (imkansız) olduğu görüşündə ola bilər. Allahın qüdrəti muhal olmayan şeyləri əhatə edər. Əqlən və dinən muhal və imkansız olan şeylərə şamilliyi yoxdur. 

(Məsələn, Allahın bənzəri və bərabəri olan ikinci bir varlığın mövcud olması, əqlən və dinən muhal və imkansızdır. Allahın qüdrəti belə bir varlığa taalluq etməz (əlaqəli olmaz).

Başqa sözlə, Allahın belə bir varlığı meydana gətirməsi düşünülə bilməz. Çünki meydana gətirəcəyi varlıq, Onun tərəfindən yaradılmış bir varlıq olar. Məxluq olan heç bir şey, Allaha bənzəməz və bərabəri ola bilməz.)

Bu adam da, vəsiyyəti yerinə yetirildiyi təqdirdə, təkrar dirilməsinin mümkün olmadığı, muhal olduğu görüşünü daşıdığı üçün:

"Rəbbim mənə güc yetirərsə..." demişdir.

Bu görüş, onun Allahın qüdrətini inkar etməsini gərəkdirməz, ki: bununla kafir olsun. Artıq: "Necə bağışlanar?" diyə bir sual soruşulsun.

Çünki adam əqlən və dinən mümkün olan bir şeyə Allahın gücünün yetmədiyi qənaətini daşımamışdır. Ancaq muhal olmayan bir şeyi muhal saymış və dindəki halı bilməmişdir. 

Küfür isə, dindən olduğu qətilik qazanan bir hökmü və ya Allahın əqlən mümkün olan hər şeyə qadir olduğunu inkar etməkdir.

• İkinci bir ehtimal budur:

Adam Allahdan çox qorxduğu üçün ağlını itirmiş və nə etdiyini, nə söylədiyini bilməz hala gəlmiş ola bilər. Bu hala düşəm bir kimsə, faydalı olan şeyi, faydalı olmayan şeydən ayıra bilməz bir hala gəlir. Həyatda bunun nümunələri çoxdur. 

Məsələn, bir təhlükə anında, insan, faydalı olmayan bir şeyə faydalı ola bilər ümidi ilə sarılar. ("Dənizə düşən, ilana sarılar." sözü, buna tipik bir misaldır.) Bu halda olan kimsə, fel və hərəkətlərində dəli kimi olur. 

Bu izaha görə, adam bu sözündə üzrlü sayılır və bununla kafir olmur.

• Bəziləri də, o adamın fetrət əhlindən olduğunu söyləmişlərdir. Yəni heç bir peyğəmbərin şəriətinin qüvvədə olmadığı bir dövrdə yaşamışdır.

• Digər bir izaha görə, adam, hər hansı bir peyğəmbərin dinindən deyildir, bu xüsusda bir hissiyatı yoxdur."

Sindi'nin sözü burda bitdi.

•2• Xattabi də bu ifadə ilə bağlı olaraq fərqli izahları nəql etmişdir. O, belə deyir:

"Adam öldükdən sonra dirilməyi inkar etməmiş, lakin vücudunun yandırılıb tozunun küləyə və dənizə saçılması halında dirildilməyəcəyini, cəhaləti dolayısı ilə, sanmışdır. 

Adamın imanlı olduğu, bu vəsiyyəti Allah qorxusu ilə etdiyini etiraf etməsindən anlaşılır."

•3• əl-Hafiz belə məlumat verir:

"İbn Aqil'in dediyi kimi, bu hədis, qiyamət günü adamın qarşılaşacağı halı və Allahın onu bağışlayacağını xəbər vermək mahiyyətindədir.

Bəziləri: Allah, adamın ruhunu sorğu-suala çəkmiş desələr də, bu görüş, uyğun deyildir. Çünki hədisdə, adamın cəsədinin zərrələrinin toplanıldığı, birləşdirildiyi və özünün ayağa qalxdığı bildirilmişdir. Bu hadisələr isə, qiyamət günü baş verər.

Read 5 times
In order to make a comment, please login or register