Əhli Beyt nə deməkdir? Əhli Beyt kimlərdir?

İki sözün birləşməsindən yaranan, ərəbcədəki «Əhl əl-Beyt» ifadəsinin farslaşdırılmış forması olan «Əhli-Beyt» kəlməsi ərəb dilində geniş mənada «ev əhli», «ailə üzvləri» mənasını verməkdədir. Dar mənada, yəni, sırf dini termin kimi isə, sadəcə sevimli Peyğəmbərimizin (s) ev əhlini, yəni, ailə üzvlərini əhatə etməkdədir. Kəlmə dövrümüzədək yetişmiş hədislərdə, eləcə də Qurani-Kərimdə məhz bu anlamda işlənmişdir. Sözügedən sözbirləşməsinə münasibətdə, daha doğrusu, kəlmənin kimlərə aid olması məsələsində, şiələrlə əhli-sünnə arsında əsaslı fikir ayrılıqları mövcuddur.

Şiələr bu məsələdə aşağıdakı hədisə üstünlük verir və düşüncələrində bilavasitə ona əsaslanırlar. "Səhihi-Müslim"də yer alan və Peyğəmbərin (s) zövcəsi Aişənin dilindən nəql olunan hədisin məzmunu belədir:

"Bir gün Peyğəmbər kürəyində əba ilə evdən çıxdı. Onu görən Həsən yanına getdi, Peyğəmbər ona əbasının altına girməsini söylədi. Sonra Hüseyn gəldi, Peyğəmbər onu da əbasının altına aldı. Daha sonra Həzrət Fatimə gəldi,  Peyğəmbər onu da əbasının altına aldı. Daha sonra Əli  gəldi, Peyğəmbər onu da əbasının altına aldı. Sonra Peyğəmbər (s) "Ey əhli-beyt! Allah sizdən çirkinliyi (günahı) yox etmək və sizi tərtəmiz (pak) etmək istər!" ayəsini oxudu». 

Sözügedən hədisi Şeybənin qızı Səfiyyə də Həzrət Ayişənin dilindən bir qədər başqa formada nəql edib. O bildirir ki, bir gün Peyğəmbər (s) əbasını çiyninə salıb evdən çıxdı. Bu zaman Həsən  o həzrətin  yanına gəldi. Peyğəmbər (s) onu əbasının altına çəkdi. Sonra Hüseyn , daha sonra Fatimə , ondan sonra da Əli  gəldi. Peyğəmbər (s) hamısını əbasının altına toplayıb bu ayəni tilavət etdi... "Ey əhli-beyt! Allah  sizdən çirkinliyi (günahı) yox etmək və sizi tərtəmiz (pak) etmək istər!." 

Şiələr bu hədisi əldə rəhbər tutaraq, bildirirlər ki, buradan aydın olduğuna görə, Peyğəmbərin Əhli-Beyti, yəni ev əhli, başqa sözlə, Həzrət Əli (r), Həzərt Fatimə, Həzrət Həsən və Həzrət Hüseyndir. Haqlıdırlarmı?

Əlbəttə ki, haqlıdırlar. Qızı Fatimənin, əmisi oğlu və kürəkəni Həzrət Əlinin (r), nəvələri Həsən və Hüseynin sevimli Peyğəmbərimizin (s) ev əhli, yəni ailə üzvləri olduğuna kim şübhə edər ki? 

Bu məsələdə sünnilərlə şiələr arasında heç bir fikir ayrılığı yoxdur və ola da bilməz. Fikir ayrılığı başqa şeydədir. Şiələr iddia edirlər ki, «Əhli-Beyt» anlayışı yalnız və yalnız adı çəkilən dörd nəfərə aiddir və Peyğəmbərimizin (s) digər qızları və həyat yoldaşları Əhli-Beytdən deyillər. Yəni onlar Peyğəbmərin (s) ev əhli, yəni ailə üzvləri deyillər…
Burada bir məntiq varmı? O zaman sual ortaya çıxır: Bəs, kimin ev əhli və ailə üzvləri idilər?

Diqqətlə fikir verin, Peyğəmbər (s) evdən çıxır, çöldə öncə Həsən, sonra, Hüseyn, ondan sonra Fatimə, daha sonrasa Əli ona yaxınlaşırlar. Və Həzrət Məhəmməd (s) bu şəxslərin onun ailə üzvləri olduğunu bildirir və onlara Qurandan ayə oxuyur. Şübhəsiz ki, həmin an ona evdə qalan digər qızları və ya zövcələri də yaxınlaşsaydılar, eyni şeyi edərdi. Sadəcə həmin an yanında ailə üzvlərindən sadəcə dördü vardı və o onları xüsusi olaraq çağırmamışdı. Onlar özləri ona yaxınlaşmışdılar.

Təsəvvür edin ki, sizin üç oğlunuz var. Onlardan ikisi evdə dərs oxumaqla məşğuldurlar. Biri boş olduğu üçün onu sizə kömək məqsədilə özünüzlə bazara aparırsınız. Yolda ona deyirsiniz ki, sənin oxuyub adam olmağını istəyirəm. Bu o deməkdirmi ki, o biri oğlanlarınızın oxuyub adam olmasını istəmirsiniz?

Bir qədər getdikdən sonra qarşınıza köhnə tanışınız çıxır və yanınızdakı oğlanın kim olduğunu soruşur. Siz də «oğlumdur» deyə cavab verirsiniz. Bu halda sizin cavabınız şübhəsiz ki, onun sizin yeganə oğlunuz olduğu və evdə qalan iki oğlanın oğlunuz olmadığı anlamına gəlməz…

Şiələrdən fərqli olaraq, əhli-sünnə «Əhli-Beyt» kəlməsinin təkcə Həzrət Fatimə, Həzrət Əli (r), Həsrət Həsən və Həzrət Hüseynə deyil, eyni zamanda Peyğəmbərin (s) digər qızlarına və zövcələrinə də aid olduğunu bildirirlər və tamamilə haqlıdırlar. Haqlı olduqlarını aşağıdakı hədis də təsdiq edir. Belə ki, Buxari Ənəs bin Malikə istinadən Peyğəmbərin (s) Zeynəb bint Cəhş ilə evlənməsi hadisəsini rəvayət edib. Həmin hədisdə Peyğəmbərin (s) Aişənin otağına gəlib: "Ey Əhli-beyt! Allahın rəhməti və salamı sizə olsun!" – dediyi və Aişənin ona: "Sənə də Allahın rəhməti və salamı olsun! Əhlin necədir? Allah mübarək etsin!" – deyə cavab verdiyi, sonra Peyğəmbərin (s) bütün zövcələrinin otaqlarını gəzərək onlara eyni sözlərlə müracəit etdiyi və Aişənin verdiyi cavabı təkrar etmələri qeyd olunur.

Lakin şiələr bu hədisi saxta hədis hesab edirlər. Əhli-sünnə isə, birinci hədisi qəbul etdiyi kimi, ikinci hədisi də qəbul edir. Və etməkdə də haqlıdır. Onların haqlı olduqlarını «Əl-Əhzab» surəsinin bir-birinin məntiqi davamı olan 30, 31, 32 və 33-cü ayələri təsdiq edir:

يَا نِسَاءَ النَّبِيِّ مَنْ يَأْتِ مِنْكُنَّ بِفَاحِشَةٍ مُبَيِّنَةٍ يُضَاعَفْ 
لَهَا الْعَذَابُ ضِعْفَيْنِ ۚ وَكَانَ ذَٰلِكَ عَلَى اللَّهِ يَسِيرًا
وَمَنْ يَقْنُتْ مِنْكُنَّ لِلَّهِ وَرَسُولِهِ وَتَعْمَلْ صَالِحًا نُؤْتِهَا 
أَجْرَهَا مَرَّتَيْنِ وَأَعْتَدْنَا لَهَا رِزْقًا كَرِيمًا
يَا نِسَاءَ النَّبِيِّ لَسْتُنَّ كَأَحَدٍ مِنَ النِّسَاءِ ۚ إِنِ اتَّقَيْتُنَّ فَلَا 
تَخْضَعْنَ بِالْقَوْلِ فَيَطْمَعَ الَّذِي فِي قَلْبِهِ مَرَضٌ وَقُلْنَ 
قَوْلًا مَعْرُوفًا
وَقَرْنَ فِي بُيُوتِكُنَّ وَلَا تَبَرَّجْنَ تَبَرُّجَ الْجَاهِلِيَّةِ 
الْأُولَىٰ ۖ وَأَقِمْنَ الصَّلَاةَ وَآتِينَ الزَّكَاةَ وَأَطِعْنَ اللَّهَ 
وَرَسُولَهُ ۚ إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ 
الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

«Ey Peyğəmbərin zövcələri! Sizlərdən hər kim açıq-aşkar bir çirkin iş görsə, onun əzabı ikiqat artar. Bu, Allah üçün asandır.
Siz ey Peyğəmbərin zövcələri! Sizdən hansı biriniz açıq-aşkar bir çirkin (günah) iş görsə, onun əzabı ikiqat olar. Bu, Allah üçün asandır!
Sizlərdən hər kim Allaha və Onun Elçisinə itaət edib yaxşı işlər görsə, ona mükafatını ikiqat verərik. Biz onun üçün bol ruzi hazırlamışıq.
Sizdən hər kim Allaha və Rəsuluna itaət edib yaxşı işlər görsə, onun mükafatını ikiqat (başqa qadınların mükafatlarından iki dəfə artıq) verərik. Biz onun üçün (Cənnətdə) tükənməz (gözəl, minnətsiz) ruzi hazırlamışıq.
Ey Peyğəmbərin zövcələri! Siz hər hansı bir qadın kimi deyilsiniz. Əgər (Allahdan) qorxursunuzsa, (yad kişilərlə) nazlana-nazlana danışmayın, yoxsa qəlbində xəstəlik olan tamaha düşər. (Şəriətə) müvafiq qaydada danışın.
Siz ey Peyğəmbərin zövcələri! Allahdan qorxacağınız təqdirdə siz (başqa) qadınların heç biri kimi deyilsiniz. (Sizin qədir-qiymətiniz, məqamınız daha yüksəkdir. Allahdan qorxsanız, daha şərəfli olarsınız). Buna görə də (yad kişilərə) yumşaq (əzilə-əzilə) danışmayın, yoxsa qəlbində mərəz (şəkk, nifaq və günah mərəzi) olan tamaha (özgə təmənnaya) düşər. (Danışdığınız zaman) gözəl danışın! (Allahın buyurduğu kimi, yaxud qəbul olunmuş qayda üzrə gözəl, ciddi bir söz deyin!)
Evlərinizdə qərar tutun! İlk cahiliyyə dövründə olduğu kimi açıq-saçıq gəzməyin. Namaz qılın, zəkat verin, Allaha və Onun elçisinə itaət edin. Ey ev əhli (Əhli-Beyt)! Allah sizdən günahınızı silib aparmaq və sizi tərtəmiz etmək istəyir».

Şiələr sünnilərdən, yəni əhli-sünnədən fərqli olaraq, bu ayələri birlikdə götürmür, 33-cü ayəni digərlərindən ayrı götürməyi lazım bilirlər. Bununla da kifayətlənməyib, sözügedən ayənin əvvəlindəki sırf qadınlara aid olan «açıq-saçıq gəzməyin» cümləsini də gözardı edir və sadəcə «Ey ev əhli (Əhli-Beyt)! Allah sizdən günahınızı silib aparmaq və sizi tərtəmiz etmək istəyir» cümləsini əsas götürür və bu ayəni də parçalayırlar. 

Samir Firdovsioğlu

 

Read 2.747 times
In order to make a comment, please login or register
OXŞAR SUALLAR