Əhzab surəsi 37-ci ayə (2)

وَإِذْ تَقُولُ لِلَّذِىٓ أَنْعَمَ ٱللَّهُ عَلَيْهِ وَأَنْعَمْتَ عَلَيْهِ أَمْسِكْ عَلَيْكَ زَوْجَكَ وَٱتَّقِ ٱللَّهَ وَتُخْفِى فِى نَفْسِكَ مَا ٱللَّهُ مُبْدِيهِ وَتَخْشَى ٱلنَّاسَ وَٱللَّهُ أَحَقُّ أَن تَخْشَىٰهُ ۖ فَلَمَّا قَضَىٰ زَيْدٌ مِّنْهَا وَطَرًا زَوَّجْنَـٰكَهَا لِكَىْ لَا يَكُونَ عَلَى ٱلْمُؤْمِنِينَ حَرَجٌ فِىٓ أَزْوَ‌ٰجِ أَدْعِيَآئِهِمْ إِذَا قَضَوْا۟ مِنْهُنَّ وَطَرًا ۚ وَكَانَ أَمْرُ ٱللَّهِ مَفْعُولًا

"Bir zaman, Allahın nemət verdiyi və Sənin özünün nemət verdiyin kəsə (Zeyd ibn Harisəyə): 'Zövcəni yanında saxla, Allahdan qorx!'– deyirdin. Allahın aşkar edəcəyi şeyi, ürəyində gizli saxlayır və insanlardan çəkinirdin. Halbuki, əslində qorxmalı olduğun, məhz Allahdır. Zeyd zövcəsini boşadıqda, Səni onunla evləndirdik ki, oğulluqları, zövcələrini boşadıqları zaman, o qadınlarla evlənməkdə, möminlərə heç bir sıxıntı olmasın. Allahın əmri, mütləq yerinə yetəcəkdir." (Əhzab/37)

-------------------------

Etirazın qaynağı, hardan gəlir?

Əslində, oğulluğun xanımı ilə evlənmək məsələsi, orta əsrlərdə, kilsə rahiblərinin gündəmini tuturdu. Xristiyanlar, İsa (əleyhissəlam) evlənmədiyi üçün, Muhamməd (sallallahu aleyhi və səlləm)'in evliliklərinə, obsessiv yanaşırdılar. Çünki, içində yaşadıqları cəmiyyətə çox evliliklər qəribə gəldiyi üçün, bu mövzunu, o dövr xristiyanlarının Müsəlman olmasını əngəlləyəcək bir vasitə olaraq görürdülər. Peyğəmbərimizin evlilikləri, cəmiyyət qərəzinə münasib olduğu üçün, çox istifadə edilirdi. Müstəmləkəçilik və ibtidai orientalistlər ortaya çıxdıqları vaxt, əllərində, İslamı incələyəcəkləri ilk qaynaq, orta əsrlərdə yaşamış kilsə rahiblərinin yazdıqları əsərlər idi. İslam haqqında zehnlərdəki şablonları müəyyənləşdirən, bu əsərlər olurdu. Bu ibtidai orientalistlərin yazdıqları, müstəmləkəçilik dövründəki siyasi gücün də təsirilə, şərqdə də oxunmağa başladı.

Müstəmləkə cəmiyyətlərdəki dırnaq arası maarifçi qrup da, orientalistlərin yazdıqlarına sarılaraq, müsəlmanlara, cahil orta şərq rahiblərinin dərin İslam biliklərindən "süzdükləri" şeyləri, "İslamın, kimsənin bilmədiyi həqiqətləri" adı altında sırımağa başladılar.

Bu gün də, -eynilə bu rahiblərin qavrayışları ilə- İslama yönəlmiş tənqidlərin, Muhamməd (sallallahu aleyhi və səlləm)'in evlilikləri və başqa mövzular üzərindən, daha çox, cinsiyyət xarakterli olduğunu görə bilərsiniz.

-----------------------------------

Haqqında ən çox danışılan rəvayət:

Bu tənqidlər, az sonra nəql edəcəyimiz, səhih olmayan, ancaq səhih bir hədis kimi nəql edilən bir rəvayət üzərindən edilir. Onlar, bu uydurma rəvayəti istifadə etməklə kifayətlənmir; hətta uydurma rəvayətin üzərinə uydurmalar da əlavə edirlər. Rəvayət, məna olaraq, belədir:

Muhamməd (sallallahu aleyhi və səlləm), bir gün, Zeynəbi görür. Onun gözəlliyindən çox təsirlənir və: "Qəlbləri çevirən Allahı təsbih edirəm." deyir. Zeynəb də bunu eşidir və əri Zeyd'ə xəbər verir. Bunun üzərinə, Zeyd, Muhamməd (sallallahu aleyhi və səlləm)'in Zeynəbi bəyənməsindən dolayı, Zeynəblə evli qalmağı uyğun görmür və Peyğəmbərin yanına gəlib Zeynəbi boşamaq istədiyini bildirir.

Dəyərli müsəlman qardaşım! Bu, kökündən uydurma və batil bir rəvayətdir!

Buna əlavə olaraq, həyasızcasına, Peyğəmbərin, Zeynəbi, hətta çimərkən gördüyü; Zeydi öldürtmək üçün Mutə döyüşünə göndərdiyi də bu zındıqların dilində dolaşmaqdadır.

--------------------------

Rəvayət, nə üçün uydurmadır?

1. Sənəd cəhətindən.

Bir qrup müfəssir, bu rəvayəti nəql edərkən, "Təriq və sənədi yoxdur." deyir. Rəvayəti nəql etmədən əvvəl də, "guya" deyə başlayaraq, rəvayətin zəifliyinə də işarət edirlər.

Nisbət edilən sənəd, qopuqdur və bu xəbərin sənədində, mətruk (yəni, hədisləri tərk edilmiş) bir ravi vardır. Alusi, "Ruhu'l-Maani" adlı təfsirində, bunları zikr etməkdədir. İçində mətruk ravi olan rəvayətlərin mətni də problemlidirsə, (buna, aşağıda toxunacağıq) buna, mövzu (yəni, uydurma) hədis deyilir.

2. Mətn cəhətindən:

a. Muhamməd (sallallahu aleyhi və səlləm)'in Zeynəbi görüncə heyrətə düşüb təsirlənməsi, batildir. Çünki, O, Peyğəmbərimizin bibisi qızıdır. Hicab ayələri enmədən əvvəl, Peyğəmbərimiz, onu dəfələrlə görmüşdür. Zeyd ilə Zeynəbi nikahlayan da, məhz Peyğəmbərdir. Əhl-i sünnətin əqidə imamlarında biri olan əbu Mansur əl-Maturidi də, məhz buna diqqət çəkərək, yuxarıdakı uydurma rəvayəti tənqid etmişdir.

b. Zeyd, öz xanımına başqa gözlə baxıldığını bilsəydi, onda kinin yaranmaması, mümkün deyildi. Biz sıravi insanlarda belə qəzəb yaradan belə bir hadisə belə, Peyğəmbərin ən çox sevdiyi səhabələrdən birində meydana gəlməməsi, mümkün deyildir. Onda, belə bir halın yaşanmadığını bilirik. Çünki, O, ömrünün sonuna qədər, Muhamməd (sallallahu aleyhi və səlləm)'in məhəbbətilə yaşamışdır. İləridə təfsilatı gələcəkdir.

c. Haqqında danışılan rəvayətdə, "Allahın aşkar edəcəyi şeyi ürəyində gizli saxlayır." ifadəsi, üçüncü bir ağızla, "Muhamməd, könlünün Zeynəbə meyl etdiyini gizləyirdi." kimi bir məna ilə nəql edilməkdədir. Halbuki, belə bir şey, Peyğəmbər tərəfindən, Öz ağzından açıqlanmadıqca, bilinə bilməz. O, Öz ifadəsilə bunu açıqlamadan, qəlbində belə bir şeyi daşıdığı, necə iddia edilə bilər?! Peyğəmbərimiz bunu gizləyirsə, görəsən xəbəri rəvayət edən bunu necə öyrənir? Çünki, bu, üçüncü bir ağızdan nəql edilmişdir. Necə ki, imamımız əbu Mansur əl-Maturidi, bu ayənin təfsirində dediyi kimi: "Bu, qeybə dair boş danışmaqdır."

----------------------------

İşin əsli, nədən ibarətdir?

Həm uydurma rəvayətin xətalarını; həm də uydurma rəvayət üzərindən yazılan romanın səfehcə olduğunu göstərməyin yollarından bir digəri də, hadisənin əslini nəql etməkdir. Zatən, hadisənin əsli düzgün bir tarixi təhqiqə tabe tutulduğunda, bir çox absurd görüş, özlüyündən çürüyəcəkdir. Ayətə yenidən nəzər salaq:

"Bir zaman, Allahın nemət verdiyi və Sənin özünün nemət verdiyin kəsə: 'Zövcəni yanında saxla, Allahdan qorx!'– deyirdin. Allahın aşkar edəcəyi şeyi, ürəyində gizli saxlayır və insanlardan çəkinirdin. Halbuki əslində qorxmalı olduğun, məhz Allahdır. Zeyd zövcəsini boşadıqda, Səni, onunla evləndirdik ki, oğulluqları zövcələrini boşadıqları zaman, o qadınlarla evlənməkdə möminlərə heç bir sıxıntı olmasın. Allahın əmri, mütləq yerinə yetəcəkdir."

"Allahın nemət verdiyi və Sənin özünün nemət verdiyin kəs", Zeyd b. Harisə (radiyallahu anh)'dır.

Ayəyə diqqət edilsə, Peyğəmbər, Zeydə, "Zövcəni yanında saxla, Allahdan qorx!" deyir. Bəllidir ki, Zeyd, öz zövcəsini boşamaq məqsədilə Peyğəmbərimizin yanına gəlmişdi. Zındıqlar isə, bu evlilik haqqında danışarkən, sanki Peyğəmbər, Zeydi, zorla xanımından ayırmışdır deyə bəhs edirlər. Halbuki Zeyd, özü, bir başa xanımını boşamaq istəyir və Peyğəmbər də, boşamamasını tənbeh edir. Bu, ayətin ləfzindən, açıqca başa düşülməkdədir. Bununla bərabər, bu ifadə, bir başa Quran mətnində keçdiyi üçün, Muhamməd (sallallahu aleyhi və səlləm), bunu söyləmiş olmalıdır. Çünki, Peyğəmbər bunu deməmiş olsaydı, Zeyd və dövrün müşrikləri, Quranda, açıq bir xəta tapmış olardılar. Halbuki O (yəni, Zeyd), bu dinə səmimiyyətlə inanmış və bu din üçün, şəhid düşmüşdür. O halda, Peyğəmbərimizin bunu söylədiyi, qətidir.

Zeyd ilə Zeynəbin boşanmasını və Zeynəb ilə evlənməyi, Peyğəmbər istəyirdimi?

Peyğəmbərin, "Zövcəni yanında saxla və Allahdan qorx!" buyurması, Onun belə bir istəyinin olmaması cəhətindən, kifayət edən və qəti bir dəlildir. Bununla bərabər, Peyğəmbərin, bu Əhzab surəsində, bu evlilik əmrindən, cəmiyyətdə yaranacaq tənqidlər səbəbilə çəkindiyini görmək, çətin deyildir. Çünki, surənin başından sonuna qədər, Peyğəmbərimizə, bu cür qərəzli davranışlara əhəmiyyət verməməsi yönündən, xəbərdarlıq edilməkdədir. Məsələn:

İlk 3 ayədə, belə buyurulur:

يَـٰٓأَيُّهَا ٱلنَّبِىُّ ٱتَّقِ ٱللَّهَ وَلَا تُطِعِ ٱلْكَـٰفِرِينَ وَٱلْمُنَـٰفِقِينَ ۗ إِنَّ ٱللَّهَ كَانَ عَلِيمًا حَكِيمًا • وَٱتَّبِعْ مَا يُوحَىٰٓ إِلَيْكَ مِن رَّبِّكَ ۚ إِنَّ ٱللَّهَ كَانَ بِمَا تَعْمَلُونَ خَبِيرًا • وَتَوَكَّلْ عَلَى ٱللَّهِ ۚ وَكَفَىٰ بِٱللَّهِ وَكِيلًا

"Ey Peyğəmbər! Allahdan qorx, kafirlərə və münafiqlərə itaət etmə. Həqiqətən, Allah, Alimdir, Hakim (hikmət sahibi)'dir. Rəbbindən sənə vəhy olunana tabe ol! Həqiqətən, Allah nə etdiklərinizdən xəbərdardır. Allaha təvəkkül et! Allahın vəkil olması, sənə kifayət edir."

İlk 2 ayə, bir başa Peyğəmbərə xitabla "Ey Peyğəmbər! Allahdan qorx." şəklində, qeyr-i adi bir üslubla başlayır. Davamında isə, "Kafirlərə və münafiqlərə boyun əymə. Rəbbindən sənə vəhy olunana tabe ol!" buyurulmaqdadır.

Burdan, Peyğəmbərimizin, Özünə əmr edilən evlilikdən, cəmiyyətin etirazı səbəbilə çəkindiyi başa düşülməkdədir. Bu səbəbdən, Zeyd, xanımını boşamaq istədiyində, ona: "Zövcəni yanında saxla. Allahdan qorx." demişdi. Çünki, -ən doğrusunu Allah bilir- Zeyd, Zeynəbi boşamadıqca, bu evlilik baş tutmayacaqdı.

Davamında, "Allah, Alimdir, Hakimdir." ifadəsi isə, Peyğəmbərdə bir çəkingənlik meydana gətirən bu əmrdə, Allahın təqdir etdiyi hikmətlər olduğuna işarət etməkdədir. Bu elm və hikmətə istinadən, "Rəbbindən sənə vəhy olunana tabe ol!" buyurulmaqda; "Allaha təvəkkül et! Allahın vəkil olması, sənə kifayət edir." vurğusu isə, əlbəttə, bu əmr tətbiq edildiyində meydana gələcək tənqidə dair Peyğəmbəri təskin etməkdir.

Bunu, surənin bütünündə görmək də, mümkündür. Məsələn, surənin 7-11-ci ayələrini incələyəcək olsaq, bunları görmüş olarıq:

وَإِذْ أَخَذْنَا مِنَ ٱلنَّبِيِّۦنَ مِيثَـٰقَهُمْ وَمِنكَ وَمِن نُّوحٍ وَإِبْرَ‌ٰهِيمَ وَمُوسَىٰ وَعِيسَى ٱبْنِ مَرْيَمَ ۖ وَأَخَذْنَا مِنْهُم مِّيثَـٰقًا غَلِيظًا • لِّيَسْـَٔلَ ٱلصَّـٰدِقِينَ عَن صِدْقِهِمْ ۚ وَأَعَدَّ لِلْكَـٰفِرِينَ عَذَابًا أَلِيمًا • يَـٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُوا۟ ٱذْكُرُوا۟ نِعْمَةَ ٱللَّهِ عَلَيْكُمْ إِذْ جَآءَتْكُمْ جُنُودٌ فَأَرْسَلْنَا عَلَيْهِمْ رِيحًا وَجُنُودًا لَّمْ تَرَوْهَا ۚ وَكَانَ ٱللَّهُ بِمَا تَعْمَلُونَ بَصِيرًا • إِذْ جَآءُوكُم مِّن فَوْقِكُمْ وَمِنْ أَسْفَلَ مِنكُمْ وَإِذْ زَاغَتِ ٱلْأَبْصَـٰرُ وَبَلَغَتِ ٱلْقُلُوبُ ٱلْحَنَاجِرَ وَتَظُنُّونَ بِٱللَّهِ ٱلظُّنُونَا۠ • هُنَالِكَ ٱبْتُلِىَ ٱلْمُؤْمِنُونَ وَزُلْزِلُوا۟ زِلْزَالًا شَدِيدًا

7. Bir zaman Biz peyğəmbərlərdən əhd almışıq; səndən də, Nuhdan da, İbrahimdən də, Musadan da, Məryəm oğlu İsadan da!

8. Biz onlardan möhkəm bir əhd almışıq. Belə etmişik ki, Allah doğru danışanlardan doğruçuluqları barədə soruşsun və kafirlər üçün isə ağrılı-acılı bir əzab hazırlasın.

9. Ey iman gətirənlər! Allahın sizə göstərdiyi iltifatını xatırlayın. O zaman ki, düşmən ordusu sizin üstünüzə hücuma keçmişdi, Biz də onların üstünə külək və görmədiyiniz qoşunlar göndərmişdik. Allah sizin nə etdiyinizi görür.

10. O zaman onlar sizin həm yuxarı və həm də aşağı tərəfinizdən üstünüzə gəlmişdilər. O vaxt qorxudan gözlər bərəlmiş, ürəklər xirtdəyə çatmış və siz də Allah barəsində zənnə-gümana qapılmışdınız.

11. Orada möminlər imtahana çəkilmiş və güclü sarsıntıya məruz qalmışdılar.

7 və 8-ci ayələrdə, Allah, peyğəmbərə yaşayacağı sıxıntı və çətinliyi, yalnız Özünün deyil; Ondan əvvəlki peyğəmbərlərin də yaşamış olduğunu buyurur və bütün bu çətinlikləri, nə üçün yaşatdığını bildirir. Çünki, Onlar da, cəmiyyətin xətalı görüşlərilə mübarizə aparmaq və bunun üçün bədəl ödəmək məcburiyyətində qalmışdılar.

9-10-11-ci ayələrdə də, yenə imtahan, imtahana səbr etmə vurğuları, ön plandadır.

Görüldüyü üzərə, surənin demək olar ki hamısında, Allah, peyğəmbərimizin psixologiyasını, ona əmr edəcəyi vəzifə üçün hazırlamaqdadır.

Bu ayələrdə, Peyğəmbərimizin haqq olduğuna; Onun, bu dində səmimi olduğuna dair də dəlillər mövcuddur. Çünki, Muhammədin iradəsindən fərqli bir iradə, Onu, istəmədiyi bir şeyi etməyə məcbur etməkdədir. Bununla bərabər, burda, 2 iradənin də varlığı bəhs mövzusudur. Biri, Onu evləndirməyə məcbur edən İlahi iradə; digəri isə, bu evlilikdən çəkinən Muhammədin iradəsi. Bu halı ilə, Peyğəmbərin, -haşa- Öz yazdığı kitabda, Özünü istəmədiyi bir şeyə məcbur etməyəcəyi, açıqdır.

-------------------

Peyğəmbərimizin Zeynəb anamızla evliliyi, nəyə faydalı oldu?

İnsanlar, bəzən, "Bu evliliyin, kimə nə dəxlisi? Biz insanların bundan əldə edəcəyi nə var? Bütün əsrlərə əzəldən xitab edən bir Allah, belə işlərlə bağlı hökmmü endirir?" kimi etirazlar səsləndirirlər.

Biz deyirik ki:

Dünyadakı heç bir hadisə, sadəcə hadisənin özündən ibarət deyildir. Hadisələr arxasında, fikirlər, qayələr yatmaqdadır. Bu mövzu, belə bir Kitabda keçirsə, əlbəttə, sosiologiya və s. da işin içinə daxil olacaqdır.

Bu evlilikdəki hikmətlərdən:

1. Soyun üstülüyü qavrayışı:

Peyğəmbərimizin Zeynəblə evlənməsinin təmin etdigi faydalardan biri, cəmiyyətdə soy üstünlüyü fikrinin yıxılmasıdır.

Cahiliyyə dövründə, ərəblərdə, övlad olaraq götürülən şəxs, öz oğul sayılırdı. Bu isə, su-i istimala açıq bir halda idi. Məsələn, cəmiyyətdə məşhur və ya müvəffəq bir gənc, bir soy/nəsil tərəfindən oğulluq olaraq götürülürdü. Bu, ticari bir razılaşma kimi, insanın, öz atasını dəyişdirməsi mənasına gəlirdi. Əlbəttə, soyunu dəyişdirən şəxsin zehnində yatan şey, yeni keçdiyi nəslin, öz əsl nəslindən daha yaxşı olduğu; öz soyunun isə, qiymətsiz, dəyərsiz olduğu idi. Xaricən onun soy dəyişdirməsinin, keçdiyi soyu daha da ucaldacağı gözlənilirdi.

Övladlığın, soy dəyişdirmə mənasına gəlmədiyinə dair əsas vurğu, bu ayə ilə ortaya qoyulmuşdur. Sözlü xəbərdarlıqlar, insanların zehin dünyasını dəyişdirməkdə, çox vaxt kifayət etməz. İnsanlar, övladlığı oğul olmaq cəhətindən soy dəyişdirmək kimi qavrayırlarsa, artıq onların zehin dünyasını dəyişdirmək, həqiqətən şiddətli bir tətbiqdan başqa bir şeylə mümkün olmaz. Bu hal isə, o dövrdə elə kök salmışdı ki, Peyğəmbərimizin bundan çəkinməsini, daha əvvəl zikr etmişdik. 

Allah rəsulu (sallallahu aleyhi və səlləm), hədislərində, bundan çəkindirmək üçün, belə buyurmuşdu:

~ Sə'd (radiyallahu anh)'dan belə rəvayət edilir:

Mən, Nəbi (sallallahu aleyhi və səlləm)'in, "Kim, atasından başqasının, -onun, öz atası olmadığını bilə-bilə- uşağı olduğunu iddia edərsə, cənnət, bu adama haramdır." buyurduğunu eşitdim. (Buxari, hədis no: 6766)

~ əbu Hureyrə (radiyallahu anh)'ın nəqlinə görə, Nəbi (sallallahu aleyhi və səlləm), belə buyurmuşdur:

"Atalarınızdan üz çevirib uzaqlaşmayın! Kim atasından üz çevirib onu tərk edərsə, küfr (nankorluq) etmiş olar." buyurmuşdur. (Buxari, hədis no: 6768)

ibn Həcər Asqalani, "Fəthu'l-Bari"də bu hədisin şərhində, belə deyir:

"...Müaviyə xəlifəliyə gəlincə, Ziyad, Əli (radiyallahu anh) tərəfindən Fars diyarına təyin edilmişdi. Müaviyə, onunla xoş keçinmək istədi və onda, əbu Süfyan'ın nəsəbini götürmə istəyi oyandırdı. Ziyad, buna boyun əydi və bu mövzuda, bəzi xoşa gəlməzliklər yarandı. Sonunda, Müaviyə, onun, atasının oğlu olduğunu iddia etdi və özünü, ilk əvvəl, Basraya; sonra da, Kufəyə vali təyin etdi və ona dəyər verdi. Ziyad, məşhur yaşayışına və siyasətinə davam etdi. Səhabə və tabiundan bir çox adam da, Müaviyə'nin bu etdiyinə: 'Uşaq, kimin yatağında dünyaya gəlmişdirsə, onundur.' hədisini dəlil gətirərək etiraz etdilər..."

Hətta bu soy məsələsi, İslamdan sonra da davam etmişdir. Ərəb, əcəmdən üstünmüdür, deyildirmi? Evlilik üçün bunlar bir-birinə bərabərdirlərmi?

Bu soy üstünlüyünün yıxılması üçün,

~ Bilal (radiyallahu anh), Abdu'r-Rahmən b. Avf'ın qızı ilə;

~ Miqdad b. Əsvəd, Zubeyr (radiyallahu anh)'ın qızı ilə;

~ Salim, Utbə'nin qızı ilə

evləndirilmişdir, ki, bu soy üstünlüyü yıxılsın. Hər 3 səhabə də, azad edilmiş nökərlərdir.

2. Miras:

Övladlıq müəssisəsi, miras mövzusunda da, cəmiyyətdə narahatlıqlar yaradırdı. Ailəyə sonradan daxil olan biri belə, öz övlad hökmündə olduğu üçün, mirasdan digərlərilə eyni dərəcədə haqq sahibi olurdu. Bu hal, bir çox ailədə, qardaşlar arasındakı münasibətin parçalanmasına və bir-birilərinə düşmənlik güdməsinə səbəbiyyət verirdi. Dolayısı ilə, övladlıq müəssisəsini təshih edən (düzəldən) bu evliliklə, bu haqsızlıqlar ortadan qalxmış oldu.

3.

مَّا كَانَ مُحَمَّدٌ أَبَآ أَحَدٍ مِّن رِّجَالِكُمْ وَلَـٰكِن رَّسُولَ ٱللَّهِ وَخَاتَمَ ٱلنَّبِيِّۦنَ ۗ وَكَانَ ٱللَّهُ بِكُلِّ شَىْءٍ عَلِيمًا

"Muhəmməd, aranızdakı kişilərdən heç birinin atası deyildir. Lakin o, Allahın Elçisi və peyğəmbərlərin sonuncusudur. Allah, hər şeyi bilir." (Əhzab/40)

Övladlıq müəssisəsi əgər davam etsəydi, Zeyd, Peyğəmbərin öz oğlu sayılacaqdı. Bundan dolayı, Allah, övladlığın öz oğul sayılmasını 37-ci ayədə nəfy etdikdən sonra, bu ayədə, Peyğəmbərimizin, heç bir kişinin atası olmadığını buyurur.

Əlbəttə, Peyğəmbərimizin bir oğlu olduğu təsəvvür edilsə, bu, iləridə, siyasi arenada, olduqca güclü bir şəkildə istifadə edilə bilərdi. Zeyd, Peyğəmbərdən əvvəl vəfat etmiş olsa da, oğlu Usamə b. Zeyd, həyatda idi. Burda ən bariz nümunə, Peyğəmbərimizin kürəkəni Əli b. əbi Talib (radiyallahu anh)'dır. Peyğəmbərimizin kürəkəni və əmisi oğlu olması səbəbilə, Onun bu statusu üzərindən meydana gələn siyasi firqələşmə (şiəlik), bilinməkdədir. İşin üzücü tərəfi burasıdır ki, bu, siyasi olmaqla qalmamış, teoloji (dini) bir sahəyə də varmışdır (yəni, Şiəlik, ilk əvvəl, siyasi bir məzhəb olaraq ortaya çıxsa da; daha sonra, etiqadiləşmişdir). Elə isə, Peyğəmbərimizin Öz soyundan Öz oğlu olsaydı, eyni halın çox daha güclü bir şəkildə Öz övladı üzərindən davam edəcəyini təxmin etmək, çətin deyildir.

Read 45 times
In order to make a comment, please login or register
OXŞAR SUALLAR