Əli digər səhabələrdən fərqli olaraq ayrıca bir mushaf yazıbmı?

 

Miladi doqquzuncu əsrin ikinci yarısı və onuncu əsrin əvvəllərində yaşamış Əbu Bəkr İbn Əbi Davud (844-928) adlı müsəlman alimi “əl-Məsahif” adlı bir kitab yazıb. Həmin kitabında müəllif Muhəmməd bin İsmail əl-Əhməsi - İbn Fudeyl – Əşas zənciri ilə Muhəmməd bin Sirin’in belə dediyini qeyd edir: “Peyğəmbər vəfat etdikdə Əli Quranı bir mushafda toplamayana qədər əbasını (bir yerə getmək üçün) - cümə namazı istisna olmaqla - geyinməməyə and içdi.” Bunu qeyd etdikdən sonra İbn Əbi Davud əlavə edir ki, sözü gedən bu rəvayətdə “Əşas’dan başqa heç kim “mushaf” sözünü zikr etməyib və o, hədisdə qeyri-ciddidir. Rəvayət edənlər yalnızca “Quranı toplamayana qədər” sözlərini rəvayət ediblər. Bununla Quran əzbərini başa vurmağı qəsd edib, çünki (ərəb dilində) Quranı əzbərləyənə Quranı topladı deyirlər.” [1] Beləliklə də bu xəbəri öz kitabında qeyd edən alim özü belə Əlidən hər hansı bir mushafın mövcud olduğunu inkar edir. Bu xəbəri ötürən rəvayətçilərin arasındakı Əşasın tənqid olunmuş biri olduğuna da işarə edir. İslamın tarixçi alimlərindən olan İbn Kəsir (1301-1373) yuxarıdakı sözləri şərh edərək deyir: “Əbu Bəkrin dediyi daha doğrudur, çünki Əlidən – deyilənlərə əsasən – heç bir mushaf - nə də başqa bir şey - nəql olunmayıb. Lakin “osmani formatda” mushaflar vardır ki, onların Əlinin xətti ilə yazıldığı deyilir. Bu özü də mübahisəlidir.” [2] İbn Kəsir də Əbu Bəkr İbn Əbi Davud ilə razılaşır, başqa yerdə bu xəbərin rəvayət silsiləsinin tam olmadığını deyir; bu isə Muhəmməd bin Sirin’in Əlidən birbaşa bir şey eşitməməyi ilə bağlıdır, çünki Əli bin Əbi Talib vəfat edərkən İbn Sirin’in təxminən 8 yaşı var idi. İbn Sirin Basra şəhərində doğulub böyümüş, Əli isə Kufə şəhərində yaşayıb idarə etmişdi. Həmçinin əl-Hafiz İbn Həcər yazır ki, “isnadı (sənəddəki) qopuqluğa görə zəidir, səhih olduğu fərz edilərsə (Quranı) toplamaq ilə qəsdi onu əzbərləməkdir...” [3] Lakin onu da qeyd etməliyik ki, İbn Əbi Davud’un, İbn Kəsir’in və İbn Həcər’in xəbərdən başa düşdükləri məna ilə İbn Sirin’in özünün başa düşdüyü məna arasında uyğunsuzluq var. Görünür ki, İbn Sirin öz nəql etdiyi xəbərdən Quranı tam əzbərləmək yox, onun bir mushafda yazılmasını başa düşüb. Əgər bu barədə tarixi şahidliklərə əsaslanmalı olsaq qənaətimizi bu cür izah edərdik. Əli bin Əbi Talib peyğəmbərin – aleyhissalətu vassələm – vəfatından sonra Quranı surələrin nazil olma tərtibinə əsasən bir mushafda toplamaq istəyib. Amma bu işini başa vurmayıb. Əbu Bəkr rəsmi olaraq Quranı bir mushafda toplamaq işini başlatdıqda Əli də orada iştirak edib. Daha sonra Osmanın dövründə bir daha Quranın birdən çox nüsxəsi hazırlandıqda Əli də burada iştirak edib. Ola bilsin ki, öz xətti ilə o nüsxələrdən birini yazıb. Qənaətimizin ilk hissəsinə gəldikdə bunu məşhur tarixçi alim Muhəmməd bin Sad’ın (784-845) tarix kitabında qeyd etdiyi xəbərə əsasən deyirik: “İsmail bin İbrahim bizə Əyyub və İbn Avn’dan, onlar da Muhəmməd (bin Sirin)dən belə dediyini xəbər verdilər: “Mənə xəbər verildi ki, Əlinin Əbu Bəkrə beyəti gecikdi. Sonra Əbu Bəkr onunla qarşılaşdıqda soruşdu: “Mənim əmir olmağımı xoş görmədinmi?” Dedi: “Xeyr, lakin mən and içmişəm ki, cümə namazına getməyim istisna olmaqla Quranı cəm etmədən əbamı geyinməyəcəm.” (İbn Sirin) dedi: “İddia etdilər ki, o, Quranı nazil olma tərtibinə görə yazmışdı.” Muhəmməd dedi: “Əgər o kitab tapılsaydı onda çoxlu elm olardı.” İbn Avn dedi: “İkrimə’dən o kitab barəsində soruşdum və onu tanımadı.” [4] Buradan görə bilirik ki, Muhəmməd bin Sirin bu xəbəri bəzi kəslərin vasitəsi ilə eşidib, lakin özü heç zaman o mushafı görməyib. Hətta İbn Əştə “əl-Məsahif” kitabında İbn Sirin’in belə dediyini xəbər verir: “O kitabı axtardım və ona görə Mədinə şəhərinə yazdım, lakin əldə edə bilmədim.” [5] İkrimə əl-Bərbəri də (646-723) Əlinin yazdığı o mushafı görmədiyini deyir. Görünür ki, İbn Avn da o mushafı görməyib, Muhəmməd bin Sa’d da görməyib. Yəni ilk əsrlərdən müsəlman alimlərdən, tarixçilərdən heç kim onu görməyib. Bu dediyimizi təsdiqləyən tərəf də budur ki, Əli özü deyir: “Mushaflarda əcri ən böyük olan Əbu Bəkr’dir. Allah Əbu Bəkrə rəhmət etsin, çünki Allahın kitabını iki qabıq arasında ilk toplayan o oldu.” [6] Əgər Əli özü Quranı bir mushafa toplamış ilk kəs olsaydı bu sözü deməzdi. Başqa ehtimal budur ki, Əli peyğəmbərin vəfatından sonra bu işi başladıb, amma Əbu Bəkrdən sonra bunu tamamlaya bilib. Çünki Əbu Bəkr Quranı bir kitab halında toplamağa Yəməmə döyüşündən sonra qərara gəlib və Yəməmə döyüşü peyğəmbərin vəfat etdiyi ildə baş verib. Lakin sual yaranır ki, həqiqətən də bəzi qaynaqlarda keçdiyi kimi topladığı mushafdakı surələrin tərtibi nazil olma tərtibinə görə idi yoxsa elə Osmanın mushafına uyğun idi. Şiə qaynaqlarında keçən bəzi xəbərlərə əsasən Əlinin topladığı mushaf fərqli tərtibdə olub. Misal üçün Suleym bin Qeys kitabında yazır ki, Əli “onun hamısını topladıqda, nazil olmasına, təfsirinə, nasix və mənsuxuna görə öz əli yazdıqda Əbu Bəkr ona xəbər göndərdi ki, gəlib beyət etsin!” [7] Guya daha sonra Əli topladığı mushafı Əbu Bəkrə və müsəlmanlara ərz edib, onlar isə rədd edib deyiblər ki, “əlimizdəki Quran bizə yetər..” Lakin Süleym bin Qeysin kitabı uydurmadır. Hətta şiə alimlərindən bir çoxu kitabın yalan və uydurma olduğunu deyiblər; misal üçün İbnul-Ğadairi kitabın uydurma olduğunu və öz şeyxlərinin Suleymi tanımadıqlarını yazır. Bu barədə və daha çox məlumat üçün Muhəmməd əl-Bəhbudi’nin “Mərifətul-Hədis” kitabına [8] baxmaq olar. Həmçinin şiələrin böyük alimi əl-Mufid də bu kitabın etibarsız olduğunu təsdiqləyir. [9] Beləliklə də bu məlumatların heç birinə etibar etmək olmaz. Şiə kitablarında bununla bağlı keçən digər rəvayətlərə gəldikdə isə bunların uydurma və yalan olması çox aşkardır; bu xəbərlərin Qurana dil uzatmaq üçün, Quranın təhrifini isbat etmək üçün aşırı şiələr tərəfindən uydurulduğuna ağıl sahibi kəslər şübhə etməməlidir. Bu xəbərlər o qədər ziddiyyətlərlə doludur ki, onlardan birini qəbul etsən digərini inkar etmək lazımdır.

Əlinin mushafı ilə bağlı kitablardakı məlumatlardan aydın bir nəticə ortaya çıxmır. Şiə alimlərindən məşhur kataloq tərtibçisi İbn Nədim (932-995) deyir: “Mən bu zamanımızda Əbu Yalə Həmzə əl-Həsəni’nin – Allah rəhmət etsin! – yanında Əli bin Əbi Talib’in xətti ilə bir mushaf gördüm ki, ondan bəzi vərəqlər düşmüşdü və əsrlər keçməsinə baxmayaraq Həsənin nəsli onu miras olaraq bir-birilərinə ötürürlər.” [10] Bu sözünü dedikdən sonra – “və bu, həmin mushafdan surətlərin tərtibidir” – sözlərini əlavə edir, lakin həmin surələrin tərtibini qeyd etmir. Ola bilsin ki, İbn Nədimin gördüyü mushafın tərtibi fərqli olub, ya da ki, digər mushaflarla eyni olub. Görünür ki, əl-Həsən’in nəslində qorunub saxlanılan bu mushafı İbn Nədim’dən bir əsr əvvəl başqa bir alim görüb. Zeydi şiələrindən əl-Hakim əl-Cuşəmi (1022-1101) deyir: “əl-Hadi “əl-Əhkəm” kitabında qeyd edir ki, Əlinin mushafını əl-Həsən ailəsindən yaşlı bir qadının yanında gördüm; insanlardakı Quran ilə eyni idi.” [11] Adı keçən əl-Hədi (859-911) zeydi şiələrinin imamlarından Yəhyə bin əl-Həsən bin əl-Qasim ər-Rassi’dir, əl-Həsən bin Əli’nin zürriyyətindəndir. Onun şahidliyini qəbul etməli olsaq Əlinin mushafının da Osmanın zamanında yazılmış mushaflarla eyni olduğunu deməliyik. Fərqli tərtib ilə Əliyə nisbət olunan mushafa gəldikdə isə bu barədə yuxarıda təqdim etdiklərimiz qədər güclü tarixi şahidliklər ilə qarşılaşmadıq. Qarşılaşdığımız ən güclü şahidlik Əbut-Tayyib əl-Bəqilləni’nin (950-1013) bu sözləridir: ”Səhabələrdən kimisi mushafın əvvəlini “Oxu! Yaradan Rəbbinin adı ilə oxu!” surəsi ilə başladıb. Bu, əz-Zubeyr bin Abdullah bin əz-Zubeyr’in Ziyad əl-Əxram’dan rəvayət etdiyinə əsasən Əlinin mushafının başlanğıcıdır. (Ziyad) dedi: “Muhəmməd bin Ömər bin Əli’ni ziyarət etdim. Mənə dedi: ”Ey Ziyad, sənə Əlinin mushafını göstərimmi?” Dedi: “Gördüm və başlanğıcında “Oxu! Yaradan Rəbbinin adı ilə oxu!” surəsi gəlirdi.” [12] Muhəmməd bin Ömər bin Əli isə Əlinin nəvələrindən biridir. Ziyad əl-Əxram isə məchuldur, haqqında tabaqat və təracim kitablarında bir hərf belə yoxdur. Lakin çox təəssüflər olsun ki, bu xəbər daha sonra bir çox sünnət əhli kitabında təkrar-təkrar zikr olunub.

Tarixi qaynaqlarda Əliyə xas mushafda xüsusi tərtiblə Quranın cəm olduğuna dair sağlam bir sübutla rastlaşa bilmədik. Şiə kitablarında keçən iddia özü də ziddiyyətlidir. Əgər Əli Quranı nazil olma tərtibinə görə toplamışdısa o zaman Quranın surələri indi əlimizdə olduğu kimi görünməməli idi, çünki bəzi mədəni surələrdə məkki ayələr olduğu kimi məkki surələrdə mədəni ayələr də vardır. Bir kimsə Quranı nazil olma tərtibinə görə cəm etmək istəsə gərək bildiyimiz surələri tamamilə dəyişə və ümumiyyətlə heç bir surə mövcud ola bilməz. Çünki Qurandan bildiyimiz surələrin hər biri ayələrin tərtibi baxımından peyğəmbərin – aleyhissalətu vassələm – göstərişinə uyğun olaraq tərtib olunub və bu tərtib nüzul olma xronologiyasına tabe deyil. O zaman rahatlıqla deyə bilərik ki, şiələrin iddia etdikləri kimi Quranı nüzul olma tərtibinə görə, yaxud da nasixi və mənsuxu ilə cəm etmək peyğəmbərin – aleyhissalətu vassələm – əhdinə müxalifdir. Əli bin Əbi Talib – kərraməllahu vachəhu – kimi bir səhabə belə bir iş etməz. Üstəlik surələrin içindəki ayə tərtibini Quranın ecazından kənar şəkildə ələ almaq mümkün deyildir, çünki Quran məhz o tərtib ilə birlikdə bir möcüzədir. Belə bir tərtibi pozmaq Qurana qarşı həddi aşmaqdır. Tarix kitablarında Əlinin mushafının “Aləq” surəsi ilə başlaması haqqında məlumatların heç birinin sənədi yoxdur, ona görə də etimad olunmaz. Şiələrin üsulu mədrəsəsinin ən böyük nümayəndələri də buna müvafiq rəy bildiriblər. Onların başında əş-Şərif əl-Murtəda əl-Musəvi “əz-Zəxira” kitabında yazır ki, “... əlimizdəki Quranın məhz peyğəmbərin – aleyhissələm - əli ilə ortaya çıxmış olması haqqındakı biliklərimiz ölkələr, böyük hadisələr, məşhur kitablar və şerlər haqqında biliklərimiz kimi (qəti)dir.” Daha sonra deyir: “Göstərdiyimiz yerdə izah etdik ki, Quran peyğəmbərin – salləllahu aleyhi va əlihi – zamanında indi olduğu kimi toplanmışdı...” və əlavə edir ki, “bu məsələdə imami şiələrdən və həşəvilərdən buna müxalif olanların müxalifəti diqqətə alınmaz.” [13] əl-Fədl bin əl-Həsən ət-Tabərsi təfsirində əl-Murtəda’nın sözlərinə yer verir və bununla razılaşır. [14] Əgər əl-Murtəda öz dediklərində haqlıdırsa o zaman əlimizdəki Quranın həm ayə, həm də surə tərtibi ilə peyğəmbərin – aleyhissalətu vassələm – zamanındakı eyni olmalıdır, o zaman Əlinin öz mushafında surələrin yerini dəyişdirməsinə nə ehtiyac var idi?!

____________________________________

[1] İbn Əbi Davud, “əl-Məsahif”, səh: 59; əl-Faruq əl-Hədisə, Qahirə, 2002

[2] İbn Kəsir, “Təfsir İbn Kəsir”, 1/33; Dar Taybə, Riyad, 1999

[3] İbn Həcər, ”Fəthul-Bari”, 9/13; Darul-Mərifə, Beyrut, 1379

[4] İbn Sad, “ət-Tabəqat əl-Kubra”, 2/338; Dar Sadir, Beyrut, 1968

[5] əs-Suyuti, ”əl-İtqan fi Ulumil-Quran”, 1/204; əl-Heyətul-Misriyyə əl-Ammətu lil-Kitəb, Qahirə, 1974

[6] İbn Əbi Davud, ”əl-Məsahif”, səh: 49; əl-Faruq əl-Hədisə, Qahirə, 2002

[7] ”Kitəb Suleym bin Qeys əl-Hiləli”, səh: 146; Mətbəətul-Hədi, Qum, 1420

[8] əl-Bəhbudi, ”Mərifətul-Hədis”, səh: 359-364; Dar əl-Hədi, Beyrut, 1427;

[9] əl-Mufid, ”Təshih İtiqadət əl-İməmiyyə”, səh: 149; əl-Mutəmər əl-Ali, 1413

[10] İbn Nədim, “Kitəb əl-Fihrist”, səh: 44; Dar əl-Kutub əl-İlmiyyə, Beyrut, 1994

[11] Adnan Zərzur, ”əl-Həkim əl-Cuşəmi va Minhəcuhu fi Təfsir əl-Quran”, səh: 416; Muəssəsə ər-Risələ, Beyrut

[12] əl-Bəqilləni, ”əl-İntisar lil-Quran”, 1/278; Dar əl-Fəth, Amman, 2001

[13] əl-Murtəda, “əz-Zəxira fi İlmil-Kələm”, səh: 362-363; Muəssəsətun-Nəşr əl-İsləmi, Qum, 1431;

[14] ət-Tabərsi, “Məcmə əl-Bəyan fi Təfsir əl-Quran”, 1/ 14-15; Darul-Ulum, Beyrut, 1426;

Read 2 times
In order to make a comment, please login or register