Ənam surəsi 59-cu ayətin təfsiri

وَعِندَهُۥ مَفَاتِحُ ٱلْغَيْبِ لَا يَعْلَمُهَآ إِلَّا هُوَ ۚ وَيَعْلَمُ مَا فِى ٱلْبَرِّ وَٱلْبَحْرِ ۚ وَمَا تَسْقُطُ مِن وَرَقَةٍ إِلَّا يَعْلَمُهَا وَلَا حَبَّةٍ فِى ظُلُمَـٰتِ ٱلْأَرْضِ وَلَا رَطْبٍ وَلَا يَابِسٍ إِلَّا فِى كِتَـٰبٍ مُّبِينٍ

"Qeybin açarları Onun yanındadır, Onları yalnız O bilir. O, quruda və dənizdə nələr olduğunu bilir. Onun xəbəri olmadan yerə düşən bir yarpaq belə yoxdur. Yerin qaranlıqlarında elə bir toxum, elə bir yaş və elə bir quru şey yoxdur ki, açıq-aydın bir kitabda olmasın." (Ənam/59)

--------------------------------------

Təfsiri:

Bu ayətlə bağlı, bir neçə məsələ vardır:

✓ Birinci məsələ:

"Məfatih" kəliməsi, "miftah" və ya "məftah" kəliməsinin cəmidir:

~ "Miftah" kəliməsi: "özü ilə qıfılın açıldığı şey (açar)" mənasındadır.

~ "Məftah" kəliməsi isə: "bir şeyin gizlədilib saxlanıldığı yer (xəzinə)" mənasındadır. Hər bir növ əşyanın saxlandığı yerə, "məftah" deyilir.

Fərra, Allah Taala'nın:

...وَءَاتَيْنَـٰهُ مِنَ ٱلْكُنُوزِ مَآ إِنَّ مَفَاتِحَهُۥ لَتَنُوٓأُ بِٱلْعُصْبَةِ أُو۟لِى ٱلْقُوَّةِ...

"...Biz ona (Qaruna) elə xəzinələr vermişdik ki, onların açarlarını daşımaq bir dəstə qüvvətli adama ağır gəlirdi..." (Qasas/76)

ayətindəki "açarlar" kəliməsinə, "onun xəzinələri" mənasını vermişdir.

Bundan dolayı, ayətdə keçən "məfatih" kəliməsindən, "açarlar" mənası və ya "xəzinələr" mənası murad edilmiş ola bilər.

~ Birincisinə görə, Allah Taala, "qeybin açarları" ifadəsini, məcazi olaraq istifadə etmişdir. Çünki "açarlar" sayəsində, qıfıllar ilə qorunmuş xəzinələrdəki şeylər əldə edilir. O halda, açarları və bunların qıfılları açmaqda necə istifadə edə biləcəyini bilən kimsənin, o açarlar sayəsində, xəzinələrdə mövcud olan şeylərə çatması və əldə etməsi mümkündür. Burda da belədir. Haqq Taala hər şeyi bilincə, hər şeyi bildiyini, ayətdəki ifadə ilə açıqlamışdır.

~ Bu kəlimənin ikinci mənasına görə, bu ifadə ilə, Allahın bütün mümkinata qadir olduğu mənası qəsd edilmişdir. Necə ki, bu xüsus, Haqq Taala'nın:

وَإِن مِّن شَىْءٍ إِلَّا عِندَنَا خَزَآئِنُهُۥ وَمَا نُنَزِّلُهُۥٓ إِلَّا بِقَدَرٍ مَّعْلُومٍ

"Elə bir şey yoxdur ki, onun xəzinələri Bizdə olmasın. Biz onu ancaq müəyyən ölçüdə endiririk." (Hicr/21)

ayətində bildirilmişdir.

-----------------------------------

İslam filosoflarının bu ayəti təfsirləri:

Hükəma'nın (filosofların) bu ayətin təfsiri xüsusunda, öz prinsiplərinə əsaslandıqları fərqli bir izahları vardır. Onlar, belə deyirlər:

"İllət"i (səbəbi) bilməyin, "mə'lul"u (nəticəni) bilməyin yolu olduğu; "mə'lul"u (nəticəni) bilməyin isə, "illət"i (səbəbi) bilməyin yolu OLMADIĞI sabitdir. Bu, sabit olunca, biz deyirik ki:

Mövcud olan şeylər:

~ ya zatı gərəyi "vacib";

~ya da zatı gərəyi "mümkin" (varlığı və yoxluğu, yəni varlıq meydanına çıxması və ya yoxluqda qalması imkan daxilində olan şeylər)'dirlər.

Zatı gərəyi vacib olan, sadəcə Allah Taaladır. Allahın xaricindəki hər şey, "mümkin li zatihi"dir. Zatı gərəyi mümkin olanlar, ancaq "Vacib li zatihi"nin (varlığı zəruri olanın) təsiri və var etməsilə var olurlar.

O halda, Haqq Taala xaricindəki hər şey, Onun var etməsilə var olurlar, meydana gətirməsi ilə meydana gəlmiş olurlar. Bu var olma da:

~ ya vasitəsiz;

~ ya tək bir vasitə ilə;

~ ya da Allah qatından bir tərtib ilə gələn bir çox vasitə ilə

olur. Bu, sabit olunca, biz deyirik ki:

Allah'ın Öz Zatını bilməsi, Özündən sadir olan (meydana gələn) ilk təsirini bilməsini gərəkdirir. Onun ilk təsirini bilməsi də ---> ikinci təsirini bilməyi gərəkdirir. Çünki ilk təsir, ikinci təsirin yaxın illətidir. Necə ki, biz, "illət"i bilməyin, "mə'lulu" bilməyi gərəkdirdiyini söyləmişdik. Bax bununla ortaya çıxır ki, qeybi bilmək, ancaq Haqq Taalanın, Öz xüsusi zatını bilməsidir.

Sonra Allahın Öz Zatını bilməsi, mötəbər sıraya görə, Zatından sadir olan təsirləri bilməsini doğurur. Allahın Öz Zatını bilməsi, ancaq Zatı üçün olunca:

'Qeybin açarları, Onun yanındadır.'

deyilməsi doğru olur."

Bax bu, hükəma'nın (İslam filosoflarının), öz metodlarına görə, ayəti təfsirləridir.

-----------------------------------

Quran üslubunun xüsusiyyəti (Mücərrəd olan şeyi, müşəxxəs/konkret, tərif edilə bilən qılma xüsusiyyəti)

Sonra bil ki, burda, belə bir başqa cür incəlik daha vardır:

Sırf əqli olan qəziyyələrin (hökmlərin), tam və mükəmməl bir şəkildə bilinməsi, çox çətindir. Ancaq maddi və xəyali qəziyyələrdən üz çevirib, sırf əqli şeylərlə zehnən məşğul olan, bu alışqanlığa sahib olan və bunu daim edən kamil ağıl sahibləri üçün, hal belə deyildir. Belə insanlar, çox nadirdir.

Ayətdəki:

"Qeybin açarları, Onun yanındadır. Onları yalnız O bilir."

ifadəsi, mücərrəd, sırf əqli bir qəziyyədir. Bundan dolayı, ağlı bu qəziyyənin (hökmün, cümlənin) mənasını yaxşı başa düşüb əhatə edə biləcək insanlar, həqiqətən çox nadirdir. Halbuki Quran, insanlar özündən istifadə etsin, başa düşsünlər deyə endirilmişdir.

Burda başqa bir izah da budur:

Sırf əqli olan bir qəziyyəni söyləyən, bu qəziyyəni hər kəsin anlamasını istədiyi vaxt, əqli olan bu qəziyyə, maddi olan bir misalın köməyilə, hər kəscə anlaşıla biləcək bir hala gəlsin deyə, o əqli və külli qəziyyənin hökmünə daxil olan bəzi maddi (görülən-bilinən) misallar gətirir. Bax bu ayətdə də, bu üsula görə gəlmişdir. Çünki Allah Taala, ilk əvvəl:

"Qeybin açarları, Onun yanındadır. Onları yalnız O bilir."

buyurmuş, sonra da, sırf əqli və külli olan bu qəziyyəni, maddi və cüzi olan bir qəziyyə ilə təkid edərək (qüvvətləndirərək),

"...quruda və dənizdə nə varsa, hamısını O bilir..."

buyurmuşdur.

Bu, belədir. Çünki Allahın bildiyi şeylərdən bir qismi də, quruda və dənizdə yaşayanlardır. Hislər və xəyal, quru və dənizin böyüklüyünü bilir.

Bax bu səbəblə, Allah, əqli olan bu şeyin, həqiqi böyüklüyünü ortaya qoymaq üçün, maddi olan (yəni görülən-bilinən) bu şeylərdən bəhs etmişdir.

-------------------------------------

Quru ilə dənizin müqayisəsi:

Burda, başqa bir incəlik daha vardır:

Allah Taala, ayətdə ilk əvvəl "quru"nu zikr etmişdir. Çünki insan, yer üzünün hallarını və orda mövcud olan bir çox şəhər, kənd, ovalıq, səhra, dağ, təpə ilə canlılar, bitkilər və mədənləri görür, bilir. Dənizə gəlincə isə, insan ağlı, onun hallarının çox azını görüb bilə bilir.

Lakin hislərimiz az da olsa:

~ dənizin qeyr-i adi hallarının daha çox;

~ eninin-uzunluğunun daha böyük; və

~ ondakı canlılar ilə fərqli varlıqların daha heyrət verici olduğunu

idrak edir. Bundan dolayı, xəyalımız, qurunun və dənizlərin hallarını bu şəkildə zehində toplayıb, sonra da bunların ikisinin cəminin, Haqq Taalanın:

"Qeybin açarları, Onun yanındadır. Onları yalnız O bilir."

ifadəsinin hökmünə girən şeylərə nəzərən, əhəmiyyətsiz olduğunu başa düşüncə, bax insanların görüb-bildiyi bu maddi misal:

"Qeybin açarları, Onun yanındadır. Onları yalnız O bilir."

ayətinin hökmündəki böyüklüyü təkid edici/qüvvətləndirici və tamamlayıcı olur. --->

Sonra Haqq Taala, quru və dənizdəki şeyləri zikr etmək surətilə,

"Qeybin açarları, Onun yanındadır. Onları yalnız O bilir."

ayətinin ifadə etdiyi şeyin böyüklüyünü ortaya qoyduğu kimi;

QURU VƏ DƏNİZİN BÖYÜKLÜYÜNÜ DƏ:

"...Onun elmi xaricində (xəbəri olmadan), bir yarpaq belə düşməz..."

ifadəsilə ortaya qoymuşdur.

Bu, belədir. Çünki insanın ağlı, yer üzündə olan şəhərlər, kəndlər, səhralar, dağlar və təpələr kimi hər şeyi zehində toplayıb sonra da ---> yer üzünün bütün otları və ağaclarının nə qədər olduğunu və hər bir yarpağın halının dəyişməsini, Allahın bildiyini düşünər. (Haşiyə)

-------------------------------------

(Haşiyə:

Yarpaqlardakı hikmətə dair, ibnu'l-Qayyim əl-Cevziyyə, "Miftah-u Dari's-Saadə" (Səadət yurdunun açarı" əsərində belə deyir:

"...Yarpaqların yaradılış hikməti üzərində də təfəkkür edək. Tək bir yarpaqda, görənlərin gözlərini qamaşdıracaq, ətrafa dağılmış bir şəkildə uzanmış bir çox damarın olduğunu görürük. Bu damarların bəziləri qalındır, eninə və yuxarı doğru uzanır. Bəziləri də incədir və bunların bu qalın damarlar arasında heyrət verici bir şəkildə, ola bildiyi qədər, incə bir şəkildə toxunmuş olduğu görülür.

Əgər bu, insanların əlləri ilə düzəltdikləri sənətlərdən biri olsaydı, bir il boyunca, tək bir yarpaq belə düzəldə bilməzdilər. Bunu edə bilmək üçün də, bir çox alətə, fərqli hərəkətə və işə ehtiyac duyardılar. Bütün bunları gerçəkləşdirəcək gücləri də olmazdı.

Bax hər şeyi bilən O uca Yaradan, bir neçə gün içərisində, bu növdən varlıqları ətrafa elə bir şəkildə yaymaqdadır ki, ovası ilə, dağları ilə, yer üzünün bütününü doldurmaqda və bunun üçün, ayrı bir vasitəyə, köməkçiyə və hər hansı bir işə ehtiyacı olmamaqdadır.

Sadəcə Onun hər şeydə reallaşan iradəsi və heç bir şeyin özünə qarşı gələ bilmədiyi qüdrəti ilə ortaya çıxmaqdadır.

إِنَّمَآ أَمْرُهُۥٓ إِذَآ أَرَادَ شَيْـًٔا أَن يَقُولَ لَهُۥ كُن فَيَكُونُ

"Bir şeyi yaratmaq istədikdə, ona təkcə: “Ol!” deyər, o da olar." (Yasin/82)

~ İndi bir yarpağın hər tərəfinə dağılmış olan o damarlardakı hikmət üzərində düşünək. Bu damarların yarpaq içində yayılmalarının səbəbi: onun su ehtiyacını qarşılayıb lazımi yardımı ona (yarpağa) çatdırması, beləliklə də, (yarpağın) həyatını (yəni diriliyini) və parlaqlığını qorumasını təmin etməkdir. Onun bu damarları isə, insanların bədənlərində mövcud olan və qidanı bədənin hər tərəfinə çatdıran, hər tərəfə yayılmış olan damarlar kimidir.

~ İndi qalın damarların, yarpağın sağlamlığını və mətanətini necə qoruduğunu, onu parçalanıb dağılmaqdan necə mühafizə etdiyini düşünək. Bu yönü ilə, bu damarlar, canlıların bədənlərindəki sinirlər məsabəsindədirlər. Bunların son dərəcə sağlam bir şəkildə yaradıldığını və damarların eninə və boyuna doğru uzadılaraq, beləliklə bir-birilərinə sağlam bir şəkildə sarılmalarını təmin etdiyini və dağılmağa məruz qalmalarına necə əngəl olduğunu görürük.

~ Digər tərəfdən, yarpaqların:

• ağaclar üçün bir zinət və bir örtü;

• meyvələr və məhsullar üçün də, bir libas və kamilləşmələrini əngəlləyən fərqli afət və xəstəliklərə qarşı bir qoruyucu

qılınmasındakı Lətif (fellərini yumşaqlıqla gerçəkləşdirən, qullarına mərhəmət edən, yaradılmışların ehtiyaclarını, ən incə nöqtəsinə qədər bilib, sezilməz yollarla qarşılayan, Zatı hislərlə idrak edilə bilməyən, gizli və incə xüsusları belə bilən) və Xabir (hər şeydən xəbərdar) olan Allahın hikmətini də, bir düşünək.

Bundan dolayı, ağacın yarpaqları soyulacaq olarsa, ağacın meyvəsi xarab olar, ondan istifadə edilə bilməz hala gələr.

~ Eyni zamanda, yarpaqların, gücsüz meyvənin yetişdiyi yeri qorumaq üzərə necə yaradılmış olduğuna da diqqət edək. Meyvə qalxınca, yarpaq, o gücsüz budaqları, istiliyə qarşı qorumaq üzərə qalır. Nəhayət, o istilər çəkilib ağacın yarpaqlarının tökülüb çılpaq qalması ona zərər verməyəcək hala gəlincə, bu səfər, o yarpaqları ağacdan alır. Beləliklə, daha sonralar, gözəl, yeni bir libasa bürünür.

Bu yarpaqların hara düşdüklərini və hardan çıxdıqlarını bilən aləmlərin Rəbbi olan Allahın şanı, nə mübarəkdir! Bunlardan heç biri, Onun icazəsi olmadan, nə yetişər, nə də Onun elmi olmadan düşər.

İbnu'l-Qayyimin sözü, burda bitir.

Fənni məlumatlara da qısaca yer verək:

Payızda yarpaqların bir-bir töküldüyünü gördüyümüzdə, bəsit bir təbiət hadisəsi deyə keçib gedirik. Halbuki bir yarpağın budağından qopub yerə düşməsi, onun bahardakı təşəkkülü qədər, elmi və qanuni bir çox bio kimyəvi hadisələrin nəticəsidir.

Bu mövzu, bitki fiziologiyasında, başlı-başına bir incələmə mövzusudur və burda cərəyan edən bio kimyəvi hadisələr, bütün detalları ilə bilinməməkdədir. Bir yarpağın budağından qopuncaya qədər keçirdiyi bu mərhələləri, belə sıralaya bilərik:

Payız gəldiyində, mövsüm səbəbilə ətraf mühit şərtlərində meydana gələn dəyişmələr (günlərin qısalması, istiliyin azalması və s. kimi), yarpaqlardakı hormon balansına təsir etməkdədir. Məsələn:

~ böyüməyi təşviq edici oksin və sitokinin qrupu hormonların miqdarları, yarpaqda azalarkən;

~ absisik asid və etilen kimi əngəlləyici hormonların miqdarları, tədricən artır.

Halbuki bu hal, bahar və yay mövsümlərində, əksinədir.

Payızda əngəlləyici hormonlardan (xüsusən) absisik asid, yarpaqdakı mezofil hüceyrələrin gen mərkzlərinə təsir edəcək proteaz, RNaz və klorofillaz kimi parçalayıcı enzimlərin sintezini təşviq edir.

Bu enzimlər də, sırası ilə, protein, RNA və yarpağa yaşıl rəngi verən klorodil molekullarını parçalayırlar. Beləcə, yarpaqlar, yaşıllığını itirərək, yavaş-yavaş solub, hüceyrələrindəki parçalayıcı enzimlərcə parçalanan qida maddələri, yarpaq sapından keçərək, bitkinin kök və gövdəsindəki parankima hüceyrələrində depolanırlar.

Bunun sayəsində, yarpaqdakı qida maddələri, israf edilməzkən, maksimum təsərrüf əsaslarına tabe olunmuş olur. Çünki baharda yarpaqlar yenidən təşəkkül edərkən depolanan bu maddələr, enerji qaynağı olaraq təkrar istifadə ediləcəklər.

Qida maddələrinin gövdəyə daşınmasından sonra, yarpaqdakı hormonlar da, yarpaq sapına gedərək, sapın gövdəyə yaxın bir yerində "yarpaq tökülməsi" təbəqəsinin təşəkkülünə səbəb olurlar.

Burdakı hüceyrələrdə absisik asid və etilen hormonları, sellulaz və pektinaz enzimlərinin sintezini təşviq edirlər. Bu enzimlər də, hüceyrə arasındakı rabitənin yavaş-yavaş ayrılmalarına səbəb olurlar. Bu ayrılma, ilk əvvəl, sapın xarici qisimlərində başlayıb içəri doğru davam edir. Sadəcə ən daxili qisimdə, yarpağa su gətirən odun boruları qalır. Bunlar da, cansız və çox incə olduqlarından, xəfif bir külək və yağış damcısı kimi kiçik bir xarici təsirə məruz qalan yarpaq, asanca qopur və yerə düşür.

Yarpaq yerə düşdüyündə, orqanizmində çox az miqdarda qida maddəsi qalır. Bunlar da, torpaqdakı mikro orqanizmlər tərəfindən parçalanaraq, gübrə halına gətirilirlər. Yarpağın qopduğu yerdə, yeni hüceyrələr meydama gələrək, burdakı açıqlıq bir döjənək/qabarla, yenidən örtülür. Bu qabar, bitkinin su itirməsini əngəlləyir. Bununla bərabər, fərqli xarici təsirlərdən məsələn:

~ qışın soyuğundan;

~ havadakı zərərli qazlardan; və ya

~ bakteriya və mantarlar kimi patogenlərdən,

bitkinin qorunmasını təmin edir.

Bura qədər mücməl şəkildə açıqladığımız bu qeyr-i adi sistemi yarpaqlara yerləşdirən qüdrət, göndərdiyi kitabında:

"...Onun xəbəri olmadan yerə düşən bir yarpaq belə yoxdur..."

deyə xitab edərək, bu xüsusda diqqətimizi çəkən və bir yarpağın belə Öz elmi xaricində tökülmədiyini xatırladan Rəbbimizdən başqa kimə aid ola bilər?

Dəyərli oxuyucu, yaradan Allahdan başqası (yəni təbiət qanunları və səbəblər)'dirsə, onlar, yarpaqların (ağac və meyvə üçün) necə fayda hasil edəcəyini bilirlərmi? Yəni onlarda bunu görəcək göz, biləcək ağıl vardırmı? Deyilsə, bu hikmətli yaradılış və fəaliyyət, Lətif və Xabir olan Allahdan xəbər vermirmi?! Onun varlığına, birliyinə, hər şeyə hakim olduğuna şəhadət etmirmi?!)

-----------------------------------

İmam Razi, daha sonra belə davam edir:

...Sonra da bu misaldan, halı daha qüvvətli olana keçər. O da, Haqq Taalanın:

"...yerin qaranlıqları içindəki tək bir toxum..."

ifadəsilə anlatdığı xüsusdur. Çünki toxum, son dərəcə kiçikdir. Yerin qaranlıqları isə, o qədər böyük cisimlərin belə gizlənə biləcəkləri bir yerdir.

Bundan dolayı, insan, o qədər genişliyinə və böyüklüyünə rəğmən, o yer üzünün qaranlıqları içinə atılmış bu kiçik toxumun belə, Allahın elminin qətiliklə xaricində qalmadığını eşidincə, bax bu misallar, Allah Taalanın:

"Qeybin açarları, Onun yanındadır. Ondan başqası bunları bilməz..."

ifadəsilə işarət etdiyi xüsusun, nə qədər böyük və uca olduğuna diqqət çəkmiş olur.

Çünki ağıllar, bu xüsusda heyrətə düşür; fikirlər və qəlblər, bu əsaslara çatmaqdan və onları tam olaraq başa düşməkdən aciz qalır.

Sonra Allah Taala, sırf əqli olan bu qəziyyəni (hökmü), o maddi cüzi (görünən-bilinən) şeyləri zikr etmək surətilə qüvvətləndirincə, bunların ardından, o sırf əqli olan qəziyyəni, başqa bir ibarə ilə yenidən zikr edərək:

"...elə bir yaş və elə bir quru şey yoxdur ki, açıq-aydın bir kitabda olmasın."

buyurmuşdur, ki, bu, Haqq Taalanın:

"Qeybin açarları, Onun yanındadır. Ondan başqası, bunları bilməz."

buyruğu ilə bildirdiyi şeylərin eynisidir.

Bax bu qiymətli ayətin təfsiri xüsusunda düşünə bildiyimiz şeylər, bunlardır. Müvəffəqiyyət, Allahdandır.

--------------------------------------

✓ İkinci məsələ:

Kəlam alimləri:

"Allah Taala, cövhərlərilə, arazları ilə, bu aləmin ən sağlam bir şəkildə Yaradanıdır. Belə olan bir Varlıq, bunları bilər. Bundan dolayı, Allah Taalanın, bütün bu cövhər və arazları bilməsi lazımdır." demişlərdir.

Filosoflar isə:

"Allah Taala, bütün mümkinatın məbdəidir (başlanğıcıdır). Məbdəni bilmək, (yaratmış olduğu) əsəri bilməyi gərəkdirir. Bundan dolayı, Haqq Taalanın, hər şeyi bilməsi lazımdır." demişlərdir.

Bil ki, bu söz, Allah Taalanın, zamani (zamana aid) olan hər cür cüziyyatı bildiyini göstərən, ən qüvvətli dəlillərdəndir. Çünki Allah Taalanın, Öz zatı xaricindəki hər şeyin məbdəsi olması lazımdır. Bundan dolayı, Onun, bunların dəyişkən və zamana aid olmaları cəhətindən də, bu dəyişiklikləri və zamani olan şeyləri, bilməsi lazımdır. Ki, əldə etmək istədiyimiz nəticə də, budur.

-----------------------------------------

✓ Üçüncü məsələ:

Allah Taalanın:

"Qeybin açarları, Onun yanındadır. Ondan başqası, bunları bilməz..."

buyuruğu, Onun, ziddən və bənzəri olmaqdan münəzzəh olduğunu göstərir.

Bunu, bu şəkildə izah edə bilərik:

"Qeybin açarları, Onun yanındadır." cümləsi, "hasr" ifadə edir. Yəni,

"Başqasının deyil, ancaq Onun yanındadır." deməkdir.

Bundan dolayı, əgər "Vacibu'l-Vücud"/Varlığı zəruri olan, olmaması düşünülə bilməyən başqa bir varlıq daha olsaydı, o vaxt, "Qeybin açarları", onun yanında da mövcud olardı. Bu halda da, "hasr" mənası batil olar, pozulardı. Həm ayətin ləfzi, bu tövhidə, təkliyə dəlalət etdiyi kimi, əqli dəlil də, buna müvafiqdir.

Əqli dəlilin izahı da, belədir:

Əsərlərin, nəticələrin və sənətlərin biliyini əldə etməyin başlanğıcı, "Müəssir"i/təsir edəni bilməkdir. Halbuki hər cür mümkinat haqqında ilk Müəssir, Haqq Taaladır. O halda, bütün məlumatı bilməyin ilk açarı, Allah Taalanı bilmək, tanımaqdır. Ancaq nə var ki, Onu bilmək, ancaq Ondan ötürüdür. Çünki Onun xaricində qalan hər şey, əsərdir. Əsəri bilmək isə, Müəssiri bilməyi ifadə etməz.

Bundan dolayı, bu əqli dəlil də, qeybin açarlarının, ancaq Haqq Taala'nın yanında olduğu ortaya çıxar. Allah, ən gözəl biləndir.

-----------------------------------

✓ Beşinci məsələ:

"...elə bir yaş və elə bir quru şey yoxdur ki, açıq-aydın bir kitabda olmasın."

ifadəsi haqqında da, bu 2 açıqlama verilmişdir:

a. Bu "kitabi'n-mübin"/açıq-aydın bir kitab, Allahın elmi olub, başqa bir şey deyildir...Doğru olan da, budur.

b. Zəccac, belə deyir:

"Allah Taalanın, məxluqları yaratmadan əvvəl, məlumat/bilinəcək şeylərin keyfiyyətini bir kitabda yazıb təsbit etmiş olması, caizdir...

Necə ki, O:

"Yerdə və nəfisləriniz haqqında meydana gələn hər müsibət, onu yaratmağımızdan əvvəl, mütləq, bir kitabda (təsbit edilmişdir)." (Hədid/22) buyurmuşdur.

Bu yazı və təsbitin faydaları, bunlardır:

1. Allah, bu halları, Lövh-i Məhfuza, mələklərin:

~ Allahın elminin, məlumata nüfuz etdiyinə;

~ yerdə və göydə heç bir şeyin Onun elmi xaricində olmadığına

vaqif olmaları üçün qeyd etmişdir.

Beləcə, bu xüsusda, Lövh-i Məhfuz üçün müəkkəl/vəzifələndirilmiş olan mələklər haqqında, tam və mükəmməl bir ibrət yer alır. Çünki bu mələklər, bu aləmin səhifələrində meydana gələcək şeyləri, bu kitabla qarşılaşdırırlar, beləcə də, bunların Lövh-i Məhfuz'dakı qeydlərə müvafiq olduğunu görürlər.

2. Belə də deyilə bilər:

Allah Taala, mükəlləflərin (insanlar və cinlərin) diqqətini, hesab işinə yönəltmək və onların bu dünyada etmiş olduqları heç bir şeyin, Allahın əlindən qurtula bilməyəcəyini bildirmək üçün, burda yarpaqdan və toxumlardan bəhs etmişdir...

Çünki O, haqlarında hər hansı bir mükafat, hər hansı bir cəza və hər hansı bir mükəlləfiyyətin bəhs mövzusu olmadığı şeyləri (yarpaq, toxum kimi şeylərdən bəhs etməyi) ehmal etməyincə, savab və cəza ehtiva edən halları (insanların əməllərini) ehmal etməməsi, daha əvladır...

3. Uca Allah, bütün mövcudatın hallarını bilir. Bundan dolayı, Onun elminin müqtəzası/gərəyi xaricinə çıxmaları, imkansızdır...Əks halda, Allahın cahil olması lazım gəlir.

Bundan dolayı, Allah Taala, bütün mövcudatın hallarını, detallı bir şəkildə bu kitabda qeyd edincə, bu halları dəyişdirmək, imkansız olur. Əks halda, Allahın yalan söyləmiş olması lazım gəlir.

Bundan dolayı, bütün bu halların bu kitabda qeyd edilməsi, sonraya qalan şeyin əvvələ alınmasının; əvvələ keçən şeyin də, sonraya qalmasının imkansızlığı xüsusunda, tam və mükəmməl bir səbəb olmuş olur. Necə ki, Peyğmbər (sallallahu aleyhi və səlləm):

"Qələm, Qiyamətə qədər olacaq hər şeyi, yazıb qurudu..." (Acluni, "Kəşfu'l-Xafa", 1/332) buyurmuşdur. Allah, ən gözəl biləndir.

(Fəxrəddin ər-Razi, "Məfatihu'l-Ğeyb" təfsiri)

Read 45 times
In order to make a comment, please login or register