Ənam surəsi 75-ci ayətin təfsiri

"Beləcə, Biz, İbrahimə göylərin və yerin mələkutunu göstərirdik ki, yəqinliklə inananlardan olsun." (Ənam/75)

--------------------------------

Təfsiri:

Ayətdəki "kəzəlikə" (beləcə) təbirindəki kəhf hərfi, təşbih üçündür. Bu isə, daha əvvəl keçmiş olan bir qeybə işarətdir. Burda daha əvvəl zikr edilən isə, İbrahim (əleyhissəlam)'ın, bütlərə ibadət etməyi, çirkin saymış olmasıdır. Bu da Onun:

"Doğrusu, səni və qövmünü, açıq bir azğınlıq içərisində görürəm..." ifadəsidir. Buna görə, məna:

"İbrahimə, bütlərə ibadət etməyin çirkinliyini göstərdiyimiz kimi, Ona göylərin və yerin mülkünü də göstəririk..."

şəklində olur.

Burda əqli bir incəlik daha var ki, o da, budur:

Allahın cəlalının nuru, qətiliklə kəsintiyə uğramadan davamlı olaraq parlayar. Bəşəri ruhlar, arada bir pərdənin mövcud olması halı müstəsna, o nurlardan heç məhrum olmazlar. Bu pərdə isə, Allahdan başqası ilə məşğul olmaqdan başqa bir şey deyildir...

Hal belə olunca, bu maneə və pərdələr zail olub ortadan qalxdığı nisbətdə, bu İlahi təcəllilər meydana çıxar. Bundan dolayı, İbrahim (əleyhissəlam)'ın:

"Sən, bütləri ilahmı qəbul edirsən ?" (Ənam/74)

sözü, Allahdan başqasına ibdətlə məşğul olmağın çirkinliyinə bir işarətdir. Çünki Allahın xaricində qalan hər şey, Allahdan uzaq qoyan bir pərdə məsabəsindədir.

Bundan dolayı, o pərdə yox olunca, şübhə yoxdur ki, "göylərin mələkutu" ona tamamilə təcəlli edər.

Bu səbəblə, Allahın:

"Beləcə, biz, İbrahimə, göylərin və yerin mülkünü də göstərirdik..."

buyuruğu,

"Allahdan başqası ilə məşğul olmaq sonlandığında, Allahın cəlalının nuru, ona təcəlli etdi." deməkdir.

Bundan dolayı, Allahın ayətdəki təbiri də, bu şərəfli və ruhani, mənəvi faydanın qaynağı olmuş olur.

--------------------------------------

İkinci məsələ:

Bir kimsə belə deyə bilər:

"Bu göstərmə işi, daha əvvəl də vardı. Bundan dolayı, əvla olan:

'Beləcə, biz İbrahimə göylərin və yerin mələkutunu göstərmişdik...'

deyilməsidir. O halda, daha nəyə görə bu ləfz yerinə:

'Beləcə biz...göstəririk...' deyilmişdir?"

Cavab:

Biz deyirik ki, buna bu şəkillərdə cavab verilə bilər:

a. Ayətin təqdirinin:

"Bax beləcə, biz, İbrahimə, göylərin və yerin mələkutunu göstərirdik..."

şəklində olmasıdır. Beləcə bu ifadə, keçmişin hekayəsi olur. Buna görə, məna da bu şəkildə olur:

"Allah Taala, İbrahimin, haqq dinə son dərəcə bağlılığından dolayı, atası ilə üz-üzə son dərəcə sərt bir şəkildə danışdığını nəql edincə, sanki:

'İbrahim, dini salabət (qatılıq, sağlamlıq) xüsusunda bu üstün dərəcəyə necə çatmışdır?'

deyilmiş, bunun üzərinə də:

'O, ta büluğ yaşına vardığı zamandan bəri, qəti (yəqin) elmə çatanlardan olsun deyə, İbrahimə, uşaqlığından etibarən göylərin və yerin mülkünü göstərirdik...'

şəklində cavab verilmişdir.

b. Bu, əvvəlkindən daha qiymətli bir açıqlama olub, buna görə, biz deyirik ki:

Allahın, İbrahimə göylərin və yerin mələkutunu göstərməsindəki məqsəd, İbrahimin, sırf bu mələkutu görməsi deyildir. Əksinə, bundan məqsəd, Onun o mələkutu görməsi və beləcə, ucalığının və ululuğunun mərifətinə nail olması, çatmasıdır. Halbuki Allahın məxluqatı, hər nə qədər zat və sifətləri cəhətindən sonlu və fani isələr də, bunların zatlara və sifətlərə dəlalət etmə cəhətləri, sonsuzdur...

Atam Şeyx əl-İmam Ömər Ziyauddin (rahiməhullah)'ın belə dediyini eşitdim:

"Mən, şeyx əbu'l-Qasim əl-Ənsari'nin belə dediyini eşitdim:

İmamu'l-Harameyn'in belə dediyini eşitdim:

"Allahın məlumatı sonsuzdur. Onun, o məlumatlardan hər biri haqqındakı məlumatı da sonsuzdur. Bu, belədir, çünki tək bir atom (cövhər-i fərd)'in, bədəliyyət yolu üzərə, sonsuz yerlərdə mövcud olması ve eyni yol üzərə, sonsuz sifətlərlə vəsflənməsi, mümkündür.

Halbuki o təqdir və fərz edilən halların hamısı da, Allahın hikmətinə və qüdrətinə dəlalət etməkdədirlər. Cövhər-i fərd (atom) ilə bölünməyən cüz (parça) belə olunca, Allahın bütün mələkutu haqqındakı söz, necə olar?!

Beləcə, Allahın mülkünün və mələkutunun, Onun cəlalının sifətlərinə, əzəmət və izzətinin əlamətlərinə dəlalətinin sonsuz olduğu sabit olmuş olur.

Halbuki sonsuz olan məlumatların, insanların ağıllarında bir dəfədə olmaları, imkansızdır. O halda, bu məlumatları əldə etməyin yolu, bir sona varmadan, gələcəkdə bu məlumatların bir-biri ardınca meydana gəlməsilə olur..."

Allah ən doğrusunu bilir. Biz bu səbəbdən dolayı, O:

"Beləcə Biz, İbrahimə, göylərin və yerin mələkutunu göstərdik..."

deməmiş, əksinə, O:

"Beləcə Biz, İbrahimə göylərin və yerin mələkutunu göstəririk..."

buyurmuşdur. Ki, bax bu, mühəqqiq alimlərin:

"Allaha doğru yolçuluğun bir nəhayəti vardır; ancaq Allahda yolçuluğun bir sonu yoxdur..."

şəklindəki sözlərindən murad edilən xüsusdur. Allah ən gözəl biləndir.

---------------------------------

"Mələkut" nə deməkdir?

"əl-Mələkut", mülk deməkdir. Sondakı "tə" hərfi, mübaliğə üçün gətirilmişdir.

Bil ki, burdakı "göstərmə" felinin açıqlanması xüsusunda, 2 görüş vardır:

İbrahimə mələkutun göstərilmə keyfiyyəti:

• Birinci görüş: Allah Taala, İbrahimə, "mələkut"u, şəxsən gözü ilə göstərdi.

Bu görüşdə olanlar, sözlərini belə sürdürmüşlərdir:

"Allah, İbrahim üçün, ərş, kürsi və maddə aləminin üstünün özündə sonlandığı yerə qədər olan qismi görsün deyə, səmaları (göyləri);

Yenə maddi aləmin özündə sonlanacağı ən son mərtəbəyə qədər olan yerləri yarıb açdı...

Beləcə, İbrahim (əleyhissəlam), göylərin və yerin içindəki son dərəcə heyrətləndirici və ağıllara durğunluq verən şeyləri gördü..."

İbn Abbas (radiyallahu anh)'ın belə dediyi rəvayət edilmişdir:

"İbrahim (əleyhissəlam), göyə yüksəldilib göydə və yerdə olanları gördüyündə, birini pis bir işlə məşğul olarkən gördü. Beləcə, həm ona, həm də digərinə, həlak olmaqları üçün dua etdi. Bunun üzərinə, Allah Taala, İbrahimə:

'Qullarıma ilişmə, onlar 2 hal arasındadırlar...Mən, onlardan ya təmiz bir zürriyyət xəlq edərəm; yaxud da onlar tövbə edər, Mən də onları bağışlayaram və yaxud da onların arxalarında cəhənnəmi yaradaram...'

demişdir."

Qadı, bu rəvayəti bu cəhətlərdən tənqid etmişdir:

a. Göydəkilər, muqarrəb (Allaha yaxın) mələklərdir. Halbuki onlar, Allaha (günahlarla) üsyan etməzlər. Bundan dolayı:

"İbrahim göyə qaldırıldığında, pis bir iş görən bir qul gördü."

demək, uyğun düşməz.

b. Peyğəmbərlər, Allahın əmri olmadan, günahkar kimsənin həlak olması üçün dua etməzlər. Allah, bu xüsusda, izn verincə də, heç bir şeyin o peyğəmbərin duasının qəbul olunmasına mane olması, caiz olmaz.

c. Bu dua, ya doğru olar və ya yalnış. Əgər doğru olarsa, daha nəyə görə onu ikinci dəfə rədd edir? Əgər yalnış olarsa, nə üçün onu ilk səfərdə qəbul etmişdir?"

Daha sonra Qadı, sözünə belə davam edir:

"Əhəd xəbərlər, əqli dəlillərin xilafına olaraq varid olduqları zaman, o mövzuda təvaqquf etmək" (lehində və ya əleyhində bir şey söyləməmək) gərəkdir."

-------------------------------

İbrahimin "mələkut"u görməsinin ruhani olduğunu söyləyənlər:

• İkinci görüş: Bu göstərmə işi, maddi göz və zahiri hislərlə deyil, bəsirət və ağıl gözü ilə olmuşdur.

Bu görüşü müdafiə edənlər, bu şəkillərdə dəlil gətirmişlərdir:

✓ Birinci dəlil:

Göylərin mələkutu, göyün mülkündən ibarətdir. Halbuki Allahın qüdrəti görülməz, ancaq ağıl ilə anlaşılar. Bu, qəti bir sözdür. Nə var ki,

"göylərin və yerin mələkutu ilə murad edilən, göylərin və yerin şəxsən özləridir."

deyilə bilər. Ancaq belə olması halında da, "mələkut" ləfzi, nəzər-i etibara alınmamış və ondan daha başqa bir məna əldə edilməmiş olar.

✓ İkinci dəlil:

Allah Taala, bu göstərmə işini, ayətin başında, icmal olaraq zikr etmişdir, ki, bu, Onun:

"Beləcə, Biz, İbrahimə göstərirdik..." buyruğudur.

Bundan sonra da, bu göstərmə işini:

فَلَمَّا جَنَّ عَلَيْهِ ٱلَّيْلُ رَءَا كَوْكَبًا...

"Gecənin qaranlığı onu bürüdükdə o, ulduz görüb..." (Ənam/76) ifadəsilə təfsir etmişdir.

Beləcə bu istidlalın zikr edilməsi, o göstərməni şərh və təfsir etmək üçün gətirilmiş olur. Bu səbəblə də, o göstərmə işinin, bax bu istidlaldan ibarət olduğunun söylənməsi gərəkdir.

✓ Üçüncü dəlil:

Allah Taala, sonra da:

وَتِلْكَ حُجَّتُنَآ ءَاتَيْنَـٰهَآ إِبْرَ‌ٰهِيمَ عَلَىٰ قَوْمِهِ...

"Bunlar, öz qövmünə qarşı İbrahimə verdiyimiz dəlillərimizdir..." (Ənam/83) buyurumuşdur.

Halbuki göz ilə görmək, qövmünün əleyhinə bir hüccət ola bilməz. Çünki onlar, bu hüccət göstərilərkən, orada idilər...

Yenə onlar, bu mövzuda, İbrahim (əleyhissəlam)'ı yalanlayırlardı. Onlar, ayrı bir dəlil və çox açıq bir möcüzə olmadan, o iddiada, İbrahimi təsdiq edə bilməzlər.

İbrahimin, ulduzlarla istidlal etmə xüsusunda qövmünə qarşı gətirmiş olduğu bu hüccət, ancaq Quranın açıqlamış olduğu yol ilə olmuşdur. Çünki o dəlillər, İbrahim üçün olduğu qədər, onlar üçün də açıq bəyan idi...

✓ Dördüncü dəlil:

Aləmin bütününü göstərmək, aləmin hər cür mümkinata qadir olan bir İlahının mövcud olduğu xüsusunda, zəruri bir elm/bilgi ifadə edər (qəti olaraq bildirər).

Halbuki belə bir hal səbəbilə insan, mədhə və təzimə haqq qazana bilməz... Kafirlər də axirətdə Allahı zəruri olaraq biləcək və tanıyacaqlar. Halbuki onlar üçün bu tanımadan dolayı bir mükafat və bir tərif bəhs mövzusu deyildir... Ancaq yaradılanların sifətlərilə, bir Yaradıcının varlığı, Onun qüdrət və hikməti xüsusunda istidlal etməyə gəlincə, bax mədhi və təzimi gərəkdirən də, budur.

✓ Beşinci dəlil:

Allah Taala, İbrahim (əleyhissəlam) haqqında:

"Beləcə Biz, İbrahimə, göylərin və yerin mələkutunu göstərirdik..." buyurmuşdur.

Eynilə bunun kimi, bu ümmət haqqında da:

سَنُرِيهِمْ ءَايَـٰتِنَا فِى ٱلْءَافَاقِ وَفِىٓ أَنفُسِهِمْ حَتَّىٰ يَتَبَيَّنَ لَهُمْ أَنَّهُ ٱلْحَقُّ ۗ أَوَلَمْ يَكْفِ بِرَبِّكَ أَنَّهُۥ عَلَىٰ كُلِّ شَىْءٍ شَهِيدٌ

"Quranın haqq olduğu onlara aydın olana qədər, Biz dəlillərimizi onlara həm kainatda, həm də onların öz nəfslərində mütləq göstərəcəyik. Məgər Rəbbinin hər şeyə şahid olması kifayət deyil?" (Fussilət/53) buyurmuşdur.

Bax bu göstərmə işi, maddi gözlə olmayıb qəlb gözü ilə olduğu kimi, İbrahimə göstərilən şeylərin də belə olması, uzaq ehtimal deyildir.

✓ Altıncı dəlil:

İbrahim (əleyhissəlam), ulduz, ay və günəş ilə istidlal etməyi tamamlayınca, bundan sonra:

إِنِّى وَجَّهْتُ وَجْهِىَ لِلَّذِى فَطَرَ ٱلسَّمَـٰوَ‌ٰتِ وَٱلْأَرْضَ حَنِيفًا ۖ وَمَآ أَنَا۠ مِنَ ٱلْمُشْرِكِينَ

"Doğrudan da mən, hənif olaraq üzümü göyləri və yeri yaradana çevirdim. Mən müşriklərdən deyiləm”. (Ənam/79)

demiş, beləcə də, göylərin və yerin, ulduz, ay və günəş haqqında zikr etmiş olduğu dəlildən dolayı, yaradılmış olduqlarına hökm etmişdir.

Əgər bu dəlil, bütün göylər və yer haqqında ümumi olsaydı, o vaxt, ümumi olan hökm, xüsusi bir dəlilə bina edilmiş olardı, ki, bu, yalnışdır...

Beləcə, bu dəlilin, ümumi bir dəlil olduğu sabit olmuş olur və bu səbəblə də, ulduzun, ayın və günəşin zikr edilməsi, "mələkut"un göstərilməsinin bir misalı kimi olmuş olur.

Bundan dolayı, "mələkut"un göstərilməsindən murad olunan:

-Dəyişmələri mümkün və hadis (sonradan yaradılan) varlıq olmaları səbəbilə-

bunların, alim, qadir və hakim (hikmət sahibi)...olan bir İlahın varlığına, necə dəlalət etdiklərini bildirmək olması lazımdır...

Beləcə də, bu göstərmə işi, göz ilə deyil, qəlb ilə olmuş olur.

✓ Yeddinci dəlil:

"Yəqinlik", özündən əvvəl şəkk və şübhə mövcud olduğu zaman, düşünmə və təfəkkür ilə əldə edilmiş olan elmdən ibarətdir. Bundan dolayı, Allah Taala'nın:

"...yəqinliklə inananlardan olması üçün..."

buyuruğu, bu göstərmə işinin, bir məqsəd və qayəsi kimi olmuş olur. Beləcə də, ayətin təqdiri və mənası:

"...qəti elm qazansın deyə, göylərin və yerin mələkutunu göstərirdik..." şəklində olur.

Bundan dolayı, "yəqin", dəlildən əldə edilən elm olunca, bu göstərmənin də, edilən istidlaldan ibarət olması gərəkdir.

✓ Səkkizinci dəlil:

Allah Taalanın bütün məxluqatı, eyni etibarla, Yaradıcının varlığına və qüdrətinə dəlalət etməkdədirlər. Halbuki bu məxluqlar, "muhdəs" (sonradan yaradılmış) və "mümkin" (varlığı və yoxluğu imkan daxilində olan) varlıqlardır. Hər muhdəs, mümkindir. O halda, bu varlıqlar (varlıq meydanına çıxmaq üçün) bir Yaradıcıya möhtacdırlar.

İnsan, bu tək izahı yaxşıca bilib başa düşdüyü zaman, bax bu, o kimsəyə, Yaradıcının varlığı xüsusunda istidlal etməsi (bir dəlilə dayanaraq hökm çıxarması) üçün kifayət edər...

Bundan dolayı, o kimsə, bu 2 müqəddiməni bilməklə, ağlının gözü və ağlının qulağı ilə bütün mələkutun, Başqasına möhtac olduğunu bilmiş olur. Halbuki, burdakı rüyət (görmək feli), qətiliklə zaval tapmayan (sonlanmayan), davamlı bir görmədir.

Sonra bu, insanı, Allahdan uzaq da tutmaz. Əksinə bu, qəlbin və ruhun Allah ilə məşğul olmasını təmin edər.

Maddi gözün görməsinə gəlincə, insanın, bu gözü ilə tək bir baxışla bir çox şeyi bütünü ilə görməsi, mümkün deyildir. Görmürsənmi, yazılmış bir səhifəyə baxan hər kəs, o səhifənin ancaq tək bir kəliməsini mükəmməl və tam olaraq görə bilir?! Əgər onun baxışı, digər bir kəliməyə yönələr, gözü onunla məşğul olarsa, o vaxt da, o, əvvəlki ilk kəliməni idrak etməkdən və görməkdən məhrum olar.

Beləcə, bir çox şeyin bir baxışla görünməsinin mümkün olmadığı sabit olur. Bunun mümkün olduğu fərz edilsə belə, davamlı olmaz. Davamlı olduğu fərz edilsə də, bu, insanı Allahdan uzaq qoyar.

Bax, Allah Taala, Muhamməd (sallallahu aleyhi və səlləm)'i, göz ilə görüşə etibar etmədiyi üçün mədh edərək:

مَا زَاغَ ٱلْبَصَرُ وَمَا طَغَىٰ

"Peyğəmbərin gözü yayınmadı və həddi aşmadı." (Nəcm/17) buyurmuşdur.

Bütün bu dəlillərlə, bu "göstərmə" işinin, maddi göz cəhətdən deyil, ağıl və qəlb cəhətindən olduğu sabit olur.

-----------------------------------

Məzkur (zikr edilən) görməyin ruhani olmasına etiraz:

Əgər:

"Bu açıqlamaya görə, qəlbin görməsi, tövhid əhli olan hər kəs üçün mövcuddur. O halda, hansı səbəbdən dolayı, İbrahim (əleyhissəlam) üçün, belə bir üstünlük səbəbi olmuşdur?"

deyə soruşularsa, belə cavab verərik:

"Bütün tövhid əhli, hər nə qədər bu dəlilin əslini bilirsələr də, bu aləmdəki hər bir məxluqda, cinslərinə, növlərinə, şəxslərinə və hallarına görə, bir İlahi hikmət mövcud olduğundan xəbərdar olmaq, ancaq böyük peyğəmbərlər üçün bəhs mövzusudur.

Bax, bundan ötürüdür ki, Allah rəsulu (sallallahu aleyhi və səlləm), duasında:

"Allahım, bizə hər şeyi, necə varsalar, elə göstər!"

buyurmuşdur. Bundan dolayı, bu müşkil ortadan qalxmış olur. Allah ən doğrusunu bilir...

------------------------------------------

"Yəqin" təbirinin mənası, "Yəqin elmi" nədir?

"Yəqin", düşünmə və təfəkkür səbəbilə, şübhə zail olduqdan sonra hasil olan bir elm (bilgi) mənasındadır. Bax bundan dolayıdır ki, İlahi elm, "yəqini elm" deyə vəsf edilə bilməz. Çünki Allah Taala üçün, elmdən əvvəl bir şübhə bəhs mövzusu deyildir və bu elm, düşünmə və təfəkkür yolu ilə əldə edilməmişdir.

Bil ki, istidlal etdiyi xüsusun başlanğıcında, insanın qəlbi, bəzi cəhətlərdən şəkk və şübhə içindədir. Ancaq dəlillər, yaxşıca çoxalıb hamısı bir-birilə uyğunluq təşkil edib bir-birilərini dəstəklədiklərində, bu hal, o xüsusda, "yəqin"in meydana gəlməsinə səbəb olur.

Bu, bir neçə cəhətdən belədir:

a. Bu dəlillərdən hər birinin bir növ təsiri və gücü vardır. Bu təsir və güc getdikcə artaraq, qətiliklə zirvəyə çatır.

b. Felin çoxca təkrarlanması, bir mələkənin (bacarıq, məharət, ustalığın) meydana gəlməsinə səbəb olur.

Bundan dolayı, fərqli dəlilləri, eyni şeyə dəlil gətirmək, sanki bir dərsi təkrar etmək kimi olur. Çoxca təkrar isə, qəlbdən silinməyəcək çox güclü bir əzbəri təmin etdiyi kimi, burda da eyni şey baş verir.

c. Qəlb, istidlal sırasında (varılacaq nəticə haqqında), bir qaranlıq (yəni qərarsızlıq) içindədir.

Bundan dolayı, qəlbdə ilk dəlil ilə əldə edilən bir inanc meydana gəldiyi zaman, bu istidlalın nuru, qəlbdəki digər sifətlərin qaranlığına qarışır. Beləcə, nur və qaranlığın qarışığı olan o hal səbəbilə, qəlbdə bir şübhə meydana gəlir. İkinci bir istidlal edilincə, bunun nuru (aydınlığı), birinci hala qarışır. Beləcə, get-gedə qəlbin aydınlığı və parlaqlığı tamam olur.

Günəş doğarkən, ilk əvvəl onun işıqları görsənir. Bax bu, sabah vaxtıdır. Eynilə bu şəkildə, ilk istidlal, sabah vaxtı kimi olur. Sonra sabahın aydınlığı, günəşin get-gedə təpə nöqtəsinə yüksəlməsi səbəbilə, davamı artır. Bundan dolayı, günəş təpə nöqtəsinə (zenitə) çatdığında, aydınlıq ən mükəmməl halını alır. İnsan da belədir.

İnsan nə vaxt ki, Allahın məxluqatının mərtəbələrini çoxca düşünər və təfəkkür edərsə, onun mərifət və tövhid nurunun aydınlığı da, o nisbətdə parlaq olar.

Lakin aləmin günəşi ilə elm günəşi arasında, bu fərq vardır:

Aləmin günəşinin yüksəlməsində və işığının çoxalmasında, daha iləriyə keçə bilməyəcəyi bəlli bir sərhədi vardır. Ancaq mərifət, ağıl və tövhid günəşinin yüksəlməsinin bir nəhayəti və işığının artmasının bir sonu yoxdur.

Bax bundan dolayıdır ki, Allah Taala'nın:

"Beləcə Biz, İbrahimə, göylərin və yerin mələkutunu göstərirdik..."

buyuruğu: dəlil və bəyyinələrin mərtəbələrinə;

"Yəqinliklə inananlardan (yəqin elminə çatanlardan olması) üçün..."

ifadəsi də: təcəlli nurları ilə mərifət və tövhid günəşinin aydınlıqlarının dərəcələrinə

bir işarət olmuş olur. Allah ən gözəl biləndir...

(Fəxrəddin ər-Razi, "Təfsiru'l-Kəbir", Ənam/75 təfsiri)

Read 29 times
In order to make a comment, please login or register