Ənam surəsi 92-ci ayətin təfsiri
وَهَـٰذَا كِتَـٰبٌ أَنزَلْنَـٰهُ مُبَارَكٌ مُّصَدِّقُ ٱلَّذِى بَيْنَ يَدَيْهِ وَلِتُنذِرَ أُمَّ ٱلْقُرَىٰ وَمَنْ حَوْلَهَا ۚ وَٱلَّذِينَ يُؤْمِنُونَ بِٱلْءَاخِرَةِ يُؤْمِنُونَ بِهِۦ ۖ وَهُمْ عَلَىٰ صَلَاتِهِمْ يُحَافِظُونَ
Və həzə kitəbun ənzəlnəhu mubərakun musaddiqulləzi bəynə yədəyhi və litunzira ummə'l-qura və mən həvləhə.
Və'l-ləzinə yu'minunə bi'l-əxirati yu'minunə bih.
Və hum, alə salətihim yuhafizun.
"Bu, ümmü'l-Qura (şəhərlər anası olan Məkkə)'ni və onun ətrafındakıları qorxutmaq üçün nazil etdiyimiz, özündən əvvəlkiləri təsdiq edən mübarək bir Kitabdır. Axirətə inananlar, Ona da inanırlar. Onlar, namazlarına davam edərlər." (Ənam/92)
----------------------------------
Təfsiri:
Bil ki, Allah Taala, "Onlar: 'Allah, insana, heç bir şey nazil etməmişdir..." (Ənam/91) deyən kimsənin sözünün yalnışlığını dəlillərlə göstərincə, bunun ardından, Quranın, Allahın kitabı olduğunu; və Onu, Muhamməd (sallallahu aleyhi və səlləm)'ə endirdiyini söylədi.
Bil ki, "وَهَـٰذَا / və həzə / və bu..." sözü, Qurana işarətdir və Quranın, bir kitab olduğunu bildirməkdədir. "Kitab" kəliməsinin təfsiri isə, Bəqərə surəsinin başında keçmişdi.
------------------------------------
Haqq Taala, daha sonra, Quranı, bu ayətdə, bir çox sifətlə vəsf etmişdir:
✓ Birinci sifət: Ayətdəki "أَنزَلْنَـٰهُ / ənzəlnəhu / nazil etdiyimiz, endirdiyimiz" ifadəsidir.
Bundan məqsəd, Quranın, Peyğəmbər tərəfindən deyil; Allah Taala tərəfindən olan bir kitab olduğunu bildirməkdir. Çünki, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'ə, sayəsində bu şəkildə fəsahət xüsusiyyətinə sahib bir Quran meydana gətirə biləcəyi bir çox elmlər vermiş olması, uzaq bir ehtimal deyildir. Bax bundan dolayı, Haqq Taala, halın belə olmadığını və Cəbrail (əleyhissəlam)'ın dililə Quran vəhyini endirmə işini, şəxsən Öz üzərinə aldığını bəyan etmişdir.
✓ İkinci sifət: Ayətdəki "مُبَارَكٌ / mübarək" təbiridir.
Məani alimləri, "mübarək bir kitab" (haqqında): "bərəkət və mənfəəti davamlı olan, xeyri çox, savab və məğfirətlə müjdələyib pis fellərdən və günahlardan insanı uzaq tutan bir kitab" demişlərdir.
Mən (Razi) də deyirəm ki:
"Elmlər,
1. Ya nəzəri (teorik)'dir;
2. Ya da əməli (praktiki)'dir.
1. Nəzəri elmlərin ən şərəflisi və mükəmməli, Allahın Zatını (varlığını), sifətlərini, fellərini, hökmlərini və isimlərini bilməkdir. Görmürsənmi ki, bunlar, ən mükəmməl elmlərdir və bu kitabda tapdığın elmlərdən də, daha şərəflisi yoxdur?
2. Əməli elmlərə gəlincə, burdakı əməldən məqsəd:
~ ya əzaların əməlləridir;
~ ya da qəlbin əməlləridir. Qəlbin əməlləri, "əxlaqı təmizləmək" və "nəfsi təzkiyə etmək" deyə adlandırılır.
Sən, bu 2 elmi, bu kitabda tapdığın tərzdə, başqa heç bir yerdə görə bilməzsən.
Həm sonra, Allah Taala'nın nizamı, o uca elmi axtaran və ona sarılan kimsə üçün, həm dünyanın izzəti, həm də axirətin səadəti hasil olacaq şəkildə cərəyan etməkdədir.
Bu kitabın musannifi (təsnif edəni) Muhamməd b. Ömər ər-Razi deyir ki:
"Mən, bir çox nəqli və əqli elmləri öyrənib nəql etdim. Lakin bu Quran elminə xidmət sayəsində əldə etdiyim səadəti, başqa heç bir elm sayəsində əldə edə bilmədim."
✓ Üçüncü sifət: Ayətdə, "مُّصَدِّقُ ٱلَّذِى بَيْنَ يَدَيْهِ / musaddiqulləzi bəynə yədəyhi / özündən əvvəlkiləri təsdiq edən..." sifətidir.
Bu ifadədən murad, "Onun, Özündən əvvəl endirilmiş olan kitabları təsdiq edici olması"dır.
İş, həqiqətdə belədir. Çünki, digər səmavi kitablarda mövcud olan şeylər:
~ ya üsul (tövhid ilə bağlı) elmidir;
~ yaxud da füru ilə bağlıdır.
1. Üsul elmində, zaman və məkanın dəyişməsilə bir fərqliliyin meydana gəlməsi, imkansızdır. Bundan dolayı, Quranda zikr edilən şeylərin, Tövrat, İncil, Zəbur və digər səmavi səhifələrdə zikr edilən şeylərə müvafiq olduğunu, qəti olaraq zikr etmək lazımdır.
2. Füru ilə əlaqəli olan elmə gəlincə, Qurandan əvvəlki səmavi kitablar, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in gələcəyinin müjdəsini daşımaqdadır. İş belə olunca da, bu kitablarda (yəni, Qurandan əvvəlki kitablarda) mövcud olan mükəlləfiyyətlərin, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in ortaya çıxma zamanına qədər davam edib məqbul olması; ancaq, Onun şəriətinin ortaya çıxmasından sonra mənsux olması (haşiyə) olması gərəkdiyi nəticəsi ortaya çıxar.
Bundan dolayı, bu kitablar, o hökmlərin, bu cəhətlə sübutuna dəlalət edib, Quranın da, bu mənaya müvafiq olduğu; beləcə də, Quranın, bütün üsul və füru elmlər etibarı ilə, bütün səmavi kitabları təsdiq edici olduğu, sabit olmuş olur.
----------------------
(Haşiyə:
Nasix-Mənsux:
https://suallarlaislam.com/m%C9%99qal.../nasix-m%C9%99nsux)
-------------------------
✓ Dördüncü sifət: Ayətdəki "وَلِتُنذِرَ أُمَّ ٱلْقُرَىٰ وَمَنْ حَوْلَهَا / və litunzira ummə'l-qura və mən həvləhə / ümmü'l-qura və ətrafındakıları qorxutmaq üçün" ifadəsidir.
Burda, bir neçə bəhs vardır:
• Birinci bəhs: Alimlər, bu ayətdə, bir məhfuzun (hazf edilmiş, yəni, bir məqsəd güdülərək, bir məna ifadə edən kəliməni zikr etməyib işarət yolu ilə göstərilən kəlimənin) mövcud olduğunu və ayətin təqdir edilmiş mənasının: "ümmü'l-qura xalqını qorxutmağın üçün" şəklində olduğu xüsusunda, ittifaq etmişlərdir.
Yenə onlar, "ümmü'l-qura"nın, "Məkkə" olduğu xüsusunda, ittifaq; ancaq, Məkkənin bu şəkildə adlandırılmasının səbəbi haqqında isə, ixtilaf etmişlərdir.
~ ibn Abbas (radiyallahu anh), belə deyir:
"Bütün yer üzü, onun altından və ətrafından etibarən genişləndirilib bu hala gətirildiyi üçün, Məkkə, ümmü'l-qura, yəni, 'şəhərlərin anası' deyə adlandırılmışdır."
~ əbu Bəkr əl-Əsamm isə, belə deyir:
"Məkkə, bütün dünyanın qibləsi olduğu üçün, belə adlandırılmışdır. Bundan dolayı, O, sanki bir əsl (kök); digər diyar və şəhərlər də, ona bağlı olan yerlər kimidir."
~ Yenə, dünyadakı möminlərin əsas ibadətlərindən biri də həcc olub, həcc də, ancaq, bu diyarda edilə bilir. Bax bu səbəbdən dolayı, bütün insanlar, uşaqların, analarının ətrafında toplanması kimi, onun ətrafında toplanar.
~ Yenə, dünyanın bütün müsəlmanları, həcc səbəbilə orda toplandıqları vaxt, o diyarda, başqa diyarlarda mövcud olmayan bir çox ticarət və istifadələr hasil olur. Şübhə yoxdur ki, qazanc və ticarət, məişət yollarının əsllərindəndir...Bax bu səbəbdən dolayı, Məkkə, "şəhərlərin anası" deyə adlandırılmışdır.
~ Yenə deyildiyinə görə, Məkkə, "Kəbə, ibadət məqsədilə insanlar üçün tikilmiş ilk bina olduğu üçün", ümmü'l-qura deyə adlandırılmışdır.
~ Bir də, "Məkkə, yer üzündə məskun olunan ilk diyar olduğundan dolayı belə adlandırılmışdır." deyilmişdir.
Bunu başa düşdüyün vaxt, biz, deyirik ki: Ayətdəki "ətrafındakı yerlər" təbirinə, "bütün diyarlar və şəhərlər" daxildirlər.
• İkinci bəhs: Bəzi yəhudilər, Muhamməd (sallallahu aleyhi və səlləm)'in, sadəcə ərəblərə göndərilmiş bir peyğəmbər olduğunu iddia edərək, görüşlərinin doğruluğuna da bu ayəti dəlil gətirib, belə demişlərdir:
"Allah Taala, bu Quranı, Muhammədə, Məkkə əhli ilə Məkkə ətrafındakı diyar xalqlarına təbliğ etməsi üçün endirmişdir...Məkkə'nin ətrafından məqsəd isə, Ərəbistan yarımadasıdır. Əgər Muhamməd, bütün dünyaya göndərilmiş olsaydı, bunu, '...ümmü'l-Qura (şəhərlər anası Məkkə)'ni və onun ətrafındakıları qorxutmaq üçün...' ifadəsilə qeydləmək (məhdudlaşdırmaq), yalnış və qeyr-i məqbul olardı..."
Buna, belə cavab verilə bilər:
Bu yerləri xüsusilə zikr etmək, hökmün (yəni, İslam dəvətinin, sadəcə bu yerlərdə cari olduğuna), bu diyarların xaricində isə olmadığına, ancaq və ancaq, müxalif bir məfhum (haşiyə) ilə dəlaləti mümkün ola bilər ki, bu (dəlalət) də, olduqca zəifdir. Hələ, Muhamməd (sallallahu aleyhi və səlləm)'in, qəti və açıq bir təvatür yolu ilə, Özünün, bütün aləmlərə göndərilmiş bir peyğəmbər olduğunu söylədiyi, sabit olmuş ikən...
-------------------------
(Haşiyə:
Müxalif məfhum, nədir?
Müxalif məfhum, lüğət etibarı ilə, "zidd məna" deməkdir.
Bir fiqh termini olaraqsa, "şəri bir sözdə, söylənməyənin, söylənənə hökmdə zidd olması"dır. Qısacası, sözün açıqca ifadə etdiyi mənanın əksinə, "müxalif məna" deyilir. Məsələn: "Günəş çıxıbsa, ətraf işıqlanmışdır." deyirik. Bunun müxalif mənası isə, "Günəş çıxmayıbsa, demək ki, ətraf işıqlanmayıb." olur.
İmamın qəsdi, budur:
Bu yerləri xüsusilə zikr etmək, hökmün, yəni, İslam dəvətinin, sadəcə Məkkə və Məkkə ətrafı yerlərdə cari olduğuna, bu ayət, sadəcə, müxalif mənası ilə dəlalət edə bilər. Yəni, ayətdə Məkkə və Məkkə ətrafı zikr edilirsə, demək ki, Məkkə ətrafından xaric olan yerlər, bu hökmün xaricində qalır. Bu dəlalət isə, olduqca zəifdir. Çünki, Allah (subhənəhu və taala), Quranda, belə buyurmaqdadır:
وَمَآ أَرْسَلْنَـٰكَ إِلَّا رَحْمَةً لِّلْعَـٰلَمِينَ
"Səni də, aləmlərə ancaq bir rəhmət olaraq göndərdik." (Ənbiya/107)
-------------------------------
Daha sonra, Haqq Taala,
...وَٱلَّذِينَ يُؤْمِنُونَ بِٱلْءَاخِرَةِ يُؤْمِنُونَ بِهِۦ...
Və'l-ləzinə yu'minunə bi'l-əxirati yu'minunə bih: "Axirətə inananlar, Ona da inanırlar." buyurmuşdur.
Bu ifadənin zahiri, axirətə iman etməyin, Allah rəsuluna iman etməyin yerinə keçməsini iqtiza edir (gərəkdirir). Alimlər, bu səbəbin izahı xüsusunda, bunları zikr etmişlərdir:
a. Axirətə iman edən, "vəd (savab) və vaid (cəza)'ya iman edən kimsə" deməkdir. Belə olan hər kəsin, savab əldə etmə xüsusunda arzusu; cəzadan qurtulmaq xüsusundakı qorxusu isə, artar. Tövhid və nübüvvətin dəlilləri xüsusunda yaxşı təfəkkür edər, düşünər; beləcə də elmə və imana çatmış olar.
b. Muhamməd (sallallahu aleyhi və səlləm)'in dini, öldükdən sonra dirilmə və qiyamətə iman etmə əsasına bina edilmişdir (qurulmuşdur). Bu qaydanın yerləşdirilməsi üçün, Muhamməd (sallallahu aleyhi və səlləm)'in şəriətində olduğu qədər, digər peyğəmbərlərin dinində səy göstərilməmişdir. Bax bu səbəbdən dolayı, Muhamməd (sallallahu aleyhi və səlləm)'in nübüvvətilə axirətin haqq olduğuna inanmaq, bir-birindən ayrılmaz 2 şey olmuşlardır.
c. Bu təbirdən məqsəd, Peyğəmbər dövründəki Məkkə liderlərinin, bu dini qəbul etməkdən uzaq qalacaqlarına diqqət çəkmək də ola bilər. Çünki, o təfəkkür və istidlal etmə çətinliyini yüklənib, dünya liderliyini, kini və həsədi tərk etməyə sövq edən, savab əldə etmə arzusu ilə cəzadan qorxub çəkinmək arzusundan başqa bir şey deyildir. Halbuki, Məkkə kafirləri, öldükdən sonra diriliş ilə qiyamətə inanmayınca, onların həsədi və dünya rəisliyini tərk etmələri, imkansız olur. Bundan dolayı, onların bu dini qəbul etmələri və Muhamməd (sallallahu aleyhi və səlləm)'in nübüvvətini iqrar və etiraf etmələri, uzaq bir ehtimala çevrilir.
---------------------------------
Daha sonra, Haqq Taala,
وَهُمْ عَلَىٰ صَلَاتِهِمْ يُحَافِظُونَ
Və hum, alə salətihim yuhafizun: "Onlar, namazlarına davam edərlər." buyurmuşdur ki, bundan məqsəd, "Axirətə iman, insanı, nübüvvəti təsdiqə sövq etdiyi kimi; 5 vaxt namaza davam etməyə də sövq edər." şəklindədir.
Heç kim, "Axirətə iman, bütün ibadətlərə təşviq edər. O halda, namazın xüsusilə zikr edilməsinin, bir mənası yoxdur." deyə bilməz. Çünki, biz deyirik ki, bundan məqsəd, "Allaha imandan sonra namazın, ibadətlərin ən şərəflisi və ən qiymətlisi olduğuna diqqət çəkmək"dir.
Məgər görmürsənmi ki,
~ Namaz xaric, zahiri ibadətlərdən heç biri haqqında, "iman" ismi istifadə edilməmişdir. Necə ki, Haqq Taala:
...وَمَا كَانَ ٱللَّهُ لِيُضِيعَ إِيمَـٰنَكُمْ...
Və mə kənəllahu liyudia imənəkum: "Allah, sizin imanınızı (yəni, namazınızı), zay edəcək deyildir." (Bəqərə/143) buyurmuşdur.
~ Yenə, namazın tərkindən başqa, heç bir üsyan və günah haqqında, "küfr" ismi istifadə edilməmişdir. Necə ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm), belə buyurmuşdur:
"Kim namazı qəsdən tərk edərsə, kafir olar." buyurmuşdur.
Bundan dolayı, namaza bu qədər qədr və şərəf təxsis edilincə (xas qılınınca), Haqq Taala'nın, burda, namazı bildirməsini normal qarşılamaq lazımdır.
Allah, ən gözəl biləndir.
(İmam Fəxrəddin ər-Razi əl-Əşari, "Məfatihu'l-Ğeyb" təfsirindən nəql)
