Ənfal surəsi 1-ci ayətin təfsiri

يَسْـَٔلُونَكَ عَنِ ٱلْأَنفَالِ ۖ قُلِ ٱلْأَنفَالُ لِلَّهِ وَٱلرَّسُولِ ۖ فَٱتَّقُوا۟ ٱللَّهَ وَأَصْلِحُوا۟ ذَاتَ بَيْنِكُمْ ۖ وَأَطِيعُوا۟ ٱللَّهَ وَرَسُولَهُۥٓ إِن كُنتُم مُّؤْمِنِينَ

"Səndən ənfal haqqında soruşurlar. De: 'Ənfal, Allaha və Peyğəmbərə aiddir.' Elə isə, Allahdan çəkinin və aranızda olan şeyləri düzəldin. Əgər möminsinizsə, Allaha və Onun Elçisinə itaət edin." (Ənfal/1)

------------------------

Təfsiri:

Bil ki, ayətdəki, "Səndən, ənfal haqqında soruşurlar." təbiri, bu 5 xüsusun araşdırılmasını gərəkdirir:

1. Soruşanın kim olduğunu;

2. Özündən soruşulanın Kim olduğunu;

3. Ənfalın nə demək olduğunu;

4. Bunun, ənfalın (yəni, bir görüşə görə, qənimətlərin) hansı hökmləri ilə bağlı bir sual olduğunu; və

5. Müfəssirlərin, "ənfal" kəliməsini necə təfsir etdiklərini...

---------------------------

1. Bu sualı soruşanların kimlər olduğu xüsusunda, deyirik:

Ayətdəki "Yəsəlunəkə əni'l-ənfəl / Səndən ənfal haqqında soruşurlar." təbiri, daha əvvəl özlərindən bəhs edilməmiş kimsələrlə bağlıdır. Bunun, burda, bu şəkildə gətirilməsi, son dərəcə gözəldir. Çünki, bu ayətlər nazil olarkən, bu sualı soruşan, müəyyən bir şəxsdir. Bundan dolayı, soruşanın o kimsə olduğunu söyləmək lazımdır. Bu xüsusda sual soruşanın, qənimət və ənfal ilə münasibəti olan bəzi kimsələr olduğunda, şübhə yoxdur. Bu kimsələr isə, səhabələrdən bəzi insanlardır.

----------------------------

2. Bu, sualın Kimdən soruşulduğu məsələsidir. Bunun, Peyğəmbər (sallallahu aleyhi və səlləm) olduğunda, şübhə yoxdur.

-----------------------------

3. "Ənfal, nədir?" məsələsi:

Biz deyirik ki: Zühri, belə demişdir:

Ərəb dilində, "nəfl""nafilə" kəlimələri, "əsldən çox olan şey"i ifadə edirlər. Qənimətlərə, "ənfal" deyilmişdir. Çünki, müsəlmanlar, qənimətlər xüsusunda, özlərinə qənimət götürmək halal qılınmamış olan digər ümmətlərə, üstün qılınmışlardır. Nafilə namaz da, əsl olan fərz namazlara əlavə namazlar olduqları üçün, "nafilə" adını almışlardır. Allah Taala da,

وَوَهَبْنَا لَهُۥٓ إِسْحَـٰقَ وَيَعْقُوبَ نَافِلَةً...

Və vəhəbnə ləhu İshəqa və Yə'qubə nəfilətən.

Yəni:

"Ona (yəni, İbrahimə), İshaqı və əlavə olaraq da Yaqub'u bəxş etdik." (Ənbiya/72)

Yəni: "İbrahimin istədiyinə əlavə olaraq, Yaqubu da Ona bəxş etdik." buyurmuşdur.

------------------------

4. Bu sualın, "ənfal"ın hansı hökmü ilə bağlı olduğu məsələsidir:

Deyirik ki:

Bu xüsusda, 2 izah verilmişdir:

✓ Ənfal haqqındakı, 1-ci görüş:

Ayətdəki "soruşurlar" ifadəsi, hər nə qədər mübhəm bir ifadə isə də, cavabı müəyyənləşdirmək, o sualın, o müəyyən bir cavab ilə bağlı olduğunu göstərir. Haqq Taala'nın:

وَيَسْـَٔلُونَكَ عَنِ ٱلْمَحِيضِ...

Və yəsəlunəkə əni'l-məhid.

Yəni:

~ "Səndən, heyz haqqında soruşular." (Bəqərə/222); və

...وَيَسْـَٔلُونَكَ عَنِ ٱلْيَتَـٰمَىٰ...

Yəni:

Və yəsəlunəkə ani'l-yətəmə.

Yəni:

~ "Səndən, yetimlər haqqında soruşurlar." (Bəqərə/220)

ayətləri də, bunun bir bənzəridir.

Bu ifadələrdən, bu sualın, heyz və yetimlərlə bağlı hökmlərdən biri haqqında olduğu başa düşülür. Halbuki, o hökm, müəyyən bir hökm deyildir. Lakin cavab, onu müəyyən bir hala gətirmişdir. Çünki, Allah Taala, heyz haqqında,

"De: 'Bu, əziyyətverici bir haldır.' (Bunun üçün), heyz vaxtı, qadınlarla yaxınlıq etməkdən uzaq olun." (Bəqərə/222) buyurmuşdur.

Bundan dolayı, cavab, o sualın, heyz halında qadınlarla cinsi münasibətdə olmaqla bağlı olduğunu göstərir.

Yenə, Allah Taala, yetimlər haqqında da,

"De: 'Onlara yaxşılıq etmək, xeyirlidir. Əgər onları öz işinizə qatırsınızsa, bilin ki, onlar, sizin qardaşlarınızdır." (Bəqərə/220) buyurmuşdur.

Bundan dolayı, bu müəyyən bir cavab, yetimlər haqqındakı o sualın, onların mallarında təsərrüf etmək və onlara vəkil olmaq ilə bağlı olduğunu göstərir.

~ Yenə Allah Taala,

وَيَسْـَٔلُونَكَ عَنِ ٱلرُّوحِ...

Və yəsəlunəkə əni'r-ruh.

Yəni:

"Səndən, ruh haqqında soruşurlar." (İsra/85) buyurmuşdur.

Bu ifadədə, sualın, ruhun hansı xüsusunda olduğunu göstərən bir şey yoxdur. Haqq Taala, bu suala cavab olaraq,

...قُلِ ٱلرُّوحُ مِنْ أَمْرِ رَبِّى...

"De: 'Ruh, Rəbbimin əmrindəndir." (İsra/85) buyurmuşdur.

Bu cavab, sualın, "ruhun, muhdəs (yaradılmış) və ya qədim olması" ilə bağlı olduğuna dəlalət edir.

Bax, "Ənfal" ayətində də, belədir. Allah Taala, bu sualın cavabında: "De: 'Ənfal, Allaha və Rəsuluna aiddir." buyurmuşdur.

Beləcə, bu cavab, sualı soruşanların, "ənfal" haqqındakı suallarının, "ənfalın kimə veriləcəyi və buna, kimin daha layiq olduğu" xüsusunda olduğuna dəlalət edir.

✓ Ənfal haqqındakı 2-ci görüş:

Ayətdəki "Səndən ənfal haqqında soruşurlar." ifadəsi, "Səndən, ənfal istəyirlər." deməkdir. Dolayısı ilə, burdakı "səələ/soruşurlar" feli ilə, hədisdə də rəvayət edildiyinə görə, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'dən, özlərinə ənfal/qənimət verməsini "istədilər" mənası qəsd edilmişdir. (Ərəb dilində, "səələ" felinin, bu mənası da vardır.) Çünki onlar, "Ey Allahın rəsulu! Mənə, bunu ver, mənə bunu ver." deyirlərdi. Ayətdəki "an" hərf-u cərri'nin, "min" mənasında olması, uzaq bir ehtimal deyildir.

Bu görüş, İkrimə'yə aiddir.

Abdullah b. Məsud (radiyallahu anh), bu ayəti,

"Səndən, ənfal istəyirlər." şəklində oxumuşdur.

------------------------------

------------------------------

5. Bu, müfəssirlərin, ayətdəki "ənfal" ilə nə qəsd edildiyi xüsusundakı görüşlərini açıqlamaqdır.

Deyirik ki:

O müsəlmanların, "ənfal" haqqında soruşmaları, onlar arasında, bu xüsusda bir çəkişmənin və münaqişənin olduğunu göstərir. Buna isə, bunlar dəlalət edir:

a. Ayətdəki, "De: Ənfal, Allaha və Rəsuluna aiddir." ifadəsi, bu cavabın verilməsindəki məqsəd, onları, çəkişməkdən və düşmənçilikdən əngəlləmək olduğunu göstərir.

b. Ayətdəki, "Allahdan çəkinin və aranızda olan şeyləri düzəldin." ifadəsi, onların, bunu, aralarına bir düşmənçilik düşdükdən sonra soruşduqlarını göstərir.

c. Ayətdəki, "Əgər möminsinizsə, Allaha və rəsuluna itaət edin." ifadəsi də, eyni şeyə dəlalət edir.

Bunu yaxşıca qavradığında, biz deyirik ki:

Ayətdə keçən "ənfal" sözündə,

1. "Kafirlərdən zorla alınmış mallar demək olan qənimətlər"in qəsd edilmiş olması, möhtəməl olduğu kimi;

2. "Qənimət xaricində bir şey"in qəsd edilmiş olması da, möhtəməldir.

• Birinci ehtimalla bağlı olaraq, bu izahlar verilmişdir:

a. Peyğəmbər (sallallahu aleyhi və səlləm), səhabələrin, Bədr günü əldə etdikləri qənimətləri, həm Bədr döyüşünə qatılmış olanlara, həm də qatılmamış olan müsəlmanlar arasında bölüşdürmüşdü. Bədr döyüşündə iştirak etmədiyi halda, bu qənimətdən istifadə edənlərin üçü, mühacirlərdən; beşi də, ənsardan idi.

Mühacirlərdən:

~ Biri, Osman (radiyallahu anh) idi. Çünki, Peyğəmbər (sallallahu aleyhi və səlləm), onu, qızı (Osmanın xanımı) xəstə olduğu üçün, onun yanında qoymuşdu.

~ Digər ikisi də, Talha ilə Səid b. Zeyd (radiyallahu anhumə) idi. Çünki, Peyğəmbər (sallallahu aleyhi və səlləm), bu ikisini, müşriklərin karvanını güdmələri üçün göndərmişdi. Onlar da, bunun üçün, Şam yoluna çıxmışdılar.

Ənsardan olan o 5 nəfərdən:

~ Biri, əbu Lubabə Mərvan b. Abdu'l-Munzir idi. Peyğəmbər (sallallahu aleyhi və səlləm), onu, Mədinədə, Öz yerinə vəkil qoymuşdu.

~ Bunlardan digər biri, Asim (radiyallahu anh) idi. Peyğəmbər (sallallahu aleyhi və səlləm), bunu da, "Aliyə"də vəkil olaraq qoymuşdu.

~ Üçüncüsü, Haris b. Xatib olub, Peyğəmbər (sallallahu aleyhi və səlləm), bunu, Rəvha'dan, Özünə bir xəbər çatdırmaq üzərə, Amr b. Avf'a göndərmişdi.

~ Bu beş nəfərdən 4-cüsü isə, Haris b. əs-Samt idi. Bu da, Rəvha'da xəstələnib (qalmışdı).

~ Beşincisi isə, Xavvat b. Cubeyr idi.

Bax, Bədr döyüşündə iştirak etmədikləri halda qənimət alan ənsar, bunlardan ibarətdir. Peyğəmbər (sallallahu aleyhi və səlləm), bunlara da qənimətlərdən pay vermişdi. Dolayısı ilə, digər müsəlmanlar arasında, bu xüsus, dedi-qoduya səbəb olmuşdu. Bunun üzərinə də, bu ayə nazil oldu.

b. Rəvayət olunduğuna görə, Bədr günü, gənc olanlar, döyüşdülər və əsir aldılar. Yaşlı müsəlmanlar isə, Peyğəmbər (sallallahu aleyhi və səlləm) ilə bərabər, geridəki səflərdə gözlədilər. Bundan dolayı, gənclər, "Qənimətlər, bizə aiddir. Çünki, biz döyüşmüş; kafirləri biz məğlub etmişik." dedilər. Yaşlılar da, "Biz, sizin geridəki dəstəkçiləriniz idik. Əgər məğlub olsaydınız, gəlib bizim yanımızda toplanacaqdınız. Bundan dolayı, qənimətləri, bizi xaric buraxaraq götürməyin." dedilər. Bax bundan dolayı da, aralarında bir çəkişmə meydana gəldi və ayət, bunun üzərinə nazil oldu.

c. Zəccac belə deyir:

Ayətdəki "ənfal" kəliməsilə, "qənimətlər" qəsd edilmişdir. O müsəlmanlar, özlərindən əvvəlki ümmətlərə qənimət almaq haram olduğu üçün, bunun hökmünü soruşmuşdular.

Mən (Razi) deyirəm ki:

Bu görüş, zəifdir. Çünki, bu təqdirdə, bu sualın məqsədi, sadəcə Allah Taala'nın bu xüsusdakı hökmünü soruşub öyrənmək olar. Halbuki biz, dəlillərə söykənərək, bu sualın, müsəlmanlar arasında meydana gələn bir münaqişə və çəkişmədən ötürü soruşulduğunu, bəyan etmişdik.

• İkinci ehtimala gəlincə, ki, bu, ayətdə bəhs edilən ənfalın, "qənimətdən başqa bir şey olması"dır.

Belə olmasına görə, ayətdəki "ənfal" kəliməsinin təfsiri xüsusunda, bu izahlar verilmişdir:

a. Bəzi rəvayətlərdə, ibn Abbas (radiyallahu anh), belə demişdir:

Ayətdəki "ənfal"dan məqsəd: "heyvan, nökər və ya əşya kimi arada bir döyüş olmadan, müşriklərdən Müsəlmanlara keçən şeylər"dir. Belə şeylər, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'ə aiddir. O, bunları, istədiyi kimi istifadə edər və paylayar.

b. "Ənfal" ilə: "Əhl-i xums (yəni, qənimətin 1/5-ini alacaq kimsələr) üçün, hökm etdiyi 1/5 pay" qəsd edilmişdir.

Bu görüş, Mücahid'ə aiddir. Mücahid'ə görə, səhabələr, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'dən xums (1/5) haqqında soruşmuş və ayə, bunun üzərinə nazil olmuşdur.

c. Ayətdə bəhs edilən "ənfal", "sələb"dir. Bu isə: "qazini döyüşə təşviq üçün, qənimətlərdən əldə edəcəyi hissəyə əlavə olaraq, əlavədən veriləcək şey"dir. Bu, məsələn, xəlifənin: "Kim döyüşdə birini öldürərsə, sələbi (yəni, atı, silahı və s.), ona aiddir." Və ya bir orduya, "Əldə edəcəyiniz şey, sizə aiddir." və ya "Onun yarısı, 1/3-i, 1/4-i, sizə aiddir." deməsi kimidir.

Halbuki, "ənfal"ın xumsu olmaz. Sa'd b. əbi Vaqqas (radiyallahu anh)'ın, belə dediyi rəvayət edilir:

"Qardaşım Umeyr, Bədr günü öldürüldü. Mən də, bunun yerinə, Sa'd b. əl-As'ı öldürdüm və qılıncını götürdüm. Qılınc, çox xoşuma gəldi. Onu, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'ə gətirdim və 'Allah, müşriklərdən dolayı ürəyimə su səpdi...Elə isə, bu qılıncı, mənə hibə et.' dedim...Bunun üzərinə, Peyğəmbər (sallallahu aleyhi və səlləm): 'O, nə Mənim, nə də sənindir. Onu, qənimətlərin qoyulduğu yerə qoy.' deyə buyurdu. Mən də, qılıncı, Onun dediyi yerə qoydum. Halbuki, qardaşımın öldürülüb üzərindəkilərin götürülməsindən dolayı, içimdə, ancaq Allahın bilə biləcəyi bir kin var idi...Bir az aralanmışdım ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm), mənim yanıma gəldi. Bax, o vaxt Ənfal surəsi nazil oldu. Bunun üzərinə, Peyğəmbər (sallallahu aleyhi və səlləm): 'Ey Sa'd! Sən, Məndən qılıncı istədin. Halbuki, o, Mənim deyildi. O, indi Mənim oldu. O halda, onu götürə bilərsən.' buyurdu."

Qadi, belə deyir:

Ayət, bütün bu izahlara möhtəməldir. Ayətdə, bunların bir qismini digərinə tərcih etməyə dair isə, bir dəlil yoxdur. Əgər hədislərdə, bunlardan birini təyin etməyə dəlalət edəcək səhih bir xəbər təsbit edilərsə, o vaxt, o məna verilə bilər. Əks halda, bütün bu məna və izahlar, ehtimal daxilindədir. Bu mənalardan hər biri, ayrı-ayrı düşünülə biləcəyi kimi; bunların hamısının birdən murad edilmiş olması da, caizdir. Çünki, aralarında hər hansı bir ziddiyyət mövcud deyil. Ancaq, bunlardan doğruya ən yaxın olan xüsus, budur:

Bununla, "Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in, qənimət əldə edilmədən əvvəl də, sonra da, qənimət mallarından başqasına əlavə bir şeylər verə bilməsi" murad edilmişdir. Çünki bu, cihada təşviq və qəlbləri gücləndirmək məqsədilə, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'ə caiz olan bir şeydir. Məsələn, bu, yaxşı döyüşsün deyə, hərbin başında və yaxud da hərbdən qayıdınca birinə əlavədən bir şey vermək; ya da döyüşə qatılanların bir qisminə, əldə etdikləri qənimət mallarından bir az pay verərək, ona, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'ə məxsus olan 1/5-lik hissədən olmaq üzərə, əlavədən bir şey vermək kimidir. Belə olması halında, Haqq Taala'nın,

"De: Ənfal, Allaha və rəsuluna aiddir..." buyuraraq, mücahidlərin haqqı olana əlavə olaraq verilən şeylər qəsd edilmiş olar.

--------------------------

Haqq Taala'nın, "De: Ənfal, Allaha və rəsuluna aiddir..." ifadəsinə gəlincə, bu xüsusda, 2 açıqlama verilmişdir. (Belə ki):

1. Birinci açıqlama:

Bununla, bu qəsd edilmişdir: "Ənfalın hökmü, Allah və rəsuluna aiddir."

Allah, hikmətinin gərəkdirdiyi şeyə görə, o ənfalın bölünməsini, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'ə əmr etmişdir. Bu, (yəni) ənfalın bölünməsilə bağlı məsələ, heç kimin görüşünə buraxılmamışdır.

2. İkinci açıqlama:

Mücahid, İkrimə və Süddi, belə demişlərdir:

Bu ifadə, daha sonra gələcək olan Ənfal/41 ayətilə

"...Əgər siz, Allaha və haqla batilin ayırd edildiyi gün – iki dəstənin qarşı-qarşıya gəldiyi gün qulumuza nazil etdiyimizə iman gətirmisinizsə, bilin ki, ələ keçirdiyiniz qənimətlərin beşdə biri,

~ Allaha,

~ Onun Elçisinə,

~ Qohum-əqrəbalara,

~ yetimlərə,

~ kasıblara və

~ müsafirlər (səfərdə olanlara)'a

məxsusdur."

ilə nəsx edilmişdir. (haşiyə)

----------------

(Haşiyə:

Nasix-Mənsux:

https://suallarlaislam.com/.../b%C9%99q%C9%99r%C9%99-sur...)

------------------

Bu, belədir. Çünki, Allah Taala'nın, "De: Ənfal, Allah və rəsuluna aiddir." (Ənfal/41) ayəti, qənimətlərin hamısının Peyğəmbər (sallallahu aleyhi və səlləm)'ə aid olmasını gərəkdirir. Beləcə, Allah Taala, bu hökmü, "xums" ifadə edən ayətlərlə nəsx etmişdir...

(Mücahid, İkrimə və Süddi'dən verilən nəql, burda bitir.)

Bu, bir qisim rəvayətlərdə yer alan ibn Abbas'ın görüşüdür.

Buna (yəni, onların nəsx görüşünə), 2 yöndən cavab verilə bilər:

1. Haqq Taala'nın, "De: 'Ənfal, Allah və rəsuluna aiddir." ifadəsinin mənası: "Bu xüsusdakı hökm, Allah və Onun peyğəmbərinə aiddir." şəklindədir.

Bu məna, bu ifadədə, daim mövcuddur və davam etməkdədir. Bundan dolayı, bunun mənsux olması, imkansızdır.

Daha sonra (yəni, Ənfal/41'də), Haqq Taala, qənimətlərin 4/5-inin, o qənimətləri almış olan kimsənin mülkü olduğuna hökm etmişdir.

2. 1/5 ifadə edən ayət, qənimətin, onu alan kimsələrin mülkü olduğuna dəlalət edir. Halbuki, bu ayətdə keçən "ənfal" sözü, qənimətlərə deyil, "sələb, ölünün üzərindən alınan əşya" deyə təfsir edilmişdir. Peyğəmbər (sallallahu aleyhi və səlləm), hər hansı bir maslahat və faydadan dolayı, bu malları, bəzi kimsələrə vermişdir.

-------------------------------

Daha sonra, Allah Taala: "Allaha qarşı gəlməkdən çəkinin. Aranızda olan şeyləri düzəldin." buyurmuşdur.

Bu xüsusda da, 2 bəhs mövcuddur:

• Birinci bəhs: Bu, "Allahın əzabından qorxun. Allahın günah dediyi şeyləri etməyin...Belə hallar səbəbilə, aranızdakı çəkişmə və düşmənlikləri tərk edin və Allah və rəsulunun hökm etdiyinə razı olun." deməkdir.

• İkinci bəhs: Allah Taala'nın, "...aranızda olan şeyləri düzəldin..." əmri, yəni, "Aranızdakı (müxtəlif) görüşləri düzəldib islah edin." deməkdir.

---------------------------

Daha sonra, Haqq Taala, "...əgər möminlərdən isəniz...Allaha və rəsuluna itaət edin..." buyurmuşdur.

Bu ayətdən əldə edilən məna, budur:

Allah Taala, əshabı, "Allaha qarşı gəlməkdən çəkinin, aranızda olan şeyləri düzəldin" buyruğu ilə, Rəsulun hökmünə müxalifət etməkdən nəhy etmişdir. Sonra da, onlara, ---> "Allaha və rəsuluna itaət edin." əmrilə, Rəsula itaət etmək surətilə itaət etmələrini əmr etməklə, bu xüsusu qüvvətləndirmişdir...Bunu, yaxşıca qüvvətləndirmək məqsədilə də, daha sonra, ---> "əgər möminlərdən isəniz" deyilmişdir ki, bu son ifadə ilə, Allah Taala, bu mənanı qəsd etmişdir:

Rəsulun sizi özünə dəvət və təşviq etdiyi o iman, ancaq Rəsula itaəti gərəkdirib üstlənməklə tam və mükəmməl olur. Bundan dolayı, Rəsula itaət etmək xaricində qalmaqdan çəkinin.

(İmam Fəxrəddin ər-Razi əş-Şafi əl-Əşari, "Məfatihu'l-Ğeyb" təfsiri)

Read 50 times
In order to make a comment, please login or register
OXŞAR SUALLAR