Ənfal surəsi 17-ci ayətin təfsiri haqqında məlumat verərsinizmi?
فَلَمْ تَقْتُلُوهُمْ وَلَـٰكِنَّ ٱللَّهَ قَتَلَهُمْ ۚ وَمَا رَمَيْتَ إِذْ رَمَيْتَ وَلَـٰكِنَّ ٱللَّهَ رَمَىٰ ۚ وَلِيُبْلِىَ ٱلْمُؤْمِنِينَ مِنْهُ بَلَآءً حَسَنًا ۚ إِنَّ ٱللَّهَ سَمِيعٌ عَلِيمٌ
"Onları siz öldürmədiniz. Lakin Allah öldürdü onları. Atdığın zaman da, Sən atmadın, ancaq Allah atdı. Və bunu, möminləri Öz tərəfindən gözəl bir imtahan ilə sınaqdan keçirtmək üçün etdi. Şübhəsiz ki, Allah, eşidəndir, biləndir." (Ənfal/17)
----------------------------
Təfsiri:
Bu ayətlə bağlı, bir neçə məsələ vardır:
✓ Birinci məsələ: Peyğəmbərimizin qureyşə atdığı bir ovuc torpaq
Mücahid belə deyir:
Bədr günündə, səhabələr ixtilaf edərək, bir qismi: "Mən öldürdüm."; digəri: "Xeyr! Mən öldürdüm." deyincə, Allah, bu ayəti endirdi.
Yəni:
"Bu böyük məğlubiyyətə uğratmaq, (düşmənlərə verilən) zərər, sizin tərəfinizdən olmadı...Bu, ancaq Allahın yardımı ilə gerçəkləşdi." deməkdir.
Rəvayət olunduğuna görə, qureyş ordusu görsəndiyində, Allah rəsulu (sallallahu aleyhi və səlləm):
"Qureyş! Bütün kibri və fəxri ilə, Sənin rəsulunu yalanlamağa gəlirlər. Allahım, Səndən, mənə vəd etdiyini istəyirəm!"
buyurdu. Bunun üzərinə, Cəbrail gələrək:
"Bir ovuc torpaq al və onu, onlara at!" dedi.
İki ordu qarşı-qarşıya gəlincə, Peyğəmbər (sallallahu aleyhi və səlləm), Əli (radiyallahu anh)'a:
"Mənə, bu vadinin çınqıllarından bir ovuc ver!" buyurdu.
(Çınqılları aldığında), Peyğəmbər (sallallahu aleyhi və səlləm), bunu, qureyşlilərin üzünə ataraq:
"Üzləriniz, çirkinləşsin!" buyurdu.
Beləcə, bütün müşriklər, gözlərilə məşğul olmağa başladılar, davamında da məğlubiyyətə uğradılar.
Daha sonra, Allah Taala:
...وَمَا رَمَيْتَ إِذْ رَمَيْتَ وَلَـٰكِنَّ ٱللَّهَ رَمَىٰ...
"...atdığın zaman da, Sən atmadın. Ancaq Allah atdı..."
Yəni:
"Atdığın bir ovuc torpağı, həqiqətdə Sən atmadın. Çünki Sənin atmağının təsiri, ancaq, digər insanların atmağının təsirinin çatacağı yerə qədər çatar. Ancaq bil ki, onu Allah atdı. Çünki Allah, bu torpağın bütün parçalarını, o müşriklərin gözlərinə qədər çatdırıb o gözlərə daxil edəndir.
Bundan dolayı:
~ Şəkil etibarı ilə atmaq işi, Peyğəmbərdən hasil olmuşdur.
~ Ancaq onun təsiri isə, Allahdandır." deməkdir.
Bu mənadan dolayı, ayətdəki ifadələr, nəfy-isbat şəklində gətirilmişdir.
-------------------------------------
✓ İkinci məsələ:
Alimlərimiz, qulların fellərini də, Allahın yaratdığına dair, bu ayəti dəlil gətirərək, belə demişlərdir:
"Allah Taala, 'onları siz öldürmədiniz, lakin Allah öldürdü...' buyurmuşdur.
Halbuki səhabələrin, düşmənləri yaraladıqları məlum bir xüsusdur.
Beləcə bu ifadə, bu fellərin ancaq Allah tərəfindən meydana gətirildiyinə dəlalət edər.
Həm Allah Taala: '...atdığın zaman da, Sən atmadın...' ifadəsində, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in həm atdığını bildirmiş, həm də, Ondan, bu atmaq işini nəfy etmişdir (yox saymışdır).
Bundn dolayı, bu ifadəni:
~ Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in kəsb (insanın, öz ixtiyari fellərində, öz qüdrətini bir işə sərf etməsi, təşəbbüs) cəhətindən atdığına; ancaq
~ Yaratmaq cəhətindən də, atmadığı
mənasına həml etmək, gərəkdir.
"...onları siz öldürmədiniz, lakin Allah öldürdü onları..."
buyuruğu ilə bağlı, bu izahlar verilmişdir:
a. Kafirləri öldürmək işi, ancaq Allahın yardımı, dəstəyi və nüsrəti ilə müyəssər olmuşdur. Dolayısı ilə, bunu Allaha izafə etmək, yerində və doğrudur.
b. Yaralama işi, səhabəyə; can almaq işi isə, Allaha aid bir işdir. Buna görə, kəlamın təqdiri mənası:
"Siz onları öldürmədiniz. Ancaq Allah onları öldürdü." şəklində olur.
Allah Taala'nın:
"Attığın zaman da, sən atmadın; lakin Allah atdı." buyuruğu xüsusunda, Qadi də, belə demişdir:
a. Tək bir dəfə atmaq, torpağın bütün müşriklərin hamısının gözünə girməsini gərəkdirməz. Bundan dolayı, torpağın parçaları, müşriklərin gözlərinə, ancaq Allahın çatdırması ilə çatmışdır.
b. Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in atmış olduğu torpaq, az idi. Bu səbəblə, bu qədər az torpağın bütün müşriklərin gözünə girməsi, imkansızdır.
Dolayısı ilə, bu hal, Allah Taalanın, bu bir ovuc torpağa digər bəzi şeylər qatdığına və onları, o müşriklərin gözlərinə çatdıranın Özü olduğuna dəlalət edər.
c. Əgər:
"Peyğəmbər (sallallahu aleyhi və səlləm), bunu atarkən, Allah Taala, o müşriklərin qəlbinə qorxu salmışdır.
Bundan dolayı, Allah Taalanın: '...ancaq Allah atdı...' ifadəsi ilə, Allah Taalanın, o qorxunu, onların qəlbinə salması murad edilmişdir."
deyilərsə, buna belə cavab verərik:
Söyləmiş olduğunuz bu şeylərin hamısı, ayətin zahiri mənasından ayrılmaqdır. Halbuki sözdə və kəlamda əsl olan, həqiqi mənadır.
Əgər onlar:
"Əqli dəlillər, qulun felini Allahın yaratdığını söyləməyə manedir."
deyərlərsə, biz belə cavab verərik:
Əsla! Bu, çox uzaq bir ehtimaldır. Çünki əqli və nəqli dəlillər, bizim görüşümüzün doğruluğu sədədində varid olmuşdur.
Bundan dolayı, sizin zahiri mənanı tərk edib məcazi mənaya keçməyiniz, mümkün deyildir.
Allah, ən gözəl biləndir.
(Fəxrəddin ər-Razi, "Məfatihu'l-Ğayb" təfsiri)
-------------------------------------
Səbəb məsələsi və möcüzələr:
Adət nəticəsi olaraq, səbəb ilə nəticə arasında var olduğuna etiqad edilən "iqtiran", bizə görə, zəruri deyildir. Əksinə, hər 2 şey haqqında: "Bu, odur", "O da, budur." deyilə bilməz. İkisindən birinin qəbulu, digərinin qəbulunu; birinin rəddi, digərinin rəddini zəruri qılmaz. O halda, 2 şeydən birinin varlığı və ya yoxluğu, digərinin varlığını, ya da yoxluğunu zəruri qılmaz. Məsələn:
~ su içmək ilə doymaq;
~ yemək ilə doymaq;
~ atəşə toxunmaq ilə yanmaq;
~ günəşin doğması ilə aydınlıq;
~ boynunu kəsmək ilə ölmək;
~ dərman içmək ilə sağalmaq; və
~ ishal edici ilə ishal olmaq
arasındakı münasibətdə bir zərurət yoxdur. Bu nümunələr, tibdə, astranomiyada, sənət və müşahidəyə bağlı digər bütün şeylərdə də, belədir. Çünki səbəb ilə nəticə arasındakı münasibət, zəruri və dəyişməz olmayıb, Allahın əzəli təqdiri gərəyi, bunların bir-biri ardından yaradılmasından qaynaqlanmaqdadır.
Dolayısı ilə:
~ yemək yemədən toxluğu yaratmaq;
~ boyun kəsilmədən ölümü yaratmaq;
~ boynu kəsməklə birlikdə həyatı davam etdirmək,
Allahın qüdrəti daxilindədir. Bu hal, bütün münasibətlərdə caridir.
Filosoflar, bu görüşə qarşı çıxaraq, bunun imkansız olduğunu iddia etmişlərdir.
-----------------------------------
Bu mövzuda, sayıla bilməyəcək qədər çox olan hadisələr üzərində dayanmaq, uzun davam edəcəyindən, bir tək nümunə verək. O da:
Atəşə toxunan pambığın yanması misalı olsun.
Biz, bir-birilərinə toxunduğu halda, pambığın yanmamasını mümkün görürük. Hətta atəşə toxunmadan da, pambığın yanıb kül olmasını mümkün sayırıq. Halbuki filosoflar, bunun baş verə biləcəyini qəbul etməzlər.
3 məqamda bu məsələ haqqında kəlam edilə bilər:
~ Birinci məqam:
Müxalif görüşü müdafiə edən:
~ yandırma felinin failinin, yalnız atəş olduğunu;
~ atəş istəyərək deyil, təbiəti gərəyi yandırıcı (fail) olduğundan, yana bilən bir şeyə toxunduqdan sonra, onun təbii funksiyasını yerinə yetirməsinə əngəl oluna bilməyəcəyini
iddia etməkdədir. Bizim rədd etdiyimiz xüsus da, budur.
Tam əksinə, biz isə, deyirik ki:
Yandırma felini icra edən, pambıqda qaralığı yaradan, parçalarının dağılmasını təmin edən və yanıb kül halına gətirən, uca Allahdır. Allah, belə bir feli, ya mələklər vasitəsilə, ya da vasitəsiz olaraq yaradır. Atəşə gəlincə, o, cansız bir şey olub, heç bir təsirə sahib deyildir.
Elə isə, yandırma felini, atəşin meydana gətirdiyinin dəlili nədir?
Filosofların, atəşin toxunması ilə pambığın yanmasının meydana gəlməsini müşahidədən başqa, bu mövzuda heç bir dəlilləri yoxdur. Bu müşahidə, yanmağın, atəşə toxunmaqla meydana gəldiyini göstərir. Ancaq atəş səbəbilə reallaşdığını göstərməz. Çünki yanmağın, Allahdan başqa bir səbəbi yoxdur.
Heyvan spermasında ruh ilə idrak və hərəkət qüvvə/güclərinin birləşməsinin/// istilik, soyuqluq, rütubət və quruluqdakı təbii qüvvə/güclərdən doğmadığında, ixtilaf yoxdur.
Eyni şəkildə, atanın, ana rəhminə sperma buraxması surətilə oğlunu meydana gətirmədiyi; onun həyatının, görməsinin, eşitməsinin və ondakı həyati funksiyaların faili olmadığı mövzusunda da, hər hansı bir görüş ayrılığı yoxdur.
Bütün bu funksiyaların atada olduğu bilindiyi halda, heç kim, bunların ata tərəfindən var edildiyini söyləməməkdədir.
Əksinə, bu funksiyalar, ya vasitəsiz, ya da bu cür hadisələri meydana gətirməklə vəzifəli mələklər vasitəsilə, Allah tərəfindən yaradılmışdır.
Yaradıcının varlığını qəbul edən və özü ilə kəlam etdiyimiz (cədəlləşdiyimiz) filosofların, qəti olaraq mənimsədikləri görüş, budur.
(Ğazzali, "Təhafutu'l-Fəlasifə" əsərindən nəql)
- "Hər ayətin zahiri və batini mənaları vardır." hədisini izah edərsinizmi?
- "Sənə fəda olum." kimi sözlər söyləmək, caizdirmi?
- Peyğəmbər günah işləmişmidir- 3
- Peyğəmbər cinləri görmüşdürmü?
- 3 gündən artıq küsülü qalmaq olarmı?
- Duada əlləri çevirməyin dəlilləri vardırmı?
- Allah Rəsulu (sallallahu aleyhi və səlləm) duada əllərini necə tutardı.
- Aşurə orucu haqqında məlumat verərsinizmi?
- Peyğəmbər adına yalan hədis uydurmaq
- Zəqqum nədir?