Əraf surəsi 143-cü ayətin təfsiri

وَلَمَّا جَآءَ مُوسَىٰ لِمِيقَـٰتِنَا وَكَلَّمَهُۥ رَبُّهُۥ قَالَ رَبِّ أَرِنِىٓ أَنظُرْ إِلَيْكَ ۚ قَالَ لَن تَرَىٰنِى وَلَـٰكِنِ ٱنظُرْ إِلَى ٱلْجَبَلِ فَإِنِ ٱسْتَقَرَّ مَكَانَهُۥ فَسَوْفَ تَرَىٰنِى ۚ فَلَمَّا تَجَلَّىٰ رَبُّهُۥ لِلْجَبَلِ جَعَلَهُۥ دَكًّا وَخَرَّ مُوسَىٰ صَعِقًا ۚ فَلَمَّآ أَفَاقَ قَالَ سُبْحَـٰنَكَ تُبْتُ إِلَيْكَ وَأَنَا۠ أَوَّلُ ٱلْمُؤْمِنِينَ

"Musa, təyin etdiyimiz vaxtda gəldikdə, Rəbbi, onunla danışdı.

- Musa dedi: 'Ey Rəbbim! Özünü mənə göstər, Sənə baxım”.

- O dedi: 'Sən, Məni görə bilməzsən. Lakin bu dağa bax. Əgər o, öz yerində qala bilsə, sən də, Məni görəcəksən.'

Rəbbi dağa təcəlli etdikdə, onu parça-parça etdi. Musa da, bayılaraq yerə sərildi. Özünə gəldikdə isə, dedi:

'Sən, pak və müqəddəssən! Sənə tövbə etdim və mən, iman gətirənlərin birincisiyəm." (Əraf/143)

---------------------------------

Təfsiri:

Bil ki, Allah Taala, Musa'nın "miqat" (haşiyə) səbəbini, bu ayətdə bəyan etmişdir. Bu da:

Haqq Taala'nın, Musa ilə danışma məsələsidir.

---------------------

(Haşiyə:

İmam Fəxrəddin ər-Razi, bir əvvəlki ayətdə də zikr edilən "miqat" haqqında, belə deyir:

"Miqat" ilə "vaxt" arasındakı fərq, budur:

"Miqat", "içində hər hansı bir işin edilməsinin təyin olunduğu müəyyən vaxt"dır.

"Vaxt" isə, ta əvvəldən, bir kimsənin, bir şey üçün, bir zaman təyin etməsidir.

---------------------

Bu ayətdə, İlahi elmlərə dair çox qiymətli, uca məsələlər mövcuddur:

✓ Birinci məsələ:

Bu ayət, Allah Taala'nın, Musa ilə danışdığını göstərməkdədir. "Kəlamullah" (Allahın kəlamı, danışması) məsələsində isə, ixtilaf edilmişdir. (Belə ki):

• Birinci görüş: Bu cümlədən olaraq, onların

~ bir qismi: "Allahın kəlamı, bir araya gətirilib toplanmış hərflərdən ibarətdir." deyərkən;

~ bir qismi də: Onun kəlamının, "hərf və səslərdən başqa olan həqiqi bir sifət olduğunu" söyləmişlərdir.

Birinci görüşü mənimsəyənlərə gəlincə, həqiqəti araşdırıb ortaya qoyan kimsələr, (bu halda), Allahın kəlamının, (əvvəl) belə olmamış ikən, sonradan hadis (meydana gələn, yaradılan) bir kəlam olması gərəyi xüsusunda, ittifaq etmişlərdir...

Hənbəlilər və Haşəviyyə, hərf və səslərdən meydana gələn kəlamın, "qədim" (əzəli) olduğunu iddia etmişlərdir ki, bu görüş, ağıllı bir kimsənin dönüb nəzər etməyəcəyi qədər dəyərsiz və qeyr-i məqbul bir görüşdür...

Bəli, bu, belədir. Çünki, Mən (Razi), bir gün, belə demişdim:

Allah Taala, bu hərfləri,

~ ya topdan eyni anda danışmışdır;

~ və ya onları ard-arda sıralamışdır.

~ Birinci ehtimal, batildir. Çünki, hiss edilən və mənası başa düşülmək istənilən o kəlimələr, ancaq, hərfləri ard-arda gəldiyi vaxt başa düşülən olur. Ancaq, o hərflər bir anda, topdan söylənildiyində, bundan, qətiliklə bir məna başa düşülməz.

~ İkinci ehtimala gəlincə, bu da, Haqq Taala'nın kəlamının hadis olmasını gərəkdirir. Çünki, hərflər ard-arda gəldiyi vaxt, hərflərin ikincisi gəldiyində, birincisi sonlanmış olur. O halda, birinci hərf, hadis'dir. Çünki, yoxluğu sabit olan şeyin qədim olması, imkansızdır. İkinci hərf də, hadisdir. Çünki, varlığı, başqasının varlığından sonra gələn hər şey, hadisdir. O halda, Allah kəlamının, sırf hərf və sözlərdən ibarət olması, onun, muhdəs (sonradan yaradılan) olduğu, sabit olur.

Bu, sabit olunca, biz deyirik ki:

Bu mövzuda (yəni, Allah kəlamının hərflərdən ibarət olduğunu düşünənlər arasında) 2 metod vardır:

a. O hadis olan hərf və səslərin yeri və məhəlli, Allahın Zat'ıdır....ki, bu, Kərramiyyə'nin görüşüdür.

b. O hərflərin yeri və məhəlli, məsələn, ağac və başqa şeylər kimi, Allahın Zat'ından başqa olan bir maddədir...ki, bu da, Mötəzilə'nin görüşüdür.

• İkinci görüş: "Allah kəlamı, bəzi hərf və səslərdən başqa olan həqiqi bir sifətdir." şəklindəki ikinci görüşə gəlincə, bu görüş, Əhl-i Sünnət və'l-Camaat'ın əksəriyyətinin görüşüdür. Bu görüşə görə, bu sifət, əzəli və qədim bir sifətdir.

Bu görüşdə olanlar, Musa (əleyhissəlam)'ın eşitmiş olduğu o şeyin nə olduğu xüsusunda ixtilaf etmişlərdir. Bu cümlədən olaraq,

~ Əşariyyə, belə deməkdədir:

"Musa (əleyhissəlam), şəxsən o həqiqi və əzəli sifəti eşitdi...Bu, eynilə, Haqq Taala'nın Zatı bir cisim və araz olmadığı halda, Onun Zat'ının görülməsi necə imkansız deyilsə; eynilə, bunun kimi, kəlamının da, bir hərf və səs olmadığı halda eşidilməsi, uzaq bir ehtimal deyildir."

~ Əbu Mansur əl-Maturidi isə, belə deyir:

"Musa (əleyhissəlam)'ın eşitmiş olduğu o şey, bəzi kəsik səslər və ağacla qaim olan bir araya gətirimiş hərflərdir. Hərf və səs olmayan, əzəli olan kəlam sifətinə gəlincə, Musa (əleyhissəlam), qətiliklə, onu eşitməmişdir."

Bax Allah Taala'nın kəlamını eşitmə xüsusunda alimlərin məzhəblərinin təfərrüatı, bunlardan ibarətdir. (haşiyə)

----------------------------

(Haşiyə:

Kəlam sifəti:

https://suallarlaislam.com/m%C9.../k%C9%99lam-sif%C9%99ti-1

----------------------------

----------------------------

✓ İkinci məsələ:

Alimlər, Allah Taala'nın, sadəcə Musa ilə mi, yoxsa Onunla birlikdə bəzi kimsələrlə dəmi danışdığı xüsusunda, ixtilaf etmişlərdir. Ayətin zahiri, birinci ehtimala (yəni, sadəcə Musa ilə danışdığına) dəlalət etməkdədir. Çünki, Haqq Taala'nın: "Rəbbi, onunla danışdı." ayəti, bu şərəfin, Musa (əleyhissəlam)'a xas qılındığına dəlalət edir. Xas qılma isə, hökmün, Onun xaricindəkilərdə olmadığına dəlalət edir.

Qadi, belə deyir:

"Əksinə, 'miqat' üçün seçilmiş olan o 70 nəfər də, Allahın kəlamını eşitmişlərdir. Çünki, onların orda olmalarının məqsədi, Musa (əleyhissəlam)'ın qövmünə, onların, orda baş verən şeyləri xəbər vermələridir. Bu məqsəd isə, ancaq, onlar, Allah kəlamını eşitdikləri vaxt tam olur. Həm Allah Taalanın, Musa ilə bu şəkildə danışması, bir möcüzədir. Halbuki, Musa (əleyhissəlam)'ın nübüvvəti (peyğəmbərliyi), daha əvvəl isbatlanmışdı. Dolayısı ilə, bu möcüzənin, başqa bir şey üçün göstərilməsi lazım gəlir."

--------------------------

--------------------------

✓ Üçüncü məsələ:

Alimlərimiz, belə demişlərdir:

Bu ayət, Haqq Taala'nın görülə biləcəyinə dəlalət edir. Bunu, 4 cəhətdən açıqlaya bilərik:

• Birinci dəlil: Ayət, Musa (əleyhissəlam)'ın, Allahı görmək istəməsinə dəlalət etməkdədir. Musa (əleyhissəlam)'ın, Allah haqqında, nəyin vacib, nəyin caiz və nəyin də imkansız olduğunu bilən biri olacağında, şübhə yoxdur. Bundan dolayı, əgər Allahın görülməsi imkansız olsaydı, O, bunu istəməzdi. Musa (əleyhissəlam), bunu istədiyinə görə, Allahın görülməsinin caiz olduğunu başa düşürük.

(Mötəzilə alimlərindən biri olan) Qadi Abdu'l-Cabbar, belə deyir:

Mühəqqiq alimlərin, bu xüsusda, bu şəkildə, 4 görüşləri vardır:

1. Hasan əl-Basri və digərlərinin görüşünə görə, Musa (əleyhissəlam), ru'yət (Allahı görmə)'yin, Allah haqqında caiz olmadığını bilmirdi. Bu xüsusu bilməməklə bərabər, insan, Rəbbini, Onun ədalətini və birliyini bilə bilər. Bundan dolayı, Onun, Allahın görülməsinin imkansız olub-olmadığını bilməsinin nəqli dəlilə söykənmiş olması, uzaq bir ehtimal deyildir.

2. Musa (əleyhissəlam), Allah Taala'nı, qövmündən dolayı görmək istəmişdir. Çünki, qövmü, bunun imkansız olduğunu, bilmirlərdi və: "Ey Musa! Biz, Allahı açıq-aşkar görmədikcə, Sənə qətiyyən iman etməyəcəyik." (Bəqərə/55) deyərək, bu istəklərini, Musa (əleyhissəlam)'a təkrarlayıb dururdular. Dolayısı ilə, Musa (əleyhissəlam), görməyi, Öz nəfsi üçün istəməmişdi. Bu xüsusda bir mane varid olunca, bunun, imkansız olduğu ortaya çıxmış oldu.

Bu, əbu Əli ilə əbu Haşim'in vermiş olduqları izahlardır.

3. "Musa (əleyhissəlam), Rəbbi qatından, zəruri və açıq bir elm/bilik istədi."

Bu görüşü iləri sürənlər, öz aralarında, bu şəkildə ixtilaf etmişdirlər:

~ Bəziləri: "Musa (əleyhissəlam), Rəbbindən, zəruri (oxuyub öyrənməklə əldə edilməyən) bir bilik istədi." deyərlərkən;

~ Bəziləri də: "Xeyr. Əksinə, Ondan, hər nə qədər, Öz felindən olsa da, gəldiyində, mərifətullah (Allahı tanımaq) ilə bağlı zənn və vəsvəsələri ortadan qaldıran, açıq və qəti möcüzələr göndərməsini istədi. Bu, eynilə, axirət əhlinin mərifətullahı xüsusunda söylədiyimiz şey kimidir." demişlərdir.

Bu, əbu'l-Qasim əl-Ka'bi'nin görüşüdür.

4. Bu istəkdən məqsəd, Allah Taalanın, Özünün görülməsinin imkansız olduğuna dəlalət edən nəqli dəlil zikr etməsi və beləcə də, əqli dəlillərin, nəqli dəlillərlə qüvvət qazanmasıdır. Dəlillərin qüvvətlənməsi isə, insanlar üçün mətlub (tələb edilən, istənilən) bir şeydir.

Bu görüş də, əbu Bəkr əl-Əsamm'ın görüşüdür."

Bu ayət xüsusunda, mötəzilə'nin görüşləri, bunlardan ibarətdir.

Biz (əhl-i sünnətin) alimləri isə, belə demişlərdir:

~ Mötəzilə'nin 1-ci görüşü, zəifdir. Buna, bir çox şey dəlalət etməkdədir:

(a.1.) Birincisi: Musa (əleyhissəlam)'ın Allahı bilmə xüsusundakı elminin/biliyinin, mötəzilənin ən aşağı mərtəbədə olanlarından daha az dərəcə və mərtəbədə olmadığı xüsusunda, insanlar ittifaq etmişlərdir. Bundan dolayı, Biz, o mötəzilədən olan hər kəsin, ruyətullahın / Allahı görməyin imkansız olduğunu bildiklərini, Musa (əleyhissəlam)'ın isə bunu bilmədiyini fərz etdiyimizdə, Musa (əleyhissəlam)'ın Allaha dair elmi/biliyi, mötəzilədən ən aşağı mərtəbədə olan hər bir kəsin biliyindən daha az olmuş olur ki, bu, müsəlmanların icması ilə, batil olan bir görüşdür.

(a.2.) İkincisi: Mötəzilə, görülən hər şeyin, ya qarşıda, ya da qarşı hökmündə olan bir yerdə olması gərəkdiyi xüsusunda, qəti bir elmin/biliyin olduğunu iddia edirlər. Bu halda, belə deyilə bilər:

Bu elm/bilik (yəni, bir şeyin, ya qarşıda, ya da qarşı hökmündə olan bir yerdə olması haqqındakı bilik), ya Musa (əleyhissəlam)'da vardır, ya da yoxdur.

- Əgər birinci ehtimal olarsa (yəni, bir şeyin qarşıda və ya qarşı hökmündə olmasını, Musa bilirdisə), Musa (əleyhissəlam)'ın, Allah Taalanın görülməsini mümkün görmüş olması, Haqq Taala'nın, bir məkan və cəhətdə olmasını caiz görmüş olmasını iqtiza edir (gərəkdirir). Halbuki, Allah haqqında bunu caiz görmək, mötəziləyə görə, küfrü gərəkdirir. Dolayısı ilə, onların, Musa (əleyhissəlam)'ın kafir olduğunu söyləmiş olmaları lazım gəlir. Bunu isə, heç bir ağıllı deyə bilməz.

- Əgər ikinci ehtimal olarsa (yəni, bir şeyin, qarşıda və ya qarşı hökmündə olan bir yerdə olmasını, Musa bilmirdisə), biz, belə deyərik:

Görülə bilən hər şeyin, qarşıda və ya qarşı hökmündə olan bir yerdə olması gərəkdiyinə dair elmin/biliyin, bədihi (açıq) və zəruri bir bilik olub, sonra da, bunun, Musa (əleyhissəlam)'da olmadığını fərz etsək, o vaxt, "Musa (əleyhissəlam), zəruri biliklərin heç birisini bilmirdi." deyilməsi lazım gələcək. Belə düşünən hər kəs isə, dəli və məcnundur.

Bundan dolayı, mötəzilənin, Musa (əleyhissəlam)'ın ağlının tam olmayıb, dəli olduğunu söyləmiş olması lazım gələcək ki, bu da, ümmətin icması ilə, küfrdür.

Bundan dolayı, Musa (əleyhissəlam)'ın, Haqq Taala'nın görülə bilməyəcəyinin fərz edilməsilə bərabər Onun görülməsinin imkansız olduğunu bilməməsini söyləməyin, bu batil olan iki nəticədən birini gərəkdirəcəgi, sabit olmuş olur. O halda, bu şəkildə hökm etmək, batil olur. Allah, ən doğru biləndir.

b. Mötəzilə'nin: "Musa (əleyhissəlam), bu görməyi, Özü üçün deyil, qövmü üçün istəmişdir." şəklindəki ikinci görüşü də, batildir. Bunun belə olduğuna da, bunlar dəlalət etməkdədir:

(b.1.) Birincisi: Əgər belə olsaydı, o vaxt Musa (əleyhissəlam): "Onlara, Özünü göstər, Sənə baxsınlar." deyərdi. Allah Taala da: "Onlar, Məni görə bilməzlər." deyərdi. Ayətdə belə deyilmədiyinə görə, bu təvil, batil olur.

(b.2.) İkincisi: Əgər bu, imkansız bir şeyi istəmək olsaydı, o vaxt Musa (əleyhissəlam), qövmünü, bundan əngəlləyərdi. Bu, eynilə, onların, Musa (əleyhissəlam)'a:

"...Onlar dedilər: Ey Musa! Onların məbudları olduğu kimi, bizim üçün də bir məbud düzəlt." (Əraf/138) dediklərində, Onun, onları bu istəklərindən: "Siz, həqiqətən, cahil bir tayfasınız." deyə əngəlləməsində olduğu kimidir.

(b.3.) Üçüncüsü: Musa (əleyhissəlam)'ın, Haqq Taala'nın görülə bilməyəcəyinə dair qəti dəlillər gətirməsi və qövmünü, o dəlillər ilə bu istəklərindən döndərməsi lazım gələrdi. Bundan dolayı, Musa (əleyhissəlam)'ın, bu dəlillərin, zikr edilməsi dar vaxtlı (yəni, dərhal yerinə yetirilməsi lazım gələn) bir fərz olduğu halda hər hansı bir dəlil gətirməməsi, Musa (əleyhissəlam)'ın, etməsi lazım gələn bir şeyi tərk etməsi demək olur ki, bu, caiz deyildir.

(b.4.) Dördüncüsü: Allahı görmək istəyən o topluluq, Musa (əleyhissəlam)'ın nübüvvətinə, ya iman etmişlərdir, ya da etməmişlərdir. Əgər birinci ehtimal (iman etmələri) bəhs mövzusudursa, onların bu batil istəklərindən dönmələri üçün, Musa (əleyhissəlam)'ın, sadəcə sözü kifayət edərdi. Beləcə də, Musa (əleyhissəlam)'ın Rəbbindən, bu xüsusda istəmələrinə ehtiyac qalmazdı. Əgər ikinci (iman etməmələri) ehtimalı olarsa, onlar, bu cavabdan istifadə edə bilməzdilər. Çünki onlar, Musa (əleyhissəlam)'a,

"Biz, Allahın, Özünü görməkdən insanları əngəllədiyini, qəbul etmirik. Əksinə bu, Sənin, Allaha böhtan atıb nisbət etdiyin bir şeydir." deyirlərdi.

Beləcə, hər 2 təqdirə görə də, Musa (əleyhissəlam)'ın: "Rəbbim! Özünü mənə göstər." şəklindəki sözündən, qövmünün bir istifadəsi, yoxdur.

c. Mötəzilə'nin üçüncü görüşü də, uzaq bir ehtimaldır. Bunun belə olduğuna da, bunlar dəlalət edir:

(c.1.) Birincisi: Belə olması halında, ayətin mənası: "Mənə bir şey göstər və mən, Sənin göstərdiyin o şeyə baxım." şəklində olardı ki, bu halda, ayətdə, həm məful, həm də mudaf, hazf edilmiş olur. Ancaq ayətin siyaqı (ayətin gəlişi, sövq edilişi),

"Sən, Məni görə bilməzsən. Lakin bu dağa bax. Əgər o, öz yerində qala bilsə, sən də, Məni görəcəksən." şəklindədir.

Bütün bu mənaları isə, bir mudafın hazfına bağlamaq, caiz deyildir.

(c.2.) İkincisi: Allah Taala, Musa (əleyhissəlam) vasitəsilə, "əsa", "parlaq əl", "tufan", "çəyirtkə", "bit/həşərat", "qurbağa", "qan""dağı yerindən qaldırıb bir kölgə kimi tutmaq" şəklindəki ən iləri dərəcədəki möcüzələr göstərmişdi.

Bundan dolayı, bütün bunlardan sonra, qəti və açıq bir başqa möcüzənin istənməsi, necə mümkün ola bilər?

(c.3.) Üçüncüsü: Musa (əleyhissəlam), Allah ilə, vasitəsiz danışmışdı. Bundan dolayı: "Mənə, mövcud olduğuna dəlalət edən açıq, qəti bir möcüzə ver." deməsi, Ona, necə münasib düşər? Belə bir sözün, son dərəcə yalnış olduğu, məlumdur.

(c.4.) Dördüncüsü: Əgər istənilən şey, Allahın varlığını göstərəcək bir dəlil (möcüzə) olsaydı, Allah Taala, Musa (əleyhissəlam)'a, digər möcüzələri verdiyi kimi; o möcüzəni də verərdi və Musa (əleyhissəlam)'a bunu verməməsinin, bir hikməti olmazdı.

Bu halda, bu (üçüncü) görüşün də batil olduğu, sabit olur.

d. Mötəzilə'nin, "Bundan məqsəd, Allahın, əqli dəlilləri qüvvətləndirən nəqli bir dəlil (möcüzə) göstərməsidir." şəklindəki dördüncü təvilləri də, uzaq bir ehtimaldır.

Əgər Musa (əleyhissəlam)'ın məqsədi bu olsaydı, o vaxt, onun, "Ey Rəbbim! Sənin Zat'ının görülməsinin imkansız olduğu xüsusunda, ağıllarda zahir və açıq olan şeyi qüvvətləndirməni istəyirəm." deməsi lazım gələrdi. Halbuki O, belə söyləməyib, əksinə, Haqq Taala'nın Özünü görməyi istəyincə, mötəzilənin verdiyi bütün bu təvillərin, fasid olduğunu başa düşmüş oluruq.

-----------------------------

-----------------------------

• İkinci dəlil:

Bu ayətdən, Allah Taala'nın görülə biləcəyi xüsusunda çıxarılan ikinci dəlil, budur:

Çünki əgər Allah Taala'nın görülməsi imkansız olsaydı, O: "Mən, görülmərəm." deyərdi.

Məgər görmürsənmi ki, bir kimsənin ovucunda bir daş olsa və

- Bir başqası, ona: "Bunu, mənə ver, yeyim." desə,

- O da ona: "Bu, yeyilməz." deyər. Ancaq: "Sən, bunu yemə." deməz.

Lakin əlində daş deyil, bir alma olsaydı,

- O, ona: "Sən, onu yeyə bilməzsən." deyərdi. Bu, "Əlimdəkilər, yeyilə bilən bir şeydir. Ancaq, sən onu yeyə bilməyəcəksən." deməkdir.

Bundan dolayı, Haqq Taala: "Mən, görülmərəm." deməyib, "Sən, Məni, qətiyyən görə bilməzsən." deyincə, bu ifadənin, Allah Taala'nın, hədd-i Zatında görülə biləcəyinə dəlalət etdiyini başa düşmüş oluruq.

--------------------------

--------------------------

• Üçüncü dəlil:

Allah Taala, görülməsini, mümkün olan bir şərtə bağlamışdır. Mümkün olan bir şərtə bağlanan şey də, mümkündür. Bundan dolayı, Allah Taala'nın görülməsinin, hədd-i zatında mümkün olması lazımdır.

Biz, Allah Taala'nın, Özünün görülə bilməsini, mümkün olan bir şərtə bağladığını dedik. Çünki O, görülə bilməsini, (təcəlli edəcəyi) dağın yerində dura bilməsi şərtinə bağlamışdır. Bunun dəlili, Haqq Taala'nın: "Əgər o, öz yerində qala bilsə, sən də Məni görəcəksən..." bəyanıdır. Əslində Özünün görülə bilməsini, əslində mümkün olan bir şərtə bağladığı sabit olur. Bu, sabit olunca, Haqq Taala'nın əslində görülməsinin mümkün olması lazım gəlir. Çünki bu şərt, ola biləcək bir şey olunca, bunun fərz edilməsindən, ortaya, imkansızlıq çıxmaz. Bu şərtin reallaşmasına, ya o cəza tərəttüb edər (yəni, o cəzanı nəticə verər), ki, bu, Allahın görülməsinin gerçəkləşməsidir; ya da tərəttüb etməz. Əgər görülmə işi, bu şərtə söykənərsə, o vaxt, Allah Taala'nın görülə biləcəyinə, qəti olaraq hökm etmək lazım gəlir. Əgər bu görülmə işi, o şərtə söykənmirsə, bu xüsus, "Şərt, mövcud olduğu vaxt; ruyət (görmə) də mövcud olar." şəklindəki görüşün doğruluğunu, zədələyər. Bu isə, yalnışdır.

Buna görə: "Allah Taala, görülmə işini, hərəkət halında ikən, dağın, yerində istiqrarlı olması şərtinə bağlamışdır. Dağın isə hərəkət halında istiqrarlı (hərəkətsiz) olması, imkansızdır. Dolayısı ilə, Allahın görülməsinin reallaşması, caiz (mümkin) bir şərtə deyil, imkansız olan bir şərtə bağlanmış olduğu sabit olmaqdadır. Bundan, sizin söylədiyiniz şeyin doğruluğu lazım gəlməz. Şərtin, dağın hərəkət halında ikən qərar qılması olduğunun dəlili, budur: İstər hərəkətsiz, istər hərəkətli olsun, dağın qərar qılması, hərəkətsiz dayanması, ruyətin baş verə bilməsi üçün şərt qılınmamışdır." deyilə bilər.

Bu halda, əgər birinci ehtimal olarsa, bu şərtə bağlı olaraq ruyətin mövcud olması lazımdır. Ruyət reallaşmadığına görə, biz, o əsnada, dağın qərar qılmadığını (yəni, hərəkətsiz dayanmadığını) başa düşmüş oluruq. O, qərar qılmamış olunca da, hərəkətli olmuş sayılır. Beləcə, dağın, istər hərəkətli, istər hərəkətsiz olsun, ruyətin reallaşması üçün, onun qərar qılmasının, şərt qılınmayan bir hal olduğu sabit olur. Beləcə də, şərtin, Allah Taalanın, Özünün görülməsini, Onun mövcud olmasına bağladığı şey, sabit olur. Bu şərt də, dağın, hərəkətli ikən, istiqrar qazanmasıdır. Bu isə, imkansız olan bir şərtdir.

Cavab: Bu, istər hərəkətli, istərsə də sakin olması cəhətindən, dağın halının, əvvəlki halından başqa olduğunun etibara alınmasıdır...Onun, hərəkət və sükununun, birindən uzaq olmaması, onun halının, hərəkətli və ya sakin olması cəhətindən etibara alınmasına mane deyildir. Görmürsənmi ki, sən, bir şeyi, mövcud olması şərtilə ələ aldığında, onun varlığı, vacib olur; əgər onu, mövcud olmaması şərtilə alarsansa, o vaxt da, onun yoxluğu vacib olur.

Bundan dolayı, sən, onu, var olub-olmamasına baxmadan, sırf o olması etibarı ilə alsan, o vaxt da, o, varlığı mümkün olan sayılır. Bundan dolayı, burda, ləfz etibarı ilə şərt qılınan şey, dağın qərar qılmasıdır. Bu qədər şey isə, varlığı mümkün olan şeydir...Beləcə, şərt qılınan miqdarın, varlığı mümkün olan və ola bilməsi caiz olan bir iş olduğu sabit olmuş olur. Nəticənin, özünə isnad edilməsi üçün isə, bu qədər şey, kifayətdir. Allah, ən gözəl biləndir.

--------------------

--------------------

• Dördüncü dəlil:

Allahın görülə biləcəyini isbat üçün, bu ayətdən çıxarılan dördüncü dəlil də, budur:

Haqq Taala, "Rəbbi dağa təcəlli edincə, onu parça-parça etdi." buyurmuşdur. Bu təcəlli, ruyət'dir. Bunun ruyət olduğuna, bu 2 şey dəlalət etməkdədir:

a. Bir şeyin elmi/biliyi, o şeyi ortaya çıxarır. Təcəlli etdirir...Bir şeyi görmək də, o şeyi ortaya çıxarır...Ancaq, nə var ki, o şeyi ortaya qoyma xüsusunda görmək, onu bilməkdən daha mükəmməl bir məna ifadə edir...Ləfzi, ən mükəmməl mənaya həml etmək isə, əvla olanıdır.

b. Bu ayətin zikr edilməsinin məqsədi, insanın, Allahı görməyə taqət gətirə bilməyəcəyini bildirməkdir. Bunun belə olduğunun dəlili isə, budur:

Dağ, o qədər böyüklüyünə baxmayaraq, Allahı görüncə, paramparça olmuşdur...Təcəllidən murad olunan, bizim söyləmiş olduğumuz xüsus olmasaydı, bu məqsəd hasil olmazdı. Dolayısı ilə, Haqq Taala'nın: "Rəbbi dağa təcəlli edincə, onu parça-parça etdi." buyuruğu, "Dağ, Allahı görüncə parça-parça oldu." deməkdir. Hal belə olduğuna görə, Allah Taala'nın görülə biləcəyi, sabit olur.

Bu mövzuda ən son söz, budur:

Dağ, cansız bir varlıqdır. Cansızın isə, bir şeyi görməsi, imkansızdır. Ancaq nə var ki, biz, belə deyirik:

Allah Taala'nın, dağda, həyat, ağıl və anlayış yaratmasının; sonra da, onda, Allah Taala'nın Zatına təəllüq edən (Zatı ilə əlaqəli olan) bir görmə xüsusiyyətini yaratmış olduğunun söylənməsi, imkansız deyildir. Bunun dəlili isə,

"...Ey dağlar və quşlar! Onunla birlikdə Allahı təsbih edin! dedik." (Səbə/10) ayətidir. O dağın, bu xitabın muxatabı ola bilməsi, onda, həyat və ağlın mövcud olması şərtinə bağlıdır.

Bundan dolayı, bax bu 4 dəlil ilə, Allah Taala'nın görülə biləcəyinə dəlalət etdiyi, sabit olur.

------------------------------

------------------------------

Allahın görülə biləcəyini inkar edən mötəzilənin etirazları

Mötəziləyə gəlincə, onlar:

"Haqq Taala'nın görülməsinin imkansız olduğu, gərək əqli, gərəksə də nəqli dəlillərlə sabitdir. Bundan dolayı, bu zahiri mənaların, verilən bu təfsir və təvillərə həml edilməsi lazımdır." demişlərdir.

Onların əqli dəlillərinin zəif olduğunu, biz, əqli mövzu edən kitablarda bəyan etmişdik. Bundan dolayı, onları, burda zikr etməyə ehtiyac yoxdur. Onların bu xüsusdakı nəqli dəlillərinə gəlincə, bu mövzuda, onların ən qüvvətli dəlilləri, Haqq Taala'nın

لَّا تُدْرِكُهُ ٱلْأَبْصَـٰرُ

"Gözlər, Onu idrak edə bilməz..." (Ənam/103) ayətidir.

Bu surədə, bu ayətdəki incə bəhslər və dərin mənalar daha əvvəl keçmişdi.

Bil ki, mötəzilə, Haqq Taala'nın görülə bilməyəcəyi xüsusunda, bu ayətə, bir neçə cəhətdən istinad etmişlərdir:

• Birinci hüccət: Onlar, Haqq Taala'nın, "lən tərani / Məni, görə bilməzsən." bəyanına söykənmişlərdir.

Mötəzilənin, bu ifadə ilə etmiş olduqları istidlalı, bu şəkildə izah edə bilərik:

Bu ayət, Musa (əleyhissəlam)'ın, Allahı, nə dünyada, nə də qiyamətdə qətiliklə görə bilməyəcəyinə dəlalət edir. Bunun belə olduğu sabit olunca ---> Allahı, qətiliklə, heç kimin görə bilməyəcəyi sabit olmuş olur. Bunun da belə olduğu sabit olunca ---> Allahın görülməsinin imkansız olduğu, sabit olur.

Beləcə, burda, 3 müqəddimə vardır. Belə ki:

~ Birinci müqəddimə: Bu müqəddimə, bir neçə şəkildə izah edilir:

1. Lüğət alimlərindən nəql edildiyinə görə, "lən" ədatı, "əbədiyyən" mənasında istifadə edilir.

Vahidi, belə deyir: "Bu, lüğətçilər haqqında, əslsiz bir iddiadır. Bu görüşün doğruluğuna şahid olacaq, nə mötəbər bir kitab, nə də səhih bir rəvayət vardır."

Bizim alimlərimiz də, belə demişlərdir:

"Bunun yalnışlığının dəlili, Haqq Taala'nın, yəhudilər haqqında danışarkən söylədiyi,

وَلَن يَتَمَنَّوْهُ أَبَدًۢا...

Lən yətəmənnəvhu əbədən...

'Onlar, əsla ölümü arzu etməzlər...' (Bəqərə/95) ayətidir. Halbuki, onlar, qiyamət günü, ölümü arzu edəcəklər. (haşiyə)

----------------------

(Haşiyə:

إِنَّآ أَنذَرْنَـٰكُمْ عَذَابًا قَرِيبًا يَوْمَ يَنظُرُ ٱلْمَرْءُ مَا قَدَّمَتْ يَدَاهُ وَيَقُولُ ٱلْكَافِرُ يَـٰلَيْتَنِى كُنتُ تُرَ‌ٰبًۢا

"Həqiqətən, Biz, sizi, yaxın əzab barədə xəbərdar etdik. O gün insan, öz əlləri ilə nələr etdiyini görəcək, kafir isə, deyəcəkdir: Kaş mən, torpaq olaydım!” (Nəbə/40)

------------------------

2. Haqq Taala'nın, "lən tərani" ayəti, istənilən hər hansı bir vaxtın, bu ifadədən istisna edilə bilməsinin mümkün olmasının da göstərdiyi üzərə, bütün zamanları ehtiva edir. İstisnanın gərəyi əgər istisna edilməmiş olsaydı, bu ifadənin hökmünə daxil olacaq şeyi, hökmün xaricində buraxmış olardı.

Bu izah, zəifdir. Çünki, fiqh üsulunda yaxşıca ortaya qoyulduğu kimi, istisnanın təsiri, bir şeyin səhih olmasını əngəlləməkdə olub, yoxsa, vacib olmasını əngəlləmədə deyildir.

3. Bir kimsənin, "لن افعل كذا / Bunu, əsla etməyəcəyəm." şəklindəki sözü, nəfyin təkidini ifadə edir. Bunun mənası, onu etməyin, o kimsənin halına müxalif olduğudur. Bunun bir bənzəri də, Haqq Taala'nın, لَن يَخْلُقُوا۟ ذُبَابًا وَلَوِ ٱجْتَمَعُوا۟ لَهُۥ ۖ / (Allahdan başqa ibadət etdikləriniz), bir milçək belə yarada bilməzlər, hətta bunun üçün bir yerə yığışsalar belə." (Hacc/73) ayətidir. Bu, ruyətin, uluhiyyətə müxalif olduğuna dəlalət edir.

Bu izaha, belə cavab verilir:

"Lən" ədatı, haqqında sual soruşulan bir şeyi nəfy etməyi təkid üçün istifadə edilir. Sual isə, ancaq, bu anda, ruyət (Allahı görmə) xüsusunda vaqe olmuşdur. Dolayısı ilə, Haqq Taala'nın "lən tərani" ayəti, bu istəyi, o əsnada nəfy etmək üçündür. Yoxsa, "lən" ədatının, bir şeyin əbədiyyən ola bilməyəcəyini göstərməsinə gəlincə, xeyr, o, bu mənanı ifadə etməz.

Bax, bu məsələnin izahında söyləniləcək sözlərin hamısı, bundan ibarətdir.

---------------------

~ İkinci müqəddimə:

Mötəzilə, deyir: "Bu xüsusda söz deyən insanlar, 2 qisimdir:

a. Bir qismi: "Möminlər, Allahı görərlər. Musa da Onu görər." deməkdədirlər.

b. Bir qismi də: "Heç kimin Allahı görməyəcəyini" söyləyirlər.

Ruyətin, Musa (əleyhissəlam)'dan başqası üçün olduğunu söyləyib Musa'nın görə bilməyəcəyini söyləyən görüşə gəlincə, bu, icmaya müxalif olan batil bir görüşdür.

~ Üçüncü müqəddimə: Bu, "Ruyətin (Allahı görməyin) meydana gəlmədiyini söyləyən hər kəs, bunun, iləridə də meydana gəlməyəcəyini söyləmiş olar." şəklindəki müqəddimədir.

Bax, meydana gəldiyini nəfy etməklə bərabər ola biləcəyini söyləmək, icmaya müxalif bir görüş olub batildir.

Bil ki, bunun dəlalətini, birinci müqəddimənin səhih olmasına bina edilməsinin zəifliyi sabit olunca, bu istidlal, tamamilə düşər.

-------------------

• İkinci hüccət: Allah Taala, Musa (əleyhissəlam)'ın, (bu əsnada), bayılaraq yerə yıxıldığını nəql etmişdir. Əgər ruyət mümkün olsaydı, o vaxt, nə üçün Musa (əleyhissəlam) bayılaraq yerə yıxılırdı?

--------------------

• Üçüncü hüccət: Musa (əleyhissəlam) ayıldığı vaxt, "subhanəkə / Səni, tənzih edirəm" demişdir. Bu söz, Allahı tənzih etmək üçündür. Bundan dolayı, bu kəlimədən məqsədin, Allah Taalanı, daha əvvəl zikri keçmiş olan şeydən ötəri tənzih etməsi lazım gəlir. Daha əvvəl zikr edilmiş olan xüsus da, Allahı görə bilməkdir. Elə isə, Musa (əleyhissəlam)'ın "subhanəkə" sözü, Allahı, görülməkdən tənzih etməkdir. Beləcə, ruyəti nəfy etmətin (yəni, Allahın görülə bilməyəcəyini söyləməyin), Allahı tənzih etmək olduğu sabit olur. Allah, ancaq, nöqsanlıqlardan və qüsurlardan tənzih edilər. Elə isə, ruyətin, Allah üçün bir nöqsanlıq və əskiklik olması lazımdır. Bu, Allah üçün, imkansızdır. Bundan dolayı, ruyətin, Allah haqqında imkansız olduğu, qətilik qazanır.

----------------------

• Dördüncü hüccət: Haqq Taala, ayıldığı vaxt, Musa (əleyhissəlam)'ın, belə dediyini nəql etmişdir: "Sənə tövbə etdim..."

Əgər Allahı görməyi istəmək günah olmasaydı, O, bundan dolayı tövbə etməzdi. Əgər ruyət, mömin olmağın sihhətinə zidd düşən bir günah olmasaydı, O, "Mən, iman gətirənlərin birincisiyəm!” deməzdi.

Bil ki, bizim (əhl-i sünnət) alimlərimiz, belə demişlərdir:

Allahı görmək, mümkündür. Ancaq, Musa (əleyhissəlam), bunu, icazəsiz olaraq istəmişdir. Əbrar (yaxşı qullar)'ın yaxşılıq sayılan işləri, muqarrəb (Allaha ən yaxın olan qullar)'ın xətaları kimidir. Bundan dolayı, Musa (əleyhissəlam)'ın etdiyi bu tövbənin, mötəzilənin zikr etdiyi şeydən dolayı deyil, bax bu mənadan dolayı bir tövbə olması lazımdır.

Bax bu ayətdəki (ruyət ilə) bağlı sözün cümləsi, bundan ibarətdir. Allah, ən gözəl biləndir.

----------------------------

----------------------------

✓ Dördüncü məsələ:

ibn Abbas (radiyallahu anh)'ın, belə dediyi nəql edilmişdir:

Musa (əleyhissəlam), bərabərində, 70 nəfər olaraq gəlir. Dağa çıxır. O 70 nəfər isə, Tur dağının ətəklərində gözləyirlər. Allah, Musa ilə danışır; Ona lövhələr üzərində bir kitab yazır və Musanı dua edəcək şəkildə, Özünə yaxınlaşdırır. Musa (əleyhissəlam), qələmin səslərini eşidincə, şövqü artır, "Ey Rəbbim! Özünü, mənə göstər, Sənə baxım." deyir.

"Kəşşaf" sahibi Zəmaxşəri isə, belə demişdir: "Ərini/Mənə, göstər" felinin ikinci məfulu, məhzufdur (hazf edilmişdir). Yəni, "Özünü, mənə göstər, Sənə baxım." deməkdir.

Ayətin ləfzilə bağlı, bir neçə sual vardır:

~ Birinci sual: "Nəzər", ya bir şeyi görməkdən, ya da onu görməyin müqəddiməsindən ibarətdir. Bu da, sağlam olan göz bəbəyini, görmək üçün, görmək istədiyimiz şey tərəfə çevirməkdir. Birinci hala görə, ifadənin mənası, "Mənə, (Özünü) göstər ki, Səni görüm." şəklində olur. Bu isə, yalnışdır. İkinci hala görə isə, məna, "Mənə (Özünü) göstər ki, göz bəbəyimi, Sən tərəfə çevirim." şəklində olur. Bu da, 2 səbəbdən dolayı, yalnışdır:

a. Bu görmə, Allahın, bir cəhətdə olmasını söyləməyi gərəkdirir.

b. Göz bəbəyini görülən şeyə doğru çevirmək, görmənin bir müqəddiməsidir. Halbuki, bu görüşün sahibi, bunu, görməyin bir nəticəsi olaraq göstərmişdir. Bu isə, yalnışdır.

Cavab: Ayətdəki "ərini" kəliməsi, "Məni, Səni görməyə müqtədir qıl ki, Sənə baxım və Səni görüm." deməkdir.

~ İkinci sual: Allah Taala, Musanın, "Sənə baxım" ifadəsinə uyğun olması üçün, nəyə görə, "لن تنظر الي / Mənə, əsla baxa bilməzsən." demədi, "لن ترانى / Məni, əsla görə bilməzsən." dedi?

Cavab: Baxmaq, görməyin müqəddiməsi olunca, bundan məqsəd, görməklə bərabər olan baxmaq deyil, "görmək" olur.

-------------------

-------------------

قَالَ سُبْحَـٰنَكَ

"Səni, tənzih edirəm." ayətinə gəlincə, bu, "Sənin icazən olmadan, Səndən başqasından bir şey istəməkdən, Səni tənzih edirəm." mənasındadır.

---------------

---------------

تُبْتُ إِلَيْكَ

"Sənə tövbə etdim." ayəti xüsusunda, bu 2 izah verilmişdir:

a. "Dünyada ikən Səni görməyi istədiyimdən dolayı, Sənə tövbə etdim."

b. "Sənin icazən olmadan Səni görmək istəyindən dolayı tövbə etdim."

----------------------

----------------------

وَأَنَا۠ أَوَّلُ ٱلْمُؤْمِنِينَ

"Mən, iman gətirənlərin birincisiyəm."

Yəni:

~ "Sənin, dünyada ikən görülə bilməyəcəyinə inanıb iman edənlərin birincisi, Mənəm."

və ya

~ "Sənin icazən olmadan, Səndən bir şey istəməyin uyğun olmadığına inananların birincisi, Mənəm."

deməkdir.

(İmam Fəxrəddin ər-Razi əl-Əşari, "Məfatihu'l-Ğeyb" təfsiri, -müxtəsər bir şəkildə-)

Read 44 times
In order to make a comment, please login or register
OXŞAR SUALLAR