Əraf surəsi 172-ci ayətin təfsiri (ələstu birabbikum)

 

وَإِذْ أَخَذَ رَبُّكَ مِنۢ بَنِىٓ ءَادَمَ مِن ظُهُورِهِمْ ذُرِّيَّتَهُمْ وَأَشْهَدَهُمْ عَلَىٰٓ أَنفُسِهِمْ أَلَسْتُ بِرَبِّكُمْ ۖ قَالُوا۟ بَلَىٰ ۛ شَهِدْنَآ ۛ أَن تَقُولُوا۟ يَوْمَ ٱلْقِيَـٰمَةِ إِنَّا كُنَّا عَنْ هَـٰذَا غَـٰفِلِينَ • أَوْ تَقُولُوٓا۟ إِنَّمَآ أَشْرَكَ ءَابَآؤُنَا مِن قَبْلُ وَكُنَّا ذُرِّيَّةً مِّنۢ بَعْدِهِمْ ۖ أَفَتُهْلِكُنَا بِمَا فَعَلَ ٱلْمُبْطِلُونَ • وَكَذَ‌ٰلِكَ نُفَصِّلُ ٱلْءَايَـٰتِ وَلَعَلَّهُمْ يَرْجِعُونَ

172- "Bir zaman Rəbbin, Adəm oğullarından, onların bellərindən, zürriyyətlərini (nəsillərini) çıxarıb, özlərini özlərinə şahid tutmuş və:

'Mən, sizin Rəbbiniz deyiləmmi?' (demişdi).

Onlar da: 'Bəli (Rəbbimizsən). Şahid olduq.' demişlərdi.

Bu şahid tutmaq, qiyamət günü:

'Bizim bundan xəbərimiz yox idi.' deməməyiniz üçün idi."

173- "Yaxud: 'Atalarımız bizdən əvvəl Allaha şərik qoşmuş, biz də onlardan sonra gələn bir nəsil olmuşuq. Məgər Sən, bizi batilə uyanların etdikləri əməllərə görə məhv edəcəksən?”– deməməyiniz üçün idi."

174- "Bax, Biz ayələri beləcə izah edirik ki, bəlkə haqq yola qayıdalar."

---------------------------------

Təfsiri:

Bu ayətlərlə bağlı, bir neçə məsələ vardır:

✓ Birinci məsələ: "Allahın insanlardan əhd alması"

Bu ayətin təfsiri ilə bağlı 2 görüş vardır:

• Birinci görüş, müfəssirlərin və hədis əhlinin görüşüdür.

~ Muslim b. Yəsar əl-Cuhəni'nin rəvayət etdiyinə görə, Ömər (radiyallahu anh)'a bu ayət haqqında soruşulduğunda, o, belə demişdir:

Mən, Allah rəsulu (sallallahu aleyhi və səlləm)'dən bu ayət haqqında soruşulduğunu, Onun da, belə dediyini eşitdim:

"Allah subhənəhu və taala, Adəmi yaratdı. Sonra onun belini məsh edib ordan bir zürriyyət çıxardı və:

'Mən, bunları cənnət üçün yaratdım. Bunlar, cənnətliklərin əməlini görəcəklər.' dedi.

Daha sonra (təkrar), Adəmin belini məsh etdi və ordan bir zürriyyət daha çıxarıb:

'Mən, bunları da, cəhənnəm üçün yaratdım. Bunlar, cəhənnəmliklərin əməlini edəcəklər.' buyurdu."

Bunun üzərinə, orda olan adamlardan biri:

"Ey Allahın rəsulu! O halda (insanın) əməl etməsi nə üçündür?"

deyincə, Peyğəmbər (sallallahu aleyhi və səlləm), belə buyurdu:

"Allah, bir qulu cənnət üçün yaradınca, cənnətliklərin əməllərindən bir əməl üzərə ölüb cənnətə girsin deyə, onu cənnətliklərin əməllərində çalışdırar.

Bir qulu da, cəhənnəm üçün yaradınca, cəhənnəmliklərin əməllərindən bir əməl üzərə ölüb cəhənnəmə daxil etsin deyə, cəhənnəmliklərin əməllərində çalışdırar."

~ Əbu Hureyrə (radiyallahu anh)'dan rəvayət edildiyinə görə, Allah rəsulu (sallallahu aleyhi və səlləm), belə buyurmuşdur:

"Allah Taala, Adəmi yaratdığı vaxt, onun belini məsh etdi və belindən, qiyamət gününə qədər, onun soyundan gələcək olan hər can düşdü."

~ Muqatil, belə deyir:

"Allah Taala, Adəmin belinin sağ tərəfini məsh etdi. Bunun üzərinə, ordan, zərrələr kimi hərəkət edən ağ bir zürriyyət çıxdı. Sonra onun belinin sol yanını məsh etdi. Bunun üzərinə, ordan da, zərrələr (toz zərrəcikləri) kimi qara bir zürriyyət çıxdı. Bundan sonra da:

'Ey Adəm! Bax bunlar, sənin soyundur.' buyurdu.

Daha sonra, Allah Taala, onlara:

أَلَسْتُ بِرَبِّكُمْ ۖ قَالُوا۟ بَلَىٰ

"Mən, sizin Rəbbiniz deyiləmmi? demişdi. Onlar da, "Bəli (Rəbbimizsən)" demişlərdi." buyurdu.

Bunun davamında, Allah:

~ ağ nəslə xitab edərək:

"Bunlar, rəhmətimlə cənnətdədirlər və bunlar, 'əshabi'l-yəmin'dirlər (əməl dəftərləri sağ tərəflərindən veriləcək olanlardır, Vaqiə/38);

~ qara zürriyyətə də:

"Bunlar da, cəhənnəmdədir. Bunlar, 'əshabu'ş-şimal və əshabu'l-məşəmədirlər (əməl dəftəri sol tərəfindən verilənlər, Vaqiə/41, 9) dedi, sonra da, onların hamısını təkrar, Adəmin belinə geri qaytardı.

Bu səbəblə, qəbirdəkilər, kişilərin bellərindən, qadınların da rəhmlərindən, özlərindən əhd alınan bu zürriyyətlər çıxıb sona varıncaya qədər, qəbirlərində gözləyərlər. Allah, ilk əhdi pozanlar haqqında da:

وَمَا وَجَدْنَا لِأَكْثَرِهِم مِّنْ عَهْدٍ...

"Onların əksəriyyətini əhdə xilaf çıxan gördük..." (Əraf/102) buyurmuşdur.

Bu görüşü:

• Səid b. əl-Musəyyəb;

• Səid b. Cubeyr;

• Dahhaq;

• İkrimə; və

• Kəlbi

kimi, bir çox sələf müfəssiri qəbul edib mənimsəmişlərdir.

~ İbn Abbas (radiyallahu anh)'dan da, belə dediyi rəvayət edilmişdir:

"Allah Taala, Adəmə, zürriyyəti içində, nurlu bir topluluq göstərdi. Bunun üzərinə, Adəm:

'Ey Rəbbim! Onlar kimdirlər?' deyincə, Allah:

'Onlar, peyğəmbərlərdir.' cavabını verdi.

Adəm, onlar içindən, daha çox nurlu olan birini gördü. Bunun üzərinə:

'Bu kimdir?' deyə soruşdu. Allah Taala:

'O, Davuddur.' cavabını verdi.

Adəm:

'Ömrü, nə qədərdir?' deyincə də, Allah:

'70 ildir.' buyurdu.

Adəm:

'Mən, öz ömrümdən 40 ilini ona bağışladım.' dedi.

Adəmin ömrü, 1000 il idi. O, ömrünün 960 ilini tamamlayınca, canını almaq üzərə, ölüm mələyi yanına gəldi. Bunun üzərinə, Adəm:

'Mənim ömrümdən geriyə 40 il qaldı.' deyincə, ölüm mələyi:

'Sən, bunu, oğlun Davuda bağışlamadınmı?' deyə soruşdu. Bunun üzərinə Adəm:

'Mən, ömrümdən heç kimə heç bir şey vermərəm.' dedi.

O əsnada, hər kəs üçün əcəli yazılıb təqdir edildi..."

-----------------------------------

Əhd haqqında mötəzilənin təvili:

Mötəzilə, bu ayətin, bu şəkildə təfsir edilməsinin caiz olmayacağı xüsusunda, ittifaq halındadırlar. Onlar, bu görüşün çürüklüyünü iddia edərkən, bu dəlilləri iləri sürmüşlərdir:

• Birinci dəlil:

Ayətdə, "...Adəm oğullarının, onların bellərindən..." buyurulmuşdur.

"Min zuhurihim" (onların bellərindən) kəliməsinin, "bəni Adəm" (Adəm oğulları) kəliməsinə bədəl olduğunda, bir şübhə yoxdur. Buna görə, bu ifadənin mənası:

"Bir zaman Rəbbin, Adəm oğullarının bellərindən çıxarmışdı..."

şəklində olur ki, buna görə də, Allah Taala, "Adəmin belindən" hər hansı bir şey aldığını AÇIQLAMAMIŞDIR.

• İkinci dəlil:

Əgər bu ifadədən murad:

"Adəmin belindən zürriyyətini çıxardı..."

şəklində olsaydı, o vaxt, "min zuhurihim" (bellərindən) buyurmayıb, əksinə, "min zahrihi" (belindən) demiş olması lazım gələrdi. Çünki Adəmin tək bir beli vardır.

Əgər bu təbirlə, Adəm qəsd edilmiş olsaydı, o vaxt Allah Taala, "zürriyyətəhum" (zürriyyətini) buyurardı. (Yəni Adəmin belindən, Adəmin zürriyyətini çıxardı. Halbuki ayətdə, "Adəm oğullarının, onların bellərindən zürriyyətlərini çıxardı, buyurulmuşdur.)

• Üçüncü dəlil:

Allah Taala, o zürriyyətlərin:

“...Atalarımız bizdən əvvəl Allaha şərik qoşmuş..." (Əraf/173) dediyini nəql etmişdir. Halbuki bu söz, Adəmin uşaqlarına yaraşmaz. Çünki Adəm, müşrik deyildi.

• Dördüncü dəlil:

"Əhd", ancaq ağlı olandan alınır. Dolayısı ilə, əgər Allah Taala, (hədisdəki) o zərrələrdən əhd almış olsaydı, o vaxt, o zərrələrin ağlı olmuş olardı. Onlar ağıllı olsalardı və ağıllı olduqları halda bu sözü, bu əhdi vermiş olsalardı, o vaxt, onların, bu aləmə gəlmədən əvvəl, bu vaxtda, belə bir söz verdiklərini xatırlamaları lazım gələrdi. Çünki bir kimsə üçün, əhəmiyyətli və böyük bir hadisə meydana gələrsə, ağlı olduğu halda, o hadisəni tamamilə unudub, ondan az, ya da çox, heç bir şey xatırlamaması, mümkün deyildir...

Bu dəlilə söykənilərək, "tənasuh" (reankarnasiya) fikri rədd edilmiş, çürüdülmüşdür.

Çünki biz, belə deyirik:

~ Əgər:

Bizim ruhlarımız, bu bədəndən əvvəl başqa bədənlərdə idisə, bizim bu anda, bu bədəndən əvvəl başqa bir bədəndə olduğumuzu xatırlamağımız lazım gələrdi... Biz də bunu xatırlaya bilmədiyimizə görə, "tənasuh" fikri batil olmuş olur.

Bu halda biz, "tənasuh" fikrini çürütmək xüsusunda, sadəcə bu dəlilə söykəndiyimizə və eyni dəlil də, bu məsələmiz haqqında bəhs mövzusu olduğuna görə, bunun gərəyinə görə hökm etmək lazımdır.

~ Əgər:

"Biz o əhd vaxtında söz verdik... Nə var ki, o vaxt vermiş olduğumuz əhdə dair heç bir şey xatırlamırıq..."

deyilməsi caiz olarsa, (reankarnasiyaya inananların):

"Biz, bu bədəndən əvvəl başqa bir bədəndə idik, nə var ki, biz, indiki bu bədənimizdə, əvvəlki bədəndəki hallarımıza görə, hər hansı bir şey xatırlamırıq..."

deyilməsi də, niyə caiz olmasın?!

Xülasə, deyə bilərik ki, bu görüşlə, "tənasuh"u mənimsəyənlərin görüşü arasında bir fərq mövcud deyildir.

Bundan dolayı, bu görüşü mənimsəmək, uzaq bir ehtimal deyilsə, "tənasuh" fikrini mənimsəmək də, uzaq bir ehtimal sayılmaz...

• Beşinci dəlil:

Allah Taala'nın, Adəmin oğullarından yaratmış olduğu məxluqların hamısı, çox böyük bir yekun və ifadə edilə bilməyəcək qədər izdihamlı olan bir çoxluq meydana gətirir...

Bundan dolayı, o zərrələrdən meydana gələn yekun, gərək işğal etdiyi yer, gərəksə də miqdar etibarı ilə, çox böyük bir rəqəmə, məbləğə çatır... Halbuki, kiçik olan Adəmin belinin, belə bir izdihamı ehtiva etməsi, uzaq bir ehtimaldır...

• Altıncı dəlil:

Həyat, ağıl və anlayışın mövcud ola bilməsi üçün, bədən şərtdir. Əgər bu, belə olmazsa, toz zərrəcikləri kimi olan hər zərrənin, ağıllı, anlayışlı və çox həssas cisimlər mövzusunda bir çox əsər yaza biləcək bir şəkildə olması, uzaq bir ehtimal sayılmaz...

Halbuki, bu qapını açmaq, bizi, çox müxtəlif cahillikləri mənimsəmə nəticəsinə götürər...

Həyatın ola bilməsi üçün, bədənin şərt olduğu sabit olub, o zərrələrdən hər birinin, də alim və ağıllı olmaları da, ancaq bədən, qan və ət kimi şeylərin mövcud olması ilə mümkün olduğuna; hal belə olunca da, ta Adəmin yaradılmasından etibarən, Qiyamətə qədər varlıq aləminə gələn o şəxslərin cəmini də, dünyanın öz içinə ala bilməsi imkansız olunca, artıq necə olur ki:

"Onların hamısı, eyni anda, Adəmin belində mövcud idilər..."

deyilməsi, mümkün olsun?!

• Yeddinci dəlil:

Allah Taala, bu əhdi, ya o vaxtda, ya da onlar dünyaya gəldikdən sonra əleyhlərinə bir dəlil olsun deyə almışdır...

~ Birincisi, batildir. Çünki bu kiçik əhd səbəbilə, onların mükafat və cəzaya, mədh və zəmmə (pislənməyə) layiq olmayacaqlarına dair, icma mövcuddur...

~ Onlardan istənilən bu şeyin, onlar dünyaya gəldikdən, onların əleyhinə hüccət olsun deyə alınmış olması da, caiz deyildir. Çünki onlar, dünyada ikən, o əhdi xatırlaya bilmədiklərinə görə, bu, imana sarılmaları xüsusunda, necə onların əleyhinə bir hüccət ola bilər?!

• Səkkizinci dəlil:

Kə'bi, belə deyir:

"O zürriyyətlərin halı, anlayış və elm cəhətindən, uşaqların halından daha üstün ola bilməz. Uşaqlara təklif yönəltmək (yəni onları mükəlləf qılmaq), mümkün olmadığına görə, bizim, o zərrələr halındakı şəxslərə təklif yönəltməyimiz, necə mümkün ola bilər?!

Zəccac, bu görüşə cavab verərək, belə deyir:

"Allahın da:

~ "...bir qarışqa dedi ki: 'Ey qarışqalar, yuvalarınıza girin..." (Nəml/18)

buyurduğu kimi, qarışqaya ağıl verməsi; yenə

~ "Dağları və quşları, Davud ilə birlikdə təsbih etmək üzərə, ram etmişdik..." (Ənbiya/79)

buyurduğu kimi, dağa anlayış verib, beləcə də onun təsbih etməsi;

~ Dəvənin Peyğəmbərə səcdə etməsi; yenə

~ Xurma kötüyünə ağıl verib, beləcə də, dəvət edildiyində eşidib boyun əyməsi,

necə uzaq bir ehtimal deyilsə, burda da belədir (yəni bu da, uzaq bir ehtimal deyildir)."

• Doqquzuncu dəlil:

O zərrələrin, o vaxt:

~ ya ağılları və gücləri mükəmməl idi;

~ yaxud da, onlar, belə bir vəsfə haiz deyildilər.

Əgər birinci ehtimal bəhs mövzusu olarsa, heç şübhə yoxdur ki, onlar, mükəlləf olarlar...

Onlar, ancaq Allahı istidlal yolu ilə bilib tanıdıqları zaman, mükəlləf olaraq buraxıla bilərlər... Əgər onlar, bu şəkildə olmuş olsalardı, onların, o vaxtdakı halları, bu dünya həyatındakı hallarından fərqsiz olardı...

Bundan dolayı, əgər bu dünyadakı təklif, özündən əvvəl keçmiş olan bir əhdə möhtacdırsa, o vaxt, o əhd vaxtındakı təklif də, daha əvvəl keçmiş olan bir başqa əhdə möhtac olar...

Beləcə də, təsəlsül (haşiyə) lazım gəlir ki, təsəlsül də, imkansızdır.

---------------------------------

(Haşiyə:

Təsəlsül: hadislərin (sonradan var olan şeylərin), bir-birilərinin varlığına səbəb olaraq, geriyə doğru, sonsuzluğadək, zəncirləmə bir-biri ardınca davam edib getməsi; və ya iddia ilə dəlilin bir-birinə bağlı olaraq, ixtilafın davam edərək getməsi, deməkdir.)

----------------------------------

"Onların, o əhd vaxtındakı ağılları və qüdrətləri mükəmməl deyildi..."

şəklindəki ikinci varianta gəlincə, bu halda da, onlara xitab edib onları mükəlləf tutmaq, imkansızdır...

• Onuncu dəlil:

Allah Taalanın:

فَلْيَنظُرِ ٱلْإِنسَـٰنُ مِمَّ خُلِقَ • خُلِقَ مِن مَّآءٍ دَافِقٍ

"Qoy insan nədən yaradıldığına bir baxsın! O, süzülüb tökülən bir mayedən yaradılmışdır." (Tariq/5-6)

buyuruğudur. Əgər o zərrələr, ağıllı, anlayışlı və mükəmməl olsalardı, o vaxt onlar, bu süzülüb tökülən sudan əvvəl mövcud olarlardı... Halbuki, insanın, süzülmüş olan sudan yaradılmış olmasından başqa bir mənası yoxdur...

Bu halda, insan, süzülmüş sudan yaradılmamış olur. Ki, bu, Quranın nassını rədd etmək olur...

İndi onlar (mötəziləyə bu görüşdə müxalif olanlar), əgər:

"Allah Taalanın əhd əsnasında, o zərrələrdə tam bir ağıl və anlayışı yaradıb, sonra da, onların ağıl, anlayış və qüdrətlərini yox etməsi, daha sonra da onları, analarının rəhmində yenidən yaradaraq, bu həyata çıxarmış olduğunun söylənilməsi, niyə cazi olmasın?!"

deyərlərsə, biz (Mötəzilə), belə deyərik:

Bu, batildir. Çünki əgər hal belə olsaydı, o vaxt, Allah Taala, insanları, ilk dəfə nütfədən yaratmamış, əksinə, bu yaradılış "iadə" (daha əvvəlki xilqətlərinə təkrar qaytarılmaq) yolu ilə olmuş olur... Halbuki müsəlmanlar, insanın nütfədən yaradılmasının, ilk yaradılma olduğu xüsusunda ittifaq etmişlərdir.

Bundan dolayı, bu xüsus, sizin (əhl-i sünnətin) iləri sürmüş olduğunuz görüşün, batil olduğuna dəlalət edər...

• On birinci dəlil:

O zərrələrin:

~ ya o insanların eyni olduğu; və ya

~ onlardan başqa olduqları

söylənə bilər.

İkinci görüş, icmaya görə, batildir. Geriyə, birinci ehtimal qalır. Bu halda da, biz (mötəzilə), deyirik ki:

~ ya: "Onlar, nütfə, qan laxtası və ət parçası olmadıqları halda, ağıllı, anlayışlı və iqtidar sahibi olaraq qaldılar" deyilə bilər;

~ və yaxud da, bunların belə qalmadıqları söylənə bilər...

~ Birinci hal, ağlın bədahətilə (açıq, zahir dəlalətilə) batildir;

~ İkincisinə gəlincə, bu da, insan üçün 4 dəfə həyatın meydana gəlmiş olduğunun söylənməsini gərəkdirir:

a. Əhd vaxtında;

b. Dünyada;

c. Qəbirdə;

d. Qiyamətdə.

Yenə bu, insan üçün, 3 dəfə ölümün mövcud olmasını gərəkdirir:

a. İlk əhddə meydana gələn həyatdan sonrakı ölüm;

b. Dünyadakı ölüm;

c. Qəbirdəki ölüm;

Halbuki bu saylar:

قَالُوا۟ رَبَّنَآ أَمَتَّنَا ٱثْنَتَيْنِ وَأَحْيَيْتَنَا ٱثْنَتَيْنِ...

"Onlar deyəcəklər: “Ey Rəbbimiz! Sən bizi iki dəfə öldürüb, iki dəfə diriltdin..." (Ğafir/11) ayətindəki saya müxalifdir.

• On ikinci dəlil:

Allah Taala'nın:

وَلَقَدْ خَلَقْنَا ٱلْإِنسَـٰنَ مِن سُلَـٰلَةٍ مِّن طِينٍ

"And olsun, Biz insanı palçıqdan süzülmüş bir cövhərdən yaratdıq." (Mu'minun/12) ayətidir.

Bundan dolayı, əgər o zərrə haqqında verilmiş hökm, doğru olmuş olsaydı, o vaxt, o zədrə, insan olmuş olardı... Çünki:

~ mükəlləf olan;

~ özünə xitab edilən;

~ mükafat verilən; və

~ cəzalandırılan,

insandır. Halbuki, zərrənin insan olması, batildir. Çünki o zərrə, nütfədən, qan laxtasından və ət parçasından yaradılmamışdır. Kitabın, Quranın nassı isə, insanın, nütfədən və qan laxtasından yaradıldığına dair bir dəlildir. Bu da:

وَلَقَدْ خَلَقْنَا ٱلْإِنسَـٰنَ مِن سُلَـٰلَةٍ مِّن طِينٍ

"And olsun, Biz insanı palçıqdan süzülmüş bir cövhərdən yaratdıq." (Mu'minun/12); və:

قُتِلَ ٱلْإِنسَـٰنُ مَآ أَكْفَرَهُۥ • مِنْ أَىِّ شَىْءٍ خَلَقَهُۥ • مِن نُّطْفَةٍ خَلَقَهُۥ فَقَدَّرَهُۥ

"Qoy ölsün kafir insan! O necə də nankordur! Qoy baxıb görsün Allah onu nədən yaradıb? Allah onu nütfədən yaratdı və müəyyən şəkildə formalaşdırdı." (Əbəsə/17-19) ayətləridir.

Bax bu görüşün zəifliyini bəyan etmək üçün, (mötəzilə tərəfindən) zikr edilən izahların hamısı bunlardır...

---------------------------------------------

✓ İkinci görüş:

Təfəkkürə və əqli izahlara əhəmiyyət verənlərin görüşüdür:

Buna görə, Allah Taala, zürriyyətləri, yəni uşaqları, atalarının bellərindən çıxarmışdır. Buna, "çıxarmışdır" deyirik, çünki o uşaqlar, nütfə idilər. Allah, onları, atalarının belindən çıxarıb analarının rəhimlərinə qoydu...

Beləcə də, onları, ilk əvvəl "qan laxtası" ---> sonra "ət" ---> sonra da bir insan halına gətirdi. Və beləcə, onları, mükəmməı bir canlı qıldı...

Daha sonra da onlara:

~ Özünün birliyinə;

~ Yaratmasının heyranlıq verici olduğuna; və

~ Sənətinin ağıl almaz bir şey olduğuna

dair vermiş olduğu dəlillərlə, onları, özlərinə şahid tutdu.

Bax bu tərz şahidlik ilə də onlar, dil ilə ifadə etməsələr də, sanki "bəli!" demiş sayılırlar.

Bunun bənzəri ayətlər də mövcuddur. Məsələn, Allah Taala'nın:

~ ثُمَّ ٱسْتَوَىٰٓ إِلَى ٱلسَّمَآءِ وَهِىَ دُخَانٌ فَقَالَ لَهَا وَلِلْأَرْضِ ٱئْتِيَا طَوْعًا أَوْ كَرْهًا قَالَتَآ أَتَيْنَا طَآئِعِينَ

"Sonra O, tüstü halında olan göyə tərəf yönəlib ona və yerə: “Könüllü surətdə və ya məcburi olaraq gəlin əmrimə boyun əyin!”– dedi. Onlar: “Könüllü olaraq gəldik!”– dedilər." (Fussilət/11)

~ إِنَّمَا قَوْلُنَا لِشَىْءٍ إِذَآ أَرَدْنَـٰهُ أَن نَّقُولَ لَهُۥ كُن فَيَكُونُ

"Biz bir şeyi yaratmaq istədikdə, ona ancaq: “Ol!”– deyirik, o da olur." (Nəhl/40) ayətləri kimi...

~ Ərəblər də, belə deyirlər:

Divar çəkicə:

"Məni niyə yarırsan? Mənə niyə məşəqqət verirsən?"

deyincə, çəkic:

"Bunu məndən deyil, məni vurandan soruş; arxamda olan o kəs, məni rahat buraxmır!..." dedi.

~ Bir başqa şair də:

"Hovuz doldu, və: 'bəsdir artıq, məni (suyumu kəs)!' dedi" demişdir.

Bu cür məcaz və istiarələr, ərəbcədə məşhurdur.

Dolayısı ilə, haqqında bəhs etdiyimiz ayəti, bu mənaya həml etmək gərəkdir.

Bax bu 2 görüşün açıqlanması xüsusundakı sözün hamısı, bundan ibarətdir.

İkinci görüş, qəti olaraq tən edilməmişdir. Bu görüşün doğru qəbul edilməsi halında, bu, birinci görüşün doğru olmasına mane təşkil etməz. Sözümüz, sadəcə, birinci görüşün doğru olub-olmadığı xüsusundadır.

Buna görə, biri bizə:

"Sizə görə, tərcihə uyğun olan görüş hansıdır?"

deyərsə, biz deyərik:

Burda, 2 müqəddimə mövcuddur:

a. Zərrələrdən əhd alındığının söylənməsi, doğrudurmu?

b. Bunun doğru olması halında, bu görüş, ayətin ləfzlərini təfsir etmək üçün 'zikr etmək' caizdirmi?

• Birinci müqəddimə:

Bu görüşü qəbul etməyənlər, bəhs etdiyimiz və açıqladığımız əqli dəlillərə söykənmişlərdir. Bu dəlillərin hər birinə, isbatlayıcı bir açıqlama ilə cavab vermək mümkündür:

1. Mötəzilənin, bu xüsusda zikr etmiş olduğu dəlillərdən biri:

~ "Əgər belə bir əhd alınmış olsa idi, bizim indi onu xatırlamağımız lazım gələrdi." şəklindədir.

Biz deyirik:

Keçmişdə meydana gələn hallarla bağlı biliyi yaradan, Allah Taala'dır. Çünki bu biliklər, zəruri və əqlidirlər. Zəruri elmlərin (haşiyə) yaradıcısı isə, sadəcə Allah'dır. Bu, belə olunca, Onun bu elmləri/bilikləri yaratmış olduğu doğru olur.

----------------------

(Haşiyə:

Zəruri elm/bilik:

Şüur sahibi varlıqların, özünə lazım olub ondan ayrılması mümkün olmayan biliklərdir. Bir kimsənin:

• caiz olan şeylərin icazəli olduğuna;

• olması imkansız şeylərin imkansızlığına; və

• özünün feli olaraq həyatda mövcud olduğuna

aid bilikləridir.)

-------------------------------------

~ Əgər mötəzilə belə deyərsə:

"Siz bunu mümkün gördüyünüzə görə, bu bədəndən əvvəl, bizlərin, hər nə qədər hallarını xatırlamasaq da, tənasuh (reankarnasiya) yolu ilə başqa bədənlərdə mövcud ola biləcəyimizi də, mümkün görün."

Biz belə deyərik:

Bu ikisinin arasındakı fərq, çox açıqdır. Çünki biz, başqa bədənlərdə olub onlarda illərcə qaldığımız təqdirdə, onları unutmağımız, imkansızdır. Ancaq əhd alma işi, çox qısa bir anda, çox sürətli olaraq reallaşmışdır. Dolayısı ilə, bunun yaddan çıxarılması, uzaq bir ehtimal deyildir.

Bu açıq fərq, bu fərqin doğru olduğunu göstərməkdədir. Çünki insan, illərlə bir işlə məşğul olarsa, onu unutması, imkansızdır. Ancaq qısa bir an üçün, bir işlə məşğul olunduğunda, insan, onu unuda bilər. Bundan dolayı, ikisi arasındakı fərq, ortaya çıxmaqdadır.

2. Bu:

"O zərrələrin hamısının, Adəmin belində mövcudluğunun imkansız olduğu"nun söylənməsidir.

Biz deyirik:

Bizə görə, həyatın mövcud ola bilməsi üçün, bədən, şərt deyildir. Bölünməni qəbul etməyən "cövhər-i fərd" (atom) isə, həyat və ağıl qəbul edə bilər.

Bundan dolayı, biz, o zərrələrdən hər birini, bir cövhər-i fərd olaraq düşünsək, artıq necə ola bilər ki, siz:

"Adəmin beli, o zərrələrin hamısını ehtiva edə bilməz." deyə bilərsiniz?!

Ancaq nə var ki, bizim vermiş olduğumuz bu cavab, əvvəllər yaşamış olan bəzi alimlərin anlayışlarına uyğun olaraq:

"İnsan, bədəndə, bir cövhər-i fərd və bölünməyən bir cüzdür (parçadır)..."

dediyimiz vaxt tamamlanır.

Ancaq biz:

"İnsan, danışan nəfsdir. Düşünən, ruhdan ibarət olub, bəlli bir yeri olmadığı kimi, bir yerə hülul da etməyən (girməyən) bir cövhərdir..."

dediyimizdə, belə bir sual ortadan qalxmış olur.

3. Bu, mötəzilənin:

"Əhd almağın faydası, onun o vaxtdamı, yoxsa dünya həyatındamı bir hüccət olmasıdır?.." şəklindəki sualıdır.

Buna qarşı, bizim cavabımız, bundan ibarətdir:

Allah, istədiyini edər, istədiyi tərzdə hökm edər.

Bir də, mötəzilədən bəziləri, əməllərin çəkilməsi və üzvlərin danışdırılması ilə bağlı görüşü təshih etmək (yalnışları düzəltmək) istədiklərində:

"Bu şeyləri eşitdirmə xüsusunda, bəzi mükəlləflər üçün bir lütfün mövcud olması, uzaq bir ehtimal deyildir." deməmişlərdirmi?

Bax burda da, belədir.

Bir qisim mələklər üçün, əhd alındığı vaxtda, səid olanları, bədbəxt olanlardan ayırd etmələri üçün bir lütf felinin mövcud olması da, uzaq bir ehtimal deyildir...

Belə də deyilmişdir:

Allah Taala, onlara, o əhdi, qiyamət günündə xatırladacaq.

Mötəzilənin digər görüşləri zəif olub, onlar haqqında danışmaq, çox asan və son dərəcə bəsitdir.

-------------------------------------

Ayətlə bağlı hədisin təvfiq edilməsi (uyğun qılınması, aralarının birləşdirilməsi):

• İkinci müqəddimə:

Bu:

"O zərrələrdən əhd alınmış olmasının doğru olduğunun qəbul edilməsi halında, bu hadisənin, ayətin ləfzlərinin təfsiri olduğunu söyləmək, mümkündürmü?"

şəklindəki sualdır...

Buna görə, biz, deyirik ki, daha əvvəl zikr edilmiş olan 3 açıqlama, belə bir sualı sovuşdurmaqdadır. Çünki biz, Allah Taalanın:

"Bir vaxt, Rəbbin, Adəm oğullarından, onların bellərindən zürriyyətlərini çıxarıb..."

buyuruğundan muradın:

"Bir vaxt, Rəbbin, Adəm oğullarının bellərindən..."

şəklində olduğunu bəyan etmişdik...

Həm bu zürriyyət, Adəmin belindən alınmış olsaydı, o vaxt, Allah Taala, "...belindən zürriyyətini aldı..." deyər, "...zürriyyətlərini, bellərindən aldı..." deməzdi.

Bu görüşü dəstəkləyənlər, bu şəkildə cavab vermişlərdir:

Peyğəmbər (sallallahu aleyhi və səlləm)'dən, ayəti bu şəkildə təfsir etdiyinə dair gələn rəvayət, səhihdir... Allah rəsulu (sallallahu aleyhi və səlləm)'in verdiyi təfsiri tənqid etmək isə, mümkün deyildir.

Buna görə, biz, deyirik:

Ayətin zahiri, Haqq Taala'nın, zərrələri, Adəm oğullarının bellərindən çıxardığına dəlalət edir. Dolayısı ilə bu, Allah Taalanın, filan şəxsdən filanın; filandan da filanın...doğub meydana gələcəyini bildiyi mənasına həml edilir.

Bundan dolayı, Allah Taala, onların varlıq aləminə girəcəklərini, bildiyi sıraya görə onları çıxarmış və bir-birindən ayırmışdır...

Ancaq Allah Taalanın, bütün zürriyyəti, Adəmin belindən çıxarması məsələsinə gəlincə, ayətin ləfzində, bunun, elə, ya da belə olduğuna dair, hər hansı bir dəlalət mövcud deyildir. Ancaq nə var ki, xəbər (hədis), buna dəlalət etməkdədir...

Bundan dolayı, zürriyyətlərin:

~ Adəm oğullarının bellərindən çıxarıldığı, Quran ilə;

~ Adəmin belindən çıxarıldığı isə, hədis ilə

sabit olmuşdur.

Bunun belə olması halında da, bu 2 xüsus arasında nə bir təzad, nə də bir ziddiyyət bəhs mövzusu olar.

Bu halda, mümkün olduğu qədərilə, həm ayəti, həm də hədisi tənqiddən qorumaq üçün, bu 2 xüsusun, ikisini də birdən mənimsəmək gərəkdir...

Bu müqəddimənin izahı xüsusunda son sözümüz budur...

--------------------------------------

✓ İkinci məsələ:

Allah Taalanın:

"...özlərini özlərinə şahid tutmuş və:

'Mən, sizin Rəbbiniz deyiləmmi?' (demişdi)... Onlar da: 'Bəli (Rəbbimizsən)'...demişlərdi..."

buyuruğuna gəlincə, biz, deyirik:

Bir ilk əhdin olduğunu isbat edib qəbul edənlərə görə, bu ifadədə keçən açıqlamalar, zahiri mənalarına həml edilmişdir.

Ancaq bir ilk əhdi qəbul etməyənlərə görə, bu təbir, bir təşbih və təmsil mənasına həml edilmişdir...Buna görə, ayətin mənası:

"Allah Taala, onlara, Özünün Rəbb olduğuna dair dəlilləri göstərdi və onların ağılları da, buna şahidlik etdi..."

şəklində olur. Bu ifadə, eynilə, Allahın onları bizə və bizim Allahın birliyini iqrar etməyimizə şahid tutması kimi olmuşdur.

Ayətdəki "şəhidnə" (şahid olduq) ifadəsinə gəlincə, bu xüsusda, 2 görüş iləri sürülmüşdür:

• Birinci görüş:

"Bu, mələklərin sözüdür. Çünki o zürriyyətlər, 'Bəli' deyincə, Allah Taala, mələklərə, 'şahid olun' dedi. Mələklər də, 'şahid olduq' dedilər."

Bu görüşə görə, vəqfin (haşiyə) "Bəli' dedilər." ifadəsinin sonunda edilməsi gözəl olar. Çünki zürriyyətlərin sözü, orada tamamlanmışdır.

---------------------------

(Haşiyə:

Vəqf: təcviddə, "dayanmaq" və ya "dayandırmaq" mənalarına gələrək, nəfəslə bərabər səsin kəsilməsinə deyilir. Yəni:

Quranı tilavət edərkən, hər hansı bir kəlimə üzərində bir müddət səsi kəsib, nəfəs alaraq dinlənmək halıdır.)

------------------------------------

Allah Taala'nın:

"Qiyamət günü: 'Bizim, bundan xəbərimiz yox idi.' deməməyiniz üçün idi."

buyuruğunun izahı da belədir:

"O zürriyyətlər, biz iqrar etmədik deməsinlər deyə, mələklər:

'Biz, onların iqrar etdiklərinə dair şahid olduq...' dedilər."

Beləcə "ən təqulu" kəliməsindən, lə hərfi düşmüşdür. Bu, Allah Taalanın:

وَأَلْقَىٰ فِى ٱلْأَرْضِ رَوَ‌ٰسِىَ أَن تَمِيدَ بِكُمْ وَأَنْهَـٰرًا وَسُبُلًا لَّعَلَّكُمْ تَهْتَدُونَ

"O, sizi silkələməsin deyə, yer üzündə möhkəm dağlar və düzgün səmt götürəsiniz deyə, çaylar və yollar yaratdı." (Nəhl/15)

ayətində olduğu kimidir. Yəni "...sizi silkələməsin deyə..." deməkdir.

Bu, Kufəlilərin görüşüdür.

Basralılara görə, bu kəlamın təqdiri:

"...demələrini istəmədiyimiz üçün, şəhadət etdik..." şəklindədir.

• İkinci görüş:

"Şəhidnə" ləfzi: "zürriyyətlərin sözünün davamıdır."

Belə olması halında, Allah Taala'nın:

"Qiyamət günü, 'Bizim bundan xəbərimiz yox idi.' deməməyiniz üçün..."

ifadəsi, Onun:

"...özlərini, özlərinə şahid tutdu..." sözü ilə bağlı olmuş olur. Buna görə, ayətin təqdiri mənası:

"Allah, onlar qiyamət günündə, 'biz bundan xəbərsiz idik" deməsinlər və ya: 'bunu söyləməsinlər' deyə, onları özlərinə bununla, bununla... şahid tutdu." şəklində olur.

Belə olması halında da, şəhidnə ifadəsi üzərində vəqf edilə bilməz. Çünki Allah Taalanın "ən təqulu" ("deməyəsiniz") sözü, daha əvvəl keçən "və əşhəduhum alə ənfusihim" ("və onları, özlərinə şahid tutmuşdu") sözü ilə bağlıdır.

Bu ifadəni, digər ifadədən ayırmaq, doğru deyildir.

------------------------------------

(Fəxrəddin ər-Razi, "Məfatihu'l-Ğayb", Əraf/172-174 təfsiri)

Read 3 times
In order to make a comment, please login or register