"Əs-salətu xayrun minən-nəvm" və Ömər məsələsi
“ət-Təsvib” ilə qəsd etdiyimiz sübh namazında “əs-Salətu xayrun min ən-nəumi” sözləridir. Ərəb dilində “təsvib” sözü qayıtmaq, geri dönmək mənasını verən “ثاب – يثوب - ثوبا” sözündən əmələ gəlir. Ərəblər “ثَابَ الرَّجُلُ إِلَى اللهِ تَابَ وأَنَابَ” deyərək bir insanın tövbə edib Allahın itaətinə qayıtdığını qəsd edirlər. Buna görə də insanın əməlinin nəticəsi olaraq ona qayıdan hissəsinə, yəni mükafatına “savab” adı verilmişdir. “Təsvib” sözü “ثَوَّبَ” sözünün məsdəridir, bir şeyi elan etmək, bildirmək, çatdırmaq mənalarını daşıyır. Bir insan işarə etmək üçün paltarını silkələdikdə bu feldən istifadə edərdilər. əl-Xattabi deyir:
“Təsvib sözünün mənası bir şeyi bildirmək, bir şeyin baş verəcəyindən xəbərdar etməkdir. Sözün əsli bir insanın dostunun paltarını çəkərək onu düşmən və təhlükə kimi qorxuducu bir işdən xəbərdar etməkdən yaranır. Daha sonra isə istifadəsi o qədər çoxaldı ki, artıq səs ilə edilən xəbərdarlıqlara da bu sözü istifadə etməyə başladılar.”[1]
Fəqihlərin terminologiyasında “təsvib” sözü sübh azanında “hayyə aləl-fələh” dedikdən sonra “əs-salətu xayrun minən-nəumi” deməkdir. Bunun bu cür adlanmasının səbəbi isə budur ki, müəzzən “hayyə aləl-fələh” (Qurtuluşa tələsin!) deyərək qurtuluşa çağırdıqdan əvvəl “hayyə aləs-saləh” (Namaza tələsin!) deyərək namaza çağırırdı. Sonra “hayyə aləl-fələh” dedikdən sonra bir daha “əs-salətu xayrun minən-nəum” deyərək namazın zikrinə bir daha qayıtmış olur və buna görə də “təsvib” adlanmışdır.
Fəqihlər bundan başqa iqaməni də “təsvib” adlandırırlar. Çünki peyğəmbərimizdən – salləllahu aleyhi va səlləm – rəvayət olunmuş səhih hədisdə iqaməni “təsvib” adlandırmışdır. Əbu Hureyrə’nin rəvayət etdiyi bu hədisdə peyğəmbərimiz – salləllahu aleyhi va səlləm – deyir:
“Namaza çağırıldıqda şeytan azanın səsini eşitməməl üçün “durat”[2] ilə üz döndərib qaçar. Azan qurtardıqda geri dönər. Yenə namaza “təsvib” edildikdə üz döndərib qaçar və qurtardıqda geri qayıdar...”[3]
Şiələr iddia edirlər ki, sübh namazında “təsvib” edilməsi Həzrəti Ömərin dinə gətirdiyi bidətlərdəndir. Bəlkə də qardaşlarımız artıq belə ittihamlarla üzləşiblər. Bu yazımızda inşəAllah bu məsələyə aydınlıq gətirmək istəyirik.
-----------------------------------------------------------
İmam Malik’in “əl-Muvatta” əsərində bəlağatlarından biri olaraq belə bir xəbər rəvayət olunmuşdur.
“Malik mənə rəvayət etdi: Ona xəbər çatmışdır ki, müəzzin Ömər bin əl-Xattab’ın yanına gəldi ki, onun üçün sübhə azan versin, lakin onu yatan halda gördü və dedi: “əs-Salətu xayrun minən-nəum” (Namaz yuxudan xeyirlidir). Ömər ona bunu sübh azanında deməyini əmr etdi.”[4]
Məsələ bu rəvayətin zahirindən anlaşılan bir problemdir. Rəvayətdən elə anlaşıla bilər ki, Həzrəti Ömər bu sözləri ilk dəfə öz müəzzinindən eşitmiş və bunu sübh namazında istifadə etməyi ona əmr etmişdir. Öməri sevməyən və ona nifrət edən şiələr də, bu rəvayəti əldə bayraq edərək Həzrəti Ömərin – radiyallahu anhu – dinə bir bidət gətirdiyini iddia etdilər.
Hər şeydən əvvəl qeyd etmək lazımdır ki, məşhur maliki alimlərindən İmam Əbu Abdullah əl-Qurtubi və Əbu Ömər bin Abdilbərr kimi iki böyük hafiz, bu əsərin dəlil olaraq yaraya biləcək səhih bir əsər olmadığını deyirlər. əl-Qurtubi deyir:
“Malikin “əl-Muvatta”dakı - ona xəbər çatmışdır ki, müəzzin Ömər bin əl-Xattab’ın yanına gəldi ki, onun üçün sübhə azan versin, lakin onu yatan halda gördü və dedi: “əs-Salətu xayrun minən-nəum”. Ömər ona bunu sübh azanında deməyini əmr etdi – sözlərinə gəldikdə isə, bu sözlərin Ömərdən dəlil sayıla biləcək və səhihliyindən əmin olunacaq bir yolla rəvayət olunduğunu bilmirəm. Bu barədə yalnız Hişam bin Urvə’nin İsmayıl adında bir ravidən rəvayət etdiyi hədisi vardır və mən bu İsmayılı tanımıram. İbn Əbi Şeybə deyir: “Abdə bin Suleyman bizə Hişam bun Urvə’dən, o da İsmayıl adında bir ravidən rəvayət etdi: Müəzzin sübh namazında azan vermək üçün Ömərin yanına gəldi və “əs-Salətu xayrun minən-nəum” dedi. Bu Ömərin xoşuna gəldi və müəzzinə dedi: “Bunu azanında təkrarla!”[5]
Bu sözlər eynilə əl-Hafiz İbn Abdilbərr’in “əl-İstizkar” kitabında[6] qeyd etdiyi sözlərdir. Lakin Muhamməd bin Abdilbaqi əz-Zurqani əl-Maliki – rahiməhullah – şərhində onların sözlərinə etiraz etmiş[7] və bunun əd-Dəraqutni tərəfindən “əs-Sünən” də gəldiyini demişdir. Həmçinin Cəlaləd-Din əs-Suyuti də bunu öz müxtəsər şərhində qeyd etmişdir. [8]
Bu sözlərin azana Həzrəti Ömər tərəfindən daxil edilməsi çox batil bir iddiadır, çünki səhih sünnətdə sabit olmuşdur ki, bu sözləri peyğəmbərimizin – salləllahu aleyhi va səlləm – zamanında Bilal azanda söyləmiş və peyğəmbərimiz- salləllahu aleyhi va səlləm – onun sözlərini təsdiqləmişdir. Said bin əl-Musəyyəb – rahiməhullah – Bilal’dan – radiyallahu anhu – rəvayət edir ki,
“O, sübh namazına azan vermək üçün peyğəmbərin – salləllahu aleyhi va səlləm – yanına gəldi və ona dedilər ki, o, yatır. Bilal dedi: “əs-Salətu Xayrun minən-Nəum! əs-Salətu Xayrun minən-Nəum”. Peyğəmbər – salləllahu aleyhi va səlləm – bu sözləri sübh namazı üçün təsdiqlədi və iş bunun üzərində bərqərar oldu.”[9]
Ənəs bin Malik deyir:
“Müəzzin fəcr azanında “hayyə aləl-fələh” dedikdən sonra “əs-salətu xayrun minən-nəum, əs-salətu xayrun minən-nəum, Allahu Əkbər! Allahu Əkbər! Lə iləhə illə Allah!” deməsi sünnətdir.”[10]
Bütün bunlarla yanaşı Həzrəti Ömərin – radiyallahu anhu – sözlərini də doğru anlamaq lazımdır. Bu rəvayətin şərhində əl-Hafiz İbn Abdilbərr – rahiməhullah – deyir:
“Mənə görə mənası budur ki, Ömər ona demişdir ki, sübh azanı öz yerinə aiddir, burada deyilmək üçün deyildir. Sanki daha sonrakı əmirlərin ortaya çıxardıqları kimi sübh azanı verildikdən sonra bir daha gəlib əmirin qapısında azanın verilməsini Ömər xoş qarşılamamışdır.”[11]
əz-Zurqani – rahiməhullah – İbn Abdilbərrin bu təvilini nəql etdikdən sonra deyir:
“Buna yaxın bir təvili əl-Baci söyləmişdir: “Ehtimal var ki, Ömər azanın sözlərindən bir söz olaraq azandan başqa yerdə istifadə olunmasını inkar etmişdir. Buna görə də bu sözü azanda deməsini əmr etdi, yəni ki, bunu azandan başqa yerdə söyləmə!” Sitatın sonu. Bu gözəl və qaçınılmaz bir təvildir.”[12]
Alləmə Mulla Əli əl-Qari – rahiməhullah – deyir:
“Yəni bu sözü yalnız sübh namazında söylə, yatan birini oyatmaq üçün azandan başqa yerdə söyləmə! ət-Tibi dedi: “Bu Ömərin özündən çıxardığı bir işin ortaya çıxması halı deyildir, əksinə bu, onun peyğəmbərdən – salləllahu aleyhi va səlləm – eşitdiyi bir sünnətdir.” İkinci fəsildə rəvayət olunmuş Əbu Məhzura’nın hədisini buna dəlalət etməkdədir. Sanki Ömər – radiyallahu anhu – “əs-salətu xayrun minən-nəum” sözlərini şəriyyət tərəfindən müəyyən olunmuş yerindən başqa yerdə istifadə olunmasını inkar etmişdir.”[13]
Şeyx Alləmə Muhamməd Zəkəriyya əl-Kandəhləvi əl-Hənəfi bu sözlər haqqında deyir:
“Ömərin – radiyallahu anhu – bu sözləri problemli qarşılana bilər, çünki bu sözün sübh namazında olması peyğəmbərdən – salləllahu aleyhi va səlləm – gəlmiş bir çox rəvayətdə sabit olmuşdur. Bu sözlərin azandan olduğu bilindikdən sonra Ömərin – radiyallahu anhu – bunu bilmədiyini güman etmək mümkün deyildir. Ən doğru izah budur ki, Ömərin məqsədi bu idi ki, bu sözlərin yeri, əmirin qapısı deyil, yalnız sübh namazıdır, sanki öz qapısı qarşısında bu sözlərin söylənməsini xoş qarşılamamışdır və buna görə də bunu yalnız sübh namazında deməklə kifayətlənməsini əmr etmişdir. İbn Abdilbərr və əl-Baci bu izaha üstünlük veriblər və əz-Zurqani bunun qaçınılmaz bir izah olduğunu demişdir. Mənə görə də ən əsaslı izah budur.”[14]
Bu izah ona görə qaçınılmaz bir izahdır ki, peyğəmbərin – salləllahu aleyhi va səlləm – zamanında təsdiq olunmuş bir sünnət olmuş və Sad əl-Qaraz ailəsi bu sünnəti Mədinədə daima tətbiq etmişdir. Xəlifə Ömər’in – radiyallahu anhu – Mədinədə yaşadığı halda belə bir sünnətdən xəbərsiz olması mümkün deyildir.
Şiələr həmçinin əş-Şəvkani’nin “Neylul-Əvtar” kitabında nəql etdikləri bir sözü gətirməyi çox xoşlayırlar. əş-Şəvkani deyir:
“əl-Bəhr kitabında deyilir: “Bunu Ömər uydurmuş və oğlu bunun bidət olduğunu demişdir.”[15]
Onların belə bir sitata əsaslanmaqları çarəsizliklərindən irəli gəlir. əş-Şəvkani’nin adını zikr etdiyi “əl-Bəhr” kitabı zeydi alimlərindən əl-Mehdi’nin əsəridir və əhli-sünnətə qarşı heç bir referens sayıla bilməz. Bu sözlərin isə, batilliyi aşkardır, çünki İbn Ömər – radiyallahu anhu – bunun bidət olduğunu deyil, sünnət olduğunu söyləmişdir, çünki İbn Ömər’dən rəvayət olunmuşdur ki, o, öz müəzzininə belə buyurmuşdur:
“Sübh azanında “hayyə aləl-fələh” sözlərinə çatsan “əs-salətu xayrun minən-nəum, əs-salətu xayrun minən-nəum” sözlərini söylə!”[16]
Bir başqa rəvayətdə isə İbn Ömər demişdir:
“İlk azanda “əl-fələh” sözlərindən sonra “əs-salətu xayrun minən-nəum, əs-salətu xayrun minən-nəum” sözləri olmuşdur.”[17]
Üstəlik əş-Şəvkani – rahiməhullah – özü bu nəqldən sonra deyir:
“Deyirəm: Daha əvvəl qeyd olunanlardan öyrəndin ki, bu, peyğəmbərdən – salləllahu aleyhi va səlləm – mərfu olaraq rəvayət olunmuşdur. Bu barədə gəlmiş əmr ümumi şəkildədir, müəyyən bir vaxtla xüsusiləşdirilməmişdir. İbn Ömər isə, “təsvib”i qeydsiz-şərtsiz inkar etməmişdir, lakin zöhr azanında “təsvib” verilməsini inkar etmişdir.”[18]
Allahu Təalə deyir:
“Ey iman gətirənlər! Allah xatirinə ədaləti qoruyan şahidlər olun. Hər hansı bir camaata qarşı olan kin-küdurət sizi ədalətsizliyə sövq etməsin. Ədalətli olun! Bu, təqvaya daha yaxındır. Allahdan qorxun! Şübhəsiz ki, Allah nə etdiklərinizdən xəbərdardır.” (əl-Maidə, 8)
Yazdı : Samir Firdovsioğlu
Qaynaq : http://favaid.com/
_________________
Qaynaqlar:
[1] ”Məalimus-Sunən”, 1/155
[2] Hədisdəki “durat” sözü ilə şeytanın arxadan yel ilə səs çıxarması qəsd olunur.
[3] əl-Buxari, 2/101 (608); Muslim, 1/291 (389)
[4] “əl-Muvatta”, 1/68; Daru İhyəil-Ulumil-Arabiyyə, 1414/1994
[5] əl-Qurtubi, “əl-Cami li Əhkəmil-Quran”, 8/66-67; Muəssəsətur-Risalə, Beyrut, birinci nəşr: 1427/2006
[6] Bax: “əl-İstizkar”, 4/74
[7] ”Şərhuz-Zurqani alə Muvatta İmam Malik”, 1/217; Darul-Kutubil-İlmiyyə, Beyrut, hicri 1411
[8] ”Tənvirul-Havalik Şərh Muvatta Malik”, 1/93
[9] Bunu İbn Macə ”əs-Sünən”də (1/237: rəq: 716), ət-Tabərani “əl-Kəbir”də (1/354; rəq: 1078), İbn Əbi Şeybə “əl-Musannəf”də (1/189; rəq: 2162) və Abdurrazzaq “əl-Musannəd”də (1/472; rəq: 1820) rəvayət ediblər. Raviləri siqadır, lakin sənədi tam deyildir, çünki Said bin əl-Musəyyəb Bilaldan hədis eşitməyib. Lakin əd-Darimi’də (1/187: rəq: 1192) raviləri “əs-Sahih”in raviləri ilə olan bir başqa rəvayət buna şahidlik edir.
[10] Bunu İbn Xuzeymə (1/202; rəq: 386), əd-Dəraqutni (1/251; rəq: 933), əl-Maqdisi “əl-Muxtəra”da (7/160: rəq: 2589) və əl-Beyhəqi “əs-Sünən”də (1/423; rəq: 1835) rəvayət etmişlər. İsnadı səhihdir.
[11] ”əl-İstizkar”, 4/75-76
[12] ”Şərhuz-Zurqani alə Muvatta İmam Malik”, 1/218; Darul-Kutubil-İlmiyyə, Beyrut, hicri 1411
[13] Mulla Əli əl-Qari, “Mirqatul-Məfətih Şərhu Mişkətil-Məsabih”, 2/157
[14] əl-Kandəhləvi, ”Əvcəzul-Məsəlik ilə Muvatta Malik”, 2/55-56; Darul-Qaləm, Dəməşq, birinci nəşr, 1424/2003
[15] “Neylul-Əvtar”, 2/32
[16] Bunu əd-Dəraqutni (1/251; rəq: 935) rəvayət edir və əl-Beyhəqi onun vasitəsilə (1/423; rəq: 1838) iki yolla rəvayət etmişdir. Birinci rəvayəti əl-Vaki vasitəsilə əl-Amri’dən, o da Nafi yolu ilə İbn Ömər’dən, o da Ömərdən rəvayət edir. Lakin əl-Amri (əl-Umari) hafizəsinin zəifliyinə görə siqa deyildir. İkinci rəvayəti isə Sufyan, Muhamməd İclan vasitəsilə Nafi’dən rəvayət edir. Muhamməd bin İclan saduqdur, bəzi alimlərə görə Nafidən rəvayətlərində iztirab etmişdir. Lakin hər iki rəvayət birlikdə hədisi gücləndirir.
[17] Bunu İbn Əbi Şeybə (1/189; rəq: 2160), Abdurrazzaq (1/473; rəq: 1822), əl-Beyhəqi (1/423; rəq: 1837) rəvayət edirlər. əl-Hafiz İbn Hacər “Təlxisul-Habir”də (1/201) deyir: “Sənədi həsəndir.”
[18] “Neylul-Əvtar”, 2/32
- Şiələrin əhli-sünnəni məzhəblər arası ixtilafda tənqid etməsi haqda.
- Şiədə məzhəb ixtilafları vardırmı? Bu haqda məlumat verərsinizmi?
- Namaz
- Ömər, Əlinin qızı ümmü Gülsüm ilə evlənibmi?
- Ömər və təyəmmüm
- Ömər Əlinin qızı yoxsa əbu Bəkrin qızı ümmü Gülsüm ilə evlənib?
- İmam Zeynalabidinin Ömər və Əbu Bəkr haqqında Əhli sünnətin inancı üzərində olması doğrudurmu?
- Peyğəmbər, Əli Məndən sonra bütün möminlərin vəlisidir deyibmi?
- Aşurə orucu (şiə mənbələrində)-2
- Təravih Namazı