Əsirlikdən əmirliyə: ZEYD BİN HARİSƏ radiyallahu anh
Zeyd b. Harisə b. Surahil əl-Kəlbi 575-ci ildə doğulmuşdur, anası Suda binti Saləbədir. Künyəsi oğluna nisbətlə "Əbu Üsamədir". Əshabın irəli gələnlərindən olub, Rasulullah sallallahu aleyhi və səlləmin ən çox sevdiyi dostlarındandır. Buna görə səhabə arasında "əl-hubb" deyə anılırdı.
Əshabi-kiram içində Zeyddən (r.a) başqa heç bir kimsənin adı Qur`ani-Kərimdə açıqca zikr edilməmişdir.
Xatırla ki, bir zaman Allahın nemət verdiyi və sənin özünün nemət verdiyin şəxsə (Zeyd ibn Harisəyə): 'Zövzəni (Zeynəb bint Cəhşi) saxla (boşama), Allahdan qorx!' – deyir, Allahın aşkar etdiyi şeyi (Zeynəbin boşanacağı təqdirdə onu almağın haqda sənə nazil olan vəhyi) qəlbində gizli saxlayır və adamlardan (onların Peyğəmbər oğulluğunun boşadığı övrətlə evlənir, – deyəcəklərindən) çəkinirdin. Halbuki əslində sənin çəkinməli olduğuna ən çox layiq olan Allahdır.
Buna baxmayaraq, Zeyd (özünü fəzilət cəhətilə ona ər olaraq uyğun görmədiyindən) ondan ehtiyacı (olan boşamasını) yerinə yetirincə, onu sənə (biz) nikahladıq; Ta ki, öz (zövcə)lərindən əlaqə(lərini) kəsdikləri zaman övladlıqlarının zövcələri (ilə evlənmələri xüsusu)nda möminlərə bir çətinlik olmasın!(Bu işdən möminlərə heç bir günah gəlmədiyini bildirmək üçün belə bir övrətlə birinci səni evləndirib bütün müsəlmanlara nümunə etdik). Və Allahın əmri, (beləliklə) yerinə yetirilmiş oldu. (Əhzab surəsi, 37)
Zeyd bin Harise (Allah ondan razı olsun) ilk iman edənlərdəndir. Xədicə anamız, Əbu Bəkir və Əli ibn Əbu Talibdən (Allah hamısından razı olsun) sonra dördüncü, azadlıq qazanmış kölələr içərisində ilk müsəlman olma şərəfini əldə edənlərdəndir. Peyğəmbərimiz aleyhissalatu vəssəlam tərəfindən azadlığa qovuşan Zeyd əslən yəmənlidir. Əsirlikdən əmirliyə qədər yüksələn ibrət dolu bir ömür yaşayıb.
O, hələ uşaq ikən anası Suda binti Sələbə ilə birlikdə Bəni Maan qəbiləsindən olan qohumlarını ziyarət etmək üçün yola çıxmışdılar. Yolda quldurlar tərəfindən basqına məruz qaldılar və Zeyd əsir alındı. Əsir düşmüş Zeyd Məkkədəki Ukaz bazarında satışa çıxarıldı.
Xəticeə'tül Kübraın (Xədicə bint Hüveylid) qardaşı oğlu Hakim bin Hizam onu aldı. Bibisinin yanına gəlib: “Bibi, Ukaz bazarından bir neçə kölə aldım. Onlardan hansını istəyirsən seç və mənim hədiyyəm kimi qəbul elə”- dedi. Xədicə də kölələr arasından Zeyd bin Harisəni seçib götürdü. Bir müddətdən sonra Rəsulullah (s.ə.s) ilə evlənən Xədicə (r.anha) kölələrin içərisindən ən qiymətlisi olan Zeyd (r.a)-ı ona hədiyyə etdi. Peyğəmbərimiz (s.ə.s) onu aldı və azad etdi. Azadlığa qovuşan Zeyd Rəsuli-Əkrəm (s.ə.s)-dən ayrılmadı. Həm xidmətlərində durmağa, həm də nurundan faydalanmağa çalışdı. Bu vaxta qədər heç yerdə və heç kimdə görmədiyi ədalət və kərəmi, yardım və məhəbbəti onda gördü.
Zeyd (r.a) itkin düşdüyü üçün ata-anası çox fikir edir, üzülürdü. Övlad həsrəti ilə yanıb-alışan Harisə hər yerdə axtarır və hər gördüyü karvandan onu soraqlayırdı. Göz yaşları içində şeirlər söyləyərək həsrətini, dərdini dilə gətirirdi:
Yavrum mənim, Zeydim mənim dönərsənmi geri,
Səndən başqasının dönməsini istəməm vallah
Anaram əsdikdə ruzigar, harda bir uşaq görsəm,
Və günəş doğarkən hər səhər səni xatırladır.
Hələ İslam gəməmiş, Bir həcc mövsümündə Zeydin doğulduğu qəbilədən Kəbəni ziyarətə gələnlər onu görüb tanıdılar. Zeyd (r.a)-la söhbət edib, hal-əhval tutdular. Geri dönən zəvvarlar görüb eşitdiklərini atası Harisə danışdılar. Bu xəbərdən sevinən Harisə qardaşı Kəb ilə bərabər Məkkəyə gəlib Rəsulullahın hüzuruna çıxıb belə dedilər:
“Ey Qüreyş qövmünün əfəndisi, ey Əbdülmüttəlibin nəvəsi! Siz Hərami–Şərifin qonşususunuz. Müsafrə, əsirlərə ikram və ehsan edirsiniz. Acları doyurar, möhtaclara yardım əlinizi uzadırsınız.
Bura sənin yanındakı oğlumuz üçün gəldik. Fidyə olaraq nə qədər pul istəsən verərik, oğlumuzu bizə qaytar Nə olar, bizim bu xahiş və diləyimizi yerə salma! ”
Bunu eşidən Rəsulullah (s.ə.s) Zeydi çağırıb ona vəziyyəti bildirərək və hər şeyi onun ixtiyarına verərək: “Qoy seçimi özü etsin. Əgər sizinlə getmək istəsə fidyəsiz götürüb gedərsiniz. Hərgah burda qalmağa üstünlük verərsə onda yanımda qalar”· dedi.
Sonra isə Zeydi çağırdı və ondan soruşdu:
“ - Bunları tanıyırsanmı? ”
“ - Bəli, biri atam, O biri əmim Kəbdir. ”
“ - Ey Zeyd! Məmim sənə olan davranışımı görürsən. Bunlar səni aparmağa gəliblər. Seçim sənin özünündür. İstəsən gedər, istəsən yanımda qalarsan. ”
Zeyd heç bir tərəddüd etmədən bu cavabı verdi:
“ - Ya Rəsulallah! Sizi heç kimə dəyişmərəm. Mənim atam da, əmim də sizsiniz.” Bu cavabı gözləməyən atası özünü itirdi və heyrətlə dedi:
“ - Çox təəssüf .. Sənə yazığım gəlir Çünki sən köləliyi azadliga, anana, atana və əminə dəyişdin. ” Zeyd:
“ - Atacan, mən bu şəxsdən elə şəfqət və mərhəmətli davranışlar görmüşəm ki, onu heç kimlə dəyişmərəm. ”· dedi.
Budur könüllərdən sevgini ortaya çıxaran və könüllərin fəthinə vəsilə olan şəfqət və rəhmət tərzi... Və məhz belə davranışın nəticəsi... Allah və Rəsulunun sevgisini üstələyə bilməyən ata, ana, əmi sevgisi... Belə sevgilər insana şərəf gətirir... Köləlikdən əmirliyə yüksəldir. Təsəvvür edirsizmi bu hadisə hələ peyğəmbərlik gəlməmişdən öncə baş verib. Rasulullah aleyhissalam hələ peyğəmbərlikdən öncə görün necə sevilən bir insan olub.
Rəsulu-Əkrəm (s.ə.s) Zeyddəki bu sevgi və təslimiyyəti görüncə onun əlindən tutub Kəbeyi-Müəzzəmənin divarının dibində oturanlara xitabən bildirdi: “Şahid olun ki, Zeyd mənim oğlumdur. O mənə, mən də ona varisəm.” (İbn Sa’d, a.k.ə., III, 40-42; İbn Hişam, a.k.ə., I, 247 vd.; əl Asqalani, əl-isabə fi Təmyizi’s-Sahabə, III, 24).
Atası və əmisi bu səmimi və hərarətli sözləri eşidib Zeydə olan sevgi və şəfqət dolu davranışı gördülər və ürəkləri sakit oldu, təskinlik tapdılar, rahat bir şəkildə öz məmləkətlərinə getdilər.
O gündən sonra Zeyd, İbn Muhamməd adı ilə çağırıldı.Bu hadisələr olarkən hələ İslamiyyət gəlməmişdi. Daha sonra Allah təalanın əmri Əhzab surəsinin 5 və 40-cı ayələrindəki: “Onları atalarının adı ilə çağırın” (Əhzab surəsi, 5) ayəsi nazil olunca yenidən Zeyd bin Harisə deyə çağırmağa başladılar. (Müslim, Fəzailü’s-Sahabə: 62-64.İbn Hişam, a.k.ə., I, 247; İbn Sa’d, a.k.ə., III, 42; əl-Asqalani, a.k.ə., III, 25).
Rasulullah sallallahu aleyhi və səlləm, Zeydi çox sevirdi. Vaxtaşırı ona, "Ey Zeyd! Sən, qardaşım və azadlımızsın" deyərək iltifat göstərədi. (Buxari,Sahih, c. 3, s. 303)
Həmzə, Müsəlman olanda, Peyğəmbərimiz ikisini qardaş etmişdi. Evlənmə çağı gələndə də, Rasulullah onu Məkkədə öz övladlarının dayəsi Ümmü Əymənlə (r.anha) evləndirmişdi. Bu evlilikdən, Əshabın böyüklərindən Üsamə doğuldu. Daha sonra Peyğəmbər Əfəndimiz (sav) Zeydi bibisinin qızı Zeynəblə evləndirmiş, ancaq, yoldaşların anlaşamamaları nəticəsində boşanmışdılar. Daha sonra Peyğəmbər Əfəndimiz Zeynəblə evlənmək surətiylə, Cahiliyyə dövründən qalma övladlıq anlayışının aradan qaldırıldığını şəxsən göstərmiş və Qur`an-Kərimdə, "... sonra Zeyd zövcəsi ilə əlaqəsini kəsdikdə (Zeynəbi boşadıqda) səni onunla evləndirdik ki, oğulluqları övrətlərini boşadıqları zaman onlarla evlənməkdə möminlərə heç bir çətinlik (günah) olmasın! (Bu işdən möminlərə heç bir günah gəlmədiyini bildirmək üçün belə bir övrətlə birinci səni evləndirib bütün müsəlmanlara nümunə etdik)." (Əhzab surəsi, 37)
Peyğəmbərlər, peyğəmbərlik vəzifələri etibarilə ümmətləri üçün ata hökmündə olmaları, onlara atalarından daha böyük bir şəfqətlə və məhəbbətlə baxdıqlarına görədir. Yoxsa, nəsəb etibarilə olan atalıq deyildir. Buna görə də peyğəmbərlərin öz ümmətlərindən olan xanımlarla evlənmələrində bir əngəl yoxdur.
Zeyd b. Harisə, Rasulullah (s.a.s)`in cəfakar dostlarından biri idi. Demək olar ki, bütün çətin vaxtlarında Onunla birlikdəydi. Belə ki, ətraf qəbilələri İslama dəvət etmək üçün Taifə gedən Rasulullahı tək qoymamışdı. Zeyd bin Harisə (r.a) ilə Taifdən qayıdarkən yolda Taiflilər onları daşa tutdular. Hər tərəfi al-qana büründü. Zeyd, Peygamberimizi atılan daşlardan qorumaq üçün, Onun önünə, arxasına, sağına soluna keçərək sipər olurdu. Özü də bu surətlə bir çox yerindən yaralandı.. (İbn Sa’d, a.k.ə., I, 212).
Peyğəmbərimizlə birlikdə Mədinəyə hicrət edən Zeyd bin Harisə, Məscid-i Nəbəvinin inşasından sonra da Peyğəmbərin əmri ilə gənc Müsəlmanlardan Əbu Rafi ilə birlikdə Məkkəyə qayıdıb, Rasulullahın xanımlarını və qızlarını alıb gətirmişdi.
Rasulullah sallallahu aleyhi və səlləm hicrətdən sonra Mədinədə, səhabələrinin arasında qardaşlıq təsis edəndə, Zeydlə Həmzə b. Abdülmuttalibi də qardaş elan etmişdi. Bu səbəbdən Həmzə, Uhud günü şəhadət şərbətini içməzdən əvvəl Zeydi özünə vasi (vəsiyyətini ona etmişdir) təyin etmişdi (İbn Hişam, həmin, I, 505; İbn Sa,d, həmin, III, 44.)
Rasulullah (s.ə.s)-i sevməyin necə böyük dövlət olduğunu onun Zeyd haqqındakı bu iltifatında görürük: “Allaha and içirəm ki, Zeyd bin Harisə əmirliyə layiq və insanların mənə ən sevimlisidir. ”
Peyğəmbərimizin Zeydə olan güvəninə işarə edən Aişə anamız, "Rəsuli- Əkrəm, Zeydi bir ordu ilə səfərə göndərdiyində mütləq onu komandir təyin edərdi. Əgər indi sağ olsaydı onu Öz yerinə xəlifə buraxardı" demişdir (Müsnəd, VI, 226-227, 254, 281).
Zeyd b. Harisə, Bədr, Uhud və Xəndək döyüşləriylə Hudeybiyə Sülhü və Xeybər fəthində də iştirak etmişdir. Onun mərdliyi, fədakarlığı və qəhrəmanlığı, səhabələr arasında məşhur idi. Rəsuli- Əkrəm, Müreysi Qəzasına çıxarkən, Mədinədə onu öz yerinə vəkil təyin etmişdi. Bu hərəkəti ilə həm onun dirayət (zəka, qabiliyyət) və idarəçiliyini təqdir edir, həm də idarəçiliyin soy-köklə deyil, təqva, fədakarlıq və dirayət ilə ola biləcəyinə diqqət çəkirdi. Köləlik müəssisəsinin tədricən qaldırmağa çalışdığı bir dövrdə, Peyğəmbərin azadlı köləsini öz yerinə vəkil buraxması, çox mənalı bir hadisədi.
Bununla yanaşı Zeyd, komandir olaraq da müxtəlif savaşlarda iştirak etmiş və yüksək nailiyyətlər göstərmişdir. Bu savaşlar; Karəda, Cəmum, əl-İys, ət-Tarafa, Hisma və Ümmü Kirfadır. Son olaraq Mutə Savaşında iştirak etmiş və bu müharibədə şəhid olmuşdur.Hicrətin 8-ci ilində, Peyğəmbərimiz, Busra valisinə, Həris bin Umeyri elçi olaraq göndərmiş və İslamı təbliğ etmək istəmişdi. Ancaq yolda Haris`ə rast gələn Bizansın Şam valisi Şurahbil, Peyğəmbərin elçisi olduğunu bildiyi halda, onu öldürmüşdü. Peyğəmbərimiz bu xəbərə çox üzülmüş və "Elçiyə zaval olmaz" hökmünü pozan Bizansa bir dərs vermək üçün 3 min nəfərlik bir ordu hazırlamış, başına da Zeyd bin Harisəni gətirmişdi.
Rasulullah (s.a.s), bayrağı ilk öncə Zeydə vermiş və: "Əgər Zeyd şəhid olsa, bayrağı Cəfər alsın, O da şəhid düşərsə, Abdullah b. Ravaha alsın" buyurmuşdur. Bu üç səhabə də Mutə günü, qəhrəmancasına döyüşərək Haqqın rəhmətinə qovuşdular.
Zeyd, şəhid olduğu vaxt 50-55 yaşları arasında idi.
Rasulullah (s.a.s), bu üç qəhrəman dostunun şəhadət xəbərini eşidəndə göz yaşlarını tuta bilməyərək ağlamış və onlar üçün: "Allahım; Zeydə məğfirət et! Allahım; Zeydə məğfirət et! Allahım; Zeydə məğfirət et! Allahım; Cəfərə məğfirət et Allahım; Abdullah b. Ravahaya məğfirət et"! deyərək dua etmişdir (İbn Sad, həmin, III, 45, II, 86-90, 128-129; Əl-Asqalani, həmin, III, 26.
Rasulullah (s.ə.s) Mutədə şəhid olan bu üç sərkərdə ailəsinə başsağlığına gedir. Zeyd bin Harisə (r. a)-ın evinə girəndə kiçik qızı ağlayaraq qucağına atılır. Rəhmət Peyğəmbəri də özünü saxlaya bilmir və gözlərindən incilər axmağa başlayır. Sad bin Ubadə (r.a): “Ya Rəsulallah, bu nə haldır ki, sizi ağladır? ”- soruşunca Rəsulullah (s.ə.s) belə cavab verir: “Bu sevgilinin sevgilisinə ağlamasıdır. ” (Tabaqat, 3: 40-46.)
Allah təala bizi də belə sevgi və təslimiyyətlə nemətləndirsin.
Zeydin Üsamədən başqa Zeyd və Ruqayyə adlı iki uşağı da vardı. Böyük qardaşı Cəbələ də səhabədəndir. Cəbələ, ondan soruşulan, "Sənmi böyüksən yoxsa Zeydmi?" sualına, "Mən Zeyddən əvvəl doğulmuşam, amma o məndən böyükdür" şəklində cavab vermişdir.
Zeyd bin Harisə, Peyğəmbərimizin yüksək əxlaqının müstəsna bir təmsilçisi idi. Onun fəraqat və fədakarlığını, yenə Peyğəmbər ocağında yetişmiş olan oğlu Üsamə davam etdirərək atasına yaxşı bir xələf olmuşdur. Allah onlardan razı olsun.
Amin!..
- Peyğəmbərimizin (s.ə.s.) Zeyd bin Harisəni azad etməsi və onu övladlıq etməsi necə reallaşmışdır?
- Hz. Peyğəmbərin (sav) Hz Həsən və Hüseyin (R.A) və uşaqlar üçün necə dua edərdi?
- Haram edilmiş şeylərlə müalicə olunmaq olarmı?
- Zina Cinayətinin Cəzası: Rəcm və Cəldə.
- MÜBARƏK DOĞUM VƏ MÖVLUD QƏNDİLİ
- LUKATA (Tapılan Mal)
- Bəraət gecəsni önəmi və dəlillər
- ƏHLİ-BEYTİ SEVMƏK.
- Çalğılı musiqilərin dinlənilməsi barəsində hədislər və İslam alimlərinin görüşləri nələrdir?
- Əbu Hənifə, Hz.Hüseynin nəvəsi Zeyd bin Əlinin hakimiyyətə gəlməsi üçün siyasi və maddi dəstək göstərmişdirmi?