12 imam etiqadı haqqında məlumat verərsinizmi?

İmamlıq etiqadı və ya on iki imam etiqadı imamiyyə firqəsini digərlərindən fərqləndirən bir etiqaddır. Bu etiqada əsasən imamlıq vəzifəsi əhli-beytdən müəyyən şəxslərə aiddir. Bu etiqad üzərində bir çox hökmlər qurulmuşdur. Buna əsasən imamlar Muhamməd’dən – salləllahu aleyhi va səlləm – başqa digər bütün peyğəmbərlərdən üstündür, imamlardan hər hansı birini inkar edən kafirdir, on iki imamdan hər biri peyğəmbərin – salləllahu aleyhi va səlləm – xüsusi əmri ilə təyin olunmuşdur və bunu inkar etmək küfrdür. Bu siyahını uzatmaq mümkündür.

Lakin qeyd etmək lazımdır ki, belə bir etiqad daha sonradan ortaya çıxmış bir etiqaddır. İlk şiələr bu görüşlərdən xəbərsiz olublar. Bəzi tədqiqat əhlinə görə, belə bir etiqadı ilk olaraq ortaya atan Şeytan ət-Taq[1] ləqəbi ilə tanınan bir şiədir. “Ricəl əl-Kəşşi” kitabında rəvayət olunur ki, Şeytan ət-Taq bu etiqadı insanlar arasında yaymağa başlamış və İmam Zeyd bin Əli bundan xəbər tutmuşdur. Daha sonra bu şayələrin həqiqətini öyrənmək məqsədi ilə onun arxasınca adam göndərmişdir. Zeyd ona müraciət edərək soruşur: “Mənə çatdırdılar ki, sən, Muhamməd’in ailəsində itaət edilməsi fərz olan imamların olduğunu iddia edirsən.” Şeytan ət-Taq dedi: “Bəli! Sənin atan Əli bin əl-Hüseyn həmin imamlardan biri idi.” Dedi: “Axı bu necə ola bilər?! (Uşaq olarkən) məni yedizdirərdi, ağzıma yemək tikəsini qoyarkən tikənin isti olduğunu görüb onu əli ilə soyudardı. Sənin iftirandan belə çıxır ki, o, isti yemək tikəsinə görə mənə ürəyi yanırdı, lakin cəhənnəm atəşindən mənə yazığı gəlməyib?”[2] (Şeytanut-Taq) dedi: “Ona dedim: Sənə xəbər verib bununla sənin kafir olmağını xoş görməmişdir. Kafir olsan, sənə şəfaətçi ola bilməz. Allaha and olsun ki, sən (Allahın) məşiyyəti altındasan.”[3]
 
əl-Kuleyni’nin “əl-Kafi” əsərindəki rəvayətində isə deyilir: “Zeyd bin Əli, Əbu Cafərə dedi: “Ey Əbu Cafər! Atamla birlikdə masa qarşısında oturardıq, mənə yağlı tikə yedizdirərdi və isti tikələri soyuyana qədər soyudardı, çünki mənə ürəyi yanırdı. Necə olur ki, cəhənnəm atəşindən mənə ürəyi yanmamışdır, sənə öyrətdiyi dini mənə öyrətməmişdir?!” Şeytanut-Taq ona belə cavab verdi: “Sənə fəda olum! Cəhənnəm atəşinə görə də sənə ürəyi yandığı üçün bunu sənə xəbər verməmişdir, çünki qəbul etməyərək cəhənnəmə daxil olacağından qorxmuşdur. Lakin mənə xəbər vermişdir, əgər qəbul etsəm nicat tapacam, əgər qəbul etməsəm, cəhənnəmə daxil olacağıma görə mənə ürəyi yanmayacaqdır.”[4]

Bütün bunlardan sonra oxuyucular özlərinə belə bir sual verə bilərlər; necə ola bilər ki, İmam Zeynul-Abidin öz doğma oğlu Zeyd bin Əli’yə iddia olunan bu imamlıq etiqadını öyrətməmişdir?! Əgər bu haqq olsa idi, nə üçün Zeyd kimi fəzilət sahibi bir imam bunu qəbul etməzdi?! Özü də atası kimi fəzilət sahibi bir kimsə, öz babalarının adından yalan danışmaz. Bu xəbərlərdən anlaşılan budur ki, bu imamlıq etiqadı daha sonra ortaya çıxarılmış bir etiqaddır və hətta şiələr özləri imamların təyinində öz aralarında ixtilaf etmişlər, bir-birilərini lənətləmişlər.

Yazdı : Samir Firdovsioğlu

----------------------------------------------------

[1] “Şeytan ət-Taq”ın əsl adı Muhamməd bin Əli ibn Numan’dır, hicri 160-cı ildə vəfat etmişdir. Şiələr onu “Mömin ət-Taq” deyərək adlandırırlar. İbn Hacər – rahiməhullah – deyir: “Deyirlər ki, insanların onu Şeytan ət-Taq ləqəbi ilə adlandırması xəbəri, rafizi şeyxi Hişam bin əl-Həkəm’ə çatdıqda onu “Mömin ət-Taq” adlandırdı.” O, bir çox zəlalət fikirlərini yaymaqla ittiham olunmuşdur. “əş-Şeytaniyyə” və ya “ən-Numaniyyə” firqəsi onun adı ilə bağlıdır, radikal bir şiə firqəsidir. Bax: “Ricəl əl-Kəşşi”, səh: 185; “Ricəl əl-Nəcəşi”, səh: 249; “Lisənul-Mizən”, 5/300-301; ən-Növbəxti, “Firaquş-Şiə”, səh: 78; “Səfinətul-Bihar”, 1/333; “Məqalətul-İsləmiyyin”, 1/111; “əl-Miləl van-Nihəl”, 1/186; İbnul-Xayyat, “əl-İntisar”, səh: 14-48.
 
[2] Yəni, necə ola bilər ki, mənim atam mənə bu qədər ürək yandırdığı halda, belə vacib bir məlumatı məndən gizli saxlasın?! Məgər mənim dindən cahil qalıb cəhənnəmə daxil olmağıma razı olardımı?!
 
[3] “Ricəlul-Kəşşi”, səh: 186
 
[4] əl-Kuleyni, “Usul əl-Kafi”, 1/174

Read 66 times
In order to make a comment, please login or register