140 Xeyir Qapısı
Mərhəmətli və Rəhmli Allahın adı ilə!
Həmd olsun Allaha! Bütün peyğəmbərlərin və elçilərin sonuncusu peyğəmbərimiz Muhəmmədə, onun ailəsinə və bütün səhabələrinə Allahın xeyir duası və salamı olsun.
Uca Allahın: “İnsanlara doğru yolu göstərən, bu yolun və haqqı batildən ayırd edənin açıq-aydın dəlilləri olan Quran ramazan ayında nazil edilmişdir. Sizlərdən bu aya çatan şəxslər həmin ayı oruc tutmalıdırlar” deyə buyurduğu razılıq və bağışlanma ayı sayılan bu möhtəşəm ramazan ayını dirçəltmək üçün qərara gəldik ki, bu gözəl risalədə fəzilətli ramazan ayında yerinə yetiriləcək müxtəlif xeyir və yaxşılıq qapıları barəsində olan hədis və əsərləri cəm edək. Bununla bərabər bütün fərz və nafilə ibadətlərin yerinə yetirilməsinin zəruriliyini də diqqətinizə çatdırmaq istəyirik. Məhz Allahdır istədiyini doğru yola yönəldən.
1–İxlas; Uca Allah buyurur:
“Halbuki onlara, dini məhz Allaha məxsus edərək, həniflər kimi ibadət etmək, namaz qılmaq və zəkat vermək əmr olunmuşdu. Doğru din də elə budur!”
2– Allah üçün edilən tövbəni təzələmək;
“Günəş batdığı yerdən çıxana qədər tövbə edən şəxsin tövbəsini Allah qəbul edər.” (Muslim).
“Həqiqətən Allah bəndəsinin tövbəsini ölüm boğazına yetişənə qədər qəbul edir.” (Tirmizi).
3– Hilalı (təzə ayı) gördükdə dua etmək;
“Allahummə əhilləhu aleynə bil-əmni, vəl-imani, vəs-səlaməti, vəl-islami. Rabbi və Rabbukəllahu.” (Əhməd və Tirmizi).
4– Ramazanı imanla və mükafatını yalnız Allahdan umaraq oruc tutmaq;
“Kim Ramazan ayını imanla, mükafatını yalnız Allahdan umaraq oruc tutarsa, keçmiş günahları bağışlanar.” (Buxari və Muslim).
5– Şəvval ayının altı gününü oruc tutmaq;
“Ramazanı oruc tutub ardından da şəvval ayından altı gün oruc tutan şəxs bir il oruc tutmuş kimidir.” (Muslim).
6– Ramazan gecələrində imanla və mükafatını yalnız Allahdan umaraq nafilə namazları qılmaq;
“Kim Ramazan gecələrində imanla, mükafatını yalnız Allahdan umaraq nafilə namazları qılsa, keçmiş günahları bağışlanar.” (Buxari və Muslim).
7– Qədr gecəsində imanla və mükafatını yalnız Allahdan umaraq ibadət etmək;
“Hər kəs Qədr gecəsində imanla, mükafatını yalnız Allahdan umaraq ibadət edərsə, keçmiş günahları bağışlanar.” (Buxari və Muslim).
8– Ramazanın axır on günündə ibadətləri artırmaq;
“(Ramazanın) axır on günü yetişdikdə Peyğəmbər (sallalalhu aleyhi va səlləm) belbağını bərk-bərk bağlayardı və gecələri həm özü ibadət edər, həm də ailəsini yuxudan oyadardı (ki, onlar da ibadət etsinlər).” (Buxari və Muslim).
9– Ümrə ziyarəti;
“Ramazanda ümrə ziyarəti etmək həcc ziyarətinə və ya mənimlə yerinə yetirilən həcc ziyarətinə bərabərdir.” (Buxari və Muslim).
10– Etikaf;
“Peyğəmbər Aleyhissalatu Vassələm ramazan ayının son on gününü etikafda keçirərdi.” (Buxari və Muslim).
11– Oruc tutana iftar yeməyi vermək;
“Kim oruc tutan şəxsə iftar yeməyi verərsə, onun savabı qədər savab qazanar və bu oruc tutanın savabından heç bir şey əskiltməz.” (Tirmizi).
12– Quran oxumaq;
“Quran oxuyun! Çünki o, Qiyamət günü öz sahibinə şəfaətçi olacaqdır.” (Muslim).
13– Quranı öyrənib başqalarına öyrətmək;
“Sizin ən xeyirliniz Quranı öyrənən və onu başqalarına öyrədən kimsədir.” (Buxari).
14– Uca Allahı zikr etmək;
“Sizə əməllərinizin ən xeyirlisini, Sahibiniz yanında ən təmiz olanını, dərəcələriniz içində ən yüksəyini, sizin üçün qızıl-gümüş xərcləməkdən daha xeyirlisini, düşməninizlə qarşılaşıb onların boyunlarını vurmağınızdan, onların da sizin boyunlarınızı vurmasından daha xeyirlisini sizə bildirimmi? (Əshabələr) dedilər: “Bəli!” O dedi: “(Bu,) Uca Allahı zikr etməkdir.” (Tirmizi).
15– Allahdan bağışlanma diləmək;
“Kim Allahdan davamlı şəkildə bağışlanma diləyərsə, Allah onun hər bir kədərini aradan qaldırar, hər bir sıxıntısı üçün çıxış yolu açar və ağlına gəlmədiyi yerdən ona ruzi verər.” (Əbu Davud və Nəsai).
16– Kamil şəkildə dəstəmaz almaq;
“Kim gözəl bir şəkildə dəstəmaz alarsa onun günahları bütün bədənindən, hətta dırnaqlarının altından belə çıxar.” (Muslim).
17– Dəstəmaz aldıqdan sonra şəhadət kəlməsini demək;
“Kim gözəl bir şəkildə dəstəmaz aldıqdan sonra “Əşhədu ən lə ilahə illəllahu vəhdəhu lə şərikə ləhu və əşhədu ənnə Muhəmmədən abduhu və Rasuluhu. Allahumməc'alni minət-təvvabinə vəc'alni minəl-mutətahhirin” – deyərsə onun üçün Cənnətin qapıları açılar və o istədiyi qapıdan içəri daxil ola bilər.” (Muslim).
“Mən şahidlik edirəm ki, Allahdan başqa məbud yoxdur, O təkdir, Onun şəriki yoxdur və şahidlik edirəm ki, MuhəmmədOnun qulu və elçisidir! Allahım! Məni tövbə edənlərdən et! Və məni təmizlənənlərdən et!”
18– Dəstəmazı qorumaq;
“Sabit olun, amma bunu tam bacarmayacaqsınız. Bilin ki, sizin əməllərinizin ən xeyirlisi namazdır. Dəstəmazı isə ancaq mömin qoruya biləcəkdir.” (İbn Macə).
19– Misvakdan istifadə etmək;
“Əgər ümmətimə ağır gəlməsəydi, onlara əmr edərdim ki, hər namazdan əvvəl (dişlərini) misvakla təmizləsinlər.” (Buxari və Muslim).
20– Dəstəmazdan sonra iki rükət namaz qılmaq;
“Kim gözəl tərzdə dəstəmaz alıb iki rükət namaz qılar, qəlbini və üzünü buna yönəldərsə, Cənnətə girmək ona vacib olar.” (Muslim).
21– Azandan sonra dua etmək;
“Hər kim azanı eşitdikdə: “Allahummə Rabbə həzihiddəvatit-tammə, vas-səlatil qaimə, ati Muhəmmədənil-vasilətə val-fədilətə, vab'ashu məqamən məhmudənilləzi vəadtəhu”1– desə, Qiyamət günü mənim şəfaətimə qovuşar.” (Buxari).
1 Tərcüməsi: “Bu tam dəvətin və qılınacaq namazın Rəbbi olan Allahım! Muhəmmədə vasitəçilik haqqı və fəzilət ver. Onu vəd etdiyin təriflənən (mahmud) məqama çatdır.”
22– Azanla iqamə arasında dua etmək;
“Azanla iqamə arasında edilən dua cavabsız qalmır.” Digər rəvayətdə deyilir: “Səhabələr soruşdular: “Ey Allahın elçisi, biz həmin vaxt nə deyək?” Peyğəmbər sallallahu aleyhi və səlləm dedi:
”Allahdan əfv və salamatlıq diləyin!” (Əbu Davud və Tirmizi).
23– Beş vaxt namazı qorumaq;
“Hər hansı bir müsəlman fərz namazının vaxtı gəldiyi zaman gözəl şəkildə dəstəmaz alıb mütiliklə namazını yerinə yetirərsə, böyük günahlar etmədikcə, bu onun keçmiş günahlarının kəffarəsi olar. Və bu, beləcə bütün il boyu davam edər.” (Muslim).
24– Namazları vaxtında qılmaq;
“Peyğəmbərdən (sallallahu aleyhi və səlləm) hansı əməlin daha əfzəl olması barəsində soruşduqda o dedi: “Namazı vaxtlıvaxtında qılmaq.” (Buxari və Muslim).
25– Sübh və Əsr namazlarını vaxtında qılmaq;
“Kim sübh və əsr namazlarını (vaxtında) qılarsa, Cənnətə girər.” (Buxari).
26– Cümə namazını qorumaq;
“Beş vaxt namaz, cümə namazı növbəti cüməyə qədər, ramazan (orucu) növbəti ramazana qədər olan kiçik günahlar üçün kəffarədir. Əgər böyük günahlardan çəkinilərsə.” (Muslim).
27– Cümə günündə olan duaların cavabsız qalmayan saatını axtarmaq;
“Həmin gün elə bir saat var ki, müsəlman olan kəs (həmin vaxt) namaz qılıb Uca Allahdan bir şey istəsə, Allah ona istədiyini mütləq verər.” (Buxari və Muslim).
28– Cümə günü əl-Kəhf surəsini oxumaq;
“Kim cümə günü əl-Kəhf surəsini oxuyarsa, bu, növbəti cüməyə qədər onun üçün nur saçar.” (Nəsai və Hakim).
29– Məscidlərə getmək;
“Kim səhər və ya axşamüstü məscidə gedərsə, hər gedişində Allah onun üçün Cənnətdə bir yer hazırlayar.” (Buxari və Muslim).
30– Məscidülhəramda namaz qılmaq;
“Mənim bu məscidimdə qılınan (bir) namaz Məscidülhəram istisna olmaqla, digər məscidlərdə qılınan min namazdan daha üstündür. Məscidülhəramda qılınan (bir) namaz isə bu məscid istisna olmaqla, digər məscidlərdə qılınan yüz min namazdan daha üstündür.” (Əhməd və İbn Xuzeymə).
31– Peyğəmbərin (sallallahu aleyhi və səlləm) məscidində namaz qılmaq;
“Mənim bu məscidimdə qılınan (bir) namaz Məscidülhəram istisna olmaqla, digər məscidlərdə qılınan min namazdan daha yaxşıdır.” (Muslim ).
32– Beytülmüqəddəsdə namaz qılmaq;
“Üç məsciddən başqa heç bir yerə (ibadət məqsədi ilə) səfər etmək olmaz: (bu) – Məscidülhəram, Peyğəmbərin (sallallahu aleyhi və səlləm) məscidi və Məscidüləqsadır.” ( Buxari ).
33– Quba məscidində namaz qılmaq;
“Orada namaz qılan şəxs ümrə ziyarəti etmiş kimidir.” (İbn Hibban).
34– Camaat namazını qorumaq;
“Camaat namazı fərdi namazdan iyirmi yeddi dərəcə üstündür.” (Buxari və Muslim).
35– Birinci səfdə namaz qılmağa həris olmaq;
“Əgər insanlar azan (verməyin) və (namazda) birinci sırada (durmağın nə qədər xeyirli və bərəkətli) olduğunu bilsəydilər və (buna nail olmaq üçün) püşk atmaqdan başqa bir çarə tapmasaydılar, hökmən püşk atardılar.” ( Buxari və Muslim).
36– Duha namazını davamlı qılmaq;
“Sizin hər birinizin gün ərzində bütün fəqərələrinə görə sədəqə vardır; Belə ki, hər bir təsbih sədəqədir, hər bir təhmid sədəqədir, hər bir təhlil sədəqədir, hər bir təkbir sədəqədir, yaxşı işləri əmr etmək sədəqədir, pis işlərdən çəkindirmək sədəqədir. Bütün bunları isə duha vaxtı qılınan iki rükət namaz əvəz edir.” (Muslim).
37 – Ratibə namazlarını qorumaq;
“Kim fərz namazlarından əlavə Allah üçün hər gün on iki rükət ratibə namazını qılarsa, Allah onun üçün Cənnətdə bir ev bina edər.” (Muslim).
38– Nafilə namazlarını evdə qılmaq;
“Namazlarınızın bir qismini öz evlərinizdə qılın və oranı qəbirlərə çevirməyin.” (Buxari).
39– Səcdələrin sayını çoxaltmaq;
“Qulun rəbbinə ən yaxın olduğu məqamı onun səcdə etdiyi vaxtdır. Elə isə (səcdədə ikən) dualarınızı artırın.” (Muslim).
40– Zikr etmək üçün sübh namazından sonra namazgahda oturmaq;
“Sübh namazını camaatla birgə qıldıqdan sonra gün çıxana qədər həmin yerdə oturub Allahı zikr edən, sonra isə iki rükət nafilə namazı qılan şəxs – tam olaraq, yenə tam olaraq və yenə tam olaraq – həcc və ümrə ziyarətinin savabını qazanır.” ( Tirmizi ).
41– Cənazə namazı qılmaq və cənazənin ardınca getmək;
“Kim dəfndə cənazə namazı qılınana qədər iştirak edərsə, bir qirat, dəfn edilənə qədər iştirak edərsə, iki qirat savab qazanar. Peyğəmbərdən (sallallahu aleyhi və səlləm) iki qirat nədir deyə soruşduqda dedi: “İki böyük dağ qədər.” (Buxari və Muslim).
42– Qadının namazı evində qılması;
“Qadınlarınıza məscidlərə getməyi qadağan etməyin. Amma (onlar bilməlidirlər ki), evləri onlar üçün daha xeyirlidir.” (Əbu Davud).
43– Bayram namazını namazgahda qılmağa həris olmaq;
“Peyğəmbər (sallallahu aleyhi və səlləm) orucluq və qurban bayramlarında çıxıb namaz qılınan yerə gedərdi.” (Buxari).
44– Uşaqları namaz qılmağa alışdırmaq;
“Yeddi yaşından uşaqlarınıza namaz qılmağı əmr edin. On yaşından isə (namaz qılmadıqlarına görə) onları vurun və yataqlarını ayırın.” (Əbu Davud).
45– Uşaqları oruc tutmağa alışdırmaq;
“Rubeyyi bint Muəvviz O demişdir: Biz (hər il aşura günü) həm özümüz oruc tutar, həm də uşaqlarımıza oruc tutmağı əmr edərdik. Biz onlar üçün yundan oyuncaq düzəldərdik ki, onlardan biri ağlayıb yemək istədikdə bunu ona verək, iftar vaxtına qədər (başı qarışsın).” (Buxari ).
46– Fərz namazlarından sonra Allahı zikr etmək;
“Kim hər namazdan sonra otuz üç dəfə subhanallah, otuz üç dəfə əlhəmdulilləh, otuz üç dəfə Allahu əkbər, sonra da “Lə ilahə illəllahu vəhdəhu lə şərikə ləhu. Ləhul-mulku və ləhul-həmdu və huvə alə kulli şeyin qadir” – deyərsə, günahları dəniz köpüyü qədər olsa belə bağışlanar.” (Muslim).
(Allahdan başqa məbud yoxdur, O təkdir, Onun şəriki yoxdur.Mülk Onundur və həmd Onadır! O hər şeyə Qadirdir)
47– Təravih namazını qılmaq;
“Fərz namazlarından sonra ən əfzəl namaz gecə namazıdır.” (Muslim).
48– İftar vaxtı girən kimi orucu açmaq;
“İnsanlar oruclarını erkən açacaqları müddət ərzində xeyir içində olacaqlar.” (Buxari).
49– İftarı namazdan qabaq etmək;
“Peyğəmbər (sallallahu aleyhi və səlləm) iftarı namaz qılmamışdan öncə edərdi.” (Əhməd).
50– İftarı xurma ilə açmaq;
“Kim xurma tapa bilsə qoy orucunu onunla açsın, tapa bilməsə, su ilə açsın, çünki su pakdır.” (Əhməd, Əbu Davud, Tirmizi).
51– İftar duasını oxumaq;
“Zəhəbəz-zəməu, vəbtəllətil-uruq, və səbətəl-əcru inşə Allah.” (Əbu Davud, Dəraqutni, Hakim).
(Susuzluq getdi və damarlar islandı. Allah istəsə, savab yazıldı!)
52– İftar vaxtı dua etmək;
“Oruc tutanın iftar vaxtı etdiyi dua cavabsız qalmır.” (İbn Macə).
53 – Ümumiyyətlə dua etmək;
“Uca Allah buyurur: “Mən qulumun barəmdəki zənni yanındayam, Mənə dua etdikcə onunlayam.” (Buxari və Muslim).
54– Səhur yeməyi;
“Səhur yeməyini yeyin! Həqiqətən, səhurda bərəkət var.” (Buxari və Muslim).
55– Yemək-içməkdən sonra Allaha həmd etmək;
“Yeməkdən sonra və ya içməkdən sonra buna görə Allaha həmd edən bəndədən Allah (həmişə) razı qalır.” (Muslim).
56– Zəkat vermək;
Uca Allah buyurur: “Halbuki onlara, dini məhz Allaha məxsus edərək, həniflər kimi ibadət etmək, namaz qılmaq və zəkat vermək əmr olunmuşdu. Doğru din də elə budur!” (əl-Beyyinə, 5).
57– Fitrə zəkatı;
“Oruc tutanın oruc zamanı danışdığı lağlağı və nalayiq sözlərini təmizlənmək və kasıbları yedizdirmək üçün Peyğəmbər sallalahu aleyhi və sələm (Ramazan bayramında) fitrə zəkatı verməyi əmr etdi. Kim bu zəkatı bayram namazından əvvəl verərsə, fitrə zəkatı kimi qəbul olar. Kim də bayram namazından sonra verərsə, bu adi sədəqə kimi qəbul olar.” (Əbu Davud).
58– Allah yolunda malından xərcləmək;
Uca Allah buyurur: “Qabaqcadan özünüz üçün nə xeyir hazırlasanız, onun əvəzini Allahın yanında tapacaqsanız. Şübhəsiz ki, Allah nə etdiklərinizi görür.” (əl-Bəqərə, 110).
59– Sədəqə vermək;
“Su odu söndürdüyü kimi sədəqə də günahları silir.” (Tirmizi).
60– Kasıbın sədəqəsi;
“Peyğəmbərdən (sallalahu aleyhi və sələm soruşdular): “Ey Allahın elçisi! Hansı sədəqə daha üstündür?” O dedi: “Ehtiyac içində olanın verdiyi sədəqə. Elə isə baxmağın vacib olan kimsələrdən başla.” (Əbu Davud, İbn Xuzeymə və Hakim).
61– Gizli sədəqə;
“Xeyirxah işlər insanı bəlalardan qoruyur, gizli sədəqə Allahın qəzəbini söndürür, qohumluq əlaqələrini birləşdirmək isə ömrü uzadır.” (Təbarani).
62– Sədəqəni yerinə yetirən işçinin fəziləti;
“Özünə əmr ediləni mükəmməl şəkildə – könül xoşluğu ilə yerinə yetirib (sədəqəni) veriləcək adama çatdıran, (başqasının malını) qoruyan etibarlı müsəlman sədəqə verən iki nəfərdən biri hesab olunur (sədəqəni verən adam qədər savab qazanır).” (Buxari və Muslim).
63– Məscid tikmək;
“Kim Allahın Üzünü diləyərək (rızası üçün) bir məscid tiksə, Allah onun üçün Cənnətdə buna bənzər (bir ev) tikər.” (Buxari).
64– Salamı yaymaq və yemək yedirtmək;
“Ey insanlar! Salamı yayın, yemək yedirdin, qohumluq əlaqələrini birləşdirin və insanlar yatarkən namaz qılın ki, sağ-salamat Cənnətə daxil olasınız.” (Tirmizi).
65– Yoldan (insanlara) əziyyət verən şeyi dəf etmək;
“Peyğəmbər sallalahu aleyhi və sələm demişdir: “Yolun üzərindəki ağacı kəsdiyinə görə Cənnətdə gəzən insan gördüm. Çünki o (ağac) insanlara əziyyət verirdi.” (Muslim).
66– Valideynlərin qayğısına qalmaq və onlara itaət etmək;
“Zəlil oldu! Zəlil oldu! Zəlil oldu!” (Səhabələr) dedilər: “Kim, ya Rəsulallah?” O dedi: “Valideynləri, yaxud ikisindən biri qocalanadək onlarla yaşayıb, sonra da (üzlərinə ağ olaraq) Cənnətə daxil olmayan kəs.” (Muslim).
67– Qadının öz ərinə itaət etməsi;
“Qadın beş vaxt namazlarını qılarsa, (ramazan) ayını oruc tutarsa, namusunu qoruyarsa və ərinə itaət edərsə Cənnətin hansı qapısından istəsə daxil olar.” (İbn Hibban).
68– Halal qazanc və öz əlinin əməyi ilə (qazanmaq);
“Peyğəmbərdən sallalahu aleyhi və sələm “hansı qazanc daha gözəldir?” –deyə soruşduqda o dedi: “Kişinin öz zəhməti ilə qazanması və hər bir halal qazanc.” (Hakim).
69– Malından ailə üçün xərcləmək;
“Bir müsəlman əvəzini Allahdan umaraq (malından) ailəsinə bir şey xərcləsə, bu onun üçün sədəqə sayılar.” (Buxari və Muslim).
70– Malından dul qadınlara və kasıblara xərcləmək;
“Dul qadınlara və kasıblara əl tutan kimsə Allah yolunda olan mücahid kimi, habelə, gündüz oruc tutub, gecə namaz qılanlar kimidir.” (Buxari).
71– Yetimə himayədarlıq etmək və ona (malından) xərcləmək;
“Mən və yetimin himayədarı Cənnətdə (bu iki barmaq kimi) olacaq” – deyib peyğəmbər sallalahu aleyhi və sələm şəhadət və orta barmağını göstərdi (birləşdiridi).” (Buxari).
72– Yetimin başını sığallamaq və ona qarşı şəfqətli olmaq;
“Bir kişi peyğəmbərə (sallalahu aleyhi və sələm) daş qəlbli olması barədə şikayət etdikdə peyğəmbər sallalahu aleyhi və sələm ona dedi: “Yetimin başını sığalla və miskinləri yedirt.” (Əhməd).
73– Müsəlman qardaşların ehtiyaclarını ödəmək;
“Peyğəmbər sallalahu aleyhi və sələm barmağı ilə işarə edib dedi: “Sizlərdən birinin öz qardaşı ilə onun ehtiyacını ödəməyə getməsi mənim məscidimdə iki ay etikaf etməsindən daha əfzəldir.” (Hakim).
74 – Müsəlman qardaşları Allah xatirinə ziyarət etmək;
“Peyğəmbər sallalahu aleyhi və sələm Cənnətdə olacaq, siddiq Cənnətdə olacaq, ucqar bir yerdə yaşayan müsəlman qardaşını yalnız Allah xatirinə ziyarət edən müsəlman Cənnətdə olacaq.” (Təbarani).
75– Xəstələri ziyarət etmək;
“Kim xəstə qardaşına baş çəksə, (onun yanından qayıdanadək) Cənnət xürfəsində olar. Peyğəmbərdən (sallalahu aleyhi və sələm) “Ey Allahın elçisi! Cənnət xürfəsi nədir?“ –deyə soruşduqda o dedi: “Cənnətin bir yerə yığılmış meyvələridir.” (Muslim).
76– Qohumlar əlaqələri kəssələr belə onu birləşdirmək;
“Qohumluq əlaqəsi Ərşdən asılıdır və o belə deyir: “Kim məni birləşdirərsə Allah da onu birləşdirər, kim də məni kəsərsə Allah da onu kəsər.” (Buxari və Muslim).
77– Müsəlmanı sevindirmək;
“Kim müsəlman qardaşı ilə qarşılaşdığı zaman onun xoşuna gələcək bir şeylə onu sevindirərsə Allah da Qiyamət günü həmin şəxsi sevindirər.” (Təbarani).
78– Çətin vəziyyətdə olanların işini asanlaşdırmaq;
“Kim çətin vəziyyətdə olan bir şəxsin işini asanlaşdırarsa, Allah da onun işini həm bu dünyada, həm də axirətdə asanlaşdırar.” ( Muslim ).
79– Xidmətçilərin və işçilərin işlərini yüngülləşdirmək;
“Kim öz qulunun işini yüngülləşdirərsə, Allah onu bağışlayar və onu Oddan azad edər.” (İbn Xuzeyma).
80– Zəiflərə qarşı şəfqətli olmaq, onlara rəhm etmək və onlarla mülayim rəftar etmək;
“Rəhm edənlərə Mərhəmətli Allah rəhm edir. Yerdə olanlara rəhm edin ki, göydəki də sizə rəhm etsin.” (Əbu Davud və Tirmizi).
81– İnsanların arasını düzəltmək;
“Sizə namazdan, orucdan və sədəqədən daha fəzilətli bir dərəcə barədə xəbər verimmi?” (Səhabələr): “Bəli!”– deyə cavab verdilər. O dedi: “(Bu,) küsülüləri barışdırmaqdır!” (Əbu Davud və Tirmizi).
82– Gözəl əxlaq;
“Peyğəmbərdən (sallalahu aleyhi və sələm) insanları ən çox Cənnətə salacaq əməl barəsində soruşduqda o demişdir:
“(Bu,) Allah qorxusu və gözəl əxlaqdır.” (Tirmizi).
83– Həyalı olmaq;
“Həya imandandır, iman isə Cənnətdədir. Arsızlıq kobudluqdur, kobudluq isə Cəhənnəmdədir.” (Əhməd, İbn Hibban və Tirmizi).
84– Doğruluq;
“Doğru danışanlardan olun. Çünki doğruluq (adamı) yaxşı işlər görməyə yönəldir. Yaxşı işlər isə (adamı) Cənnətə aparır.” (Buxari və Muslim).
85– Mülayimlik, (insanları) bağışlamaq və qəzəbi boğmaq;
Uca Allah buyurur: “O müttəqilər ki,... qəzəblərini boğur və insanları bağışlayırlar. Allah yaxşı iş görənləri sevir.” (Ali İmran, 134). “Peyğəmbər sallalahu aleyhi və sələm Əşəc Abdulqeysə (r.a) demişdir: “Səndə iki xislət vardır ki, Allah onları sevir. (Bunlar) mülayimlik və təmkinli olmaqdır.” (Muslim).
86– Əl ilə salamlaşmaq;
“Qarşılaşdıqları zaman əl ilə salamlaşan hər iki müsəlmanın günahlarını Allah onlar ayrılana qədər bağışlayır.” (Əbu Davud və Tirmizi).
87– Gülərüz olmaq;
“Yaxşı işləri heç vaxt dəyərsiz hesab etmə, hətta qardaşınla gülərüzlü halda qarşılaşsan belə.” (Muslim).
88– Alış-veriş zamanı üzüyola olmaq;
“Satanda, alanda və haqqını tələb edəndə üzüyola olan kimsəyə Allah mərhəmət etsin!” (Buxari).
89– Gözləri Allahın haram buyurduqlarından çəkmək;
“(Naməhrəmə) baxmaq iblisin zəhərli oxlarından biridir. Kim onu Məndən qorxduğuna görə tərk edərsə, onu, şirinliyini qəlbində tapacağı imanla əvəz edərəm.” (Təbarani).
90– Yaxşı işləri əmr edib, pis işlərdən çəkindirmək;
“Sizlərdən biri münkər (günah) gördükdə onu əli ilə düzəltsin! Ona qadir olmasa, dili ilə düzəltsin! Ona da qadir olmasa, qoy qəlbi ilə (o münkərə) nifrət etsin ki, bu da imanın ən zəif mərtəbəsidir.” (Muslim).
91– Əməlisaleh və xeyirli insanlarla oturub-durmaq.
“Oturub Uca Allahı yad edən hər bir qövmü mələklər əhatəyə edər, onları rəhmət bürüyər, onların üzərinə sükunət nazil olar və Allah onları Öz yanında olanların yanında yad edər.” (Muslim).
92– Dili və cinsiyyət orqanlarını qorumaq;
“Kim mənə iki çənəsi arasındakını və iki budu arasındakını qoruyacağına zəmanət verərsə, mən onun Cənnətə (girəcəyinə) zəmanət verərəm.” (Buxari və Muslim).
93– Peyğəmbərə (sallalahu aleyhi və sələm) salavat;
“Kim mənim üçün bir dəfə salavat gətirsə, Allah bunun sayəsində ona on dəfə salavat gətirər!” (Muslim).
94– Yaxşı işlər görmək və (başqalarını) xeyirxah işlərə yönəltmək;
“Hər bir yaxşılıq sədəqədir. Başqasını xeyirxah işə yönəldən onu etmiş kimidir.” (Buxari və Muslim).
“Başqasını xeyirxah işə yönəldən şəxsə bunu edənin savabı qədər savab yazılar.” (Muslim).
95– Allahın dininə dəvət etmək;
“Kim insanları doğru yola dəvət edərsə həmin şəxsə o yola tabe olanların savabı qədər savab yazılar.Amma bu, o yola tabe olanların savabından heç bir şey əskiltməz.” (Muslim).
96– İnsanların eybini örtmək;
“Kim bu dünyada başqa birisinin eybini örtərsə, Allah da Qiyamət günü onun eybini örtər.” (Muslim).
97– Səbirli olmaq;
“Müsəlmana üz vermiş elə bir yorğunluq, elə bir naxoşluq, elə bir kədər, elə bir üzüntü, elə bir əziyyət, elə bir dərd, hətta (ayağına) batan elə bir tikan yoxdur ki, onun sayəsində Allah (həmin) müsəlmanın günahlarını bağışlamasın.” (Buxari).
98– Məclisin kəffarəsi (Günahların bağışlanılması üçün şəriətin buyurduğu qaydada deyilən söz yaxud verilən sədəqə.);
“Kimin bir məclisdə oturduğu zaman boş sözləri çox olarsa, həmin məclisdən qalxmamışdan öncə: “Subhanəkə Allahummə və bihəmdik, əşhədu ən lə ilahə illə ənt, əstəğfirukə və ətubu ileyk” –deyərsə həmin məclisdə baş verən (xətalarını) Allah bağışlayar.” (Əbu Davud və Tirmizi).
(Allahım! Sən pak və müqəddəssən! Sənə həmd olsun! Mən şahidlik edirəm ki, Səndən başqa məbud yoxdur. Səndən bağışlanma diləyir və Sənə tövbə edirəm!)
99– Günah etdikdən sonra iki rükət namaz qılmaq;
“Günah etdikdən sonra gözəl şəkildə dəstəmaz alıb, üstəlik iki rükət namaz qılıb Allahdan bağışlanma diləyən elə bir bəndə yoxdur ki, onun günahı bağışlanmasın.” (Əbu Davud).
100 – Qız uşaqlarını tərbiyə etmək və onları böyüdüb başa çatdırmaq;
“Kimin üç qızı olsa, onlara qayğı göstərsə, onlara yaxşı baxsa və onlara rəhm etsə, Cənnətə daxil olmaq ona mütləq vacib olar.” (Əhməd).
101– Heyvanlarla gözəl davranmaq;
“Bir kişi bir itin ləhlədiyini, susuzluqdan yaş torpaq yaladığını görüb, su quyusuna düşdü və ayaqqabılarını su ilə doldurdu. Sonra onu ağzı ilə tutub (quyunun divarlarından yapışaraq yuxarı qalxıb) itə su verdi. Allah ona təşəkkür etdi və onu Cənnətə saldı.” (Buxari).
102– İnsanlardan heç bir şey dilənməmək;
“Kim insanlardan heç bir şey dilənməməyə boyun olarsa, onun üçün Cənnəti boyun olaram.” (Əbu Davud, Nəsai, Tirmizi və İbn Macə).
103– Təhlil və təsbih;
“Kim gün ərzində yüz dəfə: “Lə ilahə illəllahu vəhdəhu lə şərikə ləhu, ləhul-mulku və ləhul-həmdu və huvə alə kulli şeyin qədir ” 1- desə, on kölə azad etmiş sayılar, üstəlik ona yüz savab yazılar və onun yüz günahı silinər, (bundan başqa bu dualar) həmin gün axşama qədər onu şeytandan qoruyar və (bu duanı) ondan çox deyən kimsə istisna olmaqla heç kəs onun gətirdiyindən əfzəl başqa bir şey gətirə bilməz.” “Kim gün ərzində yüz dəfə: “Subhanəllahi və bihəmdihi ” 2– desə, günahları dəniz köpüyü qədər olsa belə silinər.” (Buxari və Muslim).
1(Allahdan başqa məbud yoxdur, O təkdir, Onun şəriki yoxdur. Mülk Onundur və həmd Ona məxsusdur və O hər şeyə Qadirdir!)
2 (Allah pak və müqəddəsdir! Allaha həmd olsun!)
104– Davamlı sədəqə;
“Bəndə ölən kimi onun bütün əməlləri kəsilir. Yalnız üç şey istisnadır: davamlı sədəqə, yaxud fayda verən elm, yaxud da onun üçün dua edən əməlisaleh övlad.” (Muslim).
105– Qadınları sədəqə verməyə təşviq etmək;
“(Ey qadınlar,) heç olmasa, zinət əşyalarınızdan sədəqə verin!” (Buxari və Muslim).
106– Qadının öz ərinin malından sədəqə verməsi;
“Qadın (ailə üzvlərinə) ziyan vurmadan evində olan yeməkdən sədəqə versə, verdiyinin savabını qazanar; əri də qazandığının savabını alar; həmçinin xidmətçiyə də bir o qədər savab çatar; birinin savabı digərinin savabından heç bir şey azaltmaz.” (Buxari və Muslim).
107– Verən əl alan əldən daha xeyirlidir;
“Uca əl alçaq əldən daha xeyirlidir. Uca əl (sədəqə) verən əldir; alçaq əl isə dilənən əldir.” (Buxari və Muslim).
108– Alış-verişdə düzgün olmaq;
“Alıcı və satıcı bir-birindən ayrılanadək ixtiyar sahibidirlər. Əgər onlar düz danışar və aydınlıq gətirərlərsə , alış-verişləri bərəkətli olar. Əgər (nəyi isə) gizlədər və yalan danışarlarsa, alışverişlərinin bərəkəti gedər.” (Buxari).
109– Müsəlmanlara yardım etmək;
“Kim bir müsəlmanı bu dünya sıxıntılarının birindən qurtararsa, Allah da onu Qiyamət gününün sıxıntılarının birindən qurtarar.” (Muslim).
110– Müsəlmanlara əziyyət verməmək;
“Peyğəmbərdən sallalahu aleyhi və səlləm “hansı müsəlman daha fəzilətli sayılır?” –deyə soruşdular. O dedi: “Dilindən və əlindən müsəlmanlara zərər dəyməyən (müsəlman).” (Buxari və Muslim).
111– Başqalarına yardım etmək;
"Hər gün bütün fəqərələrə görə sədəqə vardır. Kişini miniyinin üzərinə mindirmək və ya onun yükünü miniyinin üzərinə qaldırmaq sədəqədir.” (Buxari ).
112– Ehtiyaclarını yerinə yetirmək üçün insanlara şəfaətçilik etmək;
“(Ehtiyacı olanlara) kömək edin ki, savab qazanasınız. Allah dilədiyi bir şeyə Öz peyğəmbərinin (sallalallahu aleyhi və səlləm) dili ilə hökm edəcəkdir.” (Buxari).
113– Valideynlərin dostları ilə əlaqə qurmaq və onlarla yaxşı rəftar etmək;
“Həqiqətən də ən gözəl yaxşılıq adamın öz atası ilə dost olmuş insanlarla olan əlaqələrini möhkəmləndirməsidir.” (Muslim).
114– Gözəl söz;
“Heç olmasa, yarım xurma (sədəqə) ilə özünüzü Oddan qoruyun. Bunu tapmasanız, onda gözəl söz danışmaqla (özünüzü Oddan qoruyun).” (Buxari və Muslim).
115– Rəiyyətlə, işçilərlə və bu cür insanlarla mülayim rəftar etmək;
“Allahım! Ümmətimə başçılıq edənlər ümmətimi çətinliyə salarlarsa, Sən də onları çətinliyə sal. Ümmətimə başçılıq edənlər ümmətimlə mülayim rəftar edərlərsə, Sən də onlarla mülayim rəftar et.” (Muslim).
116– Az da olsa belə xeyirxah əməli davamlı yerinə yetirmək;
“Allah üçün ən sevimli əməl, az da olsa belə davamlı yerinə yetirilənidir.” (Muslim).
117– Qonşulara yaxşılıq etmək;
“Kim Allaha və Axirət gününə inanırsa, qonşusuna ehtiram göstərsin.” (Muslim).
118– Qonağa ehtiram göstərmək;
“Müsafiri bir gecə evdə saxlamaq hər bir müsəlmanın üzərinə düşən haqdır. Kiminsə evinin divarı yanında müsafir dayanarsa, ev yiyəsinin borcudur ki, onu (bir gecə) evində qonaq saxlasın. Müsafir istəsə (borcunu) tələb edə bilər, istəsə də tərk edə bilər.” (Əhməd, Əbu Davud və İbn Macə).
119– Valideynlər üçün dua etmək;
“Uca Allah əməlisaleh bəndəsinin Cənnətdə dərəcəsini yüksəltdikdə o belə deyəcək: “Ey Rəbbim! Bu, mənim üçün haradandır?!” Allah buyuracaq: “Övladının sənin üçün etdiyi dua sayəsindədir.” (Əhməd).
120– Müsəlman bəndənin yanında olmayan qardaşı üçün etdiyi dua;
“Elə bir müsəlman bəndə yoxdur ki, yanında olmayan qardaşı üçün dua etdiyi zaman (dua edənin başı üstə təyin olunmuş mələk) “Sənə də onun misli qədər çatsın” –deməsin.” (Muslim).
121– Müsəlmanlar üçün dua edib Allahdan bağışlanma diləmək;
Uca Allah buyurur: “Səhabələrdən sonra gələnlər deyirlər: “Ey Rəbbimiz! Bizi və bizdən əvvəl iman gətirmiş qardaşlarımızı bağışla. Bizim qəlbimizdə iman gətirənlərə qarşı nifrət və həsədə yer vermə. Ey Rəbbimiz! Həqiqətən də, Sən Şəfqətlisən, Rəhmlisən!” (əl-Həşr, 10).
122– Məscidləri təmizləmək;
Uca Allah buyurur: “Evimi təvaf edənlər, namaza duranlar, rüku və səcdə edənlər üçün təmizlə!” (əl-Həcc, 26).
123– Həyat yoldaşına yaxşılıq etmək;
“Sizin ən xeyirliniz ailəsinə qarşı ən xeyirli olandır, mən də öz ailəmə qarşı ən xeyirliyəm.” (İbn Hibban və başqaları).
124– Evlənənlər üçün mehri yüngülləşdirmək;
“Ən xeyirli nikah ən asan olanıdır.” (İbn Hibban).
125– Qadınlara qarşı qısqanc olmaq;
“Səd bin Ubadə belə deyərdi: “Əgər həyat yoldaşımla bir kişinin getdiyini görsəydim qılıncımın iti tərəfi ilə onu vurub öldürərdim.” Bu söz peyğəmbərə (sallallahu aleyhi və səlləm) çatdıqda o dedi: “Sədin bu cür qısqanclığına təəccüb edirsiniz? Bilin ki, mən ondan da qısqancam. Allah isə məndən də qısqancdır.” (Buxari).
126– Kişinin öz ailəsinə elm öyrətməsi;
“Üç sinif insan vardır ki, onlar ikiqat savab qazanır: Kitab əhlindən olub öz peyğəmbərinə iman gətirmiş, sonra da Muhəmmədə (sallallahu aleyhi və səlləm) iman gətirən adam; həm Allahın, həm də öz ağalarının haqqını ödəyən kölə; və bir də o kimsə ki, yaxınlıq etdiyi kənizinə yaxşı tərbiyə vermiş, ona gözəl tərzdə elm öyrətmiş, sonra da (o kənizi) azad edib onunla evlənmişdir. Beləsinə də ikiqat savab vardır.” (Buxari).
127– Zülm etdiklərinin haqqını qaytarmaq və boynunda haqqı qalan şəxslərdən halallıq almaq;
“Qoy birisinə zülm etmiş adam, bu gün, dinar və dirhəmin (fayda verməyəcəyi gün) gəlməmişdən əvvəl ondan halallıq diləsin. Əgər (Qiyamət günü) onun savabı olarsa, etdiyi zülm qədər savabından götürülər (və zülm etdiyi adama verilər); yox əgər savabı olmazsa, onda zülm etdiyi adamın günahlarından götürülüb onun boynuna qoyular.” (Buxari).
128– Pis işin ardından yaxşılıq etmək;
“Harada olursansa ol, Allahdan qorx, pis işin ardınca yaxşı iş gör ki, onu silib aparsın, insanlarla gözəl əxlaqla davran.” (Əhməd və Hakim).
129– Xalaya və dayıya yaxşılıq etmək;
“Xala, ana yerindədir.” (Buxari).
130– Əmanəti qorumaq və verilən vədi yerinə yetirmək;
“Etibar olunmayanın imanı olmaz, vədinin üstündə durmayanın da dini olmaz.” (Əhməd).
131– Kiçiyə rəhmət, böyüyə hörmət;
“Kiçiyimizə rəhm etməyən, böyüyümüzün haqqını tanımayan bizdən deyildir.” (Əhməd və Tirmizi).
132– Müsəlmanlar üçün can yandırmaq, onlarla mərhəmətli davranmaq və onlara diqqət yetirmək;
“Sən möminlərin bir-birilərinə mərhəmət göstərməkdə, bir-birilərini sevməkdə və bir-birilərinə can yandırmaqda bir bədən kimi olduğunu görürsən. Belə ki, (bədənin) bir əzasına xəstəlik üz verdikdə bütün bədən yuxusuzluqdan və qızdırmadan əziyyət çəkir.” (Buxari və Muslim).
133– Dili qorumaq, susmaq və ancaq xeyir söyləmək;
“Kim Allaha və Axirət gününə inanırsa, ya xeyir söyləsin, ya da sussun.” (Buxari).
134– Müsəlmanların namusunu qorumaq;
“Kim müsəlman qardaşının namusunu qoruyarsa, Qiyamət günü Allah onun üzünü Oddan qoruyar.” (Tirmizi).
135– Təmizqəlbli olmaq və nifrəti tərk etmək;
“Hər bazar ertəsi və cümə axşamı günü Cənnətin qapıları açılır və (müsəlman) qardaşına nifrət edən kimsədən başqa Allah Ona şərik qoşmayan hər bir kəsi bağışlayır. (Bir-birinə nifrət edən iki qardaş haqqında isə belə) deyilir: “Bu ikisini aralarındakı münasibətləri düzəldənədək gözləyin. Bu ikisini aralarındakı münasibətləri düzəldənədək gözləyin. Bu ikisini aralarındakı münasibətləri düzəldənədək gözləyin (onların bağışlanmasını təxirə salın).” ( Muslim ).
136– İnsanlar arasında ədalətli hökm vermək;
“Günəşin doğduğu hər gün insanın bütün fəqərələrinə görə sədəqə vardır. İnsanlar arasında ədalətlə hökm vermək sədəqədir.” ( Buxari ).
137– Xeyirxah işlərdə müsəlmanların birbirilərinə kömək etmələri;
Uca Allah buyurur: “Yaxşılıq etməkdə və Allahdan qorxmaqda bir-birinizə yardım edin. Günah işlər görməkdə və düşmənçilik etməkdə bir-birinizə köməkçi olmayın.” (əl-Maidə, 2). Peyğəmbər sallallahu aleyhi və sələm: “Möminlər bir bina kimidirlər, bir-birilərini dəstəkləyirlər”– dedi və barmaqlarını bir-birinə keçirtdi.” (Buxari).
138– Çarəsiz adama kömək etmək;
“Hər bir müsəlman sədəqə verməlidir.” (Əshabələr) soruşdular: “Ey Allahın peyğəmbəri! (Sədəqə verməyə bir şey) tapmasa necə?” (Peyğəmbər r) buyurdu: “Öz əlləri ilə işləyib qazansın və (bu qazancından) həm özü faydalansın, həm də (başqalarına) sədəqə versin.” (Əshabələr) soruşdular: “(Bunu) edə bilməsə necə?” (Peyğəmbər) buyurdu:
“Ehtiyacı olan çarəsiz adama kömək etsin.”
(Əshabələr) soruşdular: “(Bunu da) edə bilməsə necə?” (Peyğəmbər) buyurdu:
“Yaxşı işlər görsün və şər əməllərdən çəkinsin. Həqiqətən də, bu onun üçün sədəqə olar.” (Buxari).
139– Xeyrə çağıranın çağırışına cavab vermək və yardım istəyənin istədiyini vermək;
“Kim Allahın adı ilə sığınacaq istəsə, ona sığınacaq verin. Kim Allahın adı ilə (yardım) istəsə, ona istədiyini verin. Kim sizi dəvət etsə, onun dəvətinə cavab verin. Kim sizə yaxşılıq etsə, ona əvəzini verin.” (Əhməd, Əbu Davud və Nəsai).
140– Yaxşılıq edən adama təşəkkür etmək və ona etdiyi yaxşılığın əvəzini vermək;
“Kimə yaxşılıq edilmişsə, qoy onun əvəzini versin. Əvəz verməyə bir şey tapa bilmirsə, qoy (yaxşılıq edən adamı) tərifləsin. Həmin adamı tərifləsə, ona təşəkkür etmiş olar, elədiyi yaxşılığı gizlətsə, ona nankorluq etmiş olar.” (Buxari “Ədəbul-mufrad” kitabında rəvayət etmişdir).
Muhəmmədə, onun ailəsinə və səhabələrinə Allahın xeyir-duası və salamı olsun!