Ağıl yoxsa Nəql?

Ağıl yoxsa Nəql? - 1

Bunlar, içinə dalmaq və cavab vermək xoşuma gəlməyən məsələlərdəndir. Bunun da, fərqli səbəbləri mövcuddur. Bu mövzuda, təkrar-təkrar mənə (Ğazzaliyə) müraciət edildiyindən, bu tərz məsələlərdə istifadə ediləcək külli bir qanunu, ümumi bir qaydanı bəhs mövzusu edəcəm. Bu xüsusda deyirəm:

Məqul ilə mənqul (ağıl ilə nəql = nass; ayət-hədis) arasında, (bəzi hallarda), ilk baxışda və zahiri görünüş etibarı ilə, bir ziddiyyət halı mövcuddur. İndi belə mövzulara dalanlar, fərqli qruplar meydana gətirmişlərdir:

1. Bəziləri, düşüncəni nəql üzərində toplayaraq, ifrata varmış;

2. Bəziləri, düşüncəni ağıl üzərində toplayaraq, təfritdə qalmış;

3. Bəziləri də, ikisi arasında bir yol izləyərək, ikisini (ağlı və nəqli) birləşdirməyə və münasib hala gətirməyə çalışmışlardır.

Orta yolu (3-cü qrupu) tutanlar da, 3 qrupa ayrılmışlardır:

3.1. Bir qismi məqul/əqli olanı əsas alaraq, mənqul olanı/nassı ona tabe qılmış, nəql üzərində ciddi dayanaraq tədqiqat aparmamışdır;

3.2. Digər bir qismi isə, əksinə, nəqli əsas alıb, ağlı ona tabe qılmış, ağıl üzərində ciddi bir şəkildə araşadırma aparmamışdır;

3.3. Üçüncü bir qism isə, ağılla nəqli, ayrı-ayrı əsas alaraq, ikisinin arasını birləşdirməyə və münasib hala gətirməyə çalışmışdır.

Beləcə, 5 qrup ortaya çıxmışdır.

-----------------------------------

• 1-ci qrup:

Bunlar, düşüncə sahəsini, nəql/nass ilə məhdudlaşdırmış, yolun mənzillərindən ilk mənzildə dayanmış, bir nəql eşitdiklərində, onun zehnə ilk gələn mənası ilə kifayətlənmişlərdir.

Bunlar, əsas etibarı ilə, nasların ifadə etdikləri mənaları, təfsilatlı olaraq təsdiq etmişlərdir. Bunlara, nasların zahirindəki ziddiyyətlər təfsilatlı olaraq açıqlanar və bununla üz-üzə gətirilib təvil etmələri istənildiyində, bundan çəkinər və:

"Şübhə yoxdur ki, Allah, hər şeyə qadirdir."

deyərlər. Məsələn:

"Bir şəxs, şeytanı, bir halda, 2 ayrı yerdə (eyni zamanda) və 2 fərqli şəkildə, necə görə bilər?"

deyə soruşulduğunda:

"Allahın qüdrətinə nəzərən, bunda təəccüb ediləcək bir hal yoxdur."

və bunu söyləməkdən belə çəkinməzlər:

"Müəyyən bir şəxsi, 1 halda (eyni zamanda), 2 ayrı yerdə var etmək, uca Allahın qüdrəti daxilindədir."

------------------------------------

• 2-ci qrup:

Birinci qrupun tam əksinə, (bu qrup), digər tərəfin (ağlın) sonuna qədər getmiş, fikir sahəsini məqul/əqli olanla məhdudlaşdırmış, nəqlə də əhəmiyyət verməmişlərdir. Şəriətlə bağlı bir şey eşitdiklərində, uyğun gördüklərində qəbul etmiş, ağıllarına yatmayan bir şey eşitdiklərində isə:

"Bunlar, peyğəmbərlərin təsvirləridir. (Onların, bəzi həqiqətləri), sıravi insanlara başa salmaları üçün, onların səviyyələrinə enmələri lazım gəlmişdir. Bəzi hallarda, bir şeyi olduğundan başqa cür bəhsə ehtiyac ola bilər."

iddiasındadırlar.

Bunlar, ağıllarına uyğun görmədikləri hər nəqli, bu şəkildə təvil edərlər. Bunlar, küfrə düşəcək qədər, bu xüsusda ifrata varmışlardır. Çünki maslahat/fayda gərəyi, Peyğəmbərin yalan söyləməyini, caiz görmüşlərdir. Peyğəmbərin yalan söyləməyini caiz görənlərin boyunlarının vurulmasının vacib olduğu xüsusunda isə, imamlar arasında ixtilaf yoxdur.

Birinci qrupdakılar, təvil və araşdırmaının təhlükəli nəticələrindən əmin-amanlıqda qalmaq ilə kifayətlənib, cəhalət sahəsində qalmağı tərcih etmiş, bununla tətmin olmuşlardır.

Bundan dolayı, bunların halları, (həqiqətə) daha yaxındır.

Bunlar, içində olduqları dar sahədən:

"Şübhəsiz, Allah hər şeyə qadirdir. Biz, Allahın yaratdıqları şeylərdəki qeyr-i adiliklərin künhünə (özünə) vaqif ola bilmərik."

ifadəsilə, bir çıxış və bir qurtuluş yolu tapırlar.

Halbuki digərləri:

"Peyğəmbər, zikr etdiyi xüsusları, maslahat üçün, bildiyinin əksi olacaq şəkildə zikr etmişdir." deyirlər.

Səlamətlik və təhlükəsizlik cəhətindən, 2 çıxış yolu (düşüncə fərqi), kimsə üçün üstü qapalı deyildir. (Birinci hal, əmin-amanlığa daha yaxındır.)

----------------------------------------

• 3-cü qrup:

Bunlar, məqul/əqli olanı əsas alan (və nəqli, əqlə/ağla tabe qılan)'lardır.

Bu qrup, məqul/əqli olan xüsuslarda, uzun araşdırmalar apardıqları halda, nəqlə olan münasibətləri zəifdir. Bundan dolayı, ilk baxışda ziddiyyət halında gördükləri nasların zahiri mənaları olduğunu qəbul etdilər, lakin müşkülləri həll etmək zəhməti çəkmədilər.

Bununla bərabər, eşitdikləri zahiri mənaları, əqlə müxalif görüb, rədd və inkar etdilər. Ravilərin yalançı olduqlarını söylədilər. Mütəvatir olan Quran və təvili asan olan bəzi hədisləri (yəni təvatür dərəcəsinə çatmış hədisləri), bəhs mövzusu olan haldan (yəni rədd etməkdən) istisna etdilər, (məqul olmayan və əqlə) uzaq düşən təvillərdən çəkinmək üçün, təvili çətin rəvayətləri rədd etdilər. Belə rəvayətləri qəbul mövzusunda təvaqquf etməyi (durmağı), əqlə uzaq düşən təvillərə tərcih etdilər.

Açıqdır ki, bu görüşdə, şəriəti bizə çatdıran siqa (güvənilən) ravilər tərəfindən nəql edilən səhih hədislərin rəddi təhlükəsi vardır.

------------------------------------------

• 4-cü qrup:

Bunlar, nəqli əsas aldılar, bunun üzərində uzun işlər gördülər, yanlarında bir çox zahiri ifadələr və rəvayətlər yığıldı. Əqli olan xüsuslardan da az bir parça almaqla bərabər, bu (əqli olan) sahənin içinə dalmadılar. Nəticədə, məqul/əqli olan xüsusların bir qismində, nəql və zahiri ifadələrdə ziddiyyət olduğunu gördülər.

Lakin əqli sahələrdə dərin bilikləri olmadıqları və bu sahəyə çox girmədikləri üçün, əqlən imkansız olan xüsusları, açıqca görə bilmədilər. Çünki muhal/imkansız olan xüsuslardan bir qismi, incədən-incəyə düşünmək və ard-arda gələn müqəddimələrin təməlləri üzərində uzun-uzadı durmaqla qavranıla bilər.

Üstəlik, buna, başqa bir şey daha əlavə edildi. O da, budur:

İmkansız olduğu məlum olmayan hər şeyin, mümkün olduğuna hökm etdilər, bu 3 qismi isə, göz ardı etdilər:

1. Bəzi şeylərin imkansızlığı, dəlillə bilinir;

2. Digər bir qismin mümkün olduğu da, eyni şəkildə, dəlillə bilinir;

3. Üçüncü qismin imkansız, ya da mümkün olduğu isə, bilinməz.

Bax bu üçüncü qisimdə, onların adəti, bunların imkanına hökm etmək şəklində davam edib gəlmişdir. Səbəb də, bunun imkansızlığını, açıqca görə bilməmiş olmalarıdır. Ancaq bu, bir xətadır. Mümkün olduğu açıqca görülə bilməyən bir şeyin imkansızlığına hökm edilməsi də, eyni şəkildə, xətadır.

Hətta burda, başqa bir qisim daha vardır. Bu qismin imkanı/mümkünlüyü də, imkansızlığı da, isbat edilməmişdir. Bu da:

1. Ya əqlin durduğu nöqtənin fövqüdür. Onu əhatə etmək, bəşəri qüvvətin daxilində deyildir;

2. Və ya xüsusilə fikir sahibindəki əskiklikdir. Bunu bilən biri ilə də, qarşılaşmamış olmasıdır.

~ Birincinin misalı: görmə hissidir.

Görmə hissi ilə, ulduzların cütmü, yoxsa təkmi olduqları idrak edilə bilmədiyi kimi; görülən ulduzların böyüklükləri və nə qədər uzaqda olduqları, idrak edilə bilməz. (Ağlın fövqündəki qeyb də, belədir.)

~ İkincinin misalı: xüsusi mənadakı bilik əksikliyidir.

İnsanlardan bəzilərinin görmə hisləri, ayın mənzillərini, bunlardan 14-ünün istənilən halda açıq, bunun müqabili/qarşılığı olan digər 14-ünün isə, batmaq və doğmaq əsnasında qapalı olduğunu idrak etməyə kifayət etməz.

İnsanlardan bir qisminin görmə hissi ilə mütəxəssislərin (astronomların) bilib digər bəzilərinin bilmədikləri daha başqa nümunələr də, belədir.

Eyni şəkildə, əqli idrakda da, bu cür fərqliliklər görülür.

Bəhsi edilən qrup, əqli mövzularla çox məşğul olmadıqlarından, onlara görə imkansız xüsuslar, çox deyildir. Bu səbəblə də, bir çox təvilin məşəqqətindən çəkindilər. Çünki təvilə ehtiyac olduğunun fərqinə varmadılar. Eynilə, Allahın müəyyən bir cəhətdə olmasının İMKANSIZLIĞINIn fərqinə vara bilməyənlər kimi...Artıq bunlar, fövq (üst) və cəhətə işarət edən şeylərdən heç birinin təvilinə ehtiyac duymazlar.

----------------------------------------

• 5-ci qrup:

Bunlar, əqli olan ilə nəqli olan bəhsləri birləşdirməyə çalışan orta yoldakılardır.

Bunlara görə, ağıl da, nəql də, 2 əhəmiyyətli əsasdır. Bunlar, ağılla şəriət arasında bir ziddiyyətin olduğu iddiasını və həqiqətini, rədd edərlər.

Bunlara görə, təkzib edənlər (əqli yalanlayanlar), şəriəti (nəqli) də təkzib etmiş olurlar. Çünki şəriətin doğruluğu, ağılla bilinmişdir. Əqli dəlilin doğruluğunu qəbul etməsək, Peyğəmbərlə saxta peyğəmbər arasındakı fərqi bilməzdik. Kim doğru danışır, kim yalançıdır, fərqinə vara bilməzdik. Şəriət, ağılla sabit olduğu halda, şəriətə söykənərək ağlın güvənilməzliyini, necə qəbul edə bilərik?!

Haqq üzərə olan qrup, bax bu qrupdur. Bunlar, doğru yoldadırlar, ancaq onlar, bu yüksək pilləkənlərə, məşəqqətlə çıxmışlar, məqsədlərin ən uzaqda olanına göz dikmişlər, yolların ən çətinində yeriməyi, adət etmişlərdir.

And olsun ki, bu yolda yerimək, bəzi xüsuslar etibarı ilə, asan və rahatdır. Ancaq çox vaxt, çətin və zəhmətlidir.

Bəli, ciddi bir şəkildə və uzun bir müddət elmlə məşğul olan, bu mövzuda dərinləşən, əksəriyyətlə etdiyi qəbul edilə bilən təvillərlə, ağıl ilə nəqli birləşdirə bilər. Ancaq geriyə yalnız 2 mövzu qalır:

~ Birincisi: zehnin çətinliklə qəbul edə biləcəyi və qəbul edilmə ehtimalı uzaq olan bir təvil etməyə məcbur qala bilərlər.

~ İkincisi: Necə təvil edəcəyi, zehnində açıqlıq qazanmamış ola bilər. Bəzi surələrin başında yer alan (kəsik) hərflərdə olduğu kimi, müşkillərlə qarşılaşa bilər. Çünki bu mövzuda, nəqllə sabit olan səhih bir məna mövcud deyildir.

Bu 2 xüsusdan sıyrıldığını sananlar:

• ya əqli xüsuslarda əskik olduqlarından, nəzəri imkansızlığı bilmək nöqtəsindən uzaqlaşıb imkansız olmadığını gördükləri şeyi mümkün saymışlar;

• ya da xəbərləri mütaliədəki əskiklikləri səbəbilə, ayrı-ayrı olan xəbərləri, bir araya gətirə bilməmiş və bunların əqlə uyğun olmadığını, görə bilməmişlərdir.

---------------------------------

Bu halda olana, 3 tövsiyyəm vardır:

• 1-ci tövsiyyəm:

Bunların hamısını bilməyə tamah etməsin. Sözü bir nöqtəyə gətirir və deyirəm:

"Bu, tamah edilməməsi lazım gələn bir şeydir."

O kimsə, Haqq Taalanın:

...وَمَآ أُوتِيتُم مِّنَ ٱلْعِلْمِ إِلَّا قَلِيلًا

"...sizə elmdən az bir şey verildi." (İsra/85) ayətini oxusun. Bəhs mövzusu xüsuslar, orta dərəcəli alimlər bir yana, böyük alimlərə belə qapalı qaldığı, qəribsənməməlidir. Hər mövzuda, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in muradının nə olduğunu bildiyini iddia edənin bu iddiası, parlaq zəkasından deyil, düşüncəsindəki əskiklikdən qaynaqlanmaqdadır.

• 2-ci tövsiyyəm:

Əsas etibarı ilə, ağıl dəlilini təkzib etməsin (yalanlamasın). Çünki ağıl, yalan söyləməz. Əgər ağlın yalan söyləsə, bəlkə də şəriəti isbatlamaq mövzusunda da yalan söyləyə bilər. Halbuki biz, şəriəti, onun vasitəsilə bilmişik. Yalançı təzkiyəçinin/(təmizə çıxardanın) təzkiyəsilə (təmizə çıxarması ilə), şahidin doğru söylədiyini, necə bilə bilərik?! Şəriət, təfərrüata şahiddir. Əql/ağıl isə, təzkiyəçidir, şahidi təzkiyə edər.

Əqli təsdiq etməkdən başqa bir yol olmadığına görə:

"Allah, (hər hansı) bir cəhətdə ola bilməz. Onun surətinin də olması, mümkün deyildir."

məsələsində, mənasız mübahisələrə girməyin də, mümkün deyildir.

~ "Əməllər, (tərəzidə) çəkiləcəkdir."

deyildiyində, bilməlisən ki, əməllər araz olduğundan, çəkilə bilməz. O halda, bunun təvil edilməsi, mütləq lazımdır.

~ "Ölüm, qiyamət günü, ala bir qoç şəklində gətiriləcək və boğazlanacaq."

hədisini eşitdiyində, bil ki, bunun təvil edilməsi lazımdır. Çünki ölüm, araz olduğundan, gətirilməsi bəhs mövzusu ola bilməz. Gətirmək, intiqaldır (bir yerdən digər yerə keçməkdir). İntiqal, araz üçün, mümkün deyil.

Araz olan ölümün, ala bir qoç kimi, surəti, şəkli də ola bilməz. Çünki arazlar, cisimlərə çevrilməzlər. Bu halda, ölüm boğazlana bilməz. Çünki boğazlama, boyunu bədəndən ayırmaqdır. Halbuki ölümün, nə boynu var, nə də bədəni. Çünki:

"O, arazdır. Həyatın olmamasıdır." görüşündə olanlara görə də, yoxluqdan ibarətdir. O halda, burda təvilə mütləq ehtiyac vardır.

• 3-cü tövsiyyəm:

Ehtimalların bir-birilə ziddiyyəti halından, təvil surətilə bunlardan birini (dəlilsiz) müəyyənləşdirməkdən çəkinməlidir.

Heç şübhə yoxdur ki, Allah Taalanın və Rəsulunun muradının nə olduğuna zənn və təxmin ilə hökm etmək, təhlükəlidir. Söz söyləyənin, söylədiyi söz ilə nəyi murad etdiyi, ancaq onun açıqlaması ilə bəlli olur. Əgər açıqlama verməmişdirsə, muradının nə olduğu, hardan bəlli olacaqdır? Məgər ki, ehtimallardan hər birini, tək-tək incələsin və biri xaric, digərlərini ələkdən keçirmiş olsun. Beləcə tək ehtimal, dəlillə müəyyənləşdirilmiş olar.

Lakin ehtimal şəkilləri və istifadə yollarının genişliyi, ərəb dilində çoxdur. Bunları tək-tək incələmək uzun vaxt aparacağından, təvildən uzaq durmaq, daha sağlam bir yoldur. Məsələn:

Sənə görə, əməllərin, (tərəzidə) çəkilə bilməyən bir cinsdən olduğu açıqlıq qazansa, hədisdə "əməllərin (tərəzidə) çəkiləcəyi" ifadəsini diqqətə alarsan. Qarşında 2 (açar) kəlimə vardır:

~ vəzn/çəkmək;

~ əməl/iş.

~ Əməl kəliməsinin məcazi mənada istifadə edildiyi, bununla da, əməllərin yazıldığı yer olan dəftərin çəkiləcəyi şəklindəki bir təvil, mümkündür.

~ Lakin "çəkmə" kəliməsinin məcaz olması ehtimalı da vardır. "Çəkmə" kəliməsilə: "əməllərin səmərəsi/meyvəsi, faydası", kinayə yolu ilə bildirilmişdir. Bu da, əməlin miqdarını təyindən ibarətdir. Çünki "çəkmə"nin faydası və məqsədi, budur. "Çəkmə" və "ölçmək", tərifin (izahın), təsbitin (isbatın) bir yoludur.

Bu halda:

"Təvil edilməsi lazım olan, çəkmək deyil, əməldir."

ya da

"Əməl deyil, çəkməkdir."

deyə hökm etməyin, tətminkar bir əqli və ya nəqli bir dəlilə söykənmədən, təxminlə, Allaha və muradına hökm etməyin mənasına gəlir. Təxmin və zənn isə, cəhalətdir.

Əməl və ibadətlərlə bağlı olub, ictihadla idrak edilən məsələlərdə, təxmin və zənn (ilə hökm etməyə), zərurət səbəbilə ruxsat/izn verilmişdir.

Ancaq əməllə münasibəti olmayan, sadəcə etiqadi məsələlərdə, zənnə söykənib hökm vermək cürətində olmaq, necə caiz görülə bilər?!

Təvillər mövzusunda söylənilənlərin əksəriyyəti, təxmin və zəndən ibarətdir. Bu kimi mövzularda, ağıl, ya zənn ilə hökm verər və belə deyər:

"Bu ibarədən, zahiri mənanın murad edilmədiyini bilirəm. Çünki (zahiri mənanın) murad edilməsi, əqli yalanlamaq mənasına gəlir. (Təxmini və zənni olmayan) həqiqi mənaya (yəni Allah və rəsulunun nəyi murad etdiyinə) gəlincə, onu bilmirəm. Zatən bunu bilməyimə, ehtiyac da yoxdur. Çünki bunun, əməllə bir münasibəti yoxdur. Onun həqiqi mənasını kəşf etməyin və qəti olaraq bilməyin yolu da, yoxdur. Bundan dolayı, bu mövzuda, təxmini bir hökm verməyi, doğru görmürəm."

Ağıl sahibi hər kəs üçün, ən doğru, əmin-amanlığa ən uyğun olan və qiyamət günündə səlamət içində olmağa ən yaxın olan, budur. Çünki, qiyamət günü:

"Haqqımızda, zənlə hökm etdin."

deyilməsi və hesaba tutulmağımız, uzaq bir ehtimal deyildir.

Və lakin, bu sual isə, soruşulmaz:

"Bir işin edilməsini əmr etməklə münasibəti olmayan üstü qapalı və anlaşılması çətin olan bir ibarədən, muradımızın nə olduğunu niyə çıxarış edə bilmədin?"

Sənin bu mövzudakı mükəlləfiyyətin, etiqadla bağlı olmaq üzərə, mütləq bir iman və mücməl bir təsdiq idi. Bu da:

"Ona iman etdim, hamısı Rəbbimdəndir." (Al-i İmran/7)

Qiyamət günü belə bir mühasibənin olması, uzaq bir ehtimaldır. Ancaq olarsa, cavabı asandır. Bundan dolayı, istivanın nə olduğu soruşulduğunda, imam Malik:

"İstiva, məlumdur. Keyfiyyətsizdir. Ona iman etmək, vacibdir. Bu haqda soruşmaq isə, bidətdir." demişdir.

(Hüccətü'l-İslam imam əbu Həmid əl-Ğazzali, "əl-Qanunu'l-külli fi't-Tə'vil" (Ayət və hədislərin təvilində, külli bir qanun) risaləsi)

-----------------------------------------------------------------------------

Ağıl yoxsa Nəql? - 2

Ağlın bir şeyi başa düşə bilməməsi, o şeyin butlanına/batil olmasına dəlil deyildir. Çünki bir şeyin butlanı, yoxluğunu və nəfyini (inkarını) qəti bir şəkildə göstərən qəti dəlillərə möhtacdır.

Ağıl:

~ təcrübə; və

~ müşahidələri

əsas aldığı üçün, görmədiyi, bilmədiyi və eşitmədiyi bir şeyin var ola bilməyəcəyinə, dərhal hökm verir və:

"Bu, necə ola bilər?" deyə düşünür.

Halbuki onun təcrübə və müşahidələrində, elə bir şeyə təsadüf etməmiş olması, bizatihi (zatı etibarı ilə), o şeyin yoxluğuna, əqlən də dəlil olmamalıdır. Bu hal, eynilə, Afrikanın dərinliklərində yerləşən meşələrdə müasir texnologiyadan tamamilə xəbərsiz yaşayan bir qəbilənin, televizor, mobil telefon, ya da səsdən sürətli hərəkət edən informasiya vasitələrinin varlığını inkar etməsi kimidir.

Elə isə, peyğəmbərlərin möcüzələri, İsa (əleyhissəlam)'ın ruhu və BƏDƏNİ ilə göyə qaldırıldığı və qiyamətə yaxın təkrar yer üzünə enəcəyi və başqa xüsusları, sırf əqli məlumatlara söykənərək inkar etmək, məqul/əqli deyildir.

--------------------------------------

"Müsəlman ağlı"nın hansı parametrlər yönündə işləməsi gərəkdiyini təsbit etmək üçün çıxdığımız bu yolçuluğun ikinci təməl prinsipi budur:

Varlığı "mümkinat"dan (nə vacib, nə də imkansız) olan bir xüsusun:

~ Vaqe olması mövzusunda səhih bir "nəqli dəlil" varsa, gerçəkləşməsinin qəbul edilməsi;

~ Vaqe olmaması mövzusunda belə bir dəlil mövcud olduğunda da, baş verməməsinin qəbul edilməsi

lazımdır.

Bu əsasın açıqlamasına keçmədən əvvəl, hökmlərin məntiqi olaraq 3 kateqoriyaya ayrıldığından bəhs edək:

1. Vacib (gərəklilik): "2, 4-ün yarısıdır." hökmündə olduğu kimi, ağlın, gərəkliliyinə, qaçılmaz olduğuna hökm etdiyi hallar;

2. Mümtəni (imkansızlıq): "2 = 4" hökmündə olduğu kimi, ağlın, imkansızlığına hökm etdiyi hallar;

3. Mümkin (imkanlılıq): Ağlın, nə "gərəkliliyi"nə, nə də "imkansızlığı"na hökm etdiyi hallar.

Burda bəhs mövzusu olan hal, hər 2 kategoriyaya girməyə də ehtimallıdır ki, bunlardan hansına daxil olduğuna qərar verə bilmək üçün, ağıl, müstəqil və səhih bir nəqli dəlilə ehtiyac duyur.

Yuxarıdakı 1-ci və 2-ci maddələr, bədihi/açıq olan iki xüsusu ifadə etdiyi üçün, üzərində ayrıca dayanmağa ehtiyac yoxdur. 3-cünü isə, belə bir nümunə ilə açıqlaya bilərik:

Bir şəxs, bizə, A ölkəsinin sahəsinin, B ölkəsindən böyük olduğunu söylədiyində, əgər bu mövzuda bizdə daha əvvəldən sağlam bir dəlilə söykənən bir məlumat mövcud deyilsə, ağlımız bunun, "mümkinat"dan olaraq qəbul edəcək. Bir digər ifadə ilə, A ölkəsi, B ölkəsindən böyük ola biləcəyi kimi, kiçik də ola bilər. Hər 2 ehtimal da, "mümkin"dir.

Bu halda, bu söylənilənin doğru olub-olmadığını öyrənməyin 2 yolu vardır:

1. Ya hər iki ölkənin sahəsini -üsuluna görə- bilfiil/feli olaraq ölçmək;

2. Ya da belə bir ölçünü daha əvvəl hesablamış doğru sözlü birinin bu sözünə inanmaq.

Məsələn, reankarnasiyanın baş verə biləcəyini bu cəhətdən "mümkinat" kategoriyasında saya bilərik. Ağıl, bədən öldükdən sonra, ruhun bir başqa bədəndə təkrar dünya həyatına davam etdiyi iddiasını -nəqli bir dəlil olmadan- nə qəbul, nə də rədd edə bilər. Bu halda, nəqli dəlillərə baş vurmaq zərurəti meydana çıxır.

Reenkarnasiya mövzusunda nəqli dəlillərə (Quran və səhih hədislərə) baş vurduğumuzda isə, ruhun yenidən (başqa bədənlərdə) bədənlənməsi görüşünün rədd edilməsi gərəkdiyi nəticəsinə varırıq.

2. "Mustəhil" ilə "Mustəb'ad", bir-birindən fərqlidir.

~ Mustəhil: ağla zidd;

~ Mustəb'ad isə: ağla deyil, sadəcə "adət"ə ziddir.

~ Mustəhilin vaqe olması, əsla mümkün deyilkən;

~ Mustəb'ad'ın vaqe olması, "mümkinat"dandır. Ağıl, bu cür hadisələrin vaqe olmasını imkansız görməz, lakin sadəcə "qərib" və "adət xarici" görər.

Yazının başında zikr etdiyimiz 1-ci prinsip ilə yaxından əlaqəli olan bu maddəyə misal olaraq, Mirac hadisəsini zikr edə bilərik. Məsələn ağıl, işığın saniyədə 300.000 km yol aldığını qəbul etməklə bərabər, Mirac kimi bir hadisəyə şahidlik etmədiyi üçün, ilk etapda bu hadisəni "mustəb'ad" (adətə zidd) görür. Ancaq səhih nəqli dəlillərin varlığı ilə, belə bir hadisənin hədd-i zatında "mümkin" və "vaqe" olduğunu öyrəndiyimizdə, (1-ci maddə xatırlansın), artıq onun vaqe ola biləcəyini qəbul etmə zərurəti doğur.

Bu halda, bizə qərib gələn hər hansı bir xəbər ilə qarşılaşdığımızda edəcəyimiz ilk zehni fəaliyyət, onun "mustəhil"mi yoxsa "mustəb'ad"mı olduğunu müəyyənləşdirmək olmalıdır.

3. Bir şeyin varlığı, hislərlə idrak edilə bilən olmasına bağlı deyildir.

Hər hansı bir şeyin varlığını və vaqe olmasını bilməyin 3 yolu vardır:

~ Müşahidə (hiss);

~ Doğru sözlü və güvənilən bir qaynağın verdiyi xəbər;

~ Əqli istidlal.

İlk 2 maddə açıqdır. Üçüncü maddəyə isə, belə bir nümunə zikr edə bilərik:

Dan yerinin ağardığı vaxt, pəncərədən çölə baxdığımızda, havanın aydınlanmaqda olduğunu görür və -günəşi görmədiyimiz halda- günəşin doğduğuna hökm edirik. Bu, əqli istidlaldır.

4. Sırf nəqli olan bir xüsusun sübutuna, sırf əqli bir dəlil istənilməz.

Varlıqlarını sadəcə tarixdən öyrəndiyimiz şəxsiyyətlər və hadisələr, bu maddəyə nümunə olaraq zikr edilə bilər.

Eynilə bunun kimi, Müqəddəs kitablar vasitəsilə özlərindən xəbərdar olduğumuz:

~ peyğəmbərlərin;

~ mələklərin;

~ cinlərin;

~ qiyamət gününün;

~ öldükdən sonra dirilməyin;

~ hesab, cəza və mükafatın

varlığı da, belədir.

5. "Dəlil" ilə "Nazir/bənzərlik", bir-birindən fərqlidir və iddia sahibinə düşən, "nazir" deyil, "dəlil" göstərməkdir.

Məsələn biri bizə:

"A ölkəsindəki bir festivalda, 10 km. uzunluğunda bir sendviç düzəldilmişdir."

dediyi vaxt,

"Heç görülmüş, eşidilmiş şeydirmi ki, 10 km. uzunluğunda sendviç olsun?"

şəklində qarşılıq verərək, "Nazir/bənzər" bir hadisə zikr etməsi istənilməz. Əgər belə bir şeyin vaqe olmasını qəribsəmiş isək, onu nəql edəndən dəlil istəyərik.

Dolayısı ilə, "axirətdə insanın əlləri, ayaqları danışacaq və etdiyi işləri xəbər verəcək"

deyildiyi vaxt, buna ediləcək etiraz, daha əvvəl belə bir hadisənin baş verib-vermədiyini soruşmaq deyil, dəlil istəməkdir. Bu halda məsələ, 5-ci maddədə zikr edilən qaydaya rücu edəcəkdir/qayıdacaqdır.

"İslami ağıl"ın işləyiş prinsipləri ilə bağlı bu yazını, praktikaya nisbətlə daha qalib görünən bu son prinsipi zikr edərək tamamlayırıq:

6. Bir mövzudakı əqli və nəqli dəlillər zidd düşdüyündə, bu 4 ehtimaldan biri bəhs mövzusudur:

~ Həm əqli, həm də nəqli dəlil qətidir;

~ Hər 2 dəlil də zənnidir;

~ Nəqli dəlil qəti, əqli dəlil zənnidir;

~ Nəqli dəlil zənni, əqli dəlil qətidir. (Haşiyə)

• Bu ehtimallardan birincisinin baş verməsi, mümkün DEYİLDİR. Çünki hər ikisi də qəti olan dəlillərin, birini tərcih etmədikcə, digəriylə əməl etmək mümkün olmayacaq tərzdə təaruzu/ziddiyyəti, əqlən mümkün DEYİLDİR.

• İkinci ehtimal bəhs mövzusu olduğunda, hər 2 dəlil də zənni olduğundan, müsəlman ağlı, nəqli dəlili, əqli dəlilə tərcih edər.

• Üçüncü ehtimal qarşısında izləyəcəyimiz yol, açıqdır. Çünki ikinci ehtimalda tərcih edəcəyimiz "nəqli dəlil" olduğuna görə, üçüncü ehtimalda bu yol, əvləviyyətlə izlənəcəkdir.

• Dördüncü ehtimala gəlincə, əqli dəlilin nəqli dəlilə tərcih ediləcəyi yeganə ehtimal, budur. Ancaq burda da, (zənni olan) nəqli dəlil, tamamilə tərk edilməz; qəti əqli dəlil ilə zidd düşməyəcək məqbul bir tərzdə təvil edilər.

Burda diqqət edilməsi lazım olan nöqtə, budur:

"Əqli dəlil" ifadəsilə zikr etdiyimiz dəlil, "vəhmi" və ya "xəyali" olmamalı; bədihi/açıq dediyimiz, qəbulu zəruri olan bir həqiqəti ifadə etməlidir.

Burda sadəcə "qəti əqli dəlil"in deyil, "zənni əqli dəlil"in də, bir vəhm və xəyaldan qaynaqlanmadığından da əmin olunmalıdır.

Dördüncü ehtimal üçün, bu nümunəni zikr edə bilərik:

Quran, Zülqərneyn qissəsini zikr edərkən:

حَتَّىٰٓ إِذَا بَلَغَ مَغْرِبَ ٱلشَّمْسِ وَجَدَهَا تَغْرُبُ فِى عَيْنٍ حَمِئَةٍ...

"Nəhayət, günəşin batdığı yerə gəlib çatdıqda onu (günəşi) qara palçıqlı bir çeşmədə batan gördü..." (Kəhf/86)

deyir. Halbuki günəşin dünyaya hər hansı bir şəkildə təmas etmədiyi, açıqdır.

Bu halda, bu ayəti, zahiri üzərə almayıb təvil edər və belə deyərik:

Zülqərneyn, qərb istiqamətində ilərləyib, palçıqlı bir əraziyə gəldiyi vaxt, axşam vaxtı günəşi, sanki o qaranlıq palçığın içində batmış kimi gördü.

Necə ki, böyük dənizlərdə də axşam olarkən, günəşi sanki dənizin içində batmış kimi görürük.

Xülasə, "ağıl ilə nəql, təaruz etdiyində, hansı tərcih edilər?" tərzində qarşılaşdığımız bu sualın, tək cavabı olmadığı, açıqdır...

--------------------------------------

(Haşiyə:

Qəti və zənni dəlillər üzərinə:

Bizi, çatmaq istədiyimiz nəticəyə götürən rəhbər, hüccət və qaynağa, "dəlil" deyilir.

Bir fiqh termini olaraq, "dəlil": "şəri hökm əldə etmək üçün baş vurulan qaynaq" mənasına gəlir.

Dəlillər, qəti və zənni olmaq üzərə, ikiyə ayrılır. Sabit olması və mənaya dəlalət etməsi açıq və qəti olan dəlilə: "qəti dəlil" deyilir.

~ Qurandakı dəlaləti açıq olan ayətlərlə;

~ Mütəvatir və ya məşhur hədislər; və

~ İcma dəlilləri,

qətilik ifadə edirlər.

Qiyas isə, öz başına bir dəlil olmayıb, o, Kitab, sünnət və ya icmaya söykənən bir "əsl"ə möhtacdır. Başqa bir sözlə, qiyas, sadəcə hökmü meydana çıxarar, yoxsa yeni bir hökm ortaya qoymaz. Məsələn:

يَـٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُوٓا۟ إِذَا نُودِىَ لِلصَّلَوٰةِ مِن يَوْمِ ٱلْجُمُعَةِ فَٱسْعَوْا۟ إِلَىٰ ذِكْرِ ٱللَّهِ وَذَرُوا۟ ٱلْبَيْعَ ۚ ذَ‌ٰلِكُمْ خَيْرٌ لَّكُمْ إِن كُنتُمْ تَعْلَمُونَ

"Ey iman gətirənlər! Cümə günü namaza çağırılanda Allahı yad etməyə tələsin və ticarəti dayandırın. Bilsəniz, bu sizin üçün nə qədər xeyirlidir!" (Cümə/9)

ayətindən, əksər fəqihlər, cümə namazı vaxtı ticarətin/alış-verişin məkruh olduğu mənasını çıxarmışlardır. Bu qadağanın illəti isə, bu vaxtdakı alış-verişin, namazdan uzaq qoymasıdır. Elə isə, namazdan uzaq tutan digər işlərlə məşğuliyyət (yəni ticarətdən başqa işlər) də, qiyas yolu ilə eyni hökmə tabe olur.

Qəti bilik ifadə edən mütəvatir sünnətin hökmü, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'ə nisbətinin qəti olaraq sabit olmasıdır. Buna görə, mütəvatir sünnətlə əməl etmək fərz olub, bunu inkar edən, dindən çıxar. Bunların mənaya dəlaləti ehtimallı olmadıqca, ifadə etdikləri məna ilə əməl edilir.

Məşhur sünnət də, qətiyə yaxın bir bilik ifadə edir. Mütəvatir sünnət kimi, bununla da, Quranın amm (ümumi) ifadələri təxsis, mütləq ifadələri isə, təqyid edilə bilər (məhdudlaşdırıla bilər).

Əhəd sünnət isə, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'dən rəvayət edən ravilərin, gərək daha sonrakı ravilərin sayı, təvatür sayının altında olan sünnətdir. Sünnətin böyük əksəriyyəti, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'dən əhəd yolu ilə nəql edilmişdir. Bu səbəbdən, etiqadi mövzularda əhəd xəbərə istinad edilməz. Ancaq məzhəb imamlarının müəyyənləşdirdiyi özəllikləri öz üzərində daşıyan əhəd xəbərlər, əmələ aid mövzularda dəlil təşkil edir və bunlarla əməl edilir.

Beləcə, həm sübut və həm də dəlalət cəhətindən, qəti naslara (ayət-hədis) söykənən namaz, oruc, həcc və zəkatın fərz olması; və zina, oğurluq, adam öldürmək və şərab içməyin haramlığı kimi hökmlər üzərində tərəddüd olmaz və bunlarda ictihada, gərək də yoxdur.

Qəti dəlillərdən olmayan əhəd sünnət, maslahat, istihsan, örf, adət və keçmiş şəriətlər kimi zənni dəlillər isə, müctəhidlərin geniş olaraq ictihad etdikləri sahəni təşkil edirlər. Bunları, bu şəkildə sıralaya bilərik:

1. Həm sübut, həm də dəlalət cəhətindən zənni dəlillərə söykənən hökmlər, ictihada açıqdır. Müctəhid, əhəd xəbərdən ibarət olan belə bir hədisi, bir ölçüyə tabe tutar. Şərtlərini daşıyan əhəd xəbərlərlə əməl edər, əks halda, məsələni ictihadla həll edər. Əbu Hənifənin tək qalan ravidə bu 2 şərti axtardığını bilirik:

a. Ravi, fəqih olmalı;

b. Nəql etdiyi hədislə, özü əməl etməlidir.

Bu səbəblə, əbu Hənifə, əbu Hureyrə (radiyallahu anh)'dan nəql etdiyi:

"İt, birinizin qabına ağzını salarsa, biri təmiz torpaq olmaqla, 7 dəfə yusun." (Buxari, Vudu/33)

hədisini qəbul etməz.

İmam Malik isə, eyni hədisləri, Mədinə əhlinin əməlinə uyğunluq cəhətindən ələ almışdır.

2. Sabit olması qəti, lakin mənaya dəlaləti zənni bir nassa söykənən hökmlər də, "zənni dəlil" özəlliyyindədirlər. Bu növ dəlili, ləfzi birdən çox mənaya ehtimal verən Quran və mütəvatir sünnət naslarında görürük. Burda ictihad, yalnız dəlalət yönündə olur. İki, üç mənadan birini tərcih etmək kimi.

3. Haqqında nass və ya icma olmayan və dinin qaçılmaz təməl hökmləri arasında yer alması lazım gələn əsaslar. Qiyas, maslahat, örf və istishab kimi metodlara baş vuraraq, gündəlik qarşılaşılan problemlər həll edilir.

Müctəhidin zənni dəlillərə istinad edərək çatdığı nəticə, özünün qalib zənninə görə, uca Allahın o məsələdəki hökmüdür.

Eyni mövzuda, başqa bir müctəhid, yenə qalib zənninə söykənərək, fərqli nəticəyə çatmış ola bilər.

Müctəhid vardığı nəticədə doğruya isabət etmişsə 2 əcr, isabət edə bilməmişdirsə, 1 əcr alar.

Read 19 times
In order to make a comment, please login or register