'Allahım! Məni miskin olaraq yaşat, miskin olaraq öldür və Məni, miskinlər zümrəsi içində dirilt." hədisi necə başa düşülməlidir?

Əbu Səid əl-Xudri (radiyallahu anh)'dan belə rəvayət edilir:

"Miskinləri sevin. Çünki mən, Allah rəsulu (sallallahu aleyhi və səlləm)'i, duasında belə deyərkən eşitdim:

'Allahım! Məni miskin olaraq yaşat, miskin olaraq öldür və Məni, miskinlər zümrəsi içində dirilt."

Not:

Heysəmi, "Məcmau'z-Zəvaid" də belə deyir:

"Ravi, əbu'l-Mübarək künyəli şəxsin adı bilinmir və özü də tanınmır. Ravi, Yezid b. Sinan da zəifdir. Lakin Hakim, bu hədisi zəif saymışdır."

İbn Macə, Sünən tərcümə və şərhi, Kitabü'z-Zühd (Zühd kitabı): "Kasıblarla bərabər oturmaq" babı, hədis no: 4126

---------------

İzahı:

Bu hədisin bir bənzərini, Tirmizi, "Zühd" babında, Ənəs (radiyallahu anj)'dan rəvayət etmişdir. 

İmam Beyhaqi də, yenə bu hədisin bir bənzərini Ubadə b. Samit (radiyallahu anh)'dan rəvayət etmişdir.

Hədisdə keçən miskin kəliməsi, "kasıb" mənasına gəldiyi kimi, mütəvazi, alçaq könüllü mənasına da gəlir. 

Allah rəsulu (sallallahu aleyhi və səlləm)'in hansı mənanı qəsd etdiyi yolunda, elm adamları fərqli görüşlər bəyan etmişlərdir.

• İmam Beyhaqi (rahiməhullah) belə deyir:

"Allah rəsulu (sallallahu aleyhi və səlləm)'in vəfat etdiyi zamandakı maddi vəziyyəti, Onun "miskin" kəliməsi ilə "kasıblıq" və "məişət sıxıntısı" mənasını qəsd etmədiyinə dəlalət edər. Çünki O, vəfat etdiyi vaxtda, Allahın verdiyi kifayət qədər ruzi ilə yaşayırdı. 

Bu etibarla, "miskin" kəliməsi ilə qəsd etdiyi məna, təvazö və alçaq könüllülükdür. 

Mənə elə gəlir ki, Allah rəsulu (sallallahu aleyhi və səlləm), kibirli insanlardan olmaması və imkanları ilə qürurlanan varlılar içində dirildilməməsi üçün dua etmiş, Allaha yalvarmışdır."

• əl-Qaysi də, belə demişdir:

"Miskin və məskənət, "sükun" kökündən alınmadır. Sükun isə, huşu və təvazö, yəni Allah qorxusu və alçaq könüllülük deməkdir."

• Qadı Tacəddin əs-Subqi (rahmətullahi aleyh), "ət-Təvşih" əsərində belə deyir:

"Mən, alim və imam olan atamdan (Taqiyuddin əs-Subqi'dən) bunu eşitdim:

Allah rəsulu (sallallahu aleyhi və səlləm), mal varlığı cəhətindən kasıb deyildi və halı da, bir kasıb halı deyildi. O, Allahın köməyilə qəlbən zəngin olduğu kimi, Özünün və ailə və uşaqlarının nəfəqəsini də, Allah ehsan edirdi. Onun:

'Allahım, məni miskin olaraq yaşat!' 

duası ilə məqsədi, qəlbin sükuna qovuşması idi, kasıblığın bir növü olan miskinlik deyildi."

Tacəddin əs-Subqi, atasının bu sözlərini nəql etdikdən sonra belə deyir:

"...və atam da, bu duanı başqa şəkillərdə açıqlayanlara qarşı çıxardı..."

• İmam əbu'l-Həsən əs-Sindi (əl-Hənəfi) də, yuxarıda verilən izahın bir bənzərini nəql etdikdən sonra, belə deyir:

"əl-Hafiz ibn Həcər deyir ki:

İbnu'l-Cevzi, bu hədisi mövzu (uydurma) hədislər arasına almaqla çox iləri getmişdir. Mənə elə gəlir ki, onun belə hərəkət etməsinə səbəb, bu hədisi, Allah rəsulu (sallallahu aleyhi və səlləm)'in vəfatı vaxtındakı maddi vəziyyətinə zidd görmüş olmasıdır. 

Çünki Allah rəsulu (sallallahu aleyhi və səlləm), vəfatı vaxtında, normal nəfəqəsini qarşılayacaq qədər mal sahibi idi."

İbn Həcər daha sonra, hədisin izahı ilə bağlı Beyhaqi'nin yuxarıdakı keçən sözlərini nəql etmişdir.

İmam Sindi daha sonra belə deyir:

"Mən isə, deyirəm ki, Allah rəsulu (sallallahu aleyhi və səlləm)'in yaşayışına dair Buxari, Tirmizi və müəllifimiz ibn Macə tərəfindən rəvayət edilən hədislər, bu hədisin zahiri mənasına açıqlanmasının, uzaq bir ehtimal olmadığına dəlalət edər.

Hədisin ravisi olan əbu Səid əl-Xudri (radiyallahu anh), bunu zahiri mənasında açıqlamış ikən, bu, necə uzaq bir ehtimal ola bilər ki?! 

Hədisin zahiri mənasının, Allah rəsulu (sallallahu aleyhi və səlləm)'in vəfatı vaxtındakı yaşayışına zidd olduğuna dair söz də, çox təəccübləniləcək bir haldır. 

Çünki səhih hədislə sabit olduğu kimi, O, vəfat etdiyi zaman, zirehli bir libası, ailə fərdlərinin nəfəqəsi üçün, bir yəhudinin yanında girov idi. 

Ən doğrusunu Allah bilir..."

Yuxarıda verilən məlumata, bunu da əlavə etməkdə fayda vardır:

Müəllifimiz ibn Macə'nin bu hədisi bu babda (Kasıblarla bərabər oturmaq babında) rəvayət etməsindən, özünün də "miskin" kəliməsini, "kasıb" mənasında açıqladığı nəticəsi çıxarıla bilər. 

Bilindiyi kimi, hədisi rəvayət edən səhabə, əbu Səid əl-Xudri (radiyallahu anh), hədisin girişində:

"Miskinləri sevin. Çünki..." demişdir. 

Bu ifadə tərzi, özünün də "miskin" kəliməsini, zahiri mənasında açıqladığını göstərir.

Tirmizi'nin "Zühd" babında, Ənəs (radiyallahu anh)'dan rəvayət etdiyi buna bənzər hədisin izahı bölməsində, "Tuhfətu'l-Əhvəzi bi şərh-i Camii't-Tirmizi" müəllifi Mübarəkfuri, aşağıdakı sual və cavabı qeyd edir:

"Sual:

Bu hədisdə, Allah rəsulu (sallallahu aleyhi və səlləm), miskin olaraq yaşamağı, miskin olaraq ölməyi və miskinlər zümrəsində dirilməyi Allahdan istəmiş, bunun üçün dua etmişdir.

Aişə (radiyallahu anha)'dan rəvayət edilən bir hədisdə isə, Allah rəsulu (sallallahu aleyhi və səlləm), kasıblıqdan Allaha sığınmışdır.

Bu 2 hədis arasında görülən ziddiyyət necə ortadan qaldırıla bilər?

Cavab:

Bu suala cavab olaraq, əl-Hafiz, "ət-Təlhis" əsərində belə deyir:

'Allah rəsulu (sallallahu aleyhi və səlləm)'in xoşlanmadığı və ondan Allaha sığındığı kasıblıq, qəlb kasıblığıdır. Arzuladığı və dilədiyi kasıblıq isə, dünyalığı atmaqdır.'

İbn Abdi'l-Bərr isə, belə demişdir:

"Allah rəsulu (sallallahu aleyhi və səlləm)'in xoşlanmadığı və Allaha sığındığı kasıblıq, məişət sıxıntısına, yetəcək qədər nəfəqə tapa bilməməyə yol açacaq və qəlb zənginliyini kölgələyici kasıblıqdır. Çünki Onun qatında, həqiqi zənginlik, qəlb zənginliyidir. Allah Taala ona xitabən:

 وَوَجَدَكَ عَآئِلًا فَأَغْنَى

"Kasıb olduğun zaman səni varlandırmadımı?" (Duha/8)

buyurmuşdur.

Onun zənginliyi, özünün və ailə fərdlərinin bir illik nəfəqəsindən artıq deyildi. Əsl zənginliyi də, Rəbbinə güvənərək, bəslədiyi qəlb zənginliyi idi. 

Digər tərəfdən də, O, Allahdan qafil olmağa səbəb olacaq kasıblıqdan və azdıracaq zənginlikdən xoşlanmayaraq, Allaha sığınmışdır. 

Bundan çıxan nəticə budur ki, gərək zənginliyin və gərəksə kasıblığın pislənən tərəfləri vardır.

Bu etibarla, hədislər, ancaq bu şəkil izahlar verməklə bütünləşmiş və aralarında görülən ziddiyyətin zahiri olub əsasda olmadığı anlaşılmış olar."

-------------------

Hədisin sənədi:

Hədisin tərcüməsinin altında, "Məcma'u-Zəvaid"dən verilən nəqldə bildirildiyi kimi, ravi əbu'l-Mübarək'in tanınmadığı və Yezid b. Sinan'ın zəifliyi səbəbilə, sənədin zəifliyi söylənilmişdir. 

Əbu'l-Fərəc ibn Cevzi də, hədisin mövzu (uydurma) olduğunu söyləmişdir.

İmam əbu'l-Həsən əs-Sindi'nin nəqlən bəyanına görə, imam Suyuti belə deyir:

"Əl-Hafiz Səlahuddin b. Ala demişdir ki:

Bu hədisin sənədi zəif isə də, mövzuluğuna hökm edilə bilməz. Ravi əbu'l-Mübarək'in məchul, yəni tanınmaz olduğunu Tirmizi söyləmiş isə də, ibn Hibban (rahiməhullah), onun tanınmış ravi olduğunu söyləmiş və siqa (güvənilən) ravilər arasında zikr etmişdir.

Ravi Yezid b. Sinan'a gəlincə isə, ibn Muin onun bir şey olmadığını söyləmiş, lakin əbu Xatəm, onun dürüst bir kimsə olduğunu, ancaq rəvayətinin dəlil sayıla bilməyəcəyini söyləmişdir.

Sənədin qalan raviləri isə, məşhur kimsələrdir. 

Əl-Ala:

'Bu hədis, sənədlərinin bütünü ilə, səhih hədis dərəcəsinə çatar.' demişdir.

Əl-Hafiz ibn Həcər də:

'Tirmizi bu hədisi həsən saymışdır. Çünki hədisi təyid edən (dəstəkləyən) mahiyyətdə başqa hədis vardır."

Zərkəşi də:

"ibnu'l-Cevzi, bu hədisin mövzu olduğuna hökm etməklə, pis bir iş tutmuşdur. Çünki Hakim, bu hədisi başqa bir sənədlə, Ata kanalı ilə əbu Səid əl-Xudri (radiyallahu anh)'dan rəvayət edərək, səhih olduğunu söyləmişdir. 

Zəhəbi də, "ət-Təxlis" də, Hakim'in hədisin səhihliyini təyid etmişdir. Beyhaqi, eyni sənədlə rəvayət etmişdir. Ayrıca Tirmizi'nin Ənəs (radiyallahu anh)'dan rəvayət etdiyi bir hədis ilə Taberani və Beyhaqi'nin Ubadə b. Samit (radiyallahu anh)'dan rəvayət etdikləri bir hədis, bu hədisin şahidi mövqeyindədir (yəni mətnləri eynidir). Hədisi təyid edən başqa hədis də vardır."

Sindi'nin imam Suyuti'dən nəqlən verdiyi məlumat burda bitdi.

Read 9 times
In order to make a comment, please login or register