Allahın iradə sifəti
Dördüncü sifət: İradə
Allah Taala'nın, Öz fellərinin muridi (iradə edəni) olduğunu iddia edirik!
Bunun dəlili, Ondan meydana gələn felin, ancaq bir mürəccih (tərcih edici) sayəsində bir-birindən ayırd edilə bilən imkan (növlərinə) ayrılmasıdır. (haşiyə)
---------------------
(Haşiyə:
Yəni: məsələn, bir alma, meydana gəldiyində, bir çox mümkün rəngə sahib ola bilərdi; bir çox mümkün zamandan birində var ola bilərdi və s. Ancaq, almanın hər bir xüsusiyyəti üçün, müəyyən 1-i vardır.
İmamın qəsdi budur ki, hər bir fel, imkan, mümkünlük cəhətindən əhatə edilmişdir.)
------------------------
Onun Zatı isə, bu tərcih üçün kifayət etmir. Çünki, Zatın, 2 zidd şeyə nisbəti, eynidir. Bu halda, 2 ziddən 1-ini olmağa təxsis edən (xas qılan), nədir?
Qüdrət (sifəti) də, belədir. O da, tərcih üçün kifayət etmir. Çünki, qüdrətin də 2 zidd şeyə nisbəti, eynidir.
Ka'bi (əl-mötəzili) isə, iradə sifəti yerinə, elm sifətilə kifayətlənmişdir. (Halbuki), elm, məluma tabedir. Elm, məluma təsir etməz və onu dəyişdirməz. Əsasən, əgər bir şey mümkün olar və qarşısında olan digər mümkünə bərabər olarsa, elm, ona, olduğu şəkildə təəlluq edər (yəni, əlaqəli olar, yönələr) və (bu), 2 mümkündən 1-inin digərinə tərcihini gərəkdirməz.
Allah Taala, meydana gəldiyi vaxtda, aləmin varlığının mümkün olduğunu; və bu (meydana gəldiyi) vaxtdan əvvəl və sonra isə, onun varlığının imkan cəhətindən eyni olduğunu bilməkdədir. Çünki, bütün bu imkanlar, bir-birinə bərabərdir. Elmin xüsusiyyəti, bütün bu mümkünlərə, onların olduqları hal üzərə yönəlməsidir.
İradə sifəti, aləmin müəyyən bir vaxtda meydana gəlməsini iqtiza etdiyində (gərəkdirdiyində), elm, aləmin o müəyyən zamanda meydana gəlməsinə təəllüq edər (əlaqəli olar, ona yönələr). Bu halda, iradə, (aləmin müəyyən bir vaxtda meydana gəlməsinin) səbəbi olarkən; elm də, iradəyə tabe olaraq aləmə təəllüq edər; ancaq ona, hər hansı bir təsir etməz.
Əgər iradəyə ehtiyac duymadan, sadəcə elm sifətilə kifayətlənmək mümkün olsaydı; eyni şəkildə qüdrətə də ehtiyac duyulmadan elmlə kifayətlənilə bilərdi. Bu halda, fellərimizin meydana gəlməsində, elm də kifayət edərdi və iradəyə ehtiyac duymazdıq. Beləcə, Allah Taala'nın elminin təəllüqü ilə, 2 yöndən 1-i tərcih edilərdi ki, bu da, imkansızdır.
Əgər deyilərsə ki:
~ "Bu (görüş), iradənin özü haqqında, sizin əleyhinizə qayıdır. Çünki, qədim olan qüdrət, 2 ziddən 1-inə uyğun olmadığı kimi; qədim olan iradə də, 2 ziddən 1-ini təyin edə bilməz. Onun, 2 ziddən 1-ini təyin etməsi üçün, bir muxassis (təxsis edici, xas qılıcı)'ya ehtiyac vardır. Bu hal, sonsuza qədər davam edib gedər. Çünki, Zatın, hudus (yaratma) üçün kifayət etmədiyi deyilməkdədir. Belə ki, bir şey, (bir başa) Zat'dan meydana gəlsəydi, (o şey), Zat ilə bərabər olardı və ondan sonra meydana gəlməzdi. Bunun üçün də, qüdrət sifətinin var olması lazımdır. Qüdrət də, tək başına buna kifayət etmir. Çünki, sadəcə qüdrətlə meydana gəlsəydi, qüdrətin, ona (yəni, 2 zidd şeyə), eyni şəkildə yönəlməsinin imkanına (mümkün olmasına) nisbətlə, bu vaxta, onun əvvəlinə və sonrasına təxsis oluna bilməzdi. O halda, bu vaxtı təxsis edən, nədir? Bu halda, iradə sifətinə ehtiyac duyulur."
~ "İradə sifətinin də, (tək başına, varlığın meydana gəlməsi üçün) kifayət etmədiyi deyilə bilər. Çünki, qədim olan iradə sifətinin (varlıqlara) təəllüqü, qüdrət sifətində olduğu kimi ümumidir. Onun, vaxtlara və 2 zidd olan şeyə olan nisbəti də, eynidir. Məsələn, (iradənin yönəlməsi nəticəsində), sükun (hərəkətsizlik) yerinə hərəkət meydana gəlsəydi, (bunun səbəbi), iradənin, sükuna deyil; hərəkətə təllüq etməsi olardı."
~ "İradənin sükuna yönəlməsi, mümkünmüdür?' deyilə bilərsə də; bu suala 'xeyr' cavabını vermək, imkansızdır. 'Bəli' deyildiyində isə, hər ikisinin, yəni hərəkət və sükunun, qədim olan iradə ilə irtibatları, eyni olur. Bu halda, qədim iradənin sükuna deyil; hərəkətə təxsis olunmasını iqtiza edən şey, nədir? Bunun üçün də bir muxassis (təxsis edici)'yə ehtiyac vardır. Ardından, bu muxassis'in də muxassis'ini sual etmək lazım gələcəyindən, iş, sonsuza qədər uzanıb gedər." (haşiyə)
----------------------------
(Haşiyə:
Yəni, burda sual budur ki:
Çünki, biz Əhl-i Sünnət dedik ki, Zat, elm və qüdrət sifətləri, bir şeyin var olması üçün kifayət etmir. İndi isə, qarşı tərəf, eyni ilzamı, bizim əleyhimizə gətirməkdədir. Yəni, müxalifimizin bu sualla qəsdi, budur:
Allahın iradə sifəti də, ümumidir. Hər şeyə (yəni, qarşısındakı 2 zidd şeyə) təəllüq edə bilər. Yəni, bütün mümkünlərə, -elm və qüdrət sifətlərində olduğu kimi- eyni nisbətdədir. Elə isə, iradə 1 şeyə təəllüq etdisə, nə üçün digər mümkünlərə yox, buna təəllüq etdi? Bunun üçün də, başqa bir iradə lazım gəlmirmi? Yəni, iradənin də 1 şeyə təəllüq etməsi üçün, 1 təxsis yenə lazımdır. Bu halda, ya deyəcəyik ki, digərlərinə iradə təəllüq etmir; ya da, bu görüş, bizi, təsəlsülə aparacaq.)
------------------------------
Deyirik:
Bax bu sual, bütün məzhəb mənsublarının ağıllarını heyrətə salmışdır. Bu xüsusda, sadəcə Əhl-i Sünnət haqqa müvəffəq olmuşdur.
Bu xüsusda, insanlar, 4 qrupa ayrılırlar. Bunlardan:
1. Bəziləri: "Aləm, Allahın Zatı tərəfindən yaradılmışdır. Bu Zatın, zaid (əlavə) heç bir sifəti yoxdur. Bu Zat, qədim olduğunda; aləm də, qədim olur. Aləmin, qədim olan bu Zata nisbəti, məlul'un, səbəbə; işığın, günəşə; kölgənin də, şəxsə olan nisbətləri kimidir." demişlərdir.
Bax bu qrup, filosoflardır.
2. Bəziləri də: “Aləmin hadis (sonradan yaradılmış) olduğunu; ancaq, nə əvvəl, nə də sonra, (tam olaraq) meydana gəldiyi bu vaxtda yaradıldığını; və sadəcə onun üçün var edilən, məhəlsiz və hadis iradə tərəfindən meydana gətirildiyini” söyləməkdədir. “Bu iradə, aləmin yaradılmasını iqtiza etməkdədir.” demişlərdir.
Bunlar (yəni, bu görüşü mənimsəyənlər) isə, ancaq mötəzilədir.
3. Bir digəri isə: Aləmin, Allahın Zatında mövcud olan hadis bir iradə ilə meydana gəldiyini söyləməkdədir.
Bunlar, Onun (yəni, Allahın Zatının), hadis varlıqlar üçün bir məhəl olduğunu deməkdədirlər.
4. Bir başqası isə: “İradə, hadis olmadan; Onun qədim olan iradə sifətində bir dəyişiklik meydana gəlmədən, qədim iradənin, müəyyən bir vaxtda meydana gəlməsinə təəllüq etməsilə bərabər aləmin meydana gəlməsidir.” demişdir.
Bütün bu firqələrə bir bax və bunlardan hər birinin məqamını, digərilə qiyasla! Bunlardan hər biri, həlli imkansız müşkillərə düşmüşdür. Əhl-i sünnətin (müdafiə etdiyi görüşdən meydana gələn) müşkillərin həlli isə, olduqca asandır.
• Filosoflara gəlincə:
Onlar, aləmin qədim olduğunu söyləmişlərdir ki, bu, imkansızdır. Çünki, felin qədim olması, imkansızdır. Aləmin fel olmasının mənası: "onun, yoxdan var olması"dır. Əgər aləm sonsuz olaraq Allah ilə bərabər var olsaydı, bu, necə fel olardı?! Əksinə, daha əvvəl də keçdiyi üzərə, bunu qəbul etdiyimizdə, fələyin sonsuz dövrlərinin də var olduğunu qəbul etmək lazım gələrdi ki, bu da, bir neçə cəhətdən imkansızdır.
Sonra onlar, belə bir müşkülün içinə düşməklə bərabər, özlərini, əsl sualdan qurtara bilməmişlərdir. Bu da --->
İradə, nə üçün daha əvvəlində, ya da sonrasında deyil; müəyyən (hər hansı) bir vaxtda aləmin yaradılmasına təəllüq etmişdir? Halbuki, bütün vaxtların, (İlahi) iradəyə nisbəti, eynidir.
Onlar, vaxtın təyin edilməsi sualından qurtulduqlarında, bu səfər də, sifətlərin təyin edilməsindən özlərini qurtara bilmirlər. Çünki --->
Aləm, müəyyən bir miqdar və mövqedə təyin edilmişdir. Bu (miqdar və mövqeyin) ziddlərinin olması da, əqlən mümkündür. Qədim olan Zatın, mümkün varlıqlardan, sadəcə bəzisilə münasibəti vardır.
(Burda) onları cavabsız qoyan və üzrlərini əllərindən alan 2 əhəmiyyətli məsələ də vardır ki, bunları, "Təhafut əl-Fəlasifə" adlı kitabda ələ aldıq. Onların, bu 2 məsələdən, heç bir şəkildə qurtuluşları yoxdur:
Bunlardan:
1. Birincisi: Fələklərin hərəkətlərinin bəziləri, şərqdən qərbə doğrudur; bəzisi isə, qərbdən şərqə doğru. Bunun ziddinin olması da, imkan cəhətindən eynidir. Çünki, hərəkətlər xüsusunda, yönlər, bir-birinə bərabərdir. Bu halda, qədim bir Zat'dan, ya da onlara görə qədim olan mələklərin zatlarından, onlara (yəni, fələklərə) qarşılıq gələn və hər yöndən onlara bərabər olan bir yönün təyin edilməsi, necə vacib olur? Bu sualın cavabı isə, yoxdur.
2. İkincisi isə, budur: Onlara görə, bütün səmanı, hər gün və hər gecə bir dəfə zəruri olaraq hərəkətə keçirən, ən uzaqda olan "əl-fələku'l-aqsa"/ 9-cu fələk, şimal və cənub qütbləri üzərində hərəkət etməkdədir. Qütb isə, kürə üzərində olan və kürənin öz başına olan hərəkəti sırasında, sabit olan qarşılıqlı 2 nöqtədən ibarətdir. Məntəqə isə, kürənin ortasında olan və 2 qütbə bərabər məsafədə olan böyük bir dairədən ibarətdir.
Biz, ən böyük fələyin ("əl-fələku'l-ə'lə") kütləsinin, digərlərinə uyğun və bənzər olduğunu söyləyirik. Qütb olması düşünülə bilməyən hər hansı bir nöqtə isə, yoxdur. O halda, onlara görə sonsuz olan bu nöqtələr arasında, (sırf) bu 2 nöqtənin təyin edilməsini iqtiza edən (gərəkdirən) şey, nədir? Bu halda, Zata zaid (əlavə) bir xüsusiyyət lazımdır ki, o şeyi, bənzərindən ayırsın. Bu isə, ancaq iradə sifətidir.
Biz, "Təhafut" kitabında, cavabsız buraxan bu 2 xüsusun təhqiqinə böyük yer verdik.
• Mötəziləyə gəlincə:
Onlar da, özlərini, 2 batil və pis işə daxil etdilər. Bunlardan:
1. Bari (Yaradan Allah) Taala'nın, məhəlsiz (yəni, Allahın iradəsi vardır; ancaq bu iradənin məhəlli, Allahın Zatı deyildir; yəni bu sifət, Allahın Zatı ilə qaim deyildir) və hadis (sonradan meydana gələn) bir iradə ilə iradə edici olmasıdır. (haşiyə)
--------------------------
(Haşiyə:
Yəni, mötəziləyə görə, Allah, yaranan şeydə meydana gələn iradə ilə iradə edir. Bu sifət, Allahın Zatı ilə qaim deyildir.)
--------------------------
İradə sifəti, Onun (Zatı) ilə qaim bir sifət olmayınca, Onun bu sifəti iradə etdiyini söyləmək, (Allahın), başqası ilə qaim olan bir iradə ilə iradə edici olduğunu söyləmək kimi axmaq bir iddiadır. (haşiyə)
------------------------
(Haşiyə:
Diqqət et! Bu iddia, "Bu sifət, Allahın Zatı ilə qaim deyildirsə, nə ilə qaimdir?" sualını xatirə gətirir. Yəni, sanki "Bu sifət, Allahın Zatı xaricində başqa bir şey ilə qaimdir." fikrini xatırladır. Yəni, mötəzilənin, Allahı Murid/iradən edən görməsi, boş bir sözdən ibarətdir. Çünki sifət, məvsufsuz (sifətlə vəsflənənsiz) ola bilməyəcəyinə görə, "Allahın iradəsi vardır. Ancaq iradəsinin məhəlli, Allahın Zatı deyildir." iddiası, batil bir iddia olur.
------------------------
2. İradə, nə üçün xüsusilə bu vaxtda (yəni, aləmin yaradılmağa başlanmasından etibarən) yaradılmışdır? Əgər bu:
~ başqa bir iradə sayəsində olmuşdursa, bu halda, digər bir iradəni soruşmaq lazım gəlir ki, bu, təsəlsül edib gedər;
~ yox əgər bu iradə, başqa bir iradə olmadan meydana gəlmişdirsə; aləm də, xüsusilə o vaxtda iradə olmadan meydana gəlmiş olar.
(Halbuki), hadis olan bir varlığın iradəyə olan ehtiyacı, mümkün olmasından dolayıdır; yoxsa, cisim, isim, iradə, ya da elm olmasından dolayı deyildir. Hadis (sonradan meydana gələn) varlıqlar isə, bu xüsusda bir-birinə bərabərdirlər.
Yenə, mötəzilə'nin, bu sualdan da qurtuluşu yoxdur. Belə ki:
Onlardan: "İradə, nə üçün xüsusilə bu vaxtda yaradıldı? Nə üçün, sükun (hərəkətsizli)'yin deyil, hərəkətin iradə edilməsi yaradıldı?" deyə soruşarıq.
Onlara görə, hər hadis üçün, ona təəllüq edən və hadis olan bir iradə meydana gəlir. O halda, nə üçün, (hərəkətin) ziddinə (yəni, sükuna) təəllüq edən bir iradə meydana gəlmədi? (haşiyə)
---------------------
(Haşiyə:
Burda, imamın sözünə diqqət et. Mətndə, imam: "Nə üçün iradə, sükunu seçmədi?" demir. Əksinə, "Nə üçün, hərəkəti təxsis edən iradə meydana gəldi? Ancaq sükunu təxsis edən iradə meydana gəlmədi?" deyir. Çünki iradə 1-dirsə, qarşısında 2 zidd şeyə nisbəti, eynidir. Bu sual, mötəzilə əleyhinə qüvvətli bir sualdır.)
----------------------
• İradənin, Allah Zatında yaradıldığını iddia edənlərə gəlincə:
Bunlar (yəni, kərramiyyə və mücəssimə), bu 2 işkəldən birini dəf etmişlərdir. Bu işkəl, Onun Zatında mövcud olmayan bir iradə ilə iradə edici olmasıdır. (haşiyə)
------------------------
(Haşiyə:
Yəni bu, mötəzilənin içinə düşdüyü işkəldir. Bu tayfa, bu işkələ düşməmişdir. Yuxarıda, bunun haqqında danışıldı.)
-------------------------
Bununla bərabər, onlar (bu iddiaları ilə), bir başqa işkəl də çıxarmışlardır. Bu da, Onun (yəni, Allahın Zatının), hadis (sonradan yaradılan varlıqlara) məhəl olmasıdır, ki, bu, Onun (yəni, Allahın Zatının) da hadis olmasını gərəkdirir.
Sonra, qalan işkəllər onlar əleyhinə var olmağa davam etdiyindən dolayı, bunlar da, sualdan qurtula bilməmişlərdir.
• Haqq əhlinə (yəni, əhl-i sünnətə) gəlincə:
Onlar, hadis varlıqların, onlara təəllüq edən; və onları, bənzər ziddlərindən ayıran qədim bir iradə tərəfindən yaradıldığını söyləməkdədirlər.
İndi, bir kimsənin, çıxıb: "Nə üçün bu iradə, bənzəri olan ziddləri imkan halında ikən, hadis olan (yaradılan) bu varlıqlara təəllüq etdi?" deməsi, xətalı (yalnış bir sual)'dır. Çünki iradə, bir şeyi bənzərindən ayırd etmə (xüsusiyyətində olan) bir sifətdən ibarətdir. (haşiyə)
-------------------------
(Haşiyə:
İradə sifətinin özündən ayrılmayan xüsusiyyəti, tərcih, təxsisdir. Yəni, təxsisin mənası səlb edildiyi vaxt (yəni, iradə rədd edildiyində), orda, mütləq vaciblik, zərurət vardır. Bu isə, əşyaya, yəni mümkün varlıqlara nisbət edilə bilməz.)
---------------------------
İndi, bir kimsənin çıxıb, "İradə, bir şeyi bənzərindən nə üçün ayırd etməkdədir?" deməsi, "Elm, məlumun açığa çıxmasını nə üçün gərəkli qılır?" deyə soruşan şəxsə bənzəyir. Bu şəxsə, belə deyərik:
Elmin, məlumun açığa çıxmasını gərəkli qılmaq xaricində, bir mənası yoxdur. Bu halda, onun, "Elm, məlumun açığa çıxmasını nə üçün gərəkli qılır?" sualı, "Elm, nə üçün elmdir? Mümkün, nə üçün mümkündür? Vacib, nə üçün vacibdir?" sualına bənzəyir ki, bu, imkansızdır. Çünki elm, zatı gərəyi elmdir. Mümkün, vacib və digər zatlar da, belədirlər. İradə sifəti də, bunun kimidir. Onun həqiqəti, bir şeyi başqa bir şeydən ayırd etməkdir.
"Bir şey, nə üçün bənzərindən ayırd edilir?" deyən biri də, "İradə, nə üçün iradədir? Qüdrət də, nə üçün qüdrətdir?" deyən birinə bənzəyir ki, bu da, imkansızdır. Hər firqənin, bir şeyi bənzərindən ayırd etmək halında olan bir sifətin varlığını isbat etməsi lazımdır. Bu sifət isə, iradədən başqası deyildir.
Bu xüsusda, firqələrdən sözü ən doğru, yolu isə ən düzgün olanı: "bu sifətin varlığını qəbul edən; və onun hadis olmadığını, əksinə, hadisələrə müəyyən bir vaxtda yönələn qədim bir sifət olduğunu söyləyən firqə"dir. Bunun üçün hadis (yaratma), bu vaxtda meydana gəlməkdədir və bu xüsusu, bütün firqələrin qəbul etməsi lazımdır. Beləcə, iradənin əsli xüsusunda -girişdə söyləndiyi kimi- bu sualın gərəkli qıldığı təsəlsül məsələsi də həll olunmuş olur.
Bil ki:
Bizə (yəni, əhl-i sünnətə) görə, iradə, bütün hadis varlıqlara təəllüq edən bir sifətdir. Çünki, hər hadisin, Onun qüdrətilə yaradıldığı (qüdrət sifəti haqqında danışarkən), ortaya çıxmışdı. Qüdrət ilə yaradılan hər varlıq isə, qüdrətin varlıq üzərində təsərrüf edə bilməsi və onu təxsis edə bilməsi üçün, iradə sifətinə möhtacdır. Qüdrət ilə meydana gələn hər varlıq isə, iradə sifətilə də meydana gəldiyinə; və hər hadis də, qüdrət ilə meydana gəldiyinə görə, (bu halda), hər hadis də, iradə sifətilə meydana gətirilmişdir.
Şər, küfr və masiyyət (günah) kimi (fellər) də, hadisdirlər. O halda, şübhəsiz, bunlar da iradə ediləndir və Allahın dilədiyi olmaqda, diləmədiyi isə olmamaqdadır.
Bax, sələf-i salehin'in görüşü və bütün əhl-i sünnətin etiqadı da, budur. Bu xüsusda, qəti dəlillər ortaya qoyulmuşdur.
Mötəzilə'yə gəlincə, onlar, bütün günahlar və şərlərin, Allahın iradəsi xaricində gerçəkləşdiyini; ancaq, Onun (yəni, Allahın), bunların (gerçəkləşməsini) istəmədiyini söyləməkdədirlər.
Aləmdə gerçəkləşən fellərin çoxunun günahlardan ibarət olduğu bilindiyinə görə; o halda, Onun istəmədiyi şeylər, istədiklərindən daha çox olur. Bu halda, mötəzilənin iddiasına görə, O, gücsüz və əskik (nöqsan) olmağa daha yaxındır. Aləmlərin Rəbbi olan (Allah) isə, zalımların bu sözündən ucadır.
Əgər: "O, iradə etmədiyi (istəmədiyi, diləmədiyi) bir şeyi, necə əmr etməkdədir? Olmasını iradə etdiyi bir şeyi isə, necə qadağan etməkdədir? Bunun kimi, şərri diləyən bir varlıq, səfeh olaraq (vəsf edildiyi) halda; O, fücur (günahkarlıq), masiyyət, zülm və qəbih (çirkin) fellərini, necə iradə edə bilər?" deyilərsə, biz də, belə deyərik:
Biz, işin həqiqətini ortaya çıxardığımızda; onun, iradədən fərqli bir şey olduğunu açıqladığımızda; qubh (çirkinlik) və hüsn (gözəlli)'yin (mənalarını) ortaya qoyduğumuzda, bunların, qayələrə uyğunluq və müxaliflik ilə əlaqəli olan xüsuslar olduğunu bəyan etdiyimizdə, -ki, O, bütün qayələrdən münəzzəhdir- bütün bu işkəllər də, ortadan qalxacaq. İnşallahu Taala, bütün bunlar, yeri gəldiyində açıqlanacaqdır.
(Hüccətü'l-İslam imam əbu Həmid əl-Ğazzali, "əl-İqtisad fi'l-İ'tiqad" adlı əsərindən nəql)
-------------------------
Əlavələr:
Hüsn və qubh məsələsi üçün bax:
https://suallarlaislam.com/m%C9%99qal%C9%99/husn-v%C9%99-qubh-m%C9%99s%C...
İradə nədir?
https://suallarlaislam.com/m%C9%99qal%C9%99/irad%C9%99-n%C9%99dir
