Amm və xass nə deməkdirlər?
Ləfzlərin şamilliyi, 2 cəhətdən tədqiq mövzusu olmaqdadır:
1. Amm və Xass;
2. Mütləq və Muqayyəd.
1. Amm və Xass:
Bu mövzu, üsul alimlərinin ixtilafa düşməsinə səbəb olmuşdur. Çünki, (bu), əhəd xəbərin, Quranın ümumu; və qiyasın, amm nass'lar qarşısındakı halı ilə bağlıdır.
Biz, burda, amm və xass'ın tərif və dəlaləti, amm'ın təxsis metodları və amm ilə xass arasındakı təaruz (ziddiyyət) üzərində duracağıq.
----------------------
✓ Amm'ın tərifi:
Bu, "bir vaz (qoyuluş) ilə, bir çox şeyə dəlalət edən ümumi ləfz"dir. Məəslən:
"ər-Rical = kişilər" sözü, amm bir ləfz olub, bu mənaya vaz cəhətindən əlverişli olan hər kəsə dəlalət edir.
~ "Bir vaz ilə" qeydi, müştərəki tərif xaricində buraxmaq üçün gətirilmişdir. Çünki, müştərək ləfz, bir çox şeyə, təbadül yolu ilə dəlalət edir. Məsələn, "ayn" ləfzi, müştərək bir ləfzdir. Bu ləfz, "zat", hiss orqanı olan "göz" və "bulaq" mənasına gəlir. Lakin bu mənalara, bir vaz ilə deyil; ayrı-ayrı zamanlarda, fərqli vazlarla və təbadül yolu ilə dəlalət etməkdədir. Amm isə, dəlalət etdiyi şeylər üçün, bir vaz ilə və bir halda istifadə edilən ləfzdir. Demək ki, amm, bir cinsdən olan bir çox şeyə; müştərək isə, ayrı-ayrı şeylərə dəlalət edən sözlərdir.
Bax, amm'ın ümumi tərifi, budur.
Hənəfi'lər, onu, belə tərif edirlər: "Amm, istər ləfz, istərsə məna cəhətindən olsun, çoxluq ifadə edən kəlimədir."
Ləfz cəhətindən çoxluq ifadə edən "rical", məna cəhətindən çoxluq ifadə edən ismu'l-mövsul (nisbi əvəzliklər), şərt ifadə edən isimlər, qövm, ins və cin kimi ləfzləri, burda misal olaraq zikr edə bilərik.
-----------------------
✓ Xass'ın tərifi:
Amm'ın tərifindən, qismən xass'ın tərifi də başa düşülmüş oldu. Buna görə, xass: "tək məna üçün vaz edilən ləfz"dir. Yəni, bir mənaya dəlalət edən kəlimələr, xass'dır. İstərsə, bu, "heyvan" sözü kimi cins ifadə etsin; istərsə "insan" kimi növ ifadə etsin; istərsə də, "Kəzid" və "İbrahim" kimi şəxs ifadə etsin. Demək ki, sözdən məqsəd, tək şeydirsə, o söz, xass'dır və alimlərin ittifaqı ilə, onun dəlaləti, qətidir. Burdakı qətilikdən məqsəd də, dəlildən meydana gələn ehtimalın olmamasıdır.
-------------------------
• Amm'ın dəlaləti:
Alimlər, amm'ın dəlalətinin qəti və ya zənni olmasında, ixtilaf etmişlərdir.
Hənəfi'lərə görə, amm'ın, bütün fərdlərinə dəlaləti, qətidir. Məsələn:
~ "Sizlərdən ölənlərin qoyub getdiyi zövcələr dörd ay on gün gözləməlidirlər." (Bəqərə/234) ayəti, əri ölən hər qadına dəlalət edir. İstərsə əri, zifafdan əvvəl; istərsə də, sonra ölsün.
Yenə,
~ "Heyzdən kəsilmiş yaşlı qadınlarınızın iddəsi barəsində şübhəniz varsa, onların, eləcə də hələ heyz görməmiş qızların gözləmə müddəti üç aydır." (Talaq/4) ayəti, kiçik və ya yaşlı olduğu üçün, ayhalı görməyən qadınların iddətini bəyan etməkdədir. İstər bu iddət, talaq səbəbilə ayrıldıqdan; istərsə də, zifafdan sonra nikahı fəsx etməkdən iləri gəlsin.
Hənəfi'lərin, amm üçün qəbul etdikləri qətiliyin mənası, dəlildən doğan ehtimalı rədd etməkdir; təxsis ehtimalını tanımamaq deyildir. Hənəfi'lərə görə, amm'ın qəti ola bilməsi üçün, təxsis edilməmiş olması, şərtdir. Əgər təxsis edilmişdirsə, amm'ın, digər şeylərə dəlaləti, zənni olur. Bunun haqqında, iləridə danışacağıq.
Maliki'lər, Şafii'lər və Hənbəli'lərə görə, amm, ehtiva etdiyi hər şeyə qəti olaraq dəlalət etməz; ancaq zənni olaraq dəlalət edər; çünki, amm'ın dəlaləti, təxsis ehtimalı olan zahirin dəlaləti kimidir. Dolayısı ilə, təxsis, amm ləfzlərdə, çox rast gəlinən bir şeydir. Çünki, araşdırmalar göstərir ki, demək olar ki amm olan hər ləfz, təxsis edilmişdir. O halda, təxsis edilən və ya təxsis edilməsi mümkün olan amm'ın dəlalətinə, qətidir deyilməz.
---------------------------------------------
Quranın amm'ı və Hədisin xass'ı:
Bu mövzudakı ixtilaf, daha çox, Quranın amm'ı ilə əhəd xəbər arasında bir ziddiyyət olduğu zaman öz təsirini göstərir. Şafii və Əhməd b. Hənbəl'ə görə, əhəd xəbər, xass olarsa, Quranın amm'ını təxsis edər. Beləcə, amm, şamil olduğu şeylərin hamısına deyil; ancaq bəzisinə dəlalət edər. Quranın amm'ı, bu halda, sənəd cəhətindən qətidirsə, dəlalət cəhətindən zənnidir. Əhəd xəbər də, sənəd cəhətindən zənni olmaqla bərabər, dəlaləti etibarı ilə qəti olduğu vaxt, digər zənni bir nassı təxsis edər. Bu görüşdə olanlar, əhəd xəbər ilə belə olsa, sünnətin, Quranı bəyan etdiyini qəbul edirlər. Dolayısı ilə, Quranı bəyan edən şey, onun amm'ını təxsis edir.
Hənəfi'lərə görə isə, amm'ın dəlaləti, qətidir. Bu etibarla, əhəd xəbər, Quranın amm ifadəsini, təxsis edə bilməz. Çünki, zənni bir şey, qəti bir şeyi təxsis edə bilməz. Bunlara görə, təxsis, bəyan deyil; amm'ın ifadə etdiyi şeylərin bir qismini ibtal etməkdədir. Amm, ümum ifadə etməsindən dolayı, açıqdır; bəyana da ehtiyacı yoxdur. Məsələn:
"Ey iman gətirənlər! Namaza durarkən üzünüzü və dirsəklərə qədər əllərinizi yuyun, başınıza məsh çəkin və topuqlara qədər ayaqlarınızı yuyun." (Maidə/6) ayəti, amm olub; açıq bir nass'dır. Bu etibarla, dəstəmaz alarkən, üzvlər arasında tərtib (sıra), şərt deyildir. Çünki, ayədəki "və" kəlimələri, tərtibi gərəkdirmir. Buna görə, bir kimsə, dəstəmaz alarkən üzünü, əllərindən və ya ayaqlarından sonra yusa; sonra da başını məsh etsə, caiz olar. Malikilər, Hənbəlilər və Şafii'lərə görə isə, burda, tərtib, şərtdir. Çünki, Peyğəmbər (sallallahu aleyhi və səlləm): "Yaxşıca təmizlənib, üzünü, sonra qollarını...yumadıqca, bir kimsənin namazını, Allah qəbul etməz." (Buxari, "Vudu", 35, 40) buyurmuşdur.
Bax bu nass, dəstəmaz alarkən, tərtibin lüzumunu göstərir.
Hənəfilər isə, buna müqabil olaraq, vücub/vaciblik üçün, əsl olaraq, ayətin nassını qəbul edib; hədisin nassını da, müəkkəd sünnət qəbilindən sayırlar.
Burda, buna işarət etməyimiz, yerindədir:
İmam Malik (radiyallahu anh), Quranın amm'ının dəlalətini, zahir qəbilindəndir deyə, zənni olaraq qəbul etməklə bərabər, hər zaman, bunun, əhəd xəbər ilə təxsis edilə bilməyəcəyini söyləməkdədir. Ona görə, bəzən Quranın amm'ı, əhəd sünnət ilə təxsis edilir. Məsələn:
...وَأُحِلَّ لَكُم مَّا وَرَآءَ ذَٰلِكُمْ...
"Bunlardan başqaları, sizin üçün halal qılındı." (Nisa/24) ayətini, "Qadın, xalası və bibisi üzərinə nikahlana bilməz." (Buxari, "Nikah", 27) hədisi təxsis etmişdir.
Bəzən də, imam Malik, Quranın amm'ını götürərək, əhəd xəbəri zəif qəbul etməkdədir. Məsələn: "Peyğəmbər (sallallahu aleyhi və səlləm), hər yırtıcı quşun ətinin yeyilməsini, nəhy etmişdir." (Muslim, "Sayd", 16) hədisini, "De: Mənə gələn vəhylər içərisində, ölü heyvan, axar qan, murdar sayılan donuz əti və Allahdan başqasının adı ilə kəsilmiş murdar heyvanlardan başqa, hər hansı bir şəxsin yediyi yeməklər içərisində haram buyurulan bir şey görmürəm." (Ənam/145) ayəti müvacihəsində, zəif saymışdır. Ona görə, bu zikr edilənlərdən başqasının haram olmadığı, ortadadır.
Malikilər, bu mövzudakı öz görüşlərini təsbit edən bir qayda qoymuşlardır ki, onlar, bu qaydaya, istiqra (induktiv) metodla çatmışlardır. Onlara görə, imam Malik, əhəd xəbər ilə Quranın amm'ını təxsis edərkən, qiyas və ya Mədinə'lilərin əməlilə dəstəklənməsini şərt qoşardı. Məsələn, imam Malik, yırtıcı heyvanların ətinin, haram olduğunu söyləyərdi. Bax bu, Quranın amm'ını, "əl-Muvatta"da rəvayət etdiyi bir hədislə təxsis etmişdir. O, bu mövzudakı hədisi rəvayət etdikdən sonra, "Bu iş, nəzdimizdə, belədir." Yəni, bu, "Mədinə'də belə əməl edilir." deməkdir.
Əgər əhəd xəbəri, qiyas və ya Mədinə'lilərin əməli dəstəkləməzsə, Quranın amm'ı ilə əməl edilər və əhəd xəbər, zəif sayılar. Məsələn, imam Malik, "Birinizin qabından it su içərsə, 1-i torpaq olmaqla, onu, 7 dəfə yuyun." (Buxari, "Vudu", 33) hədisini rədd etmişdir. Çünki bu hədis,
"...əhliləşdirdiyiniz yırtıcı heyvanların ovladıqları sizə halal edildi." (Maidə/4) ayətinin ümumu ilə, qiyasa müxalif düşməkdədir.
İmam Malik, bu mövzuda, "İt, nəcis olsaydı; ovladığı şey, necə təmiz olardı?" deyə etiraz edərdi.
Quranın amm'ını, sünnət üzərinə təqdim məsələsində imamların ixtilafı, əhəd xəbər mövzusundadır. Mütəvatir və məşhur hədislərə gəlincə, Quranın xass'ı, necə onun amm'ını təxsis edirsə, bunlar da təxsis edir.
Bu xüsusda həqiqət budur ki, imam Malik, Quranın amm'ı qarşısında sünnəti rədd etmək və ya sünnətə yer vermək üçün, Quranın ümumi ifadəsini qəbul etməmək kimi bir hala düşməz. Çünki, birinci halda, sünnət; ikinci halda da, Quran nass'ları ehmal edilmiş olur. Ancaq imam Malik baxar və sünnətin Quranı açıqladığını, hökmsüz buraxmadığını və Mədinəlilərin əməlilə dəstəkləndiyini görərsə, qəbul edər. Məsələn, Ona görə, dəstəmaz alarkən üzvlər arasında tərtibi gərəkdirən; və yırtıcı heyvan ətlərinin yeyilməyəcəyini bildirən hədislər, belədir. Əgər hal, belə deyilsə və Quranın nass'ı da açıqdırsa, Quranı, o əhəd xəbər olan, məşhur və sihhət şərtlərini ehtiva etməyən sünnətin, zəifliyinə dəlil sayar.
ibnu'l-Qayyim, Quranın ümumi ifadələrini təxsis edən sünnətləri mütləq olaraq rədd etmək xüsusunda, belə deyir:
"İnsanın, Quranın zahirindən başa düşdüyünə görə, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in sünnətlərini rədd etməsi caiz görülərsə, bu səbəbdən, bir çox sünnət rədd edilmiş və kökündən yıxılmış olar. Məsələn, hər kəs, məzhəb və görüşünə uyğun olmayan səhih bir sünnəti, Quranın ümumi və ya mütləq ifadəsilə qarşılaşdırıb; 'Bax bu sünnət, bu amm'a müxalif düşməkdə və ya bu mütləq ifadəyə uyğun gəlməməkdədir.' demək imkanı tapa bilər."
Şatibi də, Quranın ümumi ifadələrini ehmal; və ya bunların, daim təxsis ediləcəyi iddiası üzərinə, belə deyir:
"Zahirdə ixtilaf, pisdir. Çünki, şəri dəlillərin çoxu, ümumi ifadələrdir. İxtilaflı məsələləri nəzərə alaraq, onlara görə Quranın ümumi ifadələrini və ya bunların çoxunu təxsis edilmiş saymaq, şəriətin böyük bir qismini ixtilaflı şeylər olaraq qəbul edib hər hansı bir nass üzərində 'Bu, hüccət olarmı, olmazmı?' deyə tərəddüdə düşməkdir. Bu hal, başqa bir pisliyə daha yol açır. O da, təxsis edildikdən sonra, hüccət olsa belə, Quranın ümum ifadə etmiyəcəyi düşüncəsinə ilişib-qalmaqdır. Belə bir düşüncə, Quranın külli hökmlərini ibtal və topyekun Quranla istidlal etməmək kimi bir nəticə doğurar. Dolayısı ilə, Quranın hökmləri, qətilik ifadə etdiyi üçün deyil; təsadüfi və hüsn-ü zənnlə tabe olunan tövsiyyə mahiyyətində bir şey olar. Yaxşı düşünülərsə, görülər ki, bu cür görüş, şəri dəlilləri həqir görmək və bunlara istinad edilməsini bəsit görməkdir. Bəlkə, onlar, ibn Abbas'dan rəvayət edilən 'Allah, hər şeyi bilir.' (Bəqərə/282) ayəti xaric, Quranın təxsis edilməmiş bir amm'ı yoxdur." sözünü iləri sürəcəkdir. Bax bütün bunlar, ərəb dilinə və sələfin fəhminə müxalifdir. Sələf-i salihin, ərəbin dilindəki qəsdinə və ya Şari'nin hökmlərindəki məqsədinə görə, Quranın ümumi ifadələrinin qətiliyini araşdıraraq başa düşmüş və qəbul etmişdir. Yenə bilinməkdədir ki, Muhamməd (sallallahu aleyhi və səlləm), cəvamiu'l-kəlim (kəlimələri cəm etmək; az sözlə çox məna ifadə etmək) və kəlamı ixtisar ilə göndərilmişdir. O, ən bəliğ və özlü bir şəkildə danışardı. Onun belə özlü danışmalarının başında isə, ümumi ifadələri gəlməkdədir. Ümumi və özlü ifadələrin Quranda mövcud olmadığı; əksinə, bunların, mütləq təxsis edici bəzi qeydlərə möhtac olduğu fərz edilərsə, Onun özlü və bəliğ olması, itib batardı." (Şatibi, "əl-Muvafaqat", 3-cü cild, s. 292)
-----------------------
Amm'ın təxsisi:
Bildirdiyimiz kimi, alimlərin əksəriyyəti, amm'ın şamil olduğu şeyin hamısına dəlalətində, ittifaq etmişlərdir. Lakin bu dəlalətin qəti və ya zənni olmasında ixtilaf etmişlərdir. Biz, bir az əvvəl, bu ixtilafın nəticələrini də açıqladıq.
Amm, 2 qismə ayrılır:
a. Təxsisi qəbul etməyən amm;
b. Təxsisi qəbul edən amm.
İkinci qismə girən amm'ın təxsisi üçün, bir muxassis mövcud olacaqdır.
Biz də, indi, bu muxassis (təxsis edici)'dən bəhs etmək istəyirik. (Belə ki):
Hənəfi'lərə görə, muxassis, qətiyyət və zənniyyət cəhətindən, amm'ın qüvvətində olub, zaman etibarı ilə də, ona yaxın olan ləfzdir. Məsələn:
"Bunlardan başqaları, sizin üçün halal qılındı..." (Nisa/24) ayəti, amm bir ifadədir. Bunu, "Qadın, xalası, bibisi, qardaşı qızı və bacısı qızı üzərinə nikahlanmaz. Əgər bunu edərsənizsə, qohum-əqrəbalıq bağlarını kəsmiş olarsınız." (Buxari, "Nikah", 27) hədisi təxsis etmişdir.
Bu hədis, məşhurdur. Belə hədislər, Quranın amm'ını təxsis edə bilər.
Təxsis edilən bir ayəni, artıq hər dəlil, zənni belə olsa, təkrar təxsis edə bilər.
Bundan başa düşüldüyünə görə, muxassis'də, bəzi şərtlər mövcud olacaqdır. (Belə ki), muxassis:
1. Müstəqil olmalıdır;
2. Zaman cəhətindən, amm ilə eyni olmalıdır;
3. Qətilik və zənnilik cəhətindən, amm'ın dərəcəsində olmalıdır.
Məsələn,
• "Allah övladlarınız haqqında sizə belə tövsiyə edir; kişiyə, iki qadının payı qədər pay düşür..." (Nisa/11) ayəti, mirasda hissə nisbətlərilə, kimlərin mirasçı olacağını bəyan etmişdir.
Bu amm olan ayəti, müstəqil bir ləfz olub zaman cəhətindən onunla eyni olan bu məşhur 2 hədis təxsis etmişdir:
~ "Qatil üçün, (məqtulun malından) miras yoxdur." (ibn Macə, "Diyət", 14);
~ "İki ayrı dinə sahib olanlar, bir-birinə mirasçı ola bilməzlər." (Buxari, "Fəraiz", 26)
• Yenə,
"Zinakar qadının və zinakar kişinin hər birinə yüz çubuq vurun. Əgər Allaha və axirət gününə inanırsınızsa, Allahın dininə görə onlara yazığınız gəlməsin." (Nur/2) ayətindəki cəzanı azad kimsələrə təxsis edən şey, "...Əgər ərə getdikdən sonra (cariyələr) zina etsələr, onlara, azad qadınlara verilən cəzanın yarısı tətbiq edilər..." (Nisa/25) ayətidir.
• Yenə,
"...boşanmış qadınlar, 3 qur gözləyərlər..." (Bəqərə/228) ayətinin də, zifafa girmiş qadınlara təxsis edilmiş olduğunu, "Ey iman gətirənlər! Əgər mömin qadınlarla evlənsəniz, sonra da onlara toxunmazdan əvvəl talaqlarını versəniz, artıq onlar üçün gözləmə müddətini saymağa (yanınızda saxlamağa) haqqınız yoxdur." (Əhzab/49) ayətindən başa düşməkdəyik.
Əgər muxassis, zaman cəhətindən amm ilə eyni deyilsə, yəni, amm'dan sonradırsa, "nasix/nəsx edən" sayılır; muxassis sayılmaz. Nəsx ilə təxsis arasında, belə bir fərq vardır:
~ Nəsx, amm'ın hökmünə girən bəzi fərdləri çıxarmaqdır;
~ Təxsis isə, bəzi fərdlərin hökm cəhətindən ilk başda amm'a girməmiş olduğunu bəyan etməkdir.
Amm'ın, bəzi fərdlərinə şamil olması, bir növ məcaz sayılır. Bu xüsus, ədəbiyyatda da belə qəbul edilmişdir.
Hənəfi'lərdən başqa məzhəb mənsublarına görə, muxassis, amm'a müttəsil (bitişik) olsun və ya olmasın; zaman cəhətindən amm ilə eyni olsun və ya olmasın; təxsis, mümkündür. Çünki, muxassis, amm'ı bəyan etməkdədir. Bu görüş, fəqihlərin cumhuruna görədir. Dolayısı ilə, onlara görə təxsis:
~ istisna ilə;
~ vəsflə;
~ ğayə (qayə) ilə; və
~ şərtlə
də olur.
əl-Qarafi (əl-Maliki), 15-ə yaxın muxassis olduğunu söyləmişdir. Bunlar da:
~ kitab;
~ sünnət;
~ icma;
~ ağıl;
~ cəli (açıq) qiyas;
~ xafi (gizli) qiyas;
~ örf (adət);
~ şərt;
~ istisna;
~ ğayə;
~ istifhəm;
~ hiss;
~ əhəd xəbər; və
~ mütəvatir. (haşiyə)
Malikilərə görə, müxalif məfhum ilə də amm'ın təxsis edildiyi deyilir.
-------------------------
(Haşiyə:
~ Kitab ilə təxsisə misal:
"Sizlərdən ölənlərin qoyub getdiyi zövcələr dörd ay on gün gözləməlidirlər." (Bəqərə/234) ayəti, "...Hamilə qadınların gözləmə müddəti isə onlar hamiləlikdən azad olana qədərdir..." (Talaq/4) ayətilə təxsis edilmişdir.
~ İcma ilə təxsisə misal:
"Evi (Kəbəni) ziyarət etmək insanların – yoluna gücü çatan hər kəsin – Allah qarşısında borcudur." (Al-i İmran/97) ayətinin, gücü çatmayan kimsələrə şamil olmaması, icma ilə sabitdir.
~ Şərt ilə təxsisə misal:
"Sizlərdən hər kəs maddi imkanı olmadığına görə azad mömin qadınlarla evlənə bilmirsə, onda sahib olduğu mömin kənizlərdən alsın." (Nisa/25) ayəti, şərt ilə təxsisə misaldır.
~ İstisna ilə təxsisə misal:
"...Yalnız aranızda gedən nağd ticarət istisnadır. Bunu yazmamağınız isə sizin üçün günah deyildir..." (Bəqərə/282) ayətində, borc alıb-verərkən yazılması əmri, "nağd ticarət" istisna edilərək təxsis edilmişdir.
~ Vəsflə təxsisə misal:
"...yaxınlıq etdiyiniz qadınlarınızın himayənizdə olan ögey qızları, – yox əgər o qadınlarla yaxınlıq etməmişsinizsə, onda bu (ögey qızlarınızla evlənməyiniz) sizə günah deyildir..." ayəti, zifafa girib-girməmə vəsfinə görə təxsis edilmişdir.
~ Örf (adət-ənənə) ilə təxsisə misal:
"Analar öz övladlarını tam iki il əmizdirsinlər..." (Bəqərə/233)
İmam Malikə görə, bu nass, xass olub, içində yaşadığı cəmiyyətin adəti gərəyincə uşaqlarını əmizdirməyən qadınlar, bunun xaricində qalırlar.
~ Ağıl ilə təxsisə misal:
"İnsanlar, onlara: 'İnsanlar, sizə qarşı ordu toplayıblar.' dedilər." (Al-i İmran/173) ayətində keçən birinci və ya ikinci "insanlar" kəliməsi, bütün insanları ifadə etməz. Çünki, bu 2 kəlimə, ayrı-ayrı insan topluluqlarını ifadə etməkdədir. Bunu, ağıl, öz-özlüyündən qavramaqdadır.
~ Hiss ilə təxsisə misal:
"O, öz Rəbbinin əmri ilə hər şeyi yerlə yeksan edəcəkdir!" (Əhqaf/25) ayətindən, hər şeyin, bir zaman yox ola biləcəyini, insan hiss etməkdədir.
-------------------------
İlk baxışda bu böyük say, amm'ın təxsisi mövzusunda, Hənəfi'lərlə Maliki'lər arasında böyük bir fərq olduğu fikrini oyandırır. Həqiqətdə, bu muxassislərin əksəriyyətini, Hənəfilər, amm'ın bəzi fərdlərinə hökmün qasr (qısaldılmasın)'dan ibarət sayırlar və buna da, təxsis adını vermirlər. Sifət, şərt, qayə və istisna kimi şeylər, amm'ı, bəzi fərdlərinə qasr edir. Bunlar, kəlama muttəsil olduğu üçün, təxsis sayılmaz. Hətta, ilk baxışdan, belə muqayyəd olan ləfz, amm olmaz. Ağıl, hiss və örf də, eyni şəkildə qasr ifadə edir.
Burdakı əsl ixtilaf mövzusu, təxsisin, əhəd xəbər və qiyasla olub-olmaması; muxassisin, zaman cəhətindən, amm'dan sonra olduğu vaxt, hansı ilə əməl ediləcəyi məsələsidir. Əhəd xəbər ilə təxsis məsələsi haqqında, yuxarıda danışdıq. Qiyasla təxsis məsələsini də, qiyas babında ələ alacaq və qiyasın, nass qarşısındakı dəyərini bildirməyə çalışacağıq.
Muxassis'in, zaman etibarı ilə amm'dan sonra ortaya çıxması məsələsinə gəlincə, bu, amm'ın şümuluna görə əməl etməyə, əngəl olmaz. Amm, təxsis edilmiş olma ehtimalı ilə, ehmal oluna bilməz. Əksinə, təxsis edildiyinə dair dəlil tapılana qədər, ümumiliyi davam edər. Əgər təxsis edildiyinə dair bir dəlil mövcud olarsa, onunla əməl edilər. Əsasən, fiqhi araşdırmalar göstərmişdir ki, əməl cəhətindən, muxassis, təxir edilə (yəni, ertələnə) bilməz.
Fəqihlər, muxassislərin qüvvət və dərəcələrində ixtilaf etmişlərdir. Lakin hamısı da, təxsis'in, hökm cəhətindən amm'ın şamil olduğu bəzi fərdləri ixrac etmək olmadığını, qəbul etmişlərdir. Onlara görə, təxsis, ilk başda, amm'ın bəzi fərdlərinin, Şari tərəfindən bəyan edilməsidir. Dolayısı ilə, amm'ın ləfzinə muttəsil olan hökmlərin şamil olmadığı fərdlər, bu hökmlərə nisbətlə, zatən amm'a daxil deyildir. Hənəfi, Maliki və Şafii fiqh üsulu kitabları, təxsisin, ilk iradə ilə amm'ın bəzi fərdlərinə qasr edilməsi olduğunu, açıqca yazmaqdadırlar. Bu etibarla, muxassis, zaman cəhətindən amm'dan sonra olsa belə, onunla xass qəsd edildiyini bəyan edər. İmam Ğazzali də, bəzi dəlillərin muxassis olaraq adlandırılmasının caiz olacağını; çünki, həqiqətdə, təxsisin, ümum üçün vaz olunan ləfzin xüsus ifadə etdiyini bəyan olduğunu söyləmişdir.
Bununla bərabər, fiqhi əsaslara görə, amm bir nass'ın səbəbi, onun üçün muxassis sayılmaz. Əksinə, amm bir nass, ümumu üzərə qalar və ona bağlı olan səbəbin xüsusiliyinə baxılmaz. Bu etibarla, üsul alimləri, "Etibar, ləfzin ümumunadır; səbəbin xüsusunda deyildir." deyirlər. Çünki, hüccət, nass'ların özüdür; səbəbləri deyildir. Əksinə, nüzul səbəbləri, nassları başa düşmək üçün vasitə olar; lakin, onları təxsis vasitəsi olmaz. Bunu, bu misallarla açıqlayaq:
Peyğəmbər (sallallahu aleyhi və səlləm): "Tabaqlanan bir dəri, təmizlənmiş olar." (Muslim, "Heyz", 105) buyurmuşdur.
Bu hədis, ümumi olaraq, hər dərinin tabaqlanınca təmizlənəcəyini bildirməkdədir. Halbuki, sual, qoyun dərisi üzərində idi.
Lian ilə bağlı ayə də, ənsardan bir şəxs haqqında nazil olmuşdursa da, amm'dır. Ənsardan olan bu şəxs, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'dən, belə soruşur:
"Ey Allahın rəsulu! Xanımını, yad bir kişilə görən kimsə, o adamı öldürərsə, Siz də, onu öldürürsünüz. Halı söyləyərsə, şallaqla döyürsünüz. Susarsa, əlbəttə qəzəb və kin içində susar. Allahım, bu halı Sən açıqla." ("Müsnəd", 1-ci cild, s. 241, 242) demiş və bundan sonra da, bu ayələr nazil olmuşdur:
"Arvadlarını zinada günahlandırıb, özlərindən başqa şahidləri olmayanların hər birinin şahidliyi, özünün doğru danışanlardan olmasına dair, dörd dəfə Allahı şahid tutması; beşinci dəfə isə: 'Əgər yalan danışanlardandırsa, Allah ona lənət eləsin!'– deməsidir.
Qadının da ərinin yalan danışanlardan olduğuna dair dörd dəfə Allahı şahid tutması, cəzanı ondan dəf edər. Beşinci dəfə: 'Əgər ər doğru danışanlardandırsa, Allah o qadına lənət eləsin!'– deməlidir." (Nur/6-9)
-------------------------------------
Amm'ın xass ilə təaruzu (zidd düşməsi):
Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in, Özündən soruşulan suallara verdiyi cavablar da, belədir. Əgər cavab, ümum ifadə edən bir ləfzlə verilmişdirsə; hökm də, ümumi olur və onu, sualın xüsusiliyi təqyid etmir (bağlamır). Məsələn:
İri bir quzunun qurban olub-olmayacağını soruşan kimsəyə, Peyğəmbər (sallallahu aleyhi və səlləm): "Sənə kifayət edər." (Muslim, "Ədahi", 5, 7) buyurmuşdur, ki, bu, başqası üçün də məqbuldur.
Xass ilə amm təaruz etdiklərində, Hənəfilərə görə, zamanları eynidirsə, xass, amm'ı təxsis etmiş olur. Çünki, onların axtardıqları təxsis şərtləri, gerçəkləşdirmişdir. Zamanları eyni deyilsə və amm, sonra varid olmuşdursa, xass'ı nəsx edər. Xass, sonra varid olmuşdursa, amm'ın xass'a müqabil gələn bəzi fərdlərinə olan şamilliyini nəsx edər. Bunun səbəbi isə, budur:
Hənəfilərə görə, təxsis üçün, amm ilə xass, zaman cəhətindən eyni olacağı kimi; hər ikisi də, qətidir və bəyan edilmək üçün, biri, digərinə möhtac deyildir.
Fəqihlərin cumhuruna görə isə, amm ilə xassın təaruzu, təsəvvür edilə bilməz. Çünki, xass ilə amm, bir mövzu haqqında varid olmuşdursa, xass, amm'ı bəyan edər. Zatən amm, zahir qəbilindən olub, bəyana möhtacdır. Bununla bərabər, xüsusi bir dəlil tapılana qədər, amm'ın gərəyinə görə əməl edilər.
Hənəfi'lərlə digər fəqihlərin metodu arasındakı fərqi açıqlamaq üçün bir misal olaraq, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in: "Yağışla sulanan məhsuldan, öşr (1/10) vermək lazımdır." (Buxari, "Zəkat", 55) hədisilə; "5 vəsq'dan az olan məhsuldan, zəkat alınmaz." (Buxari, "Zəkat", 56) hədisini incələyək. (Belə ki):
Şafii'lərlə fəqihlərin cumhuru, ikinci hədisi, birinci hədisin açıqlayıcısı olaraq qəbul edirlər. Çünki, birinci hədis, amm olub zəkatı verilməsi lazım gələn şeyi və bunun miqdarını təyin etməkdə; ikincisi də, bu zəkatın nisabını açıqlamaqdadır.
Hənəfi'lərin rəvayətinə görə, əbu Hənifə, ikinci hədisin, birinci hədislə nəsx edildiyini söyləyir. Çünki, zaman etibarı ilə, o, birincisindən sonra varid olmuşdur. Buna görə, əbu Hənifə, taxılın zəkatı üçün, nisab tanımır.
Hər 2 qrup da, öz metoduna görə hərəkət etməkdədir. Dolayısı ilə, cumhur, ikinci hədisi, "mübəyyin=açıqlayıcı" olaraq qəbul etməkdədir. Hənəfilər də, iki hədis arasında təaruz olduğunu söyləməkdədirlər.
Mövcud qanunlarımızda da, xüsusi və ümumi hökmlər ehtiva edən maddələr olduğu kimi; ümumi qanunlarla bərabər, universitet üçün, Camiu'l-Əzhər üçün və bəzi nazirliklər və başqaları üçün, xüsusi qanunlar da çıxarılmışdır.
Mövzu hüquqda da, xassın ammı təxsis etməsi əsasına görə hərəkət edilir. Hər ikisi də, öz sahəsində tətbiq ediləcəyi üçün, biri, digərini nəsx etməz. Mövcud qanunları tədil etmək (düzəltmək) və ya carilikdən qaldırmaq məqsədilə çıxarılan qanunlar, əlbəttə ki, nəsx edici bir mahiyyət daşıyır.
(əbu Zəhra, "Usulu'l-Fiqh")
