Bəqərə surəsi 106-cı ayə (2)

مَا نَنسَخْ مِنْ ءَايَةٍ أَوْ نُنسِهَا نَأْتِ بِخَيْرٍ مِّنْهَآ أَوْ مِثْلِهَآ ۗ أَلَمْ تَعْلَمْ أَنَّ ٱللَّهَ عَلَىٰ كُلِّ شَىْءٍ قَدِيرٌ

Mə nənsəx min əyətin əv nunsihə nə'ti bixeyrin minhə əv mislihə ələm tə'ləm ənnəllahə alə kulli şeyin qadir.

Yəni:

"Biz, hər hansı bir ayəni nəsx edər və ya onu unutdurarıqsa, ondan daha xeyirlisini və ya onun mislini (bənzərini) gətirərik. Məgər bilmirsən ki, Allah hər şeyə qadirdir?" (Bəqərə/106)

-----------------

Təfsiri:

Bil ki, bu, yəhudilərin, İslam əleyhindəki ikinci növ dedi-qodularıdır. Onlar, belə deyirdilər:

"Əshabına, ilk əvvəl bir şey əmr edib; sonra qadağan edib; daha sonra da əksini əmr edən və bu gün söylədiyindən sabah dönən Muhamməd'i görmürsünüzmü?"

Bunun üzərinə, bu ayə nazil olmuşdur.

Bu ayə haqqında danışmaq, bir neçə məsələni bilməyə bağlıdır. (Belə ki):

✓ Birinci məsələ:

Ərəb dilində, "nəsx": "bir şeyi ibtal etmək" mənasındadır.

Qaffal əş-Şaşi (əş-Şafii), nəsxin, "nəql etmək və dəyişdirmək" mənasında olduğunu söyləmişdir.

Bizim dəlilimiz, kəlimənin belə istifadə edilməsidir:

~ Külək, bir qövmün ayaq izlərini silip apardığında (yox etdiyində), "nəsəxəti'r-rihu əsəra'l-qavmi";

~ Günəş də kölgəni qaldırdığı zaman, "nəsəxəti'ş-şəmsu əz-zillə"

deyilir. Çünki kölgə, bəzən, digər məkanlarda olmaya bilər. Bundan dolayı, onun mövcud olduğu yerdən ora keçməsi, bəhs mövzusu olmamalıdır.

Bir də, Haqq Taala,

...إِلَّآ إِذَا تَمَنَّىٰٓ أَلْقَى ٱلشَّيْطَـٰنُ فِىٓ أُمْنِيَّتِهِۦ فَيَنسَخُ ٱللَّهُ مَا يُلْقِى ٱلشَّيْطَـٰنُ...

İllə izə təmənnə əlqa'ş-şeytanu fi umniyyətihi, fə yənsəxullahu mə yulqi əş-şeytanu.

Yəni:

"O (yəni, peyğəmbər) nə vaxt bir şey istəsə, şeytan Onun bu istəyinə mütləq bir şey ilqa edər/atar. Allah isə, onun ilqa etdiyi/atdığı şeyi, nəsx edər." (Həcc/52) buyurmuşdur.

Sözdə əsl olan, həqiqi mənasıdır. Ləfzin "ibtal" mənasında həqiqi olduğu sabit olunca, müştərək məna ifadə etməsini dəf etmək üçün, "nəql" mənasında həqiqi olmaması lazım gəlir.

Buna görə, əgər:

"Ərəblərin, küləyi, izləri silən; günəşi də, kölgəni aparan görmələri, məcazdır. Çünki, izləri və kölgəni həqiqətdə yox edən, Haqq Taala'dır. Bu, məcaz olunca; bu istifadəni ləfzin bu mənada həqiqi olduğuna dəlil gətirmək, imkansız olur.

Sonra, biz, sizin gətirdiyiniz dəlilə müxalif bir dəlil gətirərək, belə deyirik:

Nəsx: "nəql etmək və dəyişdirmək"dir. Bir kitabı, digər bir kitaba istinsəx edərkən (köçürərkən), onu, digərinə daşımış olarıq = 'Nəsəxə'l-kitəbə ilə kitəbi əxər'. Ruhların da bir bədəndən digər bədənə keçməsinə, 'tənasux'; əsrlərin birindən sonra digərinin gəlməsinə, 'tənəsuxu'l-məvəris' deyilməsi, bu mənadadır.

Bax bütün bunlar, birincisinin yerinə, bir şeyin digərinə keçməsidir. Haqq Taala da:

هَـٰذَا كِتَـٰبُنَا يَنطِقُ عَلَيْكُم بِٱلْحَقِّ ۚ إِنَّا كُنَّا نَسْتَنسِخُ مَا كُنتُمْ تَعْمَلُونَ

Həzə kitəbunə yəntiqu aleykum bi'l-haqqi. İnnə kunnə nəstənsixu mə kuntum tə'məlun.

Yəni:

'Bu, Bizim, sizin əleyhinizə həqiqəti söyləyən kitabımızdır. Şübhəsiz ki, Biz sizin etdiyiniz əməlləri istinsəx edirdik/yazdırırdıq!' (Casiyə/29) buyurmuşdur.

Bu səbəblə, ləfzin, nəql etmək mənasında həqiqi olması, müştərəkliyi dəf etmək üçün ibtal etmək mənasında həqiqi olması lazım gəlir."

deyilərsə,

• Birinciyə, 2 cəhətdən cavab verərik:

a. Günəşi və küləyi, o yox etmə işində müəssir qılması cəhətindən, Allah Taala'nın; bu işə məmur edilmələri etibarı ilə də, bunların nasix/nəsx edən olmaları, imkansız deyildir.

b. Dil alimləri, nəsxi, günəşə və küləyə nisbət etmə xüsusunda xəta etmişlərdir. Fərz edək ki, bu, belədir, ancaq bizim dəlilimiz, onların, bu feli, küləyə və günəşə isnad etmiş olmalarından dolayı, nəsx ləfzini, "izalə etmək/ortadan qaldırmaq" mənasında istifadə etmələridir.

• İkinciyə isə, bu şəkildə cavab verərik:

Nəql, ibtal etməkdən daha xüsusidir. Çünki, nəqlin olduğu yerdə, bir sifət yox olmuş; onun ardından, başqa bir sifət meydana gəlmiş deməkdir. Çünki, mütləq yoxluq, ardından başqa bir şeyin meydana gəldiyi bir yoxluqdan, daha ümumidir. Ləfz, amm ilə xass (haşiyə) arasında dönüb-dolaşdığında, amm mənasında götürmək, daha əvladır. Allah, ən gözəl biləndir...

-----------------------

(Haşiyə:

Amm və xass ləfzlər:

https://suallarlaislam.com/.../amm-v%C9%99-xass-n%C9%99...)

-----------------------

-----------------------

Not:

Dəyərli oxuyucu! İmam Razi'nin 2-ci və 3-cü məsələlərdə danışdıqları, sırf ərəb dili qaydaları üzərindən nəsx olduğu üçün, bu qismi keçirik.

---------------------

---------------------

✓ Dördüncü məsələ:

Alimlərin istilahında (terminologiyasında), "nasix/nəsx edən": şər'i/şəriətə aid bir yolla sabit olan hökmü, artıq bundan sonra ortadan qalxdığına dəlalət edən şər'i bir yoldan ibarətdir.

Nasix (nəsx edən), mənsux (nəsx edilən)'dən sonra gələrək, varlığı ilə, hökmü, carilikdən qaldırır.

Buna görə, biz, "şər'i bir yol" sözümüz ilə: Allah və Peyğəmbər (sallallahu aleyhi və səlləm)'dən sadir olan bir söz ilə; hər ikisindən nəql edilən felləri qəsd edirik.

Bu mövzudakı 2 görüşdən birinə görə, ümmətin icması, bu tərifin xaricində qalır. Çünki icma, bu izaha görə, şər'i bir yol deyildir.

Şəriətin, ağlın hökmlərini də nəsx edici olması, lazım gəlmir. Çünki ağıl, şər'i bir yol deyildir.

Möcüzənin də, şər'i hökmləri nəsx edici olması, bəhs mövzusu deyildir. Çünki möcüzə, şəriətin açıqlandığı bir yol deyildir.

Yenə, hökm, bir qayə (müddət), bir şərt və ya bir istisna ilə qeydlənmiş olmamalıdır. Çünki, bunlarda, sonradan gəlmə şərti yoxdur. Allah, bizə bir şeyi əmr edib, sonra da onu etməyimizi qadağan etdiyi vaxt, bizə bir şey lazım gəlməz. Çünki bu nəhyin misli nasix olmasaydı, əmrin hökmünün misli sabit olmazdı.

---------------------

---------------------

✓ Beşinci məsələ:

Nəsx, bizə görə, əqlən mümkün olduğu kimi; nəqlən də vaqe olmuşdur. Çünki, yəhudilərdən:

~ bəziləri, nəsxin əqlən caiz olduğunu inkar edərlər;

~ bəziləri, əqlən mümkün görər, ancaq nəqlən vaqe olmadığını söyləyərlər.

Müsəlmanlardan bir qisminin də nəsxi inkar etdikləri rəvayət edilmişdir. Əksər müsəlmanlar isə, nəsxin əqlən caiz olduğuna və felən də vaqe olduğuna dəlil gətirmişlərdir. Çünki dəlillər, Muhamməd (sallallahu aleyhi və səlləm)'in peyğəmbər olduğunu göstərir. Onun peyğəmbərliyi isə, Özündən əvvəl keçənlərin şəritinin mənsux (nəsx edilmiş) olduğuna hökm etməklə ancaq doğru olur. Bundan dolayı, nəsxin mövcud olduğuna, qəti olaraq hökm etmək lazımdır!

Yenə, biz deyirik ki, yəhudiləri bu mövzuda susduracaq 2 dəlil vardır:

1. Tövratda, Allah Taala'nın, Nuh (əleyhissəlam)'a, gəmisindən enərkən belə vəhy etdiyi yer almışdır:

"Mən, hər canlını, Sənin və Sənin soyun üçün yeyiləcək şeylər qıldım və bunu, sizin üçün, qan xaric, yaşıl otlar kimi, mütləq olaraq halal qıldım. Bundan dolayı, siz, qan yeməyin."

Halbuki, sonra, Haqq Taala, Musa (əleyhissəlam)'a və İsrail oğullarına, bir çox heyvanı haram qılmışdır.

2. Adəm (əleyhissəlam), bacılar ilə qardaşları bir-birilə evləndirirdi. Halbuki, Allah, bunu, daha sonra gəlmiş olan Musa (əleyhissəlam)'a haram qılmışdır.

Nəsxi inkar edənlər, belə demişdirlər:

"Muhamməd (sallallahu aleyhi və səlləm)'in peyğəmbərliyinin, ancaq nəsxi qəbul etməklə doğru olacağını, qəbul etmirik. Çünki, belə deyilə bilər:

Musa və İsa (əleyhiməssəlam), Muhamməd (sallallahu aleyhi və səlləm)'in şəriətinin meydana çıxacağı zamana qədər, insanlara, Öz şəriətlərinə görə əmr etmişdirlər. Bundan sonra isə, Muhamməd (sallallahu aleyhi və səlləm)'ə tabe olmalarını söyləmişlərdir. Muhamməd (sallallahu aleyhi və səlləm)'in şəriəti zühur edincə, O ikisinin şəriətilə mükəlləf olma halı ortadan qalxmış; Muhamməd (sallallahu aleyhi və səlləm)'in şəriətinə görə mükəlləfiyyət bəhs mövzusu olmuşdur. Lakin bu, nəsx deyil, əksinə, Allah'ın:

'Sonra, orucunuzu, gecəyə qədər tamamlayın.' (Bəqərə/187) ayətində olduğu kimidir." (haşiyə)

------------------------------

(Haşiyə:

İmam, burda, müddətlə məhdud olan müvəqqəti halı qəsd etməkdədir.)

-------------------------------

Nəsxin əsl cəhətindən meydana gəldiyini inkar edən müsəlmanlar, görüşlərini, bax bu yol üzərinə qurmuş və belə demişlərdir:

"Quranda, Musa və İsa (əleyhiməssəlam)'a Tövrat və İncildə, Muhamməd (sallallahu aleyhi və səlləm)'in peyğəmbər olaraq göndəriləcəyi müjdəsi verildiyi; O zühur edincə də, Onun şəriətinə dönülməsi gərəkdiyi yer almışdır. Belə olunca və bu ehtimallar da ortada ikən, nəsxin meydana gəldiyinə qəti olaraq hökm etmək, imkansız olur."

Bax bu, yuxarıda zikr edilən 2 susdurucu dəlilə qarşı edilən bir etirazdır.

Nəsxi inkar edən kimsələr, belə istidlal etmişlərdir:

Allah Taala, İsa (əleyhissəlam)'ın şəriətini bəyan etdiyi vaxt, bu şəriətə dəlalət edən ləfz haqqında:

1. ya bu (ləfz), o şəriətin davamına dəlalət etməkdədir;

2. ya da davamına dəlalət etməməkdədir;

3. yaxud da bu şəriətdə davam edəcəyinə dair və ya davam etməyəcəyinə dair bir dəlalət yoxdur,

deyilə bilər.

• Birinci qisim:

Əgər bir şəriətdə, onun davam edəcəyi açıqlanmış; sonra da onun davam etməyəcəyi ortaya çıxmışdırsa, bu ilk xəbər, yalan olur. Bu isə, şəriət haqqında caiz deyildir.

Yenə, biz, bunu mümkün görsək belə, bizim şəriətimizin də, mənsux olmadığını bilməyə dair bir yol tapa bilmərik. Çünki, bu mövzuda söylənəcək ən iləri söz, şəriətin belə deməsidir: "Bu şəriət, əbədidir. Heç bir zaman mənsux olmayacaqdır."

Lakin biz, bu sözün, ikisinin də davam etməməsilə bərabər, Musa və İsa'nın şəriətlərində mövcud olduğunu görüncə, bu sözə güvən, tamamilə itir. (Yəni, İsanın şəriətində, Musanın şəriətindəki hökmlərdən bəzilərinin nəsx edildiyini gördüyümüzə görə, bu iki şəriətin də davam etdiyi görüşü, düşür.)

Buna görə, əgər: "Davamlı olmasını göstərən ləfz, zikr edilmiş; sonra da, özünün iləridə nəsx ediləcəyini göstərən bir şey əlavə edilmişdir və ya edilməmişdir, nə var ki, Allah, bunu açıqca bildirmiş; ancaq bu, bizə, bir az da olsa çatmamışdır.' deyilməsi, nə üçün caiz olmasın?" deyilərsə, biz, deyərik ki, bu görüş, bəzi cəhətlərdən zəifdir. Belə ki:

a. Həm davam edəcəyini, həm də davam etməyəcəyini qətiliklə bildirmək, mutənaqiz (zidd) bir hal olub, tam bir cəhalət və əbəsiyyətdən ibarətdir.

b. Bu təqdirə görə, Haqq Taala, Musa və İsa'nın şəriətlərinin mənsux olacağını bildirmişdir. Nəsxin məşru olduğu nəql edilincə, bu halın (yəni, bu 2 Peyğəmbərin şəriətlərinin nəsx ediləcəyi) də bildirilməlidir. Çünki, bu keyfiyyət nəql edilmədən şəriətin əslini nəql etmək caiz olsaydı, bunun eynisinin, bizim şəriətimiz haqqında da olması caiz olardı, ki, bu halda, bizim şəriətimizin mənsux olmadığına dair qəti hökm vermək, mümkün olmazdı. Çünki bu, nəql edilməsi üçün hər cür səbəbin mövcud olduğu mühim hadisələr cümləsindəndir. Belə olan şeyin şöhrətinin, təvatür dərəcəsinə çatmış olması lazımdır. Əks təqdirdə, deyilə bilər ki, bəlkə də, Qurana muaraza edilmiş (yəni, bir bənzəri gətirilmiş), ancaq bu, nəql edilməmişdir; bəlkə də, Muhamməd (sallallahu aleyhi və səlləm), bu şəriəti dəyişdirmiş; ancaq bu, nəql edilməmişdir. Bu keyfiyyətin təvatür yolu ilə nəql edilməsinin vacib olduğu sabit olunca, biz deyirik ki,

Əgər Haqq Taala, Musa və İsa (əleyhiməssəlam) zamanında, şəriətlərinin nəsx ediləcəyini açıqca bildirsəydi, bu, təvatür əhli arasında, məşhur və zəruri olaraq da onlara məlum olardı. Əgər belə olsaydı, böyük bir camaatın bu xüsusda ixtilafı, imkansız olardı.

Biz, yəhudi və xristiyanları, bunu inkar xüsusunda müvafiq gördüyümüz üçün, şəriətlərinin nəsx ediləcəyinə dair hər hansı bir sarih/açıq açıqlamanın mövcud olmadığını başa düşmüş olduq.

• İkinci qisim:

Bu da, Allah Taala'nın, Musa (əleyhissəlam)'ın şəriəti haqqında, "Onun şəriəti davam etməyib, sonunun gələcəyinə dəlalət edən bir qeyd qoyulmasının söylənməsi"dir ki, bu, batildir. Çünki, əgər belə olsaydı, bunun, təvatür əhli tərəfindən, zəruri olaraq bilinmiş olması lazım gələrdi. Bunun doğru olduğunun qəbul edilməsi halında da, bu, bir nəsx deyil; tam əksinə, bu müddətin sonlanması demək olur.

• Üçüncü qisim:

Allah Taala'nın, Musa (əleyhissəlam)'ın şəriəti xüsusunda, "açıq bir bəyanı olub, onda, onun davam edib-etməyəcəyini bəyan etməmiş olması"dır. Buna görə, biz, deyirik ki, fiqh üsulunda, mücərrəd bir əmr, təkrar ifadə etməz. Tam əksinə, tək 1 dəfə (mənası)'nı ifadə edir. Mükəlləf, bir dəfə əmri yerinə yetirdiyində, o əmrin məsuliyyətindən qurtulmuş olur. Bu səbəblə, bundan sonra digər bir əmrin gəlməsi, birinci əmri nəsx etmiş olmaz. Bu səbəblə, bu təqsimə (bölgüyə) görə, nəsxin varlığına hökm etməyin imkansız olduğu ortaya çıxmış olur.

Bil ki, bu cümləmizi, fiqh üsulu mövzusundakı "Kitabu'l-Məhsul" adlı əsərimizdə izah etdikdən sonra, nəsxin mövcud olduğu xüsusunda, Allah Taala'nın Bəqərə surəsi 106-cı ayətinə istinad etmişdik. Əslində, bu ayə ilə istidlal da, zəif qalmaqdadır. Çünki, ayədəki ما/mə, şərt və cəza ifadə edir. Necə ki, sənin: "Sənin yanına kim gəlsə, sən də ona ikram/ehsan et." sözün, gəlmə işinin gerçəkləşdiyini göstərməz. Tam əksinə, o, nə vaxt gələrsə ikram etməyin o vaxt vacib olduğunu göstərir. Bunun kimi, bu ayə də, nəsxin felən vaqe olduğunu göstərməz. Tam əksinə, nəsxin meydana gəlməsi halında, ondan daha xeyirlisinin gətirilməsinin vacib olduğuna dəlalət edər. Buna görə, nəsxi isbat xüsusunda ən qüvvətli olanın, bizim, Haqq Taala'nın bu ayələrinə istinad etməyimizdir:

~ ...وَإِذَا بَدَّلْنَآ ءَايَةً مَّكَانَ ءَايَةٍ

"Biz, bir ayənin yerinə başqa bir ayə gətirdiyimizdə..." (Nəhl/101); və

~ ...يَمْحُوا۟ ٱللَّهُ مَا يَشَآءُ وَيُثْبِتُ

"Allah, istədiyini silər; istədiyini də sabit buraxar..." (Ra'd/39)

----------------

----------------

✓ Altıncı məsələ:

Alimlər, Quranda nəsxin mövcud olduğu xüsusunda, ittifaq etmişlərdir. əbu Muslim ibn Bahr isə, Quranda nəsxin mövcud olmadığını söyləmişdir. Alimlərin cumhuru isə, Quranda nəsxin mövcud olduğuna dair, bir çox dəlil gətirmişlərdir. (Belə ki):

I. Bəqərə/106 ayətidir.

əbu Muslim, buna, bir neçə cəhətdən cavab vermişdir:

1. Nəsx edilmiş ayələrdən murad: "Tövrat və İncil kimi köhnə kitablarda yer alan; və Allah Taala'nın, hökmlərini bizdən qaldıraraq başqası ilə təabbud etməyimizi əmr etmiş olduğu şeylərdən olmaq üzərə, (yəhudilər üçün) şənbə günü qadağası; və şərq və qərb cəhətlərinə yönələrək namaz qılmaq kimi, dini əhkam (hökmlər)"dir. Çünki, yəhudi və xristiyanlar (ətraflarındakı yəhudi və xristiyanlara), "Ancaq sizin dininizə tabe olan kimsələrə iman edin." deyirlərdi. Beləcə, Allah, bunu, bu ayə ilə, onların əleyhinə olmaq üzərə carilikdən qaldırmışdır.

2. Nəsxdən murad: "onun, Lövh-i Məhfuz'dan nəql edilib, başqa kitablara köçürülməsi"dir. Bu, eynilə,

"نسخت الكتاب / nəsəxtu'l-kitəbə / Mən kitabı istinsəx etdim." deyilməsi kimidir.

3. Bu ayə, nəsxin vaqe olduğuna dəlalət etmir. Tam əksinə, nəsx vaqe olmuş olsaydı, mənsux (nəsx edilən)'dən daha xeyirlisi olana doğru olacağına dəlalət edir.

~ Bəzi alimlər, əbu Muslim'in birinci etirazına, belə cavab vermişlərdir:

"Ayə" kəliməsi, mütləq olaraq zikr edildiyi vaxt, bununla qəsd edilən, Quran ayələridir. Çünki, bizim adət etdiyimiz şey, budur.

~ İkincisinə isə, belə cavab vermişlərdir:

Quranın Lövh-i Məhfuz'dan nəql edilməsi, Onun bir qisminə xas bir hal deyildir. Halbuki nəsx, Quranın bəzi qisimlərilə bağlıdır.

Biri, rədd üçün gətirilən bu maddələrdən biri üçün, belə deyə bilər:

"Ayə' ləfzinin Qurana xas olduğunu, qəbul etmirik. Tam əksinə, bu təbir, 'hər cür dəlil' haqqında ümumi olan bir sözdür.

İkincisinə da, ayədə zikr edilən nəsxin, Quranın bir qisminə xas olduğunu da qəbul etmirik. Daha doğrusu, ifadənin təqdiri, belədir:

ما ننسخ من اللوح فا نا نات بعده بما هو خير منه

Yəni:

'Lövh-i Məhfuz'da nəsx etdiyimiz şeylərə gəlincə, biz, bundan sonra, ondan daha xeyirlisini gətirərik." deməkdir.

Il. İkinci dəlil:

Quranda nəsxin mövcud olduğunu söyləyənlərin ikinci dəlili, belədir:

Allah Taala, əri ölmüş qadına, tam 1 il gözləməsini əmr etmişdir ki, bu xüsus, Haqq Taala'nın, "Sizlərdən ölən və özündən sonra zövcələr qoyub gedən kimsələr zövcələrinə bir ilin tamamınadək evlərindən çıxarılmamaq şərtilə baxılmasını vəsiyyət etməlidirlər." (Bəqərə/240) ayətində bəhs edilən xüsusdur.

Sonra bu, 4 ay 10 gün hökmü ilə nəsx edilmişdir. Necə ki, Haqq Taala, Bəqərə surəsi 234-cü ayədə, belə buyurur:

"Sizlərdən ölənlərin qoyub getdiyi zövcələr dörd ay on gün gözləməlidirlər." (Bəqərə/234)

əbu Muslim, belə deyir:

"1 il gözləmək işi, tamamilə ortadan qalxmamışdır. Çünki qadın, əgər hamilə olarsa, ki, onun həmli/yüklənməsinin müddəti, tam 1 ildir. Onun iddəti (gözləmə) müddəti, tam 1 il olmuş olur. Bu hökm, bəzi hallarda davam edincə, bu nəsx deyil, bir təxsis olur."

Buna, bu şəkildə cavab veririk:

Hamiləlik iddətinin müddəti, uşağı doğmaqla sonlanır. Hamiləliyin 1 il və ya daha az və yaxud da daha çox müddət içində olmasının, fərqi yoxdur. Buna görə, bütün 1 ili, iddət müddəti qəbul etmək, tamamilə zail olur.

Ill. Üçüncü dəlil:

Haqq Taala'nın, "Ey iman gətirənlər! Peyğəmbərlə gizli söhbət edəcəyiniz zaman bu söhbətinizdən əvvəl sədəqə verin." (Mücadilə/12) ayətilə, Peyğəmbər (sallallahu aleyhi və səlləm) ilə fısıltı ilə danışmadan əvvəl, sədəqə verməyi əmr etmiş, sonra da bunu nəsx etmişdir.

əbu Muslim, belə deyir:

Bu hökm, səbəbin qalxması ilə ortadan qalxmışdır. Çünki, bu ayə ilə ibadətin əmr edilməsinin səbəbi, sədəqə verməyəcəkləri üçün, münafiqlərin möminlərdən ayırd edilməsidir. Bu qayə gerçəkləşincə, bu hökmlə ibadət də düşmüşdür.

Buna, belə cavab veririk:

Əgər hal belə olsaydı, bu halda sədəqə verməyən hər kəs, münafiq olmuş olardı. Bu isə, batildir. Çünki, rəvayət edildiyinə görə, Əli (radiyallahu anh)'dan başqa kimsə sədəqə verməmiş (yəni, Ondan başqa, bununla əməl edən olmamış)'dır. Haqq Taala'nın: "Məgər siz gizli söhbətinizdən əvvəl sədəqə verməkdən qorxdunuzmu? Əgər siz bunu etməmisinizsə və Allah da tövbənizi qəbul edibsə, onda namaz qılıb zəkat verin." (Mücadilə/13) ayəti, buna dəlalət edir.

IV. Dördüncü dəlil:

Allah Taala, "...Əgər aranızda iyirmi səbirli kişi olsa, kafirlərdən iki yüzünə qalib gələr..." (Ənfal/65) ayətilə, 1 möminin 10 kafirə bədəl olduğunu bildirmiş; sonra da, "İndi Allah sizin yükünüzü yüngülləşdirdi. Çünki O, sizdə zəiflik olduğunu bilirdi. Əgər aranızda yüz səbirli kişi olsa, kafirlərdən iki yüzünə qalib gələr." (Ənfal/66) ayətilə nəsx etmişdir.

V. Beşinci dəlil:

Allah Taala'nın, "Səfeh adamlar deyəcəklər: 'Onları üz tutduqları qiblədən döndərən nə oldu?” (Bəqərə/142) ayətidir.

Haqq Taala, daha sonra, müsəlmanları, "Sən üzünü Məscidu'l-Harama tərəf çevir!" (Bəqərə/144) ayətilə, ilk qiblələrindən (Məscidu'l-Aqsa'dan) döndərmişdir.

əbu Muslim, belə deyir:

"Qiblə haqqındakı digər hökm, tamamilə qaldırılmış deyildir. Çünki, qibləni təyin etmək müşkil olduğunda və ya cəhət bilindiyi halda yönəlmə xüsusunda bir üzr mövcud olduğunda, o (əvvəlki) qibləyə yönəlmək, caizdir."

Buna cavabımız, budur:

Sənin zikr etdiyin hallarda, Beytu'l-Məqdisə yönəlmək ilə digər cəhətlərə yönəlmək arasında, heç bir fərq qalmır. Bundan dolayı, Beytu'l-Maqdisi, başqa cəhətlərdən ayıran xüsusiyyət, tamamilə yox olmuş deməkdir, ki, bu da, bir nəsxdir.

Vl. Altıncı dəlil:

Allah Taala'nın, "Biz bir ayəni başqa bir ayə ilə əvəz etdikdə onlar: 'Sən ancaq bir müftəri (iftiraçı)'san!'- deyirlər." (Nəhl/101) ayətidir.

Təbdil, qaldırmağı və tərk etməyi ehtiva edir. Qaldırılan şey, ya ayətin oxunan ləfzi və ya hökmüdür. O halda, bu, (sənə görə), necə bir qaldırma və nəsx etmə olur?

Biz, bu dəlilləri, uzun-qısa incələdik. Çünki, bunların hər biri, nəsxin bir az da olsa mövcud olduğunu göstərir.

əbu Muslim, belə mühakimə aparır:

Allah Taala, kitabı Quranı, "Nə önündən, nə də arxasından batil ona girişə bilməz." (Fussilət/42) deyə vəsf etmişdir. Əgər nəsx bəhs mövzusu olsaydı, o vaxt, Onun kitabına batil girmiş olardı.

Buna, bu şəkildə cavab veririk:

Bu ayədən məqsəd, bu kitaba, özündən əvvəlki səmavi kitablarda onu ibtal edəcək hər hansı bir şey gəlmədiyi kimi; özündən sonra da, onu ibtal edəcək hər hansı bir şey gəlməyəcəkdir, deməkdir.

-----------------

-----------------

✓ Yeddinci məsələ: (Nəsxin növləri)

Mənsux (nəsx edilən):

~ ya sadəcə ayətin hökmü;

~ ya sadəcə ayətin tilavət edilən (oxunan) ləfzi;

~ ya da ayətin həm tilavəti, həm də hökmüdür.

• Mənsux olanın sadəcə hökm olmasına gəlincə, bunlar, yuxarıda zikr etdiyimiz ayələr kimidir.

• Sadəcə tilavəti (oxunuşu, ləfzi) nəsx edilmiş olan ayələrə gəlincə, bu, nəsx edildiyi Ömər (radiyallahu anh) tərəfindən rəvayət edilən bu ayədir:

O, belə deyir:

Biz, "rəcm" ayətini, "Yaşlı qadın və kişi (yəni, evli olanlar) zina etdikləri vaxt, Allahdan ibrət verici bir cəza olmaq üzərə, o ikisini mütləq rəcm edin. Allah, Əziz'dir, Hakim'dir." deyə oxuyardıq. (haşiyə)

------------------------

(Haşiyə:

https://suallarlaislam.com/m%C9%99qal%C9%99/r%C9%99cm)

-------------------------

Bu da, ləfzi nəsx edilmiş olan ayələrə misal olaraq rəvayət edilmişdir:

"İnsan oğlunun 2 vadi dolusu malı olsa, onlara bir üçüncü vadi dolusu mal qatmağı istəyər. İnsanın qarnını, ancaq torpaq doldurar. Allah, tövbə edənin tövbəsini qəbul edər..."

• Həm hökmü, həm də mətni mənsux olan ayələrə gəlincə, bu, Aişə (radiyallahu anha)'nın bildirdiyi bu hökmdür:

Rida (yəni, süd əmmək) ilə hasil olan məhrəmlik haqqında Quranda ilk nazil olan hökmə görə, məlum olan 10 əmmə ilə hörmət (haramlıq) hasil olundu. Bu, sonra, "5 əmmə" hökmü ilə nəsx edildi. (Muslim, "Rida", 25) Bu halda, 10 əmmə məsələsinin həm tilavəti, həm də hökmü nəsx edilmişdir. 5 əmmənin isə, tilavəti nəsx edilməklə bərabər, hökmü qalmışdır.

Əhzab surəsinin əs-səbu't-tival (ilk 7 uzun surə) kimi, hətta onlardan daha uzun olduğu, lakin sonradan bəzi ayələri nəsx edilərək qısaldıldığı rəvayət edilmişdir.

-----------------------------

-----------------------------

✓ Səkkizinci məsələ:

Müfəssirlər, Haqq Taala'nın, "Biz, bir ayəni nəsx edər və ya unutdurarıqsa..." ayətinin izahı xüsusunda, ixtilaf etmişlərdir. Onlardan:

~ bir qismi, nəsxi, "izalə etmək/ortadan qaldırmaq" mənasında götürərkən;

~ bir qismi də, "Kitabı istinsəx etmək" mənasına almışlardır. Bu görüş, Ata ilə Səid b. Musəyyəb'ə aiddir.

Birinci görüş sahibləri, görüşlərini, bir neçə şəkildə izah etmişlərdir. (Belə ki):

1. Ayə, "Sizin oxuduğunuz bir ayəni nəsx edər və ya daha əvvəl aranızda oxuduğunuz bir ayəni unutdurarsaq..." mənasındadır. Bu, Həsən əl-Basri, Əsamm və bir çox kəlam aliminin görüşüdür. Bunlar,

~ "mə nənsəx min ayətin/bir ayəni nəsx edər" qismini, mətni deyil, hökmü nəsx edilən ayələrə;

~ "nunsihə/unutdurmaq" qismini də, həm ləfzi, həm də hökmü nəsx edilən ayələrə

həml etmişlərdir.

Buna görə, əgər:

"Unutmaq, əqlən və şəri cəhətdən imkansızdır. Əqlən imkansız olması, Quranın, mütləq, təvatür dərəcəsində sayları çox kimsəyə çatmış olması lazımdır. Halbuki, bu sayda insanın hamısının unutması, imkansızdır. Bunun şər'i dəlilinə gəlincə, bu, Allahın: 'Zikri (yəni, Quranı) Biz endirdik və onu, Biz qoruyacağıq.' (Hicr/9) ayətidir." deyilərsə, birinciyə (yəni, əqlən mümkün olmamasına), 2 cəhətdən cavab verərik. Belə ki:

a. Unutmaq, Allahın, Qurandan çıxarılmasını, oxunmasını, namazda tilavət edilən və hüccət gətirilən şeylər cümləsinin xaricində buraxılmasını əmr etməsilə mümkün olur. Özü ilə ibadət etmə hökmü qalxıb, aradan uzun müddət keçincə, o şey unudulur və ya xatırlansa belə ancaq əhəd xəbər səviyyəsində xatırlanır. Bax bundan dolayı, yaddaşlardan silinmiş olur.

b. Bu, Peyğəmbər (sallallahu aleyhi və səlləm) üçün, bir möcüzə sayılır. Bu mövzuda, bir xəbər rəvayət edilir. Bu xəbərə görə, müsəlmanlar, bir surə oxuyurlardı. Ertəsi gün, hamısı bunu unudurlardı.

Onların ikinci dəlillərinə (yəni, unutmağın, şəri cəhətdən mümkün olmamasına) gəlincə, bunun (yəni, mümkün olmamağın), Haqq Taala'nın:

~ "Biz sənə Quranı elə oxumaq imkanı verəcəyik ki, o, yadından çıxmayacaq. Əlbəttə, Allahın istədiyindən başqa." (Əla/6-7); və

~ "Unutduğun vaxt, Rəbbini an." (Kəhf/24)

ayələrinə müxalif olduğunu söyləyərək cavab verərik.

2. Ayətin mənası, "O ayəni dəyişdirərsək, Biz, onun, ya sadəcə hökmünü, ya sadəcə ləfzini, ya da hər ikisini dəyişdirərik." deməkdir.

Allahın, "əv nunsihə/ya unutdurarsaq" ifadəsindən məqsəd isə: "Onu, olduğu kimi buraxar, dəyişdirmərik." deməkdir.

Biz, "nisyan/unutma"ğın, "olduğu hal üzərə buraxmaq" mənasına gəldiyini də izah etmişdik. Buna görə, ayətin ən son mənası, belə olur: "Biz, dəyişdirdiyimizin yerinə, daha xeyirlisini və ya bərabərini gətirərik."

3. "Mə nənsəx min əyətin / Biz bir ayəni nəsx edər" ifadəsi, "Biz, ayəni endirdikdən sonra, onu qaldırarıq." mənasındadır. "Nunsihə / unutdurarıq" ifadəsini isə, həmzəli olaraq "nənsəhə" şəklində oxuyaraq, "Biz, o ayəti, Lövh-i Məhfuz'dan endirməz, təxir edərsək, yəni, ertələyərsək" mənasında götürmüşlərdir.

Və yaxud da, bu ikinci kəlimənin mənası, "O ayətin nəsxini ertələdik. Bu anda nəsx etmirik, ancaq fayda cəhətindən onun yerini tutacaq şeyi endirəcəyik." deməkdir.

4. "Mə nənsəx min əyətin" ifadəsindəki "ayə" kəliməsindən məqsəd: həm hökm, həm də ləfz cəhətindən nəsx ediləcək ayələrdir. "Əv nunsihə / və ya unutdurarsaq", yəni, "olduğu kimi buraxarıq" deyilən ayələrdən murad isə, "hökmləri nəsx edilən ayələr"dir. Belə ayələrin ləfzi, mənsux deyildir; tilavətə (oxunmağa) davam edilərlər.

------------------------

Haqq Taala'nın, "nə'ti bixeyrin minhə əv mislihə / ondan daha xeyirlisini və ya mislini gətirərik" ayəsilə bağlı, 2 görüş vardır:

a. Hökm olaraq daha xəfif olanını;

b. Daha faydalı olanını

gətirərik.

Bu ikinci görüş, daha əvladır. Çünki, bu görüş, mükəlləfi, təbiətinə daha asan gələn şeylərə deyil; faydasına olan şeylərə sövq edər.

İndi, buna görə, əgər: "İkinci gələn hökm, birincisindən daha faydalı olsa, birincisinin faydası, nöqsan olmuş olardı. Bundan dolayı, Allah, bunu necə əmr edər?" deyə soruşulsa, belə deyərik:

~ Birinci gələn hökm, o ayətin gəldiyi zamana görə daha faydalı idi.

~ İkinci gələn ayə isə, daha sonrakı zamana görə daha faydalıdır.

Beləcə, sual da zail olur.

-------------------

Bil ki, alimlər, bu ayədən, bir çox nəsx məsələləri çıxarmışlardır:

• Birincisi:

Bir qrup alim, bir ayənin hökmünün, ancaq ona bədəl gətirilərsə nəsx edilə biləcəyini söyləmiş; və bu ayənin, nəsx bəhs mövzusu olduğu zaman, mütləq o ayədən sonra, ondan daha xeyirlisinin və ya mislinin gətiriləcəyinə dəlalət etdiyini ifadə edərək, bu ayətin, nəsx edilənin yerinə bir bədəlinin mütləq gətiriləcəyi xüsusunda açıq olduğunu söyləyərək dəlil gətirmişlərdir.

Bunlara, belə cavab veririk:

Bundan muradın bu olması, nə üçün caiz olmasın? "O hökmü gətirmək, artıq o əmrə tabe olmaqla qulluq etməyi qaldırmaq, o vaxtda o hökmün davam etməsi halından daha xeyirlidir."

Sonra, bir bədəl enmədən ayələrin nəsx edildiyinə, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'ə fısıltı ilə danışmadan əvvəl sədəqə verilməsi hökmünün yerinə başqa bir hökm gətirilmədiyi halda nəsx edilmiş olması dəlalət edir. (bax: Mücadilə:12)

• İkincisi:

Bir qrup alim də, belə demişlərdir: "Daha ağır bir hökm gətirmək üçün, bir ayənin nəsx edilməsi, caiz deyildir."

Bunlar, "Allah'ın, 'Ondan daha xeyirlisini və ya mislini gətirərik.' ayəti, nasix (nəsx edən) ayətin hökmünün daha ağır olmasını nəsx edər. Çünki, daha ağır olan, daha xeyirli və ya əvvəlkinə bərabər ola bilməz." deyərək dəlil gətirmişlərdir.

Bunlara da, belə cavab veririk:

Ayədəki "daha xeyirlisi" ifadəsilə qəsd edilən şeyin, "axirət xüsusunda daha çox savab qazandıracaq olan bir hökm" olması, nə üçün caiz olmasın?

Həm sonra, belə bir nəsxin vaqe olduğuna, Haqq Taala'nın,

~ zina edən qadınlar haqqında, evlərində həbs edilmələri hökmünü, onlara şallaq vurulması və rəcm edilmələri hökmü ilə;

~ aşurə orucunu, ramazan ayı orucu ilə;

~ bəzilərinə görə, namazlar, başlanğıcda 2-2 rükətli ikən, muqim olanlar üçün bunu 4-4 rükətli namazlar ilə

dəyişdirməsi dəlalət edir.

Bunu yaxşıca fəhm etdiyində, biz deyirik ki:

Bir hökmün, daha ağır şəklilə dəyişdirilməsi (yəni, nəsxi), yuxarıda keçən misallarda vaqe olmuşdur.

Hökmün, daha xəfifilə nəsx edilməsinə gəlincə, bu məsələ,

~ iddət müddətinin 1 il ikən, 4 ay 10 günə;

~ gecə namazlarının, vacib ikən; muxayyər (seçimdə sərbəst) buraxılmasına

doğru nəsx edilməsi kimidir.

Bir hökmün, misli olan bir hökmlə nəsx edilməsi isə, qiblənin, Beytu'l-Maqdis'dən Kəbə'yə çevrilməsi kimidir.

• Üçüncüsü:

Şafi: "Quran, mütəvatir hədislə nəsx oluna bilməz." demiş və bu görüşünə, bu ayə (yəni, Bəqərə/106) ilə istidlal etmişdir. (Belə ki, O deyir):

a. Allah Taala, nəsx etdiyi ayələrə bədəl olaraq, ondan daha xeyirlisini xəbər vermişdir ki, bu, Onun, o ayə cinsindən bir şey gətirəcəyini göstərir. Necə ki, biri: "Mən, səndən bir paltar alsam, ondan daha xeyirlisini gətirərəm." dediyində, bu söz, onun, paltar cinsindən daha yaxşı bir paltar gətirəcəyini ifadə edir. Bunun belə olduğu sabit olunca, mütləq, nəsx edici şeyin, nəsx edilən şeyin cinsindən olması lazımdır. Bundan dolayı, Quranın cinsi, yenə Qurandır.

b. Allah Taala'nın, "Ondan daha xeyirlisini gətirərik." buyurması, bu daha xeyirlini, yalnız Özünün gətirəcəyini göstərir. Bu isə, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in gətirdiyi sünnət deyil; Allahın kəlamı olan Qurandır.

c. Allah Taala'nın: "Ondan daha xeyirlisini gətirərik." buyurması, gətirilən şeyin (yəni, nasixin), (mənsux) ayədən daha xeyirli olmasını gərəkdirir. Halbuki sünnət, Qurandan daha xeyirli ola bilməz.

d. Haqq Taala, "Məgər bilmirsiniz ki, Allah hər şeyə qadirdir?" buyurmuşdur. Bu, daha xeyirli olanı gətirənin, bütün xeyirlərə gücü çatan Şəxs olduğuna dəlalət edir ki, O da, Allah Taala'dır (yəni, Peyğəmbər deyildir).

İmam Şafi'nin bu 4 görüşünün hamısına, topyekun beləcə cavab verilə bilər:

Allah Taala'nın "Ondan daha xeyirlisini gətirərik." ayəsindəki bu xeyrin, "nasix/nəsx edən" olması gərəkdiyi xüsusu, bu ayədə yer almır. Əksinə, bu, daha xeyirli olan şeyin, nəsxin meydana gəlməsindən sonra gerçəkləşəcək və nasixə muğayyir (yəni, nasixdən başqa bir şey) olması da, möhtəməldir. Bu ehtimalın həqiqət olduğuna, bu ayətin, daha xeyirlisini gətirmədə ilk ayətin nəsxinə söykənməsi xüsusunda açıq bir ifadənin mövcud olması dəlalət edər. Əgər bir ayətin nəsx edilməsi, bu daha xeyirli olanı gətirməyə söykənsəydi, bu, fasid dövrü gərəkdirərdi. Bu isə, batildir.

Sonra, cumhur, Quranın hədis ilə də nəsx edilməsinin, felən vaqe olduğunu da söyləmişlərdir. Çünki:

~ qohum-əqrəbalara vəsiyət etməyi ifadə edən (Bəqərə/180) ayəti, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in: "Diqqət edin! Varis olacaq kimsə lehinə, vəsiyyət yoxdur." (əbu Davud, "Vəsaya", 6) hədisi ilə;

~ cəldə ayəti (Nur/2), evlilər üçün rəcm gərəkdiyini ifadə edən hədis ilə nəsx edilmişdir.

(İmam Fəxrəddin ər-Razi əl-Əşari, "Məfatihu'l-Ğeyb" təfsiri)

 

 

Read 13 times
In order to make a comment, please login or register
OXŞAR SUALLAR