Bəqərə surəsi 161-ci ayətin təfsiri

إِنَّ ٱلَّذِينَ كَفَرُوا۟ وَمَاتُوا۟ وَهُمْ كُفَّارٌ أُو۟لَـٰٓئِكَ عَلَيْهِمْ لَعْنَةُ ٱللَّهِ وَٱلْمَلَـٰٓئِكَةِ وَٱلنَّاسِ أَجْمَعِينَ

"Kafir olub kafir kimi ölənlərə, Allahın, mələklərin və bütün insanların lənəti olsun!" (Bəqərə/161)

-------------------------

Təfsiri:

Deyildi ki, burda yer alan:

~ "Allahın lənəti olsun!" (ifadəsindən murad olunan): Allahın, onları cəhənnəmə atması və əbədiyyən orda saxlamasıdır;

~ "Mələklərin lənəti olsun!" (ifadəsindən murad olunan): Mələklərin lənəti, bu ayələrdə yer aldığı kimidir:

"Mələklər deyəcəklər: 'Məgər elçiləriniz açıq-aydın dəlillər gətirməmişdilər?” (Ğafir/50).

Bu, onların, əzablarının xəfiflədilməsindəki tələblərinə, cavab olaraq söylənəcəkdir.

Və bu ayə:

"Rəbbinizə yalvarın ki, heç olmasa, bircə gün əzabımızı yüngülləşdirsin!” (Ğafir/49);

Bir də bu ayə:

"Ey Rəbbimiz! Bizi oradan çıxart! Əgər bir də günah işlərə qayıtsaq, həqiqətən də, zalım olarıq." (Mu'minun/107)

Mələklər isə, (Allah adına), onlara belə cavab verərlər:

"Orada alçalmış vəziyyətdə qalın və Mənə heç nə deməyin!" (Mu'minun/108)

Bu, mələklərin lənəti cəhətindən edilən təvildir.

~ "Bütün insanların lənəti olsun!" ayəsi də, belə təvil edilmişdir:

"Od sakinləri, Cənnət əhlini səsləyib deyəcəklər: 'Bizim üstümüzə bir az su və ya Allahın sizə verdiyi ruzidən tökün.' Onlar isə deyəcəklər: 'Allah, bunları kafirlərə haram etmişdir." (Əraf/50)

Bax bu da, insanların lənəti (yəni, cənnət əhlinin, onlara rəhimli davranmaqdan uzaqlığı)'dır.

(imam əbu Mansur əl-Maturidi, "Tə'vilatu'l-Quran" təfsiri, -müxtəsər-)

-------------------------

-------------------------

İmam Fəxrəddin ər-Razi əl-Əşari, "Məfatihu'l-Ğeyb" adlı təfsirində, belə deyir:

Əgər, "(Kafirlərin) öz dinindən olanlar, onlara (yəni, kafirlərə) lənət etmədiyi halda; necə olur ki, bütün insanlar, onlara lənət edir?" deyilərsə, biz də, buna, belə cavab verərik:

a. Onun dinində olanlar (da), ona lənət edərlər. Çünki, Haqq Taala:

... ثُمَّ يَوْمَ ٱلْقِيَـٰمَةِ يَكْفُرُ بَعْضُكُم بِبَعْضٍ...

"...Sonra isə, Qiyamət günü, bir-birinizi kafir adlandırıb lənətləyəcəksiniz..." (Ənkəbut/25) buyurmuşdur.

b. Qatadə və Rəbi, Haqq Taala'nın, "bütün insanlar" sözü ilə, "möminlər"i qəsd etdiyini; sanki onlardan başqasına etibar etmədiyini və sadəcə möminlərin insan olduğuna hökm etdiyini söyləmişlərdir.

c. Hər kəs, cahil və zalıma lənət edər. Çünki, cahilliyin və zülmün pis olduğu, ağıllarda yerləşmişdir. İnsan, özünün də belə olduğunu bilməsə belə, özü, hədd-i zatında cahil və ya zalım olduğu zaman, (başqa) cahil və zalım(lar)a lənəti, özünə də şamil olur. Bu görüş, Süddi'yə aiddir.

d. Lənətin edilməsi, lənətə layiq olma mənasına da həml edilə bilər. (Yəni, Allah, mələklər, insanlar lənət etsin sözündən murad: kafirlər, Allahın, mələklərin, insanların lənətinə, yəni rəhmətindən uzaqlığına layiqdirlər.)

Read 21 times
In order to make a comment, please login or register
OXŞAR SUALLAR