Bəraət gecəsi -3

Bəraət gecəsi haqqında- 3

• əl-Bəzzar rəvayət edir ki, Əbu Bəkr deyib:

"Allahın elçisi - salləllahu aleyhi va səlləm - dedi:

"Şabanın orta gecəsi olduqda Allah - təbərakə və təalə - dünya səmasına enir və müşrik və ya qardaşı ilə düşmənçilik edəndən savayı bütün bəndələrini bağışlayır."

(əl-Heysəmi dedi: Bunu əl-Bəzzər rəvayət edib, isnadında Abdulməlik bin Abdilməlik vardır ki, İbn Əbi Hətim onu "əl-Cərh vat-Tədil"də zikr dir və zəif olduğunu demir. Geriyə qalan ravilər siqadır."

------------------------------------

• ət-Tabərani'nin rəvayətində Əbu Sələbə deyir ki, peyğəmbər - salləllahu aleyhi va səlləm - dedi:

"Şabanın orta gecəsi Allah qullarına baxır, möminləri bağışlayır, kafirləri isə möhlət verir və həsəd əhlini isə Ona dua edənə qədər həsədləri ilə tərk edir."

(əl-Heysəmi deyir: İsnadında əl-Əhvas bin Həkim vardır və o, zəifdir.)

-----------------------------

• İbn Macə'nin sünənində isə, Əbu Musa əl-Əşari Allahın elçisinin - salləllahu aleyhi va səlləm - belə dediyini rəvayət edir:

"Allah şabanın orta gecəsi nəzər salır, müşrikdən və muşəhin'dən başqa bütün yaratdıqlarını bağışlayır."

İmam İshaq bin Rahaveyh "muşəhin" sözü haqqında deyir:

"əl-Əvzai bunu belə təfsir edib ki, muşəhin ümmətdən ayrılmış bidət əhlidir."

(əs-Sindi deyir ki, isnadı zəifdir. əl-Albani deyir ki, həsəndir.)

-----------------------------

• əl-Bəzzər isnadı ilə Əbu Hureyra'nın belə dediyini rəvayət edir:

"Allahın elçisi - salləllahu aleyhi va səlləm - dedi:

"Şabanın orta gecəsi olduqda müşrik və muşəhin istisna olmaqla Allah qullarının hamısını bağışlayır."

(əl-Heysəmi deyir: İsnadında Hişəm bin Abdirrahmən var, onu tanımıram və geri qalan ravilər siqadır.)

--------------------------------

• İmam Əhməd əl-Musnəd kitabında Abdullah bin Amr'dan Allahın elçisinin - salləllahu aleyhi va səlləm - belə dediyini rəvayət edir:

"Allah şabanın orta gecəsi insanlarına nəzər salır və ikisindən savayı hamısını bağışlayır: muşəhin və özünü öldürən."

(Şueyb əl-Arnavut deyir: "şahidləri ilə birlikdə səhih bir hədisdir, bu isnad isə İbn Ləhiə və Həyy bin Abdilləhin zəifliyinə görə zəifdir..." Daha sonra qeyd edir ki, bu hədisin şahidləri Aişədən, Muaz bin Cəbəldən, Əbu Musa əl-Əşaridən, Əbu Bəkr, Əbu Sələbə əl-Xuşəni, Əbu Hureyra, Auf bin Məlik'dən rəvayət olunub. Bu sənədlərin hamısında ayrı-ayrılıqda zəiflik olsa da hamısı bir-birini dəstəkləyir və gücləndirir.)

-------------------------------

Bu və bu mənada olan rəvayətləri digər səhabələr də rəvayət ediblər; onların arasında Aişə, Auf bin Məlik, Kəsir bin Murra əl-Hədrami, Muaz bin Cəbəl və başqaları vardır.

• Abdurrazzəq "əl-Musannəf" də rəvayət edir ki, İbn Ömər dedi:

"Beş gecə var ki, orada dua geri çevrilməz:

• cümə gecəsi,

• rəcəbin ilk gecəsi,

• şabanın ortasının gecəsi; və

• bayram gecələri."

İsnadı zəifdir.

-----------------------------------

• Lakin İmam əş-Şafi "əl-Umm" kitabında deyir:

"Mənə belə dedikləri çatıb ki, "dua beş gecədə müstəcəbdir:

• cümə gecəsi,

• ədha gecəsi,

• fitr gecəsi,

• rəcəbdən ilk gecə və

• şabanın orta gecəsi.

Bizə İbrahim bin Muhəmməd xəbər verdi: Mədinə əhlinin ən xeyirlilərindən olan şeyxləri gördüm, bayram gecəsi peyğəmbərin - salləllahu aleyhi va səlləm - məscidinin damına çıxar, gecədən bir vaxt keçənə qədər dua edər və Allahı zikr edərdilər.

Bizə çatıb ki, İbn Ömər "cumə" gecəsini ihya edərdi və "cumə" gecəsi bayram gecəsidir, çünki o gecənin səhərsi heyvan kəsirlər. Mən də bu gecələr haqqında rəvayət edilənlərin hamısını müstəhəb görürəm, fərz hesab etmirəm." (əl-Umm, 1/264)

-------------------------------

• İbn Rəcəb əl-Hənbəli deyir:

"Şabanın orta gecəsini:

• Xalid bin Mədən;

• Məkhul;

• Luqman bin Amir;

və başqaları kimi Şam əhlindən olan tabiilər təzim edərdilər və o gecə ibadətdə çox çalışardılar, insanlar da bu gecənin fəzilətini və təzimini onlardan öyrəniblər."

İbn Rəcəb daha sonra şam əhlinin özü arasında bu gecəni necə keçirməklə bağlı fərqli fikirdə olduqlarını qeyd edir;

~ Bir rəyə görə:

O gecəni camaatla birlikdə məsciddə ihya etmək müstəhəbdir. Xalid bin Mədən və Luqman bin Amir və başqaları o gecə ən yaxşı paltarlarını geyinərdilər, ətirlənər və sürmə çəkərdilər və o gecəni məsciddə namaz qılardılar. İshaq bin Rahaveyh onlara bu nöqtədə müvafiq olub və deyib:

“Bu gecəni məscidlərdə qiyamda keçirmək bidət deyildir.”

Bunu ondan Hərb əl-Kirməni “əl-Məsəil” kitabında nəql edib.”

~ İbn Rəcəb daha sonra ikinci rəyi qeyd edir və deyir:

“Bu gecə məscidlərdə namaz üçün, qissələr danışmaq və dua etmək üçün toplaşmaq məkruhdur, amma bir kimsənin xüsusilə özü üçün namaz qılması məkruh deyildir. Bu isə, Şam əhlinin imamı, fəqihi və alimi əl-Əvzainin rəyidir.”

İbn Rəcəb bundan sonra öz rəyini bildirərək deyir:

“Ən doğru olan da inşallah budur.”

Daha sonra İbn Rəcəb, tabiindən bu gecənin fəziləti ilə bağlı sabit olan rəvayətlərə yer verir və deyir:

“Bu barədə Şam əhlinin fəqihlərinin böyüklərindən bir qrupdan sabit olub və Kəb’dən belə dediyi rəvayət olunub:

“Allahu təalə şabanın orta gecəsi Cibrili cənnətə göndərir, ona bəzənməyi əmr edir və deyir:

“Allahu təalə, sənin bu gecəndə səmadakı ulduzlar qədər, dünya günlərinin və gecələrinin sayı qədər, ağac yarpaqlarının sayı qədər, dağların ağırlığı qədər və qum dənələrinin sayı qədər günah azad etdi.”

Həmçinin Said bin Mənsur rəvayət edib:

“Əbu Məşər bizə Əbu Həzim və Muhəmməd bin Qeysdən, o da Ata bin Yəsər’dən belə dediyini rəvayət edib:

“Qədr gecəsindən sonra şabanın orta gecəsindən əfzəli yoxdur; Allah – təbərakə və taələ - dünya səmasına enir, müşrikdən, müşahindən və qohumluq əlaqələrini kəsənlərdən başqa hər kəsi bağışlayır.

Ey o gün atəşdən azad olunan kəs, səni bu böyük hədiyyə münasibətilə təbrik edirəm! Ey bu günü rədd olunmuş kəs, Allah sənə bu müsibətində güc versin, çünki bu, böyük bir müsibətdir.”

İbn Rəcəb bunları qeyd etdikdən sonra deyir:

“Möminə bu gecədə özünü Allahı zikr etməyə, günahlarının bağışlanması, eyiblərinin örtülməsi, dərdlərinin aparılması üçün dua etməsi münasibdir, bütün bunlardan əvvəl tövbə etsin, çünki Allah bu gecədə tövbələri qəbul edir.” (Lətaiful-Məarif, səh: 137-138)

--------------------------------------

• İbn Teymiyyədən şabanın orta gecəsinin namazı haqqında soruşublar və o deyib:

“Əgər orta gecəni sələfdən bir çox qrupun etdiyi kimi özü tək və ya xüsusi olaraq bir camaatda namaz qılarsa bu, daha gözəldir. Amma miqdarı müəyyən edilmiş bir namaz üçün, misal üçün yüz rükət qılmaq və “qul huvallahu əhəd”i min dəfə oxumaq üçün məscidlərdə toplaşmağa gəldikdə isə bu, bidətdir və imamlardan heç kim bunu müstəhəb görməyib.” (əl-Fətəva əl-Kubra, 2/262; Məcmu əl-Fətəva, 23/131)

--------------------------------

Xülasə: Bu gecənin fəziləti haqqında hədislər o qədər çoxdur ki, onların sənədlərində problem olsa da, mühəddislər onların məcmusunu səhih olaraq qəbul ediblər.

~ Müasirlərdən əl-Albani, Şueyb Arnavut və başqaları hədisə səhih hökmü veriblər.

~ Keçmişdəki hafizlərdən əl-Beyhəqi, əl-Busiri, əl-İraqi, İbn Teymiyyə və başqaları da bu rəydə olublar.

~ Tabiindən 70 səhabə ilə qarşılaşmış Əbu Abdilləh Xalid bin Mədən Şam əhlinin imamlarından sayılır. Həmçinin Məkhul bin Abdilləh əl-Huzəli də Şam əhlinin fəqihlərindən və imamlarından sayılır. Digər tərəfdən Ata bin Yəsar isə Mədinə əhlinin imamlarındandır.

~ Səhabədən bu gecənin fəziləti Abdullah bin Ömərdən rəvayət olunub, bu rəvayət bizə səhih isnadla gəlməsə də, Muhəmməd bin İdris əş-Şafi kimi bir imam bu rəvayətə etibar edib, ona əsasən o gecələrdə ibadət etməyi müstəhəb sayıb. Həmçinin əş-Şafi ilə yanaşı, Abdurrahmən bin Amr əl-Əvzai və İshaq bin Rahaveyh kimi böyük imamlardan da bu sabitdir.

Bu və digər səbəblərə görə dörd məzhəbin fəqihləri, o cümlədən ən-Nəvəvi, İbn Teymiyyə, İbn Rəcəb kimi alimlər, bu gecənin fəzilətini qəbul ediblər və bu gecəni ihya etməyə müstəhəb baxıblar.

© Samir Firdovsioğlu

Read 19 times
In order to make a comment, please login or register