Cadugər və ya falçıların hökmü

Aişə (radiyallahu anha)'dan belə rəvayət edilir:

Bəni Zureyq yəhudilərindən Ləbid b. Ə'sam deyilən bir yəhudi, (bir dəfə) Nəbi (sallallahu aleyhi və səlləm)'ə sehr (cadu) etdi. Hətta Nəbi (sallallahu aleyhi və səlləm), bəzi işlərə gücü çatmadığı halda, edə biləcəyini zənn edirdi.

Aişə deyir ki:

Nəhayət bir gün və ya bir gecə, Allah rəsulu (sallallahu aleyhi və səlləm), (bu narahatlığından qurtulmaq üçün), Allah 3 dəfə dua etdikdən sonra, belə buyurdu:

"Ey Aişə, bilirsənmi? Allah, mənim duamı qəbul etdi. Belə ki:

Mənə 2 nəfər (Cəbrayıl və Mikayıl) gəldi. Bunlardan biri baş tərəfimdə, digəri də ayaq tərəfimdə oturdu.

- Baş tərəfimdəki, ayaq tərəfimdə oturana və ya ayaq tərəfimdəki şəxs, baş tərəfimdə oturana:

'Bu şəxsin narahatlığı nədəndir?' deyə soruşdu.

- O da:

"O, sehrlənmişdir (Ona cadu edilmişdir)." deyə cavab verdi.

- Sual soruşan şəxs:

"Kim Ona sehr (cadu) etmişdir?" deyə soruşdu.

- O da:

"Ləbid b. əl-Ə'sam." deyə cavab verdi.

- Sual soruşan şəxs (bu dəfə):

"Sehri (cadunu) hansı şeydən etdi?" deyə soruşdu.

- O da:

"Bir daraq, saç və saqqal və erkək xurmanın tumurcuğundan etdi." deyə cavab verdi.

- Sual soruşan şəxs:

"O sehr edilmiş şeylər hardadır?" deyə soruşdu.

- O da:

"Zi Ərvan quyusundadır." dedi.

Aişə (radiyallahu anha) deyir ki:

Sonra Nəbi (sallallahu aleyhi və səlləm), səhabələrdən bir neçə şəxs ilə bərabər o quyuya getdi. Ordan gəldikdən sonra:

"Allaha and olsun ki, ey Aişə, o quyunun suyu, eynilə xına qarışdırılan su kimi (qırmızı) və quyunun ətrafındakı xurma ağacları, eynilə şeytanların başları kimidir (yəni nə suyunda, nə ağaclarında xeyir vardır)." buyurdu.

Aişə deyir ki, Mən:

"Ey Allahın rəsulu! Bəs o sehr (cadu) edilən şeyləri (çıxarıb) yandırmadınmı?"

dedim. Allah rəsulu (sallallahu aleyhi və səlləm):

"Xeyr, (çıxarıb) yandırmadım. Çünki Allah mənə sihhət (şəfa) verdi və Mən, onu (çıxarıb) yandırmaqla, sehrin (cadunun) şərrinin, xalq arasında yayılmasından narahat oldum."

buyurdu.

Aişə (radiyallahu anha) belə deyir:

"Sonra Nəbi (sallallahu aleyhi və səlləm)'in əmriylə, o quyu bağlanıldı (örtüldü)."

--------------------

İzahı:

Bu hədis:

• Buxari (hədis no: 3268)

• Muslim;

• Əhməd;

• Taberani; və

• Beyhaqi

tərəfindən də rəvayət edilmişdir.

Ləbid b. əl-Ə'sam adlı yəhudinin etdiyi sehr (cadu) işini, Allah rəsulu (sallallahu aleyhi və səlləm)'ə bildirən 2 şəxsin mələk olduqları, Əhməd və Taberani'nin rəvayətində bildirildiyi, əl-Hafiz ibn Həcər tərəfindən söylənmişdir. Yenə əl-Hafiz'in "Fəthu'l-Bari"də bəyan etdiyinə görə, bu 2 mələyin: Cəbrayıl ilə Mikail olduqları, ibn Sa'd'ın münqatı, yəni sənədində qopuqluq olan bir rəvayətində bildirilmişdir.

Allah rəsulu (sallallahu aleyhi və səlləm)'ə gələn 2 mələkdən hansının suallar soruşduğu və hansının cavablar verdiyi xüsusunu tədqiq edən əl-Hafiz, bu mövzudakı rəvayətləri nəql etdikdən sonra belə deyir:

"Bu rəvayətlərin bütünündən anlaşılan odur ki, suallar, Mikayıl (əleyhissəlam) tərəfindən soruşulmuş, cavablar da, Cəbrayıl (əleyhissəlam) tərəfindən verilmişdir."

----------------------------

Hədisdə keçən bəzi kəlimələri açıqladıqdan sonra, Allah rəsulu (sallallahu aleyhi və səlləm)'ə edilən sehr (cadu) hadisəsi və sehr (cadu) işi haqqında qısaca məlumat verməyə çalışaq:

Bəni Zureyq, Mədinədə iqamət edən (yerləşən, yaşayan) Xəzrəc qəbiləsinin bir qoludur. Bu qol, İslamı qəbul etməməklə, Xəzrəc qəbiləsindən ayrılmışdır.

Ləbid b. əl-Ə'sam, bu qola mənsub bir yəhudi idi. Bəzi rəvayətlərə görə, şəklən İslamı qəbullanan münafiqlərdən idi.

---------------------------

"İfta": Kəlimənin əsl mənası, "fətva vermək"dir. Lakin burda:

• Allah rəsulu (sallallahu aleyhi və səlləm)'in etdiyi duanı qəbul buyurması; və ya

• İstəyini yerinə gətirməsi mənasında istifadə edilmişdir.

"İstifta": Kəlimənin əsl mənası, "fətva soruşmaq"dır. Burda isə, Allah rəsulu (sallallahu aleyhi və səlləm)'in Allaha dua etməsi mənasında istifadə edilmişdir.

"Matbub": "sehrlənmiş (cadulanmış) kimsə" deməkdir.

"Muşt": "daraq" deməkdir.

"Muşata": "saç" və "saqqal" qalığıdır.

"Tal'a": "xurma tumurcuğu"dur.

"Cuff": "çiçək qabı"dır.

"Nuqaa": "xınanın qarışdığı və rəngi qırmızılaşan su" deməkdir.

Davudi belə deyir:

"Nuqaa kəliməsi ilə, xınanın yoğrulduğu qabın yuyulmasında istifadə edilmiş olan bulanıq su" mənası qəsd edilmişdir.

-----------------------------------

Nəvəvi, Allah rəsulu (sallallahu aleyhi və səlləm)'in sehr (cadu) vasitələrini quyudan çıxarıb yandırmaması üçün bildirdiyi səbəb ilə bağlı olaraq belə deyir:

"Allah rəsulu (sallallahu aleyhi və səlləm), sehr (cadu) vasitələrini quyudan çıxartmağı arzulamamışdır. Çünki çıxarması halında:

• müsəlmanların sehri (cadunu) xatırlamasından;

• belə işlər görməyə təvəssül etməsindən; və

• bunu yaymaqlarından

narahatlıq duymuşdur. Bu davranış, fitnə və fəsadın yayılması qorxusu ilə, faydalı olan bir işi tərk etmək qəbilindəndir."

------------------------------

Sünən-i əbu Davud'un "əl-Muavvizeteyn" babında rəvayət edilən Uqbə b. Amir (radiyallahu anh) hədisinin şərhində, "əl-Mənhəl Azbi'l-Məvrud şərh-u Sunən-i əbu Davud" müəllifi: imam Mahmud Muhamməd Xattab əs-Subqi, 8-ci cildin 118-122-ci səhifələrində, gərək Nəbi (sallallahu aleyhi və səlləm)'ə edilən sehr (cadu) hadisəsi və gərəksə sehrin (cadunun) mahiyyəti, bu mövzuya dair elm əhlinin görüşləri və sehrbazlıqla (cadugərliklə) iştiğal edənlərə verilməsi gərəkli olan cəzalar haqqında geniş məlumat vermişdir.

Ordakı məlumatları burda nəql etmək, bir xeyli yer tutacağından, bir qismini nəql etməklə kifayətlənək. Daha təfsilatlı məlumat üçün, ora baxıla bilər.

"Əl-Mənhəl Azbi'l-Məvrud şərh-u Sunən-i əbu Davud" müəllifi, bu bölmədə, icmal olaraq belə deyir:

"Fələq və Nas surələrinin eniş səbəbi, budur:

Müfəssirlərin dediyi kimi, hicrətin 7-ci ilində baş verən Xeybər döyüşündən sonra yəhudilərin iləri gələnləri, sehrbaz (cadugər) Ləbid b. əl-Ə'sam'ın yanına gələrək:

'Sən, sehrbazlıqda (cadugərlikdə), hamımızdan üstünsən. Biz, Muhamməd (sallallahu aleyhi və səlləm)'ə çox sehr (cadu) etdik. Lakin sehrlərimiz (cadularımız), Ona təsir etmədi. Bu etibarla, Ona təsir edəcək bir sehr (cadu) etsən, sənə 3 dinar qızıl verəcəyik.' dedilər.

Bunun üzərinə, Ləbid, bu işi qəbullanaraq, Allah rəsulu (sallallahu aleyhi və səlləm)'ə xidmət edən bir yəhudi ilə təmasa keçdi və onun vasitəsilə, Allah rəsulu (sallallahu aleyhi və səlləm)'in istifadə etdiyi xüsusi bir daraq ilə, Onun mübarək saç və saqqalının artığından bir miqdarı ələ keçirə bildi və sehr (cadu) vasitəsi olaraq istifadə etdi.

Edilən sehr (cadu), 40 gün davam etdi. Bir rəvayətə görə, 6 ay, başqa bir qövlə görə də, 1 il davam etdi. Ən qüvvətli rəvayət, sonuncusudur.

Sonra "Muavvizeteyn", yəni Fələq və Nas surələri endi və Allah rəsulu (sallallahu aleyhi və səlləm), bu 2 surəni oxumaqla şəfa tapdı."

(Burda, "əl-Mənhəl" müəllifi, Aişə (radiyallahu anha)'nın bu babdakı rəvayət olunan hədisini nəql edir.)

"əl-Mənhəl" müəllifi davam edərək, belə deyir:

"Bəziləri sehrin (cadunun) təsirində qalmağın, Peyğəmbərlik şanına uyğun olmadığı gərəkcəsilə, bu hədisi qəbul etmək istəməmişlərsə də, bu görüş, səhih hədislər və səhabələrin icması ilə rədd edilmişdir. İləri sürülən səbəb də, varid və məqbul deyildir. Çünki edilən sehr (cadu), Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in qəlbinə və ağlına, ən kiçik bir təsir etməmiş, sadəcə vücudunda narahatçılığa yol açmışdır.

Nifrət etdirici olmayan bəzi mutad (adət edilmiş) xəstəliklərə tutulmaq, Peyğəmbərlik məqam və vəzifəsinə kölgə düşürtmədiyi kimi, sehr (cadu) hadisəsi səbəbilə duyulan vücud narahatlığı da, peyğəmbərlik şanına kölgə düşürməz. Necə ki, Aişə (radiyallahu anha)'nın bu hədisində bildirdiyi kimi:

• Allah rəsulu (sallallahu aleyhi və səlləm)'in narahatlığa bir müddət səbr etdikdən sonra, bir gün və ya bir gecə şəfaya qovuşmaq üçün 3 dəfə Allaha dua etməsi;

• Yanına gələn Cəbrayıl və Mikayılla (Allahın onlara salamı olsun) görüşmələrini eynilə nəql etməsi; və

• Olub-bitənləri Aişəyə bildirməsi,

bəhs mövzusu narahatlığın, sadəcə bədəninə təsir etdiyinə, lakin mübarək qəlbinə və ağlına ən kiçik bir təsir etmədiyinə, açıqca dəlalət edər."

"əl-Mənhəl" müəllifi, bunu təyid edən (dəstəkləyən, qüvvətləndirən) Qadı İyad, imam Mazəri və başqa alimlərdən nəqlən açıqlamalar verdikdən sonra, sehr (cadu) işi haqqında, icmal olaraq bu məlumatları verir:

Sehr: ərəb dilində, "səbəbi gizli və incə olan iş" mənasında istifadə edilir. Göz boyamaq, hiyləkarlıq, aldatmaq mənalarına gəlir.

Bu kəlimə, fövqəl-adi hallara bənzəyən əcaib halları və işləri göstərmək mənasında da istifadə edilir.

Cumhura görə, sehrbazlıq (və ya cadugərlik) işi, fövqəl-adi bir şeydir. Bəzi xüsusi işlər görmək surətilə, pis ruhlu insanlarda görülür. Bu işdə müvəffəq ola bilmək üçün, söz, fel, hərəkət və etiqad cəhətindən, pis və çirkin davranmaq surətilə, şeytana yaxınlıq peyda etməkdir. Belə ki:

Küfür və Allaha ortaq qoşmağı, şeytanı tərifləməyi və istəklərinə alət etməyi ifadə edən azğın sözləri ehtiva edən şeylər etmək, davamlı olaraq qüslsuz gəzmək, fisq və fücuru, hər növ pisliyi adət halına gətirmək və şeytana yaxınlaşdırıcı hər işi mənimsəyib ona sevgi bəsləmək yolunu tutmaq gərəkdir.

Beləcə, hər cəhətdən azğınlıq çuxuruna və bataqlığına düşən kimsə, şeytanlarla bərabər iş görmüş olur və sehrbazlığı (cadugərliyi) əldə edir.

Mələklər, ibadətlərə və Allaha yaxınlaşdırıcı xeyirli işlərə davam etmək surətilə, özlərinə bənzəyən vəlilərə, mübarək və üstün möminlərə (Allahın izni və qüdrətilə) kömək etdikləri kimi, şeytanlar da, pisliklərdə özlərinə bənzəyən pis ruhlu insanlara kömək edərlər.

Sehrbazlar (cadugərlər), yuxarıda bildirilən əlamət və işarətlərlə, Peyğəmbərlər və vəlilərdən ayırd edilirlər. Bu etibarla, sehrbaz (cadugər) kimsənin göstərə biləcəyi fövqəl-adi bir hal, möcüzələrdən və kəramətlərdən ayırd edilirlər və aralarında bir bənzərlik qalmamış olur.

Hal belə olunca, mötəzilə mənsublarının:

"Əgər şeytanlar vasitəsilə qeybdən xəbər vermək və fövqəl-adi bir hal göstərmək, insanlar üçün mümkün olsaydı, sehrbazlıq (cadugərlik) yolu ilə peyğəmbərlik yolu, başqa sözlə, sehr (cadu) ilə möcüzə, bir-birindən ayırd edilə bilməzdi..."

şəklindəki iddiaları, rədd edilmiş olur.

-------------------

Sehr (cadu) haqqında əhl-i sünnətin görüşü:

Əhl-i sünnət məzhəbinə görə, sehr (cadu) həqiqətən vardır. Alimlərin əksəriyyətinin görüşünə görə, sehr (və ya cadu) ilə məşğul olmaq, küfürdür.

Allamə Taftazani:

"Sehrin (cadunun) küfür olmadığı yolunda bir rəvayət yoxdur." demişdir.

Lakin əbu Mansur isə, belə deyir:

"Sehr (cadu) işi, imanı zədələyici bir səviyyədədirsə, küfür; imanı ihlal etməyəcək (zədələməyəcək) bir şəkildədirsə, küfür olmaz."

Sehr (cadu):

• insana, mənfi yöndən təsir edir;

• onu xəstələndirir;

• dəliliyə səbəbiyyət verir. Hətta

• ölümə belə yol aça bilir.

Sehrbaz (cadugər) kimsə:

• havada uça;

• su üzündə yeriyə; və

• sehr (cadu) etdiyi şəxsi, sehriylə öldürə bilir;

Lakin:

• ölünü diriltmək;

• dənizi yarmaq; və

• cansızları danışdırmaq

kimi Peyğəmbərlərə məxsus möcüzələr göstərə bilməz. Allah Taala, sehrbaz (cadugər) kimsəyə bu gücü verməmişdir.

---------------------------------

Sehrbaza (cadugərə) veriləcək cəzaya aid görüşlər:

1. Əbu Hənifə'yə görə:

Sehrbazlığı (cadugərliyi) sübut olunan kimsə, mütləq öldürülməli və:

"...mən, bu işi tərk edəcəyəm, bundan tövbə edirəm..."

kimi özünü müdafiəsi, qəbul olunmaz. Lakin bir adam:

"...mən, bir vaxtlar sehrbazlıq (və ya cadugərlik) edirdim, ancaq bir müddətdən bəri, bu işi tamamilə tərk etmişəm..."

ifadəsi qəbul olunar və öldürülməz.

-----------------------------

2. Şafi'yə görə:

Sehrbaz (və ya cadugər) şəxsin ettiği işdə küfrü gərəkdirən bir şey varsa, öldürülər; əks təqdirdə, öldürülməz. Ancaq etdiyi sehrlə (caduyla) bir kimsənin ölümünə səbəbiyyət verdiyi sabit olarsa, qisas yoluyla (qisas gərəyi olaraq) öldürülər.

-----------------------------

3. Malik və əshabına görə:

Sehrbaz (cadugər) şəxs, kafirdir; tövbə etməsi təklifi edilmədən, dərhal öldürülər.

-----------------------------

4. Hənbəli məzhəbinə görə:

Sehr (cadu) elmini öyrənmək və ya öyrətmək, haramdır və bunun halal olduğunu iddia etmək, küfrdür. Çünki haramlığı, Kitab, sünnət və icma ilə sabitdir.

Bununla bərabər, sehrbaz (cadugər) kimsə, qeybi bildiyini iddia edərsə, bununla kafir olar.

"ər-Ravdatu'n-Nəbiyyə"də bəyan edildiyinə görə, Rəşidi xəlifələr (radiyallahu anhum) dövründəki tətbiqat da, sehrbazları (cadugərləri) öldürmək şəklində davam etmişdir.

------------------------------

Allah rəsulu (sallallahu aleyhi və səlləm)'in Özü haqqında sehr (cadu) etmiş Ləbid adlı məlun yəhudini öldürməməsi səbəbinə gəlincə:

1. Sehrbazı (cadugəri) öldürmək hökmü, bu hadisədən sonra qoyulmuş ola bilər.

2. Ya da o əsnada, yəhudilər güclü və qüvvətli olduqları üçün, onlardan müsəlmanlara böyük bir zərərin gəlməsi narahatlığı ilə, o gün üçün bu hökmün tətbiqi, Şari-i Hakim (hikmət sahibi, şəriət, qanun qoyan Allah) tərəfindən uyğun görülməmişdir.

(İbn Macə, Sünən tərcümə və şərhi, Kitabu't-Tibb (Tibb kitabı): 45-ci bab: "Sehr (cadu) babı", hədis no: 3545)

Read 21 times
In order to make a comment, please login or register