Dəstəmazsız, qüslsuz (və ya heyz halında) Quran oxumaq olarmı?

• İbrahim belə demişdir:

"Heyzli qadının ayət oxumasında bir beis yoxdur."

• ibn Abbas da, cünub kimsənin Quran oxumasında bir məhzur (həzər ediləcək hal) görməzdi.

• Peyğəmbər (sallallahu aleyhi və səlləm), hər halında Allahı anardı.

• Ummu Atiyyə belə demişdir:

"Biz qadınlara, heyzli ikən də (Ərəfat və Mina kimi yerlərə) çıxmağımız, kişilər kimi təkbir gətirib dua etməyimiz əmr edildi."

• ibn Abbas (radiyallahu anh), əbu Sufyanın belə dediyini nəql etmişdir:

"Herakl, Allah rəsulu (sallallahu aleyhi və səlləm)'in məktubunu istədi. Sonra onu oxudu. Məktub:

'Rahmən və Rahim olan Allahın adı ilə. Ey kitab əhli! Sizinlə bizim aramızda eyni olan bir kəliməyə gəlin...' (Al-i İmran/64) şəklində başlayırdı.

• Ata, Cabir (radiyallahu anh)'dan belə nəql etmişdir:

"Aişə (radiyallahu anha), heyz oldu. Kəbəni tavaf və namaz xaric, hacc ibadətinin bütün gərəklərini yerinə yetirdi."

• Hakəm belə demişdir:

"Mən, cünub ikən, heyvan boğazlayaram."

Allah Taala belə buyurmuşdur:

"Üzərinə Allahın adı anılmadan kəsilən heyvanlardan yeməyin." (Ənam/121)

---------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------

305- Aişə (radiyallahu anha)'dan belə nəql edilmişdir:

Biz, Həcc ziyarətini yerinə yetirmək üçün yola çıxdıq. Sərifə (Məkkənin 11 km'liyində yerləşən bir yerə) çatdıqda, mən, heyz oldum. Sonra Peyğəmbər (sallallahu aleyhi və səlləm) yanıma gəldi. Ağladığımı görüb:

"Niyə ağlayırsan? Yoxsa heyz olmusan?" deyə soruşdu.

Mən: "Bəli!" deyə cavab verdim. O da:

"Bu, Allahın, Adəmin qızları üçün əzəldən müəyyən etdiyi bir işdir. Buna görə də, sən, hacıların etdiyi hər şeyi et (yəni həcc əməllərinin hamısını yerinə yetir). Yalnız təmizlənincəyə qədər, Kəbəni tavaf etmə." buyurdu.

----------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------

İzahı:

"Hacıların etdiyi hər şeyi et! Yalnız təmizlənincəyə qədər, Kəbəni tavaf etmə!"

İmam Buxari'nin bu babda zikr etdiyi hədis və digər rəvayətlərlə bunu qəsd etdiyi söylənilmişdir:

"Heyz və onun hökmündə olan cünubluq (qüslsuzluq) kimi hallar, bütün ibadətlərə əngəl olmaz. Əksinə, zikir kimi bəzi bədəni ibadətlər, bu cür hallarda da edilə bilər. Tavaf xaric, hacda edilməsi lazım olan digər xüsuslar da, heyzin əngəl təşkil etmədiyi ibadətlərdəndir."

Ancaq imam Buxari'nin bunları qəsd etmiş olması da, mübahisəlidir. Çünki hacda edilməsi lazım olan ibadətlər, nass ilə sabitdir. Dolayısı ilə, bu xüsusda, istidlala gərək yoxdur.

Ən gözəli, ibn Rəşid'in, ibn Battal və daha başqalarına tabe olaraq iləri sürdüyü bu görüşdür:

"İmam Buxari, bu babda, Aişə (radiyallahu anha) hədisini zikr edərək, heyzli və cünub kimsələrin Quran oxuya biləcəyinə dəlil gətirmək istəmişdir. Çünki Peyğəmbər (sallallahu aleyhi və səlləm), bir cür xüsusi ibadət olduğu üçün, hacc ibadətlərindən sadəcə tavafı ayrı tutmuşdur. Zikr, təlbiyə (ləbbeyk, Allahummə ləbbeyk demək) və dua, hacc ibadətinin bir parçasıdır. Heyzli bir qadının bunları etməsi, qadağan edilməmişdir. Eyni hökm, cünub biri üçün də məqbuldur. Çünki heyzli qadının nəcasəti, onunkundan daha ağırdır."

Əgər Quran oxunması, bir cür Allahı anmaqdırsa, bu halda zikr ilə arasında hər hansı bir fərq yoxdur. Yox əgər başlı-başına bir ibadətdirsə, bu halda, özəl bir dəlilə ehtiyac vardır. İmam Buxari'yə görə də, bu mövzuda, səhih bir hədis yoxdur. Bu xüsusda nəql edilən rəvayətlərin hamısı, başqalarına görə də dəlil olur. Nə var ki, bunların çoxu, təvilə açıqdır. İləridə buna işarət edəcəyik.

Bundan dolayı, imam Buxari və onun kimi heyz və cünub kimsənin Quran oxuya biləcəyini söyləyən:

• Təbəri;

• ibnu'l-Munzir; və

• Davud

kimi alimlər:

"Hər halında Allahı anardı..." hədisinin, ümum ifadə edən ibarəsinə istinad etmişlərdir. Çünki zikr, geniş bir məfhumdur. Quran ilə ola biləcəyi kimi, başqa şeylərlə də ola bilər. Zikr ilə Quran oxumağı isə, örf ayırır.

İmam Buxari, İbrahim ən-Nəxai'nin görüşünə yer vermək surətilə, heyzli qadının Quran oxumasının qadağan edildiyi xüsusunda icma mövcud olmadığını söyləmək istəmişdir. İmam Malik'dən də, İbrahim ən-Nəxai'nin görüşünə bənzər bir görüş nəql edilmişdir. Yenə ondan, hər vəziyyətdə Quran oxuna biləcəyi rəvayət edilmişdir. Özündən nəql edilən bir rəvayətə görə isə, O, cünub kimsənin əksinə, heyzli qadının Quran oxuyacağını bildirmişdir. Bu son görüşün, imam Şafi'nin qövl-i qədimi (əvvəlki ictihadı) olduğu da söylənilmişdir.

İmam Buxari, öz görüşünü dəstəkləmək üçün, ibn Abbasdan gələn rəvayəti nəql etdi. İbnu'l-Munzir, bəhs mövzusu rəvayəti, sənədilə birlikdə rəvayət etmişdir.

Daha sonra imam Buxari, Bizans imperatoru Herakl'ın hadisəsinə dair əbu Sufyan'dan gələn hədisin bir hissəsini zikr etdi. Bəhsi keçən bu hədis, Buxari'nin "Bədiu'l-Vəhy" kitabı ilə digər kitablarda sənədilə bərabər keçməkdədir.

Bu hədis, bu babın mövzusuna, bu şəkildə dəlil təşkil edir:

Allah rəsulu (sallallahu aleyhi və səlləm), İslama dəvət üçün Romalılara bir məktub yazmışdı. Məlum olduğu üzərə, Romalılar, kafir idilər. Kafirlər də, cünubdurlar.

Sanki Buxari, hədisin bu hissəsini zikr etməklə, cünub kimsənin Qurana toxuna biləcəyini ifadə etmək istəmişdir. Çünki bu məktubda, 2 ayət var idi. O halda, cünub bir şəxsin Quran oxuması da, caizdir.

Bu izah, ibn Rəşid'ə aiddir.

Hədis, bu şəkildə, dəlil olaraq istifadə edilmişdir:

"Allah rəsulu (sallallahu aleyhi və səlləm), Romalılara, oxumaqları üçün, ayət yazıb göndərmişdi. Bu hal, qüsl olmadığı halda, Quran oxuna biləcəyinin, istinbat ilə deyil, nass ilə sabit olduğunu göstərir."

QÜSLU OLMAYAN KİMSƏLƏRİN QURAN OXUYA BİLMƏYƏCƏKLƏRİNİ SÖYLƏYƏN ƏKSƏRİYTƏT isə, bu iddiaya, belə cavab vermişlərdir:

"Məktub, bəhs mövzusu olan 2 ayətdən daha başqa cümlələri də ehtiva etməkdə idi. Bu hal, içərisində ayət mövcud olan fiqh və təfsir kitablarını oxumağa bənzəyir. Cuhmura görə, qüslu olmayan kimsələrin bu kitablara toxunması və onları oxuması, qadağan edilməmişdir. Çünki bəhs mövzusu kimsə, belə etməklə, Quran oxumağı hədəfləmir."

Əhməd b. Hənbəl, təbliğ maslahatını (faydasını) göz önünə alaraq, məktublaşmalara bənzər mövzularda, Quran ayəti istifadə edilməsinin caiz olduğunu, açıqca bildirmişdir.

Şafilərin də əksəriyyəti bu görüşdədir.

Bəzi alimlər isə, 1 ya da 2 ayət kimi az miqdarda Quranın istifadə edilməsini caiz görmüşlərdir.

Məsələn, Süfyan əs-Sevri belə deyir:

"Xristiyan bir adamın, Qurandan bəzi hərfləri öyrənməsində bir beis yoxdur. Bəlkə, bunun sayəsində, Allah Taala, ona hidayət nəsib edər. Ancaq 1 ayət öyrənməsini, xoş qarşılamıram. Bu mövzuda o, cünub kimsə kimidir."

Əhməd b. Hənbəl də belə demişdir:

"Quranı layiq olduğu yerə qoymayanları, xoş görmürəm."

Yenə ondan, belə dediyi rəvayət edilmişdir:

"Qeyr-i müsəlmanların hidayətləri umularsa, Quran oxuyub-öyrənməsi, caizdir. Əks təqdirdə, caiz deyildir."

QÜSLU OLMAYANLARIN QURAN OXUMASINI CAİZ GÖRMƏYƏNLƏRDƏN biri, belə demişdir:

"Herakl qissəsində, cünub birinin Quran oxumasının caiz olduğunu göstərən bir dəlil yoxdur. Çünki cünub bir şəxs, oxuduğu ləfzlərlə Quran tilavətini qəsd edər və oxuduqlarının da ayət olduğunu bilərsə, bu halda Quran oxuması, caiz deyildir. Bir rəvayətdə, Quran olduğunu bilmədiyi bir bölməni oxuyarsa, bu hal, caizdir. Bax kafirlərin halı da, belədir."

Əksəriyyət:

"Cünubluq xaricində heç bir şey, Allah rəsulu (sallallahu aleyhi və səlləm)'in Quran oxumasına əngəl olmazdı."

şəklində, Əli (radiyallahu anh)'dan gələn hədisə istinad edərək, qüslu olmayan kimsənin Quran oxumasını CAİZ GÖRMÜR.

Bu hədisi, Sünən musannifləri, taxric etmişlərdir. Tirmizi ilə ibn Hibban, SƏHİH OLDUĞUNU söyləmişlərdir.

Bəzi alimlər, bu hədisin sənədində yer alan ravilərdən birinin zəif olduğu qənaətindədirlər. Həqiqətdə isə, bu rəvayət:

HƏSƏN OLUB DƏLİL OLARAQ İSTİFADƏ EDİLMƏYƏ ƏLVERİŞLİDİR.

Ancaq bu rəvayət haqqında:

"Dəlil olaraq istifadə edilməsi, mübahisəyə açıqdır." sözü də deyilmişdir. Çünki bu rəvayət, sadəcə Allah rəsulu (sallallahu aleyhi və səlləm)'in felinə dəlalət edər. Bu da, bəhs mövzusu felin xaricindəki tətbiqatların caiz olmadığı mənasına gəlməz.

"Heyizli və cünub kimsə, Qurandan heç bir ayət oxuya bilməz." (Tirmizi, Təharət/98 (131)

şəklində, mərfu olaraq ibn Ömər (radiyallahu anh)'dan nəql edilən hədis isə, rəvayət edildiyi bütün sənədlərə görə, ZƏİF'dir.

(İbn Həcər Asqalani, "Fəthu'l-Bari şərh-u Sahih əl-Buxari", 6-cı kitab: "Heyz", 7-ci bab: "Heyzli qadın, tavaf xaric bütün hacc mənasikini (ibadətini) yerinə yetirər." babı, hədis no: 305)

Read 116 times
In order to make a comment, please login or register