Daha çox ruzi qazanmaq üçün nə edə bilərəm?
Səvban (radiyallahu anh)'dan rəvayət edildiyinə görə, Allah rəsulu (sallahu aleyhi və səlləm) belə buyurmuşdur:
"Birr (=xeyir, yaxşılıq, ehsan)'dan başqa bir şey, ömrü artırmaz və duadan başqa bir şey, qədəri geri çevirməz.
Şübhəsiz ki, insan, işlədiyi günah səbəbilə, ruzisindən məhrum buraxılar."
Not:
Heysəmi, "Məcmau'z-Zəvaid"də belə deyir:
"Mən, ustadımız əbu'l-Fadl əl-Qarafi'dən bu hədisi soruşdum. O, hədisin "həsən" olduğunu söylədi."
------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------
İzahı:
Hədisin mətnindən, xeyir və yaxşılığın, ömrün uzanmasına vəsilə olduğu anlaşılır. Alimlər, bunu fərqli şəkillərdə açıqlamışlardır:
• Bəzilərinə görə, məqsəd budur:
"Xeyir və yaxşılıq edən kimsə, qısa belə olsa, ömründən bol-bol faydalanar. Başqasının ömrü uzun olsa belə, onun qədər faydalanmaz."
• Bir qisim alimlər də, belə açıqlamışlardır:
"Eyni şəxs, xeyir və ehsan etməzsə, ömrü qısa olar. Bunları işlərsə, həqiqətən ömrü uzadılar."
Təbii ki, bu fərqli hal, muallaq olan (haqqında qəti qərar verilməmiş) qədərdə gerçəkləşir. Qədərə məmur edilən mələk, bu muallaq qədəri bilir. Bunun fövqündə nə olduğunu isə, bilə bilməz.
Ancaq Allahın elmində, qəti hal (qulun mübrəm, labüd, qaçılmaz qədəri) bəllidir. Yəni haqqında danışılan şəxsin, iradəsini xeyirdə istifadə edib uzun ömürlümü olacağı və ya iradəsini xeyirdə istifadə etməyib qısa olan ömürmü yaşayacağı, Allah qatında məlumdur.
...لِكُلِّ أَجَلٍ كِتَابٌ • يَمْحُوا۟ ٱللَّهُ مَا يَشَآءُ وَيُثْبِتُ ۖ وَعِندَهُۥٓ أُمُّ ٱلْكِتَـٰبِ
"...hər vaxtın bir yazısı var. Allah bu yazıdan istədiyini silər, istədiyini də sabit saxlayar. Kitabın anası da Onun yanındadır." (Ra'd/38-39)
-------------------------------------
Mətndəki:
"Duadan başqa bir şey, qədəri geri çevirməz..." təbiri də, eyni şəkildə açıqlanır.
Mətnin 2 hissəsi birlikdə ələ alındığında, ömrün uzanmasına aid qədərin dəyişməsinin, həm dua ilə, həm də xeyir, yaxşılıq ilə mümkün olduğu, digər müqəddəratın (insan haqqında təqdir edilənlərin) ancaq dua ilə dəyişə biləcəyi anlaşılır. Təbii ki, bu qədər dəyişikliyi, yuxarıda zikr edilən mənaya təvil edilir.
İmam Sindi (əl-Hənəfi), hüccətü'l-İslam imam əbu Həmid əl-Ğazzali'dən belə nəqlə yer verir:
"Sual:
Əzəldə təqdir edilmiş alın yazılarının (Allahın təqdir və qəzalarının) dəyişdirilməsi mümkün olmadığına görə, dua etməyin nə mənası vardır?
Cavab:
Bəlaları dualarla sovuşdurmaq da, alın yazıları arasında dəyərləndirilir. Dua, bəlaların sovuşdurulmasını və rəhmətin cəlbini təmin edir. Duanın burdakı rolu, eynilə:
• oxun geri qayıtmasında qalxanın;
• bitkilərin bitməsində də yağışın
rolları, təsirləri kimidir. Bəli, qalxan, atılan bir oxu dəf etdiyi kimi, dua ilə, bəla da bir birilə toqquşur (yəni nəticədə bəla sovrulur).
Allahın qəzasına, bir başqa ifadə ilə alın yazısına riza göstərmək, silah daşımağa mane deyildir. Səbəblərə baş vurmamağı, hazırlıq görməməyi gərəkdirməz. Çünki Allah Taala, bir ayətdə belə buyurmuşdur:
يَـٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُوا۟ خُذُوا۟ حِذْرَكُمْ فَٱنفِرُوا۟ ثُبَاتٍ أَوِ ٱنفِرُوا۟ جَمِيعًا
"Ey iman gətirənlər! Ehtiyatınızı əldən verməyin, düşmənə qarşı ya bölüklərlə, ya da hamınız birgə çıxın." (Nisə/71)
Səbəblərə baş vurmağın faydası olmasaydı, toxum əkildikdən sonra, ərazinin sulanmaması lazım gələr və:
"Əgər əzəldə toxumun bitməsi təqdir edilmişdirsə, toxum bitər; təqdir edilməmişsə, bitməz."
deyilərək, tarlaya qulluq edilməməsi gərəkli olardı. Halbuki, belə bir məntiq, nöqsandır; səbəblərə sarılmaq zərurəti vardır. Daha doğrusu, səbəbləri bunlardan təsirlənən (yəni bunlardan meydana gələn) nəticələrə bağlamaq, ilk qəzadır, ilk yazıdır.
Nəticələrlə səbəblər arasında mərhələli olaraq bir tənzimləmə vardır. Təqdir, eynilə qədərin özüdür.
• Xeyri təqdir edən, onu bir səbəbə bağladığı kimi;
• Şərri təqdir edən də, onun sovuşdurulması üçün, onu yenə bir səbəbə bağlamışdır.
Bəsirət sahibləri, qəlb gözü açıq olanlar, bu hadisələr arasında bir ziddiyyət olmadığını bilirlər."
(İmam Ğazzali, "İhya'u-Ulumi'd-din", 1-ci cild, 9-cu kitab, 5-ci bölmə: "Davranışlarla bağlı dualar", s. 788-789)
Sindi, daha sonra belə deyir:
"Məncə, duanın, ibadət və itaət olması və qulun dua etməklə əmr olunması, duanın faydalı olması üçün kifayət edir."
-----------------------------------
"İnsan, işlədiyi günah səbəbilə, ruzisindən məhrum buraxılar." ifadəsi də, bu şəkildə açıqlanmışdır:
• Günah işləmədiyi təqdirdə, özünə təxsis (xas qılınmış) və təqdir edilmiş olan bol ruzi, günah işləməsi ilə məhdudlanmış olur; Və yaxud
• Özü üçün təxsis və təqdir edilmiş olan ruzi məhdudlanmadan əlinə keçməklə bərabər, günah işləməsi səbəbilə, hər hansı bir yol ilə əlindən çıxır. Dolayısı ilə, o ruzidən məhrum qılınmış olur."
(İbn Macə, Sünən tərcümə və şərhi, Müqəddimə, 10-cu bab: "Qədər haqqında bir bab", hədis no: 90)
Sünən şərhindən verilən izahlar, burda bitir.
----------------------------------
----------------------------------
ər-Rəzzaq olan Allah və ruzi:
Ruzi nədir?
Ruzi, əhl-i sünnətə görə, canlının (halal olsun və ya olmasın) qidalandığı şeylərdir. Mötəzilə isə, ruzinin, məşru mülk (yəni halal) olaraq qidalandığı şeylərdir, demişdir.
Rəzzaq isminin şərhi:
Ruziləri və ruzi verdiyi məxluqları yaradan, ruzilərini onlara çatdıran, ruzilərindən faydalanmalarını təmin edən, heç şübhə yoxdur ki, Allahdır.
Ruzilər 2 qisimdir:
1. Bədən üçün olan (yeməklər kimi) zahiri ruzi;
2. Batini ruzi (yəni ruhun ruzisi)
Batini ruzi, mərifətlər və mükaşifələrdir ki, bunlar, qəlblər üçün hazırlanmış ən şərəfli ruzilərdir. Çünki bunun insan üçün təmin etdiyi fayda, əbədi həyatdır; zahiri olan ruzinin səmərəsi isə, müəyyən bir vaxta qədər, bədənin gücünü, qüvvətini təmin edər.
Tənbeh:
Rəzzaq ismindən qulun nəsibi, 2 şey ola bilər:
1. Bu vəsfin həqiqi sahibinin Allah olduğunu bilməsi, Ondan başqa kimsənin buna layiq olmadığını yaxşıca başa düşməsidir. Beləcə, ruzini, ancaq Ondan gözləyər. Bu xüsusda, Ondan başqasına etimad və təvəkkül etməz.
2. Qulun, (Allahın) özünə rəhbər olacaq bir elm, öyrədən bir dil, sədəqə verib mənfəət təmin edən bir əl verdiyini bilməsidir. Bunlar, söyləyəcəyi gözəl sözlər və görəcəyi gözəl işlər vasitəsilə, qəlblər üçün şərəfli ruzinin təmin edilməsinə yol açarlar.
Allah bir qulunu sevdiyində, xalqın ona olan ehtiyacını artırar.
(Maddi və ya qəlbi) Ruzilərin xalqa çatması babında, Allah ilə qul arasında vasitə olduğu müddətcə, (o) vəsfdən bir nəsib almış olur. Allah rəsulu (sallallahu aleyhi və səlləm) belə buyurmuşdur:
"Allahın əmr etdiyini istəyərək verən əmin bir xəzinədar, heç şübhə yoxdur ki, sədəqə verənlərdən biridir."
Qulların əlləri, Allahın xəzinələridir.
• Əllərini, bədənlərin ruzilənməsi üçün səfərbər edən;
• Dilini, qəlblərin ruzilənməsi üçün ayaqda tutan
kimsə, bu sifətin savabına nail olacaq kimsələrin ən şərəflisidir.
(İmam Ğazzali, "əl-Maqasidu'l-Əsna fi şərhi Əsmaullahi'l-Husna", "Rəzzaq isminin şərhi")
--------------------------------
İnsan, işlədiyi günah səbəbilə, batini (mənəvi) ruzilərdən də məhrum buraxılırmı?
İmam əbu Həmid əl-Ğazzali, İhya'u-Ulumi'd-din əsərində (1-ci cild, 8-ci kitab, 3-cü bölmə: "Quran oxumağın batini ədəbləri", s. 685 və davamı) belə deyir:
"Çox insanlar, bəzi səbəblərdən və şeytanın, onların qəlblərinə asdığı pərdələrdən dolayı, Quranın incəliklərini anlamaqdan məhrum buraxılmışlardır. Quranın sirlərinin qeyr-i adiliklərini anlamaq yolları, onlar üçün tıxanmışdır. Necə ki, Nəbi (sallallahu aleyhi və səlləm) belə buyurmuşdur:
"Şeytanlar, Adəm oğullarının qəlbləri üzərində dolaşmasaydılar, insanlar mələkutu (gizli aləmləri) seyr edərlərdi."
Quranın mənaları da, mələkut aləmindəndir. Hislərlə idrak edilməyən və bəsirət nuru ilə idrak oluna bilməyən hər şey, mələkut aləmindən sayılır.
...Quranın incəliklərini anlamağı əngəlləyən səbəblərdən biri də:
• Bir günah üzərində israr etmək; və ya
• Təkəbbürlü olmaq; yaxud da
• Dünyəvi həvəslərdən birinin düşkünü olmaqdır.
Bunlar qəlbin qaralması və paslanmasının səbəbləridir. Ayna üzərindəki ləkələr, görüntünü əngəllədikləri kimi; bunlar da, haqqın təcəllisini əngəlləyərlər. Qəlbi pərdələyən ən böyük müsibətlər, bunlardır. İnsanların əksəriyyətinin qəlbinə, bu pərdələr çəkilmişdir. Şəhvətlər qəlb üzərində nə qədər ağırlaşarsa, kəlamın mənalarının anlaşılması da, o nisbətdə çətinləşər. Qəlbdən dünya ağırlıqları nə qədər qaldırılarsa, incə mənaların qəlbə nüfuzu yaxınlaşar.
Xülasə:
• Qəlb=ayna;
• Dünyalıq həvəslər=pas;
• Quranın mənaları da=aynada görülən surətlər
kimidir. Dünyalıq həvəslərin sökülüb atılması surətilə, qəlbin ümranı (inkişafı, rəfahı, səadəti), aynanın sirlə parladılmasına bənzəyir. Bunun üçündür ki, Allah rəsulu (sallallahu aleyhi və səlləm) belə demişdir:
"Ümmətim, qızıl və gümüşə ifrat bir münasibət göstərdiklərində, özlərindən İslamın heybəti sıyrılacaq.
Yaxşılığı əmr etmək və pisliklərdən də çəkindirmək vəzifəsini tərk etdiklərində isə, vəhyin bərəkətindən məhrum buraxılacaqlar."
Hədisin son cümləsini açıqlayan Fudayl, belə deyir:
"Vəhyin bərəkətindən məhrum buraxılacaqlar demək, Quranın mənasını anlamaqdan məhrum buraxılacaqlar, deməkdir."
Əziz və Cəlil olan Allah, anlamaq və xatırlatmalardan ibrət alma mövzusunda, günahlardan dönməyi şərt qoşmuşdur. Bu, aşağıdakı ayətlərdə açıqca görülməkdədir:
• وَٱلْأَرْضَ مَدَدْنَـٰهَا وَأَلْقَيْنَا فِيهَا رَوَٰسِىَ وَأَنۢبَتْنَا فِيهَا مِن كُلِّ زَوْجٍۭ بَهِيجٍ • تَبْصِرَةً وَذِكْرَىٰ لِكُلِّ عَبْدٍ مُّنِيبٍ
"Biz yeri döşədik, orada möhkəm dağlar yerləşdirdik və gözoxşayan bitkilərin hər növündən yetişdirdik. Bunu, Allaha üz tutan hər bir qul üçün ibrət və öyüd-nəsihət olsun deyə belə etdik." (Qaf/7-8)
• هُوَ ٱلَّذِى يُرِيكُمْ ءَايَـٰتِهِۦ وَيُنَزِّلُ لَكُم مِّنَ ٱلسَّمَآءِ رِزْقًا ۚ وَمَا يَتَذَكَّرُ إِلَّا مَن يُنِيبُ
"Sizə Öz dəlillərini göstərən və göydən ruzi nazil edən məhz Odur. Bundan ancaq Allaha üz tutanlar ibrət alarlar!" (Ğafir/13)
• أَمَّنْ هُوَ قَـٰنِتٌ ءَانَآءَ ٱلَّيْلِ سَاجِدًا وَقَآئِمًا يَحْذَرُ ٱلْءَاخِرَةَ وَيَرْجُوا۟ رَحْمَةَ رَبِّهِۦ ۗ قُلْ هَلْ يَسْتَوِى ٱلَّذِينَ يَعْلَمُونَ وَٱلَّذِينَ لَا يَعْلَمُونَ ۗ إِنَّمَا يَتَذَكَّرُ أُو۟لُوا۟ ٱلْأَلْبَـٰبِ
"Məgər gecə saatlarını səcdə edərək və ayaq üstə duraraq ibadət içində keçirən, axirətdən çəkinən və Rəbbinin rəhmətinə ümid bəsləyən kimsə kafirlə eynidirmi? De:
“Heç bilənlərlə bilməyənlər eyni ola bilərmi? Bundan ancaq ağıl sahibləri düşünüb ibrət alarlar." (Zumər/9)
Dünyanın aldatan şeylərini, axirət nemətlərinə tərcih edən, ağıllı şəxslərdən sayılmaz. Bunun üçün də, Quranın sirləri, qarşısına sərilməz.
- Ruzi nədir?
- Təvəkkülə dairdir-2
- Qədr surəsinin təfsiri
- İlham-7
- "Güclü mömin zəif mömindən daha xeyirlidir" hədisi
- "Qüvvətli mömin, zəif mömindən daha xeyirlidir." hədisi necə başa düşülməlidir?
- İman, İslam və İhsan hədisinin izahı
- Dünyadakı zülümlərə Allah niyə icazə verir?
- Şüursuzca qılınan namaz batildirmi?
- Orucun hansı dərəcələri var? Bizim orucumuz bunların hansındandır?