Deizm, ateizm və yeni kəlam elmi...

   Kəlam elmi, yaxud kəlamşünaslıq islam fikri tarixində ən böyük rasional məktəbdir. O, hər şeydən əvvəl Quran və Sünnəyə (mütəvatir hədislərə), daha sonra isə rasional üsullara əsaslanan islam ilahiyyatıdır. Amma onu eyni məqsədlə meydana çıxmış xristian sxolastikası ilə eyniləşdirmək səhv olardı. Bu, başqa mövzudur.

    Orta əsrlərdə islam fəthlərinin davam etdiyi bir dövrdə, xüsusən Suriya və İraqın fəthindən sonra burada mövcud olan dini-fəlsəfi təlimlərin, əsasən suriyalı xristian sxolastiklərinin islam əleyhinə iddialarının puça çıxarılmasında ilk kəlamşünaslar – mötəzililər əhəmiyyətli rol oynamışdılar. Kəlam elmi başlanğıcda qeyri-müsəlmanların iddiaları qarşısında islam ehkamlarını, yaxud etiqad sistemini rasional mühakimə əsasında müdafiə etmək üçün meydana çıxsa da, daha sonra müxtəlif müsəlman qruplar, məktəblər arasında çəkişməyə alət edilmişdir. 

   Ənənəvi kəlamşünaslıq müzakirələrinin böyük hissəsinə bu gün – islam əleyhinə iddialara veriləcək cavablar baxımından ehtiyac yoxdur. Klassik kəlam elmi hələ də Dinin əsasları fakültələrində, din təhsili institutlarında, “hövzə”lərdə tədris olunur, amma o, artıq bişən, yanıb kül olan “təcrübə”ni ifadə edir.
   İndiki dövrdə ateistlərin, deistlərin islam ətrafında yaratdığı suallar olduqca çoxdur, bu suallar islamın əsasları, mənbələri, Quran, Sünnə, islam tarixi, islamın qadına, azadlığa münasibəti barəsindədir. 

   Bu suallara rasional, qənaətbəxş cavablar təqdim edən, islam və müsəlmanlar haqqında saxta təsəvvürləri müəyyənləşdirib puça çıxaran yeni kəlam elminə ehtiyac vardır. 
     Məhz belə kəlam elmi və ritorikası bu günün cəmiyyətində, bugünün deist və ateist zehniyyətində yaranmış suallara cavab tapa, qloballaşma prosesləri zəminində Şərqin Qərbə inteqrasiyasından sonra yaranmış əxlaq, mənəviyyat, azadlıq, din-dövlət, din-siyasət münasibətləri problemlərini müzakirə və həll edə bilər. 
     Təbii ki, yeni kəlamşünaslıq sahəsinin təsis edilməsi problemi başa düşən, kökləri və tarixini öyrənən, həlli üsullarını bilən, müxtəlif humanitar elm sahələrinə vaqif olan mütəxəssislər tələb edir. 

    Həmçinin yeni kəlam elminin tədqiqat obyektinə modernizm, inkişaf ritorikası, liberal ritorika, dünyanın inkişafı fonunda müsəlmanların geriliyi probleminin öyrənilməsi daxil edilməlidir  

   Belə olmazsa, klassik kəlam ritorikasının islam və müsəlmanlara nə verə bilər?! Əgər bu gün kəlam araşdırmaları mötəzililik, əşərilik, mürciəlik, maturidilik, şiəlik və sünnilik mənsublarının vaxtı ilə müzakirə etdikləri mövzularla məhdudlaşacaqsa, hansı faydadan danışa bilərik?! Üstəlik, həmin problemlərin böyük hissəsi bu gün aktual deyildir, həmin qrupların bəzisi bu gün fəaliyyətini davam etdirmir. Amma deizmin, ateizmin, islam əleyhdarı çevrələrin iddiaları indinin islam dünyası, bugünün müsəlmanı ilə əlaqəlidir və onlara cavab vermək lazımdır. 

    Ümidvarıq ki, islam dininin təəssübünü çəkən, gənc və enerjili, həm də səmimi ilahiyyatçı-mütəxəssislər, tələbələr klassik kəlamşünaslıq müstəvisindən yaradıcı, konstruktiv yeni kəlamşünaslıq müstəvisinə keçid edəcək, keçmişin deyil, bugünün problemlərinin həlli ilə məşğul olacaq, ateist-deist və qərəzli iddialara qənaətbəxş rasional cavabları ehtiva edən kitablar qələmə alacaqlar.

   Əməli təklif:

   a) İslam şəriətini, tarixini, müasir humanitar və fiziki elm sahələrini dərindən bilən mütəxəssislərdən ibarət komissiya yaradılmalı;

   b) bu komissiyaya daxil yarımkomissiyalar ayrı-ayrılıqda "islam və qadın", "islam və azadlıq", "islam və siyasət", "islam və dövlət", "Quran və Sünnə", "Peyğəmbərin həyatı", "islam və inkişaf", "islam və insan haqları", "islam və demokratiya" və sair mövzularda əks iddiları müəyyənləşdirməli;

  c) hər komissiyaya ixtisasa uyğun olaraq bu iddialara tutarlı, elmi, rasional münasibəti ifadə edən tədqiqatlar aparmaq tapşırılmalı;

ç) meydana çıxan materialların toplandığı kitablar, ədəbiyyat, ensiklopediyalar nəşr edilməli;

d) bu kitablar dərslik halına salınmalı, ilahiyyat fakültələrində, institutlarında, hövzələrdə, mədrəsələrdə tələbələrə - gələcəyin ilahiyyatçı mütəxəssislərinə tədris edilməldiir.

Read 85 times
In order to make a comment, please login or register