Dünyadakı zülümlərə Allah niyə icazə verir?

Sual:

Allahın Rahim (mərhəmət edən) və Ərhəmə'r-Rahimin (mərhəmət edənlərin ən mərhəmət edicisi) olmasının mənası nədir?

Madam ki, Rahim (demək):

• zərərə düçar olmuş;

• xəstə;

• işgəncəyə məruz qalmış;

• bəla və müsibətlərlə qarşı-qarşıya gəlmiş

şəxslərin imdadına çatıb onları qurtarmaqdır;

Madam ki, Haqq Taala:

• hər bəlanı, hər ehtiyac və zərurəti önləməyə;

• hər xəstəliyi ortadan qaldırmağa

qadirdir.

Elə isə, niyə dünya, xəstələrlə, möhtaclarla doludur? Qullarını, niyə belə işgəncələr içərisində qıvranan bir halda buraxmaqdadır?

------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------

Cavab:

Bu sualı, bir misalla cavablandıraq:

Bir balaca uşağı ələ alaq. Bu uşaq, xəstədir. Əməliyyat edilməsi lazımdır. Anası, öz körpəsinə yazığı gəldiyi üçün, heç cürə onu əməliyyat masasına, cərrahi müdaxilə edəcək həkimə təslim etmək istəmir. Atası isə, uşağın əməliyyat edilməsində qərarlıdır.

İndi cahil kimsə, elə zənn edir ki, ana, atadan daha mərhəmətlidir. Öz özünə:

"Bax gör, ana, övladı üçün necə təlaşlanır ki, uşağının əməliyyat edilməsinə ürəyi gəlmir." deyir.

Ağıllı kimsə isə, heç də belə düşünmür. O, atanın daha mərhəmətli olduğuna inanır. Çünki ata, onu davamlı sancıdan qurtaracaq. Bunun üçün də, müvəqqəti ağrılara dözməsinə göz yumacaqdır. Çünki az və müvəqqəti sancılar, iləridə həqiqi sihhətə, sağlamlığa vəsilə olacaqsa, nəzər-i etibara alınmaz. Onlara, pis nəzər ilə baxılmaz. Əksinə, gözəl nəzər ilə baxılar. Çünki, bütün bunlar, xeyrə vəsilə olacaqdır.

Rahim'ə (mərhəmət edənə) gəlincə, heç şübhə yoxdur ki, (Allahın) Rahim ismi, mərhəmətə möhtac kimsəyə mərhəmət etmək istəyər.

Sonra, varlıq aləmində heç bir şər yoxdur ki, "xeyri", içində ehtiva etməsin. Şər, bütünü ilə ortadan qaldırılmış olsaydı, içində ehtiva etdiyi xeyirləri də öz bərabərində aparacaqdı. İçində ehtiva etdiyi xeyirlə bərabər ortadan yox olması ilə, şübhə yoxdur ki, daha böyük şərlər və zərərlər meydana gələcək. Məsələn:

Mikroba bulaşmış bir əl düşünək. Bu əli kəsmək, zahirən hər nə qədər pis görünsə də, bütün bədənin salamatı kimi böyük bir xeyirə vəsilə olacağından dolayı, onda sonsuz xeyirlər gizlidir. Çünki əli, elə öz halına tərk etmək, bütün bədənin həlakına səbəb olacaq. Beləliklə şər, sahib olduğu zərərlərdən daha da zərərli və yayğın bir hal alacaq. Bu halda, bütün bədənin salamatı üçün bir əldən olmaq, şər deyil; əksinə xeyirdir. Əli kəsmək, şəxsən bədəni qurtarmaq üçün murad edilmişdir. Əlin (bədəndəki) öz üzvlüyünü qurtarmaq üçün deyil, bədənin salamatlığı üçün kəsilmiş olması, əsl qayənin, əli deyil, bədənin xilası olduğunu ortaya çıxarmışdır. Nəticə olaraq, hər ikisi də, iradədə yer almışlardır. Ancaq bu fərqlə:

• Biri, öz zatı üçün arzu edilmiş;

• Digəri isə, başqasını qurtarmaq üçün istənilmişdir.

Öz zatı üçün murad edilən (yəni xeyir), hər vaxt üçün başqası üçün murad ediləndən (şərdən) daha əvvəl gəlir. Bu səbəblə, Allah Taala:

"Rəhmətim qəzəbimi keçmişdir." buyurmuşdur.

İndi bu qüdsi hədisi incələyək:

Allahın qəzəbi, şərri murad etməsidir. Çünki şər də, Onun iradəsilə meydana gəlir.

Rəhməti isə, xeyri murad etməsidir. Xeyir də, Onun iradəsinin bir nəticəsidir. Lakin xeyri, şəxsən xeyrin özü üçün murad etmişdir. Şərri, şəxsən şərrin özü üçün deyil, içində ehtiva etdiyi (insanlara məchul və qapalı olan) xeyir üçün murad etmişdir.

Demək ki, şər, şəxsən özü üçün məqsud (qəsd edilən) deyil; içində ehtiva etdiyi xeyir üçün qəsd edilməkdədir. Bu halda xeyir, özünə vüsul (qovuşmaq, çatmaq) üçün bəzi arazları (haşiyə) gərəkdirməkdədir.

--------------------------------

(Haşiyə:

Araz: öz-özünə varlıq qazanmayıb başqa bir cövhərlə meydana gələn hal və keyfiyyətlərdir. Qəndin ağ rəngi və ya qəndin şirin dadı kimi)

--------------------------------

Belə olan bir şey, heç rəhmətə əngəl ola bilərmi?!

İndi ağlına:

• içində heç bir xeyir olmayan bir şər gələrsə; və yaxud da,

• xeyri, şərlə deyil, başqa yöndən də təhsil etmək (qazanmaq) mümkündür,

deyərsənsə, o vaxt, bu 2 şübhəni sənə ilham edən cücə ağlını günahlandır!

(Niyəsinimi soruşursan?)

"Şərrin içində xeyir yoxdur." deməyin, daha doğrusu, belə bir hökmə varmağın, cücə ağlının, həqiqi mərifətə nüfuz edə bilməməsindən iləri gəlməkdədir. Çünki sən, belə düşündüyündə:

• ya izdirabdan qurtulmaq üçün cərrahi əməliyyatı pis və təhlükəli görən bir uşaq; vəyaxud da

• məqtulun (qətl edilən kimsənin) ölümünü şər qəbul etdiyi üçün qisasla öldürülən qatilin edamını şər qəbul edən axmaq biri kimi olarsan.

Axmaq kimsə, qisasda mövcud olan ümumi mənfəət, insanlığın əmin-amanlığı və səadətini düşünə bilməmişdir. Tək şəxsdə görüləcək bir şərrin qaldırılması ilə (yəni qatilin öldürülməsilə), ümumun xeyrinə vəsilə olacaq ümumi bir xeyrə (insanlığın əmin-amanlığına) təvəssülün sirrini, demək ki, anlaya bilməmişdir.

Sən belə düşünürsən və yaxud elə olmasını diləyirsən deyə, xeyr olan şey, heç tərk edilərmi?!

"Bəs, xeyri, şərrin xaricində də təhsil etmək də mümkündür (yəni Allah istəsə, xeyri, şərlə deyil, başqa bir şeylə də yarada bilər. Buna nə deyirsən?)"

Bunlar kimi ağlına ilişən şübhələrə gəlincə, bu da, incə, hər ağlın idrak edə bilməyəcəyi çox qapalı, anlaşılması çətin bir keyfiyyət ərz etməkdədir. Çünki hər muhal (imkansız) və ya mümkin olan şeyin imkansızlığı və mümkünlüyü, nə açıq və nə də az bir düşüncə, bir nəzərlə başa düşülə bilməz. Əksinə bu, dərin və geniş düşüncələri gərəkdirir ki, bu, bəzi kimsələrin içindən çıxa biləcəyi bir iş deyildir.

Elə isə, bu 2 şübhəni sənə ilham edən ağlını günahlandır.

• Allahın, mərhəmət edənlərin ən mərhəmətlisi olduğu; və

• Rəhmətinin də qəzəbini keçdiyi

xüsusunda, əsla şübhəyə qapılma! Şərri murad edən kimsə haqqında:

"(O) bunu, şəxsən şər üçün murad edir. Elə isə, O, Rəhmət isminə layiq deyildir." deyərək, şübhə yollarını axtarma.

Şərrin ifşasını əngəlləyən örtünü qaldırdığımızda, mütləq xeyrin su üzünə çıxacağını söylədik. İman et (bu, sənə kifayətdir). Məni ifşaya məcbur etmə!

Mən sənə şifrəni verdim. Əgər işarət və şifrədən bir şey başa düşürsənsə, bu qədəri sənə kifayət edər.

(Hüccətü'l-İslam imam əbu Həmid əl-Ğazzali, "əl-Maqasidu'l-Əsna fi şərh-i Əsmaullahi'l-Hüsna", "ər-Rahmən" isminin şərhi)

Read 10 times
In order to make a comment, please login or register