Fətrət-1
Fətrət-1
يَـٰٓأَهْلَ ٱلْكِتَـٰبِ قَدْ جَآءَكُمْ رَسُولُنَا يُبَيِّنُ لَكُمْ عَلَىٰ فَتْرَةٍ مِّنَ ٱلرُّسُلِ أَن تَقُولُوا۟ مَا جَآءَنَا مِنۢ بَشِيرٍ وَلَا نَذِيرٍ ۖ فَقَدْ جَآءَكُم بَشِيرٌ وَنَذِيرٌ ۗ وَٱللَّهُ عَلَىٰ كُلِّ شَىْءٍ قَدِيرٌ
"Ey Kitab əhli! Artıq sizə elçilərin ardı-arası kəsildiyi bir dövrdə: “Bizə müjdələyən və qorxudan kəs gəlmədi”– deməyəsiniz deyə haqqı bəyan edən Elçimiz gəldi. Artıq sizə müjdələyən və qorxudan bir peyğəmbər gəldi. Allah hər şeyə qadirdir." (Maidə/19)
---------------------
Təfsiri:
Uca Allahın:
"Ey kitab əhli...sizə Rəsulumuz (elçimiz) gəldi."
buyuruğunda qəsd edilən: Muhamməd (sallallahu aleyhi və səlləm)'dir.
"...ardı-arası kəsildiyi..." mənası verilən, "fətrət", "sükun" deməkdir. Bunun:
"2 peyğəmbər arasındakı kəsinti müddəti olduğu" da söylənmişdir.
Bu açıqlama, əbu Əli ilə elm əhlindən bir qrupdan rəvayət edilmişdir. Bunu da ər-Rummani nəql etməkdədir. O deyir:
"Fətrətdə əsl olan, o zamana qədər ciddi cəhdlə edilən çalışmaların kəsintiyə uğramasıdır. Və bu:
"İşini kəsdi və onu işindən uzaq qoydum."
təbirlərindən alınmışdır. Suyun istiliyinin sonlanıb soyumağa başlamasını bildirmək üzərə istifadə edilən təbir də, buradan alınmışdır. Fitr isə, şəhadət barmağı ilə baş barmağın açılışı halında aradakı boşluğun adıdır.
---------------------------
Fətrət müddətinin nə qədər olduğu xüsusunda görüş ayrılığı vardır:
Muhamməd b. Sa'd, "ət-Tabaqat" adlı kitabında, ibn Abbas'dan belə dediyini nəql etməkdədir:
"İmran oğlu Musa ilə Məryəm oğlu İsa arasında, 1700 il keçmişdir. Hər ikisi arasında fətrət dövrü olmamışdır. İkisi arasında -digər qövmlərdən göndərilən peyğəmbərlər müstəsna- yalnızca İsrail oğullarından 1000 peyğəmbər göndərilmişdir.
İsa (əleyhissəlam)'ın doğulması ilə Muhamməd (sallallahu aleyhi və səlləm) arasında isə, 569 il keçmişdir. Bu müddətin baş tərəflərində 3 peyğəmbər göndərilmişdir ki, uca Allahın bu buyuruğunda, özlərindən söz edilməkdədir:
إِذْ أَرْسَلْنَآ إِلَيْهِمُ ٱثْنَيْنِ فَكَذَّبُوهُمَا فَعَزَّزْنَا بِثَالِثٍ فَقَالُوٓا۟ إِنَّآ إِلَيْكُم مُّرْسَلُونَ
"O zaman onlara iki nəfər elçi göndərdik, amma onlar ikisini də yalançı saydılar. Biz də elçilərimizi üçüncüsü ilə qüvvətləndirdik. Elçilər: “Həqiqətən, biz sizə göndərilmiş elçilərik”– dedilər." (Yasin/14)
Qüvvətləndirmək üçün göndərilən peyğəmbər isə, "Şəm'un"dur. O da həvarilərdən idi.
Allahın heç bir peyğəmbər göndərmədiyi fətrət dövrü isə, 434 ildir.
• əl-Kəlbinin nəql etdiyinə görə isə, İsa ilə Muhamməd (Allahın hər ikisinə də salamı olsun) arasında 569 il keçmiş və ikisi arasında 4 peyğəmbər göndərilmişdir. Bunlardan biri, Abs oğullarından Xalid b. Sinan adında ərəb bir peyğəmbərdir.
• Quşeyri deyir:
"Belə bir şey isə, ancaq sadiq bir xəbər ilə bilinə bilən növdən olan şeylərdəndir."
• Qatadə isə, belə demişdir:
"İsa (əleyhissəlam) və Muhamməd (sallallahu aleyhi və səlləm) arasında 600 il keçmişdir.
• Muqatil;
• Dahhaq; və
• Vehb b. Münəbbih
də bu görüşdədirlər. Bu qədər var ki, Vehb, buna, 20 il daha əlavə etməkdədir.
Yenə Dahhaq'dan 430'dan çox il keçdiyini söylədiyi də nəql edilmişdir.
• ibn Sa'd, İkrimə'dən belə dediyini nəql etməkdədir:
Adəm ilə Nuh arasında 10 nəsil keçmişdir ki, bunların hamısı da müsəlman idilər.
Yenə ibn Sa'd deyir:
Bizə, Muhamməd b. Amr b. Vaqid əl-Əsləmi, birdən çox nəfərdən belə dediklərini xəbər vermişdir:
"Adəm ilə Nuh arasında 10 əsr keçmişdir. Hər əsr isə, 100 ildir. İbrahim ilə İmran oğlu Musa arasında, 10 əsr keçmişdir. Hər bir əsr isə, 100 ildir. Bax, Adəm ilə Muhamməd (ikisinə də salam olsun) arasında keçən əsrlər və illər bunlardır. Doğrusunu ən yaxşı bilən Allah'dır."
İbn Abbas deyir:
Muaz b. Cəbəl ilə Sə'd b. Ubadə və Uqbə b. Vehb, yəhudilərə:
"Ey yəhudilər! Allahdan qorxun. Allaha and olsun ki, heç şübhəsiz sizlər, Muhamməd'in Allahın rəsulu olduğunu bilirsiniz. Və həqiqətən sizlər, peyğəmbər olaraq göndərilmədən əvvəl, ondan bizə bəhs edir və bu, bu, bu özəllikləriylə bizə onu bildirirdiniz." dedilər.
Bunun üzərinə yəhudilər:
"Allah, Musadan sonra nə bir kitab endirdi, nə də ondan sonra hər hansı bir müjdəçi və qorxuducu kimsə göndərdi." dedilər.
Bunun üzərinə, bu ayət, nazil oldu.
(İmam Qurtubi, "əl-Cami li Ahkami'l-Quran" təfsiri)
======================================================================================================
Fətrət - 2
...وَمَا كُنَّا مُعَذِّبِينَ حَتَّىٰ نَبْعَثَ رَسُولًا
"...Biz elçi göndərməmiş heç kəsə əzab vermirdik..." (İsra/15)
---------------------------
Təfsiri:
Yəni, Biz, insanları boş buraxmadıq. Əksinə, peyğəmbərlər göndərdik.
Allahın bu buyuruğu
-ağıl, bir şeyin çirkin və gözəl olduğuna hökm edə bilər; mübah və qadağan olduğu hökmü verə bilər deyən mötəzilə'nin qənaətlərinin əksinə-
əhkamın, ancaq şəriət ilə sabit olduğuna dəlildir.
Cumhurun qənaətinə görə, bu buyuruq, dünyadakı əzab ilə bağlıdır. Yəni, uca Allah, bir ümmətə risalət göndərib onlara xəbərdarlıq edib qorxutmadan əvvəl, o ümməti həlak etməz.
Bir qrup isə, bunun həm dünya, həm axirət haqqında ümumi olduğunu qəbul etməkdə və buna, uca Allahın bu buyuruğunu səbəb olaraq göstərməkdədirlər:
"Cəhənnəm, qəzəbindən az qala parçalansın. Hər dəfə bir dəstə oraya atılarkən Cəhənnəmin gözətçiləri onlardan soruşacaqlar:
'Məgər sizə xəbərdarlıq edən bir peyğəmbər gəlməmişdi?
Onlar deyəcəklər:
'Əlbəttə, bizə qorxudan bir peyğəmbər gəlmişdi. Amma biz onu yalançı sayıb: 'Allah heç bir şey nazil etməyib, siz də ancaq böyük bir azğınlıq içindəsiniz'– demişdik." (Mülk/8-9)
İbn Atiyyə deyir:
Allahın, haqqında danışdığı buyruqları üzərində düşünməyin nəticəsində gəldiyimiz qənaət budur ki:
Uca Allah, Adəm (əleyhissəlam)'ı tövhid ilə göndərib inanc əsaslarını övladları arasında yayması, mütləq Yaradanın varlığına dəlil təşkil edən dəlilləri də ortaya qoyması, bununla bərabər, hər bir kimsənin iman etməsini və Allahın şəriətinə tabe olmasını gərəkdirən şəkil, fitrətlərin pisliklərdən uzaq olması; hər kəsin müəyyən bir imana sahib olmasını və Allahın şəriətinə tabe olmasını gərəkdirməkdədir. Daha doğrusu, eyni xüsus, kafirlərin suda boğulmasından sonra, Nuh (əleyhissəlam) zamanında da yeniləndi. Bu ayətin ləfzləri, eyni zamanda, özlərinə risalətin çatmadığı kimsələr haqqında da bənzəri bir qənaətin bəhs mövzusu olması gərəkdiyini, ehtimal olaraq ifadə etməkdədir. Özlərinə risalətin çatmadığı kimsələr, bəzi elm əhlinin varlığını qəbul etdiyi "fətrət dövrü" insanlarıdır.
Şanı uca Allahın, qiyamət günündə onlara, dəlilərə və uşaqlara peyğəmbər göndərəcəyinə dair gələn rəvayət isə, səhih olmayan bir hədisdir. Bununla bərabər, şəriətin, axirətin təklif yurdu olmadığına dair məlumatları da, belə bir şeyin olmamasını gərəkdirməkdədir.
əl-Məhdəvi deyir:
Əbu Hureyrə (radiyallahu anh)'dan rəvayət edildiyinə görə, uca Allah, qiyamət günündə, fətrət əhlinə, kar və lallara bir peyğəmbər göndərəcəkdir. Və bunlar arasından, dünya həyatında o peyğəmbərə itaət etməsini istəyən kimsələr də itaət edəcəkdir, demiş və bu ayəti oxumuşdur.
Bunu, Ma'mər, ibn Tavus'dan, o, atasından, o, əbu Hureyrə yolu ilə rəvayət etmiş, ən-Nəhhas da, bunu zikr etmişdir.
Mən (Qurtubi) isə, deyirəm:
Bu rəvayət, məvqufdur (sənədi Peyğəmbərə qədər çatmayıb səhabədə qalan hədisdir). İləridə, Taha surəsinin sonlarında, mərfu (sənədi qüvvətli olsun, zəif olsun, Peyğəmbərə istinad olunan hədis) olaraq gələcəkdir, ancaq səhih deyildir.
Bəzi kimsələr, bunu dəlil göstərmişlərdir:
Uzaq, səssiz adalarda yaşayan insanlar, İslamı eşidib iman edəcək olarlarsa, keçmiş dövrlər haqqında onlar üçün təklif, bəhs mövzusu deyildir. Dəvətin özünə çatmadığı bir şəxs, əqli cəhətdən əzaba layiq deyildir.
Ən doğrusunu, Allah bilir...
(Qurtubi, "əl-Cami li Əhkami'l-Quran", İsra/15 təfsiri)
=======================================================================================================
Fətrət - 3
Deyə bilərsən ki, təkfir etmək hökmünü, şəri nasları təkzib etməkdən (yalanlamaqdan) çıxarırsan. Halbuki İlahi rəhməti insanlara daraldan, kəlam alimləri deyil, şəriəti bizə təbliğ edən Allah rəsulunun şəxsən özüdür. Necə ki, Allah rəsulu (sallallahu aleyhi və səlləm), belə buyurur:
"Allah Taala, qiyamət günündə, Adəm (əleyhissəlam)'a:
'Ey Adəm! Zürriyyətindən cəhənnəmə gedəcək olanları göndər.' buyuracaqdır.
- Adəm (əleyhissəlam):
'Ey Rəbbim! Cəhənnəmə gedəcək olanlar, nə qədərdir?'
- Allah Taala:
'Hər 1000 nəfərdən 999'u.'
deyə buyuracaqdır." (Buxari, Ənbiya/7, hədis no: 3348)
Yenə Allah Rəsulu (sallallahu aleyhi və səlləm), belə buyurmuşdur:
"Ümmətim 70'dən çox firqəyə ayrılacaqdır. Bunlardan sadəcə 1-i qurtulacaqdır."
Cavab:
Doğrusu, birinci hədis, səhihdir. Lakin hədisdə, onların kafir olduqları və əbədiyyən cəhənnəndə qalacaqları qəsd edilməmişdir. Əksinə, onların:
~ cəhənnəmə girəcəkləri;
~ ona ərz ediləcəkləri; və
~ günahları qədər orda qalacaqları
qəsd edilmişdir.
Günahlardan qorunduqları üçün, cəhənnəmə girməyəcək olanlar isə, 1/1000'dir. Allah Taala da, bu ayətdə buna işarət etməkdədir:
وَإِن مِّنكُمْ إِلَّا وَارِدُهَا
"İçinizdən hər kəs oraya (cəhənnəmə) varid olacaqdır." (Məryəm/71)
Bununla bərabər, hədisdə keçən "cəhənnəmə gedəcək olanlar...", "günahları səbəbindən cəhənnəmə layiq olan kimsələr" deməkdir. Bəzi hədislərdə də zikr edildiyi kimi, onlar da, şəfaət vəsiləsi ilə cəhənnəm yolundan geri qaytarıla bilərlər. Necə ki, Allah Taala'nın rəhmətinin genişliyinə dəlalət edən bir çox hədis, bu hala şəhadət edər və bu rəvayətlər, sayıla bilməyəcək qədər çoxdurlar.
Onlardan biri də, Aişə (radiyallahu anha)'nın rəvayət etdiyi bu hədisdir:
Bir gecə, Allah rəsulu (sallallahu aleyhi və səlləm)'i yanımda görə bilmədim və Onu axtarmağa başladım. Nəhayət Onu, otluq bir yerdə namaz qılarkən gördüm. Baş tərəfində 3 nur vardı. Allah rəsulu (sallallahu aleyhi və səlləm), namazı bitirincə,
- "Orda kim var? deyə səsləndi.
- Mən:
"Aişə'yəm, ey Allahın rəsulu." dedim.
- Allah rəsulu (sallallahu aleyhi və səlləm):
"O 3 nuru gördünmü?" deyə soruşdu.
- Mən:
"Bəli, gördüm, ey Allahın rəsulu." dedim.
- (Bunun üzərinə) O, belə buyurdu:
- "Birinci nurun içində, Mənə, Rəbbimdən biri gəldi və Allah Taalanın, ümmətimdən 70.000 adamı hər hansı bir əzab olmadan cənnətə qoyacağını müjdələdi.
- İkinci nurun içində də, Rəbbimdən ikinci biri gəldi. Və Mənə, Allahın ümmətimdən 70.000 adamdan hər birinin yanında 70.000 adamı da hesabsız və əzabsız olaraq cənnətə qoyacağını müjdələdi.
- Sonra üçüncü nurun içində də, Rəbbimdən biri də gəldi. Və Mənə, 70.000 × 70.000'ə vurulmasından hasil olan (4.900.000.000) ədədin hər biri yerinə 70.000 (yəni, 4.900.000.000 × 70.000 = 34.300.000.000.000) adamı, əzabsız və hesabsız cənnətə göndərəcəyini müjdələdi."
- (Bunun üzərinə) Mən:
"Ey Allahın rəsulu! Sənin ümmətin, bu saya çatmır." dedim.
- O (sallallahu aleyhi və səlləm):
"Bu say, namaz qılmayan və oruc tutmayan bədəvilərlə tamamlanacaqdır." deyə buyurdu.
Bax bu və buna bənzər bir çox hədis, Allah Taala'nın rəhmətinin genişliyini göstərməkdədir.
Bu isə, sadəcə Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in ümmətinə məxsusdur.
Mən (Ğazzali)'nin qənaətimcə, İlahi rəhmətin genişliyi, keçmiş ümmətlərdən olan bir çox kimsəni də əhatə edəcəkdir. Onların bir çoxu, az və ya çox müddətə cəhənnəmə ərz ediləcəklərdir. Bu vaxt, bir müddət, bir saat və ya bir an qədər qısa da ola bilər ki, özlərinə "cəhənnəmə göndərilmişlər" deyilə bilinsin.
Hətta inancıma görə, İlahi rəhmət, bu zamandakı (Ğazzali, özünün yaşadığı miladi 11-ci əsrin sonları 12-ci əsrin əvvəllərini qəsd etməkdədir) Rum və Türk xristiyanlardan olub uzaq diyarlarda yaşayan və özlərinə İslam dəvəti çatmamış şəxsləri də əhatə edəcəkdir. Necə ki, bunlar, 3 qrupdur:
• Birinci qrup:
Muhamməd (sallallahu aleyhi və səlləm)'in adını heç eşitməmiş olanlardır. Bunlar, məzur (üzrlü) olanlardır.
• İkinci qrup:
Allah rəsulu (sallallahu aleyhi və səlləm)'in adını, sifətlərini və göstərmiş olduğu möcüzələrini eşitmiş olanlardır. Bunlar, İslam diyarlarına qonşu olan və müsəlmanlarla birlikdə yaşayan kimsələrdir. Bunlar isə, kafir olub əbədi cəhənnəmliklərdir.
• Üçüncü qrup:
Bunlar, yuxarıdakı 2 qrupun arasında bir mərtəbədə olan kimsələrdir. Bunlar, Allah rəsulu (sallallahu aleyhi və səlləm)'in adını eşitmiş, lakin Onun sifətlərini və xüsusiyyətlərini eşitməmişlərdir.
Bununla bərabər, bunlar, uşaqlıq yaşlarından etibarən, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'i, "Muhamməd adında yalançı və hiyləgər bir kəs, peyğəmbərlik iddia etmişdir." şəklində eşitmiş və tanımışlardır. Bizim uşaqlarımızın, "əl-Muqaffa" adında bir yalançının peyğəmbərlik iddiası ilə ortaya çıxdığını eşitdikləri kimi.
Mənə (Ğazzaliyə) görə, bunlar da, birinci qrupda olanlar kimidirlər. Çünki bunlar, hər nə qədər Allah rəsulu (sallallahu aleyhi və səlləm)'in adını eşitmiş olsalar da, Onun vəsflərinin tam əksini eşitmişlərdir. Bu da, insanı, həqiqəti axtarmağa və araşdırmağa sövq etməz.
"Bunlardan sadəcə 1-i qurtulacaq." hədisinə gəlincə, bax onun haqqındakı rəvayətlər, ixtilaflıdır. Necə ki, "Bunlardan sadəcə 1-i həlak olacaqdır." şəklində də rəvayət edilmişdir. Ancaq məşhur olan rəvayət, yuxarıdakıdır.
Burda "qurtulacaq" deməkdən məqsəd, cəhənnəmə göndərilməyən və şəfaətə möhtac olmayanlardır. Həttə cəhənnəmə sürükləmək üçün zəbanilərin yapışdığı kimsələr, şəfaət səbəbilə, onların pəncələrindən qurtulmuş olsalar belə, mütləq mənada "qurtulmuş" mənasına gəlməz.
Hədisin başqa rəvayəti isə, belə nəql edilmişdir:
"Zindiqlər xaric, hamısı cənnətdədir."
Necə ki, zindiqlər də, bir firqədir.
Bu rəvayətlərin hamısının səhih olması da, mümkündür. Beləcə, həlak olan da, 1 firqə olur. O da, əbədiyyən cəhənnəmə girəcək olan firqədir. Heç şübhəsiz, həlak olan, qurtuluşundan ümid kəsilən kimsədir. Çünki insan həlak olduqdan sonra, artıq ondan bir də xeyir gözlənilməz.
Bunun kimi, qurtulan da, 1 firqədir. O da, hesaba çəkilmədən və şəfaətə möhtac olmadan cənnətə girən firqədir. Çünki, hesaba çəkilən hər kəs, əzab görər. Bu halda, nicat tapmış olmaz. Şəfaət diləyən də, məzəllətə (zillətə) məruz qaldığı üçün, mütləq olaraq nicat tapmış sayılmaz.
Bax bu, açıqladığımız 2 yoldan ibarətdir. Birində ən xeyirli; digərində isə, ən şərli kimsələr vardır.
Digər firqələrin hamısı da, bax bu 2 dərəcə arasında yer alırlar. Onlardan bir qismi, sadəcə hesaba çəkilmək surətilə əzab görər; bir qismi cəhənnəmə yaxınlaşdırılar, sonra şəfaətlə qurtular; bir qismi də, cəhənnəmə girər və etiqadındakı yalnış və bidətləri miqdarınca, günahlarının çoxluğuna və azlığına görə orda qalar. Daha sonra isə, çıxarılar.
Bu ümmətdən həlak olub əbədiyyən cəhənnəmdə qalacaq olab firqə isə, Allah rəsulu (sallallahu aleyhi və səlləm)'i təkzib edib, Onun, maslahat gərəyi yalan söyləyə biləcəyini caiz görən firqədir.
Digər ümmətlərə gəlincə:
Hər kim ki, Allah rəsulu (sallallahu aleyhi və səlləm)'in peyğəmbərlik üçün ortaya çıxdığını; sifətləri; ayın ikiyə bölünməsi; daşların əlində təsbih etməsi; barmaqları arasından suyun fışqırması; fəsahat əhlinə qarşı meydan oxuduğu və onların da qarşısında aciz qaldığı Quran-i Kərim kimi fövqə'l-adi möcüzələrini, təvatürən eşitdikdən sonra Onu təkzib edər, Ondan üz çevirər, gərəyi kimi düşünməz və dərhal təsdiq etməzsə, bax o şəxs, münkir (inkar edən) və yalançıdır. Dolayısı ilə, kafirdir.
İslam diyarlarından uzaq yerlərdə yaşayan rum və türklərin əksəriyyəti, bu qismə girməzlər.
Bu xüsusda isə, bunu deyirəm:
Əgər din qayğısı daşıyan və dünya həyatını axirət həyatına tərcih etməyən bir şəxs, yuxarıda zikr edilən xüsusları eşidərsə, işin həqiqətini ortaya çıxarmaq üçün özündə bir araşdırma tələbi oyanmış olması, labüddür (qaçılmazdır). Əks halda, bu hal, onun dünyaya meyl etdiyini, dini işlərə əhəmiyyət göstərmədiyini və Allah qorxusundan uzaq olduğunu göstərir.
Bax bu, küfrün məhz özüdür. Belə bir arzu oyandıqdan sonra, həqiqəti axtarmaz və ya tənbəllik edərsə, bu da küfrdür.
Zatən Allaha və axirət gününə iman edən hər hansı bir din mənsubunun, işin, fövqə'l-adi səbəblərlə zühur etdiyini təsəvvür etdikdən sonra araşdırmada ehmalkar davranması, mümkün deyildir.
Əgər qüsursuz bir araşdırma və incələmə sırasında, hələ həqiqətə çatmadan ölüm özünə çatarsa, o şəxsə də məğfirət edilər. Allahın geniş rəhməti, onun üçündür.
Allahın geniş rəhmətini, bütün genişliyi ilə qavramağa və anlamağa çalış və İlahi xüsusları, bəsit maddi/şəkli ölçülərlə ölçmə!
(Ğazzali, "Faysalu't-Təfriqa bəynə'l-İsləm və'z-zəndəqa")
- Peyğəmbər cinləri görmüşdürmü?
- Peyğəmbər adına yalan hədis uydurmaq
- 73 firqə hədisi
- Əbu Hənifə haqqında hədis vardırmı?
- Qəriblər hədisi
- Təvəkkülə dairdir-2
- Hicr surəsi 72-ci ayətin təfsiri
- Zümər surəsi 68-ci ayətin təfsirini verə bilərsinizmi?
- "Hər ayətin zahiri və batini mənaları vardır." hədisini izah edərsinizmi?
- Kafirin dişi cəhənnəmdə Uhud dağı boydamı olacaqdır?