Fitrə sədəqəsini pul ilə vermək caizdirmi?

FİTRƏ ZƏKATINDA ÇIXARILACAQ MALIN CİNSİ.

Fitrə zəkatı qida olaraq bu dörd şeydən ödənər:
1. Buğda və yaxud buğda unu.
2. Arpa və yaxud arpa unu.
3. Xurma. Qəsd olunan oruc açarkən yeyilən xurmadır.
4. Kişmiş.

Bu ərzaqların yerinə qiymətlərini hesablayaraq pul şəklində ödəmək də caizdir. Çünki Allah Rəsulu ( ﷺ ) fitrə zəkatını əmr etdikdən sonra “Onları (yoxsulları) belə bir gündə möhtac olmaqdan xilas edin” buyurmuşdur. [1] Bu isə pulla da mümkündür.

İmam Əbu Yusuf (رحمه الله) belə deyir: “Mənə görə un şəklində vermək taxıl şəklində verməkdən daha yaxşıdır. Dirhəmlər (pul) şəklində ödəmək isə un şəklində ödəməkdən daha yaxşıdır. Çünki bu zəngin üçün daha asandır və yoxsulun ehtiyacını daha yaxşı ödəyir”. [2]

Çünki un taxıldan daha az zəhmətlidir. Taxılı üyütmək, xüsusən günümüzdə dəyirmana aparmaq hamısı əlavə xərcdir. Un isə hazır üyüdülmüş haldır. Pul şəklində ödəmək isə həm taxıl, həm də un şəklində ödəməkdən yaxşıdır. Çünki ola bilsin o yoxsulun undan və yaxud taxıldan başqa şeyə ehtiyacı var. Əgər əlində pulu olsa o ehtiyacını aradan qaldıra bilər. Hər yoxsul nəyə ehtiyacı olduğunu özü daha yaxşı bildiyi üçün ona fitrə zəkatını pul olaraq vermək ən uyğun olanıdır. Bu yolla yoxsul da özü istədiyi şəkildə ehtiyacını aradan qaldırar.

Bu bolluq anında bu cürdür. Əgər mağazalarda və bazarlarda bolluq olarsa pul olaraq vermək daha yaxşıdır. Lakin əgər qıtlıq olarsa sadalanan ərzaqlar şəklində vermək daha yaxşıdır. Çünki qıtlıq olduğu zaman yoxsul birisi ərzaq tapmaya da bilər.

Burada bir hikmətə də toxunmaq istəyirəm. Bilindiyi kimi fitrə zəkatının cinsi bütün hədislərdə pul olaraq deyil, ərzaq olaraq təyin edilib. Əgər pulla təyin edilsəydi pulun qiyməti əsrdən-əsrə dəyişdiyi üçün o zamankı miqdar indiki ehtiyacı ödəmək üçün kifayət etməyə bilərdi. Lakin ərzaqla təyin edildiyi zaman pul nə qədər ucuzlaşır ucuzlaşsın yenə ərzağa yetəcək miqdarda verilməlidir.

Fitrənin pul şəkilində çıxarılmasının caiz olduğunu deyənlər Hənəfilər və tabiinlərdən Həsən əl-Bəsri (رحمه الله) , Ömər ibni Abdulaziz (رحمه الله) ,Süfyan əs Səvri (رحمه الله) ,Ata bin Rəbah (رحمه الله) və həmçinin bir digər görüşə görə İmam Əhməddir (رضي الله عنه) .[3] Bundan əlavə olaraq ehtiyac və məsləhət gərəyi olaraq İbn Teymiyyədə (رحمه الله) fitrə zəkatının pul şəklində verilməsinin caiz olduğunu söyləmiş və seçmiş olduğu görüşdə budur.Bu həmçinin İmam Əhmədin (رضي الله عنه) məzhəbindəki görüşlərdən biridir.[4]

Bundan əlavə olaraq Tavus ( رحمه الله) , Mücahid ( رحمه الله) , Said ibn Musəyyəb ( رحمه الله) , Urvə ibn Zübeyr ( رحمه الله) , Əbu Səlmə ibn AbdurRahman ibn Avf ( رحمه الله) , Said ibn Cubeyr ( رحمه الله) , Əbu İshaq ( رحمه الله) , İbn Əbi Şeybə ( رحمه الله) və.s

Eyni şəkildə bu görüş Şam əhlinin fəqihi İmam Əvzai ( رحمه الله) , Misir əhlinin fəqihi Leys ibn Sad ( رحمه الله) , İraq əhlinin fəqihi Süfyan Əs- Səvrinin ( رحمه الله) görüşüdür. Bu eyni şəkildə Müaviyənin (radiyallahu anhu) görüşüdür. Bu məsələdə istəyənlər İbn Əbi Şeybənin ( رحمه الله) "Musannəf" əsərinə baxıb fətvalara nəzər sala bilərlər.

:
[1]. İmam Muhəmməd, Kitəbul Asl, 2/211-212.
[2] Mövsili, əl İxtiyar li Təlilil Muxtar, 1/201.
[3]. əl-Hidayə, 1/109; əl-Məcmuu, 6/144; əl-Muğni, 3/87; Məcmuul Fətava, 2/79, 82.
[4]. Məcmuul Fətava, 2/79, 82

--------------------------------------------------------------------------------------------------------------------------------------------------------------

Fitrə pulla verilə bilərmi? - 2

Məlumdur ki, mühəddislərin ən böyük imamlarından sayılan İmam əl-Buxari fitrə zəkatı məsələsində hənəfilərə müvafiq olub. İbn Rüşeyd əs-Sibti deyir: “əl-Buxari hənəfilərə tez-tez müxalif olmasına baxmayaraq bu məsələdə onlara müvafiq olub, çünki dəlil onu müvafiq olmağa götürüb...” (Fəthul-Bari, 3/312) İbn Bəttal deyir: “əl-Buxari bu məzhəbi dəstəkləyib, baxmayaraq ki, Əbu Hənifəyə çox müxalif olur, lakin hədislərə tabe olmağı onu Əbu Hənifəyə müvafiq olmağa gətirib çıxardı.” (Şərh Sahih əl-Buxari, 3/449) əl-Buxari şübhəsiz ki, rəy əhli olmayıb ki, bəzi cahillər onu hədislərə müxalif olmaqda ittiham etsinlər, yaxud da hədislərdən xəbərsiz olmaqda ittiham etsinlər. İbn Ruşeyd’in də qeyd etdiyi kimi əl-Buxari dəlillərə əsasən hənəfilərin rəyinə müvafiq olub, deməli hər iki tərəf dəlillərə əsaslanır, lakin burada dəlillərin güclülüyü və zəifliyi müctəhidlərin nəzərində fərqlənə bilər. əl-Buxari’ni biz mühəddislərin müctəhidlərindən hesab edə biləriksə o zaman onun nəzərində fitrə zəkatını pul ilə çıxarmağın icazəli olduğunu deyən dəlillər daha güclüdür. əl-Buxari əs-Sahih kitabında bu dəlillərin bəzilərinə yer verir və deyir: “Tavus dedi: Muaz – radiyallahu anhu – Yəmən əhlinə dedi: “Zəkatda mənə buğda və qarğıdalı yerinə xamis paltarı gətirib verin, bu həm sizin üçün asan olacaq və peyğəmbərin – salləllahu aleyhi va səlləm - Mədinədəki səhabələri üçün daha xeyirli olacaq.” əl-Buxari bu rəvayəti qeyd etməklə onu göstərmək istəyib ki, zəkatda bir cinsin yerinə başqa cinsdən olan bir şeyi ödəmək olar. əl-Buxari daha sonra deyir: “Peyğəmbər – salləllahu aleyhi va səlləm – dedi: “Xalidə gəldikdə isə o, zirehini və hərb vasitələrini Allah yolunda (döyüş üçün) saxlayıb.” Belə görünür ki, əl-Buxari burada zireh kimi əşyaları zəkatın yerinə çıxarmağın caizliyinə işarə edir. əl-Buxari sonra daha bir rəvayətə yer verir: “Peyğəmbər – salləllahu aleyhi va səlləm – (qadınlara) dedi: “Sədəqə verin, heç olmasa bəzək əşyalarınızdan (verin)!” Bu rəvayəti qeyd etdikdən sonra əl-Buxari deyir: “(Peyğəmbər “sədəqə verin” dedikdə) fərz sədəqəni başqalarından ayırmadı. Beləliklə də qadınlar sırğalarını və boyunbağılarını (Bilalın sərdiyi köynəyin üzərinə) atmağa başladılar. (Peyğəmbər) əşyaların içərisindən qızıl və gümüş olanları da xüsusiləşdirməyib.” (bax: “Sahih əl-Buxari”, 1448) əl-Buxari bu rəvayətlərdən iki şəkildə dəlil olaraq istifadə edir; a) zəkatlarda bir cins digərini əvəz edə bilər, b) peyğəmbərin – aleyhissələm – “sədəqə verin!” sözündəki “sədəqə” sözü mütləqdir, həm fərzi, həm də müstəhəbi əhatə edir.

Bu məzhəb səhabələrə və xüsusilə Ömər bin əl-Xattab’a nisbət edilib. Əbu Ubeyd əl-Qasim bin Səlləm “əl-Əmval” kitabında səhih isnad ilə Abdulxaliq bin Sələmə əş-Şeybəni’nin belə dediyini rəvayət edir: “Said bin əl-Museyyəb’dən sədəqə haqqında soruşdum. Dedi: “Allahın elçisinin – salləllahu aleyhi va səlləm – zamanında adam başına bir sa xurma və ya yarım sa buğda idi. Əmirul-Muminin Ömər xəlifə olduqda mühacirlər onunla danışdılar və dedilər: “Biz düşünürük ki, kölələrimizin hər birinə görə hər il on-on (dirhəm) ödəyək, əgər bununla razısansa.” Dedi: “Çox gözəl düşünmüsüz və mən isə onlara hər ay iki cərib ruzi verməyi düşünürəm.” Möminlərin əmirinin onlara verdiyi onlardan aldığından daha xeyirli idi.” (Kitəb əl-Əmval, səh 261-262) Əbu Ubeyd deyir ki, “(burada) kölənin adından fitr zəkatı qəsd olunur.” Beləliklə də bu rəvayətə əsasən deyiblər ki, Ömərin məzhəbinə görə fitr zəkatında pul çıxarmaq icazəlidir və yaxud ehtiyac olduqda icazəlidir. Tabiin imamlarından böyük alim Əbu İshaq əs-Sabii bu rəyi bu şəkildə öz böyüklərinə nisbət edir və bunlar səhabələr və onların tələbələridirlər. İbn Zəncəveyh “əl-Əmval” kitabında (2455) deyir: “Muhəmməd bin Ömər ər-Rumi bizə rəvayət etdi; Zuheyr Əbu Xeysəmə bizə Əbu İshaq əl-Həmədəni’dən belə dediyini xəbər verdi: “Onlar fitrə zəkatında qiyməti miqdarında pul ilə verərdilər.” Əbu Bəkr İbn Əbi Şeybə “əl-Musannəf” kitabında (10371) deyir: “Əbu Usamə bizə Zuheyrdən belə dediyini rəvayət etdi: Əbu İshaqı belə deyərkən eşitdim: “Onların zamanına yetişdim və onlar ramazan sədəqəsini yeməyin qiyməti ilə verərdilər.” Bu sözün zahiri ilə adətən səhabələr qəsd olunur. Həmçinin məlumdur ki, xəlifə Ömər bin Abdilaziz öz zamanında fitrə zəkatını pul ilə toplamağa göstəriş vermişdi və bildiyimiz qədər ilə onun zamanında yaşayan alimlərdən və imamlardan bu qərara qarşı bir etiraz olmayıb. İbn Əbi Şeybə deyir: “Əbu Usəmə bizə Əbu Avn’dan belə dediyini rəvayət etdi: “Ömər bin Abdilaziz’in fərmanı Basra şəhərində Adiy’yə oxunarkən eşitdim: “Divan əhlindən ora verdiklərindən götürülsün, hər adam başına yarım dirhəm.” Həmçinin Vakidən, o da Qurra’dan belə dediyini rəvayət edir: ”Ömər bin Abdilazizin fitr sədəqəsi haqqında yazısı bizə gəldi: “Hər insandan yarım sa və ya onun qiyməti olaraq yarım dirhəm alınsın.” Ona görə də İmam İbn Şihəb əz-Zuhri deyirdi ki, “imamlar (yəni xəlifələr) fitrə zəkatını divandan (xəzinədən insanların) ödədiklərindən çıxarardılar.” Yezid bin Əbi Həbib isə deyir ki, Ömər bin Abdilaziz’in qərarından sonra “hələ də bu günə qədər belə çıxarırlar”. (İbn Zəncəveyh, 2451, 2452) Çox maraqlıdır ki, bu əməlin o dövrdə yayğın olmasına baxmayaraq alimlərdən kiminsə bunu inkar etməsi bizə gəlib çatmayıb. Əksinə çox sayda rəvayətdən öyrənirik ki, Ömər bin Abdilaziz’in göstərişini daşıyan bu yazını Qurra bin Xalid, Auf əl-Arabi, Mamər bin Raşid və Qatədə kimi alimlər zikr edirlər, mühtəvasını rəvayət ediblər, lakin heç biri buna etiraz etməyib.

O dövrün tanınmış alimlərindən və imamlarından bu barədə icazə verici fətvalar gəlmişdir; tabiin nəslindən əl-Həsən əl-Basri bu yöndə fətva vermiş və demişdir: “Fitr sədəqəsində dirhəmlər ilə ödəməsində bir problem yoxdur.” (İbn Əbi Şeybə, 10370) Alimlər pul ilə çıxarmaqla bağlı Ata bin Əbi Rabəh’dən fərqli bir rəy zikr edirlər. İbn Əbi Şeybə isnadı ilə qeyd edir ki, “Ata fitrə zəkatında pul ilə çıxarmağı məkruh görərdi.” Lakin buradan haram olması və ya keçərli olmaması mənası anlaşılmır. Hətta İbn Cureyc öz isnadı ilə Atadan, o da Cabir bin Abdilləhdən rəvayət edir ki, peyğəmbər – salləllahu aleyhi va səlləm – fitr bayramında xütbə verdikdən sonra minbərdən enir, qadınların yanına gəlir onlara sədəqə verməyi əmr edir, Bilal köynəyini yerə sərir və qadınlar öz bəzəklərindən çıxarıb köynəyin üstünə atırlar. İbn Cureyc bu rəvayəti Ata’dan rəvayət etdikdə soruşur: “Fitr gününün zəkatı idi?” Ata deyir: “Xeyr, lakin digər sədəqələrdən bir sədəqə idi.” (Sahih əl-Buxari, 978) İbn Rəcəb deyir: “Ola bilsin ki, İbn Cureycə (bu sədəqənin adi sədəqə olması) problemli görünmüş və bunun fitrə sədəqəsi olduğunu güman etmişdir, çünki vacib sədəqədə qadının öz ərinin iznini almadan sədəqə verməsində problem yoxdur. Ona görə də İbn Cureyc bunu Atadan soruşmuş və Ata da bunun fitr zəkatı olmadığını, nafilə sədəqə olduğunu xəbər vermişdir. Ata burada fitrə zəkatının qiymət ilə çıxarılmayacağını dəlil olaraq göstərmədi, ola bilsin ki, fitrə zəkatında qiymətlə çıxarmağın icazəli olması rəyində idi.” (Fəthul-Bari, 9/52) Burada maraqlı olan budur ki, İbn Cureyc bunun fitrə zəkatı olduğunu düşünərkən qadınların bunu bəzək əşyaları ilə ödəməsini qəribə qarşılamamış, lakin ərlərinin izni olmadan sədəqə ödəməklərinə qəribə baxmışdır. Həmçinin imamlardan Sufyan əs-Səvri də bu rəydədir və deyir: “Yarım sa buğdanın qiymətini ödəyərsə onun üçün keçərli olar.” (İbn Zəncəveyh, 2454) Mühəddislərin bir başqa imamı Yəhya bin Main də bu rəydə olub. Tələbəsi əd-Dəvri deyir: “Yəhya fitrə zəkatı haqqında dedi: “Onu gümüş ilə ödəməkdə bir problem yoxdur.” (Tərix İbn Main, 2326) Humeyd bin Zəncəveyh özü “əl-Əmval” kitabında bu rəvayətlərin bir çoxunu qeyd etdikdən sonra deyir: “Yemək əvəzinə qiymət vermək inşallah keçərlidir, yemək vermək daha əfzəldir.” (əl-Əmval, 2457)

Burada daha bir rəy də mövcuddur ki, bu rəyə görə əgər yeməklə çıxarmaqda çətinlik varsa o zaman pulla çıxarmaq olar. Bu rəy Yəhya bin Main’dən rəvayət olunub. İbn Mihraz deyir: “Yəhya bin Main’ə fitr zəkatı haqqında sual verilərkən eşitdim; dedi: “Bizə buyurulanlardan – xurmadan, buğdadan, arpadan – verməyimiz mənə daha sevimlidir.” Ondan soruşdular: “Bəs dirhəmlərlə?” Dedi: “Əgər yeməklə vermək çətin olarsa onun qiymətini verməsində bir problem yoxdur.” (Mərifətur-Ricəl, 956) Bu rəy həmçinin İmam İshaq bin Rahaveyh və Əbu Səvrə aiddir. (əl-Məcmu, 6/144)

Bəli, dörd məzhəbin içərisində yalnız hənəfilər fitrə zəkatında qiymət ilə çıxarmağa izn versələr də digər məzhəblərin içərisində hənəfilərə bu məsələdə müvafiq olmuş alimlər çoxdur. İbn Həbib əl-Məliki misal üçün deyir ki, “əgər miskinlər üçün daha gözəl hesab edərsə” qiyməti çıxara bilər. (əz-Zəxira, 3/56) Digər maliki alimi İsa bin Dinar əl-Ğafizi (hicri 212-də vəfat edib) öz şeyxi İbnul-Qasim’dən, yəni İmam Malikin məşhur tələbəsindən rəvayət edir ki, əgər fitr zəkatını pul ilə çıxararsa bunda bir bəis görmürəm.” (ən-Nəvadir vaz-Ziyədət, 2/303) İbn Abdilbərr “əl-Kəfi” kitabında (1/323) qeyd edir ki, fitrə zəkatında pul çıxarmağın keçərliliyi İmam Malikin “özündən və onun əshabından olan bir qrup alimlərdən rəvayət olunub.” Mütəaxxir malikilərdən Əhməd əs-Savi “Bulğatus-Səlik” kitabında (1/438) və Osman bin Həsəneyn Bərri “Siracus-Səlik”də (1/199) buna icazə verirlər və keçərli olduğunu deyirlər. Şafiilərdə isə Şihəbuddin ər-Ramli’nin fətvası məşhurdur ki, muqallid bir kimsə ehtiyac üçün bu məsələdə Əbu Hənifəyə təqlid edə bilər. İmam Əhmədin məzhəbində İbn Muflih bu məsələdə Əhməddən başqa rəylər də nəql edir; bu nəqllərdən birində İmam Əhməd Əbu Hənifəyə müvafiq olaraq keçərli olduğunu deyib, bir başqa rəvayətdə isə yalnız məsləhət olduqda keçərli olduğunu deyib. (əl-Furu, 4/267) əl-Mərdavi qeyd edir ki, ehtiyac halında (misal üçün yemək çıxarmaq imkanı olmadıqda) pul ilə çıxarmağın caiz olması görüşünü İmam Əhməddən bir qrup hənbəli alimi rəvayət edib, onların arasında əl-Qadi Əbu Yalə bunu “ət-Təliq” kitabında gətirir. əl-Mərdavi daha sonra bu rəyi səhih hesab etmiş hənbəli alimlərinin adlarını verir və onların arasında İbn Təmim, İbn Həmdən və İbn Teymiyyənin adını qeyd edir. (əl-İnsaf, 3/65) İbn Teymiyyənin məzhəbi budur ki, ehtiyac üçün, hətta məsləhət üçün fəqirlərə fitrə zəkatını pul ilə ödəmək olar, heç bir sıxıntı yoxdur. Burhənuddin İbnul-Qayyim bununla belə İbn Teymiyyənin rəyini belə təqdim edir: “Malların zəkatında və fitrə zəkatında pul ilə çıxarmaq miskinlər üçün daha faydalı olarsa caizdir..” (İxtiyarat Şeyx əl-İslam İbn Teymiyyə, səh: 138)

Beləliklə də bizim qarşımızda fitrə zəkatını pul ilə çıxarmağa izn verən alimlərin adları sadalandı və aydın oldu ki, onlar da dəlillərə əsasən buna icazə veriblər. Bu alimlərin arasında əl-Həsən əl-Basri, Ömər bin Abdilaziz, Əbu İshaq əs-Səbii, Sufyan əs-Səvri, Əbu Hənifə, Yəhya bin Main, Əbu Yusuf, Muhəmməd bin Həsən əş-Şeybəni, İbn Həbib əl-Məliki, Muhəmməd bin İsmail əl-Buxari, İbn Zəncəveyh kimi mütləq şəkildə izn verənlər, həmçinin Əbu Səvr, İshaq bin Rahaveyh kimi müəyyən şərtlər içində izn verən alimlər vardır. Bu məzhəb həmçinin İmam əl-Əvzaiyə, əl-Əsbəğ, İbn Əbi Həmzə və başqalarına da nisbət olunub. Məsələ ictihadidir və müsəlmana bu rəylə əməl etmək icazəlidir, heç kim buna görə kimisə qınaya bilməz. Qaldı ki, tərəflərin gətirdikləri dəlillərin arasında hansının güclü olduğuna qərar verməyə, Azərbaycanda kim bu işə girişirsə başından böyük işə girir, özünü layiq olmadığı yerə oturdur.

Samir Firdovsi oğlu

 

 

 

 

 

 

 

Read 562 times
In order to make a comment, please login or register