Fitrə zəkatı hansı qidalardan çıxarılır? Fitrə zəkatını pul ilə vermək caizmi?

FİTRƏ ZƏKATINDA ÇIXARILACAQ MALIN CİNSİ.

Fitrə zəkatı qida olaraq bu dörd şeydən ödənər:
1. Buğda və yaxud buğda unu.
2. Arpa və yaxud arpa unu.
3. Xurma. Qəsd olunan oruc açarkən yeyilən xurmadır.
4. Kişmiş.

Bu ərzaqların yerinə qiymətlərini hesablayaraq pul şəklində ödəmək də caizdir. Çünki Allah Rəsulu ( ﷺ ) fitrə zəkatını əmr etdikdən sonra “Onları (yoxsulları) belə bir gündə möhtac olmaqdan xilas edin” buyurmuşdur. [1] Bu isə pulla da mümkündür.

İmam Əbu Yusuf (رحمه الله) belə deyir: “Mənə görə un şəklində vermək taxıl şəklində verməkdən daha yaxşıdır. Dirhəmlər (pul) şəklində ödəmək isə un şəklində ödəməkdən daha yaxşıdır. Çünki bu zəngin üçün daha asandır və yoxsulun ehtiyacını daha yaxşı ödəyir”. [2]

Çünki un taxıldan daha az zəhmətlidir. Taxılı üyütmək, xüsusən günümüzdə dəyirmana aparmaq hamısı əlavə xərcdir. Un isə hazır üyüdülmüş haldır. Pul şəklində ödəmək isə həm taxıl, həm də un şəklində ödəməkdən yaxşıdır. Çünki ola bilsin o yoxsulun undan və yaxud taxıldan başqa şeyə ehtiyacı var. Əgər əlində pulu olsa o ehtiyacını aradan qaldıra bilər. Hər yoxsul nəyə ehtiyacı olduğunu özü daha yaxşı bildiyi üçün ona fitrə zəkatını pul olaraq vermək ən uyğun olanıdır. Bu yolla yoxsul da özü istədiyi şəkildə ehtiyacını aradan qaldırar.

Bu bolluq anında bu cürdür. Əgər mağazalarda və bazarlarda bolluq olarsa pul olaraq vermək daha yaxşıdır. Lakin əgər qıtlıq olarsa sadalanan ərzaqlar şəklində vermək daha yaxşıdır. Çünki qıtlıq olduğu zaman yoxsul birisi ərzaq tapmaya da bilər.

Burada bir hikmətə də toxunmaq istəyirəm. Bilindiyi kimi fitrə zəkatının cinsi bütün hədislərdə pul olaraq deyil, ərzaq olaraq təyin edilib. Əgər pulla təyin edilsəydi pulun qiyməti əsrdən-əsrə dəyişdiyi üçün o zamankı miqdar indiki ehtiyacı ödəmək üçün kifayət etməyə bilərdi. Lakin ərzaqla təyin edildiyi zaman pul nə qədər ucuzlaşır ucuzlaşsın yenə ərzağa yetəcək miqdarda verilməlidir.

Fitrənin pul şəkilində çıxarılmasının caiz olduğunu deyənlər Hənəfilər və tabiinlərdən Həsən əl-Bəsri (رحمه الله) , Ömər ibni Abdulaziz (رحمه الله) ,Süfyan əs Səvri (رحمه الله) ,Ata bin Rəbah (رحمه الله) və həmçinin bir digər görüşə görə İmam Əhməddir (رضي الله عنه) .[3] Bundan əlavə olaraq ehtiyac və məsləhət gərəyi olaraq İbn Teymiyyədə (رحمه الله) fitrə zəkatının pul şəklində verilməsinin caiz olduğunu söyləmiş və seçmiş olduğu görüşdə budur.Bu həmçinin İmam Əhmədin (رضي الله عنه) məzhəbindəki görüşlərdən biridir.[4]

Bundan əlavə olaraq Tavus ( رحمه الله) , Mücahid ( رحمه الله) , Said ibn Musəyyəb ( رحمه الله) , Urvə ibn Zübeyr ( رحمه الله) , Əbu Səlmə ibn AbdurRahman ibn Avf ( رحمه الله) , Said ibn Cubeyr ( رحمه الله) , Əbu İshaq ( رحمه الله) , İbn Əbi Şeybə ( رحمه الله) və.s

Eyni şəkildə bu görüş Şam əhlinin fəqihi İmam Əvzai ( رحمه الله) , Misir əhlinin fəqihi Leys ibn Sad ( رحمه الله) , İraq əhlinin fəqihi Süfyan Əs- Səvrinin ( رحمه الله) görüşüdür. Bu eyni şəkildə Müaviyənin (radiyallahu anhu) görüşüdür. Bu məsələdə istəyənlər İbn Əbi Şeybənin ( رحمه الله) "Musannəf" əsərinə baxıb fətvalara nəzər sala bilərlər.

:
[1]. İmam Muhəmməd, Kitəbul Asl, 2/211-212.
[2] Mövsili, əl İxtiyar li Təlilil Muxtar, 1/201.
[3]. əl-Hidayə, 1/109; əl-Məcmuu, 6/144; əl-Muğni, 3/87; Məcmuul Fətava, 2/79, 82.
[4]. Məcmuul Fətava, 2/79, 82

Read 26 times
In order to make a comment, please login or register