Günəş və ya ay tutulduqda sədəqə vermək, sünnətdirmi?
عن عائشة رضي الله عنها أنّها قَالَتْ:
خَسَفَتِ الشَّمْسُ في عَهْدِ رَسولِ اللَّهِ صَلَّى اللهُ عليه وسلَّمَ، فَصَلَّى رَسولُ اللَّهِ صَلَّى اللهُ عليه وسلَّمَ بالنَّاسِ، فَقامَ، فأطالَ القِيامَ، ثُمَّ رَكَعَ، فأطالَ الرُّكُوعَ، ثُمَّ قامَ فأطالَ القِيامَ وهو دُونَ القِيامِ الأوَّلِ، ثُمَّ رَكَعَ فأطالَ الرُّكُوعَ وهو دُونَ الرُّكُوعِ الأوَّلِ، ثُمَّ سَجَدَ فأطالَ السُّجُودَ، ثُمَّ فَعَلَ في الرَّكْعَةِ الثَّانِيَةِ مِثْلَ ما فَعَلَ في الأُولَى، ثُمَّ انْصَرَفَ وقَدِ انْجَلَتِ الشَّمْسُ، فَخَطَبَ النَّاسَ، فَحَمِدَ اللَّهَ وأَثْنَى عليه، ثُمَّ قالَ:
إنَّ الشَّمْسَ والقَمَرَ آيَتانِ مِن آياتِ اللَّهِ، لا يَخْسِفانِ لِمَوْتِ أحَدٍ ولا لِحَياتِهِ، فإذا رَأَيْتُمْ ذلكَ، فادْعُوا اللَّهَ، وكَبِّرُوا وصَلُّوا وتَصَدَّقُوا.
ثُمَّ قالَ:
يا أُمَّةَ مُحَمَّدٍ واللَّهِ ما مِن أحَدٍ أغْيَرُ مِنَ اللَّهِ أنْ يَزْنِيَ عَبْدُهُ أوْ تَزْنِيَ أمَتُهُ، يا أُمَّةَ مُحَمَّدٍ واللَّهِ لو تَعْلَمُونَ ما أعْلَمُ لَضَحِكْتُمْ قَلِيلًا ولبَكَيْتُمْ كَثِيرًا.
Aişə (radiyallahu anha)'dan belə rəvayət edilir:
Peyğəmbər (sallallahu aleyhi və səlləm) zamanında, günəş tutuldu və buna görə də, Peyğəmbər (sallallahu aleyhi və səlləm), camaata namaz qıldırdı. (Namazda), qiyamı uzatdı, sonra rukuya getdi və rukunu uzatdı, sonra rukudan qalxdı və (yenə) qiyamı uzatdı, lakin bu qiyam, əvvəlkindən qısa idi, sonra (bir də) rukuya getdi və rukunu uzatdı, lakin bu ruku, əvvəlkindən qısa idi, sonra səcdəyə getdi və səcdəni uzatdı, ikinci rükətdə də, birinci rükətdə etdiklərini təkrar etdi. Namazı bitirdikdə, artıq günəşin üzü açılmışdı. Bundan sonra (qalxıb) xütbə verdi və Allaha həmd-səna edib təriflər deyəndən sonra, (belə) buyurdu:
"Həqiqətən də, günəş və ay, Allahın dəlillərindəndir. Onlar, kimsənin nə ölümünə görə, nə də dünyaya gəldiyinə görə tutulurlar. Odur ki, onların tutulduğunu gördüyünüz zaman, Allaha dua edin, "Allahu Əkbər" deyin, namaz qılın və sədəqə verin."
Sonra Peyğəmbər (sallallahu aleyhi və səlləm), davam edib belə buyurdu:
"Ey Muhamməd ümməti! Vallahi, kişi və ya qadın nökərinin zina etməsi xüsusunda, heç kəs, Allahdan daha qeyrətli (qısqanc) ola bilməz.
Ey Muhamməd ümməti! Vallahi, Mən bildiyimi bilsəydiniz, az gülüb çox ağlayardınız."
-------------------------------
İzahı:
Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in qiyamda uzun bir müddət gözlədiyini vurğulayan bu rəvayətin fərqli variantlarında, bu ifadə, belə keçməkdədir:
a. Peyğəmbər (sallallahu aleyhi və səlləm), Qurandan uzun bir bölmə oxudu.
b. Allah rəsulu (sallallahu aleyhi və səlləm), uzun bir surə oxudu.
c. Allah rəsulu (sallallahu aleyhi və səlləm), birinci rükətdə, Bəqərə surəsi qədər uzun bir bölmə oxudu.
Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in, rukudan sonra ikinci qiyama qalxması ilə bağlı olaraq, ibn Şihab rəvayətində, "Sonra, səmiallahu limən həmidəh/Allah, Özünə həmd edənləri eşitdi.' dedi." ifadəsi keçməkdədir.
Bu rəvayətin başqa bir variantında isə, Allah rəsulu (sallallahu aleyhi və səlləm)'in, "Rabbənə, və ləkə'l-həmd/Rəbbimiz, həmd, Sənə məxsusdur." dediyi də qeyd edilmişdir. Bu da, birinci rükətdə, ikinci qiyama qalxarkən, bəhsi keçən zikrləri oxumağın müstəhəb olduğunu göstərməkdədir.
Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in insanlara xitab etməsi, ay və ya günəş tutulmaları səbəbilə xütbə oxumağın məşru olduğunu (Şafii'lərə görə), bununla bərabər, tutulma sonlansa belə, xütbə oxuma vəzifəsinin saqit olmayacağını/düşməyəcəyini göstərir. Lakin, namaza başlamadan əvvəl tutulma sonlanarsa, namaz və xütbə düşər.
-------------------------------
Allah rəsulu (sallallahu aleyhi və səlləm)'in sözündə keçən "ğayura/qısqanc; əğyar/daha qısqanc"lıq, əslində, ər-arvad arasında olan və insanın daxili dünyasında çalxantılar/dəyişikliklər meydana gətirən bir hissdir. Belə bir hissin Allah üçün düşünülməsi, imkansızdır, muhaldır. Çünki, Allah Taala, hər cür dəyişiklikdən və nöqsandan münəzzəhdir. Bu səbəbdən, burdakı istifadənin məcazi olduğunu qəbul etmək lazımdır. Mövzu ilə bağlı, bu açıqlamalar verilmişdir:
a. (Dilimizdəki "qeyrət", yəni) Qısqanclığın təbii nəticəsi, insanın sahib olduğu və məsuliyyəti altında olduğu şeyləri qoruması, bunlara göz dikən pis niyyətli kimsələri uzaqlaşdırmasıdır. Bax, Allah Taala, bəhsi keçən pis felləri (zina və s. kimi) qullarına qadağan etdiyi, bunu edənləri əzabla təhdid etdiyi üçün, Peyğəmbər (sallallahu aleyhi və səlləm), (qeyrət) qısqanclıq sifətini, Haqq Taala üçün istifadə etmişdir.
Tibi və başqa alimlər, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in, Allahın zikr edilməsini əmr etdikdən sonra, niyə belə söylədiyini açıqlayarkən, belə demişlərdir:
"Allahın zikr edilməsinin əmr edilməsi ilə bu ifadə arasında belə bir münasibət mövcuddur:
Peyğəmbər (sallallahu aleyhi və səlləm), günəş tutulması səbəbilə hiss edilən qorxunun və bir yönü ilə bəla olan bu halın, zikr, dua, namaz və sədəqə ilə sovuşdurulmasını əmr etdikdən sonra, bəlaların gəlməsinə səbəb olan günahlardan da uzaq durulmasını əmr etmiş, bu günahların başında da, zinanı saymışdır. Çünki zina, bəla və müsibətlərin meydana gəlməsinə səbəb olan ən böyük günahdır."
b. Zina, günahların ən çirkini və insanın içindəki nifrət və qəzəbin oyanmasına səbəb olan ən pis günah olduğu üçün, Peyğəmbər (sallallahu aleyhi və səlləm), ümmətini, qısqanclıq xüsusiyyətini yaradan və insanlara belə bir hiss lütf edən Allaha qarşı gəlməkdən çəkinmələri üçün xəbərdarlıq etmişdir.
-----------------------------------
Allah rəsulu (sallallahu aleyhi və səlləm)'in, "Ey Muhamməd ümməti!" deyə xitab etməsi də, ümmətinə olan düşgünlüyünü və şəfqətini göstərir. Burda, bir atanın, öz oğluna xəbərdarlıq edərkən, ona, "Ey övladım!" deyə xitabındakı şəfqətə bənzər bir şəfqət vardır.
Əslində, söhbətə baxıldığında, Peyğəmbər (sallallahu aleyhi və səlləm), orda olan camaata, "Ey ümmətim!" deyə xitab etməsinin daha uyğun olacağı, düşünülə bilər. Lakin, Allah rəsulu (sallallahu aleyhi və səlləm), burda, "Ey ümmətim!" yerinə, "Ey Muhamməd ümməti!" deyə xitab etməsində, bir incəlik vardır:
"Ey ümmətim!" ifadəsində, muxatabları şərəfləndirən və tərifləyən bir məna bəhs mövzusudur. Halbuki burda, onlara xəbərdarlıq etmə və qorxutma məqsədi güdüldüyü üçün, belə bir xitab, uyğun olmayacaqdır. Bax, Peyğəmbər (sallallahu aleyhi və səlləm), bu səbəbdən, ordakı camaata, "Ey Muhamməd ümməti!" deyə xitab etmişdir. Eyni xitab tərzi, "Ey Muhammədin qızı Fatimə, Mən, Allah qatında, səni qoruya biləcək heç bir şeyə sahib deyiləm." ifadəsində də bəhs mövzusudur.
----------------------------
Allah rəsulu (sallallahu aleyhi və səlləm), söylədiklərində əsla bir şübhə olmadığı halda, sözlərinə, and içməklə başlamışdır. Burdakı məqsədi, verdiyi xəbərin, muxatablar nəzdində daha təsirli olmasını təmin etmək və söylədiklərini qüvvətləndirməkdir.
----------------------------
Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in, "Əgər Mənim bildiklərimi bilsəydiniz..." ifadəsi, bu mənaya gəlir:
"Allahın qüdrətinin nə qədər uca olduğuna və günahkarlardan şübhəsiz intiqamını aldığına dair bildiklərimi bilsəydiniz..."
-----------------------------
"Az gülərdiniz..." ifadəsilə bağlı olaraq, bu açıqlamalar verilmişdir:
Burdakı azlıq, heç olmamaq mənasındadır. Yəni, bəhsi keçən ifadə, "gülməyi tərk edərdiniz və hiss etdiyiniz qorxu və sizi əhatə edən kədər dolayısı ilə, demək olar ki, heç gülməzdiniz." mənasına gəlir.
------------------------------
Hədisdən çıxan nəticələr:
1. İnsanlara xitab edərkən, ruxsat (bir üzrdən dolayı ikinci dərəcəli məşru qılınan şeylər)'dən bəhs edərək, onları tənbəlliyə sövq etməkdənsə, əzab ilə qorxudaraq xəbərdarlıq etmək, yerinə görə tərcih edilir. Çünki, ruxsatlardan istifadə edilərsə, insan, yaradılışı və təbiəti gərəyi, şəhəvi arzulara meyl edər. İşini tam mənası ilə bilən mütəxəssis bir həkim, xəstəliyi müalicə edərkən, bu xəstəliklə mübarizə aparacaq çarələri və dərmanları tövsiyyə edər; xəstəliyin artmasına yol açacaq tədbirsiz davranışlar içində olmaz.
2. Günəş və ay tutulması namazlarının, özünə məxsus bir qılınış şəkli vardır. Bu namazda, adət edilmişin xaricində, qiyam və namazın digər rüknləri uzadılar.
3. Günəş və ya ay tutulması halında, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in əmr etdiyi namaz, zikr, dua kimi ibadətlərə, dərhal yönəlmək lazımdır.
4. Çox gülmək, doğru bir davranış deyildir və bu səbəbdən, qadağan edilmişdir. Buna müqabil olaraq, ağlamaq, təşviq edilmiş və təriflənmişdir.
5. İnsanın, bir gün öləcəyi və fane olacağı, qətidir.
6. Allah Taala'nın ayətlərindən və kainatın hər zərrəsində görülən işarətlərindən ibrət almaq lazımdır.
7. Ulduzların, yer üzündəki hadisələrə, hər hansı bir təsiri yoxdur. Çünki, dünyaya daha yaxın olan ay və günəşin, belə bir təsirinin olmadığı, hədisdə ifadə edildiyinə görə, digər ulduzların təsirinin ola bilməyəcəyi, daha açıqdır.
8. Bəzi hadisələrin ardından, yalnış inancların ortaya çıxmasından qorxulduğu vaxt, lazımi tədbirlər, dərhal görülməlidir.
9. Səhabələr, Allah rəsulu (sallallahu aleyhi və səlləm)'in bütün etdiklərini, özlərindən sonrakı nəsillərə nəql edə bilmək üçün, əllərindən gələn hər fədakarlığı göstərmişlərdir.
10. Günəş və ay tutulması, qiyamət günündə olacaqları xatırladan bir nümunə olaraq başa düşülməlidir.
11. İnsan, Allah Taalaya ibadət edərkən, qorxu ilə ümid arasında olmalıdır. Necə ki, bu tutulmalar, tutulma anında, qorxu saldığı halda, açılma meydana gəldikdən sonra, bir rahatlıq olur.
12. Bu tutulmalar, günəşə və aya ibadət edənlərin inanc və görüşlərinin nə qədər çirkin olduğunu da ortaya qoymaqdadır.
(İbn Həcər Asqalani, "Fəthu'l-Bari", 16-cı Kitab: "Kitabu'l-Küsuf/Günəş və ay tutulmaları kitabı", 2-ci Bab: "Günəş və ay tutulması vaxtında sədəqə vermək", hədis no: 1044)
