"Hədis səhihdirsə, məzhəbim odur" necə başa düşülməlidir?

“Hədis səhihdirsə o mənim məzhəbimdir” və ya “Peyğəmbərdən mənim dediyimə müxalif bir hədis sizə çatarsa onu götürün və mənim sözümü divara çırpın!” şəklindəki sözləri oxuyub hər qabağına çıxan səhih hədislə əməl edə biləcəyini düşünürsənsə, imamları təqlid etməyin sənə vacib olmadığına inanırsansa, o zaman aşağıdakı izahları oxu!

İmamlarımız bu sözü siravi müsəlmanlar üçün, cahillər üçün deməyiblər. Yəni qəsdləri bu olmayıb ki, hər qabağına səhih bir hədis çıxdıqda onu götürüb onunla əməl edəsən və məsələnin hökmündə zikr əhlini təqlid etməyəsən!

Şihəbuddin əl-Qarafi deyir ki, belə bir şey “şəriəti köklü şəkildə araşdırmaq əhliyyəti olan kəsə aiddir ki, hətta hədisə zidd başqa bir dəlilin olmadığını deyə bilsin.”[1]

Həmçinin hənbəlilərin böyük fəqihlərindən əl-Qadi Əbu Yalə deyir ki, belə bir şey “yalnız hədisləri bilən və ictihada qadir olan biri üçün mümkün ola bilər.”[2]

Şafi’ilərdən İbnus-Saləh əş-Şəhrazuri deyir: “Lakin bu, asan bir iş deyildir və heç də hər bir fəqihin hədislərdən hüccət hesab etdiyi ilə əməl etməkdə müstəqil davranması icazəli deyildir.”[3]

Yaxud da Əbu Şəmə əl-Məqdisi deyir:

“Bunu ictihadı məlum olan bir alimdən savayı bir kimsə həyata keçirə bilməz və əş-Şafi – “Allahın elçisinin – salləllahu aleyhi va səlləm – hədisinin mənim görüşümə müxalif olduğunu görsəniz, onu götürün və mənim dediyimi tərk edin” – sözləri ilə məhz belə birinə xitab edir. Bu xitab hər kəsə aid deyildir, çünki sünnətdə o qədər səhih hədis vardır ki, əməl ya icma ilə, ya da müəyyən maneələrə əsaslanaraq ixtiyar ilə onun əleyhinə edilmişdir...”[4]

ən-Nəvəvi də qeyd edir ki, “bu, yalnız məzhəb daxilində ictihad rütbəsinə çatmış kəslər haqqındadır.”[5]

əs-Subki vurğulayır ki, “hər yerindən duran bu sözlərə aldanmamalıdır” və buna “şəriətin dəlillərini araşdırmağı və onları təftiş etməyi bacaran” kəslər qadirdir.[6]

əl-Hafiz Valiyyuddin əl-İraqi də bu sözlə bağlı ona verilmiş suala cavab verərkən qeyd edir ki, imamların sözlərini tərk edib hədislə əməl etmək üçün bəzi şərtlər tələb olunur və o şərtləri bir-bir sayır:

“1) sözü gedən muqalliddə səhih hədisi zəifdən ayırd etmə əhliyyəti olmalıdır,

2) hədisi fəhm etmək və onunla əməl etmək əhliyyəti olmalıdır,

3) həmin babdakı digər dəlilləri də əhatəli şəkildə bilməlidir,

4) tərcihin şərtlərini bilməlidir...”

Şərtləri qeyd etdikdən sonra buyurur:

“Siravi insanlara gəldikdə isə belə bir şey onlar üçün icazəli deyildir. Səhihini zəifindən ayıra bilməyən, onunla əməl etməyə əhliyyəti olmayan bir kimsə hədislə necə əməl edə bilər?! Nəzəri məsələlərdə də biliyi yoxdur, üsul qaydalarında mərifəti yoxdur...”[7]

Hətta İbn Rəcəb açıq şəkildə qeyd edir ki, imamların bu cür sözləri onların biliklərinə yaxınlaşmış kəslər üçün deyilib. [8]

Hənəfi alimlərindən İbn Abidin də eyni mənanı təsdiqləyərək buyurur ki, “bu söz şəriət mətnlərinə nəzər salmaq, onların möhkəmini mənsuxundan ayıra bilmək əhliyyətinə sahib olan biri üçün deyilmişdir.”[9]

[1] əl-Qarafi, “Şərh Tənqih əl-Fusul”, səh: 450;
[2] əl-Qadi Əbu Yalə, “əl-Uddə fi Usulil-Fiqh”, 4/1229-1230
[3] İbnus-Saləh, “Ədəbul-Mufti val-Mustəfti”, səh: 118
[4] əs-Subki, “Mə’nə Qavlil-İməmil-Mutalləbi”, səh: 106;
[5] ən-Nəvəvi, “əl-Məcmu Şərh əl-Muhəzzəb”, 1/64;
[6] əs-Subki, “Mə’nə Qavlil-İməmil-Mutalləbi”, səh: 93;
[7] əl-İraqi, “əl-Əcvibə əl-Mərdiyyə anil-Əsilətil-Məkkiyyə”, səh: 65-67
[8] Ibn Rəcəb, “Məcmu Rasəil əl-Həfiz İbn Racəb əl-Hənbəli”, 2/628-632;
[9] İbn Abidin, “Raddul-Muhtər alə Durril-Muxtər”, 1/68;

Read 14 times
In order to make a comment, please login or register