Hənəfi məzhəbi və hədis

əbu Hənifə və hədis:

1.İmam Əbu Hənifənin (رضي الله عنه) Elmi Əhatəsi.

Kufədə yetişən İmam Əbu Hənifə (رضي الله عنه) zəngin və rəngarəng bir elmi mühit içərisində olmaq fürsətinə sahib olmuşdur. Həzrəti Ömər, Abdullah ibn Məsudu insanlara Quran və fiqhi öyrətmək üçün Kufəyə göndərəndə: “Abdullahı göndərməklə sizi özümdən üstün tutdum,”- demişdir. Çünki Abdullah ibn Məsud səhabə içərisində öz elmi ilə fərqlənən bir neçə nəfərdən biridir. Kufənin salınmasından Həzrəti Osmanın xəlifəliyinin axırlarına qədər Kufə camaatına Quran və fiqh öyrədən Abdullah ibn Məsud dörd minə yaxın fəqih və mühəddis yetişdirərək Kufəni digər islam şəhərləri ilə elmi rəqabətə girə biləcək bir səviyyəyə çatdıran əsas simadır. Buna görə Həzrəti Əli Kufədəki fəqihlərin çoxluğundan dolayı sevinərək: “Allah İbn Ummi Abda (Abdullah ibn Məsuda) rəhmət etsin. Bu şəhəri elmlə doldurubdur,” demişdir. Bundan başqa burada Şə'd ibn Əbi Vəqqas, Huzeyfə, Əmmar, Salman Farisi, Əbu Musa əl–Əşəri kimi səhabələr də məskunlaşmışdılar. Həzrəti Əli xilafətin paytaxtını Kufəyə köçürdükdən sonra bura çoxlu səhabə köçdü.Hətta bunların sayının beş min yüz nəfərə yaxın olduğu bildirilir.

Bu səhabələrdən  elm almış tabeinlərin sayının da bundan az olmayacağı özlüyündən bilinən bir şeydir. Burada onların ən məşhurlarından bəzilərinin adlarını və kimdən elm aldıqlarını xatırlatmaqla kifayətlənəcəyik.

1.Əlqəmə ibn Qeys ən-Nəxəi ( رحمة الله ضد ) (ö–62): Əsvəd ibn Yəzid ən-Nəxəinin əmisi olan Əlqəmə Həzrəti Ömər, Həzrəti Osman,Həzrəti Əli, Abdullah ibn Məsud, Huzeyfə, Salman Farisi və Əbu Dərdadan rəvayət etmişdir.

2.Məsruq ibn əl-Əcda əl–Həmdani ( رحمة الله ضد ) (ö–63): Həzrəti Ömər,Həzrəti Əli, Abdullah ibn Məsud, Xəbbab ibn əl–Ərətt,Ubeyy ibn əl–Kə'b, Abdullah ibn Ömər, Həzrəti Aişə və Ubeyd ibn Umeyrdən elm almışdır.

3.Əsvəd ibn Yəzid ibn Qeys ən–Nəxəi ( رحمة الله ضد )  (75): Əlqəmə ibn Qeysin qardaşı oğlu olan və ondan yaşca böyük olduğu bildirilən Əsvədin Həzrəti Əbu Bəkr, Həzrəti Ömər, Həzrəti,Əli, Abdullah ibn Məsud, Muaz ibn Cəbəl, Salman Parisi,Əbu Musa əl-Əşəri və Həzrəti Aişədən rəvayətləri vardır.

4.Qazı Şureyh ( رحمة الله ضد ) (ö-83): Həzrəti Ömər zamanında Kufə qazılığına təyin və ölümünə qədər, altımış iki il, bu vəzifədə qalan, eyni zamanda şair olan Şureyh İbn əl-Haris əl-Kindinin rəvayət etdiyi səhabələrin önündə Həzrəti Ömər gəlir.

5.Əbdürrahmən ibn Əbi Leyla ( رحمة الله ضد ) (ö-83): Ənsardan yüz iyirmi səhabəni gördüyünü söyləyən, Əbdürrahmən ibn Məhəmməd ibn əl–Əş'əslə birlikdə Həccaca qarşı qoşulduğu üsyanda öldürülən, Əbu Hənifənin müasiri, məşhur İbn Əbi Leylanın ( رحمة الله ضد ) da atası olan Əbdürrahmənin elm aldığı səhabələr bunlardır; Həzrəti Ömər, Həzrəti Əli,Abdullah ibn Məsud, Ubeyy ibn Kə'b, Səhl ibn Huneyf,Həvvad ibn Cubeyr, Huzeyfə, Abdullah ibn Zeyd, Kə'b ibn Ucrə, əl Bərra ibn Azib, Əbu Zərr əl-Gifari, Əbu Dərda,Əbu Səid əl–Xudri, Qeys ibn Sə'd, Zeyd ibn Ərqam.

6. İbrahim ən- Nəxai  ( رحمة الله ضد ) (ö- 96): Əbu Hənifənin ustadının ustadı olan İbrahim ən-Nəxəi Abdullah ibn Ömər, Abdullah ibn Abbas, Abdullah ibn Əmr, Cabir ibn Abdullah, Numan ibn Bəşir və Əbu Hureyrə kimi səhabələrdən elm almış öncül tabeinlərdəndir.

7.İbrahim ən-Nəxəinin tələbəsi və İmam Əbu Hənifənın ustadı olan Həmmad ibn Əbi Suleyman ( رحمة الله ضد ) da bu mühitdə yetişmiş məşhur fəqihlərdən idi. O, Nəxəiyə ifrat bağlılığı ilə tanınırdı. Bir gün İbrahim ən–Nəxəi Həmmadı ət almaq üçün bazara göndərir. Miniyi ilə yol gedən atası Həmmadın əlində səbət görüb hirslənir və səbəti əlindən alıb atır və bazara getməyə mane olur. İbrahim vəfat etdikdən sonra bir qrup Xorasanlı Həmmadın atası Müslim ibn Yəzidin qapısını döyür.Gələnlər gecənin qaranlığında, əlində şamla bayıra çıxan Müslimə: “Bizə sən yox, oğlun lazımdır,”- deyirlər. Atası içəri qayıdaraq: “Ау oğul, qalx onları qarşıla. Bunları sənin ayağına gətirənin о səbət olduğunu indi anladım”- deyir.

Kufənin o dövrdə hədis elmi baxımından canlılığına işarə edən bir çox rəvayətlər vardır. Bunlardan birində Ənəs ibn Sirin ( رحمة الله ضد ) belə deyir: “Kufəyə gəldim. Orada hədis öyrənən dörd min adam və fəqih olan dörd yüz adam gördüm”. Əffan ibn Müslim isə belə deyir: “Kufəyə gəldik. Dörd ay orada qaldıq. İstəsəydik bu müddət ərzində yüz min hədis yaza bilərdik. Ancaq, imla xaricində heç kəsdən hədis qəbul etmədiyimizə görə əlli min hədis yaza bildik“.

Hədis rəvayətinin bu qədər bol olduğu bir bölgədə İmam Əbu Hənifənin bunlardan xəbərsiz olaraq yetişməsi mümkün deyildir. Əksinə bu rəvayət bolluğundan xəbərdar olduğuna görədir ki, seçim edərkən çox həssas davranmış, qarşısına çıxan hər rəvayəti qəbul etməkdən qaçmışdır. Fəqihləri mühəddislərdən fərqləndirən ən önəmli xüsus da elə budur. Mühəddislərin bir qisminin hər eşitdikləri rəvayəti onunla əməl edilib edilməyəcəyinə baxmadan, hətta bəzilərinin nədən bəhs etdiyini belə anlamadan
toplamağa və nəql etməyə çalışdıqları bilinən bir şeydir. Buna görə onlara həşv [1] əhli, kitab karvanları, qissə və hekayət hambalları deyilmişdir.

İmam Əbu Hənifədən vermiş olduğu bir hökmün qaynağını soruşan Əməş ( رحمة الله ضد ) , aldığı: “Sənin rəvayət etdiyin bu, bu hədislərə əsaslanıram,”– cavabından sonra: “Kifayətdir. Yüz gündə rəvayət etdiyim şeyi mənə bir saat ərzində rəvayət etdin. Sənin bu hədislərlə əməl etdiyini bilmirdim. Еу Fəqihlər, sizlər təbib bizlər isə, əczaçılarıq. Sən isə ey adam, hər ikisinə də sahibsən,"-deyərək fəqihlə mühəddis arasındakı fərqə diqqət yönəltmişdir.

[1].Həşv-dolğu,ərəb dilində içi boş olan bir şeyi doldurmaq üçün istifadə olunan hər şeyə həşv deyilir. Burada söz arası söylənən əlavə sözlər nəzərdə tutulur.

Read 255 times
In order to make a comment, please login or register