"Hər ayətin zahiri və batini mənaları vardır." hədisini izah edərsinizmi?

Quran ayətlərinin zahiri mənalarından başqa mənaları vardırmı? (1. Yazı)

Sual:

...(yuxarıdakı) bu ifadələr, işarət edilən elmlərin zahir və batin yönləri olduğunu göstərməkdədir. Bunların bir bölməsi çox açıq, bir bölməsi isə, ancaq (nəfsi) mücahədə, riyazət, israrlı istək, parlaq düşüncə və məqsəd, fikir xaricində hər növ dünyəvi məşğuliyyətlərdən arınmış bir sirlə vüzuha qovuşa biləcək bir gizlilikdədir. Halbuki bu düşüncələr, şəriətə zidd kimi görünməkdədir. Çünki şəriətdə, zahiri və batini, gizli və açıq bir fərq qoymaq, doğru deyildir. Şəriətdə, zahir-batin, gizli-açıq, hamısı birdir. Bəs buna nə deyirsən?

Cavab:

Bu elmlərin gizli və açıq elmlər olmaq üzərə ikiyə ayrılmalarını, bəsirət sahibləri inkar etməz. Bu cür fərqlərə, sadəcə uşaqlıq dövründə bir şeylər öyrənmiş və bu öyrəndiklərinin üzərində donub qalmış, yüksəkliyin zirvəsinə çatmamış, alim və vəlilərin məqamlarına addım atmamış insanlar qarşı çıxmaqdadırlar. Elmlərin açıq və gizli yönləri olduğu, şər'i dəlillərdən açıqca anlaşılmaqdadır. Necə ki,

• Peyğəmbər (sallallahu aleyhi və səlləm), bir hədisində belə buyurur:

"Şübhəsiz, Quranın zahiri, batini, həddi (mənanın varacağı son nöqtə) və matlaı (mənanın doğduğu, başladığı nöqtə) vardır."

• Əli (radiyallahu anh) sinəsinə işarət edərək:

"Əhil daşıyıcılar tapsam, burda çox elmlər vardır." demişdir.

• Allah rəsulu (sallallahu aleyhi və səlləm):

"Biz peyğəmbərlər, insanlara ağılları nisbətində danışmaqla əmr olunduq."

• Allah rəsulu (sallallahu aleyhi və səlləm):

"Bir topluluğa, ağıllarının ala bilməyəcəyi şeylər söyləyənin sözləri, onlar üçün sadəcə fitnə olar."

• وَتِلْكَ ٱلْأَمْثَـٰلُ نَضْرِبُهَا لِلنَّاسِ ۖ وَمَا يَعْقِلُهَآ إِلَّا ٱلْعَـٰلِمُونَ

"Biz insanlar üçün belə məsəllər çəkirik. Onları isə, ancaq həqiqəti dərk edən adamlar anlayarlar." (Ənkəbut/43)

• Peyğəmbər (sallallahu aleyhi və səlləm) belə buyurur:

"Elmin, gizli kimi olanı vardır, onu Allahı bilən alimlərdən başqası anlamaz."

• Allah rəsulu (sallallahu aleyhi və səlləm) belə buyurmuşdur:

"Mənim bilməkdə olduqlarımı bilsəniz, az gülər, çox ağlayardınız."

• Sehl ət-Tüstəri belə deyir:

"Alimin 3 elmi vardır:

1. Zahir elmi, bunu hər kəsə açıqlayar;

2. Batin elmi, bunu bu elmlə məşğul olanlara açıqlayar;

3. Allah ilə özü arasındakı elmi, bunu kimsəyə açıqlamaz."

Cavab:

Bil ki, bu sual, böyül bir təhlükəni qurcalamaqla, bizi mükaşəfə elmlərinə sürükləyib muamələ elminin qayəsi xaricinə çıxarmaqdadır. Halbuki bizim bu kitablarımızın hədəfi, muamələ elmini açıqlamaqdır. Çünki daha əvvəl ələ aldığımız inanc əsasları, qəlbləri maraqlandıran xüsuslardır. Qəlblərimizi bunlara bağladıqdan sonra qəbullanıb təsdiq etməklə mükəlləfik, yoxsa dərin həqiqətlərinə varacaq şəkildə onları incələməklə mükəlləf deyilik.

Bu, hər kəsə aid bir mükəlləfiyyət deyildir. İfadələr zahir ilə batinin bir birinə tərs düşdüyünü yansıdan bir məcraya yönəldiyində, mövzunu vəciz ifadələrlə aydınlığa qovuşdurmağa çalışmaq, qaçılmaz olmaqdadır. Bundan dolayı:

"Həqiqət, şəriətə tərsdir."

və ya:

"Batin, zahirlə zidd düşür."

deyən kimsə, imandan çox küfrə yaxındır. Muqarrəb (Allaha daha yaxın) insanlara xas olub yalnız onların qavradıqları, böyük əksəriyyətin elmində özlərinə ortaq ola bilməyib başqalarına açıqlama icazəsi verilməyən sirlər, 5 qismə ayrılır:

• Birinci qismə girən sirlər: Ruh və Allahın bəzi sifətləri:

Bir şeyin hədd-i zatında, bir çox insanın deyil, sadəcə "xavas" deyilən seçkin zümrənin qavrayacağı bir incəlikdə olmasıdır. Bu seçkin sinfin vəzifəsi də, o sirrə əhil olmayan insanlara açıqlamamalarıdır. Çünki açıqlanarsa, anlayışları qıt olduğundan, avam yığınlarının fitnəyə düşmələrinə səbəb olar. Ruhun sirrinin gizlənib Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in bunu açıqlamağa yanaşmaması, bu qəbildəndir. Ağıllar onu anlamaqdan bitab qalar, fikirlər künhünü qavramaqdan acizliyə düşər.

Əsla ruhun sirrinin, Allah rəsulu (sallallahu aleyhi və səlləm)'ə açıqlanmadığını sanma, çünkü ruhu tanımayan, nəfsini tanımamış kimi olar. Nəfsini tanımayan, nöqsan sifətlərdən münəzzəh olan Rəbbini necə tanıya bilər?!

Ruhun həqiqətini bəzi vəli və alimlər də bilə bilərlər, bu, uzaq bir ehtimal deyildir. Onlar, peyğəmbər deyillərsə də, şəriətin ədəblərilə tərbiyə almış olduqlarından, peyğəmbərin sözünü etmədiyi mövzularda, onlar da susarlar.

Hətta əziz və cəlil olan Allahın sifətlərinin də bir çox gizli yönləri vardır, əksəriyyət, o gizli incəlikləri qavramaz. Peyğəmbər (sallallahu aleyhi və səlləm), o gizliliklərdən, xalq yığınlarının zehnlərinə yerləşə biləcək elm, qüdrət və bənzərləri kimi təcəllilərilə çox açıq olan qisimləri zikr etmişdir.

Bu sifətlərin, insanların öz elm və qüdrətlərilə bir növ münasibətləri olduğundan, Allahın elm və qüdrətini asanlıqla anlaya bilərlər. Çünki insanların da elm və qüdrət deyə anılan özəllikləri vardır. O İlahi sifətləri, bu cür müqayisə metodu ilə anlamağa çalışırlar. Əgər xalqa olmayan və xalqın sifətlərilə bir münasibəti olmayan sifətləri anılsa, xalq bundan bir şey anlamaz.

Məsələn, bir uşağa və ya "innin" deyə vəsf edilən birinə, cinsi münasibətin zövqündən söz edilsə, bundan dadını bildikləri bir yeməklə bağlantı quraraq bir şey başa düşə bilərlər. Bu isə, həqiqi mənada bir idrak sayılmaz. Allah Taalanın elm və qüdrətilə, məxluqların elm və qüdrəti arasındakı fərq isə, çox təbii cinsi münasibət ilə yemək arasındakı ləzzət fərqindən çox-çox fərqlidir.

Sözün özü:

İnsan yalnız nəfsini və indi və ya keçmişdə nəfsinin daşıdığı vəsfləri başa düşə bilir. Daha sonra müqayisə-qarşılaşdırma metoduna baş vuraraq, başqalarının sifətlərini qavramağa çalışır, bu qarşılaşdırmalar nəticəsində sifətlər arasında şərəf və kamal fərqləri olduğunu təsdiq edir.

O halda, insan gücü, sadəcə, öz nəfsində sabit olan fel, elm, qüdrət və bənzəri sifətləri, Allaha isbat edə bilir. Ancaq bu isbatı edərkən də, işarət edilən sifətlərin, Allah Taalada çox daha mükəmməl və şərəfli olduğunu da təsdiq edər, böyük qüsuru öz sifətlərində tapar, yoxsa Allah Taalaya xas olan sifətlərə deyil. Bundan ötürüdür ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm:

"Mən Sənə təriflər yağdırmaqdan acizəm. Sən, Özünü təriflədiyin kimisən."

buyurmuşdur. Hədisdə vurğulanmaq istənən məna:

"Mən idrak etdiyimi sözlə ifadə etməkdən acizəm."

demək deyil, cəlalının künhünü qavramaqdan aciz qalmağı etiraf etməkdir. Bundan ötürü, ariflərdən biri belə demişdir:

"Allahı, əziz və cəlil Allahdan başqası, gərəyi kimi tanımamışdır."

Sözün cilovlarını bu tərz sözlərdən çəkib əsl hədəf olan və ağılların qavramaqdan aciz qaldığı 5 qismin birincisinə dönək. Ruh ilə Allah Taala'nın bəzi sifətləri bu qismə girməkdədir. Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in aşağıdakı sözlərində buna işarət edilmişdir:

"Nöqsan sifətlərdən bəri olan Allahın nurdan 70 pərdəsi vardır. Əgər pərdələri açılsa, Üzünün parıltıları hər gördüyünü yandırar."

-------------------------

İkinci qismə girən sirlər:

Əslində anlaşılması çətin olmayıb anlaşıla bilən və lakin açıqlanması peyğəmbərlərlə siddiq insanlar xaricində dinləyənlərin çoxuna zərər verən və bu səbəbdən peyğəmbər və siddiqlərin açıqlamalarına icazə verilməyən gizliliklərdir.

Elm adamlarının açıqlama verməkdən əngəlləndikləri "qədər sirri", bu qismə girir.

Bir qisim həqiqətlərin açıqlanmasının bəzi insanlara zərər verə biləcəyi fikri, qərib qarşılanmamalıdır. Necə ki, günəş işığı yarasalara, gül qoxusu da bal böcəklərinə zərər verir...

Bu necə uzaq görülə, qərib qarşılana bilər ki?!

Çünki bizim "küfür, zina, günahlar, şərlər, bütün bunlar Allahın qəzası, iradəsi və məşiəti ilədir." sözümüz, öz nəfsində doğru bir sözdür. Halbuki bu ifadə, bəzilərinə zərər vermiş və bu cür ifadələrin, axmaqlıq, hikmətə zidd düşən, pisliyə və haqsızlığa riza göstərmək fikrinə qapılmışlardır. İbn ər-Ravəndi ilə Allahın rəhmətindən məhrum olan bir qrup bu cür sözlər səbəbilə, dinsizliyə sapmışlardır.

Əgər qədər sirri açıqlansa, bir çox kimsə acizliklərindən dolayı, şübhəyə qapılarlar. Çünki insanların zehnləri, qədər sirrinin açıqlanmasından ötürü meydana gələn şübhələri ortadan qaldıracaq gücə sahib deyildir.

"Qiyamətin vaxtı açıqlanıb məsələn, 1000 il və ya daha çox və ya daha az bir müddət sonra meydana gələcəyi bildirilsəydi, daha yaxşı qavranardı. Ancaq insanların faydası diqqətə alındığı və möhtəməl zərərlərə düşmələrindən narahatlıq duyulduğu üçün, qiyamətin müddəti bildirilməmişdir. Çünki qiyamətin qopma zamanına bəlkə daha çox qala bilər. Bu halda insanlar, xülyaya qapılar, cəza anını uzaq görüb günah işləməkdən çəkinməyə bilərlər. Və ya qiyamətin qopma zamanına az bir müddət qalmış ola bilər. Əgər yaxın olduğu zikr edilsəydi, insanların qorxuları artar, çalışmaqdan üz çevirərlərdi. Bunun nəticəsində də, dünya, xarabalığa çevrilərdi."

şəklində izah gətirənlərin bu izahları doğru qəbul edilərsə, ikinci qismə nümunə olar.

-----------------------

• Üçüncü qismə girən sirlər:

Açıq bir şəkildə bildirildiyi təqdirdə, həm başa düşülən, həm də zərəri olmayan şeydir. Ancaq dinləyənlərə təsir etmək üçün, özündən istiarə və işarət yolu ilə söz edilir. Çünki dinləyicilərin qəlblərinə yer edincə, daha faydalı olur. Məsələn biri:

"Donuzların boyunlarına inci taxan birini gördüm."

desə və bu sözlərilə o insanın əhil olmayanlara elm və hikmət öyrətdiyi mənasına vurğu etmək istəsə, dinləyənin zehninə hər şeydən əvvəl ibarənin zahiri mənası yerləşəcək. Amma hadisələrin həqiqətinə nüfuz edən kimsə düşündüyündə, o kimsənin boynunda inci və olduğu yerdə də donuz mövcud olmadığını qavrayacaq və danışanın nə demək istədiyini başa düşəcək. İnsanların bu sirləri başa düşmədəki qabiliyyətləri fərqli-fərqlidir.

Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in bu sözləri, bu qəbildəndir:

"Dəri, atəş üzərində büzüldüyü kimi, məscid də bəlğəmdən büzülər."

Atılan bəlğəmlərlə məscidin çəkilib büzülmədiyi bir həqiqətdir. Elə isə, hədisin bildirmək istədiyi məna:

"Məscidin ruhu, təzimi gərəkdirir. Məscidə sümkürmək, atəşin, dərinin parçalarının birləşməsinə əngəl olması kimi, məscidə həqarət olub onun ruhu ilə bağdaşmaz." deməkdir.

Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in:

"Başını imamdan əvvəl (rüku və səcdədən) qaldıran kimsə, başını Allah Taala'nın eşşək başına çevirməsindən qorxmur mu?"

Bu keyfiyyət, şəklən heç bir zaman gerçəkləşməmiş və gerçəkləşməyəcəkdir. Amma məna baxımından, hər zaman bu hal görüləcəkdir.

Hədisdə eşşəyin başı, maddi olaraq qəsd edilməmiş, onun özəlliyi olan əbləhlik və axmaqlıq murad edilmişdir.

Elə isə, imamdan əvvəl başını qaldıran kimsənin başı, əbləhlik və axmaqlıq mənasında eşşəyin başını xatırladır.

Bəli, güdülən məqsəd, mənanın qəlibi olan şəkli deyil, şəkillə ifadə edilən mənadır. Çünki həm imama tabe olmaq, həm də hərəkətləri imamdan əvvəl etmək, bir ziddiyyət olub, axmaqlığın son pilləsidir.

Bu cür sözlərin zahiri mənalarında istifadə edilmədikləri, ya əqli, ya da şəri dəlillərlə bilinir.

• Əqli dəlil, ifadə edilən mənanın zahiri mənasında istifadə edilməsinin mümkün görülməməsidir. Məsələn, Allah rəsulu (sallallahu aleyhi və səlləm)'in:

"Möminin qəlbi, Rəhmanın barmaqlarından 2 barmağı arasındadır."

Sözlərinin zahiri mənada istifadə edilməsi, əqlən mümkün deyildir. Çünki biz, möminlərin qəlblərini incələdiyimizdə, bu qəlblərdə, hər hansı bir barmağa rastlamırıq.

Elə isə, barmaqların zikri, barmaqların sirri və gizli ruhu olan qüdrətdən kinayədir.

Qüdrətin barmaqlarla ifadə edilməsi, Allah Taala'nın qüdrətinin tam başa düşülməsi xüsusunda, dinləyənləri daha yaxşı təsirləndirdiyi, qüdrəti ən gözəl "əl" təmsil etdiyi üçündür.

Allah Taala'nın:

إِنَّمَا قَوْلُنَا لِشَىْءٍ إِذَآ أَرَدْنَـٰهُ أَن نَّقُولَ لَهُۥ كُن فَيَكُونُ

"Biz bir şeyi yaratmaq istədikdə, ona ancaq: “Ol!”– deyirik, o da olur." (Nəhl/40)

ayətində, gücündən kinayə etməsi də bu qəbildəndir. Çünki ayəti zahiri mənada dəyərləmdirməyin imkanı yoxdur. Məsələni bir az açaq:

Əgər Allahın "şey"ə əmri, "şey"in var edilməsindın əvvəldirsə, yox olan "şey"ə, "ol" deyilmiş olacaq ki, bu, muhaldır. Çünki olmayan bir şeyə necə xitab edilə bilər ki?! Olmayan bir şey də, bir xitabı necə anlaya bilər?! Ki, əmrə uysun.

Əgər "ol" əmri, "şey"in var olmasından sonra verilmişdirsə, bu da gərəksizdir. Çünki mövcud olanın, yaradılmağa ehtiyacı yoxdur.

Ancaq İlahi gücün son həddini qavratmaq cəhətindən, vicdanlara çox daha təsir etdiyi üçün, kinayə ilə bildirmək tərcih edilmişdir.

Bəzi ayət və hədislərin zahiri mənalarında istifadə edilmədiyi, bəzən də şəri dəlillərlə bilinə bilər. Bu cür ayətlərin zahiri mənalarında istifadə edilmələri mümkün ikən, zahiri mənada istifadə edilmədiyi rəvayət edilmiş də ola bilər.

Məsələn:

أَنزَلَ مِنَ ٱلسَّمَآءِ مَآءً فَسَالَتْ أَوْدِيَةٌۢ بِقَدَرِهَا فَٱحْتَمَلَ ٱلسَّيْلُ زَبَدًا رَّابِيًا ۚ وَمِمَّا يُوقِدُونَ عَلَيْهِ فِى ٱلنَّارِ ٱبْتِغَآءَ حِلْيَةٍ أَوْ مَتَـٰعٍ زَبَدٌ مِّثْلُهُۥ ۚ كَذَ‌ٰلِكَ يَضْرِبُ ٱللَّهُ ٱلْحَقَّ وَٱلْبَـٰطِلَ ۚ فَأَمَّا ٱلزَّبَدُ فَيَذْهَبُ جُفَآءً ۖ وَأَمَّا مَا يَنفَعُ ٱلنَّاسَ فَيَمْكُثُ فِى ٱلْأَرْضِ ۚ كَذَ‌ٰلِكَ يَضْرِبُ ٱللَّهُ ٱلْأَمْثَالَ

"O, göydən su endirir və vadilər ölçülərinə uyğun öz məcralarından daşaraq sel olub axır. Sel də, üzə çıxmış bir köpüyü götürüb aparır.

Bəzək şeyləri və ya başqa əşyalar düzəltmək üçün insanların odda qızdırıb əritdikləri şeylərin üstündə də, buna bənzər bir köpük olur.

Allah haqqa və batilə, belə misallar çəkir. Köpük yox olub gedir, insanlara fayda verən şeylər isə yerində qalır. Budur Allahın çəkdiyi misallar!" (Ra'd/17)

• "Su" mənasına gələn "ma" kəliməsi: "Quran";

• "Vadilər" mənasındakı "əvdiyə" də: "Qəlblər"

mənasında istifadə edilmişdir.

İşarət edilən qəlblərin bir qismi, çox şey yüklənmiş, bir qismi az, bir qismi isə, heç bir şey yüklənməmişdir. Köpük isə, küfür və nifaqdan kinayədir. Suyun üzünə çıxıb görünsə də, mütəmadi deyildir, zamanla yox olur, halbuki xalqa fayda verən hidayət, mütəmadidir.

Bir qrup, bu üçüncü qismin sərhədləri içindəki məsələlərdə, dərinlərə dalıb axirətlə əlaqəli mizan, sirat və bənzəri terminləri təvil etmişlərdir. Bu cür təvillər, bidətdir. Çünki hədislərdə belə təvillərə rastlanmamışdır. Qaldı ki, bunların zahiri mənalarında istifadə etmək, muhal olmadığı kimi, təvil edilməmələri, bir vəcibədir (borc hökmündə olan vəzifədir).

----------------------

• Dördüncü qisim sirlər:

İnsanın bir şeyi ilk əvvəl xülasə olaraq idrak edib ardından təhqiq və zövqlə təfsilatına enməsidir. Üzərində çalışdığı "şey"in təfsilatına enincə, artıq o "şey" onunla sanki bütünləşir, ayrılmaz bir halı olur.

2 elm, yəni:

1. İnsanın çalışma mövzusu olan "şey" ilə əlaqəli xülasə məlumatı; və

2. Təfsilatları ehtiva edən məlumatı,

bir-birindən fərqli olur.

• Birincisi qabıq;

İkincisi öz kimi;

• Birincisi zahir;

İkincisi batin kimidir.

Bu, eynilə buna bənzəyir:

Qaranlıqda və ya uzaqda, insanın gözünə bir şəxs göründüyündə, o şəxslə bağlı bir növ məlumat sahibi olur. Amma o şəxsi daha yaxından və qaranlığın qalxmasından sonra gördüyündə, 2 görüşü arasında bir fərq olduğunu qavramaqla birlikdə, son gördüyünün birinci gördüyünün ziddi, ondan fərqli bir şey olmadığını, əksinə, onu tamamlayan bir ünsür olduğunu fərq edir.

Elm, iman və təsdiq də belədir. İnsan oğlu, başına gəlməsə belə, eşqin, xəstəlik və ölümün varlığını təsdiq edə bilər. Ancaq bunlar, başına gəldiyində, təsdiq şəkli, çox daha güclü olur. İnsan, şəhvət, eşq və sair hallarda bir birinə zidd 3 fərqli davranışla qarşı-qarşıyadır:

1. Hadisənin varlığına olmazdan əvvəl inanmaq;

2. Hadisə meydana gəldiyi sırada inanmaq;

3. Olub bitdikdən sonra inanmaq.

Məsələn, ac ikən, aclığı bilməklə, doyduqdan sonra aclığı bilmək, bir birindən fərqlidir.

Dini elmlər də bunun kimidir, zövq verən və getdikcə təkamül edən bir yönü vardır. Təkamül edən dini bir elm, zövqsüz əldə edilən elmə nisbətən, batin kimi olur.

Bəli, sağlamlığın qiymətini xəstənin bilməsilə, sağlam birinin bilməsi arasındakı fərqi, yaxşı düşün.

İnsanlar, bu 4 qisim sirləri qavramaqda fərqlilik sərgiləyərkən, ancaq bunların heç birində zahirlə zidd düşən bir batini yön yoxdur, tam əksinə, özünə məxsus qabığı tamamlaması kimi, batin də zahiri tamamlayıb kamala çatdırır. Vəssəlam (Hamısı bu qədər).

----------------------&

Beşinci qisim sirlər:

Dil ilə halın dilini açıqlamaqdır. Qıt anlayışlı kimsə, zahiri ifadələrə ilişib qalar və onu həqiqət zənn edər. Halbuki həqiqətlərə nüfuz edənlər, zahiri ifadələrlə nə demək istənildiyini, buradakı sirri qavrayarlar.

Bu, eynilə buna bənzəyir:

Divar, özünə vurulan çəkicə:

-'Niyə məni yarırsan? diyə şikayət etdiyində, çəkic:

-'Onu mənə deyil, dayanmadan məni vuran çəkicə və onun əlindəki daşdan soruş.' deyir.

Bax burda, sözlə, halın dili bildirilmişdir. (Yoxsa nə divar danışmışdır, nə də çəkic.)

Fussilət surəsinin 11-ci ayətində, Allah Subhənəhu və Taala belə buyurur:

"---ثُمَّ ٱسْتَوَىٰٓ إِلَى ٱلسَّمَآءِ وَهِىَ دُخَانٌ فَقَالَ لَهَا وَلِلْأَرْضِ ٱئْتِيَا طَوْعًا أَوْ كَرْهًا قَالَتَآ أَتَيْنَا طَآئِعِينَ---"

"--Sonra O, tüstü halında olan göyə tərəf yönəlib ona və yerə:

“Könüllü surətdə və ya məcburi olaraq gəlin əmrimə boyun əyin!”– dedi.

Onlar: “Könüllü olaraq gəldik!”– dedilər.---"

İndi axmaq kimsənin bu ayəti anlaya bilməsi üçün, yer üzü ilə göyləri, həyat, ağıl, İlahi xitabı qavrayacağı bir anlayış qabiliyyəti və istedadı təqdir etməsi və Allah'ın xitab əmrinin göylərlə yerin dinləyə biləcəkləri bir səs və hərflərdən meydana gəldiyini və onların da hərf və səslə cavab verib: "istəyərək, könüllü olaraq gəldik" deyə dediklərini düşünməsi lazımdır.

Halbuki bəsirət sahibi, bu ifadələrin hal dilini bildirdiyini, göylərin və yerin məcburi olaraq Allahın əmrinə hazır olduqlarını xəbər verdiyini anlayar.

Yenə İsra surəsini 44-cü ayəti də bu qəbildəndir:

"---تُسَبِّحُ لَهُ ٱلسَّمَـٰوَ‌ٰتُ ٱلسَّبْعُ وَٱلْأَرْضُ وَمَن فِيهِنَّ ۚ وَإِن مِّن شَىْءٍ إِلَّا يُسَبِّحُ بِحَمْدِهِۦ وَلَـٰكِن لَّا تَفْقَهُونَ تَسْبِيحَهُمْ ۗ إِنَّهُۥ كَانَ حَلِيمًا غَفُورًا---"

"---Yeddi göy, yer və onlarda olanlar Onu təsbih edər. Elə bir şey yoxdur ki, Onu həmd ilə təsbih etməsin.

Lakin siz onların təsbihini anlamazsınız. Həqiqətən, O, Həlimdir, Bağışlayandır.---"

Yenə axmaq kimsə, bu ayətin mənasını qavraya bilmək üçün, cansız varlıqlara həyat, ağıl, səs və hərflərlə danışmaq qabiliyyəti verilib, onların: 'təsbih etdiklərini, yəni subhanallah dediklərini, təsbihin gerçəkləşməsi üçün, bunun, zəruri olduğunu düşünürlər.

Halbuki, bəsirət sahibi burada, dilin qəsd edilmədiyini, nəsnələrin (şeylərin) varlıqları ilə, Allahı təsbih, Zatını təqdis etdiklərini, Onun birliyinə şahidlik etdiklərini anlayar.

Necə ki, məşhur şairlərdən Lebid belə deyirdi:

"Hər şeydə Onun bir olduğunu göstərən bir nişan vardır."

Yenə:

"Bu sağlam memarlıq sənəti, memarının məharətinə şahiddir." deyildiyində, bu şahidlik, sözlü bir şahidlik olmayıb, zatı və halı ilədir.

Yenə heç bir şey yoxdur ki, özünü var edən, varlığını və sifətlərini davam etdirən, hərəkətlərini çəkib-çevirən bir Yaradıcıya möhtac olmasın. O, bu ehtiyacı ilə, zəruri olaraq, Yaradıcısının müqəddəsliyinə şahidlik edər.

Onun varlığını, hadisələrin zahirlərinə ilişib qalanlar deyil, bəsirət sahibləri idrak edərlər. Bundan ötürüdür ki, Allah Taala belə buyurmuşdur:

"...lakin siz, onların təsbihlərini anlamazsınız..."

Bu qıt ağıllılar, heç bir zaman qavramazlar. Muqarrəb (Allaha yaxın) kimsələrlə, elmin zirvəsinə çıxmış alimlər isə, künhünü və kamal mərtəbəsini qavramazlar.

Çünki hər varlıq, Allah Taala'nı nöqsan sifətlərdən tənzih edib onu təsbihlə anmaqda, fərqli şəhadət göstərirlər; şəhadəti isə, hər kəs, öz ağıl və bəsirətinə görə idrak edər.

Bu şahidlik şəkillərinin muamələ elmindən sayılması, uyğun deyildir. Bu elm şöbəsində də, zahir alimlərilə bəsirət sahibi kimsələrin məsələyə yaxınlaşma tərzləri fərqlidir. Sirrin bu beşinci qismi ilə, batinin zahirdən ayrıldığı görülməkdədir.

Bu məqamda israfa girən məqam sahibləri, gözlənildiyi kimi, etidal üzərə gedən məqam sahibləri də görülmüşdür. Zahiri ifadələri diqqətə almamaqda elə ifrata qaçanlar vardır ki, zahiri ifadələrin və dəlillərin hamısını və ya böyük bir bölməsini dəyişdirib təvil etmişlərdir. Elə ki, aşağıdakı ayətlərin hamısını zahiri mənalarında istifadə etməyib təvil yoluna sapmışlardır:

ٱلْيَوْمَ نَخْتِمُ عَلَىٰٓ أَفْوَ‌ٰهِهِمْ وَتُكَلِّمُنَآ أَيْدِيهِمْ وَتَشْهَدُ أَرْجُلُهُم بِمَا كَانُوا۟ يَكْسِبُونَ

"Bu gün onların ağızlarına möhür vurarıq. Qazandıqları günahlar barəsində onların əlləri Bizimlə danışar, ayaqları da şəhadət verər." (Yasin/65)

وَقَالُوا۟ لِجُلُودِهِمْ لِمَ شَهِدتُّمْ عَلَيْنَا ۖ قَالُوٓا۟ أَنطَقَنَا ٱللَّهُ ٱلَّذِىٓ أَنطَقَ كُلَّ شَىْءٍ وَهُوَ خَلَقَكُمْ أَوَّلَ مَرَّةٍ وَإِلَيْهِ تُرْجَعُونَ

"Onlar öz dərilərinə: “Nə üçün əleyhimizə şahidlik edirsiniz?”– deyəcəklər. Dəriləri deyəcək: “Hər şeyi danışdıran Allah bizi danışdırdı. Sizi ilk dəfə O yaratmışdır və siz axırda Ona qaytarılacaqsınız”. (Fussilət/21)

Yenə:

• qəbirdə Münkər və Nəkir mələkləri ilə olan qarşılıqlı söhbətləri;

• mizan, sirat və hesabla bağlı rəvayətləri;

• cəhənnəmliklərlə cənnətliklərin mübahisələrini yansıdan:

وَنَادَىٰٓ أَصْحَـٰبُ ٱلنَّارِ أَصْحَـٰبَ ٱلْجَنَّةِ أَنْ أَفِيضُوا۟ عَلَيْنَا مِنَ ٱلْمَآءِ أَوْ مِمَّا رَزَقَكُمُ ٱللَّهُ ۚ قَالُوٓا۟ إِنَّ ٱللَّهَ حَرَّمَهُمَا عَلَى ٱلْكَـٰفِرِينَ

"Od sakinləri Cənnət əhlini səsləyib deyəcəklər:

“Bizim üstümüzə bir az su və ya Allahın sizə verdiyi ruzidən tökün”. Onlar isə deyəcəklər:

“Allah bunları kafirlərə haram etmişdir”. (Əraf/50)

sözlərini təvil edib hamısının hal dili ilə olduğunu söyləmişlərdir.

Bir başqa qrup isə, təvil qapısını bağlamaqda ifrata qaçmışdır. Bunlardan biri Əhməd b. Hənbəl (rahmətullahi aleyh)'dir. O, Allah Taala'nın:

"Ol deyər, o da olar." (Yasin/82)

• ayətinin təvil edilməsini əngəlləmiş; və

• onun müntəsibləri, Allah Taala'nın bu xitabının hərf və səsdən meydana gəldiyini, Allah Taala'nın yaradılmış məxluqlar sayısınca hər an bu ifadəni istifadə etdiyini sanmışlardır.

Hətta imam Əhməd'in müntəsiblərindən birindən eşitdim, belə deyirdi:

İmam Əhməd, 3 söz xaricində, bütün təvil qapılarını bağlamışdır. O 3 sözdən:

1. "Həcəru'l-Əsvəd yer üzündə, Allahın yəminidir. (Yəni sağ qoludur)" hədisində keçən "yəmin" (sağ qol) ləfzi;

2. "Möminin qəlbi, Rəhmanın barmaqlarından 2 barmaq arasındadır." sözündəki "əsabi=barmaqlar" kəliməsi;

3. "Mən, Rəhman'ın nəfəsini Yəmən tərəfindən hiss edirəm." hədisində keçən "Rəhmanın nəfəsi" ləfzidir.

Zahir əhli də, təvil qapısının bağlanılmasına meyillidirlər. Əhməd b. Hənbəl haqqında hüsn-ü zənnimiz olduğundan, onun təvillə bağlı görüşləri haqqında bunu deyə bilərik:

O, Allah Taala'nın, ayətlərdə özünə nisbət etdiyi "istiva"nın, kürsü üzərində oturmaq, gecənin sonlarına doğru birinci səmaya enişinin də, bir yerdən bir yerə keçmək mənasında olmadığını, çox yaxşı bilməkdə idi. Ancaq o, insanların maslahatını güdərək, təvil qapısını bağlamışdır.

Çünki təvil qapısı açıldı mı, dəlik genişləyər, iş, cığırından çıxar, iqtisad həddi aşılar və qarşısı alınmaz olar.

Bundan dolayı, təvil qapısını bağlamaq mövzusunda bu dərəcədə şiddət göstərməkdə, bir beis yoxdur. Sələfin davranışları da, imam Əhmədin davranışlarını təyid etməkdədir. Çünki o ilk İslam böyükləri, bu cür ayələrlə bağlı olaraq: 'Olduğu kimi oxuyub keçin.' deyirlərdi.

İmam Malik, Allah Taala'nın Ərş üzərin istiva etməsinin nə mənaya gəldiyi soruşulduqda, bu cavabı verir:

"İstivanın sözlük mənasının nə olduğunu hər kəs bilir, ancaq Allaha isnad edilən istivanın keyfiyyəti məchul (yəni keyfiyyətsiz), buna inanmaq vacib, bu mövzuda sual soruşmaq bidətdir."

(İmam Ğazzali, İhya'u-Ulumi'd-din, 1. Cild, s. 219-228, 2. Kitab/2. Bölmə: "İnancın kökləşməsində və irşadda metod")

Read 7 times
In order to make a comment, please login or register