"Hər kim Allaha qovuşmağı sevərsə, Allah da ona qovuşmağı sevər." hədisini izah edərsinizmi?

Aişə (radiyallahu anha)'dan belə rəvayət edilir:

Allah rəsulu (sallallahu aleyhi və səlləm):

"Hər kim Allaha qovuşmağı sevərsə, Allah (da) ona qovuşmağı sevər. 

Hər kim də Allah'a qovuşmaqdan xoşlanmazsa, Allah (da) ona qovuşmaqdan xoşlanmaz." buyurdu. Bunun üzərinə Ona:

"Ey Allahın rəsulu! Allaha qovuşmaqdan xoşlanmamaq, ölümə qovuşmaqdan xoşlanmamaq dolayısı ilədir və heç birimiz ölümdən xoşlanmarıq (nə buyurursunuz?)" deyildi. 

Allah rəsulu (sallallahu aleyhi və səlləm) belə buyurdu:

"Xeyir (elə deyil). Bu (yəni Allaha qovuşmağı sevmək və ya sevməmək) ancaq insanın öləcəyi anda olur. İnsan ölüm döşəyində, Allahın rəhmət və məğfirətilə müjdələndiyi zaman, Allaha qovuşmağı sevər. 

Ölüm döşəyində insan, Allahın əzabı ilə müjdələnincə (yəni təhdid edilincə), Allaha qovuşmaq istəməz. Allah da ona qovuşmaqdan xoşlanmaz."

(İbn Macə, Sünən tərcümə və şərhi, Kitabü'z-Zühd (Zühd kitabı): "Tövbə(ni xatırlamaq) babı", hədis no: 4264) 

-------------------------

İzahı:

Bu hədisi Buxari, Muslim və Tirmizi də ləfzi dəyişikliklərlə rəvayət etmişlərdir.

• əl-Cəzəri, "ən-Nihayə"də belə deyir:

"Allaha qovuşmaqdan məqsəd: axirət həyatına köçmək və Allah qatındakı nemətləri arzulamaqdır. Məqsəd ölmək deyildir. Çünki heç bir kimsə, ölümdən xoşlanmaz. 

Allaha qovuşmaq yuxarıda bildirilən mənada izah edilincə, bundan xoşlananların iman və təqva əhli olduğu təbiidir. Çünki dünyaya könül bağlamayan, əksinə, nifrət edən mömin, axirət səadətinə könül verər və əbədi həyata köçməkdən xoşlanar. 

Onun əksinə, dünyaya könül verib zövqlərə dalan kimsələr isə, axirətə köçməyi sevməz."

• Nəvəvi də belə izah verir:

"Hədisin sonu, baş qismini açıqlayır. Yəni Allaha qovuşmaqdan və ölümdən xoşlanmamaq və ya xoşlanmaq xüsusunda diqqətə alınacaq hal, ölüm döşəyindəki haldır, sağlıq halı deyildir.

Çünki ölüm döşəyində, artıq tövbənin də qəbul olunmayacağı anda, hər insana gedəcəyi yer və özü üçün hazırlanmış olan nemət və ya əzab bildirilər və göstərilər.

Artıq səadət və cənnət əhli olanlar, o əsnada ölümü və Allaha qovuşmağı sevərlər, o gözəl məqamlara və üstün nemətlərə bir ən əvvəl yetişmək istəyərlər. Allah da onları qovuşmağı sevər, yəni onlara ehsan və kərəmlərini sərgiləyər. 

Bədbəxt və cəhənnəm əhli olanlar isə, gedəcəkləri yerin pis olduqlarını anladıqlarından dolayı, ölümdən xoşlanmazlar. Allaha qovuşmaq istəməzlər. Allah da onlara qovuşmağı sevməz. Yəni onları rəhmət və kərəmindən uzaq tutar, haqlarında rəhmət etməyi diləməz. Allahın onlara qovuşmağı sevməməsinin mənası budur.

Hədis, cənnətlik və cəhənnəmlik olanların hal və sifətlərini bəyan edər. Hədisdən məqsəd bu deyildir:

Bəzi insanların Allaha qovuşmağı sevmələri, Allahın da onlara qovuşmağı sevməsinə səbəb olur. Bununla bərabər, bəzi insanların Allaha qovuşmağı sevməmələri, Allahın da onlara qovuşmağı sevməməsinə səbəb olar. Belə bir məna qəsd edilməmişdir."

• "Allahın quluna qovuşmağı sevməsi və ya qovuşmaqdan xoşlanmaması" ifadəsindən qəsd edilən məna ilə bağlı olaraq Hafiz ibn Həcər Asqalani belə deyir:

"Alimlər demişlərdir ki:

Allahın qulunu sevməsi: ona xeyir diləməsi, onu xeyir yoluna yönəltməsi və ona ehsan etməsidir. 

Allahın quluna qovuşmaqdan xoşlanmaması da: bunun ziddi deməkdir. Yəni qulu üçün şər diləməsi, xeyirli yola yönəltməməsi və ehsan etməməsi deməkdir."

• Xattabi də belə izah gətirir:

"Qulun Allaha qovuşmağı sevməsi, axirəti dünyaya tərcih etməsidir. Belə olan qul, dünyada davamlı qalmağı sevməz. Əksinə, dünyadan köçməyə hazırlanar. 

Qulun Allaha qovuşmaqdan xoşlanmaması da, bunun ziddidir."

Xülasə olaraq, yuxarıda alimlərdən verilən məlumatlarda  çıxan nəticə budur:

Allaha qovuşmağı sevmək: Qulun sağlam ikən ölməyi arzulaması demək deyildir. 

Bununla bərabər, Ona qovuşmaqdan xoşlanmamaq da: qulun sağlan ikən ölməyi arzulamaması demək deyildir.

Çünki təqva sahibi olan mömin, daha çox xeyirli işlər və ibadətlər işləmək üçün dünyada uzun sürə qalmağı arzulayar və ölmək istəməz. 

İmansız biri də, axirət həyatına inanmadığı və ölümü yoxluq olaraq sandığı üçün, ölmək istəməz.

İmanlı olub da günahlara dalmış haldakı qafil kimsələr də, şüursuzluğundan dolayı və ölümün acı bir şey olması səbəbilə ölmək istəməz.

Allaha qovuşmağı sevmək və ya bundan xoşlanmamaq, ölüm döşəyində olan insanın, gedəcəyi yeri görməsi anına məxsusdur. Qəsd edilən məna budur.

Təqva sahibi mömin, son nəfəsini vermək üzərə ikən, cənnətdəki məqamını seyr etməsi və ya İlahi mükafatlara dair müjdəni alması halında, canını sevə-sevə verər və bu nemətlərə qovuşmaq istəyər.

Əzaba müstəhaq olan qul da, ölüm döşəyində pis mənzərəni gördüyündə, uğrayacağını anladığı dəhşətli hal (yer) dolayısı ilə ölməkdən xoşlanmaz.

Allahın quluna qovuşmağı sevməsi isə, ona ehsan və kərəm əta etməsidir. 

Allahın quluna qovuşmaqdan xoşlanmaması da, qulunu rəhmətindən və ehsanlarından uzaqlaşdırması deməkdir.

Read 5 times
In order to make a comment, please login or register