Hafiz isminin şərhi

39. Hafiz isminin şərhi:

Çox mühafizə edən (qoruyan)'dır.

Hafizin mənasını başa düşmək üçün, hifzin mənasını başa düşmək lazımdır. Bu, 2 vəch/cəhət üzərədir (yəni, bunu, 2 cəhətdən açıqlamaq, mümkündür). (Belə ki):

• Birinci cəhət: Mövcudatın varlıqlarını davamlı qılmaqdır. Bunun ziddi isə, edam (yox etmək)'dir.

Allah Taala, yaşama müddəti uzun olan səmalar, yer, mövcudat və mələklərin; yaşama müddəti uzun olmayan heyvanlar, bitkilər və bənzərlərinin Hafiz'idir.

• İkinci cəhət: -ki, bu, hifzin (qorumağın) mənaları arasında, ən zahir olanıdır- bir-birinə zidd və düşmən olan varlıqları, bir-birindən qorumaqdır.

Bu düşmənlikdən qəsdim, su ilə atəş arasındakı düşmənlikdir. Çünki bu ikisi, təbiətləri gərəyi, bir-birinə düşməndirlər. Ya su, atəşi söndürəcəkdir; ya da -əgər qələbə qazanarsa- atəş, suyu buxarlaşdırıb havaya çevirəcəkdir.

Ziddlik və düşmənlik, istilik və soyuqluq arasında, açıqdır. Çünki, həmişə, biri, digərinə qələbə çalmaqdadır. Bu, rütubət və quruluq arasında da belədir.

Yer üzündəki bütün cisimlər, bu bir-birilə düşmənlik üsuluncadırlar. Çünki, hər canlıda:

~ Ğarizi (fitri, təbii) bir hərarətin mövcud olması lazımdır. Bu fitri hərarət sonlandığında, həyatı da sonlanır. Canlıda,

~ Qan, ya da qan kimi ona qida ola biləcək rütubətli şeylərin də olması lazımdır. Yenə, canlıda,

~ Xüsusilə sümük kimi sərt olan əzaların, bir-birinə sarılması (bir-birini tutması) üçün, quruluğun da olması lazımdır.

~ Canlının bədənindəki istiliyin, (orqanları) yandırmaması; içdəki rütubətin sürətlə nüfuz etməməsi üçün, etidalı təmin edəcək bir şəkildə, soyuqluğun olması da, şərtdir.

Bax, bütün bu düşmənliklər, bir-birilə uyuşmayan ünsürlərdir.

Allah (azzə və cəllə), bir-birilərilə zidd və uyuşmaz vəsfdəki ünsürləri,

~ insan dərisinin altında;

~ heyvan və bitkilərin bədənində; və

~ digər mürəkkəb varlıqlarda

cəm etmişdir.

Allah Taala'nın hifzi olmasaydı, (bunlar), bir-birini itələyər və bir-birindən uzaqlaşardılar. Bu təqdirdə də, canlının mizacı pozular və tərkibi də, yox olub gedərdi. Tərkib və mizacı sayəsində, qəbul etməyə istedadlı olduğu məna (yəni, sirr) də, batil olardı. Allah Taala'nın, bunları mühafizə etməsi,

~ bəzən, onların qüvvələrini etidallı qılması yolu ilə;

~ bəzən də, bunlardan məğlub düşənə imdad etməsi surətilə

gerçəkləşir.

• Etidallı qılmaq (surətilə mühafizə): məsələn, soyuğun qüvvətinin, istinin qüvvətinə bərabər olmasıdır. Bu 2 qüvvət, qarşı-qarşıya gəldiklərində, biri, digərinə qalib ola bilməz. Əksinə, bunlar, mücadilə edərlər. Çünki, bunlardan birinin digərinə qalib olması, məğlub olmasından əvla deyildir. Beləliklə, bir-birilərinə müqavimət göstərməyə davam edərlər və mürəkkəbin balans içində olması da, onların bu qarşılıqlı müqavimətləri və bərabərə qalmaları sayəsində mümkün olur. Bax, mizacın etidalı dediyimiz şey də, budur.

• Məğlub olanı dəstəkləmək şəklindəki mühafizəsi isə: onun qüvvətini, qalib gələnə müqavimət edə biləcək şəkildə, əvvəlki halına gətirməsidir. Məsələn, bədəndəki hərarət, rütubəti yox edib onu qurudur. Hərarət qalib gəlincə, soyuqluq və rütubət zəifləyir, (və bədəndə), hərarət və quruluq, hakim olur. Burda zəif olana kömək etmək, soyuq və rütubətli bir cisim yolu ilə olacaqdır ki, bu da, sudur. Susuzluq da, zatən soyuq və rütubətli olana qarşı ehtiyac deməkdir. Allah Taala, soyuq və rütubətli olanı (yəni, suyu), soyuqluq və rütubət məğlub olduqlarında, bunlara imdad olsun deyə yaratmışdır. Eyni şəkildə, yeməkləri, dərmanları, bir-birinə zidd olan cövhərləri və s. -əgər bunlardan biri, digərinə qələbə çalarsa, qalib olan, ziddilə qarşılaşıb etidal halına qayıtsın deyə- yaratmışdır. Və imdad dediyimiz şey də, bax budur, ki, bu da, yeməkləri, dərmanları, islah edici alətləri və bunları istifadə etməyə vəsilə olacaq mərifəti (yəni, canlıda, bu biliyi) yaratması ilə olur. (Bütün bunlar), Allah (azzə və cəllə)'nin, canlıların bədənlərini və mürəkkəb varlıqları, onların ziddlərindən hifz etməsidir. Bu səbəblər, insanı, daxili həlakdan mühafizə etməkdədir.

Ancaq insan, xarici bəzi səbəblərlə də həlak ola bilər. Yırtıcı heyvanlar(ın hücumu) və ya düşmənlər kimi...Allah, insanı bunlardan hifz etmək üçün, düşmənin yaxınlaşdığını xəbər verən göz, qulaq və digərləri kimi bəzi "casuslar" yaratmışdır. Sonra, insan üçün, (özünü) qoruyucu əllər, zireh və qalxan kimi müdafiə (vəzifəsi görən) silahlar; öldürmək üçün qılınc və bıçaq kimi silahlar yaratmışdır. Bütün bu silahları istifadə edib özünü müdafiədən aciz qaldığı hallar üçün də, qaça bilməsi məqsədilə, onlara, bəzi üzvlər vermişdir. Bunlar yeriyən canlılar üçün, ayaqlar; və uçan canlılar üçün də, qanadlardır. Beləliklə, qüdrəti uca olanın hifzi, göylərin mələkutu (haşiyə) və yerin bütün zərrələrinə qədər şamildir. (Hətta) yerdə bitən həşişin (otun) özünü, sərt qabığı vasitəsilə; təravətini isə, rütubətlə mühafizə edər.

---------------------------

(Haşiyə:

Mələkut, nədir?

https://suallarlaislam.com/.../m%C9%99l%C9%99kut-al%C9...)

---------------------------

Mücərrəd qabıq ilə (yəni, sadəcə qabığı ilə) qoruna bilməyənləri, özündən çıxan tikanlarla müdafiə edər; və özünü tələf edəcək bəzi canlıları, tikanları ilə dəf edər. Bitkilər üçün, tikan; heyvanlar üçün, buynuzlar, -pəncələr və kəsici dişlər kimi- silahdırlar. Hətta, hər bir su damlasını, özünə zidd olan havaya qarışmaqdan hifz etmək üzərə, bir mühafiz mələk vardır. Çünki, su, bir qaba qoyulub bir müddət eləcə buraxılsa, havaya çevrilər; suya zidd olan hava, onun maiyyət (sululuq) sifətini səlb edər (ortadan qaldırar). Barmağını suya batırıb sonra çıxarsan və tərsinə çevirsən, (barmağın ucunda), aşağıya doğru bir su damlasının titrəyib durduğunu və şənində aşağı düşmək lazım gəldiyi halda, orda, eləcə qaldığını görərsən. Lakin, daha kiçik ikən, barmaqdan ayrılıb düşsəydi, hava, bu damlanı istila edər və onu, havaya (yəni, buxara) çevirərdi. İslaqlığın geri qalanının gəlib bununla birləşməsinə və damlanın böyüməsinə qədər, orda, tərpənməyə davam edər. Damla beləcə böyüyüb düşərkən, havanı sürətlə deşib keçər və hava, bunu istila edib onu buxara çevirə bilməz. Bunun belə olması, o damlanın öz zəifliyini və ziddinin qüvvətini bilərək, islaqlığın geri qalanından yardım istəmək surətilə özünü qoruma istəyindən dolayı deyil; əksinə, bu damladakı bir mənadan dolayı buna müvəkkəl qılınmış bir mələyin qoruması vasitəsilə gerçəkləşir. Bir xəbərdə, belə varid olmuşdur:

"(Yer üzünə), bir yağış damlası enməz ki, onun ilə bərabər, onu, gedəcəyi yerə çatana qədər qoruyan bir mələk olmasın."

Bu, haqqdır. Bəsirət sahiblərinin batini müşahidələri, buna dəlalət və irşad etmişdir. Onlar, bu xəbərə təqlidən deyil; bəsirətlərilə iman etmişlərdir.

Allah Taala'nın, göyləri, yeri və aralarındakı varlıqları mühafizəsini şərh etməkdə, -sair fellərində olduğu kimi- söz uzanıb gedər. Ancaq, Hafiz isminin mənası,

-bu kəlimənin iştiqaqını (yəni, hansı kəlimədən meydana gəldiyini) və kəlimənin icmal olaraq mənasını vəhm etməklə deyil-;

(yuxarıdakı açıqlama) yolu ilə bilinə bilər.

إِنَّ ٱللَّهَ يُمْسِكُ ٱلسَّمَـٰوَ‌ٰتِ وَٱلْأَرْضَ أَن تَزُولَا ۚ وَلَئِن زَالَتَآ إِنْ أَمْسَكَهُمَا مِنْ أَحَدٍ مِّنۢ بَعْدِهِۦٓ...

"Həqiqətən, Allah göyləri və yeri, tərpənməsinlər deyə, tutub saxlayır. Əgər tərpənsələr, Ondan başqa, onları heç kəs tutub saxlaya bilməz..." (Fatir/41)

----------------------

Tərcüməçinin notu:

Dəyərli oxuyucu! İstər şüurlu, istərsə də şüursuz varlıqlarda cərəyan edən bu hafiziyyət (qoruyuculuq) fəaliyyətləri, Allahdan başqasına nisbət edilə bilərmi? Varlıqların şüurları xaricində cərəyan edən bütün bu şüurlu fəaliyyətlər, şüursuz səbəblərə, şüursuz təbiətə, təsadüfə həml edilə bilərmi?

----------------------

Tənbeh: Qullardan hafiz olan kimsə, orqanlarını və qəlbini qoruyan; dinini, qəzəbin qalibiyyətindən; şəhvətin, nəfsin və şeytanın aldatmasından mühafizə edəndir. Çünki qul, (bu dünyada), bir atəş çuxurun kənarındadır. Özünü mühafizə etmədiyi təqdirdə, onu yoxluğa aparan həlak edici şeylər tərəfindən çevrələnmiş olacaqdır.

(əbu Həmid əl-Ğazzali, "əl-Maqsadu'l-Əsna fi şərh-i Əsmaillahi'l-Husna" əsərindən nəql)

--------------------

Tərcüməçinin notu:

Dəyərli oxuyucu! İnsanın, bir iradi, bir də qeyr-i iradi olmaq üzərə, 2 cür feli vardır. Qeyr-i iradi fellərdəki qoruyuculuqda, insanın heç bir dəxlisi yoxdur. İmamın "Tənbeh" qisminin xaricində zikr etdikləri, qeyr-i iradi fellərdəki qoruyuculuqla bağlı idi.

"Tənbeh" qismində zikr etdikləri isə, insanın iradəsinə bağlı olan fellərlə əlaqəlidir. İradi felləri də, din və dünya işlərilə bağlı olanlardır. Qəsdimiz, budur ki:

İnsanın maddi tərəfini hər cür təhlükədən qoruyan Allah, heç mümkünmüdür ki, insanı, (küfr, şirk, fisq və s. kimi) mənəvi təhlükələrdən də qorumaq istəməsin?! Ona, mənəvi təhlükələrdən qorunmağın yollarını öyrətməsin?! (Çünki insan, tək maddədən ibarət deyildir.) Əlbəttə ki, Öz əzəmətli Kitabı və Peyğəmbərlərinin sünnətilə öyrədəcəkdir və öyrətmişdir.

---------------------

Əlavələr:

Mələklərə iman rüknü və əqli isbatı:

https://suallarlaislam.com/m%C9%99qal%C9%99/m%C9%99l%C9%99kl%C9%99r%C9%9...

 

 

 

 

 

 

 

Read 10.852 times
In order to make a comment, please login or register
OXŞAR SUALLAR