Haqq isminin şərhi
52. Haqq isminin şərhi:
✓ Haqq, batilin müqabilidir.
Əşya (şeylər), ziddlərilə bilinir. Haqqında xəbər verilən şey isə:
~ ya mütləq batil;
~ ya mütləq Haqq;
~ ya da bir cəhətdən, haqq; bir cəhətdən də, batildir.
• Zatı etibarı ilə mumtəni (imkansız) olan şey, mütləq batildir.
• Zatı etibarı ilə vacib (zəruri olan, yəni, olmaması mümkün olmayan), mütləq Haqq'dır.
• Zatı etibarı ilə mümkün olub qeyri ilə vacib olan isə, bir cəhətdən, haqq, bir cəhətdən isə, batildir. (Belə şey), zatı etibarı ilə vücudu/varlığı olmayıb, batildir. (Bu şey), Qeyrisi tərəfindən varlıq əldə etmişdir. Özünü var edən (yəni, Allah tərəfindən) bu şey mövcud olub, bu cəhətlə haqq; öz nəfsi (zatı) cəhətindən isə, batildir. Necə ki, Allah Taala buyurmaqdadır:
...كُلُّ شَىْءٍ هَالِكٌ إِلَّا وَجْهَهُ...
"Onun vəchindən/üzündən/zatından başqa hər şey, həlak olandır." (Qasas/88)
(Allah), müəyyən bir zaman dilimində belə deyil; əzəli və əbədi olaraq belədir. Çünki, Ondan başqa hər şey, əzəli və əbədi olaraq, öz zatları etibarı ilə varlığa haqq sahibi olmayıb; Allah cəhətindən varlığa haqq qazanmışlardır (yəni, Allaha nisbətlə varlıq əldə etmişlərdir). Belə olunca da, özləri cəhətindən deyil; başqası cəhətindən haqq olmuşlardır. Burdan bilinir ki, mütləq Haqq, zatı etibarı ilə həqiqi Mövcuddur. Hər haqq, öz həqiqətini, Ondan almışdır.
✓ Bəzən, ağlın, mövcud olan məqula (əqlən idrak edilən şeyə) təsadüf edib ona müvafiq olmasına da, "haqq" deyilir. Bu şey, öz zatı cəhətindən, mövcud; bunu olduğu kimi idrak edən ağıla izafətlə də, "haqq" deyə adlandırılır. O halda, haqq sahibi olmağa ən çox haqq sahibi olan varlıq, Allah Taala'dır. Mərifətlər (biliklər) içində haqq olmağa ən layiq olanı isə, Allah (azzə və cəllə)'nin mərifətidir. Şübhəsiz bu (mərifət, bilik), öz nəfsində haqqdır. Yəni, əzəli və əbədi olaraq, məluma müvafiqdir və bu müvafiqlik, lizatihi (öz zatı üçün) olub, liğayrihi (başqası üçün) deyildir. Yəni bu, başqasının varlığını bilmək (kimi) deyildir. Çünki o şey (yəni, Allahdan başqasının varlığını bilmək), başqası (yəni, bu şeyin özü) mövcud olmağa davam etdikcə var olar; (bu varlıq) yox olarsa, bu etiqad da batil olar. Çünki o, öz zatı üçün var deyildir. Əksinə, başqası üçün vardır (yəni, Başqasının var etməsilə var olmuşdur).
✓ Haqq və batil, bəzən də, sözlər üçün istifadə edilir; "haqq bir söz" və "batil bir söz" deyilir. Bundan dolayı, sözlərin ən haqq olanı, "lə iləhə illəllah"dır. Çünki, əzələn və əbədən doğrudur. O, başqa bir şeyə nisbətlə deyil; öz zatı üçün doğrudur.
Buna görə, "haqq" ləfzi:
~ ayandakı (xarici aləmdəki) varlıq;
~ zehndəki varlıq -ki, mərifətdir-;
~ dildəki varlıq -ki, sözdür-
üçün istifadə edilir.
Haqq olmağa ən çox haqq sahibi olan varlıq:
~ varlığı lizatihi əzələn və əbədən, sabit;
~ mərifəti, əzələn və əbədən, haqq;
~ Özünə ediləcək şəhadət isə, əzələn və əbədən haqq olandır.
Bütün (bu vəsflər) də, həqiqi Mövcudun Zatı üçün olub, Ondan qeyrisi üçün (mümkün) deyildir.
Tənbeh:
Qulun bu isimdən nəsibi, özünü batil görüb, Allah (azzə və cəllə) xaricində heç bir şeyi, haqq görməməsidir. Qul, (hər nə qədər) haqq olsa da, (onun haqq olması), öz nəfsindən deyildir; (əksinə), Allah (azzə və cəllə) ilə haqq'dır. Çünki, o, öz zatı ilə deyil; Onun ilə mövcuddur. Əgər Haqq, onu icad etmiş (yaratmış) olmasaydı, öz zatı etibarı ilə batil olmuş olardı. (Dolayısı ilə), "ənə'l-haqq/mən, haqqam" deyən (Hallac Mənsur), bu sözü, bu 2 təvildən birinə görə söyləməmişdirsə, xəta etmişdir:
1. (O), "ənə'l-haqq" deyərkən, "haqq ilə olmağı" (yəni, özünü, Haqq olan Allahın meydana gətirdiyini (qəsd etmişdir).
Bu təvil, uzaqdır. Çünki, (ənə'l-haqq) ləfzi, bu mənanı ifadə etmir. Digər tərəfdən, bu mənası ilə haqq olmaq, yalnız bu sözü söyləyənə məxsus olmayıb; əksinə, Allah xaricindəki hər varlıq, Haqq ilə (yəni, Allahın var etməsilə) mövcuddur.
2. (O), "ənə'l-haqq" deyərkən, Haqq'da qərq olmağı; elə ki, özündə, Haqq'dan başqa bir varlığa yer qalmamış olmağı qəsd edə bilər.
Bir şey, başqa bir şeydə qərq olduğunda, "Bu, odur." deyilə bilər. Şairin dediyi kimi:
"Mən, sevdiyim (şəxs)'əm.
Sevdiyim də, mən."
Yəni, (şair), bununla, qərq olmağı (yəni, sevdiyi şəxsin sevgisində qərq olub, özünü itirmiş olduğunu) ifadə etməkdədir.
• Tasavvuf əhlində (sufilərdə) qalib olan (hal), özlərini, öz zatları etibarı ilə fane (Haqqın varlığında fane olmuş) gördükləri üçün, onların dillərində söz və hal olaraq ən çox cari olan, Allah Taala'nın isimlərindən "əl-Haqq"dır. Çünki onlar, həqiqi Zatı mülahizə edər; özlərində həlak olacaq olanı (yəni, öz zatlarını) mülahizə etməzlər.
• Kəlam əhli isə, fellərlə istidlal etmə xüsusunda iləri getdikləri üçün, onların dillərində cari olan, əksəriyyətlə, Xaliq ismilə eyni mənalı olan "əl-Bari"dir.
• Məxluqatın (xüsusilə insanların) əksəriyyəti, Onun xaricindəki şeyləri görər; və Ona (yəni, Allaha), öz gördüklərilə istişhad edərlər (yəni, şahid gətirərlər). Bunlar, bu ayənin muxatabıdırlar:
أَوَلَمْ يَنظُرُوا۟ فِى مَلَكُوتِ ٱلسَّمَـٰوَٰتِ وَٱلْأَرْضِ وَمَا خَلَقَ ٱللَّهُ مِن شَىْءٍ...
"Onlar, göylər və yerin mələkutuna, Allahın yaratdığı şeylərə heç baxmadılarmı?" (Əraf/185)
• Siddiqlər isə, Ondan başqa bir şey görməzlər. Ona, yenə Onunla dəlil gətirərlər. Bunlar isə, bu ayətin muxatabıdırlar:
...أَوَلَمْ يَكْفِ بِرَبِّكَ أَنَّهُۥ عَلَىٰ كُلِّ شَىْءٍ شَهِيدٌ
"Rəbbinin hər şeyə şahid olması, kifayət etmirmi?" (Fussilət/53)
(əbu Həmid əl-Ğazzali, "əl-Maqsadu'l-Əsna fi şərh-i Əsmaillahi'l-Husna" əsərindən nəql)
-------------
-------------
Əlavələr:
Bu isim, bizə, (öz nəfsimizdə), bir həqiqət anlayışımızın olmasını bildirdiyi kimi; ətrafımızda olub-bitən hər şey haqqında da, həqiqi olmağımızı, hər şeyə haqqını verməyimiz lazım gəldiyini xatırlatmaqdadır.
Bu isim, bir insanda təcəlli edərsə, o, işlərin həqiqətinə vaqif olar; batil düşüncə və davranışlardan qorunar. Artıq onun bütün hərəkətləri, haqq (yəni, kitab və sünnət) çərçivəsində olar. Haqqa belə tabe olan isə, əlbəttə və əlbəttə, Haqqın himayəsində olar. Necə ki, haqq olan Allah, Kəhf surəsi 44-cü ayədə buyurur:
هُنَالِكَ ٱلْوَلَـٰيَةُ لِلَّهِ ٱلْحَقِّ ۚ هُوَ خَيْرٌ ثَوَابًا وَخَيْرٌ عُقْبًا
Hunəlikə'l-vələyətu lilləhi'l-haqq. Huvə xayrun səvəbən və xayrun uqbən.
Yəni:
"Belə hallarda kömək etmək, ancaq Haqq olan Allaha məxsusdur. Ən yaxşı mükafat verən və ən gözəl aqibət nəsib edən, Odur."
----------------------
----------------------
Haqq isminin, "dəyişməkdən uzaq olan" mənası da vardır. Allahın Zatı kimi, sifətləri də haqqdır, bunlar üçün bir dəyişmə haqqında danışılan ola bilməz. Allah, Qədimdir əvvəli yoxdur. Bu daim belədir, bu həqiqətdə bir dəyişmə düşünülə bilməz. Allah Baqidir, axırı yoxdur; bunda da bir dəyişmə haqqında danışılan ola bilməz. Allah, mütləq elm sahibidir, bu elmdə nə artma təsəvvür edilə bilər, nə də azalma. Vəhdət sifəti və bunun nəticəsi olan tövhid inancı haqqdır və onun haqqaniyyəti daimidir; onda bir dəyişmə düşünülə bilməz.
Haqq isminin təcəllilərini, ətraflı sarılı olduğumuz ‘həqiqətlər` dünyasında bir dərəcə seyr edə bilərik. Məsələn:
Dünyanın Günəş ətrafında döndüyünü söyləyən bir insan, haqqı ifadə etmiş olar. Çünki bu hökm həqiqətdir, uyğundur. Bunun əksin iddia edənlər isə batil bir fikirə dalmış olarlar.
Fizika aləmindəki bütün dəyişməz qanunlar, Haqq adından bir təcəlli daşıyarlar.
Eyni şəkildə, bir insan, Allaha ‘ilahi fərmanın bildirdiyi kimi' inanırsa, bu inancı haqqdır. Bunun xaricindəki inanclar batildir; çünki həqiqətə zidddirlər.
Haqq adını yad edən bir insan, bütün varlıq aləminin dayanmadan dəyişdiyini görər və ürəyini dəyişməkdən uzaq olan Allaha bağlar.
Haqq dinə yönələn bir insan, onun xaricindəki bütün batil fikirlərin qul quruluşu olduğunu və bunların da dəyişməkdən özünü qurtara bilmədiyini bilər və batil inanclara könülünü bağlamaz.
