Haram nədir?
"Haram": "şər'i cəhətdən edilməməsi qəti olaraq istənilən şey"dir. İstərsə, dəlili qəti olsun; istərsə də, zənni.
Bu, (fəqihlərin) cumhuruna görədir. Onlar, təhrim bildirən dəlillər arasında, bir fərq görməzlər. Yəni, onlar, təhrimin, mütəvatir və məşhur olmayan, zənni bir dəlil təşkil edən əhəd xəbər ilə də sabit olacağını söyləyirlər. Çünki, zənni dəlillər, etiqad cəhətindən hüccət olmazlarsa da, əməl cəhətindən hüccətdirlər.
Hənəfi'lərə gəlincə: Onlar, təhrimin sabit olması üçün, qəti və şübhəsiz bir dəlillə sabit olmasını; Quranda, Allah Taala'nın,
وَلَا تَقُولُوا۟ لِمَا تَصِفُ أَلْسِنَتُكُمُ ٱلْكَذِبَ هَـٰذَا حَلَـٰلٌ وَهَـٰذَا حَرَامٌ لِّتَفْتَرُوا۟ عَلَى ٱللَّهِ ٱلْكَذِبَ
"Dilinizin uydurduğu yalana əsasən: 'Bu halaldır, o haramdır!'– deməyin, çünki Allaha qarşı yalan uydurmuş olursunuz." (Nəhl/116) ayətilə nəhy etdiyi bir hala düşülməməsini şərt qoşurlar.
Bunun üçündür ki, Hənəfi'lər, haramlığı zənni bir dəlil ilə sabit olan şeyə, "təhrimən məkruh" adını verirlər. əbu Hənifə, əbu Yusuf və imam Muhamməd, belə haramlara, sadəcə "məkruh" təbirini istifadə edirlərdi. əbu Hənifə, haram deməkdən çəkinər; və "Məkruh sayıram." deyərdi.
Haram qılınan şeylərin misalı, çoxdur. (Belə ki):
~ murdar ət yemək;
~ içki içmək;
~ zina etmək;
~ Allahın qulunu haqsız yerə öldürmək;
~ batil yollarla başqasının malını yemək;
~ hər nə şəkil və nə halda olursa olsun pislik etmək,
haramdır. Ancaq şiddətli və ya çox zərurət halı, bundan xaricdir.
---------------------------------
Haramın qisimləri:
Bir şeyin haram qılınmasının (yəni, təhrim'in) əsası, o şeyin, açıqca zərərli olmasıdır. Şari nəyi haram qılmışdırsa, mütləq, onun zərərli cəhəti daha çoxdur. Nəyi mübah qılmışdırsa, onun da faydalı yönü çoxdur. Haram,
~ ya zatı etibarı ilə;
~ ya da arizi etibar ilə (yəni, dolayısı ilə)
zərərli olur və bu etibar ilə, 2 qismə ayrılır:
1. Haram lizatihi;
2. Haram liğayrihi.
1. Haram lizatihi:
~ murdar ət yemək;
~ içki içmək;
~ zina etmək; və
~ qorunması zəruri olan 5 şeyi zədələyən fel və hərəkətlər
kimi, zərərə yol açan xüsuslardır.
Qorunması zəruri olan 5 şey isə:
a. Can;
b. Mal;
c. Ağıl;
d. Din; və
e. Nəsildir.
Haram lizatihi, bu 5 şeydən birinə zərər gətirməkdədir. Bu 5 əsasın qorunması, ancaq, bunların varlığını mühafizə etməklə gerçəkləşir. Məsələn, ağlı aparan şey, haramdır. Dini, əsasından pozan davranış, haramdır.
2. Haram liğayrihi:
Bu, zatı etibarı ilə haram deyildir. Ancaq, lizatihi haram olan bir şeyə səbəb olmaqdadır. (Məsələn):
~ Bir qadının övrət yerinə baxmaq, haramdır. Çünki, zinaya səbəb olmaqdadır. Zina isə, lizatihi (zatı etibarı ilə) haramdır;
~ Faizli satışlar, haramdır. Çünki faiz, lizatihi haramdır;
~ Bir mənfəət qarşılığı borc pul vermək də, haramdır. Çünki, faizçiliyə sürükləməkdədir. Bu isə, haramdır.
~ Bir-birinə məhrəm 2 qadını, 1 nikah altında birləşdirmək, haramdır. Çünki bu, ikisi arasındakı qohum-əqrəbalıq bağının qopmasına səbəb olmaqdadır. Halbuki Şari, qohum-əqrəbalıq bağlarının qoparılmasını, qətiliklə nəhy etmişdir. Peyğəmbər (sallallahu aleyhi və səlləm) də:
"Bir qadın, xalası, bibisi, qardaşının qızı və ya bacısının qızı üzərinə nikah edilə bilməz. Əgər siz bunları edərsənizsə, qohum-əqrəbalıq bağlarını qoparmış olarsınız." (Buxari, "Nikah", 27) buyurmuşdur.
Bax, qohum-əqrəbalıq bağlarını kəsmək, lizatihi haramlar arasındadır. Zatı etibarı ilə haram olan belə şeylərə vasitə təşkil edən hərəkət və fellər də, dolayısı ilə haram qılınmışdır.
Haram liğayrihi, bəzən də, arizi bir haldan dolayı olur. (Məsələn):
~ qəsb edilmiş bir torpaq üzərində namaz qılmaq;
~ cümə namazı üçün azan oxunarkən alış-veriş etmək,
belədir. Əslində, alış-veriş, lizatihi haram deyildir. Lakin,insanı namaz qılmaqdan uzaq qoyduğu; və Allah Taala'nın da:
يَـٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُوٓا۟ إِذَا نُودِىَ لِلصَّلَوٰةِ مِن يَوْمِ ٱلْجُمُعَةِ فَٱسْعَوْا۟ إِلَىٰ ذِكْرِ ٱللَّهِ وَذَرُوا۟ ٱلْبَيْعَ
"Ey iman gətirənlər! Cümə günü namaza çağırılanda Allahı zikr etməyə tələsin və ticarəti dayandırın..." (Cümə/9) buyurduğu
üçün, haram qılınmışdır.
~ Musavəmə (başqası, alış-veriş halında ikən; öz malını iləri sürmək) yolu ilə edilən alış-satış da, haramdır. Bu da, başqasının zərərinə səbəb olduğu üçün, haram qılınmışdır.
~ Başqasının elçi düşdüyü bir qızla nikah əqdi etmək də, belədir. Ancaq, ilk əvvəl elçi düşən bundan dönər və ya (bu təklifi) rədd edilərsə, başqa. Şübhəsiz, evlilik əqdi, zatı etibarı ilə halaldır. Hətta, mübahdır. (Ancaq bu), təhrim səbəblərdən bir səbəb ilə bağlıdır. (Yəni, başqasının qurmağa çalışdığı münasibətin pozulmasına səbəb olduğu üçün, belə bir qızla evlənmək, arizi olaraq caiz görülməmişdir.)
Lizatihi haram ilə liğayrihi haram və ya arizi bir səbəblə haram arasında, 2 fərq vardır:
1. Lizatihi haram olan bir şey, əqdlə bağlı olarsa, bu əqd, batil olar. Çünki, hurmət (haramlıq), əqdin əsası ilə bağlıdır. Məsələn, murdar ət, şərab və ya donuz əti alış-verişi üçün edilən əqd, İslama görə batildir. Yenə, evlənmək əqdi lizatihi haramdırsa və bu əqdi edənlər də bunu bilirlərsə, nikah batildir. Belə bir nikah, sonunda, nəsəb sabit olmayacağı kimi, bu şəkildə evlənənlərə zina cəzası da lazım gəlir. əbu Hənifə'dən başqa cumhur (alimlər), bu görüşdədirlər. əbu Hənifə isə, nəsəbin səhih və sabit olmayacağını qəbul etməklə bərabər, hədd (cəzasının) vacibliyinə müxalifdir.
Əqd, liğayrihi və ya arizi bir səbəblə haram olan bir şeylə bağlıdırsa, batil olmaz. Məsələn:
~ Cümə namazı vaxtı edilən əqd, səhihdir. Bu görüş, cumhura aid olub, Hənbəlilərlə zahirilər, buna müxalifdirlər.
~ Musavəmə yolu ilə edilən əqd və başqasının elçi düşdüyü qızla evlənmə əqdi də, belədir.
Bu əqdlər, cumhura görə, batil olmaz. Sadəcə, günahı gərəkdirir. Zahirilər isə, bu əqdlərin batil olduğunu söyləmişlərdir. Yenə,
~ Qəsb edilmiş bir torpaq üzərində qılınan namaz, səhihdir. Ancaq, (bunda), başqasının malını qəsb etmək vardır.
~ Faizlı alış-verişlər də, Hənəfilərə görə, fasiddir. Hənəfilərə görə, fasid ilə batil arasında da fərq vardır.
2. Lizatihi haram, zərurət olmadıqca, mübah olmaz. Məsələn, şərab içmək, lizatihi haramdır. Ölüm təhlükəsi olmadıqca, mübah olmaz. Çünki, zərurətlər, haram olan şeyləri, mübah qılar.
Liğayrihi haram isə, ehtiyac qarşısında, mübah olur. Məsələn:
~ Bir qadının övrət yerinə baxmaq, haramdır. Ancaq, müalicə üçün ehtiyac varsa, mübah olur.
~ Murdar ətin yeyilməsinə icazə verərkən, Peyğəmbər (sallallahu aleyhi və səlləm), lizatihi haramı mübah qılan zərurəti, "Sabah və axşam gəlib keçdiyi halda, insanın yeməyə bir şey tapmaması halı" deyə açıqlamışdır.
Buna görə, zərurətin mənası, bir şəxsin harama baş vurmazsa ölüm; və ya bütün malını itirmək təhlükəsilə qarşılaşmasıdır.
Liğayrihi haramı mübah qılan ehtiyacın mənası da, çətinlik və sıxıntı deməkdir. Həkimin, müalicə üçün, yad bir qadının məhrəm yerinə baxması, buna misaldır.
(əbu Zəhra, "Usulul-Fiqh")
