Hicr surəsi 94-cü ayətin təfsirini verə bilərsinizmi?

 

Bəlağat: Xitab etdiyi kimsələrə görə, tam yerində, düzgün və həqiqətli, gözəl söz söyləmək sənətidir. Yəni hal və məqamın gərəyinə uyğun, bir sözlə, muxatab kimsənin halına uyğun söz söyləməkdir. Quran, bu cəhətdən də bənzərsiz və möcüzəvidir. İnsanları bu yönü ilə də, aciz buraxmışdır.

Bu yazımızda, əvvəldən bəri vəciz bəlağatı və möcüzəvi fəsahatı ilə, İslam alimlərinin diqqətini çəkən və bəzi ədibləri (ədəbiyyatçıları) özünə səcdə etdirən:

فَٱصْدَعْ بِمَا تُؤْمَرُ

ayətinin bu vəciz, lakin möcüzəvi olan 2 kəliməlik ifadəsini açıqlamağa, onun fövqəl-bəşər bəlağat incilərini, incəliklərini göstərməyə çalışacağıq.

Özünə gələn İlahi vəhyi bu ayətin enişinə qədər gizlicə təbliğ edən Allah Rəsulu (sallallahu aleyhi və səlləm):

فَٱصْدَعْ بِمَا تُؤْمَرُ

"Əmr olunduğun şəkildə ortaya çıx, vəhyi təbliğ et!" (Hicr/94)

ayətində və bənzərlərində yer alan İlahi əmrdən sonra açıqca ortaya çıxmış və İlahi mesajları insanlara açıqdan bildirməyə başlamışdır. Artıq gizli-saxlı bir şey buraxmamış, hər şeyi açıqca ortaya qoymuşdur. Qəlb sədəfində düzülmüş olan həqiqət incilərini -dost, düşmən- hər kəsə təşhir etmiş, yaymışdır.

فَٱصْدَعْ بِمَا تُؤْمَرُ

cümləsi, 2 kəlimədən ibarət çox vəciz bir ifadə olduğu halda, çox geniş mənalar ehtiva edən möcüzəvi bir icaza (az sözlə çox şey bildirmək) sahibdir. Əvvəldən bəri alimlərin üzərlərində durduqları yüksək bir bəlağat nümunəsi təşkil etməkdədir.

Bu ayətin bəlağat və fəsahatının dərəcəsini tam olaraq başa düşə bilmək, bəlkə də Quranın endiyi dövrdəki ərəb bəlağatını başa düşməklə mümkündür. Bəlkə də bədəvi ərəbin:

"Niyə səcdəyə getdin? Yoxsa müsəlmanmı oldun?" deyənlərə:

"Xeyr. Mən müsəlman olmadım. Mən sadəcə bu ayətin bəlağatına səcdə edirəm." (1)

şəklindəki verdiyi cavabın əsl hikmətini və bəlağatın həqiqi sirrini, heç öyrənə bilməyəcəyik.

Onun üçün, o bədəvinin daxili dünyasına yansıyan, qəlbinə toxunan və beynində əks-səda verən bu səmavi ifadənin bütününü deyil, bilə bildiyimiz qədərilə bəzi incəliklərini açıqlamağa çalışacağıq.

İlk əvvəl bunu bildirmək gərəkdir ki, İslam alimləri, bu ayətin çox yüksək bir bəlağata sahib olduğu xüsusunda həmfikirdirlər. Hətta bəzilərinə görə, bu ayətin ifadəsindəki bəlağat vurğusu, Quranda ən zirvədə olan bir meyara sahibdir. Şübhəsiz:

"uxruc=çıx"

yaxud da:

"izhar=ortaya çıx"

kəlmələri yerinə, "isda" kəliməsinin tərcih edilməsinin əlbəttə bir çox hikmətləri vardır.

Bu hikmət və incəlikləri, bir neçə maddə halında sıralaya bilərik:

1. Ayətin ilk kəliməsi

فَٱصْدَع

'dir. Bu kəlimənin 5-6 mənaya gəldiyi, bu səbəblə də,

فَٱصْدَعْ بِمَا تُؤْمَرُ

ayətinin 6 yöndən açıqlana biləcəyi bildirilmişdir.

Bunları belə sıralaya bilərik:

• Birincisi: "Əmr olunduğun istiqamətə doğru yeri, çəkinmə!"

• İkincisi: "Əmr olunduğun şəkildə ortaya çıx!"

• Üçüncüsü: "Cəhri (səsli) olan namazlarda, Quranı açıqdan oxu, qorxma!"

• Dördüncüsü: "Əmr olunduğu şəkildə Allahın vəhyini təbliğ etmək üzərə, açıqdan elan et!"

• Beşincisi: "Əmr olunduğun şəkildə, haqq ilə batili bir birindən ayır!"

• Altıncısı: "Əmr olunduğun tərzdə, Sənə endirilən vəhyi, həm toplu halda, həm fərdi olaraq, muxatablarına çatdır!" (2)

--------------------

2. Bu kəlimə əslində, "açıqdan təbliğ et, ortaya çıx!" mənasına gəlir. Ancaq "fəsdə' " kəliməsi, "bəlliğ=təbliğ et" kəliməsindən daha güclü bir əmr ifadə etməkdədir.

Təbliğdə bəzən müsbət cavab olmaya bilər. Lakin "fəsdə' "də isə, qəti cavab alınacaq bir əmri ifadə etməkdədir. (3)

-----------------

3. Bu kəlimənin kök hərfləri olan "S-D-A" feli:

"Parçalamaq, yarmaq" mənasına gəlir.

"İnsadaati'z-zuccəcətu" deməklə:

stəkanın qırıldığını, yarıldığını, çartladığını və dolayısı ilə, içində olan içkilərin (sumu, yoxsa başqa bir şeymi?) nə olduğunun anlaşıldığını bildirmiş oluruq.

Burda istiarə-i bəyaniyə vardır. Suyun çölə axması üçün yarılması lazım olan şüşənin, bu yarılmasını ifadə etmək üzərə istifadə edilən "sad' " kəliməsi, gələn vəhyin xaricə axmasını təmin edən Nəbi (sallallahu aleyhi və səlləm)'in qəlbinin yarılması üçün istifadə edilmişdir.

Buna görə, ayətin Peyğəmbərimiz (sallallahu aleyhi və səlləm)'ə xitabən verdiyi mesaj, belə olur:

"Ey Rəsulum! -Bütün hər kəs tərəfindən açıqca görülməsi üçün- Allahın Cəbrail vasitəsilə qəlbinə qoyduğu həqiqətlərin üzərindəki gizlilik pərdəsini cır, at. Qəlb şüşəsini yar ki, içində olan maddi-mənəvi həyatın iksiri, ağzından axıb getsin!" (4)

-----------------

4. İbn əbi'l-İsba'nın bu ayəti açıqlaması isə, belədir:

"Rəsulum! Sənə vəhy edilənlərin hamısını açıqla və bəyan etməklə əmr olunduğun hər şeyi təbliğ et. Bunların bir qismi, muxatablarından bəzilərinin qəlbinə çox ağır gəlsə, qəlbləri çartlasa belə, yenə bu vəhyi açıqlamaqdan çəkinmə!"

Ayətdə qəlblərin yarılması, şüşələrin yarılmasına bənzədilmişdir. Bunun ortaq bənzətmə yönü (vəchu'l-şəbəh) belədir:

Qırılan şüşənin içindəki mayenin, qəlblər üzərində icra etdiyi təsir də, fərqli şəkillərilə özünü göstərir. Müsbət və ya mənfi olaraq qəlblərin üzərində meydana gələn təsirin nəticəsi olaraq, bəzi üzlərdə -inkarın, qeyri məmnunluğun əlaməti olan- qəzəb və kin, bəzi üzlərdə də, qəbul və sevincin əlaməti olan inşirah və təbəssüm meydana gəlməyə başlayar. (5)

Kəlimənin bu mənasına görə, ayəti belə də başa düşmək mümkündür:

"Bəzilərinin qəlbi buna qarşı dura bilməyib partlasa belə, buna əhəmiyyət vermə. Allahın sənə vəhy etdiyi həqiqətlərdən nə varsa, hamısını açıqca təbliğ et!"

-------------------

5. S-D-A'nın kök hərflərindən törəyən "suda" kəliməsi, "baş ağrı" mənasına da gəlir. Kəlimənin bu etimolojik yönü nəzərə alındığında ayətin mənası belə olur:

"Əmr olunduğun şeyi açıqca elan et, həqiqətləri, müxaliflərin başlarını yararcasına bağır, təbliğ et. Şirkə bulaşmış kimsələrin mənfi davranışlarına əhəmiyyət vermə!"

--------------------

6. Kəlimənin bu mənasına görə, ayəti belə də başa düşmək mümkündür:

"Əmr olunduğun həqiqətləri bildirərkən, bu yolda başın da ağraya bilər, inkarçılar tərəfindən əziyyət də görə bilərsən, başın dərdə giriftar da ola bilər. Bütün bunlara hazır ol və şərtlər nə olursa olsun, Allahın mesajını qullarına çatdır. Müşriklərə əhəmiyyət vermə, onlardan əsla çəkinmə!"

---------------------------

7. S-D-A kəliməsinin törəmiş olan "sadi" kəliməsi, "gün ağarması" mənasına da gəlir. (6)

Bu mənanı göz önündə tutduğumuzda, ayəti belə anlamaq mümkündür:

"Rəsulum! Susqunluq gecəsi bitdi, danışmaq zamanı olan gün ağarmışdır. Gecə qaranlığı kimi olan gizli təbliğ müddəti bitdi, artıq gündüz kimi olan həqiqətləri, gün işığına çıxarmaq zamanı gəlmişdir. O halda, aydınlıq bir gələcəyin təməlini atmaq üzərə, İlahi vəhy günəşinin qəlbinə doğan həqiqətlərinin işıqlarını, bütün insanların ağıl və qəlb tərəflərinə yansıd!

-----------------------

8.

فَٱصْدَع

kəliməsi, "2 şeyin arasını ayırmaq" mənasına da gəlir. Bu mənaya görə, ayətin mənası belə olur:

"Rəsulum! Əmr olunduğun şəkildə haqq ilə batili bir-birindən ayır və həqiqəti insanlara olduğu kimi tanıt!" (7)

--------------------------

9.

فَٱصْدَع

kəliməsi, "2 şeyin arasını ayırmaq mənası ilə, bunu ifadə etməkdədir:

"Rəsulum! Sən, sənə əmr olunan tövhid əqidəsini, haqq və həqiqətləri, çəkinmədən inkarçıların üzlərinə bağır! Bağır ki, bu münkirlər topluluğu, fərqli baxış tərzləri ilə fərqlənsinlər, bir birindən ayrılsınlar, təfriqəyə düşsünlər!" 

--------------------------

10. S-D-A kəliməsi, 3 hərfdən ibarətdir:

• Burda yer alan 3 hərfdən ilki, "sad" hərfidir ki, tibaq hərflərindəndir. (Haşiyə)

(Haşiyə:

Tibaq- Ərəb dili qrammatikasında, bir birinə zidd 2 şeyin, bir sözdə və ya beyitdə bir araya gətirilməsi mənasında bir məfhumdur.)

Üst qismi başda olmaq üzərə, ağzın içini dolduracaq bir fonetikaya sahibdir. Bu da ilk dəfə, Quranın açıqdan ediləcək təbliğ və elanının həşmətinə, əzəmətinə uyğun bir səs tonudur.

• Ortadakı "dal" hərfi isə, qalqalə hərflərindəndir ki, dodaqların gerisindəki bir məxrəcə və səsi meydana çıxaracaq bir fonetikaya sahibdir. (Haşiyə)

(Haşiyə:

Qalqalə- Sükun halındakı "bə, cim, dal, ta, qaf" hərflərinin, qüvvətli bir səs eşidiləcək şəkildə məxrəclərinin (yəni səsin çıxış yerinin) sarsılaraq oxunmasını ifadə edən təcvid terminidir.)

Bu da gizli olan bir şeyin üstündəki pərdəni qaldırmaq və muxatabın ürəyini lərzəyə salacaq bir səs mənasına gəlir.

Qalqalə hərflərinin digər bir özəlliyi də, ikinci bir titrəyiş ilə, səs tonunun təkrarlanmasını təmin etməkdir. Bu hərf, bu özəlliyi ilə, açıqca ifadə edilən həqiqətlərin bir dəfəyə məxsus deyil, hər zaman təkrar edilməsini ön görən təbliğ vəzifəsinin mütəmadiliyinə işarət etməkdədir.

• Kəlimənin son hərfi olan "ayn" isə, boğaz hərflərindən olduğu üçün, daxili dərinliyi və həqiqəti səsləndirən dəvətçinin, bütün qəlbi səmimiyyətini xatırladan bir özəlliyə sahibdir.

Ayətin ikinci kəliməsi

بِمَا

(bimə: "o şeyi")'dir. Bir İsm-i məvsul olan "mə" hərfi, başında yer aldığı İlahi əmrin bütününü, bütün detallarını içinə alacaq şəkildədir. (Haşiyə)

(Haşiyə:

İsm-i məvsul: 2 cümləni bir birinə bağlayan, mənası ancaq özündən sonra gələn cümlə ilə tamam olan kəlimədir.)

-----------------

Ayətin üçüncü kəliməsi olan

تُؤْمَرُ

(tu'məru: "əmr olunursan") felidir. Bu fel, kök hərfləri olan "əmr" məfhumu ilə, açıqdan ediləcək təbliğin qəti lüzumuna, muzari qəlibi (haşiyə) ilə, indiki və gələcək zamanı da ehtiva edəcək şəkildə, İlahi əmrin- açıqdan təbliğ etməyin bundan belə həyat boyu davam etməsi lazım olan- geniş əhatə sahəsinə, məchul qəlibilə də, gələn əmrlərin əvvəldən məchul olub bilinməməsi, təbliğin edilməsinə mane bir üzr olmadığına işarət edilmişdir.

(Haşiyə:

Muzari qəlibi: Ərəb dili qrammatikasında, indiki, keçmiş və gələcək zamanı birdən ifadə edən fel qəlibidir.)

Buna görə, ayətin mənası belə olur:

"Gələn əmrin mahiyyəti nə olursa olsun, daha əvvəl bir bənzəri gəlsin və ya gəlməsin, bilinsin və ya bilinməsin, əmr olunduğun və əmr olunacağın hər şeyi mütləq təbliğ et!"

Xülasə olaraq, bu qısa ifadədə bu qədər uzun və fərqli həqiqətlərə işarət etmək, şübhəsiz vəciz bir möcüzəlik yönünə sahib olan Qurana məxsus bir ifadə tərzidir.

İbn Aşur'un ifadəsilə:

"Bu, həqiqətən bənzərsiz bir icazdır." (9)

---------------------

Qaynaqlar:

1. İmam əbu'l-Həsən Əlu b. Muhamməd əl-Mavərdi, "ən-Nukət və'l-Uyun", Beyrut, tarixsiz, 1/30; Alusi, "Ruhu'l-Məani", 4/86;

2. Mavərdi, eyni əsəri, 3/174;

3. Bədrəddin Muhamməd b. Abdullah əz-Zərkəşi, "əl-Burhan fi Ulumi'l-Quran", Beyrut, 1376/1957, 3/437; Cəlaləddin Suyuti, "əl-İtqan fi Ulumi'l-Quran", Qahirə/1394/1974, 3/152;

4. Zərkəşi, eyni əsəri, 3/443; Suyuti, eyni əsəri, 3/185;

5. Suyuti, eyni əsəri, 3/185;

6. Əbu'l-Qasım Carullah Mahmud b. Amr əz-Zəmaxşəri, "əl-Kəşşaf an haqaiqi ğavamidi't-tənzil və uyuni'l-əqavil fi vucuhi't-tə'vil", Beyrut, 1407, 2/590

7. Zəmaxşəri, eyni əsəri;

8. Şəvqani, "Fəthu'l-Qadir", Beyrut/1414, 3/172-173;

9. İbn Aşur ət-Tunisi, "ət-Təhrir və't-Tənvir", Tunis/1984, 14/88

Read 40 times
In order to make a comment, please login or register