"Hüseyn öz Babasının qılıncı ilə öldürülüb." sözü, əhli sünnət alimləri tərəfindən deyilmişdirmi?

Şiələr tez-tez sünnət əhlini əhlul-beyti sevməməkdə ittiham edirlər. Haqqımızda belə çirkin bir şeyi zənn etdikləri üçün bu fikirlərini dəstəkləmək məqsədi ilə sünni alimlərindən bəzi misallar çəkməyə çalışırlar. İddia edirlər ki, guya sünni alimləri deyiblər ki, “Hüseyn öz babasının qılıncı ilə öldürülüb.” Guya bununla Hüseyni – radiyallahu anhu - öldürənlərin haqlı olduqlarını, guya onun qatillərinin Hüseyni legitim, qanuni səbəblər ilə, yəni şəriətin qanunları ilə öldürüblər. Biz buna bu yazımızda cavab verəcəyik və eyni zamanda sünnət əhlinin peyğəmbərin gül nəvəsi Hüseyn haqqında rəyini də göstərəcəyik.

Bu ittiham hardan çıxır? İbn Həcər “Raful-İsr” kitabında İbn Xaldun haqqında danışarkən deyir: 

“Şeyximiz əl-Hafiz Əbul-Həsən bin Əbi Bəkr (əl-Heysəmi) onu ziyadəsiylə təhqir edərdi. Ondan bunun səbəbini soruşduğumda mənə dedi ki, ona çatan məlumata görə (İbn Xaldun) əl-Hüseyn bin Əli’ni – radiyallahu anhumə - tarix kitabında qeyd edib və deyib:

 “Babasının qılıncı ilə öldürülüb.” (1)

Beləliklə də görürük ki, bu sözü məşhur mühəddis Nuruddin əl-Heysəmi böyük tarixçi alim İbn Xalduna nisbət edir. Lakin burada diqqət edirik ki, bunu İbn Xaldunun kitabından özü oxuduğunu demir, sadəcə olaraq ona belə çatdırdıqlarını deyir. Hətta İbn Həcər ( rahiməhullah ) deyir:

 “Bu sözlər indi mövcud olan tarix kitabında yoxdur. Ola bilsin ki, kitabın əvvəlki nüsxəsində zikr edib və sonra o sözündən dönüb.”(2)

 Maraqlıdır ki, İbn Xaldun özü kitabında belə bir şey deməyib, tam əksinə bunu deyəni qınayıb. O deyir:

 “əl-Qadi Əbu Bəkr bin əl-Arabi əl-Məliki buna xəta edib və “əl-Avasim val-Qavasim” kitabında “əl-Hüseyn babasının şəriəti ilə öldürülüb” mənasına gələn bir söz deyib. Bu isə bir xətadır ki, adil imam şərtindən qafil qalması onu bu xətaya salıb və öz zamanında imamlığında, ədalətində əl-Hüseyndən daha adil kim var idi ki?!” (3)

Gördüyümüz kimi İbn Xaldun heç də elə bir söz deməyib, əksinə o sözü İbnul-Arabi’yə nisbət edib. Gəlin baxaq bəs İbnul-Arabi nə deyir?

 “əl-Avasim minəl-Qavasim” kitabında buyurur: 

“Ona qarşı çıxanlar yalnız təvil edərək çıxdılar, onunla vuruşanlar yalnız vəziyyətin fəsadını xəbər vermiş, fitnələrə qarışmaqdan çəkindirmiş, peyğəmbərlər üzərində şahid olan babasından eşitdiklərinə əsasən vuruşmuşdular və bu barədə sözlər çoxdur...” (4)

 Əminik ki, İbnul-Arabiyə nisbət edilən sözlər onun kitabında yazdığı məhz bu sözlərdən qaynaqlanır. Amma İbnul-Arabinin bu sözlərindən o mənanı çıxarmaq tamamilə xətalıdır. Çünki “Hüseyn babasının qılıncı ilə və ya şəriəti ilə öldürüldü” demək öldürülməsinə haqq verməkdir, halbuki İbn əl-Arabi belə bir məna qəsd etmir. İbnul-Arabi yazdığı kitabda əl-Hüseyni qətl edənlərin bu əmələ necə cürət etdiklərinə rasional bir izah tapmağa çalışır. Tapdığı izah isə - qane edici olmasa da – budur, yəni əl-Hüseyni öldürənlər və ona qarşı çıxanlar eşitdikləri hədisləri o cür anlayaraq bu cinayəti törəyiblər. İbnul-Arabi heç yerdə demir ki, onlar hədisləri doğru anlamışdılar. Təbii ki, İbnul-Arabinin bu izahı ilə heç cür razı ola bilmərik, amma eyni zamanda da onun sözlərində “Hüseyn öz babasının qılıncı ilə öldürüldü” və ya “Hüseyn öz babasının şəriəti ilə öldürüldü” mənasına gələn sözlər yoxdur. Əksinə İbnul-Arabi’nin Hüseynin şəhadətinə təəssüfləndiyi aşkar görünür. Eyni kitabda bir yerdə deyir: 

“Bütün müsibətlərə heyf olsun, Hüseynin müsibətinə isə min heyf olsun! Onun (uşaq ikən) sidiyi peyğəmbərin – salləllahu aleyhi va səlləm – sinəsindən axıb, amma qanı qumun üstünə axıdılır, heç kim qarşısını almır. Ey Allahım və ey müsəlmanlar!”(5) 

Bir başqa yerdə isə buyurur: “Yer üzünü Yezidin şərabından təmizləmək istədik, amma Hüseynin qanını axıtdıq. Başımıza elə bir müsibət gəldi ki, bütün ömrün sevinci bu dərdimizə dərman olmaz!” 

Yenə eyni səhifədə deyir: “Allahın elçisinin – salləllahu aleyhi va səlləm – qızı (Fatimə)nin oğlu üzərinə hüzn bütün ömür boyu qalıcıdır.”(6) 

Yenə Hüseynin qardaşı Həsən haqqında danışarkən deyir:

“O, Müaviyədən və ondan savayı çoxundan daha fəzilətlidir, (ordusu ilə) döyüş meydanına çıxmağı baği camaatı haqqa boyun öyməyə və itaətə daxil olmağa çağırmaq üçün atasının (döyüş meydanına) çıxması ilə eyni idi.”(7)

 İbnul-Arabi qətiyyən əhlul-beyt düşməni olmayıb. Onun sözlərini ümumi oxuduqda başa düşürük ki, İbnul-Arabi’nin problemi əhlul-beytə qarşı mənfi bir münasibət olmayıb, lakin ümumən bütün müsəlmanlara üzr gətirmək istəyidir.

Bizim burada gətirdiklərimiz ilə göstərmək istədiyimiz budur ki, İbnul-Arabi ona nisbət olunan sözü deməyib. Xətalı söz demiş olsa da ona nisbət olunan mənanı qəsd etməyib. Hətta İbnul-Arabinin bunu dediyini fərz etsək belə, bununla sünnət əhlinin üzü qara olmaz, çünki sünnət əhli bir və ya iki və üç alimdən ibarət deyildir. Sünni alimlər Hüseynin müsibətinə həmişə üzülüblər və onun şəhid olduğuna, haqq üçün öz canını fəda etdiyinə şahidlik ediblər. Onların aşurə günü teatr səhnələri qurmamaqları, özlərinin və uşaqlarının başını yarıb qana qəltan etməməkləri, heç bir şəkildə Hüseynin matəminə üzülməməkləri anlamına gəlməz. 

Nasibi olmaqda ittiham etdikləri İbn Teymiyyə deyir:

 “Hüseyni öldürənlərə və ya onun qətlində kömək edənlərə və ya bundan razı qalanlara gəldikdə isə, onların üzərinə Allahın, mələklərin və bütün insanların lənəti olsun! Allah ondan nə sarf, nə də adl qəbul etsin!”(8) 

Yenə deyir:

“Amma Hüseynin – radiyallahu anhu -  qətlinə gəldikdə isə heç şübhə yoxdur ki, o, məzlum və şəhid olaraq öldürüldü... Hüseynin qətli Allaha və elçisinə qarşı günahdır... və bu, müsəlmanların - onun öz ailəsinin və ailəsindən olmayan müsəlmanların – başına gəlmiş bir müsibətdir. Bu, onun haqqında şəhidlik məqamıdır, dərəcəsinin yüksəlişidir, mənzilinin ucalığıdır...”(9) 

Tələbəsi İbn Kəsir ( rahiməhullah )  isə deyir:

“Onun – radiyallahu anhu – öldürülməsinə hər bir müsəlmanın hüzn bəsləməsi lazımdır, çünki o, müsəlmanların seyyidlərindən, səhabələrin alimlərindən idi, Allahın elçisinin – salləllahu aleyhi va səlləm – qızları arasında ən fəzilətli qızının oğlu idi. Çox ibadət edən, şücaətli və səxavətli biri idi. Lakin şiələrin etdikləri kimi kədərli ağını və hüznü aşkarda göstərmək yaxşı bir şey deyildir. Bəlkə də onların etdiklərinin çoxu sünidir və riyadır, çünki atası ondan daha fəzilətli idi və o da qətl edilmişdi, amma onlar Hüseynə matəm saxladıqları kimi onun öldürülmə gününü matəm etmirlər.”(10)

 Yuxarıda İbn Həcər’in şeyxi Nuruddin əl-Heysəmi’nin hekayəsini zikr etdik. İbn Həcər qeyd edir ki, öz şeyxindən İbn Xaldunu təhqir etməsinin səbəbini soruşduqda dedi:

“Ona çatan məlumata görə (İbn Xaldun) əl-Hüseyn bin Əli’ni – radiyallahu anhumə - tarix kitabında qeyd edib və deyib: “Babasının qılıncı ilə öldürülüb.” Sonra əlavə edir: “Şeyximiz bu sözləri dedikdə onun ardınca ağlayaraq İbn Xaldunu söydü və ona lənət oxudu!”(11)

Biz deyirik ki, İbn Xaldun bu məsələdə məzlumdur, haqqında doğru olmayan şayə yayılıb. Lakin burada göstərmək istədiyimiz budur ki, əl-Heysəmi bir sünni alim kimi belə bir sözün qarşısında başqa sünni alimi lənətləyəcək qədər Hüseyni sevib. Ümumiyyətlə sünnət əhlinin Hüseynə sevgisini, onun ölümünə üzüntüsünü isbat etməyə ehtiyac yoxdur, çünki onların kitablarında bu aşkar şəkildə özünü göstərir. Amma cahilliyin və dezinformasiyanın qarşısında bu barədə yazmağa məcbur oluruq. Sünni alimlərindən İbnul-Əbər əl-Bələnsi (h. 595-658) bir misrasında kinayə ilə deyir:

 “Hüseyni öldürən ümmət hesab günü babasının şəfaətinə ümid bəsləyir.”(12)

Bunu təəssüf və acı hissi ilə Hüseyn – radiyallahu anhu – haqqında yazdığı kitabında deyir.

Yezidə gəldikdə isə, hənbəli alimlərindən Əbul-Avn əs-Səffərini deyir: 

“Bil ki, Yezid Allaha və rasuluna əziyyət verdi, peyğəmbərin ev əhlinə qarşı həddini aşdı, onlara qarşı cinayətlər etdi. O gün Hüseyn ilə bərabər onun qardaşları, övladları, qardaşı Həsənin oğulları, Cəfərin və Aqilin övladlarından on doqquz nəfər öldürdü."

əl-Həsən əl-Basri dedi:

Həmin günü Yer üzündə onların tayı-bənzəri yox idi. Bununla belə Allahın elçisinin – salləllahu aleyhi va səlləm – ailəsindən olan qadınları əsir etdi, bununla özündən razılığı və iftixarını artırdı. Bu murdarın çirkin əməllərindən Allaha sığınırıq."

Biz zəruri olaraq bilirik ki, Allahın elçisinə - salləllahu aleyhi va səlləm - əziyyət vermək küfrdür; onun övladlarını öldürməkdən, qadınlarını əsir götürməkdən daha böyük nə əziyyət ola bilərki?! Yezidin kafir olduğunu alimlərdən bir qrup söyləyib. Onların arasında sünnətin dəstəkçisi İbnul-Cəvzi vardır, ondan qabaq isə, bunu əl-Qadi Əbu Yalə deyib və İmam Əhməddən – onun şiddətli vərasına baxmayaraq – (bu rəyi) nəql edib. əl-Cələl əs-Suyuti onu aşkardan lənətləyib. ət-Təftəzəni dedi:

 “Biz onun halında, hətta imanında şəkk etmirik, onun və ona dəstək verənlərin üzərinə Allahın lənəti olsun!”

Onun “əl-Aqaid” kitabına yazdığı şərhində isə sözləri belədir:

“Haqq budur ki, Yezidin əl-Hüseynin öldürülməsindən razı olması, bununla müjdələnməsi, peyğəmbərin – salləllahu aleyhi va səlləm – ev əhlini alçaltması təfsilat baxımından əhəd xəbərlər olsa da məna baxımından mütəvatirdir. Ona görə də biz onun halında, nə də imanında hökm verməkdən çəkinmirik: ona, ona dəstək verənlərə və kömək edənlərə Allahın lənəti olsun!”

İbnul-Həddəd əş-Şafi’nin ”Yezidin içindəkiləri Allaha həvalə edirik” sözünün altından Şeyx Mustafa ibn Muhibbiddin əl-Hənəfi bunları yazır:

 “Deyirəm: Əksinə onu lənətləyirik, lənət edənlərin və bütün məxluqların lənəti onun üzərinə olsun.” (Sitatın sonu.)

İbnul-Həddəd’in sözləri (tam şəkildə) belədir:

 ”əl-Hüseyni öldürənlərdən, buna kömək verənlərdən, zahirən və batinən buna yol göstərənlərdən bəraət edirik. Bizim etiqadımız budur və onun içindəkiləri isə, Allaha həvalə edirik.” (Sitatın sonu.)

"Bu hadisəni zikr edib ona lənət oxumayan heç kimsə görmədik. Va lə həvlə va lə quvvətə billəh. İnsaflı olduqlarını iddia edib Yeziddən Allahın razı qalmasını diləyən, imkan olduğu qədər onu müdafiə edən bir qövmün halı çox təəccüblüdür. Hətta biri daha da həddini aşmış və iddia etmişdir ki, Yezid əl-Hüseyni öz babasının qılıncı ilə öldürmüşdür. Allaha and olsun ki, bu söz böyük bir fəlakətdir, dəhşətli müsibətdir. Ey bəsirət sahibləri, bundan ibrət götürün! Bu necə çirkin bir xəta, böyük bir qəflətdir?! Bunu deyən inadkar Yezidi müdafiə etməklə kifayətlənmədi, hələ üstəlik onun peyğəmbər övladını öz babasının qılıncı ilə öldürdüyünü iddia etdi. İnnə lilləhi va innə ileyhi raciun!”...”

əs-Səffərini daha sonra İbnul-Cəvzi’dən Yezidin cinayətləri haqqında sözləri nəql edir və İmam Əhməddən gələn ən səhih rəvayət, Yezidin halından təvaqquf etmək olduğunu deyir. Sonunda buyurur: 

“Doğru olan İbnul-Cəvzinin və Əbu Hüseyn əl-Qadinin və bu ikisinə müvafiq olanların görüşüdür...”(13)

Yəni ki, Yezidə lənət oxumağı daha doğru rəy hesab edir.

Sünnət əhli arasındakı ixtilaf, Yezidin kafir yoxsa fasiq olması arasındadır, Yezidi adil qəbul edənlər sünnət əhli içərisində o qədər marginal bir yerdədirlər ki, onların görüşü heç bir şəkildə sünnət əhlini təmsil etməz. Biz burada Yezidi pisləyən, onu alçaldan sözləri sünnət əhlindən nəql etməklə yazımızı xeyli uzada bilərdik. Lakin insaf sahibləri üçün bu qədəri də kifayət edir.

(1) İbn Həcər, “Raful-İsr an Qudati Misr”, səh: 237;
(2) Eyni səhifə
(3) İbn Xaldun, “Tərix İbn Xaldun”, 1/271;
(4) İbnul-Arabi, “əl-Avasim minəl-Qavasim”, 1/232;
(5) İbnul-Arabi, “əl-Avasim minəl-Qavasim”, 1/228;
(6) İbnul-Arabi, “əl-Avasim minəl-Qavasim”, 1/232
(7) İbnul-Arabi, “əl-Avasim minəl-Qavasim”, 1/199
(8) İbn Teymiyyə, “Məcmu əl-Fətəva”, 4/487;
(9) İbn Teymiyyə, “Minhəcus-Sunnətin-Nəbəviyyə”, 4/550;
(10) İbn Kəsir, “əl-Bidəyə van-Nihəyə”, 8/221;
(11) İbn Həcər, “Raful-İsr an Qudati Misr”, səh: 237
(12) İbnul-Əbər, “Durarus-Simt fi Xabəris-Sibt”, səh: 199;
(13) əs-Səffərini, “əl-Buhur əz-Zəxira fi Ulumil-Axira”, 1/402-404;

Read 93 times
In order to make a comment, please login or register