İbadətlərimizi açıqdan etməyimiz, riya sayılırmı?

4206- Əbu Səid əl-Xudri (radiyallahu anh)'dan rəvayət edildiyinə görə, Allah rəsulu (sallallahu aleyhi və səlləm) belə buyurnuşdur:

"Hər kim (ibadətini göstəriş üçün xalqa) eşitdirərsə, Allah o kimsəni (yəni məqsədini xalqa) eşitdirər və kim (ibadətində) riyakarlıq edərsə, Allah onun riyakarlığının cəzasını verər."

----------------------

4207- Cündüb (radiyallahu anh)'dan rəvayət edildiyinə görə, Allah rəsulu (sallallahu aleyhi və səlləm) belə buyurmuşdur:

"Kim (ibadətində) riyakarlıq edərsə, Allah onun riyakarlığının cəzasını verər və kim (ibadətini göstəriş üçün xalqa) eşitdirərsə, Allah onu(n niyyətini xalqa) eşitdirər."

İbn Macə, Sünən tərcümə və şərhi, Kitabü'z-Zühd (Zühd kitabı): "Riya və sum'a (yəni ibadət və xeyir işini insanlar görsünlər, eşitsinlər deyə açıqdan işləməyin günahlığına dair) bab"

--------------------------

İzahı:

Əbu Səid əl-Xudri (radiyallahu anh) hədisini Tirmizi də "Zühd" kitabının "Riya və sum'a" babında rəvayət etmişdir.

Aradakı fərq budur:

Hədisin birinci hissəsi, orada ikinci hissə olaraq mövcuddur. İkinci hissəsi də, orada birinci hissə olaraq vardır.

-----------------------

Cündüb (radiyallahu anh) hədisini, Buxari və Muslim də rəvayət etmişlərdir.

Bu iki hədis fərqli şəkillərdə açıqlanmışdırlar.

• Birincisi: Kim ibadət sayılan bir şeyi xalqa görsünlər deyə işlərsə, Allah onun bu niyyət və məqsədini meydana çıxarmaq surətilə onu cəzalandırar.

Kim də ibadət sayılan bir şeyi xalq eşitsin deyə işlərsə, Allah, qiyamət günü onu məhşər xalqı içərisində rüsvay edər.

• İkincisi: Kim ibadət sayılan bir şeyi xalq nəzərində qiymət, dəyər və hörmət qazanmaq niyyəti ilə işlərsə, Allah onu xalqın gözündən salar və axirətdə də ona bir savab verməz.

• Üçüncüsü: Kim işləmədiyi bir ibadəti işləmiş görünərsə, Allah onun yalançılığını meydana çıxarar.

• Dördüncüsü: Kim xalqın qüsurlarını izləyərək ətrafa yayarsa, Allah o kimsənin eyib və qüsurlarını meydana çıxarar.

Yuxarıdakı izahlar, "Fəthu'l-Bari" və "Nihayə"dən alınmadır.

Əl-Fəth müəllifi Asqalani, yuxarıdakı izahları açıqlayarkən bunu da bildirir:

"Bu hədis, ibadət və xeyir işlərini gizləməyin müstəhəbliyinə dəlalət edər. Ancaq rəhbər mövqeyindəki kimsə, başqalarını təşviq üçün və riyakarlıq məqsədi olmadan, açıqdan olaraq xeyir işləyə bilər.

Təbii ki, bunun meydanda və açıqdan edilməsi də ölçülü olmalıdır. Yəni ehtiyac dərəcəsinə görə insanlara duyurular, gərəksiz və ya ehtiyacdan artıq isə, eşitdirilməməlidir."

Bunu da bildirməkdə fayda vardır ki:

İbadət və xeyirlərin gizliliyi, mömin kimsənin dini cəhətdən mükəlləf olduğu fərz namaz, fərz oruc və zəkat kimi ibadətlər xaricində qalan xeyirli işlər üçün bəhs mövzusudur.

Çünki insanın fərz ibadətləri, bir təbii vəzifəsi sayılır. Bunda göstəriş və riyakarlıq üçün çox da yer yoxdur. Hər kəsin etdiyi işlərdir. Ancaq çox axmaq və ağılsız insanlar, bu təbii vəzifələrindən dolayı xalqın təqdir, sevgi və hörmətini qazanma həvəsinə qapıla bilər.

Read 3 times
In order to make a comment, please login or register