İbn Məsud Fələq Və Nas Surələrini İnkar Edibmi?

İbn Məsud Fələq Və Nas Surələrini İnkar Edibmi? (Birinci Hissə)

Batilliyi gün kimi aydın olmasına baxmayaraq bir çox alim tərəfindən səhih sayılması çaşqınlıq yaradan rəvayətlərdən biri də İbn Məsudun Fələq və Nas Surələrini Qurandan saymadığı məzmunlu rəvayətlərdir. Bu rəvayətləri izah məqsədli gətirilən təvillərə gəlincə, onların da rəvayət qədər əsassız olduğunu görürük.

Lakin bu rəvayətlər Əhli Sünnənin hədis divanlarında keçdiyi üçün məsələyə quru-quru “əsassızdır” deyib keçmək doğru olmaz. Əksinə, bu rəvayətlərin nəyə görə əsassız olduğu həm əqli, həm də nəqli yöndən izah edilməlidir.

Mən də savabını Allahdan umaraq bu haqda başlatdığım yazını, məhz bu rəvayətlərin və onları səhih qəbul edən elm əhlinin gətirdiyi təvillərin əsassızlığı səbəblərinə həsr edəcəyəm. Müvəffəqiyyət Allahdandır.

Hər şeydən əvvəl onu qeyd edim ki, İbn Məsudun bu iki surəni Qurani Kərimdən saymamasını deyən rəvayətlər üç qismdir.

Birinci qism: Bu iki surəni silməsi haqda rəvayətlər.

Abdə bin Əbu Lubəbə və Asim bin Bəhdələ —– Zirr bin Hubeyş: “Ubeyy bin Kabdan Fələq və Nas surələri haqda sordum və belə dedim: “Ey Əbu Munzir! Qardaşın İbn Məsud onları mushafdan silir…”

Bunu Əhməd, Humeydi və Tahavi hər biri Sufyan bin Uyeynə yoluyla yuxarıdakı sənədlə rəvayət edir.[1]

Əbu İshaq —– Abdur Rahmən bin Yezid: Abdullahı Fələq və Nas surələrini silərkən gördüm. “Qurana ondan olmayan bir şeyi nə cür artırırsınız?” deyirdi.[2]

Bəzzar aşağıdakı sənədlə belə rəvayət edir:

İbrahim —– Alqamə —– İbn Məsuddan Fələq və Nas surələrini mushafdan sildiyini və “Allah Rəsulu –sallAllahu aleyhi və əlihi və səlləm- onlarla sadəcə təavvüz[3] etməyi əmr edib” dediyini rəvayət edir”.[4]

İkinci qism: Bu iki surənin Abdullah bin Məsudun mushafında olmaması və İbn Məsudun onları mushafına yazmaması haqda gələn rəvayətlər.

Asim bin Bəhdələ —– Zirr bin Hubeyş: Ubeyy bin Kaba dedim: “İbn Məsud Fələq və Nas surələrini mushafına yazmırdı…”.[5]

Asim bin Bəhdələ —– Zirr bin Hubeyş: Ubeyy bin Kaba dedim: “Ey Əbu Munzir! İbn Məsudun mushafında olmayan iki surə (Fələq və Nas) haqda nə deyirsən?…”.[6]

Üçüncü qism: İbn Məsudun bu iki surəni mushafa yazmaqdan çəkindirməsi haqda gələn rəvayətlər.

Əbu İshaq —– Abdur Rahmən: İbn Məsud belə deyərdi: “Qurandan olmayan şeyi ona artırmayın! O ikisi (Fələq və Nas) Peyğəmbərin istifadə etdiyi qoruma dualarıdır”.[7]

Tabəranidə İbn Məsudun bu iki surəni sildikdən sonra “Nəyə görə Qurandan olmayan bir şeyi ona artırırsınız?” deməsi barədə digər rəvayətlər də var. Lakin hamısı Əbu İshaq —– Abdur Rahmən sənədiylədir.[8] Bu rəvayətlərdən birinin sonunda isə “Peyğəmbər onları (namazda və yaxud surə kimi) oxumazdı” dediyi keçir.[9]

Asim bin Bəhdələ —– Zirr bin Hubeyş: Ubeyy bin Kaba belə dedim: “İbn Məsud bu iki surə haqda “Qurandan olmayan şeyi ona əlavə etməyin” deyir…”.[10]

Eyni şeyi eyni yolla Əhməd və Buxari də rəvayət edir. Lakin hər ikisi İbn Məsudun sözünü “belə belə deyir” şəklində rəvayət edirlər. Üstəlik Buxari, Asim —– Zirr yolundan əlavə Abdə bin Əbu Lubəbə —– Zirr yoluyla da rəvayət edir.[11]

Sənədlər haqda danışmadan öncə onu qeyd edim ki, bu rəvayətlərə baxdığımız zaman onların biri-biriylə uyğun gəlmədiyini görürük. Belə ki, rəvayətlərin bir qismi İbn Məsudun bu iki surəni mushafına yazmadığını, insanları bundan çəkindirdiyini deyir. Bir qismi isə, onu mushafından sildiyini söyləyir. Əgər mushafına yazmamışdısa, necə silib? Yaxud silibdirsə, öz mushafına əvvəlcədən necə yazıb? Əvvəl o iki surənin Qurandan olduğuna etiqad etdiyi üçün yazmışdısa, sonra bu fikrindən dönübmü?

Burada qarşı tərəf belə bir iddia irəli sürə bilər: İbn Məsud onu öz mushafından silmirdi. Başqa mushaflardan silirdi.

Cavab: Bu iddianın çürüklüyü daha betərdir. Ona görə ki, rəvayətlərin bəzisində İbn Məsudun onu öz Mushafından sildiyi keçməkdədir. Lap başqa mushafdan sildiyi qəbul edilsə -ki, qəbul etmirik- o zaman izah edilməlidir, görək kimin mushafından silib? O mushaf sahibləri onu oraya surə olduğunu qəbul etdikləri üçün yazmışdılarsa, nəyə görə İbn Məsud onu silərkən buna şiddətlə qarşı çıxmadılar?

Sənədlərə gəlincə, bütün rəvayətləri cəm etdiyimiz zaman bunun Abdullah bin Məsuddan dörd yolla gəldiyini görürük:

İbrahim —– Alqamə —– İbn Məsud.

Əbu İshaq əs Səbii —– Abdur Rahmən bin Yezid —– İbn Məsud.

Asim bin Bəhdələ—– Zirr bin Hubeyş —– İbn Məsud.

Abdə bin Əbu Lubəbə —– Zirr bin Hubeyş —– İbn Məsud.

İlk sənədə gəlincə bunu Bəzzar və Tabərani hər ikisi eyni yolla rəvayət edir. Sənəddə Həssən bin İbrahim əl Kirmani var. Bəzi alimlər onun siqa olduğunu desələr də, Nəsai “Güclü birisi deyil” demişdir.[12] Həmçinin Uqeyli onun haqqında “Hədisində vəhm var” deyir.[13] İbn Adiyy də sidq əhli olmasına baxmayaraq rəvayətdə vəhmlərə və xətalara düşdüyünü qeyd edir.[14]

İkinci sənədə gəlincə Əbu İshaq əs Səbii siqa birisi olsa da, Nəsainin və başqalarının da dediyi kimi müdəllisdir. Hafiz İbn Həcər əl Əsqalani onu müdəllislər haqda yazdığı kitabda üçüncü növdən, yəni “eşitdim, xəbər verdi” demədən rəvayətinin qəbul edilmədiyi növdən hesab etmişdir.[15] Bu məsələdə ondan gələn rəvayətlərin hamısı isə “ananə” yoluyla, yəni açıq-aydın “eşitdim” demədən gəlmişdir. İmam Suyuti də onu müdəllislər haqda yazdığı kitaba salaraq “Tədlislə məşhurdur” demişdir.[16]

Üstəlik Əbu İshaq həyatının sonuna yaxın rəvayətləri qarışdırmış birisidir.

Üçüncü və dördüncü sənədlərə gəlincə raviləri siqadır. Lakin Əhli Rəy və bu məsələdə onlarla həmfikir olan bir çox hədis əhlinin üsuluna görə ravilərin siqa olması rəvayətin də mütləq qəbul olunacağı anlamına gəlməz. Bu rəvayət də sənədi səhih olmasına baxmayaraq, mətni səhih olmayan əsassız rəvayətlərdəndir. Nəyə görə? Yazının ikinci hissəsində uca Allahın izni ilə məhz bu haqda danışacağam…

Yazdı : Rüstəm Mehdi

Qaynaq : http://rustemmehdi.com/

________

[1] Əhməd, 21189; Humeydi, 378; Tahavi, Şərhu Muşkilil Əsar, 118;

[2] Tabərani, əl Mucəmul Kəbir, 9148, 9149, 9150.

[3] Onları oxumaqla şərli şeylərdən Allaha sığınmaq.

[4] Bəzzar, 1586.

[5] Əhməd, 21186;

[6] Tahavi, Şərhu Muşkilil Əsar, 121.

[7] Tabərani, əl Mucəmul Kəbir, 9151.

[8] Tabərani, əl Mucəmul Kəbir, 9148, 9149.

[9] Tabərani, əl Mucəmul Kəbir, 9152.

[10] Tahavi, Şərhu Muşkilil Əsar, 120

[11] Əhməd, 21181; Buxari, 4977.

[12] Mizzi, Təhzibul Kamal, 11/573.

[13] Uqeyli, Kitəbud Duəfə, 274.

[14] Mizzi, Təhzibul Kamal, 11/573.

[15] İbn Həcər əl Əsqalani, Tərifu Əhlit Təqdis bi Məratibil Mövsufinə bit Tədlis, 42.

[16] Suyuti, Əsməul Mudəllisin, 77.

---------------------------------------------------------------------------------

Yazının birinci bölməsində söz vediyim kimi bu bölmədə son iki sənəd haqda danışacağam. Öncəliklə onu qeyd edim ki, bu iki sənəd əslində bir sənəddir. Çünki hər ikisi Zirr bin Hubeyşdən rəvayət edirlər. Bu səbəbdən sənədi Zirr bin Hubeyş —– İbn Məsud kimi qeyd edək. Lakin buraya bir sənəd də əlavə etmək istəyirəm. O da Eyyub əs Sixtiyaniylə, Hişam bin Həssənin hər ikisinin İbn Sirindən nəql etdikləri rəvayətdir. O rəvayətə görə Fatihə, Fələq və Nas surələrini İbn Məsud öz mushafına yazmamışdı. İbn Məsud və Fatihə surəsi haqda uca Allahın izni ilə ayrıca bir məqalə hazırlayacağam. Lakin bu rəvayətdə həm də Fələq və Nas surələri keçdiyi üçün onu da buraya qatdım. Beləliklə əlimizdə raviləri siqa olan iki sənəd var. Hər ikisi İbn Məsudun bu iki surəni mushafına almadığını deyir. Biri Zirr bin Hubeyş, digəri İbn Sirin yoluyla.

Hər iki sənəd raviləri yönündən səhih olsa da, rəvayət əslsiz bir rəvayətdir. Öncəliklə bu sözü qəribsəyəcək oxucuların bilməsi üçün qeyd edim ki, üsula görə sənədin səhih olması, rəvayətin də səhih olması demək deyil. Daha doğrusu hər sənədi səhih olan rəvayət, səhih və məqbul deyil. Bu məsələ aidiyyatı kitabları azacıq vərəqləyən hər kəsə məlumdur. Bu iki sənəd də həmçinin. Səhih olmasına baxmayaraq, rəvayət əsassızdır.  Aşağıdakı səbəblərə görə:

Birinci səbəb: Mütəvatir yolla gələn qiraətlərdə İbn Məsuddan bunun əksi sabitdir. Yeddi mütəvatir qiraət imamından Kufəyə -ki, İbn Məsud da Kufə imamlarındandır- aid olan üçünün sənədlərinə nəzər saldığımız zaman onların da İbn Məsuda və başqa səhabələrə dayandığını, lakin bu əslsiz rəvayətin əksinə hər üç qiraətdə bu iki surənin Qurani Kərimdən olduğunu görürük. Üstəlik bu sənədlərdən biri eyniylə Asim —– Zirr bin Hubeyş —– İbn Məsud sənədidir. Bu qiraət digərindən fərqli olaraq mütəvatir qiraətdir. Həmin qiraətdə bu iki surə Qurani Kərimdən sayılır.

Burada bilinən sənədi ələ aldığımız zaman əhəd olduğu deyilməz. Çünki biz bilirik ki, Qurani Kərimin hər hansı bir rəvayətinin təvatürü hədisdən fərqlidir. Çünki Quran qiraəti bir şəhərin və yaxud bölgənin camaatının qiraətidir və bu qiraət camaatdan camaata keçir. Rəvayətin bir sənəd üzərə nəql edilməsi isə, təvatürə xələl vermir. Çünki məlumdur ki, bölgə camaatı bu qiraətdə oxuyurdu. Lakin qiraət imamı olaraq məşhur olan kəslər, bu kəslər olduğu üçün, qiraət sənədi onların adıyla nəql edilir. Necə ki, bu qiraətlər üzərə təkcə onları rəvayət edən səhabələr yox, digər səhabələr də oxuyurdular. Lakin nəql edən onlar olduğu üçün adlarına məşhurdur.

Gəlin öncə mütəvatir qiraət imamlarından üçünün İbn Məsuda bağlanan sənədlərinə nəzər salaq. Bu qiraət imamları Asim bin Əbun Nəcud Bəhdələ, Həmzə bin Həbib və Əli bin Həmzə əl Kisaidir. Hər üçü Kufə qariləridir.

Asimin qiraəti.

İmam Əbu Amr əd Dəni deyir:

“Asimin şeyxlərinə gəlincə, Əbu Abdur Rahmən Abdullah bin Həbib əs Suləmi və Əbu Məryəm Zirr bin Hubeyşdir. Əbu Abdur Rahmən əs Suləmi Quranı Osman bin Affandan, Əli bin Əbu Talibdən, Ubeyy bin Kabdan, Zeyd bin Sabitdən və Abdulah bin Məsuddan –radiyAllahu anhum- almışdır. Onlar da Peyğəmbərdən –sallAllahu aleyhi və əlihi və səlləm- almışlar.

Zirr bin Hubeyşə gəlincə, o Osman və İbn Məsuddan –radiyAllahu anhumə- almışdır. Onlar da Peyğəmbərdən –sallAllahu aleyhi və əlihi və səlləm- almışlar”.[1]

Bu nəqlə əsasən Asimin İbn Məsuda və digər səhabələrə gedən sənədlərindən ikisi aşağıdakı kimidir:

Asim —– Zirr bin Hubeyş —– İbn Məsud.

Asim —– Əbu Abdur Rahmən əs Suləmi —– İbn Məsud.

Birinci sənəd İbn Məsuda nisbət edilən batil rəvayətin nəql edildiyi sənədin eynisidir. Beləliklə eyni sənədin də içində olduğu təvatürlə gələn bir rəvayət var. Bu rəvayətdə İbn Məsudun bu iki surəni də mushafdan sayması sabitdir. Digər batil rəvayət isə təvatür səviyyəsinə çatmayıb. Belə olduğu təqdirdə təvatürə müxalif olan rəvayət səhih sənədlə gəlsə belə rədd edilər.

Həmzənin qiraəti.

Əbu Amr əd Dəni deyir:

“Həmzəyə gəlincə onun şeyxləri arasında Əbu Muhəmməd Süleyman bin Mihran əl Aməş, Qazi Muhəmməd bin Abdur Rahmən bin Əbu Leyla, Humran bin Əyan, Əbu İshaq əs Səbii, Mənsur bin əl Mutəmir, Muğira bin Miqsəm, Cəfər bin Muhəmməd əs Sadiq və başqaları var. Aməş isə Yəhya bin Vəssəbdən almışdır. Yəhya isə İbn Məsudun əshabından, Alqamə, Əsvəd, Ubeyd bin Nudeylə əl Xüzai, Zirr bin Hubeyş, Əbu Abdur Rahmən əs Suləmi və başqalarından almışdır. Onlar da İbn Məsuddan, o da Peyğəmbərdən –sallAllahu aleyhi və əlihi və səlləm- almışdır”.[2]

Həmçinin “əl İqna” kitabının sahibi Həmzənin bu sənədindən danışarkən İbn Məsudun əshabı arasında Əbu Muslim Ubeydə bin Amr əs Səlmanini və Məsruq bin əl Əcdanı da qeyd edir.[3]  

Hər iki nəqlə əsasən Həmzənin qiraət sənədlərindən biri aşağıdakı kimidir:

Həmzə —– Aməş —– Yəhya bin Vəssəb —– Alqamə, Əsvəd, Ubeyd bin Nudeylə, Zirr bin Hubeyş, Əbu Abdur Rahmən əs Suləmi, Ubeydə bin Amr əs Salmani və Məsruq bin Əcda —– İbn Məsud.

Əhli Rəy alimlərindən olan Abdul Vahhəb əl Mizzi “Əhəsinul Əxbar” kitabında belə deyir:

“Həmzənin Quran oxuduğu şeyxlərindən biri də Humran bin Əyandır… Humranın Quran öyrəndiyi şeyxlərindən biri də Əbu Muaviyə Ubeyd bin Nudeylə əl Xüzaidir. Ubeyd isə Quranı Əbu Şibl Alqamə bin Qays bin Yezid ən Nəxaiyə oxumuşdur. Alqamə də Abdullah bin Məsuda oxumuşdur”.[4]

Nəql bundan uzundur. Lakin mən mövzumuzla əlaqəli olan yerlərini qeyd etdim. Nəqli tam oxumaq istəyənlər verdiyim qaynağa baş vursunlar.

Beləliklə bu nəqlə əsasən Həmzənin digər sənədi aşağıdakı kimidir:

Həmzə —– Humran bin Əyan —– Ubeyd bin Nudeylə —– Alqamə —– İbn Məsud.

Ubeyd bin Nudeylə həmçinin birbaşa İbn Məsuda da oxuyubdur. Həmzədən nəql etdiyim birinci sənəddə keçdiyi kimi.

Kisainin qiraəti.

Abdul Vahhəb əl Mizzi Kisainin əsasən Həmzəyə etimad etdiyini qeyd etdikdən sonra onun Qurani Kərim şeyxlərindən olan İsa bin Ömər haqda belə deyir:

“İsa bin Ömərə gəlincə, o Talha bin Musarrifə oxuyub. Talha isə İbrahim ən Nəxaiyə oxuyub. İbrahim, Alqamə bin Qaysa o isə Abdullah bin Məsuda oxuyubdur. İbn Məsud isə Peyğəmbərə -sallAllahu aleyhi və əlihi və səlləm- oxuyubdur”.[5]

İbn Bəziş isə İbrahimin həm Alqaməyə, həm də Əsvədə oxuduğunu, onların da İbn Məsuda oxuduğunu qeyd edir.[6]

Hər iki nəqlə əsasən Kisainin qiraət sənədlərindən biri də aşağıdakı kimidir:

Kisai —– İsa bin Ömər —– Talha bin Musarrif —– İbrahim ən Nəxai —– Alqamə və Əsvəd —– İbn Məsud.

Onu da qeyd edim ki, bu qarilərdən İbn Məsuda uzanan başqa sənədlər də mövcuddur. Misal üçün Asimin şeyxlərindən biri də Əbu Amr əş Şeybanidir. Bu şəxs isə İbn Məsudun ən yaxın tələbələrindəndir. Həmzənin şeyxi Aməş həmçinin Zeyd bin Vəhb və Zirr bin Hubeyşdən Quran alıb. O ikisi isə İbn Məsuddan alıb. Yenə Həmzənin şeyxləri arasında Əbu İshaq əs Səbii də var. O isə Əbu Abdur Rahmən əs Suləmidən alıb. Suləminin Quran aldığı səhabələrdən biri də İbn Məsuddur. Həmçinin Kisainin Zaidə bin Qudamə əs Səqafi yoluyla Aməşdən onun da Zeydlə Zirdən –ki, onlar da İbn Məsuddan alıb- Quran aldığını da qeyd edə bilərəm. Lakin kitablarda əsasən qeyd etdiyim sənədlər zikr olunduğu üçün onlarla yetinirəm.

Beləliklə bu sənədlərin hamısını bir araya toplayaq:

Asim —– Zirr bin Hubeyş —– İbn Məsud.

Asim —– Əbu Abdur Rahmən əs Suləmi —– İbn Məsud.

Həmzə —– Aməş —– Yəhya bin Vəssəb —– Alqamə, Əsvəd, Ubeyd bin Nudeylə, Zirr bin Hubeyş, Əbu Abdur Rahmən əs Suləmi, Ubeydə bin Amr əs Salmani və Məsruq bin Əcda —– İbn Məsud.

Həmzə —– Humran bin Əyan —– Ubeyd bin Nudeylə —– Alqamə —– İbn Məsud.

Kisai —– İsa bin Ömər —– Talha bin Musarrif —– İbrahim ən Nəxai —– Alqamə və Əsvəd —– İbn Məsud.

Bu sənədlərə baxdığımız zaman aşağıdakı nöqtələrə şahid oluruq:

1. Zirr bin Hubeyşdən iki mütəvatir qiraət imamının sənədləriylə İbn Məsuddan mütəvatir qiraət var. Hər iki rəvayətə görə hər iki surə Qurani Kərimdəndir. Zirr bin Hubeyş yoluyla İbn Məsuddan gələn digər batil rəvayət isə mütəvatir deyil. Eyni ravidən mütəvatir və qeyri mütəvatir rəvayət var. Hər ikisi İbn Məsuddan. Mütəvatir olan rəvayətə görə hər iki surə Qurandandır. Digəri isə əksini deyir. Üsula görə mütəvatirlə qeyrisi ziddiyyət təşkil edərsə mütəvatir alınar, ona zidd olan rəvayət isə atılar.

2. Zirr bin Hubeyşdən gələn rəvayətin biri Asimin öz rəvayətidir. Burada da eyni ravidən iki xəbər gəlir. Mütəvatir və qeyri mütəvatir. Hər ikisi İbn Məsuddan. Mütəvatir olan rəvayətə görə hər iki surə Qurandandır. Digəri isə əksini deyir. Üsula görə mütəvatirlə qeyrisi ziddiyyət təşkil edərsə mütəvatir alınar, ona zidd olan rəvayət isə atılar.

Elə bu səbəbdən imam İbn Həzm də məhz bu rəvayətin səhih olduğuna, bunun əksini ifadə edən rəvayətlərin isə uydurma və yalan olduğuna toxunaraq belə deyir:

“21-ci məsələ. Şərqdə və qərbdə müsəlmanların əlində olan mushaflardakı Quran Fatihənin əvvəlindən Nas surəsinin axırına kimi hamısı Allahın kəlamı və Peyğəmbəri Muhəmmədin –sallAllahu aleyhi və əlihi və səlləm- qəlbinə nazil edilmiş vəhyidir. Kim ondan bir hərf belə inkar edərsə, kafir olar. Allah Təala belə buyurur: “Ona Allahın kəlamını dinləməsi üçün aman ver”. Bir digər ayədə isə belə buyurur: “Güvənilən bir elçi onu sənin qəlbinə nazil etmişdir”. Başqa bir ayədə isə, belə keçir: “Beləcə sənə ərəbcə bir Quran vəhy etdik”.

İbn Məsuddan Fələq, Nas və Fatihənin mushafında olmaması haqda rəvayət olunan şeylərə gəlincə, hamısı yalan və uydurmadır. Bunların heç biri səhih deyil. Səhih olan Asimin Zirr bin Hubeyşdən, onun da İbn Məsuddan rəvayət etdiyi qiraətdir ki, bu rəvayətdə Fatihə də, Fələq də, Nas da mushafdandır”.[7]

Həmçinin hafiz Muhəmməd Zahid əl Kövsəri də Zirr bin Hubeyşdən danışarkən, onun İbn Məsuddan rəvayət etdiyi bu mütəvatir qiraət haqda belə deyir:

“İbn Məsudun qiraətini rəvayət edən də məhz odur. Asim də o qiraəti ondan almışdır. Ondan da Əbu Bəkr bin Ayyəş rəvayət etmişdir. O qiraətdə Fatihə də, Fələq də, Nass da mushafdandır”.[8]

3. Asimdən əlavə Zirr bin Hubeyşdən Həmzənin qiraətində Yəhya bin Vəssab da rəvayət edir. O qiraət də İbn Məsuddan gəlir və mütəvatirdir. O qiraətə görə də hər iki surə Qurandandır.

4. İçində Zirr bin Hubeyş və Alqamə də olmaqla İbn Məsudun məşhur əshabı, Alqamə, Əsvəd, Ubeyd bin Nudeylə, Zirr bin Hubeyş, Əbu Abdur Rahmən əs Suləmi, Ubeydə bin Amr əs Salmani və Məsruq bin Əcda yoluyla İbn Məsuddan gələn mütəvatir qiraətdə hər iki surə Qurani Kərimdən sayılır.

5. Yeddi mütəvatir qiraətdən Kufəyə aid olan hər üç qiraət imamının sənədi İbn Məsuda dayanır və hər üçünə görə Fələq və Nas surələri Qurandandır.

Beləliklə ortada mütəvatir olmayan bir rəvayət var. Bir də bunun tam əksini ifadə edən mütəvatir rəvayət var. Üstəlik o mütəvatir sənədlərin bəziləri digər mütəvatir olmayan sənəddəki ravilərlə eynidir. Belə olduğu halda mütəvatir alınmalı, ona zidd olan isə atılmalıdır. Bütün bunlar onu göstərir ki, İbn Məsuda nisbət edilən bu şey əsassızdır. Əksinə, İbn Məsuddan mütəvatir olaraq gələn qiraətlərdə hər iki surə Qurandan sayılır.

İkinci səbəb: İbn Məsuddan bu batil rəvayətlər nisbət edilən şəxslərdən başqa bir çox imam Qurani Kərim nəql etmişdir. Lakin onlardan İbn Məsudun bu iki surəni Qurani Kərimdən saymadığı haqda heç bir rəvayət gəlməmişdir. Əgər belə bir şey olsaydı əshabı arasında yayılar və onu nəql edərdilər. Çünki bu hər hansı bir hədis, yaxud fiqhi bir fətva deyil. Məsələ Qurani Kərim məsələsidir.

İmam Əbu Bəkr əl Bəqilləni də bu nöqtəyə toxunaraq belə deyir:

“Ondan Qurani Kərim alan və rəvayət edən bir çox məşhur kəslər olmuşdur. Bunlar arasında Ubeydə əs Salmani, Məsruq bin əl Əcda, Alqamə bin Qays, Amr bin Şurahbil, Haris bin Qays, Əsvəd bin Yezid bin Qays və başqa kəslər var. Onlar İbn Məsuddan elm almış və onun qiraətini rəvayət etmişlər. Lakin heç biri İbn Məsudun bu iki surəni Qurandan hesab etməməsi barədə açıq və yaxud gizli heç bir şey qeyd etməmişlər…”.[9]

Yazının birinci hissəsində sənədlərdən danışarkən Alqaməyə nisbət edilən rəvayətin əsassız olduğunu izah etdim. Həmçinin bu bölümdə Həmzəylə Kisainin sənədini qeyd edərkən o rəvayətləri İbn Məsuddan rəvayət edən əshabı arasında Alqamənin də olduğunu qeyd etdim.

Durum İmam Bəqilləninin dediyi kimidir. Nəinki əshabı belə bir şey rəvayət etməmişdir, hətta bunun əksini rəvayət edib. Misal üçün mütəvatir qiraət imamlarından olan Həmzənin –ki, onun qiraətində də hər iki surə Qurandandır- qeyd etdiyimiz ilk sənədinə baxsaq, İbn Məsuddan rəvayət edən əshabından Alqamə, Əsvəd, Ubeyd bin Nudeylə, Zirr bin Hubeyş, Əbu Abdur Rahmən əs Suləmi, Ubeydə bin Amr əs Salmani və Məsruq bin Əcdanı görə bilərik.

Üçüncü səbəb: Əgər belə bir şey hasil olsa idi digər səhabələr buna şiddətlə qarşı çıxar və onların bu şiddəti günümüzə gəlib çatardı. Çünki məsələ olduqca həssas bir məsələdir. Yenə Bəqilləni bu nöqtəyə də toxunaraq belə deyir:

“Biz bilirik ki, səhabələr Fələq və Nas surələrini Qurandan sayır, onu inkar edənlə Kəhf və Məryəm surəsini inkar edən arasında bir fərq qoymurdular. Bu səbəbdən əgər Abdullah bin Məsuddan buna müxalif bir şey eşitsəydilər, ona şiddətli şəkildə qarşı çıxıb susudurmaları lazım idi. Onlar ondan bu görüşünü əsaslandırmağı tələb etməli idilər. Bu yöndə onunla münazərə etməli idilər. Üstəlik bu məsələ Abdullah bin Məsudun ən böyük eybi olmalı idi. Ona müxalif olan kəslər üçün ən böyük qüsuru sayılmalıydı.

Belə olsa idi, Osman mushafın yazılma işini ondan başqasına həvalə etdiyi zaman onun bu inkarını güclü bir dəlil kimi istifadə edərdi.

Hətta daha betəri olmalı idi. Toplum ona qarşı çıxmalı, küfrünə və dindən çıxmasına hökm etməli idilər. Onun da Quranın hamısını inkar edənlər kimi olduğuna etiqad etməli idilər. İmamdan ona Allahın hökmünü uyğulamasını tələb etməli idilər. Qurani Kərimdən olan bu iki surəni inkar etdiyi üçün ondan uzaq durmalı, məclisinə yaxınlaşmamalı idilər. Çünki biz bilirik ki, həssasiyyəti bundan daha az olan bəzi sözlərində ona müxalif davranmışlar…”. Daha sonra misal verir və belə davam edir: “Abdullahdan belə bir xilaf və səbəbini qeyd etməsi sadir olmadığı, ümmətin və imamının onunla bu məsələdə bir kəlimə belə münazərə etmədiyi, ona şiddətlə qarşı çıxmadığı, bu yöndə şöhrəti yayılacaq bir addım atmadıqları, Abdullahın ölümünü tələb etməmələri, ona hədd uyğulamamaları, Allahın kitabından nəinki iki surə, hətta bir ayəni inkar edənə belə veriləcək fisq və zəlalət hökmünü vermədikləri bilinir. Bütün bunlar isə Abdullahın bu iki surənin nazil edilmiş Quran olduğunu inkar etmədiyinin ən böyük dəlilidir”.[10]

Dördüncü səbəb: Allah Rəsulu –sallAllahu aleyhi və əlihi və səlləm- İbn Məsudun Quranda imam olmasını açıq-aydın söyləmişdir. Bu haqda bir çox rəvayətlər gəlmişdir. Onlardan biri Ömərin –radiyAllahu anhu- bu rəvayətidir: Allah Rəsulu –sallAllahu aleyhi və əlihi və səlləm- belə buyurdu: “Kim Quranı nazil olduğu kimi oxumaq istəyirsə, İbn Məsudun qiraəti ilə oxusun!”.[11]

Abdullah bin Amrın rəvayət etdiyi digər səhih bir hədisdə isə Allah Rəsulu –sallAllahu aleyhi və əlihi və səlləm- belə buyurur: “Quranı dörd nəfərdən öyrənin: Abdullah bin Məsud, Əbu Huzeyfənin azadlısı Salim, Ubeyy bin Kab və Muaz bin Cəbəl”.[12]

Bu mərtəbəyə çatdığını Abdullah bin Məsud özü də açıq-aydın qeyd edir. Tahavi səhih bir sənədlə Əbu Vaildən belə rəvayət edir:

“Bir dəfəsində İbn Məsud minbərdə xütbə verərkən belə dedi: Vallahi, vallahi Qurandan nazil olan hər şeyin nə üçün nazil olduğunu bilirəm. Allahın kitabını məndən daha yaxşı bilən yoxdur. Lakin buna baxmayaraq mən sizin ən xeyirliniz də deyiləm. Əgər Allahın kitabını məndən yaxşı bilən birisini tanısam, onun yanına gedərəm!.

Əbu Vail davam edir: Xütbədən sonra məclislərdə oturdum. Heç kəs İbn Məsudun bu sözünə etiraz etmədi”.[13]

Tahavi bu rəvayəti qeyd etdikdən sonra belə deyir:

“Bu hədisdə Abdullah bin Məsud öz mərtəbəsini açıq-aydın bildirir. Orada olanlar da buna etiraz etmirlər. Orada Allah Rəsulunun –sallAllahu aleyhi və əlihi və səlləm- səhabələrindən də var idi. Heç biri də inkar etməmişdi. Bu da onu göstərir ki, hamısı İbn Məsudun bu dediklərini təsdiq etmişdilər”.[14]

Məlum məsələdir ki, Allah Rəsulu –sallAllahu aleyhi və əlihi və səlləm- dinin bu cür həssas məsələsində özündən danışmırdı. Yəni onun bu qərarı məsum vəhyin əsəri idi. Belə olduğu təqdirdə, necə ola bilər ki, məsum vəhy, Qurani Kərimin iki surəsini Qurandan saymayan birini bu yöndə imam edir və onu onlardan Quran öyrənilməsi gərəkən dörd nəfərdən biri və ən birincisi edir? Bu çox önəmli bir məsələdir. Rəvayətlərin sənədiylə məşğul olan bir çox elm əhli bu nöqtəni sanki unudubdur.

Allah Rəsulu –sallAllahu aleyhi və əlihi və səlləm- onu imam edir. Özü də bu sahədə imamətini açıq-aydın bildirir. Səhabələr də buna etiraz etmirlər. Ömər –radiyAllahu anhu- onu Kufəyə insanlara Quran və fiqh öyrətmək üçün göndərir. Bütün bunlardan sonra isə, İbn Məsudun Qurani Kərimin iki surəsini inkar etdiyi, bu iki surənin Quran olduğunu bilmədiyi deyilir. Bundan əcaib, bundan qəraib bir durum varmı?

Beşinci səbəb: Abdullah bin Məsud son ərzə şahid olmuşdur. Son ərz Allah Rəsulunun –sallAllahu aleyhi və əlihi və səlləm- vəfatından öncə Qurani Kərimi Cəbrailə -əleyhissalam- iki dəfə başdan sona oxumasıdır. Abdullah bin Məsud da bu ərzə şahid olub. Bu haqda səhih sənədlə Əbu Zabyənin belə dediyi keçməkdədir:

“İbn Abbas –radiyAllahu anhumə- mənə belə dedi: Hansı qiraətdə oxuyursan? Mən də “İlk qiraət, İbn Məsudun qiraətiylə” qarşılığını verdim. Belə dedi: Əksinə, o axırıncı qiraətdir. Allah Rəsulu –sallAllahu aleyhi və əlihi və səlləm- hər il Quranı Cəbrailə ərz edilirdi. Vəfat etdiyi ildə isə iki dəfə ərz etdi. Abdullah bin Məsud da o ərzə şahid oldu. Beləliklə nəyin nəsx olunub nəyin dəyişdirildiyini bilmiş oldu”.[15]

Məlum məsələdir ki, son ərzdə Qurani Kərim Allah Rəsulu –sallAllahu aleyhi və əlihi və səlləm- tərəfindən iki dəfə Cəbrailə oxunmuşdu. Başdan sona qədər. Fatihənin əvvəlindən Nas surəsinin axırına qədər. İbn Məsud da o iki surənin Qurandan olduğunu bilmişdi.

Yenə məlum Məsələdir ki, İbn Məsudun bu mərtəbəyə yüksəlməsi ilahi bir qərar idi. Bu da məsələni ələ alarkən sırf sənədlə məşğul olan elm əhlinin çoxunun unutduğu bir nöqtədir. Lakin imam Tahavi bu önəmli nöqtəyə toxunur. O son ərzə İbn Məsudun da şahid olması haqda rəvayəti qeyd etdikdən sonra belə deyir:

“Bu hədis İbn Məsudun Allah Rəsulunun –sallAllahu aleyhi və əlihi və səlləm- Cəbrailə oxuduğu (son) qiraətə şahid olduğunu deyir. Və bizlər yəqin şəkildə bilirik ki, Allah Rəsulu –sallAllahu aleyhi və əlihi və səlləm- İbn Məsudu bu mərtəbəyə Allahın əmri ilə yüksəltmişdir”.[16]

Altıncı səbəb: Bu rəvayətlər, hətta eyni yolla gələn rəvayətlər arasında belə ziddiyyətlər var. Belə ki, bir qismində İbn Məsudun bu iki surəni ümumiyyətlə Mushafa yazmadığı keçir. Digərində isə, mushafdan sildiyi keçməkdədir. Sual çıxır: Yazmamışdısa nəyi silib?

Burada iki ehtimal var. Hər ikisi ziddiyyəti daha da gücləndirir. Birinci ehtimal İbn Məsudun bunu öz mushafından silməsi ehtimalı. Ki, Zirdən başqa yolla gələn və tutarsızlığını yazının birinci hissəsində qeyd etdiyim rəvayətlərdən bəziləri bunu açıq aydın söyləyir. Bu ehtimalı alsaq, problem daha böyükdür. Çünki belə olsa, o zaman İbn Məsudun onları öncədən surə olduqlarını qəbul etdiyi halda mushafına yazdığını, sonra bunları Qurandan saymayaraq sildiyini deməliyik. Bu isə küfrdür. İbn Məsudun isə, küfrlə ittiham olunmadığı məlumdur.

Qarşı tərəf iddia edə bilər ki, İbn Məsud o iki surəni dua olaraq yaza bilərdi. Lakin bu da ziddiyyəti artırır. Əgər dua olaraq mushafına yazmışdısa, sonradan “Quran olmayan bir şeyi niyə artırırsız?” deməsinin səbəbi nə idi? Həm də qarşı tərəfin qəbul etdiyi rəvayətlərə baxsa, orada İbn Məsudun “Niyə artırırsız?” dediyini görərik. Yəni qarşı tərəf qəbul etməlidir ki, onu yazan başqası olub. Bu isə bizi ikinci ehtimala götürür:

İkinci ehtimal İbn Məsudun bu iki surəni başqa mushaflardan sildiyidir. Bu isə, ziddiyyəti daha da gücləndirir. Çünki o mushaf sahibləri əgər onu Quran bilib yazmışdılarsa, İbn Məsuda bunu silməyə izn verməməli idilər. Yox Quran olaraq deyil, deyək ki, hər hansı bir dua olaraq vərəqin bir hissəsinə qeyd etmişdilərsə deməli İbn Məsuddan başqa da bu görüşdə olanlar olub. Əgər dua olaraq yazmışdılarsa və bunlar tabiun nəsli idisə, deməli onu səhabədən eşidib yazmışdılar. Yəni burada başqa bir səhabə də iddia sahiblərinin dediyinə əsasən İbn Məsud kimi o iki surəni dua hesab edib. Sual çıxır: Bu iddia sahiblərinə görə İbn Məsuddan başqa bu görüşdə səhabə və yaxud tabiun nəslindən kim olub?

Bütün bunlar onu göstərir ki, İbn Məsuda nisbət edilən bu rəvayət əsassız və batil bir rəvayətdir. Elm əhlindən bu dediyimizi təsdiqləyən sözləri qeyd etmədə fayda var.

Məşhur mütəkəllim və üsulçu imam Əbu Bəkr əl Bəqilləni özünün “əl İntisar lil Quran” adlı möhtəşəm kitabında bu məsələ haqda xüsusi bab açıb və nə az nə çox düz otuz səhifə bu haqda danışır. Həmin babda iddianın batil olmasına dair bəzi örnəklər verdikdən sonra deyir:

“Abdullahdan belə bir xilaf və səbəbini qeyd etməsi sadir olmadığı, ümmətin və imamının onunla bu məsələdə bir kəlimə belə münazərə etmədiyi, ona şiddətlə qarşı çıxmadığı, bu yöndə şöhrəti yayılacaq bir addım atmadıqları, Abdullahın ölümünü tələb etməmələri, ona hədd uyğulamamaları, Allahın kitabından nəinki iki surə, hətta bir ayəni inkar edənə belə veriləcək fisq və zəlalət hökmünü vermədikləri bilinir. Bütün bunlar isə Abdullahın bu iki surəni Qurandan inkar etmədiyinin ən böyük dəlilidir”.[17]

Hafiz İbn Həzm əl Əndəlusi də bu rəvayətlərin uydurma olduğunu bu cür ifadə edir:

“21-ci məsələ. Şərqdə və qərbdə müsəlmanların əlində olan mushaflardakı Quran Fatihənin əvvəlindən Nas surəsinin axırına kimi hamısı Allahın kəlamı və Peyğəmbəri Muhəmmədin –sallAllahu aleyhi və əlihi və səlləm- qəlbinə nazil edilmiş vəhyidir. Kim ondan bir hərf belə inkar edərsə kafir olar. Allah Təala belə buyurur: “Ona Allahın kəlamını dinləməsi üçün aman ver”. Bir digər ayədə isə belə buyurur: “Güvənilən bir elçi onu sənin qəlbinə nazil etmişdir”. Başqa bir ayədə isə belə buyurmaqdadır: “Beləcə sənə ərəbcə bir Quran vəhy etdik”.

İbn Məsuddan Fələq, Nas və Fatihənin mushafında olmaması haqda rəvayət olunan şeylərə gəlincə hamısı yalan və uydurmadır. Bunların heç biri səhih deyil. Səhih olan Asimin Zirr bin Hubeyşdən, onun da İbn Məsuddan rəvayət etdiyi qiraətdir ki, bu rəvayətdə Fatihə də Fələq də Nas da keçməkdədir”.[18]

Mühəddis və fəqih imam Nəvəvi də bu rəvayətlərin batil olduğunu bu cür ifadə edir:

“Onuncu: Müsəlmanlar icma ediblər ki, Fələq, Nas, Fatihə və mushafda yazılan digər surələr Qurandandır. Həmçinin icma ediblər ki, kim bu miqdardan bir hərf belə inkar edərsə kafir olar. İbn Məsuddan Fələq, Nas və Fatihə surəsi haqda gələn rəvayətlərə gəlincə bunlar batildir. Heç birinin İbn Məsuda nisbəti səhih deyil”.[19] Daha sonra İbn Həzmin sözünü gətirir.

Sonda onu da qeyd edim ki, Əhli Sünnədən olan elm əhlindən bəziləri bu rəvayətləri səhih saysa da müxtəlif təvillər veriblər. Lakin bu təvillər də əsassızdır. Nə səbəbə? Uca Allahın izni ilə yazının üçüncü hissəsində məhz bu haqda danışacağam…

Yazdı : Rüstəm Mehdi

Qaynaq : http://rustemmehdi.com/

________

[1] Əbu Amr əd Dəni, ət Təysir fil Qiraətis Səb, 9.

[2] Eyni qaynaq.

[3] İbnul Bəziş, əl İqna fil Qiraətis Səb, 135.

[4] Abdul Vahhəb əl Mizzi, Əhəsinul Əxbar, 356.

[5] Eyni qaynaq, 424.

[6] İbn Bəziş, əl İqna fil Qiraətis Səb, 147.

[7] İbn Həzm, əl Muhəllə, 1/13.

[8] Kövsəri, Fiqhu Əhlil İraqi və Hədisuhum, 43-44.

[9] Bəqilləni, əl İntisar, 304-305.

[10] Bəqilləni, əl İntisar, 303-304.

[11] Tahavi, Şərhu Muşkilil Əsar, 5593.

[12] Buxari, 3760.

[13] Tahavi, Şərhu Muşkilil Əsar, 5594, 3-cü rəvayət.

[14] Eyni qaynaq, 14/235.

[15] Eyni qaynaq, 5590.

[16] Eyni qaynaq, 14/230.

[17] Bəqilləni, əl İntisar, 303-304.

[18] İbn Həzm, əl Muhəllə, 1/13.

[19] İmam Nəvəvi, əl Məcmu Şərhul Muhəzzəb, 3/396.

Read 15 times
In order to make a comment, please login or register