İçki içənlərin namazı qəbuldurmu?

Abdullah b. Amr (b. əl-As) radiyallahu anh'dan rəvayət edildiyinə görə, Allah rəsulu (sallallahu aleyhi və səlləm) belə buyurmuşdur:

"Kim içki içib sərxoş olarsa, 40 sabah(a qədər) onun heç bir namazı qəbul olunmaz. Və əgər (tövbə etmədən) ölərsə, atəşə girər. Əgər tövbə edərsə (yəni içki içməyi qəti olaraq tərk edib etdiyi günahdan peşmanlıq duyaraq Allaha yönələrsə), Allah onun tövbəsini qəbul edər.

Əgər o şəxs, tövbəsini pozub içki içər və sərxoş olarsa, 40 sabah(a qədər) onun heç bir namazı qəbul olunmaz və ölərsə, atəşə girər. Əgər tövbə edərsə, Allah onun tövbəsini qəbul edər.

Əgər bu şəxs, tövbəsini pozub (təkrar) içki içib sərxoş olarsa, 40 sabah onun heç bir namazı qəbul olunmaz. Əgər ölərsə, atəşə girər. Əgər tövbə edərsə, Allah (yenə) onun tövbəsini qəbul edər.

Əgər o şəxs (dördüncü dəfə) yenə içki içərsə, qiyamət günü ona "rədğatu'l-xabal"dan içirtmək, Allah üzərinə bir haqq olar."

Səhabələr:

"Ey Allahın rəsulu! Rədğatu'l-Xabal nədir?"

deyə soruşdular. Allah rəsulu (sallallahu aleyhi və səlləm):

"Atəş (yəni cəhənnəm) xalqının (yanması səbəbilə) vücudlarından axan (irin kimi) bir şeydir." buyurdu.

---------------------------------------

İzahı:

Bu hədisi, Nəsai də, qısa olaraq rəvayət etmişdir. Ayrıca:

~ Tirmizi; və

~ Hakim,

bunun bir bənzərini, Abdullah b. Ömər (radiyallahu anh)'dan rəvayət etmişlərdir.

Tirmizi, rəvayət etdiyi bu hədisin, həsən olduğunu söyləmişdir.

"Tuhfəfətu'l-Əhvəzi şərh-u Camii't-Tirmizi" müəllifi Mübarəkpuri, buna bənzər hədisin izahı bölməsində, belə deyir:

"Yəni içki içib tövbə etməyən bir şəxsin 40 sabah namazı qəbul olunmaz. Bunun mənası budur:

Belə bir şəxs, ayılıb, namazlarını üsul və ədəbinə, rükün və şərtlərinə riayət edərək qılsa, namaz borcunu ödəmiş sayılmaqla bərabər, özünə bu namazlardan heç bir savab YOXDUR. Alimlər, belə təvil etmişlərdir.

Nəvəvi:

"Hər ibadətin 2 yönü vardır:

~ Biri, o ibadəti edən şəxsin borcunu ödəmiş olması;

~ Digəri də, bundan dolayı savab qazanmasıdır.

Bu hədisdə namazın qəbul olunmaması ifadəsilə: savabın qazanılmaması mənası, qəsd edilmişdir." demişdir."

Hədisdə, içki içənin namazının qəbul olunmayacağı bildirilərkən, bütün ibadətlərdən sadəcə namazın zikr edilməsi səbəbinə gəlincə, "Tuhfətu'l-Əhvəzi" müəllifi, icmal olaraq belə deyir:

Namazın zikr edilməsinin səbəbi budur:

~ Çünki namaz, içkinin haram qılınmasına səbəb olmuşdur.

~ Ya da, bu hikmətdir:

Namaz, ibadətlərin anası, ən əhəmiyyətlisi olduğu kimi; içki də, pisliklərin anasıdır.

~ Bir qövlə görə, bunun hikməti budur:

Namaz, bədəni ibadətlərin ən fəzilətlisidir. İçki içənin namazı qəbul olunmayınca, digər ibadətlərin də qəbul olunmayacağı başa düşülmüş olur.

------------------------------------

Hədisin:

"40 sabah, heç bir namazı qəbul olunmaz." ifadəsindən, ilk xatirə gələn məna, sabah namazıdır. Bu, digər namazlardan daha fəzilətlidir.

Bundan məqsəd, günlük namazlar da ola bilər. Yəni 40 günə qədər, 5 vaxt namazın heç biri qəbul olunmaz, savabı əldə edilə bilməz.

------------------------------------

Hədisdəki "tövbə"dən məqsəd də, sadəcə "tövbə etdim" sözünü söyləmək deyil, içki içməyi tərk etmək, bundan peşmanlıq duymaq və bir daha içməməyə qəti söz və qərar verməkdir.

----------------------------------

"İçki içənin 40 günə qədər namazının qəbul olunmaması" məsələsində, müddətin 40 gün olaraq təsbiti haqqında, imam Sindi belə deyir:

"İbnu'l-Qayyim əl-Cevziyyə demişdir ki, bunun hikməti budur:

İçilən içki, 40 günə qədər, vücudun orqanlarında və damarlarında qalır."

-----------------------------------

İçki içənin dördüncü dəfə içkiyə qayıtması və tövbəsini pozması halında, artıq tövbəsinin qəbul olunmayacağı hökmü, zəcri (məcbur edici, çəkindirici) bir tədbir, qüvvətli bir tədbir mahiyyətindədir. Halbuki tövbə qapısı qapanmadıqca, edilən tövbə qəbul oluna bilər. Necə ki, Tirmizi və əbu Davudun rəvayətlərinə görə, əbu Bəkr əs-Siddiq (radiyallahu anh):

"İstiğfar edən (bağışlanma diləyən) kimsə, gündə 70 dəfə tövbəsini pozsa belə, günahda musir/israrlı sayılmaz." demişdir.

Bu hökm, belə də izah edilə bilər:

Dördüncü dəfə içkiyə dönən kimsə, digər dəfələrdə döndüyündə olduğu kimi, tövbə etməyə müvəffəq olmaz.

(İbn Macə, Sünən tərcümə və şərhi, Kitabu'l-Əşribə (İçkilər kitabı), 4-cü bab: "İçki içənin heç bir namazı qəbul olunmaz" babı, hədis no: 3377)

Read 2 times
In order to make a comment, please login or register