İmam Əlinin Əbu Cəhlin qızı ilə evlənmək istəməsi doğrudurmu?

Şiə məzhəbi, Əli bin Əbi Talibin – kərraməllahu vachəhu – Əbu Cəhlin qızı ilə evlənmək istəməsi haqqında gələn xəbərləri yalanlayırlar. Bunu yalanlamaq üçün əsas varmı? Bu barədə bir qədər məlumat verməyi düşündük.

İmam Əhməd “əl-Musnəd” kitabında (26/46) deyir: “İsmail bin İbrahim bizə rəvayət etdi; dedi: Əyyub (əs-Sixtiyəni) bizə Abdullah bin Əbi Muleykə’dən, o da Abdullah bin əz-Zubeyr’dən xəbər verdi ki, Əli (radiyallahu anhu) Əbu Cəhlin qızını zikr etdi və bunun xəbəri peyğəmbərə - salləllahu aleyhi va səlləm – çatdı və dedi:

“Şübhəsiz ki, Fatimə məndən bir parçadır; ona əziyyət verən şey mənə də əziyyət verir, onu yoran məni də yorur!” Kitabı təhqiq edənlər isnadının səhih olduğunu deyirlər.

Bunu əl-Tabərani və əl-Bəzzar kitablarında Ubeydullah bin Təmməm – Xalid əl-Həzzə - İkrimə - İbn Abbas kanalı ilə də rəvayət edir. Lakin Ubeydullah bin Təmməm zəif ravidir.

əl-Hakim “əl-Mustədrək” kitabında (4749) deyir: “Əhməd bin Cəfər əl-Qati’i bizə xəbər verdi; Abdullah bin Əhməd bin Hənbəl bizə rəvayət etdi; atam mənə rəvayət etdi; Yəhya bin Zəkəriyya bin Əbi Zəidə bizə rəvayət etdi; atam mənə əş-Şabi’dən, o da Suveyd bin Ğafələ’dən belə dediyini rəvayət etdi:

Əli (radiyallahu anhu) Əbu Cəhl’in qızının əlini əmisi əl-Haris bin Hişəm’dən istədi və peyğəmbərlə – salləllahu aleyhi va səlləm – istişarə etdi. Dedi:

“Məndən onun atalarının nəcabəti barəsində soruşursan?”

Əli dedi: “Ataları haqqında bilirəm, lakin mənə bu işi etməyi buyurursanmı?”

Dedi: “Xeyr, Fatimə məndən bir parçadır, onun buna görə üzüləcəyini düşünürəm.”

əl-Hakim daha sonra deyir: “Bu, iki şeyxin şərtinə görə səhih olan bir hədisdir, bu məzmun ilə kitablarında rəvayət etməyiblər.” əz-Zəhəbi də təlxisində “güclü bir mürsəldir” deyir.

Abdullah bin Əhməd “Fədailus-Sahabə” kitabında (1326) deyir:

Atam mənə rəvayət etdi; Sufyan bizə Amr (bin Dinar)dan, o da Muhamməd bin Əli’dən rəvayət etdi ki, Əli – aleyhissələm – Əbu Cəhlin qızı ilə evlənmək istədi və Allahın elçisi – salləllahu aleyhi va səlləm – minbərin üzərindən dedi:

“Əli əl-Avra bint Əbi Cəhl ilə evlənmək istədi. Allahın düşməninin qızı ilə Allahın elçisinin qızını bir arada birləşdirmək ona olmaz. Fatimə məndən bir parçadır.”

Muhəmməd bin Əli isə Əlinin nəticəsi, Əli Zeynulabidin’in oğlu Əbu Cəfər Muhəmməd əl-Baqir’dir. Bunu Abdurrazzəq “əl-Musannəf” kitabında (7/300) belə rəvayət edir:

“İbn Uyeynə’dən, o da Amr bin Dinar’dan, o isə Əbu Cəfər’dən belə dediyini (rəvayət edir) ki, Əli Əbu Cəhlin qızının əlini istəyir...”

Burada Muhəmməd bin Əli ilə qəsd olunanın Əbu Cəfər əl-Baqir olmasında şəkk yoxdur. Müasir şiə şeyxlərindən Əli əl-Milani bu xəbər haqqında danışarkən buradakı Muhəmməd bin Əlinin İbnul-Hənəfiyyə olduğunu iddia edir və sonra Amr’ın ondan bir şey eşitmədiyini göstərərək bu xəbəri zəif çıxarmağa çalışır. Lakin bu, cahillikdir. Hədis kitablarına baxsaq görəcəyik ki, Amr bin Dinar heç yerdə İbnul-Hənəfiyyə’dən bir şey rəvayət etmir. Rəvayət etdiyi şəxs Əbu Cəfər əl-Baqirdir.

Bu hadisəni tabiindən həmçinin Urva bin əz-Zubeyr, İbn Əbi Muleykə, Amir əş-Şabi və Amr bin Dinar xəbər verir. Əbu Davud “əs-Sünən” kitabında (2070) deyir:

“Muhəmməd bin Yəhya bin Faris bizər rəvayət etdi; Abdurrazzəq bizə rəvayət etdi; Mə’mər bizə əz-Zuhri’dən, o da Urva’dan və (həmçinin əz-Zuhri) Əyyub (əs-Sixtiyəni)dən, o da İbn Əbi Muleykə’dən bu xəbəri rəvayət edir...” Abdurrazzəq “əl-Musannəf” kitabında (7/300) deyir:

“İbn Cureyc’dən: Amr bin Dinar mənə xəbər verdi ki, Əli Əbu Cəhlin qızının əlini istəyir...”

Lakin bu xəbərin ən məşhur və ən səhih rəvayət yolu səhabə əl-Misvar bin Məxramə’dən gəlir. Bu rəvayət kanalları bunlardır:

Əbul-Yəmən – Şueyb - əz-Zuhri – Əli bin Hüseyn - əl-Misvar bin Məxramə (Müsnəd Əhməd)

əl-Həccəc bin Əbi Muney – Ubeydullah bin Əbi Ziyəd - əz-Zuhri – Əli bin Hüseyn - əl-Misvar bin Məxramə (Musnəd Əbi Yalə)
Əbu Said – Abdullah bin Cəfər – Ummu Bəkr bint əl-Misvar bin Məxramə - Ubeydullah bin Əbi Rafi - əl-Misvar bin Məxramə (əl-Mustədrək)
Quteybə bin Said - əl-Leys bin Sad – İbn Əbi Muleykə - əl-Misvar bin Məxramə (Sahih Muslim)
Əbu Məmər – İbn Uyeynə - Amr bin Dinar – İbn Əbi Muleykə - əl-Misvar bin Məxramə (Sahih Muslim)

 İddiaçı, əl-Misvar’dan gələn bu xəbəri inkar etmək üçün iki şey iddia edir. Deyir ki, sizin rəvayət etdiyiniz hədisdə əl-Misvar deyir:

“Allahın elçisini – salləllahu aleyhi va səlləm – bu minbəri üzərində bununla bağlı insanlara xitab edərkən eşitdim və mən o vaxt muhtəlim idim.” (Sahih əl-Buxari, 3110)

Tarixdə məşhur olan budur ki, əl-Misvar hicrətin ikinci ilində anadan olub. Deməli peyğəmbərin – aleyhissalətu vassələm – vəfatında onun səkkiz yaşı olub. İhtilam yaşı isə doqquz yaşdan başlayır. Ona görə də İbn Seyyidin-Nəs burada xəta olduğunu deyir və ona görə rəvayətdəki doğru ləfz əl-İsmaili’nin rəvayətində keçən “mən muhtəlim kimi idim” ləfzidir. Lakin İbn Həcər buna ehtiyac görmür, yəni ləfzdə xəta axtarmağın doğru olmadığını düşünür. İbn Həcərə görə burada ya mübaliğə edilmişdir, ya da ərəblərin “muhtəlim” sözünü “əql edən uşaq” mənasında işlətdikləri kimi işlətmişdir. Buradan anlayırıq ki, bu sözə tutunaraq hədisi rədd etmək mümkün deyildir. Bu xəbər əl-Misvar bin Məxramə’dən səhihdir, sabitdir. Etiraz edən burada iki şey iddia edə bilər: ya əl-Misvar yalan danışır, ya da bilmədən xəta edir.

1. Yalan danışmaq iddiası gülüncdür, çünki əl-Misvar bunu kənar bir adama danışmır, bunu Əlinin nəvəsi Əli bin Hüseynə danışır. Məgər əl-Misvar düşünmürmü ki, yalan danışarsa, Əli bin Hüseyn bunun yalan olduğunu biləcək?! Üstəlik yalan olsaydı, Əli bin Hüseyn özü etiraz edərdi, lakin əksinin baş verdiyini görürük.

2. Xəta etməsi iddiasına gəldikdə isə, hətta “muhtəlim” sözündə xəta etmiş olduğunu fərz etsək bütün hekayədə xəta etdiyini deyə bilmərik. Çünki baş verməmiş bir şeyi danışmaq xəta olmaz. Ümumiyyətlə buna heç bir ehtiyac yoxdur, çünki bunun xəta olmadığını izah etdik.

İkinci iddia isə budur ki, guya əl-Misvar bin Məxramə’nin dediyinə etibar etmək olmaz. Çünki o, - guya - əhlul-beytin düşmənlərindən olub. Bu isə şiələrdəki bir adət olaraq səhabələri əsassız şeylərdə ittiham etmək sevdasından qaynaqlanır. Yalnız miskin bir insan əl-Misvar’ı belə bir şeydə ittiham edə bilər. əl-Misvarı belə bir şeydə ittiham etmək üçün yalnız bu qədər axmaq olmaq mümkündür. Çünki əl-Misvar burada Fatimə əz-Zəhra – radiyallahu anhə - haqqında onun fəziləti ilə bağlı bir hədis rəvayət edir. Fatimənin peyğəmbərə nə qədər əziz olduğunu sübut edir. Ümumiyyətlə burada əhlul-beytə qarşı heç bir nöqsan yoxdur. Bunu necə nöqsan kimi başa düşmək olar axı? Bunu əl-Misvar əhlul-beytin özünə rəvayət edir, əgər kimsə bunu inkar edəcəksə, elə hamıdan qabaq əhlul-beyt özü inkar edərdi. Həqiqət isə budur ki, əl-Misvar hər zaman əhlul-beytin tərəfində olub. Şura hadisəsi baş verdikdə dayısı Abdurrahmən bin Avfı Əliyə səs verməyə təşviq edib. Müaviyə xəlifə olduqda onu şiddətlə tənqid edərdi, hətta o dərəcədə şiddətli tənqidlər səsləndirərdi ki, xavariclər onu özlərinə nisbət edərdilər. Yezid xəlifə olduqda isə, ona beyət etmir və İbn Zubeyrin yanında Məkkədə məskən salır. Orada mühasirədə mancanaqla atılan daşdan yaralanaraq ölür. Məscidin suyundan içməzdi, onu sədəqə hesab edərdi və kasıblara nəzərdə tutulmuş sədəqəyə şərik olmaq istəmədiyi üçün ondan içməzdi. Belə bir səhabəni necə bu cür çirkin işdə ittiham etmək olar?!

Bir də diqqət edək ki, bu xəbəri Əbu Cəfər Muhəmməd əl-Baqir də rəvayət edir. İndi kimsə deyə bilər ki, Muhəmməd əl-Baqir bu hadisəni görməyib, ona görə səhih sayıla bilməz. Bəli, görməyib, lakin Muhəmməd bunu öz ailəsi haqqında xəbər verir. Yuxarıda da gördük ki, əz-Zuhri bu xəbəri Muhəmmədin atası Əli Zeynulabidin’dən rəvayət edir. Deməli bu xəbəri rəvayət edənlər əhlul-beytin üzvləridir.

Bura bir də Suveyd bin Ğaflə’ni əlavə edək. Suveyd peyğəmbərin – salləllahu aleyhi va səlləm – zamanında müsəlman olub, lakin onu görməyib. Amma Əli bin Əbi Talib tələbəsi kimi tanınır, ondan çoxlu elm almışdır.

 

 

 

 

 

 

Read 8 times
In order to make a comment, please login or register