İmam Cəfər Sadiq, əbu Hənifənin müəllimidirmi?

Həm Əhli Sünnə, həm də şiələr arasında Cəfərus Sadiqin imam Əbu Hənifənin şeyxi olması fikri yayğındır. Bəs bunun tutarlı bir əsası varmı? Yaxud Əhli Sünnə burada şeyx deyərkən nəyi qəsd edir? 

Bu məsələdə bu iki firqə arasında fərq ondan ibarətdir ki, şiələr bunu iddia etməklə əslində Əhli Sünnə məzhəbinin onlardan qaynaqlandığını, necə deyərlər “Olmasaydıq olmazdız” demək istəyirlər. Yaxud “Bizim imam sizin imamın şeyxidir, sizin imamdan üstündür.” tərzi çıxışlar etmək istəyirlər. Mövzunu sırf bu iddialara həsr etməyə dəyməz. Çünki bu iddialar elmi iddialar yox, daha çox az-yaşlı uşaqların “Mənim atam sənin atanı döyər” deyərək biri-birilərinə qarşı fəxr etməsi babındandır.
Ən əsası isə bizlər Cəfərus Sadiqi elə Əhli Sünnə imamı saydığımız üçün Əbu Hənifənin ona şagirdlik etməsini –təbii ki, əgər edibsə- problemli bir şey görmürük. 
Lakin gəlin elmi əsasa deyil, emosiyalara dayalı olan bu iddiaları sahibləriylə baş-başa buraxaq. Məsələyə sırf tarixi bir həqiqət kimi baxaq. Məsələni kimlərəsə cavab vermək üçün deyil, sırf öyrənmək üçün incələyək.

Cəfərus Sadiq Əbu Hənifənin sözün əsl mənasında müəllimidirmi? 

Hər şeydən öncə onu qeyd edim ki, hər hansı bir alimin Əbu Hənifənin və yaxud başqa bir fəqihin müəllimi olmadığını demək onun qədrini aşağı salmaq deyil. Misal üçün birisi çıxıb “İmam Malik, Əbu Hənifənin müəllimi olub” deyərsə, bunun yanlış olduğunu söylərik. Lakin bu imam Maliki sevmədiyimizə dəlalət etməz. Sadəcə bu iddianın tarixi faktlara zidd olduğunu demiş olarıq.

Cəfərus Sadiq seyyid oğlu seyyid oğlu seyyid oğlu seyyid oğlu seyyiddir. Yəni Əli oğlu Hüseynin oğlu Zeynul Abidinin oğlu Baqirin oğludur. Ona Adəm övladının seyyidinin –sallAllahu aleyhi və əlihi və səlləm- qızı seyyidə oğlu seyyid oğlu seyyid oğlu seyyid oğlu seyyid də deyə bilərik. Əgər Əlinin yerinə Fatimə bintir Rəsulu qəsd etsək.
İmamdırmı? Mədinə imamlarının öndə gələnlərindəndir. Fəqihdirmi? Ən dərinlərindəndir. Seyyiddirmi? Öndə gedənlərindəndir. Əbu Hənifənin müəllimidirmi? Deyil. 

Bəri başdan onu qeyd edək ki, yuxarıda da dediyim kimi Cəfərus Sadiqi Əbu Hənifənin şeyxləri arasında qeyd edən Əhli Sünnə alimləri var.

Lakin işin əsli nədir? Bu doğrudurmu? Burada “şeyx” deyilərkən hansı məna qəsd olunur? Bu yazıda məhz onu qeyd edəcəyik. 

Bilmək lazımdır ki, tərcümeyi hal kitablarında şeyxlər və tələbələr qeyd olunarkən –təbiri caizsə- nisbi təsahülə/səhlənkarlığa yer verilir. Yəni deyək ki, bir nəfərin tərcümeyi halı qeyd olunur, onun şeyxlərindən danışarkən hətta sadəcə hədis rəvayət etdiyi kəslər belə qeyd olunur. Hətta bir çox təracim və rical kitablarında “Filankəs filankəsin şeyxlərindəndir” deyildiyi zaman qəsd olunan ikincinin birincidən hədis rəvayət etməsidir. 

Misal üçün Molla Əli əl Qari Əbu Hənifənin şeyxlərindən danışarkən Əvzaini də qeyd edir. Halbuki Əvzainin Əbu Hənifənin müəllimi olması mümkün deyil. Əbu Hənifə, Əvzaidən həm təbəqə, həm də fiqh yönündən üstündür. Təbəqə yönünə gəlincə, Əbu Hənifə beşinci təbəqədən, Əvzai isə altıncı təbəqədəndir. Fiqhə gəlincə bunu isbata belə ehtiyac yoxdur. Əbu Hənifənin tələbələri arasında belə Əvzaiyə rəddiyyə yazanlar olub. Üstəlik Əvzai, Əbu Hənifəyə düşmənçilik sərgiləyən kəslərdən idi. Baxmayaraq ki, sonradan bu düşmənçiliyindən döndüyü rəvayət edilir. Lakin o rəvayəti əsas alsaq, o zamanlar artıq Əbu Hənifə fətva sahibi müstəqil bir müctəhid idi. 

Qısaca deyəcəyimiz odur ki, qeyd etdiyimiz səbəblərə görə, Əvzainin Əbu Hənifəyə müəllimlik etməsi qeyri mümkün olsa da tabaqat yazarları Əbu Hənifənin ondan mücərrəd olaraq hədis eşitməsi səbəbi ilə onu da Əbu Hənifənin şeyxləri arasında qeyd ediblər. 

Bunun örnəklərindən biri də budur ki, Əbu Hənifənin hətta Malikdən və İbnul Mübarəkdən belə bir neçə hədis eşitdiyi olub. Lakin heç kəs “Malik Əbu Hənifənin müəllimidir” deyə bilməz. İbnul Mübarək isə ümumiyyətlə Əbu Hənifənin şagirdlərindən hesab edilir. Həm Malik, həm də İbnul Mübarək Əbu Hənifədən iki təbəqə aşağı, yəni yeddinci təbəqədəndir. Lakin buna baxmayaraq Bədruddin əl Ayni "Məğanil Əxyar"ında hər ikisini Əbu Hənifənin şeyxləri arasında sayır. Hətta tələbəsi İbnul Mübarəki də. Çünki Əbu Hənifə ondan hədis eşidib və Bədruddin əl Ayninin qəsd etdiyi də budur.

Bir sözlə tərcümeyi hal və rical kitablarında şeyx deyilərkən, iki məna qəsd edilir:

1. Birincisi hədis aldığı ravi,

2. İkincisi müəllim və ustad.

Bu səbəbdən məsələni iki şaxədə ələ almaq istəyirik:

1. İlk şaxədə Əbu Hənifənin Cəfərus Sadiqdən hədis eşidib-eşitməməsi,

2. İikinci şaxədə ona şagirdlik edib-etməməsindən bəhs edəcəyik.

Uca Allah müvəffəq edərsə. 

Əbu Hənifə Cəfərus Sadiqdən hədis rəvayət edibmi? 

Bunu bilməyimiz üçün Əbu Hənifənin hədis külliyyatına nəzər salmamız lazımdır. Biz Əbu Hənifənin hədislərini cəm edən əlimidə olan qaynaqlara Əbu Yusuf və Muhəmmədin “əl Əsar”larına, eləcə də Əbu Hənifənin Harisi, Əbu Nueym və Haskəfi yolu ilə rəvayət olunan “Müsnəd”lərinə nəzər saldıq. Aşağıdakı nəticələrlə qarşılaşdıq:

Əbu Yusufun “əl Əsar”ında ehramda ikən ov ovlamaq babında Əbu Hənifə Cəfərus Sadiq yoluyla İbn Ömərdən bir hədis rəvayət edir. 

İmam Muhəmmədin “əl Əsar”ında Cəfərus Sadiq yolu ilə rəvayət yoxdur. Lakin atası Muhəmməd əl Baqir yolu ilə Əlinin Ömər bin əl Xattabı tərifləməsi haqda rəvayəti var.
Əbu Hənifənin Əbu Nueymin rəvayətiylə olan “Müsnəd”ində Cəfərus Sadiq bölümündə Əbu Hənifənin ondan hədis rəvayəti yox, sadəcə Əbu Hənifəylə arasında qiyasla bağlı keçən münazərədən bəhs edən iki rəvayət qeyd olunur.

Harisi rəvayəti ilə olan “Müsnəd”inə baxdığımız zaman görürük ki, orada Əbu Hənifənin isnad etdiyi şeyxləri arasında Cəfərus Sadiqin adı keçmir. Lakin bu şeyxlər arasında Cəfərus Sadiqin atası Əbu Cəfər Muhəmməd əl Baqirin adı keçir. Ondan da namazla bağlı eyni mənada biri Əlidən, digəri Peyğəmbərdən –sallAllahu aleyhi və əlihi və səlləm- olan iki rəvayət gəlir.

Həskafi rəvayəti ilə olan “Müsnəd”də də Cəfərus Sadiqdən bir rəvayət görmədik. Lakin onun atası Muhəmməd əl Baqirdən mürsəl olaraq Allah Rəsulunun –sallAllahu aleyhi və əlihi və səlləm- gecə qıldığı namazların rükəti sayı haqda bir rəvayət var.

Digər “Müsnəd”ləri əlimizdə olmadığı üçün incələyə bilmədik. Lakin yuxarıda qeyd etdiklərimdən yola çıxaraq Əbu Hənifənin Cəfərus Sadiqdən az da olsa hədis dinlədiyini demək mümkündür. Atası Muhəmməd əl Baqirdən isə, oğluna nisbətdə daha çox hədis dinləyib. 

Əbu Hənifə Cəfərus Sadiqdən dərs alıbmı?

Birinci şaxədən danışarkən Əbu Hənifənin Cəfərus Sadiqdən hədis eşitməsinin sabit olduğunu qeyd etdim. Bəs elm almaq necə? Əbu Hənifə Cəfərus Sadiqə şagirdlik edibmi?

Əbu Hənifənin Cəfərus Sadiqə şagirdlik etməsinə dair tutarlı heç bir şey yoxdur. Əksinə, qərinələr belə bir şeyin olmadığını göstərir. Bu qərinələr aşağıdakılardır:

1. Həm Əbu Hənifə, həm də Cəfərus Sadiq beşinci təbəqədəndilər. Əbu Hənifənin zamanında isə əqranların/müasirlərin biri-birilərinə şagirdlik etməsi adət deyildi. Əksinə o dövrün alimləri özlərindən təbəqə yönündən irəlidə olan kəslərə şagirdlik edirdilər. Misal üçün Əbu Hənifə Həmmad bin Əbu Süleymandan, Əta bin Əbu Rabəhdən və özündən təbəqəcə yuxarı olan kəslərdən elm alırdı. Eləcə də Cəfərus Sadiq. Onun da müəllimləri atası kimi ondan təbəqəcə yüksək kəslər idilər. 

2. Əbu Hənifəylə Cəfərus Sadiqin müəllim və şagird əlaqələrinin formalaşmasına yetəcək qədər uzun müddət bir arada olmasına dair heç bir tutarlı dəlil yoxdur. Hətta ondan az sayda rəvayət etməsi görüşmələrinin qısa müddətli olduğuna işarədir. 

“Cəfərus Sadiqlə keçən iki il olmasaydı Numan həlak olardı” sözünə gəlincə bu sözün Əbu Hənifəyə nisbəti hörümçək torundan da zəifdir. Nəinki zəif, ümumiyyətlə bu sözü kimin uydurduğu bəlli deyil. Çox güman bunu bəzi tasavvuf əhli uydurub. Çünki onlara görə qızıl sənəd adlandırdıqları təsavvuf sənədi Cəfərus Sadiqdən keçir. Əbu Hənifəni də Cəfərus Sadiqdən tasavvuf elmi alanlar siyahısına aid etməklə Əbu Hənifənin də icad etdikləri bu sənədə bağlı olduğunu iddia etmək üçün belə bir yola əl atmaları mümkündür. Lakin bu sözü uyduranın kim olduğunu ən dəqiq bilən Allahdır. 

3. Əbu Hənifə Cəfərus Sadiqin atası Muhəmməd əl Baqirin zamanında artıq elmlə məşhur birisi idi və fətva sahibi idi.  

Nəticə: Əbu Hənifənin Cəfərus Sadiqə şagirdlik etməsi barədə tutarlı heç bir tarixi əsas yoxdur. Əksinə, qərinələr belə bir şeyin mümükün olmadığını göstərir. Lakin Əbu Hənifə Cəfərus Sadiqdən hədis eşidib. Bu səbəbdən Cəfərus Sadiqi Əbu Hənifənin şeyxləri arasında qeyd edənlər olmuşdur. Burada şeyx deyilərkən isə müəllim yox, hədis istilahında işlənən məna, yəni hədis eşitdiyi kəs qəsd olunur. Bunu başqa mənaya həml edənlərin əlində heç bir tutarlı əsas yoxdur.  

Rüstəm Mehdi 

 

Read 103 times
In order to make a comment, please login or register