İntihar edən şəxsin cənazə namazı qılınarmı?

Cabir b. Səmurə (radiyallahu anh)'dan belə rəvayət edilir:

"Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in əshabından bir adam yaralandı. Yara, ona əziyyət verirdi. Bunun üzərinə, yaralı, mişqasa (oxların dəmir qisimlərinin olduğu yerə) yavaş-yavaş gedərək, bunlarla özünü boğazladı.

Peyğəmbər (sallallahu aleyhi və səlləm), onun üzərinə namaz qılmadı."

Cabir (radiyallahu anh), deyir:

"Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in namaz qılmaması, bir tədib (ədəbləndirmə) idi."

-----------------------------------

İzahı:

Bu hədisi:

• Əhməd;

• Muslim;

• Tirmizi;

• əbu Davud;

• Nəsai; və

• Beyhaqi

də rəvayət etmişlərdir. Bəzi rəvayətlər, uzundur.

Məşəqis: "mişqas"ın cəm halıdır.

Mişqas: oxun geniş və uzun olan dəmir qismidir. Oxun ucuna taxılan bu dəmir qism, geniş və uzun olmadığı vaxt, ona "mişqas" deyilməz.

Hədisdə, "mişqas" ilə özünü boğazlayan adamın adı bilinməməkdədir. Əbu Davudun rəvayətinə görə, adamın qonşusu olan bir şəxs, yaralının özünü boğazladığını görmüş və bu halı, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'ə bildirmişdir.

Peyğəmbər (sallallahu aleyhi və səlləm) də:

"Sən (şəxsən) onu gördünmü?" deyə soruşmuş, xəbəri gətirən: "bəli" deyincə, Peyğəmbər (sallallahu aleyhi və səlləm):

"O halda, Mən, onun üzərinə namaz qılmaram." buyurmuşdur.

"əl-Mənhəl Azbi'l-Məvrud şərh-u Sunən-i əbu Davud" müəllifi imam Mahmud Muhamməd Xattab əs-Subki, hədisin açıqlaması bəhsində belə deyir:

"Hədis, intihar edən adamın cənazə namazının qılınmamasına dəlalət edir. Ömər b. Əbdü'l-Əziz və Əvzai də belə hökm etmişlərdir."

Məzhəb imamlarının isə, bu məsələdə hökmləri belədir:

~ imam Əhməd'ə görə, imam, bu şəxsin namazını qılmaz. Başqası isə, qılar. (Haşiyə)

------------------------------

(Haşiyə:

İbn Teymiyyə'yə görə də, bir insanın özünü öldürməsi əsla caiz olmamaqla bərabər, belə bir şəxsin cənazə namazı qılınar. Necə ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm), namazı Özü qılmamışsa da, səhabələrinə qılmalarını söyləmişdir. Bu halda, xalqın cənazə namazını qılması, lakin din böyüklərinin Peyğəmbərə tabe olaraq namaza qatılmamaları daha uyğundur. (bax: "Məcmu'ul-Fətava", XXIV, 289-290)

------------------------------------

~ əbu Hənifə, Malik, Şafii və alimlərin cumhuruna görə, NAMAZI QILINAR.

Peyğəmbər (sallallahu aleyhi və səlləm), intihar edən adama bir növ cəza olaraq və bu günahın işlənməsindən xalqı əngəlləmək məqsədilə, onun namazını qılmamışdır. Necə ki, Nəsai'nin rəvayətində bildirildiyi kimi, Peyğəmbər (sallallahu aleyhi və səlləm), borclu olaraq ölənin də cənazə namazını qılmazdı. Bunun səbəbi də, xalqın, borclarını ödəməkdə ehmalkar davranmalarını əngəlləmək idi.

Peyğəmbər (sallallahu aleyhi və səlləm), intihar edən o adamın cənazə namazını qılmağı isə, kimsəyə əngəlləməmişdir. Necə ki, Nəsai'nin rəvayətində:

"Mənə gəlincə, Mən, (şəxsən) onun üzərinə namaz qılmaram." buyurulmuşdur.

Bütün fasiqlər, intihar edən şəxs kimidir. Yəni cənazə namazları qılınar. Çünki Daraqutni'nin fərqli təriqlərdən rəvayət etdiyi bir hədisdə, Peyğəmbər (sallallahu aleyhi və səlləm), bir hədisdə belə buyurmuşdur:

"Lə iləhə illəllah deyənin arxasında namaz qılın və lə iləhə illəllah deyənin (cənazəsi) üzərinə namaz qılın."

Əbu Hənifə, İslam dövlətinə qarşı üsyan edənləri və yol kəsən quldurları istisna edərək, bunların üzərinə namaz qılınmamasına hökm etmişdir.

(İbn Macə, Sünən tərcümə və şərhi, "Kitabu'l-Cənaiz" (Cənazələr kitabı), 31-ci bab: "Qiblə əhli üzərində namaz qılmaq haqqında bir bab", hədis no: 1526)

Read 3 times
In order to make a comment, please login or register