İsra surəsi 23-24-cü ayətlərin təfsiri

وَقَضَىٰ رَبُّكَ أَلَّا تَعْبُدُوٓا۟ إِلَّآ إِيَّاهُ وَبِٱلْوَ‌ٰلِدَيْنِ إِحْسَـٰنًا ۚ إِمَّا يَبْلُغَنَّ عِندَكَ ٱلْكِبَرَ أَحَدُهُمَآ أَوْ كِلَاهُمَا فَلَا تَقُل لَّهُمَآ أُفٍّ وَلَا تَنْهَرْهُمَا وَقُل لَّهُمَا قَوْلًا كَرِيمًا • وَٱخْفِضْ لَهُمَا جَنَاحَ ٱلذُّلِّ مِنَ ٱلرَّحْمَةِ وَقُل رَّبِّ ٱرْحَمْهُمَا كَمَا رَبَّيَانِى صَغِيرًا

"Rəbbin, bunları hökm etdi:

Özündən başqasına ibadət etməyin. Ana-ataya yaxşı davranın. Əgər onlardan biri və ya hər ikisi sənin yanında qocalıq yaşına dolarsa, onlara: 'uf' belə demə. Onları azarlama və onlara xoş söz söylə. Mərhəmətindən dolayı, onlara alçaq könüllülük qanadını endir və: “Ey Rəbbim! Onlar məni körpəliyimdən tərbiyə edib böyütdükləri kimi, Sən də onlara rəhm et!”– de." (İsra/23-24)

---------------------------

Təfsiri:

Bu buyuruğa dair açıqlamalarımızı, 16 başlıq halında təqdim edəcəyik:

1. Allahın hökmü və "qəza" kəliməsinin mənaları

"Rəbbin, bunları hökm etdi."

Yəni: "bağlayıcı və vacib olmaq üzərə əmr etdi."

İbn Abbas, əl-Həsən və Qatadə, belə demişlərdir:

Bu hökm, qəza ilə əlaqəli (yəni olacağı Allah tərəfindən bilinən və təqdir olunan şeylərin, vaxtı gəlincə yaradılmasına dair) bir hökm deyil; əmr vermək mənasında bir hökmdür.

İbn Məsud'un Mushafında isə: "tövsiyyə etdi..." şəklindədir.

Bu, eyni zamanda, ibn Məsudun dostlarının da, ibn Abbas, Əli və digərlərinin də qiraətidir. Ubey b. Ka'b'ın nəzdində də belədir.

• İbn Abbas belə deyir:

"Bu buyuruq, əslində: "Rəbbin, bunları tövsiyyə etdi." şəklində olub, 2 "vav" hərfindən biri (digərinə) bitişdiyindən dolayı: "Rəbbin, bunları hökm etdi." deyə oxunmuşdur.

Çünki əgər bu, Allahın qəzası (təqdiri) mənasında bir hökm olsaydı, heç kimin Allaha asi (üsyankar) olmaması lazım gələrdi."

• əd-Dahhaq da belə deyir:

"Mushafın yazılışı əsnasında, "vav" ilə "sad" hərfləri bir-birinə qarışaraq: "vəsiyyət etdi." kəliməsi, "hökm etdi." şəklində tasxif (xətt etibarı ilə bir birinə yaxın kəlimələrdə, bənzər hərflərdən birini, digərinin yanına yazmaq) olmuşdur."

Əbu Xatim, ibn Abbasdan, əd-Dahhaq'ın görüşünə bənzər bir söz nəql etməkdədir.

Meymun b. Mihran'ın belə dediyi nəql edilməkdədir:

"Heç şübhəsiz ki, ibn Məsud'un bu görüşü, bir nur və aydınlığa sahibdir. Çünki uca Allah belə buyurmaqdadır:

شَرَعَ لَكُم مِّنَ ٱلدِّينِ مَا وَصَّىٰ بِهِۦ نُوحًا وَٱلَّذِىٓ أَوْحَيْنَآ إِلَيْكَ وَمَا وَصَّيْنَا بِهِۦٓ...

"Allah Nuha tövsiyə etdiyini, sənə vəhy etdiyimizi, İbrahimə, Musaya və İsaya tövsiyə etdiyimizi, sizin üçün də şəriət qıldı..." (Şura/13)

Digər tərəfdən, əbu Xatim, ibn Abbas'ın belə bir sözü söyləmiş olduğunu qəbul etməməkdə və belə deməkdədir:

Biz, bu görüşü qəbul edəcək olarsaq, zindiqlər, əlimizdəki Mushafa dil uzadarlar. Digər tərəfdən də, dilçi alimlərimiz və başqaları da, belə deməkdədirlər:

"Qəza (hökm vermək), lüğətdə bir neçə mənada istifadə edilir:

✓ Biri: "əmr etmək" mənasındadır. Uca Allahın:

وَقَضَىٰ رَبُّكَ أَلَّا تَعْبُدُوٓا۟ إِلَّآ إِيَّاهُ...

"Rəbbin bunları hökm etdi (əmr etdi): Özündən başqasına ibadət etməyin..." (İsra/23)

buyuruğunda, hökm etmək: "əmr vermək" mənasındadır.

✓ Bir digər mənası da: "yaratmaq"dır. Uca Allahın:

فَقَضَىٰهُنَّ سَبْعَ سَمَـٰوَاتٍ فِى يَوْمَيْنِ...

"O, iki gündə onları yeddi göy kimi yaratdı..." (Fussilət/12)

Görüldüyü kimi, burda, "qada" kəliməsi: "xəlq etdi, yaratdı" mənasındadır.

✓ Bir digər mənası da: "hökm etmək, hökm vermək" mənasındadır. Uca Allahın:

...فَٱقْضِ مَآ أَنتَ قَاضٍ ۖ إِنَّمَا تَقْضِى هَـٰذِهِ ٱلْحَيَوٰةَ ٱلدُّنْيَآ

"...İndi nə hökm verəcəksənsə, ver. Sən ancaq bu dünyada hökm verə bilərsən!" (Taha/72)

✓ Yenə bu kəlimə: "işi bitirmək" mənası da, daşıyır. Uca Allahın:

...قُضِىَ ٱلْأَمْرُ ٱلَّذِى فِيهِ تَسْتَفْتِيَانِ

"...haqqında soruşduğunuz iş, olub-bitmişdir." (Yusuf/41) buyuruğunda olduğu kimi.

Uca Allahın:

فَإِذَا قَضَيْتُم مَّنَـٰسِكَكُمْ...

"Həcc mərasiminizi bitirdikdə..." (Bəqərə/200); buyuruğu ilə:

فَإِذَا قُضِيَتِ ٱلصَّلَوٰةُ...

"Namaz bitdiyində..." (Cümə/10) buyuruğu da belədir.

✓ Bu kəlimə: "iradə etmək, diləmək" mənasında da istifadə edilir. Uca Allahın bu buyuruğunda olduğu kimi:

...إِذَا قَضَىٰٓ أَمْرًا فَإِنَّمَا يَقُولُ لَهُۥ كُن فَيَكُونُ

"...O, bir işin olmasını istədikdə ona ancaq “Ol!”– deyir, o da olar." (Al-i İmran/47)

✓ Bu söz: "vəhy" mənasında da istifadə edilir. Uca Allahın:

وَمَا كُنتَ بِجَانِبِ ٱلْغَرْبِىِّ إِذْ قَضَيْنَآ إِلَىٰ مُوسَى ٱلْأَمْرَ...

"Biz, Musaya o işi vəhy etdiyimizdə, Sən (dağın) qərb tərəfində deyildin..." (Qasas/44) buyuruğunda olduğu kimi.

"Qəza" kəliməsinin bütün bu mənalara gəlmə ehtimalı olduğuna görə, masiyyətlərin (günahların), Allahın qəzası (hökmü) ilə olduğunu söyləmək, CAİZ OLMAZ. Çünki əgər bu kəlimə ilə "əmr etmək" qəsd ediləcək olarsa, belə bir şeyin qəbul olunmayacağında, görüş ayrılığı yoxdur. Çünki uca Allah, günahların işlənməsini əmr etmiş deyildir. Çünki O, pislikləri, həyasızlığı əmr etməz."

Zəkəriyyə b. Səllam belə deyir:

Bir nəfər, əl-Həsənə gələrək, xanımını 3 talaq ilə boşadığını söylədi. Ona:

"Sən, həm Rəbbinə asi oldun, həm də xanımın, səndən bain talaq (haşiyə) ilə boş oldu." dedi.

Adam:

"Allah, bunu mənim haqqımda beləcə hökm etmişdir (qəza etmişdir)." deyincə, əl-Həsən ona belə dedi:

"Xeyr. Allah, bunu əmr etməmişdir." deyərək: "Rəbbin, bunları hökm etdi..." (İsra/23) ayətini oxumağa başladı.

(Haşiyə:

Bain talaq: yenidən bir mehr təsbit edərək, nigah kəsmədikcə, ər ilə arvad arasındakı evlilik bağını kəsib onları bir-birindən ayıran və nigahdan doğan qarşılıqlı haqq və vəzifələrə, dərhal son verən boşanmaq növü)

------------------------------------

2. Ana-ataya yaxşı davranmağın əhəmiyyəti:

Şanı uca olan Allah, qullarına, Özünə ibadət edib Özünü birləməyi (tövhidi) əmr etmiş, ana və ataya yaxşılıq etməyi də, bununla bərabər zikr etmişdir. Eynilə Ona şükr etməyi, Öz uca Zatına şükr etməklə bərabər zikr etdiyi kimi.

O (Allah), həm:

وَقَضَىٰ رَبُّكَ أَلَّا تَعْبُدُوٓا۟ إِلَّآ إِيَّاهُ وَبِٱلْوَ‌ٰلِدَيْنِ إِحْسَـٰنًا...

"Rəbbin, bunları hökm etdi: Özündən başqasına ibadət etməyin. Ana və ataya yaxşı davranın." deyə;

Həm də:

...أَنِ ٱشْكُرْ لِى وَلِوَ‌ٰلِدَيْكَ إِلَىَّ ٱلْمَصِيرُ

"Mənə və ata-anana şükr et. Dönüş, yalnız Mənədir." (Loğman/14) deyə buyurmaqdadır.

Buxari'nin "Səhih"ində, Abdullah b. Məsud'dan belə dediyi nəql edilməkdədir:

Allah rəsulu (sallallahu aleyhi və səlləm)'ə:

"Əziz və cəlil olan Allahın ən sevdiyi əməl hansıdır?" deyə soruşdum. O:

"Vaxtında qılınan namazdır." deyə buyurdu.

"Sonra hansıdır?" deyə soruşdum. O:

"Ata-anaya yaxşılıq etməkdir." deyə buyurdu. Mən:

"Sonra hansıdır?" deyə soruşdum. O da:

"Allah yolunda cihaddır." buyurdu.

Beləliklə, Peyğəmbər (sallallahu aleyhi və səlləm), ata-anaya yaxşılıq etməyin, -İslamın ən böyük dirəklərindən biri olan namazdan sonra- əməllərin ən fəzilətlisi olduğunu xəbər verməkdə və bunu, tərtib (sıra) və möhlət mənasını verən "summə: sonra" ilə sıralamaqdadır.

------------------------------------

3. Ata-anaya söyülməsinə səbəbiyyət təşkil etməmək, onlara pis davranmamaq:

• Ana-atanın söyülməsinə səbəb olmamaq;

• Onlara pis davranmamaq,

ana-ataya yaxşılıq etmək və onlarla yaxşı davranmaq çərçivəsi içərisindədir. Çünki bunların əksini etməyin, böyük günahlardan olduğunda, görüş ayrılığı yoxdur. Bu xüsusdakı sabit sünnət də, beləcə varid olmuşdur. Necə ki, Muslim'in "Səhih"ində, Abdullah b. Amr'dan rəvayət edildiyinə görə, Allah rəsulu (sallallahu aleyhi və səlləm), belə buyurmuşdur:

"İnsanın, ana-atasına söyməsi, böyük günahlardandır."

Səhabələrin:

"Ey Allahın rəsulu, hər hansı bir kimsə ata-anasına söyərmi?" deyə soruşmaları üzərinə, O (sallallahu aleyhi və səlləm), belə buyurdu:

"Bəli. Bir başqasının atasına söyər, o da (qarşılıq olaraq) onun atasına söyər. Başqasının anasına söyər, o da onun anasına söyər."

--------------------------------

4. Ata-ananın caiz olan tələblərinə müxalifət etməmək:

Ata-ananın, caiz olan istək və məqsədlərinə müxalifət etmək, ata-anaya pis davranmaq çərçivəsindədir. Necə ki, onların məqsədlərinə uyğun hərəkət etmək də, onlara yaxşılıq etməkdir.

Buna görə, ata-ana, yaxud onlardan hər hansı biri, uşaqlarına, özlərinə itaət edilməsi vacib olan bir işi əmr edəcək olarlarsa və əgər bu əmr, masiyyəti (günahı) gərəkdirmirsə, o əmr olunan xüsus, əsli etibarı ilə, mübah qəbilindən olsa belə, onlara itaət etmək, VACİB olur.

Məndub qəbilindən olması halında da, hal, belədir.

Bəzi kimsələrin qənaətinə görə isə, onların (valideynlərin) mübah əmrləri, uşaq haqqında, o əmrin məndub olmasını gərəkdirir. Məndubu əmr etmələri isə, o əmrin məndubluğundakı təkidi, daha da artırır.

----------------------------

5. Valideynlərin istəklərinə itaətə bir nümunə:

Tirmizi, ibn Ömər (radiyallahu anh)'ın belə dediyini rəvayət edir:

"Nigahım altında sevdiyim bir qadın vardı. Atam (Ömər b. əl-Xattab) isə, ondan xoşlanmazdı. Mənə, onu boşamağımı əmr etdiyi halda, mən bunu qəbul etmədim. Bu halı, Allah rəsulu (sallallahu aleyhi və səlləm)'ə ərz edincə, O, belə buyurdu:

'Ey Ömərin oğlu Abdullah! Xanımını boşa."

Tirmizi belə deyir:

"Bu, həsən-səhih bir hədisdir." (Haşiyə)

(Haşiyə:

Bu hədisi:

• əbu Davud;

• Nəsai; və

• ibn Macə

də rəvayət etmişlərdir.

"Tuhfətu'l-Əhvəzi şərh-i Camii't-Tirmizi" müəllifi Mübarəkfuri, bu hədisin şərhində belə deyir:

"Ata, oğluna, xanımını boşamasını əmr etdiyi zaman, oğlun atasının əmrinə itaətlə, xanımını boşamasının vacib olduğuna, bu hədis, bir dəlildir. Oğulun xanımını sevməsi, onu nigahı altında saxlamasına bir üzr deyildir. Ana da, ata hökmündədir. Çünki ananın haqqının, atanın haqqından çox olduğu, səhih hədislərlə sabitdir."

Tirmizi'nin bu mövzu haqqında rəvayət etdiyi digər hədis belədir:

Bir adam, əbu'd-Dərda (radiyallahu anh)'ın yanına gələrək belə dedi:

"Mənim bir xanımım var. Anam onu boşamağımı əmr edir."

Bunun üzərinə əbu'd-Dərda:

Mən, Allah rəsulu (sallallahu aleyhi və səlləm)'dən eşitdim, belə buyururdu:

"Ata, cənnət qapılarının ən xeyirlisi(ndən girməyə vəsilə)'dir. Artıq istəyirsən bu qapını zay et və ya hifz et (qoru)."

Tirmizi, belə deyir:

"Ravi Süfyan, bu hədisi rəvayət edərkən, adamın xanımını boşamasını əmr edənin onun atası olduğunu söylədiyi kimi, bəzən də onun anası olduğunu söylərdi. Bu hədis, səhihdir."

Bu hədisi, ibn Macə də, "Sünən"ində, Talaq kitabında rəvayət etmişdir. (Bax: hədis no: 2089)

Tuhfətu'l-Əhvəzi müəllifi Mübarəkfuri, bu hədisin izahı bölməsində belə deyir:

"Qadı İyad, bu hədisin açıqlaması haqqında belə deyir:

Yəni cənnətə girməyə və ən uca məqamlarına çatmağa vəsilə olan ən üstün xeyir: ata-anaya itaət və onların hüquqlarına riayət etməkdir."

Qadı'dan başqa bəzi alimlər isə:

"Cənnətin bir çox qapıları vardır. Ən üstünü, ortadakı qapıdır. Bu qapıdan girməyi təmin edən şey, atanın hüququna riayətdir." demişlərdir.

Hədisdəki "ata" təbiri ümumi olub anaya da şamildir. Çünki bu kəlimə, "valid" deyə keçir. "Valid" isə, "doğan" deməkdir. Ata uşağın doğmasına vəsilə olduğu kimi, ana da vəsilədir.

Bu da vardır ki:

Ananın hüququ, atanın hüququndan daha əhəmiyyətlidir.

İbn Atiyyə, ata və anaya itaət üçün bu ümumi hökmü və prinsipi söyləmişdir:

• Mübah işləri etmək və ya etməmək xüsusunda, ata və ananın əmrinə tabe olmaq, vacibdir.

• Məndub və fərz-i kifayələrdə, onlara itaət etmək, müstəhəbdir.

• Övlad, 2 vacib arasında qaldığı vaxt, yenə ata və anasının arzusu olan yönü tərcih edəcəkdir. Belə ki:

Tutaq ki, ana, xəstədir. Oğlunun onun yanında qalıb özünə qulluq etməsini istəyir. İndi:

√ Adam burda qalsa, camaatla namaz qılmağı qaçıracaq və ya namazı, vaxtının sonuna ertələyəcək;

√ Anasının arzusuna tabe olmasa, camaata yetişəcək və ya namazını ilk vaxtında əda edəcəkdir.

Bu halda, ananın yanında qalmağı tərcih etmək gərəkdir.

Lakin ananın əmrini və arzusunu yerinə gətirmək, bir fərzin tərkinə səbəbiyyət verərsə, ona itaət yoxdur. Məsələn, anaya qulluq etdiyi təqdirdə, fərz namazı qəzaya buraxmaq məcburiyyəti doğacaqsa, bu halda, ilk öncə fərz namazı qılacaq və bunu tərcih edəcəkdir.

----------------------------------

Ata və ya ananın əmri üzərinə, övlad, xanımını boşamağa məcburdurmu?

Tirmizinin rəvayət etdiyi bu hədislər, qeydsiz və şərtsiz, valideynin bu əmrinə tabe olmaq məcburiyyətinə dəlalət ETMƏZLƏR. Belə ki:

ibn Ömər (radiyallahu anh), sevdiyi xanımını, atasının istəyi üzərinə, Allah rəsulu (sallallahu aleyhi və səlləm)'in əmri ilə boşamış isə də, bu hadisədən, ümumi hökm çıxarıla BİLMƏZ. Çünki Ömər b. əl-Xattab (radiyallahu anh) kimi bir ata, öz gəlinindən xoşlanmamış və oğlunun onu boşamasını istəmiş isə də, heç şübhə yoxdur ki, bu istək, sırf Allah yolunda bir istəkdir, dünya ilə bağlı bir istək deyildir.

Necə ki, "ət-Tac əl-Cami li'l-Usul" adlı hədis kitabının 5-ci cildinin başlarında yer alan "Birrin növləri" babında rəvayət olunan bu hədisin haşiyəsində:

Ömər (radiyallahu anh)'ın xoşlanmaması üzərinə, oğlu Abdullahın xanımını boşaması üçün Allah rəsulu (sallallahu aleyhi və səlləm)'in əmr verməsi hökmü, Ömər və Onun kimi şəxslərə məxsus bir hökmdür. Çünki Ömərin xoşlanmaması, şübhəsiz ki, Allah üçündür və din cəhətindən xoşlanmamağı gərəkdirən bir səbəbə dayanır. Bunun üçündür ki, Allah rəsulu (sallallahu aleyhi və səlləm), Abdullaha, qadını boşamağı əmr etmişdir.

Belə bir xüsusi hal olmadıqdan sonra, qadını boşamaq xüsusunda, kişi, kimsəyə itaət etməklə mükəlləf deyildir. Ancaq boşamağı gərəkdirən məşru bir səbəb varsa, bu, ayrı bir məsələ olar. Bilindiyi kimi:

"Boşanma, Allah qatında ən çirkin halal şeydir." kimi, səhih hədis vardır, deyilmişdir.

İbn Həcər əl-Heytəmi də, "Zəvacir" adlı kitabının: "Ata və anaya itaət" babında və bu babdan əvvəlki babda, ata və anaya itaətsizliyin ölçüsü haqqında, geniş məlumat vermişdir. Orda icmal olaraq belə deyir:

"Ata və anaya "uquq" deyə ifadə edilən asilik və itaətsizlik: onlara, örf və adətdə bəsit sayılmayacaq dərəcədə əziyyət etmək və incitməkdir. Əziyyət və incitmək mövzusunda mötəbər olan şey, ata və ananın halıdır. Yəni ata və ana, bir şeydən incinərsə, övlad bundan çəkinməlidir. Lakin ata və ananın hər ikisinin və ya birinin ağlı nöqsan olduğu və yaxşı ilə pisi seçə bilmədiyi üçün, övladına bir şeyi əmr edər və ya əngəlləyərsə (qadağan edərsə), buna müxalifət etmək də, örf və adətdə, asilik və itaətsizlik sayılmazsa, övlad, bu halda müxalifət edə bilər və bu müxalifətdən dolayı, fasiq sayılmaz. Çünki məzurdur (üzr sahibidir).

Məsələn:

Adam, xanımını sevir və ondan ayrılmaq istəmir, ata və anası, yaxud ikisindən biri, ondan, xanımını boşamasını istiyirlər. Bu istək, qadının diyanətinin (din tərəfinin) nöqsanlığından belə iləri gəlsə, adam, bu nöqtədə, ata və anasının istəyinə tabe olmağa məcbur DEYİLDİR. İləridə gələcək olan əbu'd-Dərda hədisindən bu hökm çıxarılır. (İbn Macə'nin rəvayət etdiyi, 2089 no-lu hədisi qəsd edir).

Çünki əbu'd-Dərda, sual sahibini sərbəst buraxır, ancaq atanın əmrinə tabe olunub boşanmanın daha yaxşı olduğuna işarət edir. İbn Ömər hədisi də, belə açıqlanır.

Ata və ananın, digər əmr və qadağaları da belədir. Yəni sırf ağıllarının nöqsanlığı və məsələni qavraya bilməmələri səbəbilə, vərəcəkləri əmr və ya qadağa, ağıllı adamlara ərz edildiyi vaxt, bu nöqtədə ata və anaya itaət etməməyi, əziyyət etmək və incitmək saymazlarsa, övlad, o işdə, onlara müxalifət edə bilər."

Bu halda, ata və ananın, övladına, xanımını boşaması üçün verəcəkləri əmrə tabe olmaq zərurəti yoxdur və bu əmri yerinə gətirməməklə, övlad, haram bir iş görmüş sayılmaz.)

Haşiyə burda bitir.

------------------------------

6. Ana ilə atanın haqları arasında bir qarşılaşdırma:

Səhih'in rəvayətinə görə, əbu Hureyrə (radiyallahu anh), belə deyir:

Bir adam, Allah rəsulu (sallallahu aleyhi və səlləm)'in yanına gələrək, belə bir sual verdi:

"Mənim gözəl söhbət və dostluğuma, insanlar arasında ən layiq kimdir?"

- Peyğəmbər (sallallahu aleyhi və səlləm):

"Anandır." deyə buyurdu.

- Adam: "Sonra kimdir?" deyə soruşdu.

- Peyğəmbər (sallallahu aleyhi və səlləm):

"Sonra, yenə anandır." deyə buyurdu.

- Adam:

"Sonra kimdir?" deyə soruşduğunda, Peyğəmbər (sallallahu aleyhi və səlləm):

"Sonra yenə anandır." deyə buyurdu.

- Adam:

"Sonra kimdir?" deyə soruşduğunda, bu səfər, Allah rəsulu (sallallahu aleyhi və səlləm):

"Sonra atandır." deyə buyurdu.

Bu hədis, ananı sevib ona şəfqət göstərməyin, ata sevgisinin 3 misli olması gərəkdiyinə dəlildir. Çünki Peyğəmbər (sallallahu aleyhi və səlləm), ananı 3 dəfə, atanı da dördüncüdə yalnız 1 dəfə bəhs mövzusu etmişdir.

İndi bu xüsus bu şəkildə anlaşıldığı kimi, əsasən, vaqəe də buna şahidlik etməkdədir. Belə ki:

• hamiləliyin və doğmağın çətinliyi;

• süd əmizdirmək; və

• tərbiyə çətinliyi,

yalnızca ananın çəkdiyi çətinliklərdir. Atanın, bu çətinliklərə bir dəxlisi yoxdur. Bu 3 mərhələdə, hər hansı bir qatqısı, mövcud deyildir.

Malikdən rəvayət edildiyinə görə, adamın biri ona belə deyir:

"Mənim atam, Sudan'dadır. Mənə, yanına gəlməyim üçün məktub yazıb. Anam isə, mənim getməyimi əngəlləyir."

İmam Malik:

"Atana itaət et, anana da asi olma." deyə cavab verir.

Malikin bu sözlərindən, onun hər ikisinə də itaət edilməsinin bərabər olduğu qənaətinə sahib olduğu anlaşılmaqdadır.

Leys b. Sa'd'a da, bu məsələ haqqında soruşulduğunda, o da, anaya itaəti əmr etmiş və ananın, valideynə göstəriləcək itaət və yaxşı davranışın 2/3 miqdara sahib olduğunu iləri sürmüşdür.

Əbu Hureyrənin rəvayət etdiyi hədis isə, ananın, valideynə (ata və anaya) göstərilməsi lazım olan itaətin və yaxşılığın 3/4-nə sahib olduğuna dəlildir və bu mövzuda, müxalif qənaətə sahib olanlara qarşı da, bir dəlildir.

əl-Muhasibi, "Kitabu'r-Riayə"də,

-valideynə göstərilməsi lazım olan yaxşılıq və itaətin 3/4-nün ananın haqqı, 1/4-nin də atanın haqqı olduğu xüsusunda-,

elm adamları arasında heç bir görüş ayrılığı olmadığını, iddia etməkdədir.

Bu, əbu Hureyrə (radiyallahu anh) yolu ilə rəvayət edilən hədisin muqtəzasına (gərəyinə) görə iləri sürülmüş bir görüşdür.

Ən doğrusunu, Allah bilir.

------------------------------------

7. Ata və ana kafirdirlərsə:

Ata və anaya yaxşı davranmaq, (sadəcə) müsəlman olmaları halına məxsus deyildir. Əksinə, ata və ana kafir olsalar, əgər onların zimmət və bənzəri əhdləri də varsa, onlara qarşı yaxşı davranar. Uca Allah belə buyurmaqdadır:

لَّا يَنْهَىٰكُمُ ٱللَّهُ عَنِ ٱلَّذِينَ لَمْ يُقَـٰتِلُوكُمْ فِى ٱلدِّينِ وَلَمْ يُخْرِجُوكُم مِّن دِيَـٰرِكُمْ أَن تَبَرُّوهُمْ وَتُقْسِطُوٓا۟ إِلَيْهِمْ ۚ إِنَّ ٱللَّهَ يُحِبُّ ٱلْمُقْسِطِينَ

"Allah din uğrunda sizinlə vuruşmayan və sizi öz diyarınızdan qovub çıxartmayan kimsələrə yaxşılıq etmənizi və onlarla insafla davranmanızı sizə qadağan etmir. Şübhəsiz ki, Allah insaflı olanları sevir." (Mumtəhinə/8)

Buxari'nin "Səhih"ində də, Əsma (radiyallahu anha)'dan belə dediyi nəql edilməkdədir:

Qureyşlilər, Peyğəmbər (sallallahu aleyhi və səlləm) ilə razılaşma əldə etdikləri vaxt, barış müddəti içərisində olduğumuz vaxt, anam, atası ilə birlikdə, müşrik olduğu halda, yanıma gəldi. Mən, Allah rəsulu (sallallahu aleyhi və səlləm)'ə bu halı ərz edib belə dedim:

"Anam, mənim ona yaxşılıq etməyim ümidi ilə yanıma gəldi. Ona yaxşılıq edimmi?"

O:

"Bəli. Ona yaxşılıq et." deyə buyurdu.

-----------------------------------

8. Cihad üçün ata-ananın icazəsi:

Ata-anaya yaxşılıq etmək, onlara qarşı yaxşı davranmağın əhatə dairəsində -əgər cihad, fərz-i ayn deyilsə- onların icazəsini almadan cihad etməmək də vardır.

(Haşiyə:

Fərz-i ayn: hər mükəlləf müsəlmanın yerinə gətirməsi lazım olan fərz)

Səhih'də, Abdullah b. Amr'ın belə dediyi rəvayət edilməkdədir:

"Bir adam, Allah Rəsulu (sallallahu aleyhi və səlləm)'in yanına gələrək, cihad etmək üçün icazə istədi. Allah Rəsulu (sallallahu aleyhi və səlləm):

'Anan, atan həyatdadır mı?' diyə soruşdu. O:

'Bəli.' deyincə, Allah Rəsulu (sallallahu aleyhi və səlləm):

'Sən onlar haqqında (onlara yaxşılıq etmək surətilə) cihad et.' diyə buyurdu."

Bu ləfz, Muslim'ə aiddir.

Səhih'in xaricindəki hədis kitablarında da belə deməktədir:

'Bəli. Və mən onları ağlayan bir halda ikən buraxıb gəldim.'

Allah Rəsulu (sallallahu aleyhi və səlləm):

'Get və onları ağlatdığın kimi güldür.'

Buxari, bu hədisi "Birru'l-valideyn" (ata-anaya yaxşı davranmaq) bölməsində bu ləfzlərlə zikr etməkdədir:

Bizə Əbu Nuaym xəbər verdi. Bizə Sufyan, Ata b. əs-Saib'dən xəbər verdi. O, atasından, o, Abdullah b. Amr'dan dedi ki:

"Bir adam, Allah Rəsulu (sallallahu aleyhi və səlləm)'ə hicrət etmək üzərə beyət etməyə gəldi. Ancaq bu sırada, ata-anasını ağlayan bir halda ikən buraxıb gəlmişdi. Allah Rəsulu (sallallahu aleyhi və səlləm):

"Onların yanlarına qayıt və ağlatdığın kimi güldür."

İbnu'l-Munzir belə deyir:

"Bu hədis, nəfir (fərz-i ayn olan səfərbərlik çağırışı) baş vermədiyi müddətcə, ana-atanın icazəsi olmadan, cihada çıxmağın qadağanlığını ehtiva etməkdədir.

Əgər nəfir bəhs mövzusu olarsa, o təqdirdə zatən hər kəsin cihada çıxması vacib olur.

Bu xüsus, əbu Qatadə yoluyla gələn hədisdə kifayət qədər açıqdır.

Allah Rəsulu (sallallahu aleyhi və səlləm) komandirlər ordusunu (Mutə ordusunu) göndərdi...

Bu arada, Əbu Qatadə yoluyla gələn hədis, Zeyd b. Harisə, Cəfər b. əbi Talib və ibn Revaha'nın başından keçənləri bəhs etməklə birlikdə, Allah Rəsulu (sallallahu aleyhi və səlləm)'in münadisinin (nidaçı, səsləyicisinin) bundan sonra:

"Topluca namaza gəlin!" diyə nida etməsi üzərinə, hər kəsin toplandığını da bəhs mövzusu edir.

Bunun üzərinə, Allah Rəsulu (sallallahu aleyhi və səlləm), Allaha həmd və səna etdikdən sonra belə buyurdu:

"Ey insanlar! Çıxın, qardaşlarınızın yardımına tələsin. Heç kimsə də, geridə qalmasın."

Bunun üzərinə, olduqca isti bir gündə, insanlar piyada və minik üzərində olaraq döyüşə qatılmaq üzərə yola çıxdılar.

Allah Rəsulu (sallallahu aleyhi və səlləm)'in:

"Qardaşlarınıza kömək etmək üzərə çıxın." diyə buyurması, cihaddan geri qalmaq xüsusunda üzrlü görülə bilmənin nəfir (ümumi səfərbərlik) çağırışı bəhs mövzusu olmadığı hallarda olacağına dəlildir.

Digər tərəfdən də, Allah Rəsulu (sallallahu aleyhi və səlləm)'in:

"Amma sizdən hamınız birlikdə döyüşə çıxmağınız istənilərsə, hamınız birlikdə döyüşə çıxın." hədisi də, bununla birlikdə eyni həqiqəti dilə gətirməkdədir.

Mən (Qurtubi) isə, deyirəm ki:

Bu hədislərdə, buna da dəlil vardır:

"Fərzlər, yaxud məndublar, əgər bir arada mövcud olacaq olarsa, bunlar arasından daha əhəmiyyətli olana daha çox əhəmiyyət verilər."

Bu mənadakı açıqlamalara, əl-Muhasibi (rahiməhullah) "Kitabu'r-Riayə" adlı əsərində kifayət qədər açıqlama gətirmişdir.

-----------------------------

9. Cihada çıxmaq üçün müşrik ata-ananın icazəsi alınmalıdır mı?

Müsəlmanın qatılacağı cihad, fərz-i kifayədirsə, cihada qatılmaq üçün müşrik ata-anasının icazəsini alıb-almayacağı xüsusunda, elm adamları, fərqli görüşlərə sahibdirlər.

• Süfyan əs-Sevri, onların icazəsini alınmadan döyüşə gedilməz, demişdir.

• Şafi isə, (müşrik) valideynlərin icazəsi alınmadan döyüşə gedilə biləcəyini söyləmişdir.

• ibnu'l-Munzir isə, belə deyir:

"Babalar da, atalar kimi, nənələr də, analar kimidir. O cəhətdən, insan yenə onların icazəsini almadan döyüşə çıxa bilməz.

Mən, onlar xaricində, qardaşlar və s. əqrəbaların da icazəsini almağı gərəkdirən hər hansı bir dəlil bilmirəm.

Amma Tavus (rahmətullahi aleyh), bacıların ehtiyacını qarşılamağın, Allah yolunda cihaddan daha fəzilətli olduğu görüşündə idi."

----------------------------------

10. Ata və ananın sevdikləri kimsələrlə əlaqələri (qoruyub) saxlamaq:

Bu da, ata və anaya yaxşılığı etməyi tamamlayıcı ünsürlərdəndir. Çünki "Səhih"də, ibn Ömər (radiyallahu anh)'dan belə dediyi nəql edilməkdədir:

Mən, Allah rəsulu (sallallahu aleyhi və səlləm)'i belə buyurarkən eşitdim:

"Heç şübhəsiz, bir kimsənin, atasının sevdiyi kimsələrlə, atasının vəfatından sonra əlaqələri (qoruyub) saxlamaq da, ona (ataya) qarşı yaxşı davranmağın ən iləri dərəcəsidir."

Əbu Useyd -ki, Bədr döyüşünə qatılmış səhabələrdəndir- belə deməkdədir:

Allah rəsulu (sallallahu aleyhi və səlləm)'lə bərabər oturmuşdum. Ona, Ənsar'dan bir adam gəldi və belə dedi:

"Ey Allahın rəsulu! Anam və atamın vəfat etməsindən sonra, mənim onlara qarşı yaxşı davranışım olaraq sayılacaq və edə biləcəyim bir yaxşılıq qaldımı?"

Peyğəmbər (sallallahu aleyhi və səlləm) belə buyurdu:

"Bəli. Onlara dua edərsən, onlara məğfirət (bağışlanma) diləyərsən. Onlardan sonra, onların verdikləri sözü yerinə yetirərsən, dostlarına da ehsan edərsən. Ancaq onlar vasitəsilə mövcud olan qohum-əqrəbalıq bağlarına da riayət edərsən. Bax geriyə sənin üzərinə qalanlar, bunlardır."

Allah rəsulu (sallallahu aleyhi və səlləm) də, Xədicə (radiyallahu anha)'ya qarşı yaxşı davranmaq, ona vəfa göstərmək qəsdilə, -xanımı olduğu halda- xanımının dostlarına hədiyyə göndərərdi. Elə isə, ata-ana haqqında nə düşünülə bilər?!

-------------------------

11. Ata-ananın, uşağı yanında yaşlanması halı:

Uca Allah:

"...əgər onlardan biri və ya hər ikisi, sənin yanında qocalıq yaşına dolarsa..."

buyuruğu ilə, xüsusilə onların yaşlanma hallarını bəhs mövzusu etmişdir. Çünki bu, zəiflikləri və yaşlılıqları dolayısı ilə, hallarında meydana gələn dəyişiklikdən ötürü, ana-atanın, övladlarının yaxşılıqlarına daha çox möhtac olduqları bir haldır. Uca Allah, belə bir halda, onların hallarına gərəkli olan riayəti və həssaslığı, daha əvvəl əmr etmiş olduğu dərəcədən daha iləri səviyyələrdə əmr etməkdədir. Çünki belə bir halda, ana-atanın uşaqlarının baxımına ehtiyacı, uşağın kiçikliyində onların baxımına duyduğu ehtiyaca bənzəyir. Bu cəhətdən, uca Allah, bu buyuruqda, xüsusilə bu halı bəhs mövzusu etmişdir.

Eyni şəkildə, insanın uzun müddət belə qalması, sanki onun bu halı istisqal etməyinə (öz üzərinə ağır görməyinə) səbəb olur, insanı bezdirir və sıxıntısı çoxca artır. Ana-atasına qarşı qəzəbi su üzünə çıxır, onlara qarşı qəzəblənir, övladları olmasına rəğmən və dinə bağlılığının azlığından dolayı, onlara qarşı pis davranmağa qalxır. İnsanın, (bu haldan) xoşlanmamağının ən minimal həddi isə, sıxıntıdan dolayı təkrarladığı ah-of etməsidir.

Uca Allah isə, onlara yumşaq sözlər söyləməyi və onlara qarşı eləcə qarşılıq verməyi, bu sözünün də, hər cür qüsurdan bəri olmasını əmr edərək:

"...onlara: "Uf!" belə demə. Onları azarlama. Onlara xoş söz söylə!" deyə buyurmaqdadır.

Muslim, əbu Hureyrə (radiyallahu anh)'dan belə dediyini rəvayət edir:

Allah rəsulu (sallallahu aleyhi və səlləm), belə buyurur:

"Burnu yerə sürtülsün, burnu yerə sürtülsün, burnu yerə sürtülsün."

Səhabələr:

"Kimin, ey Allahın rəsulu?" deyə soruşduqlarında, O da belə buyurdu:

"Yaşlılıq hallarında, valideynlərindən biri, yaxud ikisi yanında olub buna rəğmən cənnətə girə bilməyən şəxsin."

Buxari də, "Ata anaya yaxşılıq" bəhsində, belə deməkdədir:

Əbu Hureyrə (radiyallahu anh)'dan rəvayət edildiyinə görə, Allah rəsulu (sallallahu aleyhi və səlləm) belə buyurmuşdur:

Yanında adım anıldığı halda, Mənə salat və salam gətirməyən adamın burnu yerə sürtülsün, ana-atası yaxud onlardan biri yaşlılıq halına çatıb onlar vəsiləsilə cənnətə girməyən şəxsin də burnu yerə sürtülsün. Ramazana çatıb sonra məğfirət olunmadığı halda Ramazan ayını bitirən şəxsin burnu yerə sürtülsün.

O halda, xoşbəxt o kimsədir ki, ana-ataya yaxşılıq etmək fürsətini qənimət bilərək, bu mövzuda tez tərpənir, beləliklə, onların ölümündən sonra fürsəti əlindən qaçırmamağa çalışır.

Bədbəxt o kimsədir ki, onlara qarşı pis davranır, xüsusilə də, onlara yaxşılıq etmək əmri bu şəxsə çatmışdırsa...

------------------------

12. Ana-ataya səbrin (dözməyin) ölçüsü:

"Onlara: 'uf' belə demə..."

Yəni onlara bir sıxıntı ifadə edəcək ən kiçik bir söz belə söyləmə.

• Əbu Rəca əl-Utaridi'dən belə dediyi nəql edilməkdədir:

"Uf: bayağı, bəsit və gizli söylənən sözdür."

• Mücahid belə deyir:

"Yəni sən, yaşlı olandan, kiçik ikən səndən gördükləri kiçik və böyük nəcasətlərini görəcək olsan belə, bunları tiksindirici görüb uf belə demə."

Ancaq ayət, bundan daha ümumidir. Uf ilə tuf, əslində dırnaq kirləridir. Bu şəkildə, tiksinti verən və istisqal olunan hər bir şeyə, 'uf ona' deyilir.

• əl-Əzhəri belə deyir:

"Tuf, eyni zamanda, əhəmiyyətsiz və bəsit şey deməkdir."

• əbu Bəkr isə, belə deyir:

"Bu, alınan qoxudan tiksinildiyini ifadə edir."

• əl-Kutəbi deyir:

"Bu kəlimənin əsli, sənin üzərinə düşən kül, torpaq və buna bənzər şeyləri lifləməkdən; və yenə bir yerdə oturmaq istəyərkən, orda narahatlıq verən şeyləri ortadan qaldırmaq qəsdilə uflamaqdan gəlməkdədir. Bu cəhətdən, bu kəlimə, ağır qarşılanan hər şey üçün söylənilir."

• əl-Əsmai'nin görüşü belədir:

"Uf, qulaq kiri; tuf isə, dırnaq kiridir. Bu kəlimə, çoxca istifadə edilərək, ən nəhayət, narahatlıq verən hər bir şey haqqında istifadə edilməyə başlanılmışdır."

Əli b. əbi Talib (radiyallahu anh)'dan belə dediyi rəvayət edilməkdədir:

Allah rəsulu (sallallahu aleyhi və səlləm) belə buyurmuşdur:

"Əgər uca Allah, ana-ataya pis davranmaq xüsusunda 'uf'dan daha bayağı bir şey olsaydı, əlbəttə ki, onu da zikr edərdi. Bu cəhətdən, yaxşı davranan şəxs, istədiyi kimi etsin. O, əsla cəhənnəmə girməyəcəkdir. Ana-atasına pis davranan şəxs də, istədiyi şəkildə əməl etsin. O, əsla cənnətə girməyəcəkdir."

Elm adamlarımız belə deyirlər:

Ana-ataya 'uf' deməyin ən pis bir şey olması:

• onları rədd və inkar etməyin nemətə qarşı nankorluq olmasından;

• tərbiyəni rədd etmək; və

• uca Allahın Qurandakı tövsiyyəsini qəbul etməmək olmasından

dolayıdır.

Uf kəliməsi, rədd edilən, qəbul olunmayan hər şeyə qarşı söylənilən bir sözdür. Bundan dolayı, İbrahim (əleyhissəlam), Öz qövmünə:

أُفٍّ لَّكُمْ وَلِمَا تَعْبُدُونَ مِن دُونِ ٱللَّهِ...

"Uf (tfu) sizə və sizin Allahdan başqa ibadət etdiklərinizə..." (Ənbiya/67)

Yəni, həm sizi qəbul etməyib rədd edirəm, həm də sizinlə birlikdəki bu bütləri, demişdir.

-----------------------------------

13. Ata-ananı azarlamamaq:

Uca Allahın:

"...onları azarlama..." buyuruğundakı "azar" kəliməsi: "şiddətlə rədd etmək" "kobud davranmaq" deməkdir.

"...Onlara gözəl (xoş) söz söylə."

Yəni: "yumşaq və incə sözlər söylə", deməkdir. "Atacan, anacan" deyib, onları adları ilə zikr etməyərək, künyələrilə onları çağırmamaq kimi.

Bu açıqlamanı, Ata vermişdir.

• İbn Bəddah ət-Tucibi də belə deyir:

Mən, Səid b. əl-Müsəyyəb'ə belə dedim:

"Quranda yer alan ana-ataya yaxşılıq ilə bağlı hər bir xüsusun nə mənaya gəldiyini bilirəm. Bundan tək istisna, uca Allahın:

"Onlara gözəl (xoş) söz söylə..." buyuruğudur. Bu qövlün mahiyyəti nədir?" deyə soruşdum.

İbn Müsəyyəb belə dedi:

"Bu, ağıllı bir nökərin, kobud ağasına qarşı söyləyəcəyi sözlər deməkdir."

---------------------------------------

14. Ata-anaya qarşı şəfqət və mərhəmət:

Uca Allahın:

"Mərhəmətindən dolayı, onlara alçaq könüllülük qanadını endir..." buyuruğu, onlara qarşı duyulacaq şəfqət və mərhəməti, onlara qarşı göstəriləcək alçaq könüllülüyü bildirmək üçün istifadə edilən istiarədir (haşiyə).

------------------------------

(Haşiyə:

İstiarə: bir kəlimənin mənasını, müvəqqəti olaraq, başqa mənada istifadə etmək; və ya hər hansı bir varlığa, ya da məfhuma, əsl adını deyil, bənzədiyi başqa bir varlığın adını vermə sənətinə deyilir. Məsələn, cəsur və qüvvətli bir insana, "aslan"; hiyləgər kimsəyə "tülkü" demək kimi.)

------------------------------

Onlar qarşı göstəriləcək alçaq könüllülük, eynilə, idarə edilənlərin öz əmirlərinə, idarə edənlərinə; nökərlərin də ağalarına göstərdikləri kimi olmalıdır. Necə ki, Səid b. əl-Müsəyyəb də, buna işarət etməkdədir.

Uca Allah, burda, qanadın yuxarı doğru qaldırılıb aşağı doğru alçalmasını: quşun, öz balası üçün qanadını qaldırmasına misal olaraq verməkdədir.

Ayətdəki "ٱلذُّلِّ" (zul): yumşaqlıq, deməkdir.

Cumhur, bunu, "zəl" hərfini, ötrəli olaraq (haşiyə) oxumuşlardır və buna görə, bu kəlimə: "yumşaldı, yumşalar" kökündən gəlməkdədir. "Zillət, məzəllət" kimi kəlimələr də, burdan gəldiyi kimi, bu özəllikdə olana da verilir.

-------------------------------

(Haşiyə:

Quran hərfləri içərisində, səsli hərflər yoxdur. Onun üçün, bu hərflərin oxunuşunu, ancaq hərəkələr və bəzi xüsusi işarətlər təmin edir. Hərəkələr, 3 növdür. Bunlar:

• üstün;

• ötrə; və

• əsrə

deyərək adlandırılırlar. Quran hərflərində, Azərbaycan dilindəki (a,e,i,u,ü) səsli hərflərin yerini, üstün, əsrə, ötrə hərəkələri alır. Bu hərəkələr, hərfi, Azərbaycan dilindəki kimi qısa oxudurlar.)

------------------------------

Səid b. Cubeyr, ibn Abbas və Urvə b. əz-Zubeyr isə, "zili" şəklində, "zəl" hərfini əsrəli oxumuşlardır. Bu qiraət, Asim'dən də rəvayət edilmişdir ki:

"asanlıqla minilə bilən, idarə oluna bilən və bu vəsfi açıqca ortada olan minik" ifadəsindən alınmadır. Bu təbir, çəkilməsi, istənilən tərəfə götürülməsi asan olan heyvanlar, miniklər haqqında istifadə edilir.

Bu ayətin hökmü gərəyincə, insanın ata və anasına qarşı sözlərində, davranışlarında, onlara baxışında, alçaq könüllü olması lazımdır. Onlara, sərt və kəskin nəzərlə baxmamalıdır. Çünki belə bir baxış tərzi, onlara qəzəb edənin baxışıdır.

-------------------------------------

15. Ana-ataya mərhəmət:

Bu ayətdə xitab, Allah rəsulu (sallallahu aleyhi və səlləm)'ə olmaqla birlikdə, məqsəd: Onun ümmətidir. Çünki o dövrdə, Allah rəsulu (sallallahu aleyhi və səlləm)'in ata-anası yox idi.

Digər tərəfdən, uca Allahın:

وَٱخْفِضْ جَنَاحَكَ لِمَنِ ٱتَّبَعَكَ مِنَ ٱلْمُؤْمِنِينَ

"Sənə tabe olan möminlərə də, qanadını endir." (Şuəra/215) buyuruğunda isə, "alçaq könüllülük" ifadəsi, zikr edilməməkdədir.

Bu ayətdə zikr edilməsinin səbəbi isə, haqqın böyüklüyü və təkid edilməsidir.

"...mərhəmətindən dolayı..." buyuruğundakı, "مِنَ" (dan, dən) ədatı: cinsi bəyan etmək üçündür. Yəni:

Alçaq könüllülük qanadının endirilməsi, insanın ruhunda özünə yer etmiş olan mərhəmətdən dolayı olmalıdır. Yoxsa belə bir şey (mərhəmət), izhar edilsin deyə olmamalıdır. Qayənin son nöqtəsini ifadə etmək üçün olması da, mümkündür.

Daha sonra, uca Allah, qullarına, atalarına, analarına rəhmət oxumalarını, onlara dua etmələrini əmr etməkdədir. Onlar sənə necə mərhəmət etdilərsə, sən də onlara eləcə mərhəmət etməlisən. Onlar sənə necə şəfqətlə davrandılarsa, sən də onlara eləcə şəfqətli davranmalısan. Çünki sən, kiçik ikən, bir şey bilməz ikən və ehtiyac içində ikən, səni qorudular, səni tərcih etdilər, gecələrini yuxusuz keçirdilər. Özləri ac qaldılar, səni doyurdular, çılpaq qaldılar, səni geyindirdilər. Bu cəhətdən, sənin onlara, etdiklərinin qarşılığını verə bilməyin, ancaq (sənin) uşaqlıqdakı halına, onlar böyüklüklərində çatdıqları təqdirdə mümkün ola bilər və onların (vaxtilə) sənə etdiklərini, sən də onlara edə bilərsən.

-----------------------------------------

16. Ata-anaya məğfirət diləmək:

Uca Allahın:

"Rəbbim, onlar məni körpəliyimdə necə tərbiyə etdilərsə..." buyuruğunda, xüsusilə tərbiyə etmələrinin bəhs mövzusu edilməsi:

• Qulun, ata-anasının şəfqətini, onu tərbiyə edərlərkən yorğunluqlarını xatırlasın;

• Bu, onun, ata-anasına qarşı şəfqət və bağlılığını bir az da artırsın,

deyədir.

Bütün bunlar, mömin olan ata-ana haqqındadır.

Quran-i Kərim isə, əvvəldən də keçdiyi üzərə (Tövbə surəsi 113-cü ayət, 2-ci başlıq və davamında), ölmüş müşriklərə, ən yaxın qohum-əqrəbalardan olsalar belə, məğfirət diləməyi qadağan etməkdədir.

İbn Abbas və Qatadə'dən isə, bütün bunların:

مَا كَانَ لِلنَّبِىِّ وَٱلَّذِينَ ءَامَنُوٓا۟ أَن يَسْتَغْفِرُوا۟ لِلْمُشْرِكِينَ وَلَوْ كَانُوٓا۟ أُو۟لِى قُرْبَىٰ مِنۢ بَعْدِ مَا تَبَيَّنَ لَهُمْ أَنَّهُمْ أَصْحَـٰبُ ٱلْجَحِيمِ

"Müşriklərin Cəhənnəm sakinləri olduqları onlara bəlli olduqdan sonra, qohum olsalar belə, Peyğəmbərə və möminlərə onlar üçün bağışlanma diləmək yaraşmaz." (Tövbə/113) buyuruğu ilə, bütün bunlar nəsx edilmişdir.

Buna görə, müsəlman bir kimsənin ana-atası əgər zimmi isələr, Allah burda ona necə əmr edibsə, elə davranar. Ancaq küfr üzərə öldükdən sonra, onlara Allahdan rəhmət diləyə bilməz. Çünki bəhsi keçən ayət ilə, yalnızca bu nəsx edilmişdir.

Belə də deyilmişdir:

"Bu buyuruq, nəsxə mövzu olacaq bir yer deyildir. Çünki -əvvəldən də keçdiyi kimi- burda bəhs mövzusu edilən, həyatda qaldıqları müddətcə, müşrik ana və ataya, dünyada rəhmət ilə dua etməkdir. Tövbə surəsindəki ayətin ümumi ifadəsi, digəri ilə təxsis edilmişdir və axirət üçün rəhmət qəsd edilməmişdir."

Xüsusilə də, uca Allahın:

"Rəbbim...Sən də onlara elə mərhəmət et." buyruğunun, Sa'd b. əbi Vaqqas (radiyallahu anh) haqqında endiyi də söylənilmişdir. Çünki o, İslama girdikdən sonra, anası da özünü libassız bir vəziyətdə, gün altında qızmar daşlar üzərinə atmışdı. Bu hadisə, Sa'd'a bildirilincə, o da:

"Ölərsə ölsün." demişdi. Bunun üzərinə bu ayət endi.

Ayətin, müsəlman olan ata-anaya dua etmək haqqında xüsusi olduğu da söylənmişdir.

Əvvəldən də bildirdiyimiz kimi, doğru olan, ayətin ümum (yəni kafir və ya mömin bütün valideynlər) ifadə etməsidir.

İbn Abbas (radiyallahu anh) da belə demişdir:

Nəbi (sallallahu aleyhi və səlləm) belə buyurmuşdur:

"Kim ata-anasını razı edərək gecələyər və eləcə sabahlayarsa, o, cənnətə açılmış 2 qapısı olduğu halda gecələmiş və sabahlamış olar. Əgər onlardan yalnız birini razı etmişsə, bir qapısı olar. Kim də, ata-anasını qəzəbləndirərək gecələmiş və sabahlamış olarsa, o da, cəhhənəm atəşinə gedən açıq 2 qapısı olaraq gecələmiş və sabahlamış olar. Onlardan birini qəzəbləndirmişsə, bir qapısı olar."

Bir adam:

"Ey Allahın rəsulu! Ana-atası ona zülm edərsə dəmi?" deyə soruşunca, Allah rəsulu (sallallahu aleyhi və səlləm) belə buyurdu:

"Ana-atası zülm etsə belə, ana-atası zülm etsə belə, ana-atası ona zülm etsə belə."

Biz, Cabir b. Abdullah (radiyallahu anh)'dan muttasil (bitişik, qopuq olmayan) isnad ilə, belə dediyini rəvayət edirik:

Bir adam, Allah rəsulu (sallallahu aleyhi və səlləm)'in yanına gəlib belə dedi:

"Ey Allahın rəsulu! Atam, mənim malımı aldı."

Peyğəmbər (sallallahu aleyhi və səlləm):

"Atanı mənə gətir." buyurdu.

Cibril (əleyhissəlam), Peyğəmbərə enərək belə dedi:

"Əziz və Cəlil olan Allah, Sənə salam söyləyir və Sənə, belə buyurur:

'O yaşlı adam yanına gələcək olarsa, Sən ona, qulaqlarının eşitmədiyi, taqət içərisində söyləmiş olduğu bir şeyi soruş."

Yaşlı adam gəlincə, Allah rəsulu (sallallahu aleyhi və səlləm):

"Niyə sənin oğlun səni şikayət edir? Sən, onun malını almaqmı istəyirsən?"

Yaşlı adam:

"Ondan soruş, ey Allahın rəsulu! Mən, ondan istədiyim malı, ya xalalarından birinə, ya bibilərindən birinə, ya özümə xərcləyə bilməyəcəmmi?"

Bunun üzərinə, Allah rəsulu (sallallahu aleyhi və səlləm) belə buyurdu:

"Yaxşı, gəl sən, bunları bir kənara qoy və qulaqların eşitmədiyi, taqət içərisində söylədiyin bir şeyi Mənə xəbər ver."

Yaşlı adam belə dedi:

"Allaha and olsun, ey Allahın rəsulu! Uca Allah, Sənə olan qəti imanımızı artırmaqdadır. Mən, həqiqətən içimdə bir şey söylədim, ancaq qulaqlarım hələ onu eşitmiş deyildir."

Allah rəsulu (sallallahu aleyhi və səlləm)

"Yaxşı, söylə, Mən də dinləyim." deyə buyurunca, adam (bu beytləri) söylədi:

"Yeni doğmuş bir uşaq ikən, səni bəslədim,

Gənc ikən də sənin ehtiyaclarını qarşıladım.

Sənin üçün qazandıqlarımdan ard-arda sən içməyə davam etdin,

Əgər bir gecə, xəstəliyilə qonağın olsa,

Mənim gecəm, sənin o xəstəliyin dolayısı ilə, ancaq yuxusuz keçər və yerimdə rahat otura bilmərəm.

Sanki sənə isabət edən, səndən əvvəl mənə isabət etmiş, ona görə göz yaşlarım durmadan axırdı.

Sənin həlak olmağından qorxurdum və şübhəsiz ki, mən,

Ölüm vaxtının təyin edilmiş olduğunu da bilməkdəyəm.

Nəhayət, səndən bir şey umduğum bu yaşımda,

Mənə verdiyin qarşılıq, bir sərtlik və qabalıq oldu.

Sanki nemətlər verib lütf edən sən imişsən kimi.

Ah! Kaş ki, mənim atalıq haqqıma riayət etməsən belə,

Heç olmazsa, yaxın qonşunun etdiyini edə biləydin.

Və mənə qonşuluq haqqını verib sənin olmayan bir maldan,

Mənə qarşı paxıllıq etməsəydin."

Bunun üzərinə, Allah rəsulu (sallallahu aleyhi və səlləm), oğulun yaxasından tutub belə buyurdu:

"Sən də, sənin malın da, Mənə aiddir."

Taberani belə deyir:

əl-Lahmi, bu hədisi, ibnu'l-Munkədir'dən bu şəkildə tam olaraq; və şeir ilə birlikdə yalnızca bu sənəd ilə rəvayət etməkdədir.

Bunu da, Ubeydullah b. Halasa, münfərid olaraq rəvayət etmişdir.

Ən doğrusunu, Allah bilir.

(Qurtubi, "əl-Cami li Ahkami'l-Quran", İsra/23-24 təfsiri)

Read 34 times
In order to make a comment, please login or register