İsra surəsi 45-46-cı ayələrin təfsiri

قَرَأْتَ ٱلْقُرْءَانَ جَعَلْنَا بَيْنَكَ وَبَيْنَ ٱلَّذِينَ لَا يُؤْمِنُونَ بِٱلْءَاخِرَةِ حِجَابًا مَّسْتُورًا • وَجَعَلْنَا عَلَىٰ قُلُوبِهِمْ أَكِنَّةً أَن يَفْقَهُوهُ وَفِىٓ ءَاذَانِهِمْ وَقْرًا ۚ وَإِذَا ذَكَرْتَ رَبَّكَ فِى ٱلْقُرْءَانِ وَحْدَهُۥ وَلَّوْا۟ عَلَىٰٓ أَدْبَـٰرِهِمْ نُفُورًا

"Sən Quran oxuduğun zaman, Səninlə Axirətə inanmayanların arasına, gizli bir pərdə çəkdik. Quranı anlamasınlar deyə, Biz, onların qəlbinə örtüklər çəkdik, qulaqlarına da tıxac vurduq. Sən, Quranda, Rəbbinin Tək Allah olduğunu yada saldığın zaman, onlar, bu dəvətə nifrət edərək, arxalarını çevirib gedərlər." (İsra/45-46)

-------------------------------

Təfsiri:

"Sən Quran oxuduğun zaman, Səninlə Axirətə inanmayanların arasına, gözəgörünməz pərdə çəkdik."

Bəziləri, belə demişlərdir:

Kafirlər, Allah rəsulu (sallallahu aleyhi və səlləm)'in, insanlara risalətini təbliğ etməsinə və Özünə endirilən Quran ayələrini oxumasına əngəl olurlardı. Halbuki O, risalətini təbliğ etməklə əmr olunmuşdu. Bu səbəblə, uca Allah, bu ayəni endirərək, Özü ilə axirətə inanmayanlar arasına gizli bir pərdə çəkdiğini və Allah rəsulu (sallallahu aleyhi və səlləm)'ə, o pərdə səbəbilə təbliğ etmə imkanı verdiyini xəbər vermişdir.

Sonra, bu pərdə haqqında, fərqli görüşlər iləri sürülmüşdür. (Belə ki):

~ Bəziləri, belə demişlərdir:

Allah, onların qəlblərinə, qorxu və ürpərti qoyar; elə ki, bunu əngəlləməyə gücləri çatmaz.

~ Belə deyənlər də vardır:

Onları, Allah rəsulu (sallallahu aleyhi və səlləm)'i görməyəcək; lakin oxuyuşunu və tilavətini eşidəcək mövqeyə gətirər; beləcə, Ona əziyyət etmək və Özünə zərər vermək gücünə sahib olmazlar. Onlara, belə təbliğ etmiş olar.

Burda bəhsi keçən pərdənin, "başa düşmə pərdəsi" olması da, mümkündür. Çünki onlar, Allah rəsulu (sallallahu aleyhi və səlləm)'ə, istehzalı və kiçik düşürücü bir nəzərlə baxırlardı. Bu səbəblə, Qurandakı mənaları başa düşmələri, əngəlləndi. Eynilə bu ayədə olduğu kimi:

"Haqsız olaraq yer üzündə təkəbbürlük göstərənləri, ayələrimdən uzaqlaşdıracağam." (Əraf/146)

Uca Allahın bu ayəsi də, buna işarət etməkdədir:

"Quranı anlamasınlar deyə onların qəlblərinə pərdə çəkdik, qulaqlarına da tıxac vurduq." (Ənam/25)

Yenə, Həsən əl-Basri, "...Səninlə Axirətə inanmayanların arasına, gizli pərdə çəkdik..." ayəti haqqında, belə deyir:

Yəni Allah, onların qəlblərinə möhür vurdu ki, inanmasınlar.

Həsən əl-Basri'nin bu məsələdəki görüşü, budur:

Küfrün, bir sərhədi vardır. Kafir o sərhədə çatınca, Allah, onun qəlbini möhürləyər ki, bu səbəblə, əbədiyyən inanmasın; inkar etməsinin bir nəticəsi olaraq, cəzaya və həlak edilməyə haqq qazansın. Ancaq Allah, onlardan iman edəcək nəsillərin doğacağını bildiyi üçün, lütfü sayəsində, onları geridə buraxmışdır; yaxud başqalarının mənfəəti olduğu üçün, onları geridə buraxar; deyilsə, həlak edilmələri, vacib olar.

Həsən əl-Basri, bu səbəblə, belə deyir:

Onlar, öz fellərinin bir nəticəsi olaraq, həlaka haqq qazandıqları üçün, Allah, onları həlak etməyi, Özünə nisbət etmişdir.

əbu Bəkr əl-Əsamm, belə deyir:

Həlak etməyi, Allah, Özünə nisbət etdi. Çünki, onlar, Peyğəmbərlərə tabe olmağı kiçik gördülər. Onlara qarşı, özlərini böyük gördülər və lovğalandılar.

Lakin biz, ona, belə deyərik:

Bəhsini etdiyimiz lovğalanma, onların feli olub, Allahın feli deyildir. O vaxt, lovğalanmağı Allaha nisbət etməyin mənası, nədir? Bu, bir xəyaldır və məzhəblərinin, özlərini mənimsəməyə məcbur etdiyi görüşlərdən qaçmaqdır.

Lakin, bizə görə, pərdə çəkməyi Allahın Özünə nisbət etməsi, Özünün, bu işdə bir yaratmasının və felinin olduğuna işarətdir. O da, etdikləri bir tərcihin bir nəticəsi olaraq, Allahın, bu işdə onlara kömək etməsidir.

Yaxud belə də deyilə bilər:

Allah, pərdə çəkməyi, Özünə nisbət etdi. Çünki, onların qəlblərindəki küfr qaranlığını, O yaratmışdır. Bu hal, insanlar arasında məşhurdur. Kim küfrə inanarsa, onun qəlbi daralar və sıxılar. Elə ki, başqasını görməz olar. İnsan, başqasını görməmək və küfrün xaricindəki yolu tapa bilməmək üçün, küfr inancında olmaz. Lakin, küfrü mənimsədiyi üçün, iman yolunu görməz. Bu hal, buna işarət etməkdədir:

Allahın yaratmasından dolayı, belə bir hala intiqal edər (keçər, çevrilər). Bunun kimi, iman edib inanan kimsə, imanın nuru ilə bir çox şeyi görər. Yoxsa o, görmədiyi varlıqlara, iman nuruyla görsün deyə iman edib inanır deyil. Bu da, o şəxsin, Başqası sayəsində imanı idrak etdiyinə işarətdir. Bunun kimi, xalq arasında bilinən bir xüsusdur ki, bir kimsə, başqasına düşmənlik edərsə, bundan dolayı, qəlbi daralar. Yenə, bunun kimi, başqasının dostu olduğuna inanarsa, aralarındakı isti münasibət səbəbilə, qəlbi, o şəxsdən dolayı açılar. Bax bütün bunlar, qəlbin daralması və rahatlamasında, Başqasının bir təsiri olduğunu göstərir. O da, bəhsini etdiyimiz İlahi yardım edilməsi və müvəffəq etmək, yaxud da bu halı onlarda yaratmaqdır.

Bunun əsli, budur:

Allahın bəhsini etdiyi pərdə, örtü çəkmək, inadları və haqq qarşısında təkəbbürlənmələri səbəbilə onlara cəza olsun deyədir. Çünki, onların inad və qarşı çıxmaları artdıqca, qəlblərindəki qaranlıq və korluq da artmaqdadır. Bu da, başqa ayələrdə bildirildiyi kimidir. Belə ki:

~ ".. Onlar doğru yoldan sapdıqda, Allah da onların qəlbini sapdırdı..." (Saf/5);

~ "...Anlamayan adamlar olduqlarına görə (yəni, başa düşməmək üçün inad etdiklərindən dolayı), Allah, onların qəlbini, imandan məhrum etmişdir." (Tövbə/127)

~ "Xeyr! Onların qəlbini qazandıqları günahlar bürümüşdür." (Mutaffifin/14)

Uca Allah, onların qəlblərini örtüb qaraldan səbəbin, öz qazandıqları günahları olduğunu; qəlblərini haqdan çevirməyi tərcih etmələri və (haqdan) dönməyi tərcih etmələri səbəbilə, Allah, onların qəlblərini çevirdiyini xəbər vermişdir. Bax, onların qəlblərinə pərdə və örtü çəkmək də, onların etdikləri inkar və üsyan səbəbilədir. Allah, ən doğrusunu bilir...

(imam əbu Mansur əl-Maturidi, "Tə'vilatu'l-Quran" -müxtəsər-)

-----------------------

-----------------------

Bil ki, Allah Taala, əvvəlki ayələrində, Uluhiyyət məsələlərindən bəhs edincə, bu ayədə də, nübüvvətlə bağlı məsələlərə yer vermişdir. Ayə ilə bağlı, bir neçə məsələ vardır:

✓ Birinci məsələ:

Bu ayə, Peyğəmbər (sallallahu aleyhi və səlləm), insanlara Quran oxuduğu zaman, Ona əziyyət edən, narahat edən bəzi kimsələr haqqında nazil olmuşdur. Rəvayət edildiyinə görə, Peyğəmbər (sallallahu aleyhi və səlləm), nə vaxt Quran oxusa, qusayy oğulları qəbiləsindən, sağında və solunda iki adam durar; əl çalar; fit çalar və şeirlər oxuyaraq, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in, oxuduğunu qarışdırmağa çalışarlardı. Əsma (radiyallahu anha)'dan belə rəvayət edilir:

Peyğəmbər (sallallahu aleyhi və səlləm), bərabərində, əbu Bəkr olduğu halda oturmuşdu. (Belə ikən), əbu Ləhəb'in arvadı, ovucunun içini dolduran bir daşla bərabər, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'i izləyərək gəldi və belə dedi:

"Qınayaraq gəldik. Dinini tərk edib buğz etdik və əmrinə də üsyan etdik."

Bunun üzərinə, əbu Bəkr (radiyallahu anh): "Ey Allahın rəsulu! Əlində daş var. onun, Sənə zərər verməsindən qorxuram." dedi. Peyğəmbər (sallallahu aleyhi və səlləm) də, bu ayəni oxudu. əbu ləhəb'in arvadı gəlincə də, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'i görmədi və: "Qureyş, mənim, onların ağalarının qızı olduğumu və sənin Dostunun də, məni hicv etdiyini bilməkdədir." deyincə, əbu Bəkr, "Xeyr. Bu Kəbə'nin Rəbbinə and olsun ki, O, səni hicv etmədi." dedi.

ibn Abbas, bunu rəvayət edir:

əbu Süfyan, nadr b. haris, əbu cəhil və digərləri, Peyğəmbər (sallallahu aleyhi və səlləm) ilə bərabər oturmuş, Onun sözlərinə qulaq asaraq, Onu dinləyirdilər. Bunun üzərinə, bir gün, ibnu'l-haris: "Mən, Muhammədin nə dediyini başa düşmürəm. Ancaq nə var ki, mən, Onun dodaqlarının, bir şeydən dolayı hərəkət etdiyini görməkdəyəm." dedi. əbu Süfyan: "Mən, Onun söylədiklərinin, haqq olduğunu hesab edirəm." əbu cəhil: "O, bir məcnundur." dedi. əbu ləhəb isə, Onun bir kahin olduğunu söylədi. huvaytib b. abdi'l-uzza da: "O, bir şairdir." dedi. Bunun üzərinə də, bu ayə nazil oldu.

Peyğəmbər (sallallahu aleyhi və səlləm), Quran oxumaq istədiyində, ilk əvvəl, bu 3 ayəti oxuyardı:

Bunlar:

~ Kəhf surəsi 57-ci ayə: "Quranı anlamasınlar deyə, Biz onların qəlbinə örtüklər çəkdik, qulaqlarına da tıxac vurduq.";

~ Nəhl surəsi 108-ci ayə: "Bunlar o kəslərdir ki, Allah onların qəlbinə, qulaqlarına və gözlərinə möhür vurmuşdur.";

~ Casiyə surəsi 23-cü ayə: "Nəfsinin istəyini ilahiləşdirən şəxsi gördünmü? Allah əzəli elmi sayəsində onu azğınlığa saldı, qulağını və qəlbini möhürlədi, gözünə də pərdə çəkdi. Allahdan başqa kim onu doğru yola yönəldə bilər? Məgər düşünüb anlamırsınız?"

Beləcə, Allah Taala, bu ayələrin bərəkətilə, Peyğəmbərini, müşriklərin gözlərindən gizləyər və müşriklər, Onu görməzdilər. Ki, "Sənin ilə axirətə inanmayanlar arasına gizli bir pərdə çəkdik." ayətindən qəsd edilən də, budur.

Burda, belə bir sual verilə bilər:

Bu ayədə "hicəbən məsturən" yerinə; "hicəbən sətiran" deyilməsi lazım gəlir...

Buna, bir neçə cəhətdən cavab verilə bilər:

1. Bu pərdə, onların, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'i görmələrinə mane olacaq bir şəkildə, Haqq Taala'nın, müşriklərin gözlərində yaratdığı bir pərdədir. O halda, bu pərdə, heç kimin görə bilmədiyi bir pərdədir. Bu səbəblə, bu cəhətdən, "məstur/gizli" olmuş olur.

Alimlərimiz, bu ayə ilə, "Hisslərin salamat olması və görülməsi lazım gələn şeyin də mövcud olmasına baxmayaraq, Allah Taala'nın, o kimsənin 2 gözündə O şeyi görməsinə mane olacaq bir əngəl yaratmış olmasından dolayı, Onu görə bilməz." şəklindəki görüşlərinin doğruluğuna istidlal edərək, belə demişlərdir:

Peyğəmbər (sallallahu aleyhi və səlləm), orda idi. Kafirlərin (görmə) hissləri isə, sağlam idi. Buna baxmayaraq, onlar, Onu görə bilməmişlərdi. Allah Taala da, bunun, ancaq Özünün peyğəmbərlə o kafirlər arasında 'gizli bir pərdə' yaratmasından dolayı olduğunu xəbər vermişdir. "Hicabun məsturun"un mənası da, Allahın, onların gözlərində yaratdığı maneə deməkdir. Bundan dolayı, bu maneə, onların, Onu görüb bilmələrinə əngəl olmuşdu.

• İkinci görüş:

Burdakı "hicab"ın mənası, Allahın, onların qəlblərini möhürləməsidir. Möhürləmək isə, onların, Quranın incəliklərini, gözəlliklərini və hikmətlərini anlamalarına mane olan əngəl deməkdir. O halda, ayədə bəhs edilən "hicabun məsturun" kəliməsilə qəsd edilən, Allah Taala'nın, onların qəlblərində yaratmış olduğu bu möhürləmə işidir.

Daha sonra, Haqq Taala, "...Quranı anlamasınlar deyə, Biz, onların qəlbinə örtüklər çəkdik, qulaqlarına da tıxac vurduq..." buyurmuşdur.

Bu ifadə, Ənam surəsi 25-ci ayədə keçmişdi. Biz də, həm Əhl-i Sünnət alimlərimizin bu ayədə etmiş olduqları istidlalları; həm də mötəzilənin suallarını orda zikr etmişdik. Onların bir qismini burda təkrarlamaqda, bir beis yoxdur. Alimlərimiz, belə deyirlər:

Bu ayə, Allah Taala'nın, o müşriklərin qəlblərini, pərdələr içində buraxdığına dəlalət etməkdədir. "Əkinnə" kəliməsi, "kinan" kəliməsimin cəmi olub, eynilə "ox qabı" kimi, bir şeyi gizləyən, qoruyan mənasındadır.

...onların, ağıllı, eşidən və başa düşən kimsələr olduğu, məlumdur. Bundan dolayı, biz, bu ifadədən muradın, onların, iman etməkdən və sirlərinə vaqif ola bilməyəcəkləri, incəlik və həqiqətlərini başa düşməyəcəkləri bir şəkildə, Quranı dinləməkdən əngəllənmiş olduqlarını başa düşürük.

Mötəzilə isə, belə deyir:

Ayədə qəsd edilən, siz (Əhl-i Sünnət)'in iləri sürdüyü şeylər deyil; tam əksinə, bu ayə ilə, digər bəzi şeylər murad edilmişdir. (Belə ki):

1. Cübbai (əl-mötəzili), belə deyir:

O müşriklər, Onun yanına gəlib Ona əziyyət etmək üçün gecə Onun olduğu yeri axtarır və Onun yerini, oxuduğu Quran vasitəsilə təsbit etməyə çalışırdılar. Beləcə, Allah Taala, o peyğəmbərini, onların şərrindən əmin qılmış və sayəsində, onların tapa bilməyəcəkləri bir pərdəni, Peyğəmbərlə onlar arasında yerləşdirdiyini bildirmiş; onların qəlblərində, Quranı başa düşməkdən onları əngəlləyəcək şeyi və qulaqlarında da, Peyğəmbərin səsini eşitmələrinə mane olacaq şeyi yaratdığını bəyan etmişdir. Bunun, orda, qəlbin bir qılıfı, qulaqda da bir tıxacın olması şəklindəki həqiqi bir mənada deyil; Peyğəmbərin yanına gəlmələrinə və Peyğəmbər üçün vaxt ayırmalarına mane olacaq, onları bundan əngəlləyəcək bir xəstəlik olması da, möhtəməldir.

2. Kə'bi (əl-Mötəzili), belə deyir:

Müşriklər, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in dəlillərini qəbul etməkdən ola bildiyi qədər uzaq durduqları üçün, onlar ilə o dəlillər arasında, sanki əngəlləyən və mane olan bir pərdə meydana gəlmiş kimi olur. Allah, onlar arasındakı belə bir pərdənin yerləşdirilməsini, Öz Zatına nisbət etmişdir. Çünki, Allah, onları, özlərilə baş-başa buraxıb onların bu üz çevirmələrinə mane olmadığı üçün, bu baş-başa buraxma və mane olmama işi, sanki, onların o hala düşmələrinə səbəb olmuş kimi olur. Bu, eynilə, bir ağanın, nökərini kontrol etmədiyi və nökərinin də gedişatı xoş olmadığında: "Səni öz başına buraxıb, halını kontrol etmədiyim üçün, səni bu hala salan, mən oldum." deməsi kimidir.

3. Qaffal (əş-Şaşi əş-Şafii) isə, belə deyir:

Allah, onları imana sövq edəcək lütf fellərini xəlq etmədi mənasında olmaq üzərə, onları, öz başlarına buraxınca, bu əngəlləyən pərdəni, Haqq Taala'nın yaratdığı deyilə bilər.

(imam Fəxrəddin ər-Razi əl-Əşari, "Məfatihu'l-Ğeyb" təfsiri, -müxtəsər-)

Read 44 times
In order to make a comment, please login or register
OXŞAR SUALLAR